Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
17-02-2023, 07:24
Hərbi qulluqçumuz kursu birinciliklə bitirib

Hərbi qulluqçumuz kursu birinciliklə bitirib

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçusu kapitan Yaqubov Tural Ağaəli oğlu Türkiyə Respublikasında təşkil olunan kursu birinciliklə bitirib.
Türkiyənin Hava Tədris Komandanlığının məktəblərindən birində keçirilən ingilis dili kursunda Azərbaycan, Türkiyə, Qırğızıstan, Gürcüstan, Ukrayna və Mavritaniyadan olan hərbi qulluqçular iştirak ediblər.
Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar təqdim olunub.

17-02-2023, 07:18
Ramiz - qəhrəmanlıq, igidlik rəmzi ...


Ramiz - qəhrəmanlıq, igidlik rəmzi ...

Nədir qəhrəmanlıq?..
Türk şairi Hüseyn Nihal Adsız deyir:
Qəhrəmanlıq
nə yalnız
bir yüksəliş deməkdir,
Nə də ulduzlar kimi
parlayıb sönməməkdir.
Qəhrəmanlıq ...
içərək
acı ölüm tasından,
İrəliyə atılmaq
və sonra dönməməkdir.


Dahi Azərbaycan filosofu Asif Əfəndiyev (Asif Ata) yozumu və qənaəti,- açımı,
anlamı tam fərqlidir. Filosofa görə, qəhrəmanlığın mayasında dörd mühüm əlamət cəmləşib; Yalnız Bütöv qəhrəmanlıq, yalnız Kamil qəhrəmanlıq , yalnız Mütləq qəhrəmanlıq, yalnız Sonsuz qəhrəmanlıq – Qəhrəmanlıqdır.
Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik – leytenantı, USTA dərəcəli pilot, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Vaqif oğlu Qasımovun şərəfli döyüş yoluna nəzər salanda “Qəhrəmanlıq nədir?” sualının cavabını hər kəs çox aydın şəkildə dərk etmiş olur. Çünki onun rəşadəti Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Çünki o, 2020-ci il sentyabrın 27-də başalyan II Qarabağ müharibəsi zamanı savaşın ilk saatlarından başlayaraq “SPAYK” uzunmənzilli raketlər ilə silahlanan “Mİ - 17” hücum helikopteriylə səmaya qanadlanan, cəbhənin Tərtər – Suqovuşan – Ağdərə istiqamətində erməni hərbi birləşmələrinin strateji əhəmiyyətli hədəflərinə sarsıdıcı zərbələr endirən ilk pilotdur.
Polkovnik – leytenant Ramiz Qasımov 1975-ci fevralın 17- də Jdanov (indiki Beyləqan) şəhərində anadan olub. 1981-ci ildə şəhər 4 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1992-ci ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə qəbul olunan R. Qasımov 1997-ci ildə həmin məktəbi yüksək təhsil göstəriciləriylə bitirmişdir.
Ramiz Qasımov 1992-ci ildən etibarən Azərbaycan Hərbi Hava Qüvvələrinin Xəzər rayonu ərazisində yerləşən Qala hərbi aviabazasında xidmətə başlamışdır. O, xidmət etdiyi müddətdə Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında olan bütün tip helikopterlərdə uçuşlar həyata keçirmişdir...

