“TARİXÇEYİ-NÖVRƏS” ORXAN
İSAYEVİN TƏQDİMATINDAFilologiya üzrə fəlsəfə doktoru Orxan Əli oğlu İsayevin 2025-ci ildə “Afpoliqraf” nəşriyyatında “Kərküklü Növrəs Qədim (Həyatı və yaradıcılığı, “Tarixçeyi-Növrəs” əsəri, qəzəlləri)” adlı kitabı nəşr olunmuşdur. Kitabın elmi redaktoru və məsləhətçisi Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları, dosentlər İsmixan Osmanlı, Kübra Quliyeva və fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevdir. Kitaba Kərkük Mədəniyyət Dərnəyinin sədri doktor Şəmsəddin Kuzəçi çox dolğun məzmunda ön söz yazmışdır.
Şəmsəddin Kuzəçi ön söz yazısını İraq-türkman ədəbiyyatı haqda ümumi bilgi verməklə başlayır: “Türkmanların İraqa yerləşməsi tarixi çox qədimdir. Səlcuqlu ordularının Türkiyəyə daxil olması və bir dövlət yaratmalarından xeyli öncə hicri 54, miladi 674-cü ildə Əməvilər zamanında Orta Asiya və Azərbaycandan bu gün İraq olaraq tanınan torpaqlara böyük kütlələr halında yerləşmişlər. Türkmanların Türküstan torpaqlarından Azərbaycana, oradan da cənuba, cənub-qərbə köçmələri yüzlərlə il davam etmişdir. Kufə valisi Həccac bin Yusif türkmanlardan ibarət bir ordu qurmuş, 2000 oğuz boyu döyüşçüsünü gətirib Bəsrə və Qut yaxınlıqlarına yerləşdirmişdir.
İslamiyyətdən sonrakı dönəmə baxdıqda, türk oğuz boylarının çoxunun “türkman” olaraq qeyd edildiyini görürük. “Türkman” sözü dilimizdə “igid”, “cəsarətli” mənasında işlədilir. Müxtəlif dövrlərdə Mavərənnəhr (Seyhun və Ceyhun) hövzəsində, qərbdə Anadoluya və İraq torpaqlarına yerləşməyə davam edərək yeni mədəniyyətlərin və dövlətlərin yaranmasına öncüllük etmişlər.
Türkman ağzı Qərbi Oğuzcanın davamı olub günümüzdə daha çox Azərbaycan, Türkmənistan, İraq, Suriya, Şərqi Anadoluda işlədilən dildir ki, İraq türklərinin yazılı dili Ziya Gökalpın təbirincə desək, “İstanbul türkcəsidir”. Hicri 54-cü ildə bu torpaqları vətən etməyə davam edən türklər 1055-ci ildə Bağdadda Böyük Səlcuqlu xaqanı Toğrul bəyin adına xütbə oxunması ilə başlanan türkman hakimiyyəti min ilə yaxın, daha doğrusu 1918-ci ilə qədər davam etmişdir. Danışıq dili və xalq ədəbiyyatı isə eynilə Azərbaycan türkcəsindədir.
Türk/Türkman boyları İraq torpaqlarında Cəlayirilər, Səlcuqluların bir qolu olan Ərbil Atabəyləri, Mosul və çevrəsində Qıbçaq oğulları, Kərkükdə Ağqoyunlu və Qaraqoyunlu dövlətlərini qurmuşlar. 1534-1918-ci illər arasında indiki İraqı idarə edən Osmanlı varlığına son qoyan ingilis işğalı və ardından qurulan oyuncaq dövlət İraqda türkman varlığını tanımamışdır. 1918-ci ildən bu yana yüz ildən artıq müddətdir ki, idarəçilər, rejimlər dəyişmiş, amma türkmanlara zaman-zaman kağız üzərində hüquqlar verilsə də, heç biri reallaşmamışdır. Sayı beş milyona yaxın olan türk-türkmanın siyasi, sosial və mədəni haqlarından bu gün də söhbət açılmır. Müxtəlif dövrlərdə həyata keçirilən qətliamlar, yoxetmə cəhdləri və soyqırım siyasətinə rəğmən İraqda türkman varlığı yaşayır və yaşayacaqdır.
