Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
26-08-2022, 16:30
Əfqanıstanda təbii fəlakət - 180 nəfər ölüb


Əfqanıstanda təbii fəlakət - 180 nəfər ölüb

Əfqanıstanda bu ay baş verən daşqınlar 180-dən çox insanın həyatına son qoyub. Bu barədə Talibanın sözçüsü Zabihullah Mücahid məlumat verib. Daşqınlar son həftələr Əfqanıstanın mərkəzi və şərq əyalətlərində geniş dağıntılara səbəb olub, minlərlə evi su yuyub aparıb, ölkədə iqtisadi və humanitar böhranı daha da dərinləşdirib. "Ölkəmiz daşqınları təkbaşına idarə edə bilməz, biz dünyadan, beynəlxalq təşkilatlardan və İslam ölkələrindən kömək etmələrini xahiş edirik", - Mücahid deyib. O, bildirib ki, bu ay daşqınlar nəticəsində 182 nəfər ölüb, 250 nəfər isə yaralanıb. 3100-dən çox ev tamamilə dağılıb, minlərlə mal-qara tələf olub.
26-08-2022, 16:28
Baydendən sürpriz - Hamının 10 min dollar borcu silinəcək


Baydendən sürpriz - Hamının 10 min dollar borcu silinəcək

ABŞ prezidenti Co Bayden bildirib ki, onun administrasiyası federal tələbə borcları olan milyonlarla amerikalının hər biri üçün borcun 10 min dollara qədər məbləğini, eləcə də gəlirləri aşağı olan borcluların hər birinin borcunun daha 10 min dollarını siləcək. Bu barədə xarici KİV-lər məlumat yayıb. Bildirilib ki, belə olan halda aylıq ödənişlərdə fasilə müddəti uzadılacaq. Baydenin planına əsasən, illik gəliri 125 min dollardan az olan hər vətəndaş və ya illik qazancı 250 min dollardan az olan ər-arvad 10 min dollara qədər kreditin bağışlanması hüququ əldə edəcək. Məlumata görə, maliyyə ehtiyacları daha çox olan tələbələrə verilən Pell qrantlarını alanlar daha 10 min dollar yardım almaq hüququ qazanacaqlar. Hazırda ali məktəblərdə oxuyan tələbələr də borcun silinməsi hüququ əldə edəcəklər. ABŞ-ın Təhsil Nazirliyi bəyan edib ki, 8 milyona yaxın şəxsin borcları avtomatik silinəcək, qalan borcalanlar yardım üçün müraciət etməli olacaqlar.
26-08-2022, 16:24
İrəvan xanının nəticəsi Qarabağda


İrəvan xanının nəticəsi Qarabağda

İrəvan xanının nəticəsi Əmir Əli Sərdari İrəvaninin ailə üzvləri ilə birlikdə Qarabağa ilk səfəri işğaldan azad edilmiş Füzuli rayonundan başlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə gerçəkləşən səfər zamanı qonağa Füzuli şəhər mərkəzinin və məscidin dağıntıları nümayiş etdirilib. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı rayon ərazisində dağıdılmış tarixi, mədəni və dini abidələr, törədilmiş ekoloji terror, post-müharibə dönəmində aparılan yenidənqurma və tikinti işləri barədə qonağa ətraflı məlumat verib. Füzuli hava limanı ilə tanış olarkən Əmir Əli Sərdari İrəvani ilk təəssüratlarını Vəsilə Vahidqızının müəllifi və aparıcısı olduğu “Vətən uzaqda deyil” proqramı ilə bölüşüb. O bildirib ki, Bakıya ilk dəfə iki il öncə səfər edib: “Qarabağa səfərim arzu olaraq qalırdı. İndi isə mən buradayam. İnanılmazdır, mən Qarabağ bölgəsinə səfər edirəm. Ermənilərin burada törətdikləri dəhşətlidir. Amma eyni zamanda biz belə tikilini də görürük (hava limanını nəzərdə tutur). Bu tikinti işləri regionun simasını tamamilə dəyişir. Mən burada olduğuma görə çox xoşbəxtəm”, - deyə İrəvan xanının varisi hisslərini ifadə edib. Qeyd edək ki, 1974-cü ildə Tehranda anadan olan Əmir Əli Sərdari İrəvani 2003-cü ildən Almaniyada yaşayır. Alman avtomobil sənayesində araşdırma və inkişaf sahəsində mühəndis kimi çalışır, eyni zamanda etnoqraf və tarixçi kimi də tanınır. O, yerli və beynəlxalq ictimaiyyətə İrəvan xanlığı haqqında dolğun məlumatların çatdırılmasında kifayət qədər fəallıq göstərən şəxslərdəndir.



