27-11-2022, 20:33
KTMT-yə müdaxilə cəhdləri davam edəcək - Peskov“KTMT-ni parçalamaq cəhdləri həmişə olub”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O qeyd edib ki, təşkilatın işinə müdaxilə cəhdləri bundan sonra da olacaq. “Ancaq indi biz görürük ki, bütün çətinliklərə və hətta iştirakçı ölkələr arasında mümkün ziddiyyətlərə baxmayaraq, bu struktura hələ də tələb var. KTMT öz aktuallığını və effektivliyini Qazaxıstanda tam nümayiş etdirdi", - Peskov vurğulayıb.
27-11-2022, 20:31
Çini etirazlar bürüdü - Xalq ayağa qalxdıÇinin bəzi böyük şəhərlərində koronavirusla əlaqədar tətbiq edilən qadağalara, eləcə də Kommunist Partiyasına qarşı etirazlar keçirilir. Bu barədə AP və "Reuters" kimi Qərb agentlikləri məlumat yayıb. Bildirilir ki, Pekin, Şanxay, Quançjou və digər şəhərlərdə nümayişlər baş tutub. Sosial şəbəkələrdə etiraz aksiyaları ilə bağlı videolar yayımlanıb. Bəzi bölgələrdə polisin aksiyalara sərt müdaxilə etdiyi və etirazçıları dağıtdığı bildirilib. Noyabrın 25-dən bəri Çində ən azı 50 universitetdə müxtəlif etiraz aksiyaları keçirilib. KİV-in məlumatına görə, ölkədə etirazlar Urumçi şəhərində yaşayış binasında baş verən yanğın zamanı on nəfərin ölməsindən sonra başlayıb. Yerli sakinlər hesab edir ki, ölənlər sərt koronavirus məhdudiyyətləri səbəbindən binanı tərk edə bilməyiblər. Xatırladaq ki, noyabr ayında Çində epidemioloji vəziyyət pisləşib. Pandemiya ilə mübarizə aparmaq üçün səlahiyyətli şəxslər ciddi məhdudiyyətlər və məcburi PCR testi tətbiq edib.
27-11-2022, 20:29
Seçkidə qələbəmizə heç kim mane ola bilməz - Ərdoğan"2023-cü ildə keçiriləcək seçkilərdə tariximizin ən böyük qələbəsini qazanmağımıza heç kim mane ola bilməz". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda hakim partiyanın mitinqdə deyib. “Maliyyədən terrora qədər bütün vasitələrdən istifadə edərək xalqımızı boğmağa çalışan qlobal baronlara, imperialist quldur dəstələrinə təşəkkür etməyəcəyik”, - deyə Ərdoğan çıxışı zamanı bildirib. Qeyd edək ki, Türkiyədə gələn il parlament və prezident seçkiləri keçiriləcək.
27-11-2022, 20:26
İran parlamenti Şanxay Əməkdaşlıq Təşkilatına “hə” dedi İran parlamenti ölkənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu barədə "Tasnim" informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, parlamentin açıq iclasında İranın ŞƏT-ə üzvlüyü haqqında qanun layihəsi üzrə milli təhlükəsizlik və xarici siyasət komissiyasının hesabatına baxılıb. Parlament nümayəndələri ŞƏT-ə daxil olmağı təsdiqləyiblər. Sənədin qəbul edilməsinə 205 deputat səs verib. Xatırladaq ki, ŞƏT 2001-ci il iyunun 15-də Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan liderləri tərəfindən təsis edilmiş beynəlxalq təşkilatdır. Daha sonra Pakistan və Hindistan da təşkilata üzv qəbul edilib.
