Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
18-07-2022, 09:41
ZAHİRƏDDİN MƏHƏMMƏD BABUR İŞIĞINDA


ZAHİRƏDDİN MƏHƏMMƏD BABUR İŞIĞINDA

(Zakircan Məşrəpovun 90 yaşı və onun yaratdığı “Beynəlxalq Babur Fondu”)

Hər insan ömrünə Allahın lütfü ilə bir işıq bələdçilik edir. Məşhur baburşünas alim Zakircan Məşrəpovun (Zokirjon Mashrapov) ömrünə – gördüyü işlərə işıq mənbəyi Babur hikmətidir. Bir insan ömrünü mənalandıran, dəyərləndirən, zərrələri ilə dünyaya yayan Zahirəddin Məhəmməd Babur nurundan-işığından bəhs edirik. Bu gün dünyanın hansı nöqtəsində Zahirəddin Məhəmməd Babur haqqında söz açsan ilk ağla gələn isim Zakircan Məşrəpov olur.

Şaha şahanə məclislər qurmaq üçün gərək insanın özünün də mənəvi əxlaqı, elmi potensialı, zəngin dünyagörüşü və kübar mədəniyyəti olsun. Bu etiketlərə sahib olan Zakircan Məşrəpovu ürəkdən təbrik edir, ona möhkəm can sağlığı arzulayırıq. Azərbaycanda bir şeir misrası xalq misalına çevrilib: “Hər kəs yüz il yaşamasa, günah onun üzündədir!”. Bu anlamda professor gördüyü işlərlə yaşam enerjisi qazanır.
Zahirəddin Məhəmməd Babur elə bir tarixi şəxsiyyət və ədəbi simadır ki, 540 ildir dünyanın məşhur adamları sırasında həyatı, dövrü və yaradıcılığı, 332 illik səltənəti öyrənilir, sevilir və məhəbbətlə anılır. Dünyanın bir çox dillərinə tərcümə olunmuş “Baburnamə” memuarı həyatının güzgüsü olmaqla yanaşı, onu bir tarixçi, coğrafiyaçı, ensiklopedist, bir təzkirəçi, şair, ədəbiyyatşünas, əruzşünas, klassik irs tədqiqatçısı, zəngin dünyagörüşlü, dərin mütaliəli, əzəmətli hökmdar kimi bir çox xüsusiyyətlərinin və xarakterinin açarıdır.
XX əsr boyunca sovetlər dönəminin ideolojisinə görə, Zahirəddin Məhəmməd Babur o qədər də dərindən öyrənilmədi, öyrədilmədi. Bunun əsas səbəblərindən biri türk, türk əsilli olması ilə bağlı olmuşdur. Tarixin müəyyən bir dönəmində türkcə ədəbi əsərlərin yazılmasının mümkün olmadığı iddia edilirdisə, sonralar da türk hökmdarlıqlarının, səltənətlərinin öyrənilməsi çox məhdudlaşdırıldı. Xüsusən pantürkizm ideologiyasının hökm sürdüyü bir dövlətdə Baburu geniş şəkildə öyrənmək olmazdı. Türkcə yazan bir sənətkar, uzaq bir ölkədə-Hindistanda türk dövləti qurmaq və həmin səltənət tarixdən-tarixə ötürülərək 330 ildən yuxarı bir dövr yaşamasını, böyük mədəniyyət, elm yaratmalarını dilə, qələmə, yazıya gətirmək imperialist düşüncəsinə zidd idi. Bütün bunlara baxmayaraq, əlbəttə belə ulu şəxsiyyətlər böyük alimlərin diqqətindən, tədqiqatlarından yan ötə bilməzdi. Həmid Araslının sovetlər dövründə-1980 illərə aid məqaləsində oxuyuruq: “Babur özünün məşhur “Baburnamə”sində atası Ömər Şeyx Mirzədən bəhs edərkən onun Nizami “Xəmsə” mütaliəsindən danışır ki, bu da Teymur şahzadələrinin Nizami irsinə dərin hörmət bəslədiklərini göstərir. Babur özünün “Müxtəsər” adlı əruzdan bəhs edən əsərində Nizami və onun müasirlərinin adını dönə-dönə çəkir”.