26-08-2022, 16:20
Əli Əsədov belaruslu həmkarı ilə görüşüb


Əli Əsədov belaruslu həmkarı ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 25-də Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Çolpon-Ata şəhərində Belarusun Baş naziri Roman Qolovçenko ilə görüşüb. Bu barədə Nazirlər kabinetindən məlumat verilib. Görüşdə Azərbaycanla Belarus arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
26-08-2022, 16:17
Bayden Zelenskiyə zəng etdi


Bayden Zelenskiyə zəng etdi

ABŞ Prezidenti Co Bayden bu gün ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb. Bu barədə Zelenski özünün Twitter hesabında məlumat yayıb. "ABŞ-ın Ukrayna xalqına təhlükəsizlik və maliyyə sahəsində sarsılmaz dəstəyinə görə təşəkkür edirik. Biz Ukraynanın təcavüzkarı məğlub etmək istiqamətində növbəti addımlarını və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyət daşımasının vacibliyini müzakirə etdik", - Zelenski yazıb.
26-08-2022, 16:07
Azərbaycan və Qırğızıstan baş nazirləri görüşdü


Azərbaycan və Qırğızıstan baş nazirləri görüşdü

Qırğız Respublikası Nazirlər Kabineti sədrinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 25-də Çolpon-Ata şəhərində qırğızıstanlı həmkarı Akılbek Japarov ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub. İkitərəfli münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı səfərlərinin və bu səfərlər zamanı imzalanmış sənədlərin xüsusi önəm daşıdığı bildirilib. Bu baxımdan cari ilin aprel ayında Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”nin və digər sənədlərin iki ölkə arasında münasibətləri yeni səviyyəyə qaldıracağına əminlik ifadə olunub. Görüşdə həmçinin Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı əməkdaşlığının siyasi, ticari-iqtisadi, nəqliyyat-tranzit, kənd təsərrüfatı, humanitar, mədəni və digər sahələrdə daha da inkişaf etdirilməsi perspektivləri geniş müzakirə olunub.
26-08-2022, 06:27
Dilli və milli ol!

Dilli və milli ol!
(Akif Rüstəmzadə qələminin aydınlıq və qutsallıq yolu: )

"Xalqımızın birliyini, Vətən və torpaq sevgisini qorumaq lazımdır". Torpaq istiliyində, Vətən böyüklüyündə olan sətirlərin müəllifi BDU-nun Jurnalistika fakültəsinin professoru, tələbələrin əziz müəllimi Akif Rüstəmzadədir. Damarda axan qan qədər isti olan bu fikirlər gəncliyi, bütövlükdə hər bir Vətən daşı olmağı bacaran ölkə Vətəndaşını dərindən düşünməyə, yüz ölçüb bir biçməyə səsləyir.
Ta qədimdən insan oğlu özünü torpağa doğmalaşdırmağa çalışıb. Vətəni, torpağı da özünə doğma bilib, əziz sayıb: sevgidən yaranan müqəddəslik, qutsallıq isə ruhumuza hopub. Doğmalıq özünü həm də millətimizin energetik-genetik kodunda göstərir. Görünən tərəf odur ki, Akif Rüstəmzadənin yazının ilk sətirbaşında çəkdiyimiz kəlamı bu gün üçün olduqca əhəmiyyətli səslənir. Beləki, təbəddülatlı dünyamızın nizam tərəzisinin düzəlməsi naminə xalqın birlik - vəhdət halı, Vətən - torpaq sevgisi olduqca zəruri və vacib məsələdir.
Hazırkı informasiya dövrünün şərtləri və tələbinə əsasən, hər birimiz internet istifadəçisi olaraq sosial şəbəkə xidmətlərindən yararlanırıq. Çəkinmədən deyə bilərik ki, günümüzün yarıdan çoxu, məhz sosial şəbəkədə keçir. Bu zaman ortaya maraqlı bir sual çıxır. Bəs bizlər Haqq savaşımızdan - Vətən müharibəmizdən sonra internet istifadəçisi olaraq, öz məsuliyyətimizi anlaya bilirikmi?
Hər ağzı olan danışdığı kimi, hər internetə çıxışı olan da klaviatura qarşısına keçərək hansısa yazını, məlumatı, xəbəri paylaşır. Bu sosiallaşmaq baxımından yaxşıdır. Amma Vətən müharibəsindən sonrakı həssas günlərdə daha diqqətli olmaq əsas şərtdir. Hər kəs daxilində olan "mən"i ilə üzbəsurat dayanıb bu sualı özünə, bəli, elə özünə verməlidir: "Milliliyə zərər gətirəcək, insanların hissi ilə oynanılacaq, qeyri-dəqiq informasiya yazmaq, paylaşmaq nə dərəcədə düzgündür!?"
Professor Akif Rüstəmzadənin yazdığı qiymətli kitabların birində oxumuşdum ki, qeyri-müstəqim əlaqənin həm kökləri qədimdir, həm də miqyas baxımından sərhədsiz. A.Rüstəmzadə bildirir ki, müstəqim və qeyri-müstəqim əlaqə mütləq şəkildə milliliyə xidmət etməlidir.
Bu haqda Məhəmməd Əmin Rəsulzadə deyir: "Mətbuata 3 əsas şərt lazımdır: 1.yazmaq, 2.ümumi mənafe, 3.yaymaq. Əgər yazı ümumi mənafeyə xidmət etmirsə, o mətbuat yox şəxsi yazıdır(!). Dahi Rəsulzadə adını çəkəndə ilk ağlımıza Azərbaycan Xalq Cümhuriyyəti gəlir. 1918-ci ilin mayı çətinliklə qurulan Şərqin ilk müstəqil müsəlman Respublikası ən vacib uğurlarından birini də məhz həmin ilin 27 iyununda Azərbaycan dilini rəsmi dil elan etməsi ilə qazandı. Daha vacib uğuru isə xalq təhsilini milli zəmin üzərində qurması idi. Lakin 1920-ci ilin Aprelində Azərbaycan Xalq Cümhuriyyəti rus bolşeviklərinin, erməni daşnaklarının, 5-ci kalonun pozucu işlərinin qurbanı oldu. Çox işlər yarımçıqqaldı, ümidlər isə puça çıxdı.
Bu gün tam azad, müstəqil və güclü Azərbaycan Respublikası var. Cümhuriyyətin zamanında yarımçıq qalmış taleyüklü məsələlər də çoxdan həllini tapıb. Bütün sahələr üzrə qazanılan uğurlar və nəaliyyətlərimiz göz qabağındadır. Bu uğurların arxasında isə təhsil dayanır. "Təhsil hər bir millətin gələcəyidir" - söyləyən Heydər Əliyev həm də müasir Azərbaycan tarixində sağlam mətbuatın əsasını qoymuşdur. Jurnalistləri özünə dost bilən dahi rəhbər 1998-ci il ilin 6 avqustunda mətbuat üzərindən senzuranı götürmüşdür.
Acı təəssüflər olsun ki, bu gün jurnalistikadan anlayışı olmayan, təhsildən bixəbər bəzi kəslər mənbədən əldə edilməyən, fakta söykənməyən məlumatı tirajlayırlar. Unutmaq olmaz ki, hərb meydanında bitən savaşımız, informasiya üzərindən davam edir və etməkdədir.
Mətbuatımıza ləkə salan bütün yad ünsürlərə qarşı isə Vətəndaş olaraq birlikdə mübarizə aparmalıyıq.
Əziz oxucu, bu kiçik yazını jurnalistikamızın ağsaqqallarından olan professor Akif Rüstəmzadənin qiymətli fikri ilə başladım. Ənənəyə sadiq qalıb, elə sonluğu da müəllimimizin auditoriyada dərs zamanı bizlərə - tələbələrə söylədiyi kəlamla da tamamlayıram: "Ölkəmizin inkişafı yolunda qələmimiz xalqa, dövlətə xidmət etməli, yalan informasiya yazmamalıdır!"

Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi


26-08-2022, 06:22
"Nur ocağı" ədəbi məclisi Rövşən Xaləddinoğlunun şeirlərini təqdim edir:

"Nur ocağı" ədəbi məclisi Rövşən Xaləddinoğlunun şeirlərini təqdim edir:

ƏSGƏRİM
İgidlik, ərənlik qaynar qanında,
Qartaltək zirvədə duran əsgərim.
Vətən torpağının hər qarışında,
Qeyrətdən qalalar quran əsgərim.

Baban oğuz türkü, mərd olub sənin,
Varlığın düşmənə dərd olub sənin,
Qisasın amansız, sərt olub sənin.
Ovu bərəsində vuran əsgərim.

Sən bahar gətirdin qışının üstə,
Çiçəklər bitirdin daşının üstə,
Üçrəngli bayrağın başının üstə,
Zülmət zəncirini qıran əsgərim.

SƏN DƏ ADAM OL, ADAM OL
Keçmişini gəl yada sal,
Salam verib bir salam al.
Olma belə əhli-bihal,
Sən də adam ol, adam ol.

Pulun-paran çox, bilirik,
Göz ac, qarın tox, bilirik,
İnsanlığın yox, bilirik,
Sən də adam ol, adam ol.

Meyil salıb dövlət-vara,
Öğey baxma doğmalara.
Eldə xeyir-şərə yara,
Sən də adam ol, adam ol.

Gədədən bəy olan deyil,
Bu söz doğru, yalan deyil,
Dünya sənə qalan deyil,
Sən də adam ol, adam ol.

ÖZÜMDƏ TAPDIM SƏNİ
Həsrətin çəkdi dara,
Boylandım yaxınlara,
Boylandım uzaqlara,
Gözümdə tapdım səni.

Açıb təzə tər oldun,
Dür, inci, gövhər oldun.
Dilimdə əzbər oldun,
Sözümdə tapdım səni.

Səda düşdü ellərə,
Qurban incə əllərə.
Mizrab dəydi tellərə,
Sazımda tapdım səni.

Neynirəm qəlbi daşı,
Eşqi duyanmaz naşı.
Yandı bağrımın başı,
Közümdə tapdım səni.

Nə gözəl biçimdəsən,
Karvanam, köçümdəsən.
Qəlbimin içindəsən,
Özümdə tapdım səni.

YAXŞILIQ QALACAQ, YAXŞILIQ ANCAQ
Boylanıb gəzirəm itən gəncliyi,
Baxıram soluma, sağıma doğru.
Tutub ətəyindən qoca dünyanın,
Gedirəm ahıllıq çağıma doğru.

Yaxınmı, uzaqmı son dayanacaq,
İllərdən keçirəm çatmağım üçün.
Yorğun bir yolçuyam yer axtarıram,
Ruhuma rahatlıq qatmağım üçün.

