Əlli bir ildən sonra çöysüyən həsrət .....                        Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib .....                        AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ .....                        Suriyada seçkilər nə vaxt keçiriləcək? .....                        “Rusiya ilə bağlı bu nüans çox vacibdir” - Fərid Şahbazlı .....                        "Mançester Siti"nin növbəti qələbəsi .....                        Əfqanıstan da Azərbaycana başsağlığı verdi .....                        Suriyadakı səfirliyimiz yenidən fəaliyyətə başlayır .....                        Təyyarə qəzasında həlak olan sərnişin Şəmkirdə dəfn edildi .....                       
10-06-2022, 22:54
ŞAİR İLHAMINDA SÖZ TƏZƏLƏNİR


Firudin Qəmbər Saleh -70


ŞAİR İLHAMINDA SÖZ TƏZƏLƏNİR

İllər öncə şair dostum Firudin Qəmbər Salehin yaradıçılığı haqqında yazmışdım: Sözün ecazkar qüvvəsilə şeirləşən duyğulardan hasil olan hər kitab bir ömrün salnaməsidir. Axı bir qəlbin odunda közərən misralar neçə-neçə oxucunu da isidirsə, bu ovqat şair yaşantısını yaşamaq və müvazi olaraq bu məqam bir ömrün salnaməsi deyilmi? Nə gözəl ki, bu fikir Firudin Qəmbərin “Könül sevgisiz keçinməz” kitabına da şamildir. İllər sonra fikrimin axarı olaraq yazıram: Ömrünün yetmişinci baharına 6 kitabla yetişən şair dostumun özü (bioqrafiya) də, sözü (poeziya) də qürur doğuran salnamədir...
Bioqarafiya o kəsin yaşantı məqamlarını yox, olsa-olsa rəqəmlərlə onun həyatından bəzi ştrixləri özündə əks etdirə bilir. Lakin bu cansız rəqəmlərin və xülasə-faktın arxasında böyük zəhmət və ömrün enişli-yoxuşlu yolları, bu yolların sevinc və kədəri durur. Bu fikir müstəvisində şairin 70 illik həyat yoluna “tərcümeyi-halın” gözü ilə nəzər salaq:
Firudin Qəmbər Saleh (Firudin İslam oğlu Qəmbərov) 1952-ci ildə Qərbi Azərbaycanda - Göyçə mahalının Basarkeçər rayonunun Aşağı Şorca kəndində dünyaya göz açıb.
Bakı Dövlət Universitetinin və Xalq Universitetinin (Azərbaycan KP MK yanında) məzunudur.
Ötən əsrin 70 - 80-ci illərində Radio və Televiziya Verilişləri Komitəsində jurnalist kimi fəaliyyət göstərmişdir. Müxtəlif sahələrdə çalışmışdır.
“Bağışla, Vətən” (1999), “Könül sevgisiz keçinməz” (2007), “Nurlu kəlamlar "Şüarə" fəhmilə” (2009), “Allah, Allah... deyir ürək” (2012), “Vətəndə qaldı... Hayıf ... Duman keçəcək” (2016) və “Tövsiyələr, hədislər "Şüarə" fəhmilə” (2021) şeirlər kitablarının müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin (2006), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2003), ”Konstitusiya” qəzetinin Baş redaktorunun müavini, “Heyrət” ƏB-nin katibidir.
"Qızıl qələm", “Araz”, “İti qələm” və “Məslək” media mükafatları laureatıdır. Hərbi-vətənpərvərliklə bağlı uzunmüddətli və səmərəli xidmətlərinə görə Könüllü Hərbi Vətənpərvərlik Texnik İdman Cəmiyyəti Respublika Şurasının “Yubiley” medalı və MDB ölkələri MTİCİ Mərkəzi Şurasının fəxri diplomları ilə təltif edilmişdir. Prezident təqaüdçüsüdür (2022).
Gözəl şairliyi gözəl insanlığından doğan Firudin Qəmbər o qələm əhlindəndir ki, dili ilə qəlbi arasında məsafə yoxdur.
“Ötən gecə doğma kəndlərinə gedibmiş...Aşağı Şorca kəndinin bulaqlarından nə illah edibsə, içə bilməyib. Suya təşnə, dodaqları çat-çat ikən yuxudan ayılıb. Yuxusunu danışa-danışa yanıb-yaxılırdı şair dostum Firudin Qəmbər:
-İlahi, yuxuda da doğma kəndimizin suyundan heç olmasa bircə qurtum içə bilmədim...
Onun göz yaşları yanaqlarını islada-islada süzülüb getdikcə, anasından ayrı düşmüş məsum uşağa bənzəyirdi. Dostumun bu haləti məni də için-için göynətdi:
Yuxuna girəndə Aşağı Şorca,
Gəzmək istəyirsən kəndi doyunca...
Bağır çatladanda lal həyət-baca,
Köksün körüklənir, Firudin Qəmbər!