Azərbaycan və Özbəkistan Respublikaları öz müstərilliklərini ötən əsrin 90-cı illərinin əvvəllərində əldə etdikdən sonra qadağan olunmuş türk səhifələri açıldı, o cümlədən Z.M.Babur yaradıcılığına da diqqət ayrıldı, xüsusi yanaşmalar baş verdi. Hətta mətbuatdan və ya əndicanlı dostlardan aldığım bilgiyə görə, sovetlərin dağılmasını gözləməyən, vilayət hakimi Zakircan Məşrəpov Əndicanın mərkəzi bağında Baburun heykəlini ucaltdırmış və həmin bağı “Babur bağı” adı ilə rəsmiləşdirmişdir. 1983-cü ildə baş verən bu hadisə böyük cəsarət, hünər, vətəndaş qeyrəti və milli tarixinə sahib çıxmaq kimi bir fədakarlıq idi. Müstəqillik əldə edilən kimi isə bu gün yaranmasının 30 illiyini bayram kimi qeyd etdiyimiz “Beynəlxalq Babur Fondu” (1992) adlı ictimai əsaslara söykənən bir qurumu yaratdı və onu rəsmiləşdirdi. Bu o, demək deyildi ki, Zakircan Məşrəpov Babur “tema”sını tam olaraq öz səlahiyyətinə almışdı. Xeyr! Sadəcə sirli, qapalı səhifələr arasında saxlanan Z.M.Baburu öyrənmək üçün çox işlər, çox əmək qoymaq lazım idi.

Bunun üçün görülən işlərin planlı şəkildə, yəni itirilən illərin yerini doldurmaq üçün belə bir Fondun yaranmasına ehtiyac var idi. 2012-cü ildən başlayaraq hər il Baburun xatirəsinə keçirilən beynəlxalq elmi konfranslara məruzə ilə mən də dəvətlər almışam. Keçirilən konfransların yüksək səviyyədə təşkili, maraqlı və dəyərli elmi məruzələr qiymətli idi, o cümlədən belə tədbirlərdə çox bilgilər, yeni informasiyalara sahib olurduq. 2016-cı ildə Əlişir Nəvainin 575 illiyi münasibətilə Kabul-Herat-Məzari Şərif şəhərlərində keçirilən beynəlxalq elmi konfransda iştirak edirdik. Baburun cahil qruplaşmalar- talibanlar tərəfindən dağıdılmış memorialının yanında Zakircan Məşrəpovu -Hacı Dədəni gördüm (Əndicanda ona “Hacı Dədə” deyə müraciət etdiklərini gördüm). Orada öyrəndim ki, bu tikilinin də bütün zəhmətini- təşkilatı və maliyyə işlərini öz öhdəsinə götürən Hacı Dədə Babur adına övlad qayğıkeşliyi ilə sahib çıxıb. Bəli, bu gün 90 illiyini qeyd etdiyimiz geologiya-minerologiya elmləri doktoru, professor, ədəbiyyat, şeir-sənət aşiqi Zakircan Məşrəpovun tarixi xidmətləri elə tarixə də yazılacaq. Tarix ömrü yaşayan tarixi şəxsiyyət-Zakircan Məşrəpovun yubiley yaşını ürəkdən təbrik edirik, ömrü uzun olsun.

