İlham Əliyev Monteneqronun Prezidentinə başsağlığı verdi .....                        "Real" "Arsenal"ın müdafiəçisi üçün 100 milyon avro təklif etdi .....                        Çox yatmaq təhlükəlidir .....                        Bəzi plastik cərrahların sənədləri saxtadır - Nazirlikdən xəbərdarlıq .....                        Aktyor Azər Baxşəliyev vəfat etdi .....                        Rusiya miqrantları deportasiya etməyə başlayır .....                        Dünyanın ən yaşlı olimpiya çempionu vəfat etdi .....                        İranda toyda rəqs edən 60 nəfərə cinayət işi açıldı .....                        Vüqar Qurbanov yaralıların son durumunu AÇIQLADI .....                       
23-07-2022, 16:05
Yanğınlara qarşı tədbir keçirilib


Yanğınlara qarşı tədbir keçirilib

Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Qobustan Rayon İcra Hakimiyyətində “Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlər” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Qobustan rayonunda fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri iştirak edib. Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, FHN DYNX-nin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Rauf Qurbanov, Xidmətin Yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı Nizami Fərəcov meşə, əkin və biçilmiş taxıl sahələrində baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatlarında çalışan bütün şəxslərin əsas vəzifələrindəndir və bu sahədə onların qarşısında ciddi məsələlər durur. Natiqlər, həmçinin meşələrdə baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində müəssisələrin yanğın təhlükəsizliyinə cavabdeh olan personalı tərəfindən yanğınsöndürmə vasitələrindən düzgün istifadə qaydalarının öyrənilməsi, təbii və süni su mənbələrinin, keçidlərin yerlərinin dəqiqləşdirilməsinin vacibliyindən danışıb, meşə sahələri ilə həmsərhəd olan taxıl sahələri, kommunikasiya xətləri, o cümlədən avtomobil və dəmir yolları arasında mineral zolaqların yaradılması ilə eni 4 metrdən az olmamaqla şumlamanın, həmçinin meşəərtafı kəndlərdə yaşayan vətəndaşların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar. Sonda Qobustan rayonunda texnika vasitəsilə əkin sahəsinin biçilməsi, biçilmiş əkin sahəsi ilə meşə sahəsi arasında şumlama yolu ilə təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib.

