Bağırovun Bütöv Azərbaycan uğrunda mübarizəsiMir Cəfər Bağırovun böyük bacısı Seyid Məsumənin nəvəsi Məmmədtağı Bağırovla uzun müddət Bağırov irsini araşdırmaqla məşğul olmuşuq. İndi aramızda yoxdur. Mövzu gündəmdə olduğuna görə onun 2017-ci ildə yazdığı məqaləni olduğu kimi təqdim edirəm:-
Füzuli BaratovMir Cəfər Bağırov fenomeninin ən mühüm əlamətlərindən biri onun Azərbaycan adlı məmləkətin vurğunu olması idi. O, doğma yurdu sonsuz bir məhəbbətlə sevmiş, onun şərəfini daima uca tutmağa çalışmış, bu torpaqda yaşayan xalqın milli mənafeyi uğrunda ömrü boyu yorulmaq bilmədən inadla mübarizə aparmışdır. Doğma yurdun uzaq keçmişində yadellilər (Rus – İran müharibələri nəticəsində Gülüstan - 1813, Türkmənçay – 1828 illər) tərəfindən parçalanaraq ikiyə bölünməsi və tarixi haqsızlıqların mütləq aradan qaldırılması ilə əlaqadar olan ciddi düşüncələr onun mənalı həyatını daim müşayiət etmişdir. Azərbaycan torpaqlarının nəyin bahasına olursa olsun geri qaytarılması, qılınc yarası almış doğma Vətəni mümkün qədər tez birləşdirmək arzusu respublika rəhbərinin ən böyük amalı olmuşdur. Ona görə də Mir Cəfər Bağırovun İrana ezam edilən yoldaşlarla söhbətlərdə bir neçə epizoda diqqət yetirək.
M.C. Bağırov:“Sizə məlumdur ki, bizim Qızıl Ordumuz az vaxt içərisində Şimali İranda xeyli ərazi tutmuşdur. Bu ərazilər əsas etibarilə bizim Cənubi Azərbaycan torpaqlarıdır. Tarixən bura Azərbaycan torpağı kimi tanınmışdır. İranın böyük şəhərlərindən olan Qəzvin, Urmiya, Miyanə, Marağa, Təbriz, Ərdəbil, Səlmas, Xoy, Ənzəli və s. bizim ata-babalarımızın doğma vətənləri olmuşdur. Hələ doğrusunu bilmək istəsəniz, Tehran da qədim Azərbaycan şəhəridir.”
1941 – ci il Sentyabrın 15-də “İrana göndərilən yoldaşlarla M.C. Bağırovun söhbəti”nin stenoqramında göstərilir:“Burada mən sizə bir məsələni də deməliyəm. O məsələ də bundan ibarətdir; nə qədər ki, bizim Qızıl Ordumuz oradadır, biz heç vaxt razı ola bilmərik ki, gözümüzün qarşısında Cənubi Azərbaycan torpağında yüzlərlə adam acından həlak olsun. Əgər bizdə bir damcı belə azərbaycanlı qanı qalıbsa, gərək biz bir vaxtlar zorla parçalanmış xalqın birləşməsinə nail olaq... Buna bizim gücümüz və bacarığımız çatar... Nə qədər çətin olsa da, biz Cənubi Azərbaycan zəhmətkeşlərinə bu köməyi göstərməliyik. Buna bizim qeyrətimiz, vicdanımız, şərəfimiz və sədaqətimiz çağırır... Ona görə də biz öz rəhbərimiz Stalin yoldaşa məktub yazıb ondan Cənubi Azərbaycan zəhmətkeşlərinə kömək etmək məsələsini xahiş etmişik... Biz dörd – beş gündür ki, bu məsələyə başlamışıq, məndən Moskvada soruşurlar ki, nə istəyirsiniz. Cavab verdim ki, biz Cənubi Azərbaycanda yaşayan qardaşlarımıza kömək etmək istəyirik, buna bizə icazə verməlisiniz. Moskvadakı yoldaşlar bizə bu icazəni verdilər.” (Cəmil Həsənli, “İkinci dünya müharibəsi illərində Azərbaycan hərbi, siyasi və diplomatik münasibətlərdə (1939 – 1945)”- Bakı – “Yazıçı” nəşriyyatı, 2015, səh.68.)