2017-ci ildə Əndicana beynəlxalq elmi konfransa dəvət almışdım. Mən də yeni məruzə ilə qatıldım. Tədbirin son günü Fondun rəhbəri mənə “Beynəlxalq Babur Fondu”nun Azərbaycan üzrə rəhbəri səlahiyyət əmrini təqdim etdi. Böyük məsuliyyət olduğunun əlbəttə fərqində idim. Həmin səfərimizdə aldığım ən böyük hadisə-bu gündən belə Baburun Hindistanda qurduğu səltənət “Böyük Moğol Dövləti” yox, “Hindistandakı Böyük Türk Dövləti” deyə adlanacaq, mətbuatda, kitablarda, dərsliklərdə, tədbirlərdə, elmi məclislərdə, tədqiqatlarda, araşdırmalarda, not-qeydlərdə yazılacaq.
“Zahirəddin Məhəmməd Babur Azərbaycanda” mövzusunun tarixini Azərbaycanın qüdrətli şəxsiyyəti Şah İsmayıl Xətai dövründən, yəni hər iki qüdrətli qılınc və qələm sahibi olan tarixi şəxsiyyətlərin dostluq münasibətlərindən qeyd edə bilərik. Bu iki tarixi şəxsiyyətin biri-biri ilə dostluq – qardaşlıq əlaqələri qurması iki yeni türk dövlətinin qurulması və formalaşması prosesinə də öz töhfələrini vermişdir. Tarix kitablarından belə öyrəndik, sonralar onların yaradıcılıq irslərini öyrənərkən də yazılanlara bir daha sübutu kimi dəyərləndirdik. Divan ədəbiyyatından sonra yeni bir ədəbiyyatın yaranmasını da məhz onların adları ilə bağlaya bilərik. Zahirəddin Məhəmməd Babur da Şah İsmayıl Xətai kimi təbiət aşiqi idi. “Zahirəddin Məhəmməd Babur Azərbaycanda” deyəndə ikinci məsələ onun Azərbaycan əlyazmalar Fondunun nadir nüsxələr fondunda saxlanan əlyazmaları, xüsusən “Baburnamə” memuarının əlyazması kontekstində onun həyatı, dövrü və ədəbi irsinin tədqiqi məsələsi nəzərdə tutulur. Z.M.Baburun “Baburnamə”si iki ayrı-ayrı azərbaycanlı alim tərəfindən tərcümə olunub. Amma Baburu orijinaldan oxumaq öyrənmək, tədqiq etmək bir ayrı məsələdir. Azərbaycan fondunda saxlanan “Baburnamə”nin əlyazmasını tədqiqata cəlb edən bu sətirlərin müəllifinin Yaponiya alimi Eyji Mano ilə yazışmasında bir çox mətləblər ortaya çıxır. Eyji Mano məktublarının birində yazırdı: “Sayın Dr.Almaz Ülvi Binnatova, Nasılsınız? Umarım, siz ve aileniz iyidir. Birkaç gün sonra Bakü elyazmasını daha dikkatli bir şekilde kontrol ettim. “Babur-nama”'nın diğer el yazmalarında, Heydarabad, Elfinstone ve Kehr'ın el yazmaları gibi ifadeleri bulamıyorum. Bakü elyazması “Babur-nama” elyazmaları arasında nadir bir yazma demektir”.

“Zahirəddin Məhəmməd Babur Azərbaycanda” deyəndə üçüncü məsələ klassik sənətkarın ədəbi irsinin və şəxsiyyətinin Azərbaycan ədəbiyyatşünaslığında öyrənilməsi, tədqiqi problemini əhatə edir. Belə bir məsələnin geniş səpgidə öyrənilməsinin əsas imkanlarından biri də ali məktəblərdə tədris etmək, haqqında elmi simpozium və ya konfranslar keçirmək, dövrü və elmi nəşrlərdə məqalələr nəşr etdrimək və nəhayət ayrıca dissertasiya mövzusu olaraq işlənməsidir.