23-07-2022, 15:06
Azərbaycanın cəngavər oğlu – Şah İsmayıl


Azərbaycanın cəngavər oğlu – Şah İsmayıl
Şah İsmayıl Xətai (Səfəvi) xalqımızın dövlət və dövlətçilik tarixində müstəsna rol oynamış, 14 yaşında hakimiyyətə gələrək Səfəvilər kimi qüdrətli Azərbaycan dövlətini yaratmış, fövqəltəbii gücə və zəkaya malik tarixi şəxsiyyətdir.
Tariximizin bu şanlı şəxsiyyəti haqqında bir-birinə zidd, mübahisəli məqamlar da az deyil. Ona görə də Şah İsmayıl haqqında danışarkən, onun Azərbaycan tarixindəki rolunu və xidmətlərini daha aydın şəkildə təsəvvür etmək üçün bir neçə məqama aydınlıq gətirməyi önəmli hesab edirik.
Hər şeydən əvvəl, Şah İsmayıl Xətainin Azərbaycan tarixinin digər bir ləyaqətli, lakin mübahisəli şəxsiyyəti olan Babəklə (Baybək) soy, şəcərə və ideoloji bağlılığı məsələsinə toxunmaq istəyirik. Babəki İslama qarşı döyüşən üsyan rəhbəri kimi təqdim edənlər bir məqamı unudurlar ki, o, Hürrəm (Hürrəm-azadam) hərəkatına qırmızı bayraq altında başçılıq etmişdir. Qırmızı bayraq isə bir çox mütərəqqi fikirli tədqiqatçıların fikirlərinə əsasən, islam tarixində “günahsız olaraq qətlə yetirilən, qatili cəzalandırılmamış insan” anlamını ifadə etmişdir. İlk dəfə qırmızı bayraq məhz İmam Hüseynin dəfni zamanı, onun məzarı başında qaldırılmışdır. Deməli, Babəkin “Hürrəm” hərəkatına qırmızı bayraqla başlaması təsadüfi sayıla bilməzdi. Peyğəmbər Əleyhüssəlamın dövründə İslam dini müxtəlif ölkələr və xalqlar arasında yayılarkən ərazi işğalı məsələsi yox idi. Məqsəd İslamın daha geniş yayılmasından ibarət idi. Peyğəmbərin vəfatından sonra isə xilafət nümayəndələri islamın qəbul olunduğu ərazilərin işğalına başladılar. Din adı altında daha çox ərazi və qənimət ələ keçirmək uğrunda mübarizə meydana gəldi. Azərbaycanın xalq qəhrəmanı Babək də məhz xilafətə - onun işğalçı əməllərinə qarşı mübarizəyə qalxmış, qəhrəman kimi döyüşlərə atılmışdı. Əslində qaldırdığı bayrağın rəngi də sübut edirdi ki, Babək Əhli-Beyt tərəfdarıdır, İslam dininə deyil, öz işğalçı əməlləri ilə bu dinin adına ləkə gətirən ərəb xilafətçilərinə qarşı vuruşur. Məlumdur ki, Şah İsmayıl Xətai və tərəfdarları da başlarına Əhli-Beyt aşiqi olaraq on iki İmamın şərəfinə on iki zolaqlı qırmızı çalma bağlayırdılar. Bu deyilənlər sübut eləyir ki, ideoloji baxımdan Babək və Xətai eyni amala xidmət etmişlər. Araşdırmaçılar nəsil şəcərəsi baxımdan da bu iki azadlıq mücahidinin eyni soydan olduğu fikrini, genetik kodlarının bağlılığını qəbul edirlər.
İkinci bir məsələ Şah İsmayılın ana dilimizi dövlət dili səviyyəsinə qaldırması məsələsi idi. Onun hakimiyyətə gəlişi Əfşar, Qacar, Şamlu, Ustac kimi çoxsaylı türk tayfalarının və xalqın hərbi dəstəyinə əsaslanırdı. Şah İsmayıl on dörd ildə on dörd türk elini birləşdirmişdi. Türk soylu olması dilimizə münasibətində də açıq-aydın özünü göstərirdi. Onun danılmaz xidmətləri arasında ana dilimizi türk dili adı ilə rəsmi dövlət dili elan etməsini, saray yazışmalarının və hərbi sənədlərin türkcə yazılmasını, öz sarayına ana dilində yazıb-yaradan sənətkarları toplayaraq elm, mədəniyyət və incəsənətin inkişafına xüsusi qayğı göstərən və xalq tərəfindən böyük ehtiram və sevgiyə layiq dövlət başçısı kimi fəaliyyət göstərməsini, ədəbiyyatımıza və dini düşüncəmizə xüsusi töhfələr verməsini ayrıca vurğulamaq lazımdır.
İ.Petruşevski göstərirdi ki, “Azərbaycan dili (türk dili) İsmayılın ana dili idi, onun və ailəsinin əsas dayağı Azərbaycan türkləri idi, onun sarayında da bu dildə danışırdılar. Həmin dövrdə ərəb və fars dillərinin əsas dil olaraq işləndiyi, hətta özlərini türk varisi olaraq elan edən Osmanlı sarayında dövlət dilinin fars dili olduğu bir şəraitdə Şah İsmayıl türk dilini dövlət dili səviyyəsinə qaldırmaqla bu qədim və zəngin dilin nüfuzunu özünə qaytardı. Təkcə bununla kifayətlənmədi. Dilimizin nüfuz dairəsinin genişlənməsinə kömək etdi, dövlət idarələrində, sarayda, hərbi hissələrdə işlənən rəsmi dillər arasında dilimizi dövlət dili kimi işlək vəziyyətə gətirdi. Nəticədə Azərbaycan dilinin hərbi-siyasi leksikasında türk sözlərinin sayı çoxaldı, ana dilində rəsmi üslubumuz meydana gəldi. Azərbaycan dilində fars sözlərindən istifadə olunduğu kimi, fars dilinə də türk sözlərinin axını başladı. Divan ədəbiyyatında türk dilində heca vəznli əsərlər yazan və klassik ədəbiyyatda heca vəzninin mövqeyini sabitləşdirən sənətkar kimi fars dilinin şeir-sənət dili olaraq ikinci plana keçməsinə zəmin yaratdı. Doğru göstərirlər ki, məhz Şah İsmayıl Səfəvinin başlatdığı ənənə nəticəsində ədəbiyyatımızın Məhəmməd Füzuli kimi dahisi yetişdi.
Bütün bunlar Şah İsmayıl Xətainin türklüyə xidmətləri olmaqla yanaşı, sözsüz ki, onun öz soy-kökünə bağlılığının da ifadəsi idi.
Tədqiqatçılardan O. Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti” adlı əsərində yazır ki, “Qızılbaşlar özlərini türk mənşələrinə, əsil-nəcabət və ad-sanlarına görə yüksək tuturdular”. Venessiya hökmdarı K.Laskarini Şah İsmayıl haqqında yazırdı: “Doğrudanmı o, möcüzələr yaradan nadir şəxsiyyətdir? O, həqiqətənmi, fövqəltəbii zəka sahibidir? Mənə bildirdilər ki, o və onun nəslindən olanların hamısı müqəddəs bir nəslin övladlarıdır və həmişə müqəddəs hesab olunmuşlar”.
Şah İsmayıl əsl cəngavər - ağlasığılmaz cəsarətə malik bir bahadır idi. Tarixçi Həsən Rumlu yazırdı ki, “Şah İsmayıl müharibə meydanında şir kimi vuruşar, ziyafət məclislərində isə ağzından dürr yağdırardı”. O dövrdə hökmdarların əksəriyyəti döyüşlərə özü başçılıq etmir, igid sərkərdələrini göndərirdilər. Ona görə orduda komandan hökmdarın özü olmurdu. Ş.İsmayıl isə özü döyüşlərə şəxsən başçılıq edir, bügünkü dövlət quruluşumuzda olduğu kimi, Ali Baş Komandan vəzifəsini özü şəxsən yerinə yetirirdi. O, hərb sənətinə dərindən bələd idi, olduqca mükəmməl hərbi təlim keçmişdi. Təkbətək döyüşlərdə heç kim ona qalib gələ bilməmişdi. Dövlət başçıları çadırlarından döyüşləri izlədiyi halda, hələ 14 yaşı tamam olmamış İsmayıl qoşunun önündə hücuma keçirdi. Çaldıran döyüşündən əvvəl o, Sultan Səlimi döyüşə dəvət etdiyini, lakin Sultan Səlim qorxaraq öz yerinə Osmanlının yenilməz pəhləvanı sayılan Malkoçoğlunu göndərdiyini, ilk zərbədən onu qılıncla ikiyə böldüyünü çoxlarımız bilirik. Bu gün bəziləri əfsanə, şişirtmə hesab etsələr də, Şah İsmayılın qılıncı ilə topun lüləsini kəsməsi də tarixi həqiqətdir. Bədəni qılınc yaraları ilə dolu olardı.