Yox, qardaşım, yurddaşsız qəribsəyən o ağır elləri yuxularda deyil, nəfəs-nəfəsə, göz-gözə, üz-üzə gəzməliyik. Axı özün də köz-köz olan misralarla “Bağışla, Vətən” - demisən...Vətənsə bizi nə vaxt bağışlaya bilər? Vüsalına qovuşmaqla.
Həsrəti qəlbində göyərib bitən,
Yağı torpağında novrağı itən.
Göyçəyə üz tutdun: “Bağışla, Vətən”,
Köksün körüklənir, Firudin Qəmbər!”

Bu yanğılı sətirlər müəllifi olduğum “Nisgil odu” (2005) adlı kitabdakı “Yurddaşsız yurd yeri - Aşağı Şorca” sərlövhəli yazıdan iqtibasdır. Firudin Qəmbərə ünvanlanan şerimdə yazıram:
Bizi qarı düşmən vurdu dişinə,
Düşdük zəmanənin hiylə-işinə.
Mat qaldın dünyanın kəc gərdişinə,
Köksün körüklənir, Firudin Qəmbər!

Nisgilli şairin közə dönən xəyallarına qoşularaq gerçəkliyi haraylayıram:
Duyğulu-yanğılı söz çəmənzarı,
Şairin nisgilə sığal-tumarı.
Qiblən yönələndən yurduna sarı,
Köksün körüklənir, Firudin Qəmbər!

Minillik ocaqlar heyhat sönübdür,
Şirin xatirələr közə dönübdür,
Bahar təravəti buza dönübdür,
Köksün körüklənir, Firudin Qəmbər!

Qövr edən yaralar məlhəmə möhtac,
Neçə yurd yerimiz mərhəmə möhtac,
Vətənə dönməkdir - qəribə əlac...
Köksün körüklənir, Firudin Qəmbər!


Köksü körüklənən dərdmənd şair Firudin Qəmbərin şeirləri şairin qəlb aləminin büllurlaşan sevgi dolu söz çələngidir. Şairin düşüncələri sanki sökülən dan yerinin al şəfəqləridir, şeirlər isə bu şəfəqin nuruna boyanan füsunkar, təkrarsız bir mənzərə.
Öz qaynağını xalq yaradıcılığı çeşməsindən götürmüş, zaman və məkan etibarı ilə müxtəlif olan bu poetik örnəklər ilkin olaraq şairin doğulub boya-başa çatdığı ulu Göyçənin əsrarəngizliyindən boy göstərir. Həzin, kövrək qoşmaları, gəraylıları incə ruhun, səmimi hisslərin çalarlarını özündə ehtiva edir. Bu cəhət Firudin Qəmbər yaradıcılığının əsas leytmotividir.
Baxmaq - göz qaydası, savabdı əzəl,
Şair Firudinə şeirdi gözəl.
Gözəlin telində gəzdirəndə əl,
Şair ilhamında söz təzələnir.

Şair ürəyindən su içib süzülən bu misralar obrazlı təfəkkürün bədii lövhə əyaniliyidir. Onun fərdi, şəxsi duyğularının ülviləşən məqamlarındandır. İstər-istəməz şeirin ecaskar qanadları üzərində uçub düşünürsən: doğrudan da ilham pərisinin sığalında söz əbədi olduğu qədər də, daim təzə-tərdir.
Kitabdakı şeirlər F. Qəmbər Saleh yaradıcılığının bir rəngidir, sevgi lirikasıdır. Şeirlərin əksəriyyətində fikir yükü çoxtutumludur. Ən əsası odur ki, şeirlərdə pafosa, yersiz, təmtəraqlı ibarələrə rast gəlmirik.
F.Qəmbər Salehin fitrətindənki səmimiyyət hissi onun şeirlərinə də hopmuşdur. Şair insan qəlbinin dərinliklərinə baş vurub onun qaranlıq guşələrinə işıq salmağı bacarıbdır. Bu isə hər kəsə nəsib olmayan bir məqamdır. O, öz düşüncələri, psixologiyası, bədii təfəkkür tərzi etibarı ilə Azərbaycan həyatına, Azərbaycan ənənələrinə bağlıdır. Şeirlərinin birində deyir:
Həsrəti neçə il ələdik,
Ələdikcə sevdik, sevildik.
F. Qəmbər yaradıcılığında söz və onun məzmun dairəsi, leksik vahid olmaq etibarı ilə onun məna potensialı çeşidli çalarlarla müşayiət olunur.
Məlumdur ki, sözün siqləti onun mənası ilə ölçülür. Bu baxımdan şairin
Yazılmaz sevgi günaha,
Günahsız ola bilmərəm -

