Gürcüstan sülhə maraqlıdır və öhdəliklərini yerinə yetirməyə hazırdır
"Gürcüstan Cənubi Qafqazda sülhün olmasında maraqlıdır və bunun üçün öz üzərinə konkret öhdəliklər götürməyə hazırdır". Bunu hakim “Gürcü arzusu”ndan olan deputat Mixail Sarjveladze deyib. "Regionda, bizə yaxın ərazidə hərbi əməliyyatlardan heç kimə fayda gələ bilməz. Gürcüstan sülhdə maraqlıdır və səylərimizin səmərəli olması üçün üzərinə konkret öhdəliklər götürməyə və konkret funksiyaları yerinə yetirməyə hazırdır", - deyə deputat bildirib.
Polşanın baş naziri Ukraynaya hərbi dəstəkdən danışdı
Polşanın baş naziri Mateuş Moraveyski Ukraynaya tank tədarükündən danışıb. O, yeni koalisiyanın yaradılması ehtimalına münasibət bildirib. "Almaniya "Leopard" tanklarının tədarükünə razı olmasa, biz daha bir koalisiya yaradacağıq. Ukraynada qan tökülməsinə passiv şəkildə oturub baxmayacağıq. Almaniya ilə və ya Almaniyasız Ukrayna və Avropa bu müharibədə qalib gələcək. Biz müasir texnikaların bir hissəsini "qurban verməyə" hazır olan ölkələrdən ibarət daha kiçik bir koalisiya yaradacağıq", - deyə Moraveyski söyləyib. O əlavə edib ki, Almaniyanın mövqeyi qəbuledilməzdir və əgər Berlin tankların tədarükünə mane olmadığını deyirsə, onda Berlinin tankalrın göndərilməsini dəstəkləməsi ilə bağlı konkret bəyanatlarını eşitmək istərdi.
Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın sabiq baş naziri Boris Consonla görüşüb. Bu barədə "Unian" məlumat yayıb. Görüş Consonun Ukraynaya səfəri çərçivəsində baş tutub. "Kiyevdə Ukraynanın gerçək dostu Boris Consonu salamlayıram. Dəstəyə görə çox sağ ol, Boris!", - deyə Zelenski qeyd edib.
İstanbulda Avropanın ən sürətli metro xəttinin açılışı oldu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Avropanın ən sürətli metro xəttinin açılışını edib. 1 ay müddətinə metrodan istifadənin pulsuz olacağı elan olunub. 34 kilometrlik yeni metro xəttində 90-120 kilometr/saat sürətini yığmaq mümkün olacaq. İnkişaf planına əsasən, xətt gələcəkdə 69 kilometrə çatdırılacaq.
Dünyada yeni hərbi ittifaq yarana bilər - Medvedev
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev Ramşteyn görüşünə münasibət bildirib. O, "Telegram" kanalında bu barədə yazıb. "Ramşteyndəki görüş və Kiyevə ağır silahların verilməsi heç bir şübhə yeri qoymur ki, düşmənlərimiz sona qədər bizi yormağa, məhv etməyə çalışacaqlar. Və onların kifayət qədər silahları var. Lazım gələrsə, yeni silahların istehsalına başlayacaqlar. Dünyada yeni hərbi ittifaq yarana bilər", - deyə Medvedev qeyd edib.
Rusiyadan illərdir davam edən enerji asılılığından qurtulduq - Borrell
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Rusiyadan enerji asılılığı barədə danışıb. O, "Diario" qəzetinə müsahibəsində bu mövzuya toxunub. Borrel bildirib ki, Avropa İttifaqı Rusiyadan enerji asılılığından qurtulub. "Bir neçə ay ərzində biz Rusiya Federasiyasından illərdir davam edən enerji asılılığını aradan qaldırdıq", - o deyib. Borrelin fikrincə, enerji bazarındakı gərginliyi artıq Ukrayna hadisələri ilə əlaqələndirmək olmaz. "Bu, enerji sektorunda struktur problemidir və xüsusən də qaz və elektrik enerjisi qiymətləri arasındakı əlaqədir", - deyə Aİ rəsmisi söyləyib. Borrel Ukraynaya tank verilməsi məsələsinə də toxunaraq bunun Almaniyanın mövqeyi ucbatından gecikdiyini bildirib və Kiyevə tank tədarükü məsələsini vacib hesab etdiyini vurğulayıb.
Azərbaycanın Əməkdar artisti, "Toppuş bacı" kimi tanınan Tünzalə Əliyeva vəfat edib. Bu barədə sosial şəbəkələrdə onun sənət dostları yazıb. T.Əliyeva uzun sürən ağır xəstəlikdən sonra 49 yaşında dünyasını dəyişib. Qeyd edək ki, sənətçi 1973-cü ildə Gəncədə anadan olub. Allah rəhmət eləsin!
Yanvarın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
Azərbaycanın 2 boksçusu Millətlər kubokunda qızıl medal qazanıb. Bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib. Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kuboku davam edir. Yarışın beşinci günündə final döyüşlərinə start verilib. Həlledici görüşlərdə ilk olaraq Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb. Yeniyetmə boksçuların mübarizəsində yarımfinalda macarıstanlı Patrisiya Petrimanı məğlub edən Banuçiçək Nəsirli (46 kq) növbəti görüşündə onun həmyerlisi Roksana Talpasla üz-üzə gəlib. Finalda rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edən təmsilçimiz qızıl medala yiyələnib. Nəsirlinin uğurunu Emili Rzayeva da təkrarlayıb. Gənclərin yarışında 66 kq çəkidə rinqə çıxan Avropa çempionu serbiyalı Anastasiya Boskoviçdən güclü olub. O, 4:1 (30:27, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qələbə qazanaraq qızıl medala layiq görülüb. Nəticədə milli komandamızın qazandığı mükafatların sayı 8-ə çatıb. Nəsirli ilə Rzayevadan öncə məktəbli boksçular arasında Səma Hüseynova (54 kq), gənclərdə Aysu İsmayılova (48 kq), Nərmin Əlizadə (50 kq), böyüklərdə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq) və Esmira Məmmədova (63 kq) bürünc medala sahib olublar. Qeyd edək ki, 13 ölkədən 100-dən çox idmançının qatıldığı Millətlər Kubokunun sonuncu günündə daha 3 boksçumuz final qarşılaşmasına çıxacaq. Gənclərdə Lalə Mədətova (48 kq) rumıniyalı Mihaela Badesku ilə, Aynur Mikayılova (52 kq) serbiyalı Draqana Yovanoviçlə, böyüklərdə Şəhla Allahverdiyeva ingiltərəli Dion Burmanla üz-üzə gələcək.
Zelenski xalqını Birlik Günü münasibətilə təbrik etdi
Ukrayna prezidenti Volodimir Zelenski xalqı Birlik Günü münasibətilə təbrik edib. Bu barədə "Unian" məlumat yayıb. "Ukrayna vahiddir, ona görə də güclüdür. Ukrayna güclüdür, ona görə də vahiddir. Birlik Gününüz mübarək, məğlubedilməzlər", - deyə o söyləyib. Qeyd edək ki, bu gün Ukraynada Birlik Günüdür.