Zaman sınağından keçib həyatım,
Sevinci kədərlə tən yaşamışam.
Üz tutub, can deyib qəlbi saflara,
Xaindən, xəbisdən gen yaşamışam.

Ay Rövşən, ürəkdə sönməz heç zaman,
İlahi sevgidən od alan ocaq.
Gəlimli, gedimli fani dünyada,
Yaxşılıq qalacaq, yaxşılıq ancaq.

SƏNƏ GÖRƏ
Bu sevgidə məni sına,
Ya ümid ver, ya da qına,
Ağrısına, acısına,
Dözəcəyəm sənə görə.

Kimə edim gileyimi,
Kaş duyaydın diləyimi.
Səni sevən ürəyimi,
Üzəcəyəm sənə görə.

Gəl puç etmə arzuları,
İnsaf eylə bir az barı.
Məcnun kimi səhraları,
Gəzəcəyəm sənə görə.

Rövşən nədir bu nalə-ah,
Şahidindir göydə Allah.
Desən ki, öl bir gün vallah,
Öləcəyəm sənə görə.

BİR DƏLİ SEVDANIN ƏSİRİYƏM MƏN
Günəşim üfüqün batabatında,
Xəyalım göylərin yeddi qatında,
Çapıram arzumun köhlən atında,
Bir dəli sevdanın əsiriyəm mən.

Şimşək tək başımda çaxır hey çaxır,
Cismimi odlara yaxır hey yaxır,
Bu sevda ruhuma axır hey axır,
Bir dəli sevdanın əsiriyəm mən.

Fikir dəryasında gecəm, gündüzüm,
Alışıb kül olub ocağım, közüm.
Sən mənə dözüm ver ilahi, dözüm,
Bir dəli sevdanın əsiriyəm mən.

Dağların qoynunda bitən çiçəkdir,
Zərifdir, incədir, hüsnü göyçəkdir.
Həsrəti Rövşəni öldürəcəkdir,
Bir dəli sevdanın əsiriyəm mən.

TƏB, İLHAM GƏLƏNDƏ YAZILAR ŞEİR
Mənə də bir şeir yaz deyən dostum,
Şeir sifarişlə yazılmır axı.
O bir haqq vergisi,Tanrı payıdır,
Tanrı yazan yazı pozulmur axı.

Dərdlər ürəyində yuva salanda,
Səbri-qərarını əldən alanda,
Ümidlər ölməyib, inam qalanda,
Arzular güləndə yazılar şeir.

Xəyalda dolaşar çözülər sözlər,
Sinədən bal kimi süzülər sözlər,
Misraya inci tək düzülər sözlər,
Təb, ilham gələndə yazılar şeir.

YAZIRAM
Lələkdəndi qələmim,
Sözüm kimi yazıram.
Demirəm ki, şairəm,
Özüm kimi yazıram.

Göy boydadı otağım,
Buludlar yer-yatağım.
Hələ gurdu ocağım,
Közüm kimi yazıram.

Duyğulu hallarımdı,
Qanadım, qollarımdı,
Misralar yollarımdı,
İzim kimi yazıram.

Ömür payız dönəmdə,
Qərib düşüb binəm də.
Min dərd yatır sinəmdə,
Dözüm kimi yazıram.

25-08-2022, 06:53
Dostlarının gündəmindən düşməyən şəxsiyyət


Dostlarının gündəmindən düşməyən şəxsiyyət
(İlqar Musaoğlunun doğum gününə)

Peyğəmbər yaşını başa vuran jurnalist dostumuz İlqar Musaoğlu əslində çoxdan ağsaqqal imici qazanıb. Hətta içi mən qarışıq, onun bir-iki bayram kiçik olduğu əksər dostları, tanışları elə bilirlər ki, İlqar müəllim daha böyükdür. Ağır yerişi, təmkinli baxışları, dilinin ucunda bitmiş “qadan alım” ifadəsi ilə tanınan, ağayana davranışları, müşkülə düşənlərə təkcə dəyərli məsləhətlər verməklə kifayətlənməyib, həm də əlindən gələn qədər köməklik edən ağsaqqaldır İlqar Musa oğlu.
Yuxarıda söylədiklərimə görə onu qoca kişi saydığımı düşünməsin deyə, əlavə edim ki, İlqarın ruhu cavandır, həyata nikbin nəzərlərlə baxır, daim yerinə düşən şən zarafatlar edir, hərdən səsini ucaldıb mahnı da zümzümələyir, şeir də deyir. Səməd Vurğundan üzübəri çox şairlərdən əzbərlər bilir. Eldar Baxışın “Sərçə balası”, Sabir Sarvanın “Hara aparırsan bu gözəlliyi”, Ramiz Qusarçaylının “Qurudub göndərmə bənövşələri”, Əlizadə Nurinin “İlahi, nə gözəl ağlayır bu qız” kimi gözəl şeirlərindən parçaları misal çəkməklə isə zövqünün heç də qırışmadığını, ruhunun əvvəlki təravətdə qaldığını göstərir. İlqar müəllim hərdən mənim də bəzi şeirlərimi bəyənir və sonra da deyir ki, şeir yaza bilmək nə gözəl işdir, heyf ki, özüm yaza bilmirəm...
Yeri gəlmişkən, şəxsən ona həsr etmiş olmasam da, mənim çoxdan, hələ İlqar Musaoğlu ilə yaxın dost olmamışdan əvvəl yazdığım “Jurnalist” şeirimi elə bilirəm ki, elə ona həsr eləmişəm:

Məğrurdur qələmdəm çıxan çörəklə,
Əyrini, düşkünü oraqtək biçər.
Məsləki yolunda yanar ürəklə,
Özgə sevinci də, özgə qəmi də
Onun qələminin ucundan keçər,
Onun ürəyinin içindən keçər.