Şah İsmayılın 7 minlik qoşunla Ağqoyunlu Əlvəndin 30 minlik, 12 minlik qoşunla Ağqoyunlu Muradın 70 minlik qoşununa qalib gəlməsi də tarixin yaddaşından silinməyib. Şah İsmayıl Sultan Səlimin 200 minlik qoşununa, 300 topuna qarşı döyüşə 20 minlik süvari ordu ilə çıxmışdı. 3 gün davam edən döyüşdə Qızılbaşlar misilsiz qəhrəmanlıqlar göstərmişdilər. Sözsüz ki, Sultan Səlim Yavuz hiylə işlətməsəydi, Şah İsmayıl yenə qalib gələcəkdi, amma Osmanlı hökmdarı hiylə ilə qalib gəlsə də, tarixin yaddaşında bu hadisə qınaq yeri kimi qaldı. Çünki Şah İsmayıl Çaldıran döyüşünün olmasını istəmirdi. O, Sultan Səlimi bu döyüşdən yayındırmaq üçün dəfələrlə Osmanlı hökmdarına məktublar yazmış, iki qardaş dövlət arasında qan axıdılmamasına çalışmışdı.
İlk dəfə güləşi döşək üzərinə gətirən pəhləvan da məhz Şah İsmayıl idi. Onun zamanında güləş məşq zalları açılmış və Azərbaycana məxsus bu idman növü geniş yayılmışdır.
Şah İsmayıl güclü strateq kimi öz qoşünlarını 12 İmamın şərəfinə 12 yerə ayıraraq aypara şəklində düzərdi. Bu düzülüşdə zəif mərkəz və güclü cinahlar müəyyən olunurdu. Düşmən qoşunları zəif mərkəzlə döyüşdüyü zaman güclü cinahlar düşməni əhatə edir, onları mühasirəyə alaraq darmadağın edirdi. Böyük hökmdar sərkərdənin bu strategiyasından Həzi Aslanov da tanklar vasitəsi ilə istifadə etmiş, ruslar bu strategiyanı “Aslanov nalı” adlandırmışdılar.
Şah İsmayılın dövlət ideologiyasında bugünkü türkçülük, müasirlik və İslam ideyası dayanırdı. Dilimizi dövlət dili elan edib türk tayfalarını birləşdirməklə türklüyə, dövlətdə yeni mütərəqqi qaydalar yaratmaqla müasirliyə, Əhli-Beyt aşiqi kimi isə İslama xidmət edirdi.
Sosializmin ideoloqlarından olan K.Marks Şah İsmayılı qəsbçi hesab edərək, 14 ildə 14 ölkəni qəsb etdiyini bildirsə də, Şah İsmayıl əsl fateh idi. O, heç vaxt qonşu dövlətlərə yürüş edib onların ərazisini zəbt və qəsb etməmiş, 14 ildə 14 eli birləşdirmişdi. Onun hər bir yürüşü ya kiminsə onun dövlətinə meydan oxuması nəticəsində, ya da məzlumların yalvarışına kömək məqsədilə baş vermişdir. Onun yaratdığı dövlətin ərazisi Azərbaycanın tarixi torpaqları olan Şimali Ağqoyunlu və Şirvanşahlar dövlətini (Albaniya), Cənubi Ağqoyunlu (Atropatena) və Qaraqoyunlu (Anadolu) dövlətlərini birləşdirərək bir ucu Bakıdan Şirvandan başlamış indiki İran, İraq, Suriya, Bağdada, diğər ucu Əfqanıstan, Pakistan, Hindistana, Orta Asiyayaya qədər iki milyon səkkiz yüz min kvadrat kilometrdən artıq ərazini əhatə edirdi. Sonralar Səvəfilər dövlətinin ərazisi üç milyon beş yüz min kvadrat kilometrdən artıq olmuşdu. Bu gün 44 günlük Qarabağ zəfərinin qazanılmasında da, ondan əvvəlki və sonrakı dövrdə də hər zaman bizimlə olan Pakistanda hazırda Xətai dövründə həmin ərazilərə köçürülmüş qızılbaşların milyonlarla davamçıları yaşamaqdadır.
Şah İsmayılın əsas dayağı xalq idi. Alman səyyahı E.Kempfer yazırdı ki, “Şah İsmayıl dövlətinin ideologiyası xalqın və millətin saf və güclü təbəqəsinin ideologiyası idi”. O həm də dövrünün dini lideri idi. Şərqi Anadoluda xalq kütlələri meydanlara axışaraq “Açın qapıları, Şaha gidelim”,- deyə haray salmış, Bağdada daxil olarkən yerli əhali könüllü surətdə şəhərin qapılarını üzünə açıb onu alqışlarla qarşılamışdı. Araşdırmaçılar doğru qeyd edirlər ki, ancaq Şah İsmayılın qurduğu dövlətdə əsrlərcə öz inanclarına görə təqib olunan Əhli-Beyt ardıcılları rahat nəfəs ala bilmiş, ilk dəfə olaraq Əhli-Beyt məktəbi dövlət dini kimi qəbul olunmuşdur. Şahın əmri ilə fiqh elmi risaləsi şəriət qanunu kimi təsdiq olunmuş, həmin dövrdə çoxsaylı Əhli-Beyt alimləri yetişərək ölkədən kənarda da İslam dinini yaymağa başlamışdılar.
Şah İsmayıl təkcə qəhrəman sərkərdə və ağıllı dövlət başçısı deyildi. O həm də ədalətli insan idi. Osmanlılarla münasibətləri yaxşı olmasa da, Alman və Macarıstan elçiləri ondan Osmanlılara hücum etmək üçün kömək istəyəndə "Siz öz aranızda söz sahibi ola bilmirsiz, o boyda Osmanlılara nə edə bilərsiniz?”- deyə ittifaq təkliflərini rədd etmişdi. Sultan Səlim dünyasını dəyişəndə isə ona məğlub olsa da, oğlu Sultan Süleymana başsağlı məktubu göndərmiş, "Cənnətin ən ali pilləsində məkan qurmuş ali cənab xaqanın dünyadan köçməsi qəm-qüssəyə batanların düşüncələrində iz buraxdı. Qiyamət gününə qədər əbədi dualar sizinlə olsun",- deyərək öz böyüklüyünü nümayiş etdirmişdir.
Səfəvilər sarayında Qurban bayramı xüsusi keçirilirdi. Şah dövlət xəzinəsindən vəsait ödəməklə imkansız və kasıb ailələr üçün sarayın qarşısında 3 gün qurbanlar kəsdirirdi. Şah öz sarayının eyvanında oturar, Qurban kəsənlərə nəzarət edərdi ki, ət bölgüsü hamı üçün eyni olsun.
Sarayda kəsilən qurbanlardan cəza evlərinin məhkumlarına da pay göndərilir, qurban ətindən üç gün ardıcıl olaraq məhkumlara yemək bişirilməsi əmr olunurdu.
Şahın əmrinə əsasən sarayda xidmət edən hər kəs qurban ətindən pay alır, dilənçilər saraya gəlib qurban ətlərindən bişirilən yeməklərdən yeyirdilər. Bayram namazından sonra sarayda xüsusi bayram süfrələri açılır, vəzifəsindən asılı olmayaraq, hamı eyni süfrədə əyləşib təamlardan dadırdı.
Bütün bu deyilənlər Şah İsmayıl haqqında demək istədiklərimizin hamısı olmasa da, fikrimizcə, onun necə ədalətli, cəngavər və yenilikçi bir şəxs olması haqqında müəyyən bir təsəvvür yaratmağa kifayər edər. Unutmayaq ki, Şah İsmayıl və onun yaratdığı Səfəvilər dövləti tariximizin ən şanlı səhifələrini əhatə edir. Bu gün onun yolu ilə gedən igidlərimiz Qarabağda misilsiz qəhrəmanlıqlar göstərərək bu böyük şəxsiyyətin genetik kodunun daşıyıcıları olduqlarını sübut etmişlər. Çünki Şah Babamız bizlərə müdrik əcdadlarımızdan miras qalmış 3 şeyi vəsiyyət etmişdir:
“Ana dilimizi, vicdanımızı, Vətənimizi!”