fikri maraqlı deyimdir.
Lirik şeirlərdə təkcə insan gözəlliyinin təsviri deyil, şairin bu gözəlliyə münasibəti, keçirdiyi hisslər, hə¬yəcanlar, duyduğu sevinc və kədər də öz əksini tapmışdır.
“Şahın şahı -məhəbbətdir”, - deyən şair həyatsevər və nikbindir. Mənəvi saflığın tərənnümçüsüdür. Sevgisiz keçin¬məyən könül sahibi sevgisində həssasdir, qədirbiləndir:
Bulud tək dolub - boşalsan,
Göyərib bitə bilmirəm.
Nə gözəl istək... Düşünürəm ki, F. Qəmbər Saleh belə gözəl istəkləri, poetik müjdələrinə ayna tutan şeirlər şair ilhamı ilə təzələnən söz çələngidir.
Firudinəm, qəlbi kövrək,
Ömür fani, sevgi görək.
Allah, Allah… deyir ürək,
Yaradanım, ovundur sən.-


Şairin bədii fakt kimi ortaya qoyulan əksər şeirləri söz-söz közərən ürək pıçıltıları, insanlığın sеvgi nəğmələridir; ürəkləri qarsan, könülləri dikəldən bədii fikrin poetik təqdimatı, nikbin ruhun poeziya təcəssümüdür.
İrfan şeirləri poetik örnəklər səciyyəsində ruhaniyyət mahiyyətinə rəğmən Firudin Qəmbər Salehin türk-islam aydını məqamını özündə ehtiva edir.
Məni yaradanın mən ki quluyam,
Adəmlə başlanan oğuz -uluyam,
Torpaqdan yarandım, Vətən oğluyam,
Vətəndə ölməyə saxlayıb Allah.

Yaradana könül bağlayan, haqqa doğru yol gedən şairin , irfan nurunda işıqlanan fikir və məfkurə dünyasının bütün çalarları və rəngləri “ Allahım , ağlımı Quranla , könlümü imanla inşa elə!” - üz tutmasından, duasından intişar edir.Necə deyərlər, bu ovqatın odu da var, suyu da var. Nə suyu dondurar, nə də odu yandırar... Şeir ocağının ğur işığında heyrətə gəlib düşünürsən: bu şeiriyyət ki məni arıtdı, məni durultdu, İlahi!...
Firudin Qəmbər Saleh “Allah, Allah... deyir ürək” kitabında ustad sənətkarlığını Xalq şairi Səməd Vurğunun "Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram altında Dədə Ələsgərdən bir nişanə görürəm", - deyə qürurla dəyərləndirdiyi aşıq poeziyasının sənət bürcü Aşıq Ələsgər Göyçəlinin “Baş endirir” şeirini epiqraf olaraq verməklə sözünün işığını daha da gur, sehrini daha da ovsunlu edir:
Ələstindən bəli deyən
Sübhaha baş endirir.
Məhəmmədə tabe olan
Qurana baş endirir.
Özü birdir, adı minbir...

Bax, budur Tanrıya sığınıb ozan-aşıq poeziyasından güc və işıq alan sözün sehri, qüdrəti.
Səsi-Sözü nə əzizdi,
Əzəldən pakdı, təmizdi,
Tanrımızdan nişan -izdi ...
Allah, Allah...deyir ürək!