1. Azərbaycan ədəbiyyatşünaslığında öyrənilməsi və tədqiqi məsələləri kontekstində bu sətirlərin müəllifi bir neçə tədqiqat xarakterli kitab və məqalələr hazırlayaraq nəşr etdirmişdir. “Zahirəddin Məhəmməd Babur “Baburnamə”nin Bakı əlyazması nüsxəsinin təsviri və “Baburnamə”də Əlişir Nəvai haqqında”, “Baburoğullari dönəmində Hindistanda memarliq və incəsənət: Humayun türbəsi və onun memari”, “Zahirəddin Məhəmməd Babur Azərbaycan ədəbi-elmi fikrində”, “Zahirəddin Məhəmməd Babur və XVI əsr özbək ədəbiyyatı”, “Baburnamə”də təzkirəçilik ənənələri” və sair. Azərbaycanda nüfuzlu ədəbiyyat qəzeti olan “525-ci qəzet”, “Şərq qəzeti”, “Birlik” jurnalı, “Müqayisəli ədəbiyyatşünaslıq” və s. mətbu orqanlarında Z.M.Babur haqqında silsilə məqalələr dərc olunub.
2. Orta əsrlər ortaq türk ədəbiyyatı Proqramı çərçivəsində Bakı Dövlət Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzi”ndə təhsil alan bakalavr və magistr tələbələrinə Babur irsi və həyatı tədris edilir.
3. Yuxarıda da qeyd etdiyim kimi, Fondun Azərbaycan bölməsinə rəhbərlik etdiyimdən ilk olaraq konfrans keçirmək məqsədini qarşıya qoyduq. Konfrans AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə baş tuturdu. Üstəlik, Özbəkistan, Əfqanıstan və Hindistan dövlətlərinin Azərbaycandakı səfirliklərini də cəlb etdik. Çox maraqlı məruzələr dinlənildi. Xüsusən Əfqanıstan və Hindistan səfirlərindən dinlədiklərimiz yeniliklərlə dolu oldu. Özbəkistandan elm adamlarını- professor Həmidullah Baltobayev, Obidjon Şəfiyev və başqalarını dəvət etmişdik. Sonda “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” adlı konfrans materiallarını nəşr edib payladıq. Pandemiya səbəbindən 2 il ara verildi, nəhayət ötən il növbəti “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” adlı ikinci konfransımız baş tutdu. 540 illik yubiley ili üçün artıq hazırlıqlara başlamışıq, bu da o deməkdir ki, “Babur günləri” ənənəvi tədbirlər sırasında yer almağa başlamışdır.
4. Yeni baburşünaslar nəslini yetişdirmək. Artıq “Zahirəddin Məhəmməd Babur yaradıcılığı ümumtürk mədəniyyətinin unikal hadisəsi kimi” adlı doktoruq işi yazılır.
5. Bu sırada üç kitab nəşrimizin də adını qeyd etmək istəyirəm: “Zahirəddin Məhəmməd Babur və XVI əsr özbək ədəbiyyatı”, “Zahirəddin Məhəmməd Babur və Azərbaycan-1”, “Zahirəddin Məhəmməd Babur və Azərbaycan-2” – kitablarında kifayət qədər nüfuzlu alimlərin məqalələri yer almışdır.
Ümid edirəm ki, Z.M.Babur irsi yeni nəslin formalaşmasında, yenilikçi və ədəb-əxlaq, elm-mərifət yolunda böyük və müdrik məktəb rolu oynayacaq. Bütün bunları qeyd edərək belə bir ümumiləşdirmə ilə nəticə olaraq qeyd edirəm: “Beynəlxalq Babur Fondu”nun 30 illiyini təbrik edir və bu məktəbə böyük uğurlar arzulayıram. Inanıram ki, bu fond artıq Universitet statusu haqqını qazanmışdır.

Almaz ÜLVİ (Binnətova)

filologiya uzrə elmlər doktoru
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
“Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi
əlaqələr” şöbəsinin müdiri,
Beynəlxalq Babur Fondunun Bakı bölməsinin sədri,
Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin,
M.A.Muqimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun və
Z.M.Babur dina Əndican Dövlət Universitetinin “Fəxri Professoru”
18-07-2022, 08:07
Səməd Bayramzadədən dəyərli xatirə: "VƏTƏN XƏRİTƏSİ"