Yeganə Qəhrəmanova
Filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti
23-07-2022, 14:41
Azərbaycanın hərb tarixi haqqında növbəti kitab çapdan çıxıb

Azərbaycanın hərb tarixi haqqında növbəti kitab çapdan çıxıb

“Azərbaycanın hərb tarixi. IV hissə (XVIII və XIX əsrin əvvəlində müharibələr və Azərbaycanın hərb sənəti)” kitabı çapdan çıxıb. Nəşrin müəllifi tarix üzrə fəlsəfə doktoru Nərminə Əmirbəyovadır (Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu). Kitab Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunda hazırlanıb.
Layihənin rəhbəri və kitabın elmi redaktoru Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun professoru, “Dərbənd” xeyriyyə ictimai birliyinin sədri, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyev, redaktoru tarix üzrə fəlsəfə doktoru İradə Məmmədova (A.A.Bakıxanov adına Tarix İnstitutu), rəyçilər tarix elmləri doktoru, professor Tofiq Mustafazadə (A.A.Bakıxanov adına Tarix İnstitutu) və tarix üzrə fəlsəfə doktoru Ramil Niftəliyevdir (A.A.Bakıxanov adına Tarix İnstitutu).
XVIII əsrin sonu – XIX əsrin əvvəli Azərbaycanın hərb tarixində mühüm dövr olub. XVIII əsrin ortalarında müstəqil dövlətlər kimi inkişaf etməyə başlamış Azərbaycan xanlıqları yenidən həmhüdud ölkələrin – İran, Türkiyə və Rusiyanın maraq mərkəzinə düşüblər. Azərbaycan öz siyasi, iqtisadi və geostrateji əhəmiyyətinə görə bu ölkələri həmişə cəlb edirdi. Cənubi Qafqazda qanlı mübarizədən sonra Azərbaycan şimal və cənub ərazilərinə bölündü.
Kitabın dördüncü hissəsində bu mürəkkəb dövrdə Azərbaycan ərazisində baş vermiş əsas hərbi-tarixi hadisələr çoxsaylı ilkin mənbələrin və ədəbiyyatın təhlili əsasında kompleks şəkildə işıqlandırılıb.
Müəllif oxucuları göstərilən dövrdə Azərbaycanın hərbi-siyasi tarixi ilə tanış edir, müharibələr və savaşlar haqqında, hərb sənətinin, silahların və hərbi texnikanın inkişafı, döyüş əməliyyatlarının aparılması metodları, hərbi-fortifikasiya qurğularının inşası və başqa məsələlər barədə söhbət açır. Təqdim edilən işdə XVIII və XIX əsrin əvvəlində hərbi işlə Azərbaycanın siyasəti, iqtisadiyyatı və mədəniyyəti arasında əlaqə izlənilir.
Kitab tarix məsələləri ilə məşğul olan alim və mütəxəssislər, doktorant və adyunktlar, ali məktəblərin müəllimləri və tələbələri, respublikanın xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Həm elmi, həm də tərbiyəvi baxımdan böyük əhəmiyyət kəsb edən bu kitabda böyüməkdə olan nəslin vətənpərvərlik və öz Vətəninə görə qürur ruhunda tərbiyə edilməsi üçün çoxlu nümunələr verilir.
Qarabağda Vətən müharibəsində Zəfər qazanan Azərbaycan gəncləri dövlətimizin ərazi bütövlüyünü bərpa edərək öz xalqının döyüş ənənələrinə sadiqliyini növbəti dəfə nümayiş etdirib, mərdlik, dözümlülük, hərbi peşəkarlıq və döyüş ustalığı nümunələri göstərib.