Ən adi rəqəmi, sözü də bəlkə
Yüz dəfə süzgəcdən keçirib yazar.
Ən kiçik xəbərə, böyük oçerkə
Gözünün yağını içirib yazar.

Hər cümlə - qəlbinin bir döyüntüsü,
Hər nöqtə - bir anlıq nəfəs dərimi.
Başda neçə adı yan-yana düzüb,
Ayaqda saxlayar imza yerini.

İlləri səpələr dağa, düzə o,
Kiçik bir sevinclə qatar başını.
Yaxını, uzağı gəzə-gəzə o
Yazar öz ömrünün reportajını.


Bu misraların arxasından məhz İlqar Musaoğlunun obrazının boylandığını yüzə-yüz iddia etmək olar. İllərdən bəri “Xalq qəzeti”nin bölgə müxbiri olan İlqar müəllimin sorağı təkcə xidmət coğrafiyasına daxil olan Şəki-Zaqatala arealından deyil, ölkənin bütün dilbər guşələrindən gəlir. O, hərdən zarafatla özünü “ölkə müxbiri” adlandırır. (Vaxtilə unudulmaz Xalq şairimiz Məmməd Arazın Lənkəranda yaşayıb-yaradan qələm dostu Şəkər Aslana “Sən bölgə şairi deyilsən, ölkə şairisən” deməsinə işarədir).
Onun bölgə deyil, məhz ölkə müxbiri olmasını təsdiqləyən digər amillər də var. Bunlar, Aydın Can demişkən, respublikada məşhur olan istənilən persona və üzdə olan hər kəs haqqında müfəssəl bilgiyə malikliyi, ölkənin bütün rayonlarındakı ağsaqqalları tanıması və onların ona rəğbətinin olması, dövlət idarələrində və seçkili orqanlarda təmsil olunanların yanında nüfuz qazanmasıdır.
...Bu yaxınlarda birgə çalışdığımız “Xalq qəzeti” redaksiyasının həndəvərində, Nizami Kino Mərkəzi ilə üzbəüzdə çay içirdik. İlqar müəllim məndən əslən həmyerlim olan bir generalı soruşdu. Tanımadığımı dedim. Başını buladı və telefonu götürüb Yardımlıda yaşayan jurnalist Şəmsəddin Şəbiyevə zəng elədi. Həmin general haqqında bilgilərini dəqiqləşdirdi. Şəmsəddin müəllim də öz növbəsində ondan işi düşdüyü bir məmuru tanıyıb-tanımadığını soruşdu. İlqar müəllim cavabında dedi ki, tanıyıram, filankəsin oğludur, əvvəllər filan nazirlikdə işləyirdi, indi də dediyiniz yerdə çalışır. Narahat olmayın, gedib mənim salamımı yetirsəniz, işiniz düzələcək. Elə inamla danışdı ki, Şəmsəddin müəllim də razı qaldı, söhbətə şahidlik edən mən də, gənc həmkarımız Fuad da onun hər kəslə necə səmimi dostluq münasibətinin olduğuna heyrət elədik.
Öz aramızda onu dostların, tanışların mandatsız deputatı adlandırırıq. Əslində, mandatı da var: inam, güvənc, etibar MSK-nın deputatlara verdiyi o bir parça kağızdan heç də geri qalmır, məncə.
İlqar Musaoğlunun hansı doğum gününü götürsək, mütləq bir-iki qəzetdə haqqında yazılanlara rast gələrik. Bir vaxtlar ünlü qələm dostumuz Məmməd Nazimoğlu ondan ilbəil yazıb. Sonra Əməkdar jurnalist İttifaq Mirzəbəyli həmin ənənəni layiqincə davam etdirib, özü də təkrarçılığa, taftalogiyaya yol vermədən. Yenə də yazır. Başqalarının, o cümlədən mənim də təbriknamələrim olub. Hələ ondan bəhs edilən onlayn media platformalarını, sosial şəbəkə seqmentlərindəki statusları, kontentləri, akkauntları hesaba almıram. O gün bu barədə söhbətimiz zamanı dedim:
- İlqar Musaoğlu , sən o adamlardansan ki, haqqında hər zaman nəsə təzə bir şey yazmaq üçün yetərli qədər fakt tapılar. Sən bir növ vəsfi tükənməyən sevgili Vətən timsalısan.
Üç il öncə Azərbaycan media tarixində maraqlı bir gün olub: üçü də bir qəzetdə çalışan jurnalistlər – Tahir Aydınoğlu, Namiq Əhmədov və İlqar Həsənovun 60 yaşları yaxın günlərə düşdüyü üçün eyni bir tədbirdə - Azərbaycan Mətbuat Şurasının toplantısında bəh-bəhlə qeyd edilib. Şuranın sədri Əflatun Amaşov da, digər çıxışçılar da ən xoş duyğularını dilə gətiriblər. Məsələn, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid deyib: “İlqar Həsənov yaxşı nə varsa, özündə ehtiva edən bir xarakter sahibidir. Duzlu-məzəli söhbətləri, məqamında dediyi sözləri, hədsiz bilgisi, məlumatlılığı onu hər kəsdən fərqləndirir. İlqarla həmsöhbət olmaq insanı fərqli ovqatlara salır. İlqar eyni zamanda, çox kövrək və həssas insandır. O, hər bir dostunun kədərinə şərik çıxan, dərdini, sevincini paylaşmağı bacaran etibarlı dostdur”.
“Xalq qəzeti”nin əməkdaşı İttifaq Mirzəbəyli isə deyib: “İlqar Həsənov müasir mətbuatımızın daim üzdə olan, fəal nümayəndələrindən biridir. Dövlət müstəqilliyimizdən əvvəlki dönəmdə peşəkarlıq, prinsipiallıq və jurnalist məsuliyyəti ilə seçilirdisə, müstəqillik dövründə həmin keyfiyyətlərinə milli təəssübkeşlik və dövlətçilik maraqlarının qorunmasına xidmət kimi dəyərlər də əlavə edib. İlqar Həsənov bölgə müxbiri kimi fəaliyyət göstərdiyi rayon və şəhərlərin hamısının qeyri-rəsmi "fəxri vətəndaşı" statusunu qazanıb”.
Sonda üstün yaradıcılıq keyfiyyətləri olan, jurnalistikamızın tanınmış simalarından sayılan yubilyarlara “Ali Media Mükafatı”, Mətbuat Şurasının diplomu və Ahıl Jurnalistlər Məclisinin hədiyyələri təqdim edilib.
İki il öncə milli mətbuatımızın 145 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunanlar arasında o da var – İlqar Həsənov “Tərəqqi” medalına layiq görülüb. Hələ daha böyük mükafatlar alacaq. İnanırıq. Çünki layiqdir.
Ötən il Bakı Dövlət Universitində görkəmli jurnalist, tanınmış ictimai və elm xadimi, ustad redaktor Nəsir İmanquliyevin 110 illik yubileyinə həsr olunmuş elmi konfransda mötəbər çıxışçılar arasında İlqar Həsənov xüsusilə seçilib. Vaxtilə unudulmaz şəxsiyyətin yaradıcısı və baş redaktoru olduğu “Bakı” qəzeti redaksiyasında çalışmış İlqar müəllim ustadı haqqında nəzəri deyil, məhz praktiki və həyati xarakterli xatirələrini söyləməsi ilə yadda qalıb.
Bax, belə bir fenomen insandır bizim İlqar Musaoğlu. 1959-cu ilin 236-cı günündə - avqustun 24-də dünyaya gəlib. Düz 23011 gündür ki, doğmalarını, əzizlərini, dostlarını öz varlığı ilə sevindirir. Arzu edirəm ki, bir bu qədər də yaşasın və sevindirsin! 23011 gün nədir ki? Vur-tut 63 il.
Bir dəfə də demişdim, mən rəqəmlərlə manipulyasiya etməkdə, onların arasında əlaqələr tapmaqda bir qədər mahirəm. Deyəsən, yenə də şakərim tutub. Yuxarıda xatırlatdığım kimi, rəhmətlik Məmməd Nazimoğlu İlqar Musaoğlundan hər il yazardı. İndi estafet İttifaq müəllimdədir. Mənimsə İlqarın haqqında yazdığım ilk yazı ilə ikincinin arasında 7 il, ikinci yazımla bu yazım arasında 6 il ara olub. Fasilə beləcə bir il-bir il azalsa, 2037-ci ildən başlayaraq, mütəmadi hər il yazmaq şansım olacaq.
Nə qalıb ki?
Ya qismət!