F.Q.Salehin 6 kitabından beşinin redaktoruluğu, eləcə də iki kitabına “ön söz” (” Könül sevgisiz keçinməz “, “ Nurlu kəlamlar “ Şüəra “ fəhmilə “ ) yazmaq mənə nəsib olduğundan, onun yaradıcılığı ilə yaxından tanışam və necə deyərlər, şairin şeiriyyət rənginin hər çalarına demək olar ki, əhatəli bələdəm.
Şairin şeirlərində sərgilənən feyzi duymaq üçün gərəkdir ki, şeirlərin ideya-emosional yükünü özündə cəmləşdirən, istiqamətverici motivi-leytmotivi hikmət sanbal-siqləti dərin və hüdudsuz üfüq genişliyinə görə biləsən...
Firudin Qəmbər Salehin şeirlərində ifadə üsulu olaraq inversiya qabarıq olmaqla, bədii dili daha güclü və təsirli edir:
Var Rəsulum haqqa dayaq,
Haqdan gələn bir nur, çıraq.
İbadəti haqq yol sanaq,
Haqdan gələn haqqa dayaq.

“Haqdan gələn haqqa dayaq”- deyən şair yazır: “Nur içində nur olan Həzrəti Məhəmmədin (s.ə.s) mübarək ruhuna pənahlanaraq özümdə bir cəsarət tapıb, müqəddəsliyi qarşısında qəlbimdə dolub-daşan sevgimi poetik çalarlarla dilə gətirə bildiymdən Ulu Yaradanıma şükürlər və həmd olsun! ”
Biz də deyirik: Həmd olsun!
Dağına bax, düzünə bax,
Bu dünyanın üzünə bax,
İnsanların gözünə bax,
Səbəbkarı gəl, gör görüm...

“Ulu çağırış”dakı müqəddimə-bəndin ilk iki misrası nisgil və həsrətdən qaynaqlanırsa, digər iki misra isə dilək, ümid ünvanlıdır. Bu dilək isə müqəddəs kəlama - “Vətəni sevmək imandandır “ kəlamının ehtiva təməlinə dayaqlanır.
Soyumun, nəslimin pir olan yeri,
Doğulduğum ocaq, nur olan yeri,
Babamın əmanət, sirr olan yeri,
Yurd yerim Göyçəmdi, vətənim mənim,
Ruh yerim səndədi, vətənim mənim.

Heç də təsadüfi deyil ki, Firudin Qəmbər Saleh qutsal Kitabımız Qurani-Kərimə tapınaraq “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapmışdır” (Rəd surəsi, 28) ayəsini şeirlərinin birində epiqraf olaraq vermişdir.
Şair “müəllifdən” şüküranlığında və diləyində yazır : “Uca Allah içimdə nurlaşan bu məhəbbət və sevgi çələngini yaratdığının bir zərrəcə qul borcu hesab edərsə, özümü rahat, xoşbəxt sanardım. İnşallah!”
Biz də qələm dostumuzun söz ovqatına qoşulur və İnşallah, deyirik.
Gecə-gündüz vurur ürək,
Neçə arzu, neçə dilək ...
Gah fərəhli, gah da göynək,
Allah, Allah... deyir ürək!

Tanrı sevgisinə bürünmüş qəlbdə işıq olar. İllah da Söz Adamı ola... İşığın gur olsun, “ŞAİR İLHAMINDA SÖZ TƏZƏLƏNİR” deyən şair Firudin Qəmbər Saleh!
Tapdıq ƏLİBƏYLİ,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü.

10-06-2022, 22:20
"Mən sənin yuxunam"

"Mən sənin yuxunam"

Bu il Beynəlxalq Şairlər Günündə və Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun doğum günündə LİBRAF kitab evində maraqlı bir tədbir baş tutdu. Tədbir orjinallığı ilə diqqət çəkdi. Böyük şairimiz Vaqif Səmədoğlunun adına keçirilən tədbir Onun həyat yoldaşı, Səməd Vurğu ev-muzeyinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Nüşabə Babayeva-Vəkilovanın böyük sənətkara həsr etdiyi "Mən sənin yuxunam" adlı xatirələr kitabının təqdimatı ilə başladı. “Parlaq imzalar” nəşriyyatının və Vaqif Səmədoğlu Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas iştirakçıları oxucular idi. Ədəbi ictimayyətdə və mədəni mühitimizdə tanınan simalar da tədbirin qonağı qismində iştirak edirdilər. Ən önəmli cəhət o idi ki, bu görüşün təşəbbüskarı gənc oxucular olmuşdur.

“Parlaq imzalar” nəşriyyatının rəhbəri Nurman Tariq tədbiri açaraq, Mən sənin yuxunam” kitabı haqqında öz fikirlərini bölüşdü. Kitabın dəyərli olduğunu, gənc nəsil üçün böyük örnək hesab edilə biləcəyini qeyd etdi.


