16-09-2022, 18:40
Şəhid Səbuhinin qardaşının hər iki videosu araşdırılır"Ötən gün qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır". Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib."Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin", - Baş Prokurorluqdan bildirilib.
16-09-2022, 18:38
Şəhid Fərid Quliyev Lökbatanda dəfn olunubErmənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Quliyev Fərid Vahid oğlunun nəşi Qaradağ rayonu Lökbatan qəsəbəsindəki evinə gətirilib.
Butov.az xəbər verir ki, 2003-cü il təvəllüdlü şəhidlə evində vida mərasimi keçirildikdən sonra Fərid Quliyev Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilib, yaylım atəşi açılıb. Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.
16-09-2022, 18:36
Daha təhlükəli ştam gəlir – ÜST xəbərdarlıq etdiDünyada səhiyyə sistemləri koronavirusun yeni, daha təhlükəli ştamının yaranmasına reaksiya verməyə hazır olmalıdır. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyətlərə dair proqramının direktoru Maykl Rayan deyib. Rayan dünyada COVID-19-a qarşı mübarizədə vəziyyətin yaxşılaşdığını bildirib. Onun sözlərinə görə, planetimizin əhalisinin xeyli hissəsi hələ də vaksinasiya olunmayıb.“Daha yoluxucu və virulent olan yeni ştamın yaranması bizi geri çəkilməyə vadar edə bilər. Biz sayıqlığı qorumalıyıq. Səhiyyə sistemləri buna reaksiya verməyə hazır olmalıdırlar. Əgər koronavirusun yeni variantı əmələ gələrsə, onu xarakterizə etmək üçün qat-qat çox vaxt lazım gələ bilər", - deyə ÜST rəsmisi vurğulayıb.
16-09-2022, 18:33
Elnur borca görə təhsilini yarımçıq qoyub? - AçıqlamaErmənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən şəhid olan 77 şəhiddən biri Elnur Nərbala oğlu Məhərrəmovdur. O 2018-2021-ci illərdə Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin tələbəsi olub. Yayılan məlumatlara görə, ödənişli əsaslarla oxuyan Elnur III kursun yarısında təhsilini dondurub və hərbi xidmətə yollanıb. Bildirilib ki, onun bu addımı atmasına səbəb təhsilhaqqını ödəyə bilməməsi olub. Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Bilalova cavab olaraq, deyilənlərin həqiqəti əks etdirmədiyini söyləyib. Universitet rəsmisinin sözlərinə görə, Elnur ödənişləri tam vaxtında ödəyirmiş:“Tələbə kənarlaşdırılma ərizəsi ilə müraciət edirsə, biz bunu qəbul etməliyik. Elnur da bizə belə ərizəylə müraciət etmişdi. O, təhsil aldığı müddətdə ödənişlərini tam ödəyib. Həmin ixtisasın illik təhsil haqqı 2 min manat idi. Elnur ərizə yazıb yenidən universitetə gələ bilərdi, bu mümkün idi”.
Şəhidin əmisi Zaur Məhərrəmov isə universitetdən verilən açıqlamanı yalanlayıb:
“Elnur oxumaq istəyirdi, müəllim yanına hazırlığa getdi və qəbul oldu. Təhsili ödənişli idi, müəyyən müddət oxumağı üçün köməklik edildi. Ailəsi kasıb olduğu üçün təhsil haqqını davamlı ödəyə bilmədi. Ona görə təhsilini yarımçıq qoyub, ordu sıralarına yazıldı. Əsgərliyini bitirəndən sonra orduda qalıb xidmətini davam etdirmək istəyirdi. Bu barədə mənə də demişdi". Z.Məhhərəmov özünün də həbçi olduğunu vurğulayıb: "Elnur bu yolu özü könüllü seçmişdi, heç kim məcbur etməmişdi”.
16-09-2022, 18:28
Müdafiə Nazirliyi Ermənistana çağırış etdiAzərbaycan Müdafiə Nazirliyi Ermənistana çağırış edib. Bu barədə nazirliyin yaydığı məlumatda qeyd olunub."Yanlış məlumatlar yaymaq əvəzinə, Ermənistan tərəfini atəşkəs haqqında əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq", - Müdafiə Nazirliyi bəyan edib.
16-09-2022, 18:25
Şəhid Nihat Gəncədə torpağa tapşırıldıErmənistanın təxribatı nəticəsində şəhid olan Nihat Nicat oğlu Verdiyev torpağa tapşırılıb.
Butov.az-ın məlumatına görə, 2003-cü il təvəllüdlü Nihad Verdiyevin nəşi Gəncə şəhər Cavad xan qəsəbəsində yaşayan ailəsinin evinə gətirilib. Şəhid Gəncədə Şəhidlər xiyabanında dəfn edilib. Dəfn mərasimində şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edib.
Əslən Daşkəsən rayonundan olan şəhid N.Verdiyev yaylım atəşi sədaları altında torpağa tapşırılıb. Allah rəhmət eləsin!
16-09-2022, 18:23
Hərbçilərimizin mühasirəyə düşməsi xəbəri yalandır - RəsmiErmənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir. Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur.
16-09-2022, 18:21
Pensiyalarla bağlı qanun yenidən dəyişdirilir“Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” və “Sosial xidmətlər haqqında” qanunlara dəyişiklik ediləcək. Bununla bağlı sənədlər birinci oxunuşda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Dəyişikliklər barədə məlumat verən parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən bir sıra qanunlara dəyişikliklər nəzərdə tutulub. Həmin sənəddə qeyd edilən tələbin sahəvi qanunlarda əks olunması onun daha işlək və tətbiqedilən olmasını təmin edəcək. Bununla əlaqədar olaraq, adı çəkilən qanunlara təklif olunan dəyişikliklər vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırlılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək. Qanun layihələri müzakirələrdən sonra birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
16-09-2022, 18:19
Pelosi Ermənistana səfər edəcəyini təsdiqlədiABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri dəqiqləşib.
Butov.az xəbər verir ki, Pelosi İrəvana səfər edəcəyi barədə məlumatı təsdiqləyib. "Ermənistana səyahət planımın ictimaiyyətə açıqlanmasından xəbərsiz idim",- deyə Pelosi bildirib. O, səfərlə bağlı əlavə məlumat verməyib. Lakin xarici KİV-də yer alan xəbərlərə görə, qalmaqallı spikerin Ermənistana səfəri həftəsonuna planlaşdırılır.
16-09-2022, 18:16
Qırğızıstan və Tacikistan prezidentləri Səmərqənddə görüşdülərQırğız Respublikasının Prezidenti Sadır Japarov və tacikistanlı həmkarı İmomali Rahmon Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətlə bağlı təkbətək danışıqlar aparıblar. Bu barədə Qırğız KİV-ləri məlumat yayıb. Bildirilib ki, iki ölkə liderləri atəşi dayandırmaq, qoşunların və vasitələrin təmas xəttindən çıxarılması barədə müvafiq strukturlara göstəriş verməyə razılaşıblar. İki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin rəhbərləri hadisə yerində fəaliyyət göstərəcək, hadisənin baş vermə şəraiti və səbəblərini araşdırmaq üçün komissiya yaradılacaq. Qeyd olunub ki, dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Qırğızıstan və Tacikistan Hökumətlərarası Komissiyasının işinin sürətləndirilməsi haqqında da razılıq əldə edilib.