Əli NƏCƏFXANLI,
Əməkdar jurnalist
25-08-2022, 06:36
Sən yoxsansa, mən də yoxam dünyada…


Sən yoxsansa, mən də yoxam dünyada…

Ceyran xanım, dost itirmək ağırdı,
Dost itirən fağırlardan, fağırdı.
Yetim qalan yoldu, izdi, cığırdı,
Sənsiz qaldı çölüm, düzüm, çəmənim.

Ceyran xanım nə odum var, nə külüm,
Nə zəmim var, nə tarlam, nə sünbülüm.
Qönçələnməz nə çiçəyim, nə gülüm,
Bir də daha yaşıllaşmaz səmənim.

Ceyran xanım, uçdu ömrün sarayı,
Yoxa çıxdı igidlərin harayı.
Hanı indi dalğalanan dağ çayı,
Hanı indi buzlu suda çimənim?

Harda qaldı gül atanın məzarı,
Hara düşdü nurlu ananın güzarı.
Onlar yoxdu, özün çəkdin azarı,
Bu yoxluqdan çimilləşdi bədənim.

Ceyran xanım, sal qayalar sərt olur,
Bu sərtlik də namərdlərə dərd olur.
Şair olur, aşıq olur, mərd olur,
Al günəşdən Allah nuru əmənim.

