Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 11-08-2016, 19:52
Elbəyi Cəlaloğlunun zaman axarına fəlsəfi-dialektik baxışları

Ramiz Məmmədov
Akademik, Dövlət mükafatı laureatı,
AMEA Coğrafiya institutunun direktoru




Elbəyi Cəlaloğlu “9-cu meydan” povestində 9 rəqəmi və onun simvolikasını özü üçün ideallaşdırmış və bütləşdirmiş, bütün türk dünyasının bir zərrəciyi kimi qəbul etdiyi öz həyatını, eləcə də, bu dünyada baş verən istər uğurlu, istərsə də uğursuz məqamları fəlsəfi bir cəhdlə həmin rəqəmlə bağlamağa çalışmışdır və bəzi hallarda onun bu cəhdi uğurlu alınıb. Əlbəttə, burada bədii, elmi, mənəvi-psixoloji cəhətdən üstün əlamətlər çoxluq təşkil etsə də, araşdırılmalı, bəzi hallarda isə mübahisəli məqamlar da vardır. Hər halda, belə yanaşma müəllifin təxəyyülünün məhsuludur, bəlkə də inancıdır, orijinaldır və ona görə də oxucunun diqqətini çəkir, onu maraqlandırır.
Amma əsəri oxuduqca 9 rəqəminin müəllif üçün konkret nə olduğunu tam aydınlaşdırmaq elə də asan deyil. Qərara gəlmək olmur ki, bu infantil bir tabeçilikdir, ya müəllifin öz taleyinin bu yolla həll olunduğunu müəyyənləşdirməsidir, yaxud onunla yaşamasıdır, ədəbi, ictimai və ya siyasi fəaliyyətini ona uyğunlaşdırmasıdır, yoxsa bu, onun bədii üsuludur. Məncə əsərdə ən maraqlı olanlardan biri budur.
E.Cəlaloğlu “cəmiyyət varsa, siyasət də var, siyasət varsa, hakimiyyət də var, hakimiyyət varsa, dövlət də var”, deyərək səbəb-nəticə, nəticə-səbəb dövranının dövlət, hakimiyyət və cəmiyyət siyasətinin spiralvari dialektik inkişafını verir, onu təhlil edir. Bununla yanaşı siyasətçilər haqqında onun öz fikri vardır. Sitat: “Mərdanəlik və intellektual görüntü nümayiş etdirməyə çalışsalar da, alicənablıq və minnətdarlıq bütün hallarda siyasətçilərə yad olan hissdir”. Necə də cəsarətlə və yerində, doğru, obyektiv, reallığı əks etdirən postulatdır.
Bu əsərdə şair-publisist, yazıçı-araşdırmaçı kimi çıxış edən müəllif, həm də bir filosof olmaq iddiasındadır. Gəlin razılaşaq ki, onun bu namizədliyə iddiası əsaslıdır. Bunun üçün onun gəncliyinin ilkin dövrlərini, povestin bütün ana xəttini təşkil edən Sovet İttifaqı ordusunda xidmət etdiyi zamanı yada salaq. Hərbi hazırlıqla yanaşı siyasi təlimin də çox yüksək səviyyəli və ciddi tələblərə cavab verməli olduğu bu orduda siyasi dərslərin sıravi əsgərə (sonradan çavuşa) etibar edilməsi sıradan bir olan hallardan deyildir. Buna səbəb əsgərin mükəmməl biliyi və dərin düşüncəsinin olması, hərbi dildə desək, yüksək hazırlığının olmasıdır.
Elbəyi Cəlaloğlunun zaman axarına fəlsəfi-dialektik baxışları