İraq-türkman yazılı ədəbiyyatının ilk nümunələri olan Nəsiminin və Füzulinin şeirləri, eləcə də Dədə Qorqudun dili türkmanca idi. Nəsimi şeirlərini yazdığı illərdə Orta Asiya və Azərbaycandan İraqa köçən oğuz soylu türkmanlar arasında işlədilən dil türk dillərinin oğuz qrupunun Oğuz-Səlcuq yarımqrupuna aid tələffüz, morfoloji, sintaktik və şivə baxımından eynilə Azərbaycan dilidir.
1534-cü ildən etibarən bu vəziyyət dəyişməyə başladı. Beləcə, İraq-türkman dili və ədəbiyyatı iki hissəyə bölündü: xalq dili Azərbaycan türkcəsinin təsiri altında qaldı, yazı dili isə Osmanlıcanın təsiri altına düşdü” (səh: 4-5).
Əslində bu müxtəsər məlumatlar İraq-türkman dili və ədəbiyyatının inkişaf yolu ilə bağlı tarixi-siyasi hadisələr fonunda mühüm informasiyalar çatdırır, oxucuda müəyyən təsəvvür formalaşdırır. Daha sonra bu yöndə fikirlərini detallı şəkildə davam etdirən Ş.Kuzəçi nəhayət Orxan İsayevin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib yazır:
“Sevindirici haldır ki, ədəbi-mədəni əlaqələr bu gün də davam edir. Yeni nəsil eyni xalq olan Azərbaycan və İraq türkmanları arsında Rəsul Rzanın, Qəzənfər Paşayevin, Əta Tərzibaşının, Abbas Zamanovun, Sinan Səidin, Əbdüllətif Bəndəroğlunun yaratmış olduğu əlaqələrin yaşaması istiqamətində yorulmadan çalışır. Bu gənclər arasında Orxan İsayevin xidmətləri danılmazdır. “Əta Tərzibaşının ədəbiyyatşünaslıq fəaliyyəti” adlı dissertasiya müdafiə edən Orxan bəy İraq –türkman ədəbiyyatı ilə bağlı bir neçə məqalənin müəllifidir. O, həm də mənim 2024-cü ildə Azərbaycanda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dəstəyi ilə nəşr olunan “Kərkükün milli tədqiqatçısı Əta Tərzibaşı” kitabımı Azərbaycan türkcəsinə çevirənlərdən biridir. Rəhbəri olduğum Kərkük Mədəniyyət Dərnəyinin Azərbaycanda ən fəal üzvlərindən biridir. Orxan İsayev elmi rəhbəri, İraq türkmanlarının mənəvi atası hesab edilən professor Qəzənfər Paşayev məktəbinin ən layiqli davamçısıdır.
Orxan qardaşım “Kərküklü Növrəs Qədim (Həyatı və yaradıcılığı, “Tarixçeyi-Növrəs” əsəri, qəzəlləri) adlı kitab yazmaqla Azərbaycan – İraq-türkman ədəbi-mədəni əlaqələrində yeni səhifə açmış oldu. Çünki bu günə qədər Azərbaycan klassik İraq-türkman ədəbiyyatının nümayəndələri haqqında kitab yazılmamışdır. Bu ilkdir. Bundan əlavə, Əbdürrəzaq Növrəsin “Tarixçeyi Növrəs” əsəri qədim Azərbaycan şəhəri olan İrəvan haqqındadır. Mən Azərbaycan tarixinə yaxından bələd olduğum üçün bu şəhərin azərbaycanlı qardaşlarımız üçün nə qədər əhəmiyyətli olduğunu yaxşı bilirəm. Orxan İsayevin Növrəs Qədimin məhz bu əsərinə müraciət etməsi, onu əski osmanlıcadan tərcümə edərək Azərbaycanda nəşr etdirməsi və kərküklü şairin həyat və yaradıcılığını tədqiq etməsi olduqca əhəmiyyətli və aktual işdir.
