13-03-2023, 23:52
İqtisadiyyatımızdakı artım dünya rekordu hesab oluna bilər - İlham ƏliyevSon 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Düşünürəm ki, bu, dünya rekordu hesab oluna bilər. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib. “Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub. Faktiki olaraq, bu, mənim bir neçə il bundan əvvəl hökumətin qarşısında qoyduğum hədəf idi”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
13-03-2023, 23:50
Güləşçimiz Avropa çempionatının finalına vəsiqə qazanıbBu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa çempionatı start götürüb. Yarışın ilk günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıblar. Milli komandamızın üzvü Xasay Həsənli (77 kq) qitə birinciliyinə inamlı start verib. Ötən il analoji yarışın qalibi olan pəhləvanımız əvvəlcə türk Şahan Acara (10:0), daha sonra isə litvalı Aistis Liauqminasa (9:0) tam üstünlüklə qalib gəlib. Yarımfinalda ukraynalı Nikita Politayevdən (5:1) güclü olan X.Həsənli martın 14-də finalda moldovalı Aleksandrin Qutu ilə üz-üzə gələcək. Rahim Həsənov (55 kq) dörddəbir finalda ermənistanlı Karapet Manvelyana (1:7), Ziya Babaşov (63 kq) ilk mərhələdə bu ölkənin digər təmsilçisi Sahak Hovannisyana (1:3), Məhəmməd Əhmədiyev (87 kq) təsnifat mərhələsində gürcüstanlı Açiko Bolkvadzeyə (4:5), Sərxan Məmmədov (130 kq) isə startda ukraynalı Mixaylo Vişnivetskiyə (1:9) məğlub olublar. S.Məmmədovun rəqibi finala yüksəldiyi üçün güləşçimiz martın 14-də təsəlliverici görüşdə rumıniyalı Gean Ali ilə qarşılaşacaq.
13-03-2023, 23:46
Biz hələ də əsasən neft və qazı ixrac edirik - PrezidentSon iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib. “Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür. Lakin biz hələ də əsasən neft və qazı ixrac edirik”, - Azərbaycan Prezidenti vurğulayıb.
13-03-2023, 23:39
Rusiya hökuməti devirmək üçün hibrid müharibə aparır - Moldovalı nazirMoldova hazırda təcili hərbi təhlükə ilə üz-üzə deyil, lakin Rusiya hökuməti devirmək üçün hibrid müharibə aparır. Bunu Moldova müdafiə naziri Anatoli Nosatii AFP-yə müsahibəsində bildirib. "Hazırda Moldovaya birbaşa hərbi təhdid yoxdur, lakin ölkənin təhlükəsizliyinə təsir edən digər təhdid növləri var, məsələn, hibrid müharibə", - Nosatii deyib. Onun sözlərinə görə, Rusiya dezinformasiya yayır və Moldova cəmiyyətində gərginlik yaradır.
13-03-2023, 23:36
Rusiya taxıl sazişinin uzadılmasına bu müddətlə razıdırRusiya Ukrayna ilə taxıl sazişinin imzalanmasının əleyhinə deyil, ancaq Moskva müqavilənin cəmi 60 gün uzadılmasını istəyir. Bunu Cenevrədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib. Onun sözlərinə görə, Rusiya sövdələşmədən təkcə Ukraynanın deyil, Rusiyanın da qazanc əldə etməsini arzulayır. Nazir müavini bildirib ki, sövdələşmə müddətinin uzadılması onun “sözdə deyil, əməldə” necə həyata keçiriləcəyindən asılıdır. Verşinin əlavə edib ki, Rusiya Tolyatti-Odessa ammonyak boru kəmərinin yenidən açılmasını və kənd təsərrüfatı məhsullarının ixracının “normallaşdırılmasını” istəyir. Məlumat üçün bildirək ki, taxıl müqaviləsi 2022-ci ilin iyununda bağlanıb və noyabrda müddəti uzadılıb. Ukrayna martın 18-də başa çatacaq müqavilənin daha bir il uzadılmasını təklif edib.
13-03-2023, 23:34
İlham Əliyev alman şirkət rəhbərləriylə görüşübMartın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. Dövlətimizin başçısı görüşdə çıxış edib. Görüşdə iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
13-03-2023, 23:30
Qəbələdə baş qaldıran meşə yanğını söndürüldüFövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Vəndam qəsəbəsi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Yanğın nəticəsində 2 hektar sahədə qurumuş ağaclar, kötük, kol-kos və xəzəl yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub. Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.
13-03-2023, 23:28
Rusiyada meşə sahələri azaldılaraq müdafiə sistemləri quraşdırılırMoskvanın bir sıra bölgələrində hava hücumundan müdafiə sistemlərinin quraşdırılması üçün meşələr qırılıb. Bu barədə "The Insider" nəşri yazıb. Qeyd olunub ki, hava hücumundan müdafiə sistemləri yaşayış binalarının arasında yerləşdirilə bilər. Nəşrin məlumatına görə, Rusiyanın paytaxtında meşələrin qırılması bir neçə yerdə həyata keçirilib. Xüsusilə, Tymiryaz Akademiyasının tarlalarına hərbi texnika yerləşdirilib. Ərazidə zenit-raket komplekslərinin quraşdırıldığı deyilir.
13-03-2023, 23:24
Təşəbbüs birbaşa Moskvadan sifariş olunub - SaakaşviliGürcüstanda "xarici agentlər haqqında" qanun layihəsi Moskvanın göstərişi ilə irəli sürülüb. Bunu Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili Fransanın “Le Figaro” qəzetinə müsahibəsində bildirib. “Mən 100 faiz əminəm ki, təşəbbüs birbaşa Moskvadan sifariş olunub... Aydındır ki, bütün bunları Kremlin PR mütəxəssisləri təşkil edib”, - Saakaşvili deyib. Onun fikrincə, bu qanun qəbul edilsəydi, Gürcüstan Avropa İttifaqı və NATO-nu itirə bilərdi. Saakaşvili Gürcüstandakı etiraz aksiyalarının iştirakçılarını yüksək qiymətləndirib. "Etiraz aksiyası Rusiyanın sərt gücünün xalqın iradəsini boğmağa qadir olmadığını göstərdi", - o bildirib. Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Etirazlardan sonra hakim partiya qanun layihəsini geri götürdüyünü elan edib. Daha sonra Gürcüstan parlamentində qanun layihəsi ikinci oxunuşda rədd edilib.
13-03-2023, 16:54
Qəbələdə meşə sahəsində yanğın baş verdiBu gün Qəbələ rayonunun Nohurqışlaq kəndi yaxınlığında meşə ərazisindəki kolluq sahədə yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, ilkin ehtimala görə yanğın sözügedən kənddə vətəndaşın bağ sahəsində xəzəllərin yandırılması nəticəsində başlayıb, sonradan meşə ərazisinə keçib. O qeyd edib ki, hazırda nazirliyin yerli qurumları, FHN -in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür. İ.İbrahimova yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, odla ehtiyatlı davranmağa, yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.