Ümumən Cənubi Azərbaycan haqqında çoxlu arxiv sənədləri, kitablar, məqalələr və başqa sənədlər mövcuddur. Bu yaxınlarda mətbuatda, sosial şəbəkələrdə oxudum ki, ABŞ-da bir milyondandan çox arxiv sənədləri aşkarlanmışdır. Bəs bu illərdə (1941 – 1945) Sovet Azərbaycanının şimalında hansı hadisələr baş vermişdir?
Tarixi həqiqət: Dağıstanda 1997-ci ildə “Yupiter” nəşriyyatı tərəfindən buraxılmış “Əziz Əliyev. Dağıstanda işlədiyi 1942 – 1948-ci illər. Rəsmi sənədlər, məruzələr, nitqlər, yazışmalar, müsahibələr” kitabında əks edilmişdir.
Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Tarix , arxeologiya və etnoqrafiya institutu tərəfindən hazırlanmış kitabın dördüncü fəslində Əziz Əliyev haqqında xatirələr toplanmışdır. 1940 – 1948-ci illərdə Dağıstan Vilayət İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmış Əbdürrəhman Daniyalov vəfatından bir müddət qabaq, 1981 – ci ildə yazdığı (bax:adı çəkilən kitab, səh.243-244) kitabdan oxuyuruq:
“1943 – cü il idi. Tehran konfransından sonra, bir gün səhər Mir Cəfər Bağırov Dağıstanda idi, görüş zamanı o, mənə şəxsən Stalinlə olmuş söhbətin məğzini açdı. Dedi ki, Dağıstanın düşdüyü çətinliklərlə əlaqədar, Dağıstanın Azərbaycanla birləşdirilməsini və ya Dağıstan MSSR-in
Azərbaycana verilməsini Stalinə təklif etmişdir. Stalin cavabında demişdir: “Bu təklifə dağıstanlıların özləri necə baxırlar?” Mir Cəfər Bağırov cavabında “Zənnimcə pis baxmırlar,”-demişdir. Mən M.C. Bağırova dedim ki, bu məsələ barədə yoldaşlarla məsləhətləşmək lazımdır.
Məlum olduğu kimi, Ə. Əliyevlə birlikdə Azərbaycandan Dağıstana işləməyə daha 16 nəfər gəlmişdi. Onlardan, Ağababov Arşavir Dağıstan Vilayət Komitəsinin ikinci katibi seçilmişdi, mənim birinci müavinim Tixon Rixiyev idi, Dərbənd Şəhər Partiya Komitəsinin birinci katibi Məmmədov, Qasımkənd Rayon Partiya Komitəsinin birinci katibi Bağırov (Azərbaycan K(b)P MK-nın birinci katibinin həmfamiliyalısı), Vilayət Partiya Komitəsinin Təbliğat və təşviqat şöbəsinin müdiri Salam Abdinbəyov idi. Belə bir şəraitdə Dağıstanın Azərbaycanla birləşdiriləcəyi təklifi fəallar içərisində baş alıb yayıldı. Bundan sonra M.C. Bağırovla görüşlərimizdə bu mövzuya toxunulmadı. Ə. Əliyev tərəfindən də təşəbbüs olmadı. Mən də bu məsələyə əhəmiyyət vermirdim. Ancaq bir dəfə RSFSR xalq səhiyyə komissarının Dağıstana gəlişi zamanı Vilayət Ali Sovetinin sədri Adilgəray Taxtarov qonağın şərəfinə ziyafət təşkil etmişdi. Qonaqlar arasında Leninqrad sualtı gəmiçilik məktəbinin rəisi (müharibə illərində Mahaçqalaya köçürülmüşdü) kontr-admiral Skrıqanov da vardı. Ziyafət şən keçirdi. Yeyirdilər, içirdilər, qələbə şərəfinə badə qaldırırdılar. Birdən kontr-admiral mənə yanaşdı və dedi: “Abdurraxman Daniyaloviç, sən yəqin ki, cənuba deyil, şimala – Moskvaya istiqamət götürürsən?” Bu replika məni vadar etdi ki, Dağıstanın Azərbaycana verilməsini və bunun siyasi nəticələrini özlüyümdə götür-qoy edim və bu təklifə mənfi münasibətimi bildirim. Bu barədə Ə. Əliyevlə danışarkən, o, zənnimin tam əksinə olaraq, Dağıstanın Azərbaycanla birləşdirilməsinin qəti əleyhdarı olduğunu söylədi: “İndi biz birbaşa ÜİK(b)P MK ilə təmasdayıq, əgər Azərbaycanın tabeliyinə keçsək, Azərbaycan K(b)P MK-ya tabe olacağıq. Bundan əlavə, Quliyev Dağıstana RSFSR hökumətindən çox pul ayırmayacaqdır”.
