TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 25-08-2022, 06:36
Sən yoxsansa, mən də yoxam dünyada…


Sən yoxsansa, mən də yoxam dünyada…

Ceyran xanım, dost itirmək ağırdı,
Dost itirən fağırlardan, fağırdı.
Yetim qalan yoldu, izdi, cığırdı,
Sənsiz qaldı çölüm, düzüm, çəmənim.

Ceyran xanım nə odum var, nə külüm,
Nə zəmim var, nə tarlam, nə sünbülüm.
Qönçələnməz nə çiçəyim, nə gülüm,
Bir də daha yaşıllaşmaz səmənim.

Ceyran xanım, uçdu ömrün sarayı,
Yoxa çıxdı igidlərin harayı.
Hanı indi dalğalanan dağ çayı,
Hanı indi buzlu suda çimənim?

Harda qaldı gül atanın məzarı,
Hara düşdü nurlu ananın güzarı.
Onlar yoxdu, özün çəkdin azarı,
Bu yoxluqdan çimilləşdi bədənim.

Ceyran xanım, sal qayalar sərt olur,
Bu sərtlik də namərdlərə dərd olur.
Şair olur, aşıq olur, mərd olur,
Al günəşdən Allah nuru əmənim.

Dostum varsa, çoxdan çoxam dünyada,
Dost sarıdan nəfsi toxam dünyada.
Sən yoxsansa, mən də yoxam dünyada,
Nə ruhum var, nə canım var, nə tənim.

Ceyran xanım, ağrı sana daraşdı,
Ömrün-günün zirvə keçdi, qar aşdı.
Yaraşmırdı, ölüm sənə yaraşdı,
Son mənzilə uğur dedi Vətənim.

Ceyran xanım, Məcnunuydun torpağın,
Öz yurdunu öyə-öyə yaşadın.
Dilin yandı Qarabağım deməkdən,
Ağdam, Şuşa deyə-deyə yaşadın.

Siləmmədin yanaqların nəmini,
Tapammadın görüşlərin çəmini.
Ayrılığın həsrətini, qəmini,
Çörək kimi yeyə-yeyə yaşadın.

Ağır olur ana yurdun həsrəti,
Dizdən alır, qoldan alır taqəti.
Qamçı kimi şaqqıldatdın nifrəti,
Yağıları döyə-döyə yaşadın.

Oba oldun, oymaq oldun, el oldun,
Dağ döşündən axıb gələn sel oldun.
Pərdələrdə dil-dil ötən tel oldun,
Döndün saza, döndün neyə, yaşadın,
Qarabağım deyə-deyə yaşadın.


