Zəlzələ bölgəsində 75 min mənzil tikilir - ƏrdoğanTürkiyədə baş vermiş zəlzələ bölgəsində inşa edilən 75 min mənzilin tikintisi qarşıdan gələn iki ay ərzində tamamlanacaq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatay vilayətində ötən ilin fevral ayında baş verən zəlzələdən zərər çəkmiş şəxslərə yeni tikilən mənzillərin açarlarının verilməsi mərasimində çıxışı zamanı bildirib.
Ölkə başçısı qeyd edib ki, 11 vilayət, 124 rayon, 6929 kənd və məhəllə, eləcə də 14 milyon insana təsir edən bu zəlzələ zamanı dağılan 39 minə yaxın tikilidən 26 minində axtarış-xilasetmə işləri aparılıb. Bundan əlavə 200 mindən artıq tikili ağır zədə alıb.
Ölkəsinin əsrin fəlakəti adlandırılan bu faciəni əsrin həmrəyliyinə çevirməklə çətin günləri geridə qoyduğunu vurğulayan Ərdoğan yeraltı təkanlardan sonra aparılan axtarış-xilasetmə işləri və sonrakı dövrdə 11 vilayətin yenidən qurulması istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, aparılan araşdırmalar nəticəsində Hatayda 135 min 589-u yaşayış, 15 min 599-u iş yeri olmaqla ümumilikdə 150 minə yaxın tikilinin sahibi müəyyən edilib. Ümumilikdə zəlzələ bölgəsində müəyyən edilən haqq sahiblərinin sayı isə 390 nəfərdir. Bugünkü püşkatma mərasimində 6572-si vilayət və rayon mərkəzlərində, 703-ü isə kənd yerlərində olmaqla 7275 tikilinin açarları təslim edilir.
Xatırladaq ki, Azərbaycan ilə Türkiyə arasında imzalanan Sazişə əsasən, Azərbaycan Kahramanmaraş vilayətində baş verən zəlzələdən zərər çəkmiş bölgələrin birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi inşa edir.