Bu söhbət mənim Ə. Əliyevə olan hörmətimi daha da artırdı, aramızdakı qardaşlıq münasibəti möhkəmləndi. Ə. Əliyev beynəlmiləlçi, uzaqgörən siyasətçi kimi nəzərimdə yüksəldi. Görünür, M.C. Bağırov Ə. Əliyevi Dağıstana yola salanda, Dağıstanın Azərbaycan tabeliyinə veriləcəyi təklifinə dair Stalinlə söhbətinin məzmununu ona çatdırmışdı. Ancaq bütün hallarda Ə. Əliyev M.C. Bağırovun iradəsi qarşısında əyilməmişdi. M.C. Bağırov təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada və Dağıstanda böyük səlahiyyət sahibi idi, ÜİK(b)P MK-nın və Zaqafqaziya Cəbhəsinin üzvü idi. Biz ona böyük nüfuzlu yoldaş kimi hörmət edirdik, məhz 1937 –
1938-ci illərin tufanından sonra yalnız o, bütün Qafqazda salamat qalmışdı. Bundan başqa, biz Mir Cəfər Bağırovun Dağıstana münasibətini də başa düşürdük. Bir dəfə, SSRİ Ali Sovetinin sessiyası günlərində axşamdan xeyli keçmiş Ə. Əliyev Taxtarov (Taxtarov A.Q.-Dağıstan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri-T.Q.) və məni Mir Cəfər Bağırovun dəvətilə onun mənzilinə qonaq apardı. M.C. Bağırov sevinc içində idi və bizi qarşılayanda təxminən bu sözləri dilinə gətirdi: “Mən bir az əvvəl Stalinin bağ evində süfrə arxasında idim. Dağıstanın Azərbaycana verilməsi prinsip etibarilə həll olunmuşdur. Siz Stalin yoldaşa bu məzmunda rəsmi məktub göndərin”. Biz bir-birimizin üzünə baxdıq. Ə. Əliyev cavab verdi ki, ətraflı düşünərik və sabah qərara gələrik.
Mehmanxanaya qayıtdıq, öz aramızda yekdil rəyə gəldik ki, ən azı vilayət partiya komitəsinin plenumunda baxılmadan Stalinə Dağıstanın Azərbaycana verilməsi barədə məktub yaza bilmərik və şərtləşdik ki, Ə. Əliyev bu haqda Bağırov yoldaşa bildirsin. Belə də oldu. Mən, əlbəttə, Əziz Əliyevlə Mir Cəfər Bağırov arasındakı söhbətin necə getdiyini deyə bilmərəm. Ancaq bundan sonra Ə. Əliyevə də, mənə də, Dağıstana da Mir Cəfər Bağırovun gizli qəzəb və nifrəti yarandı, müharibənin son illərinədək o, Dağıstana gəlmədi”.