İraq-türkman ədəbiyyatının görməkli simalarından biri olan Əbdürrəzaq Növrəs haqqında Azərbaycanda belə bir kitabın yazılması olduqca təqdirəlayiq hadisədir. Müəllif kərküklü şairin həyat və yaradıcılığı ilə bağlı bir sıra qaranlıq məqamlara aydınlıq gətirir. Bu günə qədər Növrəsin doğum ili və atasının şəxsiyyəti ilə bağlı alimlərin tədqiqatlarını ümumiləşdirir, şairin türk, ərəb və fars dillərindən əlavə kürd dilini bilməsi faktını üzə çıxarır, “Tarixçeyi Növrəs” əsərinin ismi və yazılma tarixi ilə bağlı önəmli nəticələrə gəlir.”(səh: 8-9).
Ön söz yazıları prinsipcə oxuculara kitabı oxumaq ovqatı aşılayır. Şəmsəddin Kuzəçinin bu ön sözü də gənc alim Orxan İsayevin yazdığı bu kitabın ümumi səciyyəsini təqdim etməklə bu zəruri bilgilər fonunda oxucunu kitaba kökləyir.
Filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev də Kərküklü Növrəs Qədim haqqında söhbət açmazdan əvvəl İraq-türkman ədəbiyyatına ümumi baxış kontekstində nəzər yetirir:
“İraq-türkman ədəbiyyatı dedikdə, adətən XX əsrdə Kərkük və ətrafında mövcud olan ədəbiyyat nəzərdə tutulur. Lakin tədqiqatlar göstərir ki, bu ədəbiyyat qədim və zəngin tarixə malikdir. Ümumtürk ədəbiyyatının çox önəmli bir hissəsi Mesapotamiya ərazisində yaranıb. Bu ədəbiyyat digər türk xalqlarının ədəbiyyatından iki fərqli inkişaf tarixi keçməsilə seçilir. Belə ki, İraq-türkman ədəbiyyatı birinci inkişaf dövründə yarandığı vaxtdan XVI əsrin II yarısına qədər Azərbaycan ədəbiyyatının bir qolunu təşkil etmiş, ikinci inkişaf dövründə isə qeyd olunan tarixdən etibarən XX əsrin əvvəllərinə qədər Osmanlı ədəbiyyatının tərkibində öyrənilmişdir. İraq-türkman ədəbiyyatının Azərbaycan, daha sonra Osmanlı ədəbiyyatının bir hissəsi kimi mövcudluğu ilə bağlı Əta Tərzibaşı “Kərkük şairləri” əsərində yazır: “Buna (İraq-türkman əsəbiyyatına – O.İ.) Türk ədəbiyyatı demək daha uyğundur. Kərkük şairlərinin bir qismi Osmanlı türkcəsini, bir qismi, ən çox xalq şairləri Azəri-Türkman türkcəsini qullanmış və bu şivələr ədəbiyyatımızda bir-birinə qarışmışdır”.” (Səh: 11).
Bu gedişlə gənc alim çox doğru olaraq öncə İraq-türkman ədəbiyyatının ümumi mənzərəsini canlandırır, onun inkişaf mərhələlərinə aydınlıq gətirir. Bu da bir tədqiqatçı olaraq müəllifin problemə sistemli yanaşmasının göstəricisidir.
Bunun ardınca O.Ə.İsayev mövzuya “XVIII əsr İraq-türkman ədəbi mühitinə qısa nəzər” adı ilə ekskurs edib, 18-ci yüzilliyi İraq-türkman ədəbiyyatının ən zəngin mərhələlərindən biri olaraq səciyyələndirir. Məhz bu zəmin üzərində fikirlərini quran alim XVIII əsr İraq-türkman ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan Əbdürrəzaq Növrəsin həyatı haqqında söhbətə keçir. Onun doğum tarixinin dəqiq olmadığını qeyd edən tədqiqatçı XVIII əsrdə Kərkükdə doğulduğunu, ömrünün çox hissəsini Türkiyədə keçirdiyini, 1762-ci ildə isə Bursada vəfat etdiyini göstərir. Keşməkeşli, macəralı bir həyat keçirdiyini qeyd edən müəllif yazır: “Maraqlıdır ki, ömrünün böyük hissəsinin sürgündə keçməsinə səbəb olan çətin xasiyyəti və acı dili əsərlərinə sirayət etməmişdir. Tədqiqatçılar qeyd edirlər ki, şairin “Divan”ında Nadir şah haqqında yazdığı rübai və kobud sözlərdən ibarət iki qitəsindən başqa heç bir həcvə və yaxud hansısa Osmanlı məmurunun ünvanına yazılmış təhqiramiz ifadələrlə zəngin şeirlərə rast gəlmədik.”
