Ankara və Bakı hazırlığı başa çatdırdı Türkiyə və Azərbaycan sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasının son mərhələsindədir. Bunu Türkiyənin ticarət naziri Mehmet Muş Türkiyə, Özbəkistan və Azərbaycan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin Daşkənddə keçirilən üçtərəfli görüşündə deyib:
"Biz bu layihənin Azərbaycanla pilot rejimində reallaşdırılmasına başlamaq üçün texniki baza yaradırıq. Türkiyə Özbəkistanla da analoji gömrük dəhlizini həyata keçirməyə hazırdır".
Mehmet Muşun sözlərinə görə, Türkiyə, Azərbaycan və Özbəkistanın ümumi ÜDM-si 1 trilyon dollara çatır, 3 ölkənin əhalisinin sayı isə 130 milyon nəfərdir ki, bu da böyük potensialın göstəricisidir. Azərbaycan və Özbəkistanla imzalanmış güzəştli ticarət sazişləri Türkiyənin bu potensialın reallaşdırılmasına verdiyi önəmi göstərir.
"İnanıram ki, bu sazişlərin əhatə dairəsinin genişlənməsi ilə dövlətlərarası münasibətlərin yeni dövrü gələcək. Bundan əlavə, gömrükdə bürokratiyanın azaldılması istiqamətində tədbirlərin görülməsi ticarəti asanlaşdıracaq və ticarət dövriyyəsinə müsbət təsir göstərəcək".
Nazir qeyd edib ki, Ankara gömrük prosedurlarının sadələşdirilməsinə önəm verir. "Azərbaycan və Özbəkistan Türkiyənin Orta Asiya ilə ticarətində mühüm rol oynayır, Türkiyə isə öz növbəsində Azərbaycan və Özbəkistanın Avropa, Yaxın Şərq və Afrika ölkələri ilə ticarətində körpü rolunu oynayır".