23-07-2022, 10:41
Əkbər Nəimi hüququndan istifadə edə bilmir

Əkbər Nəimi hüququndan istifadə edə bilmir

İyulun 19-da Tehranın Evin zindanının 3-cü bölməsinin 4-cü bəndəndə saxlanılan milli-mədəni fəal Əkbər Nəiminin məhkumluq dövrünün bir ili başa çatıb. Ötən bir il ərzində Nəimi qanunla nəzərdə tutulmuş məzuniyyət hüququndan istifadə edə bilməyib. Fəalın yaxınlarının verdiyi məlumata görə, Əkbər Nəimi bütün basqılara və hüquqlarının pozulmasına baxmayaraq yaxşı əhval ruhiyyədədir. Onların dediyinə görə, Nəimi həbs edilmədən qısa müddət öncə tvitter hesabında etdiyi paylaşımda "Arxayınıq, Azərbaycan xalqı bir gün xoşbəxtliyi dadacaq" yazıb. Bu, onun zindanda da ümidli və nikbin olduğunu göstərir.
Əkbər Nəimi 2021-ci il iyunun 19-da Təbrizdə həbs edilərək məhkum olduğu 9 il 8 ay həbs cəzası Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın “Evin” zindanına köçürülüb. O, "qanunsuz qrupa üzv olmaq", "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "rejimin müxalif qruplarının xeyrinə təbliğat aparmaq" ittihamları ilə müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib. Bununla yanaşı Nəiminin 2 il müddətinə ölkədən xaric olmasına və eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına qadağa qoyulub.
Xatırladaq ki, Əkbər Nəimi insan haqları fəalı və dil hüquqları müdafiəçisi kimi də tanınır.


23-07-2022, 10:39
Xameneyinin Zəngəzurla bağlı paylaşımı narazılıq doğurdu

Xameneyinin Zəngəzurla bağlı paylaşımı narazılıq doğurdu

İranın ali rəhbəri Əli Xameneyinin Zəngəzur dəhlizi ilə bağlı paylaşımı Güney Azərbaycanda narazılıqla qarşılanıb. İran saytlarının Xameneyinin paylaşımını yaydığı səhifələrin şərh bölümündə sosial şəbəkə istifadəçiləri ali rəhbəri riyakarlıqda, həqiqətləri təhrif etməkdə günahlandırıb. Onlar Xameneyinin "Qarabağın qayıtmasına sevinirik" ifadəsinin yanlış olduğunu bildirib, onun Qarabağı Azərbaycan ordusu tərəfindən azad olunmasını etiraf etməyə dili gəlmədiyini bildiriblər.
Bir çox sosial media fəalı "Qarabağ öz-özünə qayıtmadı, Azərbaycan ordusunun igidliyi, minlərlə şəhidin qanı bahasına geri qaytarıldı, azad edildi"-deyə, Xameneyini saxtakar adlandırıblar:
"Əlbəttə siz məcburi sevinirsiniz. 30 il boyunca Qarabağın azad edilməsinə heç bir yardım etmədiniz. Bunu edib hörmət qazana bilərdiniz. Ancaq İlham Əliyev və Ərdoğan bunu bacardıqları üçün bütün türklərin ürəyində yer elədilər"-deyə, təbrizli fəal yazıb.
Bununla yanaşı çox sayda istifadəçi Xameneyinin "ancaq əgər İran-Ermənistan sərhəddinin bağlanması siyasəti olsa İran buna qarşı çıxacaq. Ona görə ki, bu yol neçə min illik əlaqə yoludur" ifadəsinin saxtakarlıq nümunəsi olduğunu da qeyd ediblər.
Onlar bir neçə on il bundan öncəyə qədər Ermənistan adlı dövlət olmadığını, o torpaqların Azərbaycana məxsus olduğunu vurğulayıb, Xameneyini saxtakarlıqda və savadsızlıqda suçlayıblar.
Bir sıra fəallar İran rəhbərinin paylaşımını ironiya ilə qarşılayıb və "çox narahat olsanız Ermənistanla əlaqə üçün sərhəddə yeraltı tunel qaza bilərsiniz"-deyə, yazıblar.
Qeyd edək ki, Xameneyi iyulun 19-da özünün tvitter səhifəsində etdiyi paylaşımında Ermənistan-İran sərhəddinin bağlanması ehtimalından narahatlığını ifadə edib.
"Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Ancaq əgər İran-Ermənistan sərhəddinin bağlanması siyasəti olsa İran buna qarşı çıxacaq. Ona görə ki, bu yol neçə min illik əlaqə yoludur"-deyə, Əli Xameneyi yazıb.
Cavidan
23-07-2022, 10:36
Saxlanılan 7 təbrizli fəal müvəqqəti azadlığa buraxılıb


Saxlanılan 7 təbrizli fəal müvəqqəti azadlığa buraxılıb
İyulun 16-da Urmu gölündə baş verən ekoloji faciəyə etiraz aksiyalarında saxlanılan 7 təbrizli milli-mədəni fəal yazılı iltizam verdikdən sonra müvəqqəti olaraq azadlığa buraxılıb. İyulun 19-da sərbəst buraxılan fəallar Urmu gölü ilə bağlı Təbrizdə dinc aksiyaya qatıldıqları üçün saxlanılmışdılar.
Həmid Purvəli, Yunis Qulizadə, Əlirza Fəthivənd, Xanım Abbaspur, Mehdi Miri, Calal Dehqan və Əlirza Məqsudi sərbəst buraxılsa da Urmu və Təbriz zindanlarında çox sayda dinc aksiyaçı saxlanılır.
23-07-2022, 10:25

Urmuda fəallara dəstək aksiyası keçirilib

Urmuda fəallara dəstək aksiyası keçirilib

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində iyulun 16-da Urmu gölü aksiyasında həbs edilən fəallara dəstək aksiyası keçirilib.
Urmulu milli-mədəni fəallar şəhərdə hazırda Urmu zindanında saxlanılan Huşəng Nəğizadə və Mikayıl Qulipurun fotoları olan afişalar yayıblar. Afişalarda "Geri oturmayacağıq", "Huşəng Nəğizadə və Mikayıl Qulipuru azad edin" və "#saveurmialake" məzmunlu şüarlar yazılıb.
Huşəng Nəğizadə və Mikayıl Qulipur iyulun 16-da Urmu gölünün qurudulmasına etiraz aksiyasında saxlanılıb və Urmu şəhərinin mərkəzi zindanına köçürülüblər. Hər iki fəalın ailəsi Ümumi və İnqilab İstintaq İdarəsinə müraciət edib və onlardan fəalların müvəqqəti azadlığa buraxılmasına görə, Huşəng Nəğipur üçün 700 milyon tümən, Mikayıl Qulipur üçün isə 500 milyon tümənlik girov istənildiyini öyrəniblər.
Ailələr istənilən girov sənədini hazır etdikdən sonra müstəntiqə bu barədə məlumat versələr də, o fəalları məhkəməyə qədər müvəqqəti olaraq azad etmək barədə qərar çıxarmaqdan imtina edib.
Qeyd edək ki, hər iki fəal bundan öncə dinc fəaliyyətləri və Ermənistanın Azərbaycan torpaqlarının işğalına etiraz aksiyalarına qatıldıqları üçün həbs ediliblər.
23-07-2022, 10:18
Ərdəbildə tarixi məkan məhv edilir


Ərdəbildə tarixi məkan məhv edilir

Ərdəbildən Abıbəyli şəhərinə gedən yol üzərində, Nəmin şəhərinin inzibati ərazi bölgüsünə daxil olan tarixi məkanda dəmir-polad zavodu tikintisi layihəsinə başlanılıb.
Arxeoloq və mütəxəssislərin bildirdiyinə görə, 2 hektar ərazini əhatə edən tarixi məkan Parfiya dövrünə aiddir. Zavodun tikintisi nəzərdə tutulan ərazinin 1000 kvadrat metr sahəsində Parfiya dövrünə aid nadir tikinti nümunələri, saxsı əşyalar, nadir məzar nümunələri və insan skeletləri mövcuddur.