Dostum varsa, çoxdan çoxam dünyada,
Dost sarıdan nəfsi toxam dünyada.
Sən yoxsansa, mən də yoxam dünyada,
Nə ruhum var, nə canım var, nə tənim.

Ceyran xanım, ağrı sana daraşdı,
Ömrün-günün zirvə keçdi, qar aşdı.
Yaraşmırdı, ölüm sənə yaraşdı,
Son mənzilə uğur dedi Vətənim.

Ceyran xanım, Məcnunuydun torpağın,
Öz yurdunu öyə-öyə yaşadın.
Dilin yandı Qarabağım deməkdən,
Ağdam, Şuşa deyə-deyə yaşadın.

Siləmmədin yanaqların nəmini,
Tapammadın görüşlərin çəmini.
Ayrılığın həsrətini, qəmini,
Çörək kimi yeyə-yeyə yaşadın.

Ağır olur ana yurdun həsrəti,
Dizdən alır, qoldan alır taqəti.
Qamçı kimi şaqqıldatdın nifrəti,
Yağıları döyə-döyə yaşadın.

Oba oldun, oymaq oldun, el oldun,
Dağ döşündən axıb gələn sel oldun.
Pərdələrdə dil-dil ötən tel oldun,
Döndün saza, döndün neyə, yaşadın,
Qarabağım deyə-deyə yaşadın.