Gecikmiş bir yazı…
VƏTƏN XƏRİTƏSİ
Xatirələr özü də tarixdir və yaddaşlarda yaşayan xatirələrə “canlı tarix” də deyirlər. Lakin həmin xatirələri yaddaşlarında gəzdirən canlı fərdlər əllərinə qələm alıb onları kağız üzərinə köçürdükdə bu xatirələr tarixə çevrilir, əksinə olduqda isə yalnız ən yaxşı halda, yaxın dostların, qohumların, əzizlərin yaddaşlarına ötürülən və bu zaman daha maraqlı olan hissələr müəyyən müddətə yaşayır, sonra isə itib əbədiyyətə qovuşur. Nə yaxşı ki, bu xatirələr onu gəzdirənin özü və ya dostları, yaxınları tərəfindən kağıza köçürülür və böyük bir nəslin, xalqın yaddaşına çevrilir. “Vətən xəritəsi” başlığı altında oxuculara təqdim edilən bu xatirələr tarixşünaslığımızda prof. Şövkət Tağıyevanın banisi olduğu “Cənubi Azərbaycan” məktəbi nümayəndələrinin 80-ci illərin əvvəllərində Moskva şəhərində elmi tədqiqatla məşğul olduqları illərdəki həyatla bağlıdır. Həmin nümayəndələr sırasında Nəsib Nəsiblinin və Vidadi Mustafayevin adlarını xüsusi olaraq çəkmək istəyirəm. Belə ki, həmin xatirə və yaddaşları tarixə ilk çevirənlər onlardır.

Nəsib Nəsibli

N.Nəsiblinin və V.Mustafayevin Güney Azərbaycanın ərazisi, əhalisi, onun milli şüuru, İran çərçivəsində öz milli-demokratik hüquqları uğrunda mübarizələrinə həsr edilmiş bir sıra elmi əsərləri artıq çoxdan işıq üzü görmüşdür. Həmin həyatı adlarını çəkdiyimiz nümayəndələrlə birlikdə yaşamış ziyalılarımızdan biri də həmin illərdə akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Türkiyə tarixi və iqtisadiyyatı” şöbəsinin elmi işçisi olmuş Möhübbi Əhmədov idi (o hazırda Türkiyə Cümhuriyyətində yaşayır və çalışır - S.B.).

