Sərhəddə baş verənlərin gerçək səbəbləri...“Ermənistan özü təxribatlara əl atır, atəşkəsi pozur, ardınca isə dərhal Rusiya, Fransa və digər ölkələrin rəhbərlərinə çağırış edib, atəşin dayandırılması üçün yalvarır”. Bu sözləri Ermənistanın sərhəddə törətdiyi təxribatlarla bağlı danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü
Arzu Nağıyev deyib. O qeyd edib ki, Ermənistan mövqelərimizi ələ keçirməyə cəhd etsə də, onların atəş nöqtələri ordumuz tərəfindən məhv edilib: “Sentyabrın 13-ü 00:15-dən başlayaraq Ermənistan hərbçiləri Daşkəsən, Laçın, Kəlbəcər istiqamətində yüksəkliklərimizdə olan mövqelərimizi atəşə tutub. Eyni zamanda mövqelər arasında olan əraziləri minalayaraq, postlarımıza tərəf iriçaplı silahlardan, minomyotlardan atəş açıb. Bundan sonra Azərbaycan Ordusu adekvat cavab verməklə, düşmənin təxribat törətdiyi nöqtələri məhv edib, bir sıra yüksəklikləri ələ keçirib. Təəssüf ki, itkilərin, yaralıların olması istisna deyil. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. Deputat hazırda sərhəddə əməliyyatların davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, təxribatı başladan Ermənistan rəhbərliyi Rusiya prezidenti Vladimir Putinə və digər ölkə rəhbərlərinə zəng edərək, atəşin dayandırılması üçün çağırışlar edib. Maraqlısı budur ki, atəşkəsi pozan, təxribatlara cəhd edən də özləridir, müxtəlif dövlət rəhbərlərinə yalvarışlar edərək, dayandırılmasını istəyənlər də. “Ermənistanın sərhəddə təxribat törətməsində məqsəd delimitasiya, demarkasiya prosesləri üçün yaradılan komissiyanın işini pozmaqdır. Ermənilər nəyin bahasına olursa, olsun “status-kvo”nu saxlamaq istəyirlər. Onlar həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərini və müxtəlif ölkələri proseslərə cəlb etmək, artıq öz missiyasını başa vurmuş, ölü qüvvəyə çevrilmiş ATƏT-in Minsk qrupunu yenidən diriltmək niyyətindədirlər. Bu, ermənilərin xislətidir. Sülhdən yayınmaq üçün bütün vasitələrə əl atırlar. Həm daxili, həm də xarici proseslərdən irəli gələn addımlara məcburdurlar. Ermənistanın daxilində Nikol Paşinyanla hesablaşma yoxdur, “Qarabağ klanı” dirçəlməyə başlayır, hadisələrdə Paşinyanı günahlandırırlar. Bütün hallarda Azərbaycan Ordusu öz gücünü göstərdi və göstərməkdə davam edir”, - deputat sərhəd olayından danışıb. Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.