14-02-2024, 21:21
Daha bir güləşçimiz qızıl medal qazandıAzərbaycanın daha bir yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
67 kiloqram çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov finalda rusiyalı Ruslan Biçurini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Millinin digər üzvü Ülvü Qənizadə (72 kiloqram) qızıl mükafat uğrunda türkiyəli Səlçuk Canla, qadınların yarışında isə Mariya Stadnik (50 kiloqram) türkiyəli Evin Demirhan, Alyona Kolesnik (59 kiloqram) ukraynalı Alina Filipoviçlə üz-üzə gələcək.
Qeyd edək ki, bundan əvvəl yunan-Roma güləşçilərindən Nihad Məmmədli (60 kiloqram) və Murad Məmmədov (63 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) bürünc medalın sahibi olub. Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
14-02-2024, 19:38
Horadiz – Ağbənd dəmir yolu xəttinin tikinti işlərinin 48 %-i tamamlanıb2021-ci ilin fevralın 14-də təməli qoyulmuş Horadiz – Ağbənd dəmir yolu xəttinin tikinti işlərinin 48 %-i tamamlanıb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib.
Məlumata görə, ADY-nin işçi qatarları sözügedən dəmir yolu xəttinin Həkəri stansiyasına kimi hərəkət edə bilirlər.
Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xətti üzrə 9 stansiya, dəmir yollarının ən uzun – 23 aşırımlı, 771 metr uzunluğunda körpüsü, müstəqillik dövründə qapalı üsulla tikilən ilk dəmir yolu tuneli və ümumilikdə isə 500-ə yaxın süni mühəndis qurğusunun tikintisi həyata keçirilir.
14-02-2024, 19:16
Fransanın sabiq prezidenti həbs olunduParis Apellyasiya Məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini 2012-ci il seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı iş üzrə 6 ay həbs cəzasına məhkum edib.
Bu barədə LCI telekanalı məlumat yayıb.
Məhkəmə sabiq prezidentə, həmçinin daha altı ay şərti həbs cəzası verib.
Xatırladaq ki, Nikola Sarkozi 2012-ci il prezident seçkisi kampaniyasını maliyyələşdirmək üçün icazə verilən həddi aşmaqda ittiham olunub. Yəni maliyyələşmə 18 milyon avro əvəzinə 22,5 milyon avro təşkil edib. Fransanın sabiq lideri günahını boynuna almasa da, məhkəmə onun xərclərə qəsdən nəzarət etmədiyini müəyyənləşdirib.
14-02-2024, 18:53
Prezident Ermənistana səsləndi: Gedin öz işinizlə məşğul olunFevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi nitqində Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etmək, həmçinin iki ölkə arasında vasitəçilik etmək istəyənlərə də mesaj göndərib, bizə bu məsələdə vasitəçinin lazım olmadığını bəyan edib.
Azərbaycan-Ermənistan normallaşması prosesinin beynəlxalq gündəlikdən düşməli olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirib:
“Yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun. Biz öz məsələmizi həll etmişik”.
14-02-2024, 18:23
İqtisadi islahatlar Azərbaycanda yeni investisiya iqlimi yaradıbBu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır.
Bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. “Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək”, - deyə Prezident bildirib.
14-02-2024, 18:20
Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyikBiz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir.
Bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.
Azərbaycanın yürütdüyü siyasətin bunu aydın göstərdiyini vurğulayan dövlət başçısı bildirib: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
14-02-2024, 18:13
Şəhid ailələrinin 100 faiz evlərlə təmin edilməsi prosesi sürətlə gedirSosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir. Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən 14 min 800 fərdi ev və ya mənzil verilmişdir.
Bunu Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bildirib.
“Bu kateqoriyadan olan insanların 100 faiz evlərlə təmin edilməsi prosesi sürətlə gedir, o cümlədən bu il və gələn il bu işlər görüləcək”, - deyə dövlətimizin başçısı əlavə edib.
14-02-2024, 17:58
Ordu quruculuğu davam etdiriləcək - PrezidentOrdu quruculuğu prosesi davam etdiriləcək.
Bunu Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.
Dövlət büdcəmizdə ən böyük xərclərin hərbi xərclər, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı xərclərin olduğunu xatırladan Prezident ölkəmizin çox güclü hərbi sənaye kompleksi yaratdığını, artıq bunun birinci mərhələsinin başa çatdığını, ikinci mərhələnin isə daha genişmiqyaslı olacağını diqqətə çatdırıb.
14-02-2024, 17:51
Ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq - İlham ƏliyevKeçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir. Bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq.
Bu barədə Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində qeyd edib.
Planın azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərdə və 15 kəndə 20 min keçmiş köçkünün yerləşdirilməsi olduğunu vurğulayan dövlət başçısı deyib ki, yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib, bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlanıb.
14-02-2024, 17:44
Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir - ZaxarovaRusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir. Bu sahədə dialoqumuz müntəzəm və konstruktiv xarakter daşıyır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sülhməramlıların gələcəyi ilə bağlı yanaşmaları şərh edərkən deyib.
Müzakirə olunan məsələlər arasında ermənilərin hüquqlarının və təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmaqla Qarabağa qayıtması perspektivləri, birgə patrulların təşkili, mədəni, tarixi və dini irs abidələrinin mühafizəsi də var.