... Əgər müharibə illərində Dağıstan “üçlüyü” Mir Cəfər Bağırovun Stalinlə razılaşdırılmış təklifinə qoşulsaydı, SSRİ dağıldıqdan sonra dağıstanlılar da vahid Azərbaycan dövləti tərkibində xaçpərəstlərin əsarətindən birdəfəlik azad olunacaqdılar. Şeyx Şamilin də, Fətəli xanın da, Əlibəy Zizikskinin də, Cavad xanın da, Məhəmməd Əmin Rəsulzadənin də, Mir Cəfər Bağırovun da ruhu şad olacaqdı... Dərbəndə gedən yol Təbriz yolundan uzaq görünməyəcəkdi. Xəzərin Dağıstan sularında Rusiya hərbi gəmiləri lövbər salmayacaqdı, Putin Dağıstanın “qara qızıl”ını ovuclayıb yanağına çəkməyəcəkdi...
Dağıstan dağlarında müsəlmanları “terrorçu damğası” ilə raket atəşinə tutan kontr-admiral Skrıqanovlar XXI əsrdə dağlılara “Cənuba yox, Şimala bax !” əmri verə bilməyəcəkdilər...İkinci dünya müharibəsi illərində M.C. Bağırov yaranmış vəziyyətdən istifadə edərək, vahid Azərbaycan uğrunda mücadilə aparırdı. Onun Stalinə yazdığı məktublarda qədim Dərbənd şəhərinin vurğulanması da bu yanğının nişanəsi idi, “Fətəli xan” filminin çəkilişi də bu məsləkdən doğurdu.
Dərbənd Azərbaycan dövlətləri olan Qafqaz Albaniyası, Şirvanşahlar, Səfəvilər və Fətəli xanın başçılıq etdiyi Şimal-Şərqi Azərbaycan dövlətinin
tərkibində olmuşdur. 1796-cı ildə rus qoşunları tərəfindən işğal olunandan sonra Dərbəndi Azərbaycanın əzəli torpaqlarından təcrid etmək siyasəti yeridilmişdir.
Məlum olduğu kimi, Azərbaycan Cumhuriyyəti dövründə Dağıstan xalqları ilə qardaşcasına münasibət mövcud olmuş, Dərbənd Azərbaycan şəhəri kimi qəbul edilmişdi. Yeri gəlmişkən, Azərbaycan Cumhuriyyəti hökumətinin Nəsibbəy Yusifbəylidən sonra ikinci maarif naziri Dağıstanın Xasavyurd şəhərində anadan olmuş, 1910-cu ildə Parisdə Sorbon Universitetinin hüquq fakültəsini bitirmiş Rəşidxan Qaplanov olmuşdur. 1919-cu ildə Azərbaycan Parlamentinin qərarı ilə xarici ölkələrə ali təhsil almağa göndərilən 100 nəfər arasında beşi Dərbənd və Dağıstanın başqa yerlərindəndi. Onlardan Abdinov Bəhram Əlövsət oğlu, Əfəndiyev Abdulla Molla oğlu, Xrimanov Zəkəriyyə Əbdülrəşid oğlu və Teymurxanov Muradbəy Zabir oğlu Almaniyaya, Şahnəzərov Mirzəmənsur Hakim oğlu Fransaya göndərilmişdilər.
1920-ci il martın 25-də 11-ci Qırmızı Ordu Dərbəndi işğal etdi, sonra da Qubada, Xaçmazda, Bakıda, Gəncədə, Lənkəranda və Azərbaycanın digər şəhər və kəndlərində qan tökdü. 2017-ci il martın 25-də Dərbəndin, aprelin 28-də Bakının işğal günləridir...
Soydaşlarımız Bakıdan Dərbəndə, Dərbənddən Bakıya “xarici pasport”la gedib-gəlməyə məcburdurlar...
Çox acınacaqlı haldır ki, son zamanlar Rusiyanın şəhərlərinə, xüsusilə Dərbəndə iş dalınca, təhsil almağa, xəstəliklə əlaqədar gedən Azərbaycan vətəndaşları müxtəlif bəhanələrlə incidilir, deportasiya olunur və s.
Əziz həmvətənlər, Novruz Bayramınız Mübarək !
Məmmədtağı Bağırov,
16 mart 2017.