27-11-2022, 20:24
Kiyevə kömək etmək baha başa gəlir - NATO rəhbəriHazırkı münaqişədə rəsmi Kiyevə kömək etmək Qərb ölkələrinin sakinlərinə baha başa gəlir. Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib. O, Avropada ərzaq və elektrik qiymətlərinin artdığını deyib və bir çox avropalı ailələr üçün “çətin günlərin” gəldiyini diqqətə çatdırıb. Buna baxmayaraq, Stoltenberq Ukraynaya dəstəyi artırmağın zəruriliyini vurğulayıb. Baş katib eyni zamanda bildirib ki, hərbi yardım Kiyevin danışıqlar masası arxasında mövqelərini gücləndirməyə qadirdir.
27-11-2022, 20:22
DÇ-2022: Mərakeş sensasiyaya imza atdıQətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub. Günün ikinci matçında F qrupunda Belçika və Mərakeş komandaları üz-üzə gəliblər. Mərakeş rəqibini 2:0 hesabı ilə üstələyib. 73-cü dəqiqədə Abdelhamin Sabiri, 90+2-ci dəqiqədə isə Zakaria Aboukhlal fərqlənib. Afrika təmsilçisi xallarının sayını dördə çatdırıb və liderliyə yüksəlib. Belçika üç xalla ikinci, Xorvatiya bir xalla üçüncü sıradadır. Xalı olmayan Kanada seçməsi sonuncu yerdədir.
27-11-2022, 20:20
Daha 13 terrorçu zərərsizləşdirildi"Pəncəli şəhidlərimizin qanı yerdə qalmadı, 13 terrorçu zərərsizləşdirildi. Xain hücumun cavabı verildi. Zərərsizləşdirilən terrorçular arasında hücumu həyata keçirən xainlər də var". Bunu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar deyib. Nazir Akar əməliyyat başlayandan bu yana 480 terrorçunun zərərsizləşdirildiyini bildirib. Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı Admiral Ərcümənt Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan ilə birlikdə İraq sərhədindəki qoşunlarda apardığı araşdırma və yoxlamaları davam etdirib. Bu çərçivədə 3-cü Piyada Diviziya Komandanlığına gələn Akar, onu müşayiət edən TSK komandanlığı ilə Əməliyyat Mərkəzinə keçib. İraqın şimalında terror hədəflərinə qarşı davam edən "Pəncəli Kilid" əməliyyatına qatılan birliklərin komandirləri ilə video konfrans keçirən Akar, çətin və ərazi şərtlərinə baxmayaraq əməliyyatın planlaşdırıldığı kimi uğurla davam etdiyini bildirib.
27-11-2022, 20:19
"Neftçi" "Səbail"ə qalib gəldiFutbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib. Günün yeganə matçında "Neftçi" "Səbail"i qəbul edib. Qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin qollarını 27, 51 və 77-ci (hər ikisi penalti) dəqiqələrdə kapitan Emin Mahmudov vurub. "Dənizçilər"də Rafael Məhərrəmli 63-cü dəqiqədə fərqlənib. Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. "Səbail" 10 xalla yeddinci sıradadır. Qeyd edək ki, XV turun "Şamaxı" - "Kəpəz" və "Qarabağ" - "Zirə" oyunları noyabrın 28-də, "Turan Tovuz" - "Sabah", "Sumqayıt" - "Qəbələ" görüşləri isə noyabrın 29-da olacaq.
27-11-2022, 20:17
Rusiya qalib gələ bilməz - ŞoltsAlmaniya kansleri Olaf Şolts əmindir ki, bütün Qərb dövlətləri tərəfindən dəstəklənən Ukraynaya qarşı müharibədə Rusiya qalib gələ bilməz. Kansler bunu Brandenburq ştatının Kottbus şəhərində keçirilən konfransda deyib: "Almaniya və digər tərəfdaş ölkələrin Ukraynaya dəstəyini nəzərə alsaq, getdikcə daha aydın olur ki, Rusiya bu müharibədə nəinki qalib gəlməməli, hətta qalib gəlməyəcək".
27-11-2022, 20:15
Mövqelərimiz 4 istiqamətdə atəşə tutulduNoyabrın 27-si saat 15:45-dən saat 16:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bundan başqa, noyabrın 27-si saat 11:30-dan 16:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri də yenidən atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.