Ömrün yarpaqtökən çağı o qədər də ürəkaçan deyilmiş. İllərlə dostluq etdiyin, təmasda olduğun insanların itkisi necə də ağır olur. Qələm götürüb vida sözü yazmaq ondan da betər olur. Bu gecə işıqlı dünyamıza əlvida demiş Ceyran Cahangir qızı Bəhlulova bir il idi ki, səhhəti ilə bağlı əlləşirdi, o həkim qalmamışdı ki, getməsin, o türkəçarə yox idi ki, edilməsin. Biz dostlar – Təzəgül xanım, Şücaət xanım və mən ilk dəfə onun görüşünə, bəli, ziyarətinə yox, məhz görüşünə gedəndə gözlərimizə inanmırdıq. Bir neçə ay əvvəl gördüyümüz Ceyranımızdan əsər-əlamət qalmamışdı. Bir xeyli oturduq, əhvallaşdıq, deyib güldük. Otağa sanki yeni ab-hava gətirdik. Ondan sonra da ona baş çəkdik. Getdikcə səhhəti düzəlirdi. Allaha dualar edirdik, nəzirlər götürürdük ki, bu təmiz, saf xislətli dostumuz tezliklə sağalsın, ayaqüstə qalxsın. Bir müddət sonra eşitdik ki, xəstəxana rejimində müalicəsini davam etdirir. Özü ilə, bacısı və oğlu ilə telefon əlaqəsi yaradır, sağlamlıq durumu ilə maraqlanırdıq. Özüm şəxsən telefonda səsini eşidəndə, sağlamlığının tədricən qaydasına düşməsini öz dilindən eşidəndə bir xeyli telefonda ağladım. İndi ağladığım kimi. Onda sevincdən, indi isə bizi belə tez tərk etməsindən...
Ay Ceyran, Allaha and olsun ki, dilimdə cümlələr baş-ayaq vurur, sözləri bir yerə cəmləşdirə bilmirəm. Bu xəbəri eşidən andan dilim-ağzım quruyub. Və əlim əsə-əsə yazdığım bu sətirləri otağımda bir küncə çəkilib göz yaşlarımı saxlamadan yazıram. Mənim bu vəziyyətimi bu anlarda divardan başqa kimsə, nəsə görmür. Yəni divarlar şahidlik edir. Nə yazım, necə yazım, nədən yazım? Özümü toparlaya bilmirəm, ay Ceyran... Dünənə kimi sağlıq durumunu eşitdiyim Ceyran bu gün həyatda yoxdur. Əcəli lənətləyirəm...
Hə, Ceyran Bəhlulova, sən saflıq, paklıq, təmizlik mücəssəməsi idin. Sən eyni zamanda xeyirxahlığın, mərhəmətin, humanistliyin ilə seçilirdin. Yəqin buna görədir ki, illər öncə sənə həsr etdiyim ilk məqaləmi “Nə yaxşı dünyada yaxşı var imiş” adlandırmışdım. Xeyirxahlığın, humanistliyin səni alicənab, mərhəmətli bir xanım kimi ucaldırdı. Sənin kimi böyük insanın ovqatı milli ənənələr, islami dəyərlər üzərində köklənmişdi. Sən milli idin, lakin millətçi deyildin. Bu da səni bir çoxundan fərqləndirirdi.
Səni uzun illər tanıdığımdan, hər xasiyyətinə bələd olduğumdan sənin yoxluğun məni yandırıb-yaxır. Təkcə məni yox, səni sevən dostlarını da, xüsusilə də Təzəgül xanımı, Şücaət xanımı, onların çevrələrində səni tanıyan insanları, vaxtilə çiyin-çiyinə çalışdığın müxtəlif TV əməkdaşlarını da... Eh, kəmfürsət ölüm, nə tez səni bizdən aldı?..
Bu ilin 5 yanvarında 53-dən 54-ə addımlamışdın. Gözləyirdik ki, bir oğlunu toysuz, çal-çağırsız (məlum pandemiya dövrünə düşdüyündən) yerbəyer eləmişdin, ikincinin hazırlığını görüb biz dostları da başına yığacaqsan. Bu qərarında israrlı idin. Sevinclə o günü gözləyirdik. Amma sən bizi özünün yoxluğuna topladın, acı göz yaşları içində...
Müdrikliyin, ağıllı və savadlı olmağın, sözü məqamında demək bacarığın hamımızı heyran edirdi. Sən yaşının bu çağında, sözün həqiqi mənasında, bir nümunə məktəbi, örnək idin. Elə adamlar var ki, onlarla təmasda olmaqdan, düşündürücü kəlamlarından, səmimiyyətindən, ziyalı nəcibliyindən doymursan. Belələri ilə yol yoldaşı olmaq özü böyük qismətdir. Onlardan biri elə sən idin, ay Ceyran xanım. Taledən gələn qismətdir ki, adlarını yuxarıda çəkdiyim xanımlarla birlikdə sənin də olduğun, təşkilatçılıq etdiyin tədbirləri, toy məclislərini deyə-gülə yola vermiş, bir-birimizin dərd-sərində, qəmli, kədərli günlərində yaxından iştirak etmişik. İndi bizi kim toplayacaq belə tədbirlərə? Sənin şaqraq gülüşünü bundan sonra eşidə bilməyəcəyik.
Sən dostların hörmətini nəcabətin, ləyaqətin, xeyirxahlığın, vətənpərvərliyin, müdrikliyin ilə nail olmuşdun. Sən bütün titullara, nə yaxşı, tərifli söz var idisə, ona layiq idin. Sən gördüyün işlərlə, həll etdiyin problemlərlə heç vaxt kifayətlənmirdin. Hasil olan qənaət budur ki, sən ömrünün mənasını yazıb-yaratmaqda, sadə camaatın yanında olmaqda, onların dərd-sərinə yarımaqda görürdün. Səninsə dərd-sərinə biz yarıya bilmədik, səni qoruya bilmədik. Sənin etdiklərin hər kəsə, hətta yaşlılara belə örnək olmaq baxımından dəyər kəsb edirdi. Başqalarına örnək, nümunə olmaq xoşbəxtlikdir. Bu xoşbəxtliyi (əgər ona xoşbəxtlik demək mümkünsə) sən alın tərin, yuxusuz gecələrin, halal zəhmətinlə qazanmışdın. Sənin ziqzaqlı, əzablı, əziyyətli ömür yoluna nəzər salanda bir daha dərk edirik ki, illəri illərə calayıb uzun ömür sürmək, necə gəldi yaşamaq hünər deyil, həyatı həyat kimi ləyaqətlə, mənalı yaşamaq, özündən sonra iz qoyub getmək hünərdir. Sənin peşəkar və səriştəli qələmin, təfəkkür və məntiqi görüşlərin nəticəsi olan beyin məhsullarını oxuduqca insan ömrü üçün böyük bir zaman kəsiyində jurnalistikanın, mətbuatın keçdiyi enişli-yoxuşlu, keşməkeşli yollara nəzər salmaq, sənin kimi bu sahənin cəfakeşləri haqqında geniş məlumat, nəzəri biliklər əldə etmək olur.
Uzun illərdən bəri dostluq münasibətində olduğum sən Ceyran Bəhlulovanın yaradıcılığına dərin məhəbbət, şəxsiyyətinə hörmət və ehtiram hissi ilə yaşayanlardan biri də mən olmuşam. Sənin hədiyyə etdiyin hər bir qələm məhsulunu (Vaxtilə təsis etdiyin "Obyektiv söz" qəzetini hansı çətinliklə, cırmağa-cırmaqla buraxdığını xatırlayıram) oxuduqca o yazı məni ağuşuna alıb böyük idealların bərqərar olduğu, arzuların bitib-tükənmədiyi bir aləmə aparıb... Çox yazmaq istəyirəm, amma qələmimin gücü çatmır...
Biz səninlə avqustun 25-də vidalaşırıq, elə nəmli bu sətirləri artıq həyatımıza daxil olmuş həmin tarixdə yazıram. Bu tarixdə bir daha qəhərlənəcək, itkinin böyüklüyünü vücudumuzda duyacağıq. Bu vida sözünü necə yazdım, necə bitirdim, özüm də hiss etmədim. Onu bilirəm və görürəm ki, gözlərimdən göz yaşı sel kimi axıb gedir. Qəfildən özümə gəlib deyirəm: axı kişi ağlamaz! Amma Ceyranın qəfil yoxluğu nəinki məni, lal-dinməz divarları belə ağladır...
Bəli, sən bu həyatı sevərək yaşadın, bu həyatdan da sevilərək əbədiyyətə qovuşursan. Dilim gəlmir sənə Allah rəhmət eləsin deməyə. Başımız sağ olsun! Amin!

Təzəgülün, Şücaətin, səni sevən dostların adından
Daşdəmir ƏJDƏROĞLU


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!