Yazıçı, dramaturq Jalə İsmayıl çıxışında dedi ki, “Mən Vaqif bəylə Nüşabə xanımı birlikdə görə bilmədim. Qismət olmadı. Onların necə danışdığını, necə baxışdığını görmədim. Amma bu kitabı oxuduqdan sonra əminəm: Nüşabə xanım məhz bu cür yanaşıb Vaqif bəyə. Bu cür həssas, diqqətli, sevgiylə, qayğıyla.
Əgər sevməyi öyrənmək, öyrətmək mümkündürsə, bu kitabı oxuyun.
Fədakarlıq yoluxucudursa, bu kitabı oxuyun, hamıya oxudun.
“Mən sənin yuxunam” kitabı insanı başqa bir dünyaya aparır. O dünyada sevən bir kişi və sevən bir qadın var. Bitməyən bir SEVGİ və sevgili ilə yaşamağın DADI var. Bu dad damağınızda qalacaq. Sevmək, sevilmək istəyəcəksiniz. Və mütləq pıçıldayacaqsınız: “Mən sənin yuxunam…”.Yuxu olmaq, yuxu görmək istəyəcəksiniz. Dünyada bundan daha gözəl nə var axı?”
Yazıçı Nəriman Əbdürrəhman Vaqif Səmədoğlu ilə bağlı öz xatirələrini bölüşdü və kitabı oxuyub bitirdikdən sonra öz fikirlərini bölüşəcəyini bildirdi.

Fililogiya üzrə fəlsəfə doktoru, yazıçı, BDU- nun müəllimi Natavan Dəmirçioğlu çıxışında Vaqif Səmədoğlunun ədəbiyyatımızdakı yerini xarakterizə etdi: “Vaqif Səmədoğlu 20-21 -ci əsr poeziyamızdan dünya çapına çıxara biləcəymiz şairdir. Onun yaradıcılığına xas yazı texnikası, poetik konstruksiya, predmetə yanaşma tərzi, obraz sistemi, bədii ifadə vasitələrindən istifadə etməklə fikri çatdırma bacarığı, hər iki dünyanı və insanı şerdə ifadə etmə keyfiyyəti milli olduğu qədər bəşəri, bəşəri olduğu qədər millidir. Üstəlik müasirdir, kreativdir“-dedi. “ Vaqif Səmədoğlu ədəbiyyatımızda bir sıra mövzuların ilk yazarıdır “ deyən alim –yazıçı diqqəti şairin Azadlıq , Tanrı mövzularına yönəltdi. Ədəbi simaların qısa təsnifatını verən xanım yazar “Ədəbi simaların ədəbiyyat həyatı müxtəlif olur. Bir qism yazarlar ədəbiyyata parlaq gəlir, amma tez parlayır, tez də sönür. Kimi sənətə səssiz gəlir, sonradan yaradıcılığının orta mərhələsində ən güclü əsərini- şah əsərini yaradır, bir də o yüksəkliyə qalxa bilmir. Nadir hallarda yazarlar ədəbiyyata gəldiyi, olduğu və getdiyi həddi taraz saxlaya bilirlər.Vaqif Səmədoğlunun ədəbiyyata gəlişi, duruşu və gedişi möhtəşəm oldu” söylədi. Natəvan xanım eyni zamanda Səməd Vurğunun ailəsi ilə bağlı xatirələrini bölüşdü.

Şair Fərid Hüseyn çıxış edərək bildirdi ki, Nüşabə xanımın yazdığı “Mən sənin yuxunam” kitabı Vaqif Səmədoğlunu həm şair, həm dramaturq, həm millət vəkili, həm düşüncə adamı, həm ata, həm həyat yoldaşı kimi bizə hərtərfli tanıtdırmağa qadir memuardır. Söz, sənət adamlarının önə çıxan, daha çox qabardılan kimlikləri çox zaman onları hərtərəfli tanımağımıza mane olur. Bu kitab o maneəni aradan götürür. İnsan ürəyində heç zaman bir neçə insanla eyni anda danışa bilmir, qəlbimizdə söhbət gedəndə, adətən bir adama üz tuturuq. Bu kitab Nüşabə xanımın öz ürəyində Vaqif müəllimlə söhbətidir. Ona görə bu kitabın üzərində Nüşabə xanımın ismi yazılsa da, bu memuarlar həm də Vaqif müəllimin dilindən səslənirmiş kimi təsir bağışlayır. Ona görə Vaqif müəllimin dilindən söylənilir deyirəm ki, Nüşabə xanım onun nəyi deyib, nəyi dilə gətirməyəcəyini yaxşı bilirdi. Bu kitabda redaktor adı qeyd edilməyib. Bu kitabın redaktoru Vaqif müəllimin ruhudur. Bu kitab Vaqif müəllimin qoyub getdiyi dünyada oxunmaq üçün olan vəfa dərsliyidir.