Ömrün yarpaqtökən çağı o qədər də ürəkaçan deyilmiş. İllərlə dostluq etdiyin, təmasda olduğun insanların itkisi necə də ağır olur. Qələm götürüb vida sözü yazmaq ondan da betər olur. Bu gecə işıqlı dünyamıza əlvida demiş Ceyran Cahangir qızı Bəhlulova bir il idi ki, səhhəti ilə bağlı əlləşirdi, o həkim qalmamışdı ki, getməsin, o türkəçarə yox idi ki, edilməsin. Biz dostlar – Təzəgül xanım, Şücaət xanım və mən ilk dəfə onun görüşünə, bəli, ziyarətinə yox, məhz görüşünə gedəndə gözlərimizə inanmırdıq. Bir neçə ay əvvəl gördüyümüz Ceyranımızdan əsər-əlamət qalmamışdı. Bir xeyli oturduq, əhvallaşdıq, deyib güldük. Otağa sanki yeni ab-hava gətirdik. Ondan sonra da ona baş çəkdik. Getdikcə səhhəti düzəlirdi. Allaha dualar edirdik, nəzirlər götürürdük ki, bu təmiz, saf xislətli dostumuz tezliklə sağalsın, ayaqüstə qalxsın. Bir müddət sonra eşitdik ki, xəstəxana rejimində müalicəsini davam etdirir. Özü ilə, bacısı və oğlu ilə telefon əlaqəsi yaradır, sağlamlıq durumu ilə maraqlanırdıq. Özüm şəxsən telefonda səsini eşidəndə, sağlamlığının tədricən qaydasına düşməsini öz dilindən eşidəndə bir xeyli telefonda ağladım. İndi ağladığım kimi. Onda sevincdən, indi isə bizi belə tez tərk etməsindən...
Ay Ceyran, Allaha and olsun ki, dilimdə cümlələr baş-ayaq vurur, sözləri bir yerə cəmləşdirə bilmirəm. Bu xəbəri eşidən andan dilim-ağzım quruyub. Və əlim əsə-əsə yazdığım bu sətirləri otağımda bir küncə çəkilib göz yaşlarımı saxlamadan yazıram. Mənim bu vəziyyətimi bu anlarda divardan başqa kimsə, nəsə görmür. Yəni divarlar şahidlik edir. Nə yazım, necə yazım, nədən yazım? Özümü toparlaya bilmirəm, ay Ceyran... Dünənə kimi sağlıq durumunu eşitdiyim Ceyran bu gün həyatda yoxdur. Əcəli lənətləyirəm...
Hə, Ceyran Bəhlulova, sən saflıq, paklıq, təmizlik mücəssəməsi idin. Sən eyni zamanda xeyirxahlığın, mərhəmətin, humanistliyin ilə seçilirdin. Yəqin buna görədir ki, illər öncə sənə həsr etdiyim ilk məqaləmi “Nə yaxşı dünyada yaxşı var imiş” adlandırmışdım. Xeyirxahlığın, humanistliyin səni alicənab, mərhəmətli bir xanım kimi ucaldırdı. Sənin kimi böyük insanın ovqatı milli ənənələr, islami dəyərlər üzərində köklənmişdi. Sən milli idin, lakin millətçi deyildin. Bu da səni bir çoxundan fərqləndirirdi.
Səni uzun illər tanıdığımdan, hər xasiyyətinə bələd olduğumdan sənin yoxluğun məni yandırıb-yaxır. Təkcə məni yox, səni sevən dostlarını da, xüsusilə də Təzəgül xanımı, Şücaət xanımı, onların çevrələrində səni tanıyan insanları, vaxtilə çiyin-çiyinə çalışdığın müxtəlif TV əməkdaşlarını da... Eh, kəmfürsət ölüm, nə tez səni bizdən aldı?..
Bu ilin 5 yanvarında 53-dən 54-ə addımlamışdın. Gözləyirdik ki, bir oğlunu toysuz, çal-çağırsız (məlum pandemiya dövrünə düşdüyündən) yerbəyer eləmişdin, ikincinin hazırlığını görüb biz dostları da başına yığacaqsan. Bu qərarında israrlı idin. Sevinclə o günü gözləyirdik. Amma sən bizi özünün yoxluğuna topladın, acı göz yaşları içində...
Müdrikliyin, ağıllı və savadlı olmağın, sözü məqamında demək bacarığın hamımızı heyran edirdi. Sən yaşının bu çağında, sözün həqiqi mənasında, bir nümunə məktəbi, örnək idin. Elə adamlar var ki, onlarla təmasda olmaqdan, düşündürücü kəlamlarından, səmimiyyətindən, ziyalı nəcibliyindən doymursan. Belələri ilə yol yoldaşı olmaq özü böyük qismətdir. Onlardan biri elə sən idin, ay Ceyran xanım. Taledən gələn qismətdir ki, adlarını yuxarıda çəkdiyim xanımlarla birlikdə sənin də olduğun, təşkilatçılıq etdiyin tədbirləri, toy məclislərini deyə-gülə yola vermiş, bir-birimizin dərd-sərində, qəmli, kədərli günlərində yaxından iştirak etmişik. İndi bizi kim toplayacaq belə tədbirlərə? Sənin şaqraq gülüşünü bundan sonra eşidə bilməyəcəyik.
Sən dostların hörmətini nəcabətin, ləyaqətin, xeyirxahlığın, vətənpərvərliyin, müdrikliyin ilə nail olmuşdun. Sən bütün titullara, nə yaxşı, tərifli söz var idisə, ona layiq idin. Sən gördüyün işlərlə, həll etdiyin problemlərlə heç vaxt kifayətlənmirdin. Hasil olan qənaət budur ki, sən ömrünün mənasını yazıb-yaratmaqda, sadə camaatın yanında olmaqda, onların dərd-sərinə yarımaqda görürdün. Səninsə dərd-sərinə biz yarıya bilmədik, səni qoruya bilmədik. Sənin etdiklərin hər kəsə, hətta yaşlılara belə örnək olmaq baxımından dəyər kəsb edirdi. Başqalarına örnək, nümunə olmaq xoşbəxtlikdir. Bu xoşbəxtliyi (əgər ona xoşbəxtlik demək mümkünsə) sən alın tərin, yuxusuz gecələrin, halal zəhmətinlə qazanmışdın. Sənin ziqzaqlı, əzablı, əziyyətli ömür yoluna nəzər salanda bir daha dərk edirik ki, illəri illərə calayıb uzun ömür sürmək, necə gəldi yaşamaq hünər deyil, həyatı həyat kimi ləyaqətlə, mənalı yaşamaq, özündən sonra iz qoyub getmək hünərdir. Sənin peşəkar və səriştəli qələmin, təfəkkür və məntiqi görüşlərin nəticəsi olan beyin məhsullarını oxuduqca insan ömrü üçün böyük bir zaman kəsiyində jurnalistikanın, mətbuatın keçdiyi enişli-yoxuşlu, keşməkeşli yollara nəzər salmaq, sənin kimi bu sahənin cəfakeşləri haqqında geniş məlumat, nəzəri biliklər əldə etmək olur.
Uzun illərdən bəri dostluq münasibətində olduğum sən Ceyran Bəhlulovanın yaradıcılığına dərin məhəbbət, şəxsiyyətinə hörmət və ehtiram hissi ilə yaşayanlardan biri də mən olmuşam. Sənin hədiyyə etdiyin hər bir qələm məhsulunu (Vaxtilə təsis etdiyin "Obyektiv söz" qəzetini hansı çətinliklə, cırmağa-cırmaqla buraxdığını xatırlayıram) oxuduqca o yazı məni ağuşuna alıb böyük idealların bərqərar olduğu, arzuların bitib-tükənmədiyi bir aləmə aparıb... Çox yazmaq istəyirəm, amma qələmimin gücü çatmır...
Biz səninlə avqustun 25-də vidalaşırıq, elə nəmli bu sətirləri artıq həyatımıza daxil olmuş həmin tarixdə yazıram. Bu tarixdə bir daha qəhərlənəcək, itkinin böyüklüyünü vücudumuzda duyacağıq. Bu vida sözünü necə yazdım, necə bitirdim, özüm də hiss etmədim. Onu bilirəm və görürəm ki, gözlərimdən göz yaşı sel kimi axıb gedir. Qəfildən özümə gəlib deyirəm: axı kişi ağlamaz! Amma Ceyranın qəfil yoxluğu nəinki məni, lal-dinməz divarları belə ağladır...
Bəli, sən bu həyatı sevərək yaşadın, bu həyatdan da sevilərək əbədiyyətə qovuşursan. Dilim gəlmir sənə Allah rəhmət eləsin deməyə. Başımız sağ olsun! Amin!

Təzəgülün, Şücaətin, səni sevən dostların adından
Daşdəmir ƏJDƏROĞLU
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!