Vidadi Mustafayev

Qürbət həmişə qəlbən və mənən oxşar həmvətənləri, “həmşərilər”i bir-birinə yaxınlaşdırır və bu zaman ümummilli problemlər həmişə müzakirə obyekti olur. Həmin dövrlə bağlı xatirələrini M.Əhmədov mənə 1989-cu ildə təqdim edib və mən onu haqqında danışdığım tarixin maraqlı və cəlbedici epizodlarından biri kimi oxuculara təqdim etmək istəyirəm. M.Əhmədovun qələm yazısına əl gəzdirmədən təqdim edirəm:
“Yeddi il əvvəlin söhbətidir. Qarlı-şaxtalı qışın elə bil sonu yoxdu və bizi bir qəriblik duyğusu bürümüşdü. Moskvada Elmlər Akademiyasının onaltı mərtəbəli aspirantlar evində biz, azərbaycanlılar, bir-birimizə daha mehriban olmuşduq. Pəncərərdəki işıqları səhərəcən sönməyən bu binada neçə-neçə arzu çiçəklənmişdi, nə qədər elmi və yarıelmi mübahisələrimiz olmuşdu. Şərqşünaslar, fiziklər, biokimyaçılar, dilçilər, kibernetiklər-hamımızı birləşdirən, düşündürən, ruhlandıran və bəzən də ruhdan salan öz xalqımızın problemləri idi. Heç ağlımıza da gəlmirdi ki, indi durğunluqdur, düşüncəyə və idraka buxov vurulmuşdur. Oxuduğumuz hər kitab, hər məqalə yeni üfüq açırdı, yeni ideya gətirirdi. Müdriklərimizi köməyə çağırırdıq. Sabirə, Mirzə Cəlilə üz tuturduq. Şübhəsiz, bizi düşündürən başlıca məsələlər Azərbaycanla, onun dünəni və sabahıyla bağlıydı. Dəqiq elmlərlə məşğul olan uşaqlar bizimlə bu barədə tez-tez fikir mübadiləsi edirdilər, çünki biz tarixçiydik, problemlər bizə daha yaxın idi. İndi hamılıqla etiraf etdiyimiz kimi, o vaxt deyirdik, danışırdıq, öz aramızda tənqid edirdik, vəssalam. Xeyri isə olmurdu. Əlbəttə, gəncliyə xas olan ehtiras və coşqunluqla ətaləti, sxolastikanı, ehkamçılığı aradan qaldırmaq üçün hər işə hazır idik.
Aydındır ki, acı gerçəklərlə barışa bilmirdiksə də, durğunluq öz işini görürdü. Nəyisə dəyişdirmək, əngəlləri dəf etməkdənsə, alışmaq daha asan idi. Nəhəng bir ölkə beləcə nələrə alışmadı...
Moskvada krossvord dəbdir və bir dəfə qərara aldıq ki, “Haradır Azərbaycan?” başlığı altında bir krossvord tərtib edək. Bu fikri ilk dəfə ortaya atan hazırda bizim akademiyanın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan bölməsinin (həqiqətdə, o zaman bölmə yox, şöbə fəaliyyət göstərirdi və qeyri-müəyyən səbəblərə görə 80-ci illərin sonunda rəhbərlik tərəfindən onun fəaliyyəti dayandırıldı və hazırda adı çəkilən İnstitutda “İran tarixi” şöbəsi nəzdində Güney Azərbaycan tarixi problemləri ilə məşğul olan bir qrup fəaliyyət göstərir – S.B.) əməkdaşı, tarix elmləri namizədi Nəsib Nəsibli (o hazırda “Xəzər” universitetinin professorudur və həmin universitetdə politologiya kafedrasına rəhbərlik edir – S.B.) idi. Mən onunla bir otaqda yaşayırdım. Onun dissertasiya işi Cənubi Azərbaycanla əlaqədar idi və onunla Cənubi Azərbaycan mövzusunda saatlarla mübahisə edirdik. Azərbaycanın əhalisi, tarixi, coğrafiyası, etnik mənşəyi, istiqbalı bizim söhbətə qoşulan digər həmyerlilərimiz üçün də maraqlı idi. Əlbəttə, bu məsələlərin kompleks həlli elmi yanaşma, metod tələb edirdi, vaxt və hazırlıq tələb edirdi. Elə bu söhbətlər nəticəsində “Haradır Azərbaycan?” sualı məni şeir yazmağa sövq etdi. Şeirin ilk variantı mübahisə doğurdusa da, uşaqlar məni həvəsləndirdilər. N.Nəsibli də məni ruhlandırdı ki, ideya həqiqətən uğurludur və şeiri mükəmməl şəklə salmaq, cilalamaq hamımızın borcudur. Yer adları, coğrafi koordinatları seçərkən mən onun, eləcə də Vidadi Mustafayevin (şeiri kağız üzərinə köçürüb saxlayan da o olub və mən təqdim edilən şeirin əlyazmasını V.Mustafayevdən alıb saxlamışam və üzərində kiçik düzəlişlər edib oxuculara təqdim etmək qərarına gəlmişəm – S.B.) mülahizələrinə əsaslanmışam.
Zənnimcə, bu şeir durğunluq dövrüylə barışmaq istəməyən gənclərimizin təəssübkeşliyinin yadigarı sayıla bilər. Şeirlə bağlı xatirəni qələmə almağı akademiyamızın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin elmi işçisi, tarix elmləri namizədi Səməd Bayramzadə təkid etdi və məlum oldu ki, şeirin əsl nüsxəsini o qoruyub saxlamışdır.
M.Əhmədov, Bakı, may – 1989”.
HARADIR AZƏRBAYCAN?
Dünya gəzmiş, dünya görmüş
bir səyyahdan
soruşsan-
Haradır Azərbaycan?
Dəmirqapı Dərbəndin
qala divarlarından,
Təbrizəcən uzanan
dağlı, dənizli
gözəl diyardan
danışar.