Bunlarla bərabər E.Cəlaloğlunun hadisələrə, həyatda, dünyada gedən proseslərə öz baxışı var və onun subyektiv mövqeyi bu əsərdə xüsusi yer tutur. Fikir verin, povestdən sitat: “İdealist fəlsəfənin elmə deyil, məhz ağılüstü gücə, istedada, məntiqə söykəndiyini, məntiqinsə şüurlu aləmlə bağlı olduğunu biliriksə, onda Zərdüştə qədər fəlsəfənin olmadığını söyləmək doğru olmaz” və ya “Zərdüştdən sonra filosoflar ortaya həyatın fəlsəfəsinə uyğun alternativ böyük fikir qoya bilməyiblər və ancaq onun ideyası ətrafında çeşidli fikirlər yürüdə biliblər”. “9-cu meydan”da məharətlə materializm və idealizmin qneosoloji əsasları tədqiq olunur, Zərdüşt fəlsəfəsi və onun müqəddəs kitabı Avestanın insan düşüncə tərzinin inkişafına əvəzsiz təsiri araşdırılır, hələ Zərdüştdən əvvəl də fəlsəfənin mövcud olduğu təsdiq edilir.
Burada mənim yadıma məşhur nəzəriyyəçi fizik Veyner Karl Heyzenberqin qeyri-müəyyənlik prinsipi düşür. Belə ki, bu prinsipin mənası maddi varlığı bizim sonsuz kiçik epsilon qədər qavramağa, dərk etməyə qabil olmağımızdır. Ondan o yana biz maddi varlığı dərk edə bilmiriik, niyə?! Bəlkə bu, Allahın bizə rəva bildiyi həddir, sonrası isə Tanrının öz işidir, deyə Heyzenberq öz qeyri-müəyyənlik prinsipini təsdiqləyir. Yoxsa, o yaradan olmazdı ki. Qeyd edim ki, E.Cəlaloğlu dindar deyil, lakin inancı olan insanlara və dinə düz olaraq hörmətlə yanaşır. Sibirdə, ağcaqayın meşəsi içində namaz qılmaq üçün qiblənin istiqamətini təyin etməkdə çətinlik çəkən Abduxalilə onun tövsiyəsi: “... Odur ki, çox düşünmədən, – Abduxalil, buyur, üzünü mənə tutub namaz qıl, çox böyük savab etmiş olarsan, – dedim. O, gülüb, – Mehdiyev, məgər sən qibləsənmi? – deyə narazılıq etdi. Mənsə, – Abduxalil, qiblə – Kəbədir, Kəbəni də, məscidləri də insanlar yaradıb, hətta bu cür düşündüyümüz şərti “Allah”ı da insanlar özündən uydurub, insanları isə bizim dərk edə bilmədiyimiz, doğrusu ilə təsəvvür etməkdə aciz olduğumuz (Heyzenberq prinsipi – R.M.), düşüncəmizin fövqündəki “Allah” yaradıb. Hansı daha möhtəşəmdir? – deyə soruşdum.” Razıyam müəlliflə, ən ali varlıq insandır, elə Məhəmməd peyğəmbər də əvvəla insan olaraq dünyaya gəlib, sonra isə peyğəmbər olmuşdur. Azdırmı tarixi insanlar, şəxsiyyətinə haqlı olaraq pərəstij etdiklərimiz?!
Müəllif doğulub boya-başa çatdığı yerlərin toponim, oykonim və etnonimlərini də araşdırmağa cəhd göstərir, öz məlumatı və milli ruhu, həmin yerlərə vurğunluğu prizmasından onları izah etməyə çalışır. O, özünü həm də bu obanın, Azərbaycanın, Gürcüstanın və bütün türk dünyasının tarixinin bilicisi kimi göstərir, təsdiqləyir, bu ərazilərdə tarixin gedişini, axarını bir tarixçi kimi təhlil edə bilir. Orta əsrlərdə gürcü çarlığının böyük ərazilərə sahib olmasında buntürklərin, qıpçaqların, qarapapaqların rolunu olduğu kimi qiymətləndirir. Azərbaycanın Şəki-Zaqatala bölgəsinin qısa tarix kəsiyində necə Kartli çarlığı tərəfindən işğal olunmasının tarixi mənzərəsini verir.
Elbəyi Cəlaloğu söz, təzadlar və təsvir ustasıdır, fikir verin ondan sitata: “Kapitan Kudelkonun qalın və çatma qaşları ağır-ağır uçmaqda olan qoca qarğanı, qara və enli bığları isə o vaxtkı “Ukrayna” markalı velosipedlərin sükanını xatırlatdığından onu bir dəfə görən yüz il sonra qarşılaşsa dərhal tanıyardı”. Digər misal: “Həmin anda eşqölçən cihaz olsaydı və mənim eşqimi onunla ölçsəydilər, yəqin ki, cihazın əqrəbi qırmızı xətti vurub keçərdi”.
E.Cəlaloğluda professional yazıçı qabiliyyətinin olduğu açıq-aydın özünü göstərir. Məsələn o, gözəlliyin məfhumedici cazibədarlığını çox böyük məharətlə təsvir edir, təzadlayır. Bunun üçün müəllifdən bir daha sitat gətirirəm: “Onun sinəsi (söhbət Katyadan gedir – R.M.) darvazası açıq qalmış nar bağını xatırladırdı. Narlar o qədər gözəliydi ki, “meyvə oğrusu”na gəl-gəl deyirdi. Oğrulara xas xüsusiyyətlə oğurluq etməzdən əvvəl ətrafı bir daha nəzərdən keçirtməyi unutmadım”.
Əsərdə özünü hadisələrin bəzilərinin yaxından iştirakçısı qismində, bəzilərinin oxucu və yaxud dinləyicisi kimi göstərməsi, digərlərinin isə reallıq kimi məharətlə oxucuya təqdim etmə bacarığı müəllifin yüksək istedadından, xüsusi nəqletmə qabiliyyətindən xəbər verir. Bütün bunlar həm də onun bir peşəkar yazıçı kimi fantaziyalarının və interpretasiyasının olması səbəbindən, öz ana dilini və onun qrammatikasını yaxşı bildiyindən, hadisələri məntiqə uyğunlaşdırma ustalığından, bunlara əlavə olaraq özünün doğulduğu ərazidə yaşayan türklərin milli koloritlərini məharətlə təsvir və hadisələrə əlavə edə bilmə bacarığından irəli gəlir. E.Cəlaloğlunun yazı dili zəngin olmaqla yanaşı asan başa düşüləndir, axıcıdır, oxucunu yormur, toxunulan mövzular müxtəlif olsa da, povest boyunca oxucunun diqqətini ana xətt, yəni türk dünyası, azərbaycan xalqı, onun dövlətçiliyi və bunların hamısının fonunda millətə və dövlətə məhəbbət hissi daimi dominant məqsəd kimi hiss olunur. Müəllif oxucunu öz arxasınca bu istiqamətdə aparır. Elbəyi Cəlaloğlunun fikrincə, “milli şüurun varlığı milli mədəniyyətin, milli dövlətin, milli tarixin, milli yaddaşın qorunması və inkişafı deməkdir”.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!