Britaniyadan razı qalmadım - Tramp .....                        Torpaq çərşənbəniz mübarək! .....                        İrandakı müharibə nə vaxt başa çatacaq? .....                        İran Avropa ölkəsini təhdid etdi: cavab verəcəyik! .....                        Bakı metrosunda YENİ QADAĞA .....                        Avropa Birliyi Ermənistana xüsusi qrup göndərir - Rusiyaya qarşı .....                        İranda öldürülən növbəti general .....                        ABŞ səfirliyinə hücum - partlayışlar olub .....                        Müctəba Xamenei sağdır, yoxsa ölüb? - Trampdan müəmmalı açıqlama .....                       
23-01-2026, 08:20
Eldar müəllim, 100 yaşa


Eldar müəllim,

100 yaşa



Bu ilin yanvarında Qərbi Azərbaycanın sayılıb-seçilən ziyalılarından olan fizika üzrə fəlsəfə doktoru, dosent Eldar Qarayevin 70 yaşı tamam olub. Onun yubiley işığına dostları, doğmaları, iş yoldaşları, mənsub olduğu Qafan Rayon İcmasının fəalları yığışıblar. Reportajımıza keçməzdən əvvəl oxucularımızı Eldar müəllimlə tanış edək:

Eldar Səməd oğlu Qarayev, 1956-cı il yanvarın 18-də Zəngəzur mahalının Gərd kəndində dünyaya gəlib. İbtidai sinfi öz kəndlərində, orta məktəbi isə Bakı şəhər 1 saylı ingilis təmayüllü orta məktəbdə oxuyub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə qəbul olub. 1978-ci ildə universiteti bitirərək təyinatla AMEA Fizika İnstitutuna elmi işçi göndərilib və bir il Biomərkəzdə işlədikdən sonra Sovet Ordusu sıralarına çağrılıb və 1979-1981-ci illərdə zabit kimi həqiqi hərbi xidmət keçib. Tərxis olunanadan sonra 1982-cı ilin əvvəlindən doğma universitetə qayıdaraq Fizika fakültəsində – “Ümumi fizika” kafedrasında çalışıb, aspiranturanı oxuyub və elmi dərəcə qazanıb. Xeyli müddət fizika fakültəsində tədris işləri üzrə dekan müavini işləyib. 150-dən çox məqalə və tezisin, 8 dərs vəsaitinin müəllifidir. Ən əsası gözəl ailə başçısıdır, 3 övladı, nəvələri və sevimli tələbələri var.

Bu fikirlər yubiley törənində də səsləndirildi. Tədbirdə əvvəlcə Eldar müəllim hamıya xoş gəldiniz deyib, BDU Fizika fakültəsinin “Ümumi fizika və FTM” kafedrasının, Mexanika-riyaziyyat fakültəsinin əməkdaşlarının adlarını çəkərək qohumlarla tanış edib. Sonra professor Nadir Qəhrəmanov, kafedra müdiri Rəhim Rəhimov, universitetin müəllimlərindən professor Yusif Nurullayev, dosent Arif Orucov, dosent Cabbar Cabbarov və digərləri Eldar Qarayevin qohumlara, ailə üzvlərinə bəlli olmayan cəhətlərindən, onun iş prosesində, universitetdə, tələbələrə münasibətdə qazandığı nüfuz və hörmətdən söhbət açıblar. Qeyd ediblər ki, 40 ildən çoxdur ki, Eldar müəllim universitetdə elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Bu müddət ərzində kimsə deyə bilməz ki, Qarayev kiminsə xətrinə dəyib, ya birinin qəlbini qırıb. Bütün bunlar onun şəxsi xarakterinin, əhatəsində olan insanlara xoş münasibətinin nəticəsidir. Təbiətcə sakit, xasiyyətcə mülayim, ruhunu xeyirxahlıq üstə köhləyən belə insanları indiki dövrdə tapmaq çətindir. Hamımız fəxr edirik ki, onunla həmkar, iş yoldaşı və dostuq.