15 il öncə.
14 fevral 2008-ci il idi. Axşamdan güclü qar yağmışdı Bakıya. Hava şaxtalı, yollar buz bağlamışdı. Ancaq... Qala kəndindəki “N” saylı hərbi hissədə keçiriləcək rəsmi tədbirdə iştirak etmək üçün biz,- Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə xanım, Milli Qəhrəman Tahir Bağırovun həyat yoldaşı Leyla xanım və övladları Ariflə Tahir hər şeyə rəğmən yol üstəydik. Çünki tədbirə qatılmağımız vacib idi.
Tədbirdən sonra nahar süfrəsində yanımda əyləşən gənc pilotla təmasda oldum. Söhbətləşdik. O, əvvəlcə tədbirdəki çıxışımla, oxuduğu “Səma şahini” kitabımla bağlı bəzi suallar verdi. Soruşdum:
- Hansı rayondansan?
Dedi:
- Beyləqandan. Adım Ramizdir. 33 yaşım, Gülanə adlı bir qızım var.
Nahar bitdi. Mən MQ C.Rəhimovun yatağını ziyarət etdim, ona aid olan və tumbuçkasında toxunulmadan saxlanan əşyalara baxdım. Bu müddətdə qonur gözlü həmin gənc də bizimlə bərabər oldu. Ayrılarkən mən onun,- xoş rəftarlı, yapışıqlı, enerjili, alovlu baxışlarıyla diqqəti cəlb edən Ramizin gözlərinə baxdım. O gözlər sanki deyirdi, “Qəhrəman səma şahinlərimiz haqqında yazmaq, onları təbliğ etmək çox vacibdir. Əlləriniz yorulmasın ”.
Taleyin qismətinə bax ey !.. Bu gənc ədəb-ərkanlı Ramiz Qasımov idi ...

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq erməni hərbi birləşmələri Tovuz rayonu ərazisinin sərhəd zonasında Azərbaycan Sərhəd Xidmətinin mövqelərini iriçaplı artilleriya qurğularından atəşə tutdular. Dərhal əks həmlə ilə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cavab atəşi açdılar və düşmən təxribatının, növbəti hücum cəhdinin qarşısı alındı. Sərhəddə ayıq-sayıq dayanan döyüşçülərimizin sərrast atəşi nəticəsində qarşı tərəfin cəmləşdiyi nöqtələr müəyyən edilərək həmin istiqamətə sarsıdıcı zərbələr endirildi. Beləliklə, intensiv keçən ilk döyüş günündə erməni hərbi birləşmələrinin atəşi səngiməyə başladı. Döyüşün ilk saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3-ü şəhid oldu, 4 nəfər isə yaralandı.
İyulun 12-dən 13-nə keçən gecə də Dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin döyüşlər davam etdirildi. Ordu Korpusunun və Azərbaycan Hərbi Hava Qüvvələrinin qatıldığı hərbi toqquşma zamanı artilleriya və minaatanların, həmçinin döyüş helikopterlərinin tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi nəticəsində əks tərəfin artilleriya qurğuları və çox sayda canlı qüvvələri məhv edildi. Düşmənin dayaq məntəqələrinə və canlı qüvvəsinə havadan endirilən zərbələr, məhz Ramiz Qasımovun idarə etdiyi “Mİ-17” döyüş helikopterindən endirilmişdir.
İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam etdi. Nəticədə erməni hərbi birləşmələrinin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə darmadağın edildi.
Bu döyüşlər zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında olan və “SPAYK” uzunmənzilli raketlərlə silahlandırılan “Mİ - 17” hücum helikopteri məhz polkovnik – leytenant Ramiz Qasımov tərəfindən idarə edilmişdir.
2020-ci il sentyabrın 27-də səhər saat 6 radələrində Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, artilleriya qurğularından intensiv atəşə tutuldu. Ölənlər, yaralananlar və dağıdılan mülki obyektlər oldu. Ona görə, düşmənin döyüş fəaliyyətinin qarşısını almaq məqsədiylə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən bütün cəbhəboyu zonada əks-hücum əməliyyatlarının başlaması barədə ƏMR verildi.
Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Ramiz Qasımov otuz ilə yaxın işğal altında olan Qarabağın və ətraf rayonların azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı “SPAYK” uzunmənzilli raketlərlə silahlanan “Mİ - 17” helikopterinin heyətində Suqovuşan və Talış kəndləri istiqamətində düşmənin hərbi hədəflərini məhv etmək üçün havaya qalxdı. O, “Dağlıq Qarabağ” separatçı rejiminin müdafiə ordusu tərkibindəki Hava Hücumundan Müdafiə (HHM) Qoşunlarının arsenalında olan üç ədəd (hər biri 10.300.000 ABŞ dolları dəyərində) “9K33 OSA” ZRK (ümumilikdə 30.900.000 ABŞ dolları dəyərində) və bir ədəd Repellent “P-19” Radiolokasiya stansiyasını dəqiq atəş zərbələriylə məhv etdi. Məhv edilən dördüncü qurğu isə Rusiya istehsalı olan Repellent “P-19” radiolokasiya stansiyasıdır ki, həmin qurğu da uzaq məsafədən Pilotsuz Uçuş Aparatlarının (PUA) idarəetməsini ələ almaq gücünə malikdir və iş rejimini pozaraq məhv edə bilir. II Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun arsenalında olan Pilotsuz Uçuş Aparatlarından (PUA) geniş istifadə olunduğunu nəzərə alsaq həmin qurğuların məhv edilməsi önəmli hədəflərdən biri idi.
Beləliklə, həmin qurğuların polkovnik-leytenant Ramiz Qasımovun idarə etdiyi “Mİ - 17” hücum helikopteri tərəfindən məhv edilməsi Azərbaycan Ordusunun Tərtər- Suqovuşan – Ağdərə istiqamətində artilleriya üstünlüyünə sahib olması üçün mühüm şərait yaratdı.
Daha bir önəmli məqam da ondan ibarət idi ki, polkovnik – leytenant Ramiz Qasımov o gün hədəfləri sıradan çıxarmaq üçün havaya nəzərdə tutulduğu vaxtdan 20 dəqiqə tez qalxmışdı.