Rejissor Mahmənzər xanım çıxında qeyd etdi ki, “Mən sənin yuxunam” dedikdə kitabın müəllifi, Nüşabə xanımın məhz özü dediyi kimi, Səni Səndən də dərin tanıyan bir mənə çevrildi. Həyat yoldaşı olduğu halda kənara çəkilib, qələm sahibi Vaqif Səmədoğlunu yaxın olduğu qədər də uzaqdan seyr edərək təkcə həyat yoldaşı kimi deyil, bir şəxsiyyət kimi də görə bilir və şairin özü deyə bilmədiklərini, içini göynətdiklərini, baxışları ilə danışdıqlarını sözə çevirib tarixə hədiyyə etdi. Bu addım incə sevgi hekayəsi ilə bərabər həm də qadın cəsarətindən və onun böyük ürəyindən xəbər verdi. Çıxışın sonunda Mahmənzər xanım kitabdan bir parça oxudu.
Fililogiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy çıxışında qeyd etdi ki, “Mən sənin yuxunam” kitabı ilk növbədə sevgi dastanıdır. Ümumilikdə isə Vurğun ocağı haqqında yeni bir dəyərli əsərdir. Bu kitab təkcə xatirə janrı deyil, həm də elmi bir mənbədir. Vəkilovlar haqqında elmi əsər yazıldıqda düşünürəm ki, bu mənbədən istifadə olunmalıdır.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı Vaqif Səmədoğlu yaradıcılığı haqqında danışdı. Qeyd etdi ki, ilk növbədə Vaqifşünaslar bu kitabdan bəhrələnməlidir.

Jurnalist, teleaparıcı Vüsalə Məmmədova: “Bu kitab böyük sevgi ilə yazılmışdır. İnsan o zaman ölür ki, onunla bağlı xatirələr daşıyan insanlar da ölür... Və Nüşabə xanım bu kitabla sanki Vaqif Səmədoğlunu əbədiləşdirdi. Buna görə Nüşabə xanım, Sizə təşəkkür edirəm”.
Yazıçı, dramaturq Ülviyyə Heydərova: “Vaqif müəllim Azərbaycanın bəxtinə düşmüş böyük şair və şəxsiyyət idi. Onu görmək, tanış olmaq, özünü çox istəmək, sənətini sevmək şərəfini yaşamışam. Vaqif Səmədoğlu xanımına “Mən sənin yuxunam” deyə biləcək qədər xoşbəxt idi. Bu kitab qəhramanına olan səmimi etirafdır. Deyərdim Vaqif Səmədoğluna xitablanan ən gözəl sevgi məktubudur. Bizə yuxu kimi görünən əslində isə gerçək həyat hekayəsidir. “Mən sənin yuxunam” müxtəlif dillərə tərcümə olunmalı və dünyaya çıxarılmalıdır. Dünya Vaqif Səmədoğlu kimi böyük nəhəngi tanımalıdır. Mən çox istərdim ki, bu kitabı hər kəs oxusun”.
Vaqif Səmədoğlu adına Poeziya Teatrının aktyoru, qiraətçi Kamran M. Yunis kitabdan bir parça oxudu və şairin şeirlərini səsləndirdi. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşı Murad Həsənxanlı şairin şeirini ifa etdi.
Tədbirin sonunda Vaqif Səmədoğlu Mərkəzinin İdarə Heyetinin qərarı ilə Vaqif Səmədoğlu irsinin tədqiqi, mühafizəsi və təbliğindəki xidmətlərinə görə fəsəfə doktoru Nüşabə Babayeva-Vəkilova hüquqşünas Səməd Vəkilov tərəfindən "Vaqif Səmədoğlu medalı" ilə təltif olundu. Nüşabə xanım bu tədbirin iştirakçılarına öz minnətdarlığını bildirdi.

Bütün tədbir boyu pianoçu Əlizadə Fuad, gitarist Cəfərin səsləndirdiyi musiqilər tədbirə xüsusi abu-hava qatdı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!