Beləcə universitet kollektivi Eldar müəllim, sizinlə qürur duyuruq, -deyərək gətirdikləri plaketləri, suvinerləri yubilyara təqdim ediblər.
Şair Seyfullah Abbasov Qafan Rayon İcmasının sədri professor Eldar Abbasovun yubilyara ünvanladığı təbrik məktubunu oxuyub:
Hörmətli Eldar müəllim!

Siz, hər birimiz ücün müqəddəs olan Zəngəzur elinin özünəməxsus vətənpərvərliyi, cəfakeşliyi, doğma torpağa bağlılığı ilə seçilən, sayılan ziyalılarından birisiniz. Ömrünüzü minlərlə tələbələrinizin maariflənməsinə həsr edərək onları uğurlara aparan yola mayak olmuş, mühazirələrinizdə elmlə yanaşı, həm də həyat dərsi aşılamısınız. Qafan Rayon İcmasının təşkilatlanmasında, formalaşmasında fərqli aktiv fəaliyyətiniz və təmənnasız xidmətləriniz danılmazdır, təqdirəlayiqdir. Qafan Rayon İcmasının rəhbərliyi sizi 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, ailə xoşbəxtliyi, yaradıcılıq uğurları, həmçinin qəlbimizdə nisgilə cevrilən vətən həsrətinə son qoyulmasını arzulayır...

Eldar Abbasov təbrik yazılmış plaketi yubilyara təqdim edərək öz ürək sözlərini söyləyib, onu bir daha səmimi qəlbdən təbrik edib. Qeyd edib ki, Eldar müəllim, 70 yaş ömrün keçid dövrüdür. Siz bu günə qədər şüurlu həyatınızı xalqımıza, millətimizin tərəqqisinə cəmiyyətimiz üçün ləyaqətli vətəndaşlar, ixtisaslı kadrlar yetişdirməyə həsr etmisiniz. Belə vaxtlarda insan özünə, şəxsi həyatına, sağlamlığına elə də fikir vermir. Ömrün bu yaşından sonra bir az da özünüz üçün yaşamağa vaxt ayırın. Mənim sizə ən ümdə arzum elə bütün icmamızın arzusudur. Arzu edirik ki, illərdi həsrətini çəkdiyimiz dogma yurdumuza, doğulduğunuz Gərd kəndinə qovuşmaq nəsibiniz olsun. Nəvələrinizin əlindən tutub babalarının yurdunda gəzdirəsiniz.

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev üzünü alim həmkarına tutub dedi ki, Eldar müəllim, əgər 70 yaşın hesabatını versəniz alın açıqlığı ilə dönüb geridə qalan illərinizə baxa bilərsiniz. Çünki bu illər ərzində çox şeyə nail olmusunuz. Elmi fəaliyyyətiniz barədə iş yoldaşlarınız dolğun məlumat verdi. Bununla belə, siz gözəl ailə başçısı, qayğıkeş ata, şəfqətli-mərhəmətli baba, ən əsası mehriban qonşusunuz.
Bir vaxtlar Eldar müəllimlə qonşu olduğunu söyləyən Rauf müəllim o vaxtların şirin xatirələrini də bölüşüb.