... Həmin gün polkovnik - leytenant Ramiz Qasımov uğurlu əməliyyatdan sonra bazaya geri dönürdü. Helikopter Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi istiqamətində olan zaman düşmənin Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) bölmələri tərəfindən vuruldu. Nəticədə helikopter sürətlə hündürlüyünü itirməyə başladı və idarəolunmaz həddə çatdı. Bu zaman R.Qasımov bortda olan digər iki nəfər heyət üzvünə “atılma” əmrini verdi. Özü isə “Mİ -17” hücum helikopterinin min beş yüz nəfər əhalinin yaşadığı Azad Qaraqoyunlu kəndinin yaşayış evlərinin üstünə düşməməsi üçün onu xüsusi ustalıqla boş sahəyə yönəldə bildi və nəticədə helikopter yaşayış məntəqəsindən uzağa,- boş əraziyə istiqamətləndi. Cəsur pilot son anda paraşütlə atılsa da, ağır zərbə aldı. Havada ikən düşmənin intensiv atəşinə məruz qaldığından paraşüt dəlik-deşik olmuş, Ramiz Qasımovun bir qolu qoparaq sallaq vəziyyətdə qalmışdı.
Kənd adamları vəziyyəti həyəcanla izləyir, hadisə yerinə doğru hərəkət edirdilər. Lakin hər şey çox gec idi. Bununla belə camaat cəsur pilotu döyüş zonasından uzaqlaşdırsalar da, Ramiz Qasımov qan itirmişdi. Əli adlı bir mülki vətəndaş onu şəxsi maşını – “Niva”sı ilə təcili olaraq Bərdə rayon xəstəxanasına çatdıra bildi. Xaliq həkim ilk tibbi yardım etsə də, bu yetərli deyildi. Bundan sonra onu Silahlı Qüvvələrin Baş Hospitalına apardılar.
Polkovnik – leytenant Ramiz Qasımov uzun müddət koma vəziyyətində qaldıqdan sonra oktyabrın 22-də gözlərini əbədi yumdu. O, II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Vaqif oğlu Qasımov (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medallarıyla təltif olunmuşdur.
R.Qasımov ailəli idi. Həyat yoldaşı Günel, övladları Gülanə, Gülay və babasının adını daşıyan Vaqif bu gün “Vətən sağ olsun !” deyib ulu Yaradana dua edirlər.

... Ali Qəhrəmanlığa – Şəhidlik zirvəsinə ucaldı polkovnik-leytenant Ramiz Qasımov. Əbədi olaraq Tanrı dərgahında, gül bağçalarında nur içində uyuyur Şəhidim.