Bu unikal yerin qazıntılarında iştirak edən mütəxəssislər heyrətamiz artefaktların, o cümlədən ilk "qayçı"nın aşkar edildiyini bildirirlər.
Ərdəbilli milli-mədəni fəalların verdiyi məlumata görə, Ərdəbil əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinə çox sayda müraciətlərin olmasına baxmayaraq tarixi bölgədə işlər dayandırılmayıb. Onların məlumatına görə, adı çəkilən yerin ətrafında beton maneələr quraşdırılıb və layihə rəhbərliyi yerli dövlət qurumlarının dəstəyi ilə zavodu tarixi yerin üzərində qurmaqda israrlı görünürlər.
23-07-2022, 09:22
H.B.Zərdabinin millət sevgisi


H.B.Zərdabinin millət sevgisi

Hər bir xalqın taleyində, mədəniyyətində, iqtisadiyyatında, hərb sahəsində və memarlığında bir şəxsiyyət amili tarixləşən iz qoyduğu kimi, Azərbaycan xalqının da zaman-zaman taleyüklü məsələlərində uzaqgörən, bütün ruhuyla millətinin daşıyıcısı hesab olunan şəxsiyyətlərin ümdə rol oynaması tarixi həqiqət - reallıqdır.
XX əsr Azərbaycan mədəniyyətinə, maarifçiliyinə və xeyriyyəçiliyinə xüsusi töhfə vermiş, yaradıcı ziyalı, ədib-nasir, publisist-jurnalist və alim kimi şöhrət tapmış, son nəfəsinə kimi xalqına şərəflə, sədaqətlə xidmət etmiş Həsən Bəy Zərdabi də tarixin daş yaddaşına çevrilmiş görkəmli şəxsiyyətdir.
Rus işğalının, istilasının ən aqressiv, amansız vaxtlarında millətin ayılması, maarifləndirilməsi vacib proses idi və bu yolda bir addım belə atanların qarşısına sədlər çəkilir, millət, torpaq ürəkli övladların haqq sözü deməsi, doğru yol göstərməsi müxtəlif bəhanələrlə yasaqlanırdı.
20-ci illərə qədər Tblisi şəhəri bir mədəniyyət mərkəzi kimi Qafqaz xalqlarını öz qoynuna almışdı. Həmin dövrlərdə Azərbaycanın görkəmli sənətçiləri, hərbçiləri və yazıçıları Tblisidə fəaliyyət göstərirdilər. Müxtəlif zaman kəsiyində torpağımızın işıqlı sabahınının carçıları olan övladları harada yaşamalarından asılı olmayaraq övladlıq borclarını öz əməlləri və yaradıcılıqları ilə ödəməyə çalışırdılar...
Həmin dövrün özünəməxsus çətinlikləri olsa da, Azərbaycan-Türk ruhunu qanlarında daşıyan millət fədailəri böyük inamla xalqın mənsub olduğu, millətin mənəvi yükünün daşıyıcıları, bir amal uğrunda bir-birinə dəstək olmağa çalışır, böyük islahatlara can atırdılar. Bu həmin zaman idi ki, Azərbaycan satirik poeziyasının parlaq yaradıcısı M.Ə.Sabir «Qərblilər göydə balonlarda gəzir, biz hələ avtomobil minməyiriz» deyirdi.
Kəskin maarifpərvər şair M.Hadi də ürək yanğısıyla «Yox millətimin imzası imzalar içində» hayqırtısı ilə car çəkirdi.
Xeyli əvvəllər millətimizin mətbuat bayrağını ilkin qaldıran H.B.Zərdabi mətbuatımızın qaranquşu – müjdə gətirəni «Əkinçi» ni yaratmışdı. Maddi və mənəvi çətinliklərlə üzləşən bu qəzet Azərbaycan maarifçiliyində, mədəniyyətində misilsiz rol oynamaqla maarifçilik işində önəm kəsb etdi. Min bir zəhmət və basqı sayəsində «Əkinçi»nin yaşamasına, yayılmasına çalışan H.B.Zərdabi – xalqımızın hünərvər övladı kimi əsl fədakarlıq göstərirdi.
Böyük vətəndaş, qanı millət sevgisiylə axan, bütün varlığın, nümayəndəsi olduğu xalqın maariflənməsinə, elmi tərəqqisinə, mədəniyyətinin yüksəlməsinə həsr edən H.B.Zərdabi «Əkinçi»ni yaşatmaq, bu ilk mətbu orqanla millətin dərd-sərini, arzu-istəklərini ifadə etməyə çalışırdı. Lakin maddi dayaq, ehtiyat olmadığından bu böyük şəxsiyyət qəzeti çap etdirmək üçün İrəvana, Naxçıvana səyahətə çıxır. Uzun bir coğrafi məsafə və bu yerlərdə, məkanlarda qəzetə ianə-abunə toplamaq istəyir. Xalq dili ilə desək: Əli ətəyindən uzun qayıdır.
Yüksək mənəviyyat sahibi olan, xalqının övladlarına işıqlı yol göstərməyə çalışan istədiklərinə qismən də olsa nail olur, insanların maariflənməsində böyük yol aça bilməsə də, bu yollara qovuşacaq mənəvi cığır iz açır...
Millətimizin bu Fərhad ürəkli, oğlu canından çox sevdiyi millətinin yolunda öz ömrünü şam kimi əridir. Çəkdiyi əzabların əvəzində bir təsəlli olur: Mən nəsə elədim. Böyük ədibimiz istər dumada olduğu vaxt, istərsə də olmadığı zamanlarda, xalqının elçisi-vəkili-deputatı kimi mühüm vəzifə daşımışdır . Həmin zamanlarda bir erməni iş adamı, Dumada Bakıya su çəkilişi məsələsini həll etməyə çalışır. Onun məqsədi pul qazanmaq və Bakı ətrafından içməyə belə yararlı olmayan su çəkməklə əhalinin sağlamlığına zərər vurmaq idi. Erməninin bu təklifinin əleyhinə çıxan H.B.Zərdabi böyük ürəkli Hacı Zeynəlabdini içməli suyun dağlardan çəkilməsinə ruhlandırır. Elə bu günümüzün özündə də məşhur şollar suyu, Bakımızın əsas təmiz, içməli suyudur.
Bir millətin iki böyük ürəkli övladı, millətinin pərvanələri olan H.B.Zərdabi və Hacı Zeynalabdin məslək, əqidə yoldaşı olmuş, millətin taleyində mühüm rol oynayacaq əməli işlərdə birlikdə düşünüb, ölçüb-biçib müsbət nəticəli qərara gəlmişlər. H.B.Zərdabinin açdığı Qızlar məktəbinin də maddi dəstəkçisi Hacı Zeynalabdin olmuşdur. H.B.Zərdabinin Nigar, Həcər timsallı həyat yoldaşı Hənifə xanım belə bir həssas məqamlı xatirə yazıb. Bir gün Hacı Zeynalabdin ilə H.B.Zərdabi görüşüb Qızlar Gimnaziyasına getməli olurlar. Burada əsas məqsəd qızlara verilən yeməklərin keyfiyyətini öyrənmək idi. Yoxlama nəticəsində məlum olur ki, qızlara verilən ət xörəkləri dişi qoyun ətindən imiş. Hacı Zeynalabdin aşbaza tapşırıbmış ki, dişi heyvan əti alma, yalnız erkək ətləri al. Çünki erkək heyvanın əti daha çox kalorili və faydalıdır. Məktəbli qızların sağlamlığı üçün nəzərdə tutulurdu. Həmin yoxlamadan sonra Hacı Zeynalabdin aşbazı işdən azad edir...
H.B.Zərdabi bir ziyalı, alim kimi deyil, öz imkanı sayəsində də əsl xeyriyyəçi idi. Bu böyük, əvəzolunmaz şəxsiyyətin əməlindən bir epizodu da qızları Hənifə xanımın dilindən eşidək: “H.B.Zərdabi Qubadan bizə pənah gətirən bir cavan oğlana evimizdə otaq ayırdı və onun hüquq sahəsində təhsil almasına şərait yaratdı. Bu minvalla o, 15 il bizdə qalaraq hüquq üzrə mütəxəssis oldu...
H.B.Zərdabi xalqımızın, torpağımızın təbiətcə, şəxsiyyətcə bir insan, vətəndaş və türk övladı, zamanına görə bənzəri, oxşarı olmayan oğlu desək, vicdanımıza verəcəyimiz mənəvi hesabatda haqlı olarıq.
H.B.Zərdabi özü boyda bir mənəviyyat, alicənablıq, xeyirxahlıq simvoludur. Təəssüf ki, millət asidir. Demək ki, bu da onun tale yazısıdır. Özünün bütün mənəvi və maddi imkanlarını xalqının maariflənməsinə həsr edən bu böyük insan, vətəndaş, cəmiyyətinin bünövrəsinin, maarifçiliklə mümkünlüyünü anladıqdan sonra bütün varlığı ilə həyatını bu sahəyə həsr edib.
H.B.Zərdabi mətbuatın, qəzetçiliyin nə qədər böyük əhəmiyyətini bildiyindən «Əkinçi» qəzetini yaratdı. İki il ömrü olan bu mətbu orqan zaman-zaman sinəsindən od püskürən Yanardağımız xalqın ürəyindəki inam ocağını alovlandırdı. Böyük vətəndaş, xalqını qəlbən, bütün varlığı ilə sevən H.B.Zərdabi onların zəka yoluna işıq salan bənzərsiz insan idi və taleyinə də bir Yanardağ qisməti düşmüşdü. Bu məqamda dahi türk şairi Nazim Hikmətin:

Mən yanmasam,
Sən yanmasan,
Biz yanmasaq,
Necə çıxar
Qaranlıqlar aydınlığa.


misraları H.B.Zərdabi kimi övladların boyuna, ömür yoluna biçilmiş misralardır, özündə bir vətən eşqi ifadə edir.
H.B.Zərdabinin qarşısını o vaxtkı çar üsuli-idarəsi alsa da, o yenə də bir çıxış yolu tapırdı. Onun dostu, məmləkətimizin xeyriyyəçi-mesenat övladı Hacı Zeynalabdin xeyriyyəçiliyini maarifçiliklə əlaqələndirirdi. Hacı Zeynalabdin çox böyük ürəklə, səmiyyətlə Həsən bəyi eşidirdi və gördüyü xeyirxahlıqdan zövq alırdı. O, bu yolda böyük sərmayələr qoysa da, dostu Həsən bəyə minnətdar idi...
Həmin zamanlar Bakıda onlarla milyonçu öz səxavəti, əliaçıqlığı və millətsevərliyilə tanınsa da, H.B.Zərdabinin ən yaxın dostu, ərki çatan insan Hacı Zeynalabdin idi.
Ümumilikdə H.B.Zərdabinin ömür yoluna baxsaq, onun həyat fəaliyyəti çoxşaxəli, çoxsahəli olmuşdur. Bir qəzetçi kimi tanıdığımız H.B.Zərdabi həm də torpaqşünas alim idi. O, torpağın «dilini» anasının dili kimi bilirdi. Təkcə Bakı Qızlar məktəbini açması o zaman üçün böyük xidməti idi. Elmin neçə-neçə sahəsini mükəmməl bilsə də, bütün elmlərin qapısının açarını maarifçilikdə, təhsildə görürdü. Eyni zamanda bu sahədə çətinliyi olan tələbələri öz övladı kimi evində saxlayır, qayğılarına qalırdı.
Bir qəzetçi-jurnalist, torpaqşünas alim, maarifçi-pedaqoq, Bakı dumasının üzvü, xeyriyyəçi şəxsiyyət olmaqla xalqının hərtərəfli inkişafını qəlbən arzulayırdı və heç də təsadüfi deyildir ki, dünyasını dəyişməmişdən əvvəl bu mahiyyətdə vəsiyyət etmişdi: «Sizdən xahiş edirəm ki, mənim dəfnimi, qəbrimi təmtəraqlı etməyin, məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin».
Mədəniyyətimizin bir əsas qolu da incəsənətimizdir. H.B.Zərdabi mətbuat sahəsində ustad naşir, jurnalist olmaqla yanaşı, ədəbiyyatşünaslıq sahəsini də gözəl bilirdi. Eyni zamanda teatra, səhnə əsərlərinə də böyük maraq göstərirdi. O, «Kaspi» qəzeti redaksiyasında işləyəndə Ü.Hacıbəyovun musiqiyə olan böyük həvəsini görüb demişdi: - Oğlum, sən elə bir teatr yaz ki, iştirak edənlər oxusunlar. Birinci Azərbaycan operasına baxmağı çox arzulasa da, bu, ona qismət olmadı. Onun həyatdan köçməsindən az sonra, «Leyli və Məcnun» operası tamaşaya qoyuldu...
Dövrünün alimi, filosofu H.B.Zərdabinin ictimai-siyasi fəaliyyəti onun həyatında mühüm yer tutur. Dumada müxtəlif məsələlərin müzakirəsi zamanı, xalqının taleyüklü məsələlərində öz mövqeyini açıq bildirərək, görüləcək işlərin doğru səmtə istiqamətlənməsi üçün fikir və mülahizələrini, məntiqə söykənən haqlı iradlarını deməkdən çəkinməmişdir.
Böyük mütəfəkkirin yazıçı nüfuzu çox olduğundan, çar çinovnikləri onun fəaliyyət dairəsini kiçiltmək üçün maneçilik törədirdilər. «Əkinçi» qəzetinin bağlanması da bu səbəbdən idi və həmin vaxt o, doğuluğu kəndə qayıdaraq, öz ideya-məramlarını həyata keçirmək üçün maddi mənbələr, yollar axtarırdı...
O zaman başqa ölkələrlə əlaqələr geniş olmasa da, H.B.Zərdabi Qərbdə və Rusiyada, Kazanda, İranda çıxan bir sıra mətbuat orqanları ilə yazışaraq əlaqə saxlayır, dünyada gedən siyasi, mədəni xəbərləri, yenilikləri izləyirdi.
Professor, ədəbiyyatşünas Nazim Axundov öz elmi-bədii araşdırmalarında Azərbaycan satirik jurnallarının tatar və Orta Asiya xalqlarının mətbuatına təsirindən danışarkən «Əkinçi»ni nümunə kimi göstərmişdir. O, tatar mətbuatşünası İsmayıl Rəmiyevin «Vaqtlı tatar mətbuatı» (1905-1925) kitabına istinadən yazır: «Müəllif tatar mətbuatının yaranması və inkişafı haqqında düzgün təsəvvür yaratmaq üçün buraya Azərbaycan mətbuatı haqqında xeyli məlumat əlavə etmişdir. Müəllif yazır ki, «Əkinçi» qəzeti bütün türk-tatar xalqlarının mətbuatının inkişafına böyük başlanğıcdır».
1899-cu ildə Kazan şəhərində maarifçi, imkanlı xanım Akçurina həmfikiri olan Hənifə xanım Məlikovanın məktəblilər üçün yazdığı dərs vəsaitini - «Tərğub» adlı kitabını öz hesabına nəşr etdirmişdir.
Qeyd etməliyik ki, XIX əsrin 70-ci illərində Daşkənddə nəşr olunan «Türküstanskiye vedomosti»yə əlavə kimi buraxılan «Türküstan vilayətinin qəzeti» ilə, «Əkinçi» qəzeti redaksiyası əlaqə saxlayırdı.
Baxçasarayda çıxan «Tərcüman» qəzeti Zərdabiyə bir müəllim, bir ustad kimi baxırdı. Həsən bəy «Tərcüman»ın nəşrinə sevinir, maarifçiliyin inkişafı sahəsindəki xidmətləri alqışlayırdı. H.B.Zərdabi «Tərcüman»ı «Əkinçi»nin yetişdirməsi hesab edirdi.
H.B.Zərdabinin ölkə hüdudlarından kənarda şöhrətlənməsi, bir ədib kimi sevilməsi onun böyük ideyalar uğrunda ömür sərf etməsi, Rusiyada ilk türk qəzetinin yaratması, Azərbaycan xeyriyyəçiliyini yayması, teatrın əsasını qoyması geniş ictimai fəaliyyətiylə bağlıdır. Xalqımızın fikir inkişafında və Rusiya məkanında yaşayan türklərin intibahında H.B.Zərdabinin özünəməxsus danılmaz mövqeyi, xidməti yer tutur.
1872-ci ildən Azərbaycanda ilk «Xeyriyyə Cəmiyyəti»nin əsasını qoyan Zərdabi 1873-cü ildə müəllimi olduğu gimnaziyada M.F.Axundovun «Hacı Qara» komediyasının tamaşasının təşkilatçısı olur və məhz bu tamaşa ilə də xüsusi Azərbaycan milli teatrının əsası qoyulur.
«Əkinçi» qəzeti milli mətbuat sahəsində ilk dəfə bədii əsərlər çap edir. XX əsrin ikinci yarısında dramaturgiya və nəsrə nisbətən arxada qalan şeirə, xüsusən satirik şeirin nümunələrinə öz səhifələrində yer verir. Bütün bunlarla yanaşı H.B.Zərdabi, el mahnılarının yazılı mətni olan şeirləri toplayıb 1902-ci ildə «Türk nəğmələri məcmuəsi» adı ilə çap etdirmişdir.
«Əkinçi» Azərbaycanın o vaxtkı ziyalılarının, qələm sahibləinin şeir və məqalələrinə həvəslə yer ayırırdı və qəzetin bütün ağırlığı, yazıların işlənməsi, çapa hazırlanması H.B.Zərdabinin əli ilə həyata keçirdi.
Böyük ədibin cəfakeş, qayğıkeş qadını Hənifə xanım hər zaman Zərdabinin yanında olub. Hənifə xanım xatirələrinin birində yazır: - Bir dəfə fransız qəzetinin baş müxbiri Bakıya gəlib çıxmışdı. O, Rusiyada Azərbaycan dilində çıxan yeganə qəzetlə maraqlanıb yanıma gəlmişdi. Qəzetin 3 il ərzində ancaq 300 abunəçisi olduğunu bilincə, müxbir təəccüblə H.B.Zərdabiyə baxıb səmimi şəkildə dedi: Siz qəhrəmansınız, bizim Fransada bu cür yoxsul qəzetlər üçün işləyən adam tapılmaz, sizin energiyanıza heyran qalmışam. Görünür, siz öz xalqınızı çox sevirsiniz».
Hər bir xalq onun taleyində iştirak edən övladının adını əbədiləşdirməklə, böyük bir şəxsiyyət yetişdirdiyini gələcək nəsillərə ötürür. H.B.Zərdabinin də İçərişəhərdə köhnə ensiklopediyamız yerləşdiyi yerdə bir oturaq halda heykəli var. Doğulub boya-başa çatdığı Zərdab rayonunda isə kiçik bir daxmadan ibarət olan «Ev muzeyi» var...
Uzun illər Bakıda, İçərişəhərdə yaşamış və xalqı yolunda fədakarlıq etmiş nəhəng şəxsiyyətin adına Bakıda ev muzeyinin, küçənin olmaması çox böyük təəssüf doğurur. Eləcə də jurnalistikamızın banisi olan, bu bənzərsiz sənətkarımızın adına təqaüd təsis olunması istedadlı tələbələrə verilməsi çox böyük qədirşünaslıq nümunəsi olardı...
Azərbaycan mətbuatının banisi, filosof, torpaqşünas alim, jurnalist, publisist, tədqiqatçı, qəzetçi, maarifçi H.B.Zərdabi Azərbaycan ziyalılığının ilkin simvollarından biridir.
XIX əsrin ikinci yarısından başlayaraq, XX əsr daxil olmaqla millətimizin taleyində müstəsna xidmətləri olan böyük övladları, alimləri, şairləri, yazarları, siyasətçiləri, xeyriyyəçiləri çox olmuşdur. XIX əsrin sonu, bütövlükdə isə XX əsrdə Azərbaycan xalqı ən böyük oğullarını yetirmişdir.
Başda H.B.Zərdabi olmaqla satirik şairimiz M.Ə.Sabir, yazıçı, molla Nəsirəddinçi, M.C.Məmmədquluzadənin, bəstəkar Ü.Hacıbəylinin, xeyriyyəçi Hacı Zeynalabdinin, yazıçı-həkim N.Nərimanovun, xalq şairi S.Vurğunun dünya səviyyəli siyasətçi, ulu öndərimiz Heydər Əliyevin adlarını iftixarla, qürur hissilə çəkmək olar. Böyük məmnuniyyətlə torpaqlarımızın azadlığı uğrunda fədakarlıq, qəhrəmanlıq göstərmiş “Dəmir yumruq”lu sərkərdə, Ali Baş Komandan İlham Əliyevin də yerini bu sırada görürük. Milli mətbuatımızın xəzinəsinə dəyərli hədiyyə olan H.B.Zərdabinin ideya irsi bu gün belə öz təravətini itirməmişdir. Yarandığı 147 il ərzində Azərbaycan mətbuatı keçməkeşli, zəngin və mənəvi bir inkişaf yolu keçmişdir. Odur ki, hər ilin 22 iyul ayı mətbuat tariximizin günü kimi qeyd olunur. Həmin ərəfədə mətbuatımızın ilk təmsilçisi H.B.Zərdabinin də adı hörmətlə, ehtiramla anılır. Yüzlərlə əsl jurnalist bu anım günündə özünə mənəvi hesabat verir və ustada «Əkinçi»mizin yaradıcısına rəhmətlər diləyirlər.