Qardaşları Baloğlan, Faiq Qarayevlər və digər qohumları Eldar müəllimi təbrik edib, xoş arzularını bildiriblər.
Gərd Kənd İcmasının fəallarından Pənah Həmzəyev, ağsaqqlardan Bayram Mönsümov, Akif Quliyev, Rəsul Vəliyev, Xeyrullah Əliyev və digərləri kəndlərinin yetirməsi haqqında qürurla, ürəkdolusu danışıblar. Qeyd ediblər ki, Eldar müəllim uşaqlıq dövründən bu günə qədər – gəncliyi, müdriklik dövrünün hamısı gözlərimizin önündə keçib. O, zəhməkeş olduğu qədər də təvazökar, istiqanlı, mehriban, qohumcanlı oğuldur. Onun xarakteri Qərbi
Azərbaycanın qədim və füsunkar guşəsi olan Gərd kəndinin gözəllikləri içində formalaşıb. Ona görə də o ruhu, bütün varlığı ilə ata yurda, dogma ocağa bağlıdır. Biz fəxr edirik ki, o sadəcə o torpağın, doğulduğu kəndin övladı deyil. Respublikamızın hər guşəsindən toplaşan ziyalıların onun haqqında dedikləri sübut edir ki, Eldar Qarayev bu 70 ili havayı verməyib. Həyatını kainatın sirlərinə, laboratoriyalarda elmi axtarışlara həsr etsə də insanlığını hər şeyin fövqündə tutub. Hər zaman sadəliyini qoruyub, humanizm ideyalarına sadiq qalıb, tələbələrinə ata qayğısı göstərib, ətrafındakılar ondan həmişə müsbət enerji alıb. İndi 70 yaşın zirvəsindən keçən şərəfli ömür yoluna baxdıqca eloğlu kimi biz də qürur duyuruq.

Əziz Eldar müəllim, sizə möhkəm cansağlığı, tükənməz həyat eşqi arzulayırıq. Bir də arzu edirik ki, 80, 90 illik yubileylərinizi beləcə, əzizlərinizin və sevənlərinizin əhatəsində qeyd edəsiniz. Bir də icmamızın üzvləri arasında ünsiyyət yaradılması sahəsindəki fəaliyyətinizə görə sizə minətdarlığımızı bildiririk.

Xoş ovqat, yüksək əhval-ruhiyyə şəraitində keçən yubiley tədbirində iş yoldaşlarının, qohum-əqrəbalarının, ellilərin əhatəsində bütün qayğılardan uzaq düşən Eldar Qarayev sanki özünü 70 yox, 7 yaşında kimi hiss edib, başına toplaşan nəvələrlə də əylənməyə vaxt tapıb. Halal süfrəsinə yığışan qonaqların hamısına yüksək diqqət göstərib, hər birinin stolunda əyləşmədən keçməyib. Bu da yüksək həssasiyyətin, nəzakətin və ziyalılığın bir başqa əlamətidir.
Sonda Eldar Qarayev üzünü qonaqlara tutub hər birinə təşəkkür edib, minnətdarlığını bildirib:

Əziz dostlar, 70 illik yubileyim münasibətilə məni təbrik edən, xoş sözlərini, səmimi arzularını əsirgəməyən, eləcə də bu münasibətlə keçirilən tədbirimizdə iştirak edərək sevinclərini mənimlə bölüşən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Xüsusilə də uzaq-yaxın demədən tədbirə qatılanlara sonsuz təşəkkürümü bildirirəm. Sizin diqqətiniz, ehtiramınız və mənə göstərdiyiniz dəyər bu günü mənim üçün unudulmaz etdi. Allah hər birinizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və ruzi-bərəkət nəsib etsin. Birliyimiz, həmrəyliyimiz daim olsun!