Sabir Arazlı Özgün

17-02-2023, 07:08
MƏNİM GÖZƏL TÜRKİYƏM

MƏNİM GÖZƏL TÜRKİYƏM

Bütün dünya bilir ki,
Sənin bayrağın enməz!
Bağrını min dərd sarsın,
Türk sarsılar, əyilməz!
Ey əziz qardaş ölkə,
Mənim gözəl Türkiyəm!
Sənə göz dəydi, nədi?!
Bəlkə mələklər deyə,
Bu nə tale, nə bəxtdi?!
Allah özü qorusun
Səni bu imtahandan!
Zəlzələlər, yanğınlar
Qoy əl çəksin yaxandan!
Axı, dünənə kimi
Dünya səni anırdı,
Görüb xoş növrağını,
Sevib xoş məramını
Qoynuna can atırdı.
Səfalı yaylaqların,
Çölün, çəmənin, bağın,
Dənizlərin, cayların
Aləmə "Gəl!" deyirdi.
Nə oldu birdən- birə
Fələyin çərxi çöndü?!
Ğül-çiçəkli Türkiyə
Bir gecənin içində
Qorxunc kabusa döndü?!
Bu bəla hardan gəldi,
Bu külək hardan əsdi?!
Yer yerindən oynadı,
Anaların fəryadı,
Balaların imdadı
Ucaldı, ərşə qalxdı.
Gözəl evlər, binalar
Yerin dibinə çökdü.
Xoşbəxt yurdlar, yuvalar
Xarabalığa döndü.
Vallah, belə zor olmaz,
Türkün bəxti kor olmaz!
Gözlərim qan ağlayır
Bu halını görüncə,
Mənim gözəl Türkiyəm!
Sənə qıcanan dişlər,
Sənə uzanan dillər,
Xain əllər, xəbislər,
Daha kimlər, kimsələr
Hələ az imiş, sanki--
Bir dərd də...heçdən gəldi,
Ğöydən, ya yerdən gəldi?!
Mənim gözəl Türkiyəm,
Dost qəlbi kövrək olar.
Səni məyus görəndə
Ürək alışar, yanar.
Eşit, gözəl Türkiyəm:
Sənin dərdin-- dərdimiz,
Kədərin-- kədərimiz!
Hər dəqiqə, hər bir an
Yanındayıq sənin biz!
İnşallah, tez sağalar
Yaraların, Türkiyə!
Təki, başın sağ olsun,
Tanrı türkü qorusun!
Qoy yaşasın, var olsun
Bu dostluq, bu qardaşlıq,
Azərbaycan-- Türkiyə!!!
Mirzə Yusif
17-02-2023, 07:02
MAVİ SƏMANIN XOŞ NƏVASI


MAVİ SƏMANIN XOŞ NƏVASI

Hazırda qarşımdakı əlyazması şəklində olan kitab özbək qızı Zilalə Xocaniyazovanındır (tərcüməsi gənc özbək şairi Rəhmət Babacana aid). Başdan-başa təbiət lövhələri, qədirbilənliklə ata-ana məhəbbəti, sevinc-kədər hissləri, uşaqlıq-gənclik coşqusu, gecənin zülməti – gündüzün parlaq işığı, kədərli mahnılar – şaqraq gülüşlər, həsrət ağrısı, həsrət ümidi – bir sözlə, insan ömrünü bəzəyən bütün naxışlar, ilmələr bu kitabda boxçalanıb.
Günəş işığından, dan nəfəsindən
Əlində bir dəstə çiçək var idi.
Ürəyim quş kimi çıxdı qəfəsdən,
Hər yan payız, qəlbimdəsə yaz idi.
Lirik, poetik tablo! Günəş nurundan, dan şehindən çiçək dəstəsi! Təbiətin bakirə anından bir qucaq şeir çələngi toxumaq, payızda yaz qoxusu, bahar dadı bilmək – bunlar ruhun yaşadığı ovqatdır! Şair bağrını eşqə saran duyğulardır! Bu duyğular “lirik mən”in qapısını qəflətən döyən,
Bəli, bir gün birdən, bilməm qəfildən...
Könül qapısını döyüb gəldi Bəxt.
– tale qismətinin yaşantılarıdır.