Əbdürrəzaq Növrəsin niyə məhz Nadir şah haqqında yazdığı şeirlərdə təhqiramiz ifadələr işlətməsi də maraq doğurur. Fikrimizcə, şairin Nadir şaha olan münasibəti həyatında önəmli rol oynamış Azərbaycan səfəri ilə əlaqədardır. Əbdürrəzaq Növrəs Həkimoğlu Əli paşanın “xidməti-katib” olduğu vaxtda İrəvana gəlmiş, şəhərin Səfəvi qoşunlarından müdafiəsində yaxından iştirak etmişdir. Tarixi faktlar göstərir ki, Osmanlı ordusu İrəvanı müdafiə etdikdən sonra əks hücuma keçmiş və Təbriz də daxil olmaqla Səfəvi dövlətinin bir sıra mühüm şəhərlərini zəbt etmişdir. Siyasi səriştəsi olmayan II Təhmasibin hakimiyyəti zamanında buraxılmış bu səhvi Nadir şah aradan qaldırmış, onun səyi nəticəsində Osmanlı ordusu Azərbaycan şəhərlərindən çıxarılmışdır. Əbdürrəzaq Növrəsin Nadir şaha nifrətinin əsas səbəbini məhz bu tarixi hadisələrdə axtarmaq daha məntiqlidir.
Əbdürrəzaq Növrəsin Osmanlı sarayında yüksək nüfuza malik olmasına baxmayaraq, ömrünün bir hissəsini sürgünlərdə keçirməsi də böyük maraq doğurur. Yuxarıda qeyd etdiyimiz kimi, bunun başlıca səbəbi şairin xasiyyəti ilə bağlı idi. Hər zaman haqqı deməyə çalışdığı üçün şairin başı bəlalar çəkmişdir. Əgər tədqiqatçılar bunu Növrəsin tünd xasiyyəti və acı dili ilə izah edirlərsə, digər tərəfdən onun heç kimdən çəkinməməsi, daim sözün düzünü deməsi, dövlət məmurlarının səhvlərini birbaşa üzlərinə söyləməsi şairin müsbət tərəfləri kimi xarakterizə edilməlidir. Bura Əbdürrəzaq Növrəsin himayəçisi sayılan Həkimoğlu Əli paşanın həyatda olmamasını da əlavə edə bilərik. Əli paşa həm Diyarbəkir valisi, həm sərəsgər, həm də sədrəzəm olduğu illərdə Növrəs Qədimin işləri daha yaxşı getmiş və çox zaman dövlət məmurları şairin ağır təbiətinə və acı dilinə “dözümlü” yanaşmışlar” (səh: 42-43).
Bundan sonra isə Orxan İsayev “Əbdürrəzaq Növrəsin yaradıcılığı və əsərləri” mövzusuna keçid edir, onun Osmanlı ədəbiyyatında ən çox Növrəs Qədim adıyla tanındığını bildirir, və bunu belə izah edir ki, “Onu Osmanlı ədəbiyyatının digər bir görkəmli nümayəndəsi Osman Növrəsdən (1820/21-1876) fərqləndirmək üçün bu cür adlandırmışlar. İlk dəfə Əbdürrəzaq Növrəsi “Növrəs Qədim” kimi Namiq Kamal 1874-cü ildə yazdığı “Təxribi-Xərabat” əsərində təqdim etmişdir. Ona qədər türkman şairi bütün mənbələrdə Əbdürrəzaq Növrəs kimi anılmışdı.” (səh: 44)
Daha sonra alim Əbdürrəzaq Növrəsin zəngin yaradıcılığından söz açır, bir neçə nəsr əsərinin müəllifi olsa da, əsasən şair kimi tanındığını göstərir.