Qafan Rayon İcmasının mətbuat xidməti





22-01-2026, 08:47
DOST Mərkəzindəki dostlar


DOST Mərkəzindəki

dostlar


Neçə illərdir ki, adət etdiyimiz bürokratiya, süründürməçilik, bəzi hallarda məmur özbaşınalığı və kobudluğu ilə üzləşməmək üçün idarə və müəssisələrə ayaq basmamağa çalışırdım. Fəqət qocalıq məni qeydiyyatda olduğum Yasamal rayonundan 1 saylı Bakı DOST mərkəzinə sürüdü. Sənədlərimi də götürüb giriş qapısına yaxınlaşdım. Mühafizəçilər ədəb-ərkanla qeydiyyat masasına yönəltdilər. Yaxınlaşdım, gəlişimin səbəbini öyrənib oradan da pensiya masasına yönləndirdilər. Aparıcı mütəxəssis Brilyant Yusif qızı Hacıyeva problemimi diqqətlə dinləyib, bütün suallarıma mükəmməl cavab verdi. Pensiyamın yenidən hesablanması üçün lazım olan sənədlərin siyahısını da yazıb mənə verdi ki, unutmayım. Məmnuniyyətlə çıxıb getdim. Qeyd olunan sənədləri toplayıb bir müddətdən sonra ienə Mərkəzə gəldim.

“DOST könüllüləri”-Elmira Eyvazova, Şəfəq Abbasova, Sevinc Bayramova, adını bilmədiyim daha neçə-neçə könüllülər yaxınlaşıb növbə nömrəmi soruşur, yer göstərib əyləşdirməyə çalışaraq darıxmağa imkan vermirlər. Növbəm bu dəfə də Brilyant Hacıyevanın masasına düşdü. Bu səfər keçən dəfəkindən də çox mehribanlıq göstərdi. O qədər ləyaqətli, səmimi, xoş rəftar etdi ki, elə bildim öz doğmalarımdan biridir. Düzdü bu dəfə də nəsə çatışmırdı, yenidən bura qayıtmalı olacaqdım. Amma bu vaxta qədər heç bir idarədə, heç bir dövlət qurumunda insanlara qarşı belə humanist yanaşma, diqqət, nəzakətli davranış görmədiyimdən burda gördüklərim məni çox təsirləndirmişdi. Brilyanta burda görüb müşahidə etdiklərimdən, onun yüksək peşəkarlıqla, ləyaqətlə xidmətindən yazı yazmaq istəyimi bildirdim. Minnətdarlığını bildirərək, nəzakətlə imtina etdi, istəmədi. Mərkəzin rəhbərliyinə xidmətdən razılıq məktubu yazıb, vətəndaş məmnuniyyətinə görə, Brilyant Hacıyevaya təşəkkür elan etməsini xahiş etdim.

Sonralar müxtəlif məsələlərlə bağlı dönə-dönə bura gəlsəm də, təşəkkürlə bağlı müraciətimin nəticəsinin nə olduğunu bilmədim, amma onu bildim ki, 1 saylı DOST Mərkəzində hamı müraciət edən vətəndaşlara dost münasibəti göstərir. Elə ona görə də bu barədə yazmaq qərarımı qətiləşdirdim. Niyətimi "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi"nin (DOST) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Şahin Əliyevə bildirdim. İnformasiya əldə etməyimizə heç bir problem olmadığını bildirdi. Beləliklə vətəndaşların xatirəsində yaxşı iz buraxan DOST-çu dostlarla daha yaxından tanış olduq:
Əliyeva Elza Fəqan qızı Salyan şəhərində anadan olub. Ali təhsilini sosial iş ixtisası üzrə yüksək göstəricilərlə bitirib. Əmək fəaliyyətinə müxtəlif təşkilatlarda eyni zamanda DOST Mərkəzlərində könüllülük fəaliyyəti ilə başlayıb. 3 ilə yaxındır ki, 1saylı Bakı DOST Mərkəzində çalışır. Fəaliyyəti dövründə vətəndaşlara sosial xidmətlərin göstərilməsi, həssas əhali qrupları ilə iş və vətəndaşlara xidmət sahəsində aktiv iştirak edir.

İmaməliyeva Aytəkin Aydın qızı Sumqayıtda anadan olub. 2019-cu ildə orta məktəbi bitirib Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər ixtisasına qəbul olunub. 2023-cü ildə bakalavr təhsilini tamamlayaraq Abşeron DOST Mərkəzində könüllü fəaliyyətə başlayıb. Könüllü fəaliyyəti başa çatdıqdan sonra- 2023-cü ilin noyabrında monitorinq şöbəsində iki ay müddətində təcrübəçi kimi fəaliyyət göstərib. 1 iyul 2024-cü ildən 1 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsində referent vəzifəsində çalışır.