Başqa bir şeirinə nəzər yetirirəm – şairə hisslərini bəzən dərvişanə notlarda qafiyələndirir:
Aşiq qəlbə qara dünya,
Səhv düşənə cəza dünya,
Bil, əsil dost Allah — dünya,
Gəl, dostum, sənə təşnəyəm,
Bu gün dərdə aşinayam.

Özbəkistana səfərim çərçivəsində iki dəfə Dormanda – Yazıçıların Yaradıcılıq Evində olmuşam. Gözəl təbiəti, havası mülayim, suyu doyumlu, sözün gerçək mənasında, yaradıcı insan ruhuna sığal çəkəcək bir məkandır. Xoş nəvalı bağ-bağatı şair ilhamına “bir şeir də mənə yaz” – deyə pıçıldar. Belə bir yerdə şeir qoşmamaq mümkünmü?
Ah, Dorman bağları sərin, füsunkar,
Şairlər məskəni, ilham vətəni.
Payız ağuşunda gözəl, bənzərsiz,
Qızıl rəngə çalar Dorman bağları.

– şeiri oxuduqca musiqi kimi səslənir. Ümumiyyətlə, Zilalə xanımın şeirlərinin ruhunda xoş bir nəva duyulur, sanki hansısa mahnıya yazılmış sözlərdir. “Qara gözüm” şeirini oxuduqca öz-özünə zümzümələnir, nəğmə kimi.
Zilalənin şeirlərində Ana mövzusu – ana məhəbbəti, ana laylası, ana həsrəti, ana ağrısı xüsusi yer tutur. Ana-bala, ana-qız bağlılığı bir ayrı incəlik, bir ayrı sehrdir:
Anam – unudulmaz nağılım,
ən həzin, ən məsum nağılım,
Həmişə yaxşılıq diləyən,
ən qədim nağılım.
Anam - mələyim
ağ köynəyindən
hər gecə mənə libas biçər.
Uzuun, lap ayaqlarımacan,
ətəyi topuğumu öpər.
Anam – unudulmaz nağılım,
ən qədim nağılım.