Əsrlərin əsiri
bir tarixçidən
soruşsan-
Haradır Azərbaycan?
Qobustanın daşlarından,
albanlardan, oğuzlardan,
qisas alan qılınclardan,
Kaşğarinin divanından
danışar.

Qabarlı əllərini Kürdə yuyan
bir muğanlı pambıqçıdan
soruşsan-
Haradır Azərbaycan?
Alın təriylə hər payız
ağaran
şoran torpaqdan,
üzümdən, pambıqdan
danışar.

Sahildə gəzən
qaragöz qızdan
soruşsan -
Haradır Azərbaycan?
Yanaqları allanar
Qız qalasından,
arzu kimi pak sevdadan,
əsgər getmiş bir oğlandan
danışar.

Üzündən salnamə oxunan bir ağsaqqaldan
soruşsan -
Haradır Azərbayca?
Yüzyaşlı çinarlardan,
qardaşlıq məzarında
yatan oğlundan,
üfüqlərə gedən
yollardan
danışar.
Xeyri ucaldan,
Şəri alçaldan
bir dastan
danışar.

Borçalıdan gələn qatardan
düşən yorğun yolçudan
soruşsan -
Haradır Azərbaycan?
Bir az duruxaraq
bərəkətli mahalından,
sazdan, aşıqlardan,
el-obaya yananlardan danışar.

Dekabr, 1982
MOSKVA

Fikrimizcə, təqdim edilən şeir şair kimi tanınmayan, lakin poetik istedada malik olan vətənpərvər bir gəncin Azərbaycan haqqında bir nəslin müəyyən bir zaman kəsiyində düşüncələrinin özünəməxsus şəkildə bədii ifadəsidir.
“Haradır Azərbaycan?” başlığı altında M.Əhmədovun təqdim edilmiş şeiri böyük Cəlil Məmmədquluzadənin eyni adlı əsərinin poetik formada davamı hesab edilə bilər. Həmin mövzu Səməd Vurğun və Məhəmməd Hüseyn Şəhriyar tərəfindən daha məhdud coğrafiya və zaman çərçivəsində qələmə alınmışdır.
Deyilənlər mövzunun, həmişə olduğu kimi, bu gün də nəinki aktual, həm də son dərəcə aktual olduğunu göstərir. Həmin mövzuda iri və kiçik həcmli bədii əsərlər, o cümlədən poetik nümunələr yaradılmasına böyük ehtiyac olduğunu demək, yəqin ki, artıqdır.
Bu yolda şair və yazıçılarımıza uğurlar diləyirik.
Səməd Bayramzadə
Bakı, 2010-cu il
18-07-2022, 06:52
Şah babamızın 535 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Şah babamızın 535 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 199 ünvanında yerləşən "Ocaq" xeyir-şər evində xeyriyyəçi Hacı İntiqamın təşkilatçılığı ilə Şah İsmayıl Xətainin 535 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Ötərxan Eltacın aparıcılığı ilə keçirilən, bir sıra tanınmış elm, mədəniyyət və ictimai xadimlərin iştirak etdiyi gecədə Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi də iştirak edib.

Ulu Şah İsmayılın bir əlində qılınc, bir əlində qələm Azərbaycanın vahid dövlətçilik ideologiyasının və təcrübəsinin həyata keçirilməsində, Türk dilinin ilk dəfə dövlət dili kimi qəbul olunmasındakı rolu və digər önəmli məsələlər barədə danışılıb.
17-07-2022, 23:48
Polis Petrosyanın evində axtarış aparıb