Əslində burda çalışanların birini digərindən çox da fərqləndirmək olmur. Çünki hamısının ümdə vəzifəsi vətəndaş məmnuniyyətini təmin etməkdir.
1 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsinin müdiri Elsevər Cabbarov bildirdi ki, Mərkəz 9 may 2019-cu ildən bəri gün ərzində təxminən 400-450 nəfərə xidmət göstərməklə fəaliyyət göstərir. Vətəndaşlara “bir pəncərə” prinsipi ilə məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial-hüquqi, sosial-məişət xidmətləri, sosial-pedaqoji xidmət olmaqla, ümumilikdə 162 adda xidmət göstərilir. Mərkəzdə “Könüllü DOST” proqramı üzrə 50 nəfərədək könüllü fəaliyyət göstərir.
Könüllülər “DOST” mərkəzlərində vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsində iştirak, vətəndaşların məlumatlandırılması, elektron sistemlərdən istifadə üzrə köməklik, müxtəlif anket, forma və s. doldurulmasında köməklik, əlillərə xüsusi diqqət və qayğı göstərilməsi, rəy sorğularının keçirilməsi və bir çox başqa sahələrdə fəaliyyət gösətərirlər.
Şöbə müdiri xidmət barədə məlumat verdikdən sonra əsas qəhrəmanımız Brilyant Hacıyevanı dinlədik.

Bildirdi ki, Tərtər rayonunda doğulub. Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib. BDU-da Təhsildə qiymətləndirmə və monitorinq üzrə magistratura təhsilini başa vurduqdan sonra könüllülük fəaliyyətinə başlayıb. Bir neçə təcrübə proqramına qoşulub. Bütün mərhələləri uğurla keçəndən sonra burda işə dəvət olunub. İki ilə yaxındır pensiyaçıların, sosial cəhətdən həssas təbəqələrin nazını çəkə-çəkə, onlara qayğı göstətə-göstərə özünə hörmət-izzət, sevgi, sayğı, çalışdığı quruma isə nüfuz, etimad, etibar qazandırır. Bu missiyasını davam etdirməkdən zövq alır. Deyir ki, bu iş mənim üçün çox maraqlı, mənalı bir işdir, həm də insanlara qanunauyğun istiqamət vermək, müşküllərini həll etmək mənim üçün həqiqi bir missya oldu. Bu sahədə fəaliyyət göstərməkdən çox şadam. Həm DOST Mərkəzinin prinsipi olaraq, həm də Prezidentimizin buyurduğu kimi, vətəndaşların sosial rifahı, məmnunluğu bizim öncəliyimiz, əsas prioritetimizdir.

Mərkəzdə görüşümüz əsnasında 18-20 yaş arası könüllülərin əhatəsində Ağayeva Lyudmila Ağa qızı diqqətimizi çəkdi. Sən demə 74 yaşlı Lyudmila xanım “Gümüşü könüllü”dür. Deyir ki, 46 il biologiya müəllimi işləmişəm. Pensiya kartımın vaxtı bitmişdi, müddəti uzatmaq üçün Kapital Banka getmişdim, bura yolladılar. Gəldim, qızların pərvanə kimi hərləndiklərini gördüm, xoşuma gəldi, maraqlandım ki, məni də bura götürərlərmi?!
Sağolsunlar götürdülər. İndi də “Gümüşü könüllü” olaraq gəlib gedirəm. Burda bu gözəl balalarla tərbiyəvi mövzuda söhbətlər edirik. Həyat təcrübəmlə bağlı onları maraqlandıran suallara cavab verirəm. Bir aydır fəaliyyətə başlamışam. Davam etmək fikrindəyəm.
Bəli həyat davam edir. Biz də işinə ləyaqətlə, peşəsinə sədaqətlə, vətənimizə, dövlətimizə şərəflə xidmət edən hər kəsə uğur arzulayırıq!
Tamxil ZİYƏDDİNOĞLU,
“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru,
Fotolar Vəfalı Qasımovundur.