Ürəyə qubar gətirən bu misralar Ana həsrətimi, yoxsa Ana ağısımı?! Anadan nə qədər yazsaq da nə qələm yorular, nə ruhun sakitləşir, heç əl də kağızdan qopmur, yazdıqca sözlər, misralar hey axır.
Bütün bu şeirlərin ruhuna, ahənginə bələd olandan sonra düşünürsən ki, şair üçün – bu misraların müəllifi üçün şeir nədir? Bir şair kimi özünü zamanın hansı fövqündə hiss edir? Cəmiyyətdəki tutduğu mövqe nədir? Misralar arasında cavab tapmaq elə də çətin olmur. Əslində, şeir yazmaq ruh məsələsi, könül çırpıntısıdır. Şairlik isə o çırpıntıları sözlə naxışlamaqdır. Ona görə də Zilalə xanımın ürəyi nə diktə edibsə, onu yazıb. Şeir qəm yüküdür. Şeir insan qəlbində yaşananların, hisslərin, ruhun üsyanıdır. Bəlkə də buna görə şairlər mənəvi aləmin vətəndaşları hesab edilir. O, həmişə öz aləmində özü-özünü həm kəşf edir və həm də ifa edir. Öz dünyasında həm xoşbəxtdir, həm də nisgilli.
Zilalə xanımın tərcümeyi-halı ilə tanış oluram: yazla yayın qarşı-qarşıya gələcəyi günlərin birində – 1973-cü ilin 16 iyun sabahı ata-anasının taleyinə günəş kimi doğub. Adını Zilalə (Zilola) qoydular. (Zilalə adının mənası “Mavi səma” deməkdir. Azərbaycanda belə qız adı olmasa da, özbək qızlarına qoyulan və çox da sevilən bir addır. Baxtına həm də şeir yolu yazılmış bu xanım 2002-ci ildən Özbəkistan Yazıçılar Birliyinin üzvüdür. Uluğbəy mükafatı laureatıdır. “Ürəyimdə bir çiçək bitir”, “Qəlb yolu” “Həsrət pıçıltıları” şeir kitablarının, eyni zamanda “Publisistika və gəncliyin siyasi idealı”, “Kütləvi informasiya vasitələri və ictimai nəzarət”, “Qloballaşma şəraitində gənclərin mənəviyyatı”, “Ailə – tarix və inkişaf silsiləsində” adlı elmi-publisistik risalələrin (kitabçaların) müəllifi, “Vətən üçün yaşayaq!”, “Yeni Özbəkistan”, “Qadına ehtiram” respublika müsabiqələrinin qalibidir. Uzun illər Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Özbəkistan Respublikası Dövlət Əmlak Komitəsinin nəşriy¬yatın¬da, hazırda isə Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında Agentliyin “Standart” jurnalının baş redaktoru vəzifəsində çalışır”. Müsahibələrinin birində qeyd etdiyi kimi, “cəmiyyətdə mən də hamı kimi yerimlə, işimlə, ailəmlə, övladlarımla məşğulam. Təbii ki, könül adamı olan şairin cəmiyyət ölçülərində yaşaması çox çətindir. Əsas odur ki, cəmiyyətdəki fəaliyyətimdə xalqımın, ölkəmin inkişafına töhfə verə bilim”.
Hər şairin poeziya aləminə qədəm qoymasının qısa bir hekayəti olur. Zilalə xanımın ilk hekayəsi belə başlayıb: “Birinci şeirimi 6-cı sinifdə yazmışam. Yadımdadır, o vaxt ədəbiyyat müəllimimiz şagirdlərə tapşırıq verirdi ki, evdə sərbəst mövzuda şeir və ya inşa yazsınlar. O vaxt “Kəpənək” adlı şeir yazmışdım. Müəllimimiz həmin şeirimi bütün sinifə oxudu və alqışladı”. Qısaca xatırlanan həmin gün bu qızcığazın qəlbini söz eşqinə təşnə edib. İçində o günü – alqışları, tərifləri göyərdərək ədəbiyyata, şeirə könül bağlayıb. Həmin günü əfsanəyə çevirən notların dörd misrası belədir:
Güldən gülə qonarsan,
Ey, zərxallı kəpənək.
Sənə baxsam könlümdə
Oyanar parlaq arzu.