“Tarixçeyi-Növrəs – İrəvan haqqında qiymətli tarixi əsər” adı ilə kitabda təqdim etdiyi yazıda Orxan İsayev əsərin adı, məzmunu ilə bağlı indiyədək aparılan araşdırılmalardakı yanlışlıqlara aydınlıq gətirib:
“Tarixçeyi-Növrəs” əsəri Əbdürrəzaq Növrəs Qədimin yaradıcılığında xüsusi yer tutur. Növrəsin tədqiqatçılar tərəfindən ən çox araşdırılan əsəri də “Tarixçeyi-Növrəs”dir. Osmanlı əsgərlərinin İrəvanda qazandığı böyük bir zəfərdən bəhs edən əsər Növrəs Qədimi bir nasir kimi də xeyli məşhurlaşdırmış, onu həm də bir tarix yazarı kimi tanıtmışdır.
Əsər tarixi faktlar əsasında təhkiyə üsulu ilə qələmə alınmış və Səfəvi hökmdarı II Təhmasibin 1731-ci ildə iki yüz əlli minlik qoşunla İrəvan qalasına hücumundan bəhs edir. Hücum xəbəri İstanbula çatar-çatmaz İrəvan qalasının müdafiəsi Diyarbəkir valisi Həkimoğlu Əli paşaya həvalə edilir. Bu əsnada Növrəs Qədim Əli paşanın yanında katib vəzifəsini icra edirdi. II Təhmasibin İrəvana hücumu zamanı Həkimoğlu Əli paşa az bir qüvvə ilə Azərbaycana gəlir və şəhərin müdafiəsinin təşkilinə rəhbərlik edir. Əbdürrəzaq Növrəs bütün bu tədbirlərin həyata keçirilməsində yaxından iştirak edir və tarixi hadisələri qələmə alaraq gələcək nəsillər üçün qiymətli əsər yazmış olur.
Əsərin məzmunundan aydın olur ki, Növrəs Qədimin Osmanlı qoşunları ilə İrəvana gəlməsində əsas məqsəd bu tarixi hadisələrin qələmə alınması olub. Bu faktın özü də sübut edir ki, Osmanlı dövlətinin yuxarı dairələrində şairin şəxsiyyətinə və qələminə böyük hörmət və ehtiram göstərilib. Əks halda osmanlılar üçün son dərəcə strateji əhəmiyyətə malik olan İrəvan qalasının müdafiəsi və əsas rəqibləri olan Səfəvi qoşunları ilə mübarizənin qələmə alınması və tarixi salnamə kimi gələcək nəsillərə ötürülməsi işi Əbdürrəzaq Növrəs Qədimə həvalə edilməzdi.
“Tarixçeyi-Növrəs” XVIII əsrdə yazılsa da, əsərlə bağlı bir sıra qaranlıq məqamlar bu gün də qalmaqdadır. Müxtəlif dövrlərdə ayrı-ayrı tədqiqatçılar əsərə müraciət etmiş, onunla bağlı araşdırma aparmışlar. Lakin bu tədqiqatların böyük hissəsi yanlış istiqamətdə aparılmış və bunun nəticəsi olaraq əsərin hansı tarixi hadisələr zəminində yazılması, mövzusu və adı düzgün dəyərləndirilməmişdir. “Tarixçeyi-Növrəs”lə bağlı tədqiqat aparan alimlərin böyük bir qismi əsərin Təbriz hadisələrindən bəhs etdiyini yazır. Bu yanlışlıqlar əsərin Berlin, Süleymaniyyə və İstanbulda saxlanılan hər üç əlyazma nüsxəsində olan və sonradan artırılan qeydlərdən qaynaqlanır.” (səh: 54-55)
Bu minvalla məsələyə aydın elmi münasibət sərgiləyən gənc alim əsərin adı, məzmunu ilə bağlı söylənilən yanlışlıqların haradan, necə qaynaqlanması və s. kimi suallara konkret münasibətini ortaya qoyur.
Beləcə, Tariximiz üçün də, ədəbiyyatımız üçün də çox dəyərli olan bir əsəri tarixin qaranlığından çıxaran filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev əsərin özünü də Azərbaycan dilinə tərcümə edib kitabda bizlərə çatdırıb. Gənc alimin bu fədakarlığını alqışlayır və uğurlar arzulayırıq!
Şakir Albalıyev,filologiya elmləri doktoru, dosent