1-08-2022, 19:36
Məşhur "Ləzzət"də iştah qaçıran mənzərə...Məşhur “Ləzzət” kulinariya evlərinə şəhər sakinlərinin çoxunun yolu düşüb. Qida məhsullarının düzüldüyü dəzgahın üstü tamamilə açıqdır. Müştəri ilə satıcı dəzgahın qarşısında dayanıb məhsulun qiymətindən tutmuş təzəliyinə qədər qarşılıqlı hər detalı müzakirə edirlər. Gün ərzində gedib-gələnin ayağının tozu, əlinin çirki, danışanın tüpürcəyi, bir sözlə, üstüaçıq şəkildə düzülən şirniyyatların tərkibi toz, mikrob və viruslarla zəngindir desək, yanılmarıq. İnsanlar əli ilə qoğalları yoxlayır, aldığı şəkərburaları dəyişmək istəyir və s. Vətəndaş Ruhiyyə Daşsalahlının bildirdiyinə görə, qeyd olunanlarla bağlı şikayət əsasında Qida Təhlükəsizliyi Agentliyi kulinariya evində plandankənar yoxlama aparıb və qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Həsən bəy Zərdabi küçəsində yerləşən mağazada aparılan yoxlamanın nəticəsi olaraq qida obyektinin rəhbərinə və işçilərə “Yeyinti məhsulları haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” ölkə qanunlarının və qida təhlükəsizliyi sahısində texniki normativ aktların tələbləri izah olunub. Vəzifəli şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Kritik nəzarət nöqtələri üzrə risk qiymətləndirilməsi aparılıb və qeyd edilən nöqsanların aradan qaldırılmasıyla bağlı icrası məcburi göstərişlər verilib.
1-08-2022, 19:29
Ötən gün cəmi 6 vaksin vurulubAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 4 olub. Son sutkada pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanlar olmayıb. Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 13 818 011, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 366 777, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 890, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 338 788, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 254 556 nəfər təşkil edir.
1-08-2022, 19:22
Bu dəfə yoluxma azaldı - Ölən yoxdurAzərbaycanda koronavirus infeksiyasına 102 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. İndiyədək ümumilikdə 798 940 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 786 786 nəfər müalicə olunaraq sağalıb, 9748 nəfər vəfat edib, aktiv xəstə sayı 2406 nəfərdir. Son sutka ərzində 2128, hazırkı dövrədək isə 7 047 555 test aparılıb.
1-08-2022, 19:19
Roma Papası Qazaxıstana gedirRoma Papası Fransisk Qazaxıstana səfər edəcək.
Butov.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin ofisi açıqlama yayıb. Papa Fransisk 13-15 sentyabrda Qazaxıstanda səfərdə olacaq və Prezident Kasım-Jomart Tokayevlə görüşəcək.
1-08-2022, 19:16
Ruslan Əliyev Gədəbəydə vətəndaşları qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaş qəbulu keçirilir.
Butov.az xəbər verir ki, vətəndaşların qəbulu məqsədi ilə avqust ayının 1-də Gədəbəy rayonuna gələn "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev ilə birlikdə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Sonra 2022-ci ilin avqust ayının şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Birliyin baş direktoru Gədəbəy rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Gədəbəy və Şəmkir rayon sakinlərini qəbul edib. Yaşayış məntəqəsinin qazlaşdırılması, qaz sayğacının quraşdırılması, qapı keçidinin qoyulması və s. ilə bağlı 20 sakini dinləyən Birlik rəhbəri müraciətlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun icra olunması istiqamətində göstərişlərini verib. Qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb, bir qismi isə araşdırılması üçün qeydiyyata alınıb. Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
1-08-2022, 19:10
İtkin düşən 19 yaşlı qız tapıldıYevlaxda bir ay əvvəl itkin düşən 19 yaşlı qız tapılıb. Bu barədə DİN-dən məlumat verilib. Məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə iyulun 1-də itkin düşmüş S.Mustafalının rəfiqəsigildə qaldığı müəyyən edilib və onun ailəsinə qaytarılması təmin olunub. Qeyd edək ki, 19 yaşlı S.Mustafalının iyul ayının 1-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığı bildirilmişdi.
1-08-2022, 19:07
Təhlükəli terrorçu məhv edildi - Uğurlu əməliyyatTürkiyənin təhlükəsizlik qüvvələri uğurlu antiterror əməliyyatı keçirib.
Butov.az xəbər verir ki, əməliyyat nəticəsində "Berxvedan Muş" ləqəbli təhlükəli terrorçu zərərsizləşdirilib. PKK sıralarındakı qanunsuz fəaliyyətinə görə 2012-ci ildə Türkiyədə həbs olunan "Berxvedan Muş" qısa müddət sonra sərbəst buraxılıb. O 2013-cü ildə yenidən PKK təşkilatının sırasına qoşulub. Bir sıra terror cinayətlərində ittiham olunan "Berxvedan Muş" 2019-cu ildən başlayaraq Suriyanın Aynularab bölgəsində PKK-nın tunelqazma kimi qanunsuz işlərinə rəhbərlik edib.
1-08-2022, 19:03
Yeni baş katib vəzifəsinin icrasına başladıNeft İxrac Edən Ölkələrin Təşkilatının (OPEK) yeni baş katibi Haysam əl-Qays avqustun 1-dən etibarən vəzifəsinin icrasına başlayıb.
Butov.az xəbər verir ki, bu barədə OPEK-in mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, Haysam əl-Qays OPEK-in 2022-ci il yanvarın 3-də keçirilmiş xüsusi iclasında üç il müddətinə baş katib vəzifəsinə təyin olunub. Əl-Qays 2016-cı ildən bu vəzifədə çalışan və iyulun 5-i vəfat etmiş Məhəmməd Barkindonunu əvəz edib.
1-08-2022, 18:57
Bolqarıstan prezidenti parlamenti buraxdıBolqarıstan prezidenti Rumen Radev ölkə parlamentinin buraxılması haqqında fərman imzalayıb. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ölkədə yeni parlament seçkiləri oktyabr ayının 2-də keçiriləcək. Həmin vaxta kimi elan olunmuş hökumət fəaliyyət göstərəcək.
1-08-2022, 18:56
Güneyli milli fəal Şükrüllah Qəhrəmanifərd həbs edilibŞərqi Azərbaycan əyalətinin Xudafərin şəhərindən olan milli fəal Şükrüllah Qəhrəmanifərd avqustun 1-i səhər saatlarında təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Yaxınlarının verdiyi məlumata görə, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin 8 əməkdaşı milli fəalın evinə basqın edərək axtarış aparıb.
Məmurlar onun telefonunu, kompüterini və kitabları da daxil olmaqla şəxsi əşyalarını özləri ilə aparıblar.
Şükrullah Qəhrəmanifərdin hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, müəllim olan Şükrüllah Qəhrəmanifərd bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.