Elə həmin parlaq arzunun qanadlarında taleyini sözün, misraların sehrinə büküb. Təbii ki, istedad ilahi hadisədir, poeziya ilhamın məhsuludur. Nə qədər çətin və zəhmətli iş olsa da, ilhamsız yaradıcılıq nümunəsi yüksək səviyyəyə qalxa bilməz. Bəli, gözəl sənət əsərləri yaratmaq üçün təkcə ilham kifayət etmir. Çox oxumaq, oxuyarkən layiqli və mükəmməl əsərlər tapmaq yaradıcının mənəvi dünyagörüşünün, fəlsəfi təfəkkürünün, dünyanı daha dərin qavramasının əsas mənbəyidir.
Zilalə xanımın şeirlərində ən çox “hansı mövzular üst qatda görünür” marağı ilə şeirlərini bir daha başdan-başa oxumağa ehtiyac qalmadı. İlk şeir kitabının adı “Həsrət pıçıltıları”dır. Özünə ustad hesab etdiyi özbək şairəsi Həlimə Əhmədova həmin kitabına ön söz yazarkən “şeirlərində həsrət notları çoxdur” qərarını xüsusi olaraq qeyd edib. Bu mənada da deyə bilərik ki, şeirlərində həsrət mövzusu – yurd həsrəti, ata-ana həsrəti, bahar həsrəti, qismət həsrəti və s. kimi sətirlərdə dolaşan misralar onun həsrət narahatçılığını qabarıq görünür.
Yaxşı şair adını almaq üçün çox yazmaq, çoxlu kitab çap etdirməkmi lazımdır? Müdrik insanlarda “sənətdə və ədəbiyyatda keyfiyyət kəmiyyəti müəyyən edə bilər” – fikri çoxlarına məlumdur. Ədəbiyyatda önəmli olan nə qədər yazmaq deyil, necə yazmaqdır. Təəssüflər olsun ki, bugünkü ədəbiyyat aləmində də bir neçə kitabı işıq üzü görsə də, amma bir sətri də sevənlər tərəfindən oxunmayan çoxlu sayda “şair” var. Eyni zamanda, çox az sayda çapdan çıxmış böyük sənətkarlar da var. Hətta hər bir sətri pərəstişkarlarının qəlbində, ruhunda dolanan, amma təbliğatı unudulmuş böyük sənətkarlarımız da var. Bu kontekstdə yanaşanda hazırda qəribə bir şeir təbliğatı silsiləsi yaranıb. Baxırsan ki, bir şairin şeirləri Afrikada, Şimallı-Cənublu Amerikada, Avropa və Asiyada boya-boy nəşr olunur: jurnallarda və ya onlayn PDF-lər vasitəsilə. Bir-ikisini oxuyandan sonra bu şeirlərin dünya çapında olmadığını da görürsən. Sakitcə ötürürsən, daha elə “dünyaca məşhur şairin” ən gözəl şeirləri belə gözündən düşür. Belə dünyəvilik poeziyanı gözdən salmaqdır, yoxsa qoy belə də olsun, onsuz da zaman öz ələyi “sirat körpüsü” kimi qarşıdadır. Şeir qəlb nidası olaraq doğulur, “poetik söz eşq suyundan, iztirab torpağından yaranır”. Əslində bu işıqlı dünyada deyilməyən söz qalmayıb. Sənətkarın istedadı bu köhnədən yeni söz, yeni nəfəs, yeni mövzu tapmaqda görünür. Simurq quşunun dimdiyindən yenidən doğulması fəlsəfəsini xatırlamaq yerinə düşər. Yüzlərlə mütəfəkkirin yetişdiyi ölkələrimizdə öz sözünü, öz səsini tapmaq asan deyil.
Zülalə xanımın qəlbinin nidasını bura köçürmək istədim: “Ən çox yazmaq istədiyim mövzu Vətən hissi, milli dəyərlərimiz, bu xalqın ürəyində olan ana dilimizin taleyi, arzu və sevincləridir. Kim olmağımızdan asılı olmayaraq, hər şeydən əvvəl biz bu ölkənin övladlarıyıq, onun dərdi, kədəri, xoşbəxtliyi, kamilliyi bizdən ayrı deyil”.
Bu günkü şairlər klassik, yoxsa müasir üslubda yazmağa önəm verirlər marağı ilə da bəzi məqamlara toxunmaq istədim. Ulularımız “sözdə sehr, şeirdə hikmət var” – deyiblər. Bu qədim deyim, sözə-şeirə verilən yüksək qiymət qələm əhli üçün bir meyardır. Doğrudan da, şeirdə hikmət və elm-mərifət təcəssüm olunmalıdır. Xüsusən də bu meyarı klassik, ənənəvi poeziyamızda daha çox görə bilərik.
XX əsrə qədər qardaşlıq-dostluq çərçivəsində uğurla davam edən ədəbi ənənə, ədəbi təsir məsələsi bu gün də davam edir. Bu günkü gündə XXI əsrdə iki xalq arasında ədəbi-mədəni əlaqələrin inkişafı gənclikdən asılıdır. Gənclərimiz də bu missiyanı doğru istiqaamətləndirib, üfüqlər aydın görünür.
Üfüqünüz aydın olsun, Zilalə xanım! Azərbaycan oxucularına təqdim etdiyiniz şeir çələnginiz mübarək olsun!
“Günəş — göyün əbədi dəyirmandaşı!” - deyərək poetik lövhə cızan Zilalə xanım Vətən eşqli, Yurd məhəbbətli, Turan sevdalıdır”
Ey Turan oğlu, qalib oğlan,
Vətənin cəsur keşiyində ol!


Almaz Ülvi
filologiya elmləri doktoru


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!