“Bomba şousu”: Polis Petrosyanın evində axtarış aparıb

Ermənistanın birinci prezidenti Ter-Petrosyanın evinə bomba qoyulduğu barədə məlumat daxil olub.
Bu barədə eks-prezidentin mətbuat katibi Aram Musinyan “Sputnik Ermənistan”a deyib.
Bildirib ki, Petrosyanın malikanəsində polis əməkdaşları axtarış aparıblar, həmçinin əraziyə Patrul Xidmətinin alayı cəlb edilib.
Axtarışların nəticə vermədiyi, məlumatın yalan olduğu qeyd edilir.
17-07-2022, 14:35
"Nur Ocağı" təqdim edir:


Havva Nazim


"Nur Ocağı" təqdim edir
Kəndim
Həsrətəm yaz vaxtı “Öküzdağı”nın,
Döşündə lalələr saymağa, kəndim.
Utancaq güllərə bir tumar çəkib,
Bənovşə ətrini duymağa, kəndim.
*
Dümanın dərələr boyu sürünər,
Dümağ yapıncıya hərdən bürünər,
Bax yalın başından, füsun görünər,
Heç səndən olarmı doymaq, a kəndim?!
*
Şirin xəyallara səndə dalam kaş,
“Kələmdərəsi”ndə qələm alam kaş,
Pürrəngi çay ilə qonaq olam kaş,
Səhərlər bal dadan qaymağa, kəndim.
*
Yellənəm dumanın çənli saçından,
Nələr yada düşməz binə köçündən?
Toplayam yenə də otlar içindən,
Quzqulaq, gicitkən oymağa, kəndim.
*
Qəlbindən həsrəti bir gün siləcək,
Səni görcək bil ki, üzü güləcək,
Havva qucaq açıb yenə gələcək,
Yolunda bu canı qoymağa, kəndim.

10.04.2022
Həsrət
Dəyişməyin bir tozunu Vətənin,
Qucaq-qucaq almazına qürbətin.
Yavan çörək orda baldır, inan ki,
Unutmazsan damağında ləzzətin.
*
Yada düşsə qəlbin oda qalanar,
Hər telindən nisgil yükü sallanar,
Xəyallarda el-obaya yollanar,
İçin-için hey çəkərsən həsrətin.
*
Nə toyunda, nə yasında olursan,
Nə ağlayır, nə ürəkdən gülürsən,
Sən elinin qürbətlərdə bilirsən,
Hər tozunun, zərrəsinin qiymətin.
*
Hardan düşdün bu yabançı ellərə?
Dön yurduna, min qanadlı yellərə.
Ya dərviştək düş piyada yollara,
Çəkmə daha qürbət elin minnətin.
*
Bax, Havvanın könlü qubar eləyir,
Vücudunu həsrətlərə bələyir,
Axşam-axşam oturanda diləyir,
Qohumların dadlı-duzlu söhbətin.

29.04.2022

Gedirəm
Hərəyə bir ömür verib Yaradan,
Yolunun rəngləri ağdan, qaradan,
Çəkib göy qurşağı mən də aradan,
Rənglərin selində üzüb gedirəm.
*
Yerdən ta göylərə cığır salıram,
Küsən buludların könlün alıram,
Açıb qanadımı laçın oluram,
Əngin səmalarda süzüb gedirəm.
*
Dəryanın damlası bilib özümü,
Havvayam, deyirəm hərdən sözümü.
Hər kiçik damlada qoyub izimi,
Sonsuz ümmanlara sızıb gedirəm.

07.07.2022

Söylə
Söylə, göyərçinim, söylə qəribə,
Mənə yaxınımdan, yadımdan söylə.
Külünün hisləri ovcumda qalan,
İsti ocağımdan, odumdan söylə.
*
Söylə, darıxırmı ata ürəyi?
Anam bişiribmi sacda çörəyi?
Yanında vardımı təzə dürməyi?
Yavan çörəyimdən, cadımdan söylə.
*
Azadsan uçuşda, vüsətə dal sən,
Sərhədsiz səmada qanadlar çal sən,
Havvanın elindən yolunu sal sən,
Vətənə salamlar adımdan söylə.


25.12.2021
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!