Adil Abdullayev
“Gənclik” nəşriyyatının direktoru,
Əməkdar mədəniyyət işçisi,
Prezident mükafatçısı


23-07-2022, 08:53
"Nur Ocağı" Mirəsgər Musəvinin qəzəllərini təqdim edir:

"Nur Ocağı" Mirəsgər Musəvinin qəzəllərini təqdim edir:

Yanır bir eşqi-pünhanın oduyla şəmitək canım,
Hanı dərd əhli bilsin ki, nədir tədbiri dərmanım?

Əcəl gəlmir ki, rahət eyləsin bu fani dünyadan,
Bu eşqin sevdasından bəlkə bir rahət ola canım.

Vücudum qərqidür qəmlə mənə təkcə xəyal qalmış,
Mənə vermiş bu dərdi ol pəri, ol nazlı ceyranım.

Uçub bir quş kimi getmiş xəbər yoxdur o məhrudən,
Ürək qan ilə dolmuş zarudur halı-pərişanım.

Bu hicranın qəmi etmiş məni zaru-dili xəstə,
Təhəmmül eyləməkdən başqa yoxdur heç bir imkanım.

Yanıb Seyyid fərağında sənin, ey mahu dilara,
Gedib cismim daha əldən yanıb çaki-giribanım.

***************
Qanımı gəl, alma sən, etmə hicamət, ey təbib,
Qalmayıb canımda qan, yox məndə taqət, ey təbib.

Sən hicamət etməyinlə can daha gəlməz cana,
Xəstə bu canımda da yoxdur səlamət, ey təbib.

Gəl məzəmmət eyləmə, rüsvayi-aləm olmuşam,
Aşıq olmazsan, əgər etmə qəcavət, ey Təbib.

Kim ki, esqin məktəbində dərsi-eşqi almasa,
Olmaz aşiq, yoxdu çün onda cəsarət, ey təbib.

Vurma sən, əl yarəmə, artırma artıq dərdimi,
Səslə gəlsin şafi-im, etsin şəfaət,ey təbib.

Ox vuran səyyadı tap, gör hansı oxnan oxlayıb?
Bəlkə kirpiklər edə sənçün rəvayət, ey təbib.

Kirpik oxlarıyla salmış cismimi gör nə hala,
Çəksə tiğyi qaşların eylər qiyamət, ey təbib.

Sən burax, bu Seyyidi, canan özü dərman edər,
Eyləyibdir cismi-canım dərdə adət, ey təbib.

**************
Yoxdu yarın xəbəri suzi nihanımdan mənim,
Qəm azalmır ağlasam da cismu-canımdan mənim.
*
Qan yaşım cari olur gözdən sızıldan ney kimi,
Halımı sorsan, gəl, sor əşşi- rəvanımdan mənim.
*
Etmisən Məcnun məni, ruhum düsüb səhralərə,
Tutmuyursan bir xəbər, bu halu- zarımdan mənim.
*
Vurğunam mən zülfünə, gəl çək dara sən cismımı,
Bağla zülfünlə, əzizim, getmə yanımdan mənim.
*
Mın xərabat əhlıyəm, nəğməm yazılmış azəri,
Dönməm əhdimdən əgər can çıxsa canımdan mənim.
*
Soldu eşqindən, gülü-ruxsaru yandı Seyyidin,
İndi gəl sor halımı pozğun xəzanımdan mənim.
*************
Nədənsə var cəfəkarlıq bu məhrular arsında,
Onlar söz söyləyərlər dilbəru-dildar arasında.
*
Xəta etdim, nə səhv etdim ki, cəllad oldu o gözlər,
Baxır çün qeyz ilə durmuş iki şahmar arasında.
*
Ox atmaq istəyərsə, gər o kirpiklər denən atsın,
Qoy axsın qəlbimin qanı gülü-gülzar arasında.
*
Qaşın xəncərdisə, vardır ona çün sineyi-çakum,
Töküb geysuləri gizlətmə sən ruxsar arasında.
*
Əgər can istəyirsən al, bu canı nəqdi canım var,
Məni qoyma qalam, sən gül-çiçəklə xar arasında.
*
Tərənnüm eyləyim, nəğmə deyim, mən bülbülü-şeyda,
Öpüm məxmur o gözlərdən, qalım çün nar arasında.
*
Əgər geysulərin məlhəmdisə, ey gül axan qanə,
Təbib olsan mənə qalmaz canım düşvar arasında.
*
Pərivəş canını almış olub Seyyid də divanə,
Yarıldı sinəsi aşkar olub əsrar arasında.

*****************************
Dərd alıbdır canımı, yox daha dərmanım mənim,
Dərdi-hicran ilə axır çıxacaq canım mənim.
*
Bezdiribdi naləvü-ahum bütün şeydaləri,
Susdurub bülbülləri bu ahu-əfqanım mənim.
*
Qamətin xəm oldu, əzbəs çəkdim eşqin dərdini,
Duymadı əfsus ola bu dərdi cananım mənim.
*
Min həkimlər yığışa, olmaz bu dərdin çarəsi,
Çarə etsə eyləyər təkcə o loğmanım mənim.
*
Mən əsiri-zülfü yarəm xəstə sanma könlümü,
Sağalar yarələri, yar olsa mehmanım mənim.
*
Hamı yatmış şəmü-pərvanə oyaqdır, bir də mən,
Ağlayır şəm ilə bahəm çeşmi-giryanım mənim.
*
Tərki-işrət qılmısan Seyyid, qəm olmuş həmdəmin,
Leylisiz Məcnunam, olmuş dünya zindanım mənim.

********************
Qərq olub qəm dəryasında cismü-canım, hardasan?
Düşmüşəm səhralara yoxdur məkanım, hardasan?
*
Eyləyib rüsvayi-aləm eşqi-bixərcan məni,
Gəl, əyan oldu daha suzi-nihanım, hardasan?
*
Ey pəri surətli dilbər, can fədayam mən sənə
Gəl daha yoxdur mənim təbu-təvanım hardasan?
*
Dərdi-hicranın salıbdır könlümü min dərdlərə,
Dərd əlindən yandı cismu-üstüxanım, hardasan?
*
Qaşların tiğyin çəkib kirpiklə vurdun oxları,
Yer üzün əlvan edibdir ləxtə-qanım, hardasan?
*
Tayiri-ruhum uçubdur göylərə, pərvaz edib,
Qalmayıb cismimdə bu ruhu-rəvanım, hardasan?
*
Xəstə olmuş Seyyid eşqindən əlacı-laəlac,
Dərman etməz dərdimə minlərcə loqman,hardasan?
************************
Min yol ölürəm bir dəfə cananı görəndə,
Nəbzim dayanır gözləri şəhlanı görəndə.
*
Min tir dəyir sinəmə ol qəmzələrindən,
Nitqim tutulur navuki-müjganı görəndə.
*
Qarə zülfləri qıvrılır sinədə çün mar,
Məcnun oluram zülfi-pərişanı görəndə.
*
Ağ cismini pünhan eləmiş pirəhən altda,
Başdan gedir əqlim təni-üryani görəndə.
*
Siması da güldür, bütün əndamı gül-çiçək,
Güllər utanır ol gülü-reyhanı görəndə.
*
Divanə olur, baş götürür çöllərə Seyyid,
Can qurban edir sən kimi ceyranı görəndə.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!