20-01-2026, 12:51
Abşeronda 20 Yanvar faciəsi qurbanları yad edilib



Abşeronda 20 Yanvar

faciəsi

qurbanları yad edilib



Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 36-cı ildönümü dərin ehtiramla yad edilib. Rayon rəhbərliyi, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti Xırdalan şəhərində Şəhidlər abidəsini ziyarət edərək, şəhidlərimizin xatirələrini ehtiramla anıblar.

Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi sükutla yad olunub, Dövlət Himni oxunub.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, “20 Yanvar” Cəmiyyətinin Abşeron rayon şöbəsinin sədri Eyşan İsgəndərov, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, 20 Yanvar şəhidi Allahyar Cəfərovun oğlu Pərviz Cəfərov, 48 saylı Dairə Seçki Komissiyasının sədri Dilşad Abbasova, əməkdar müəllim Teyyibə Huseynova və “Xüsusi Təyinatlı Qüvvələrin şəhid ailələri və veteranları” İctimai Birliyinin Abşeron rayon sədri Süleyman Cəfərov çıxış edərək bildiriblər ki, Sovet rəhbərliyi Azərbaycan xalqının azadlıq mücadiləsini boğmaq üçün faciə törətmişdir. Bu dəhşətli cinayət də xalqımızı haq yolundan döndərə bilməmişdir. Qeyd edilib ki, 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilmişdir. Faciənin ertəsi günü, yəni yanvarın 21-də Ulu Öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirmiş, 20 Yanvar faciəsinə siyasi qiymət vermiş, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etmişdir. Ulu Öndər sonrakı fəaliyyəti dönəmində də 20 Yanvar həqiqətlərinə hüquqi qiymət verilməsi istiqamətində mühüm addımlar atmışdır. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etmişdir. Daha sonra 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul olunmuşdur.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün dövlət başçısının təşəbbüsləri sayəsində effektiv sosial müdafiə sistemi formalaşıb.

Daha sonra çıxış edən şəhid ailələri ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiklərini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.


20-01-2026, 00:24
Uğurlu tədbirin   uğurlu tarixi


Uğurlu tədbirin

uğurlu tarixi
- FOTOLAR

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovanın təşəbbüsü ilə yaradılmış “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi” və “Müvəkkil Hüquq Mərkəzi”nin birgə təşkilatçılığı ilə Beynəlxalq Avrasiya Fondunun ofisində Şurnuxu kəndinin işğaldan azad olunmasının 5 illiyinə həsr edilmiş “Şurnuxu Zəngəzurun giriş qapısı” adlı tədbir keçirilmişdir.


Azərbaycanın tarixi-coğrafi məkanları arasında mühüm strateji və mədəni mövqeyə malik olan Şurnuxu kəndi tarixən Zəngəzurun giriş qapısı kimi tanınmışdır. Bu ərazi yalnız coğrafi mövqeyi ilə deyil, həm də zəngin tarixi, mədəni irsi, etnoqrafik xüsusiyyətləri və milli yaddaşda tutduğu yerlə seçilir.
“Zəngəzurun giriş qapısı Şurnuxu” mövzusunda keçirilən elmi-mədəni tədbir məhz bu tarixi həqiqətlərin elmi əsaslarla təqdim olunması, ictimai şüurda möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Tədbirdə ADPU Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü, professor Mahirə Hüseynova, Prezident kitabxanasının direktoru, professor Afət Abbasova, professor Sayalı Sadıqova, Elm və Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər Təhsil Şöbəsinin baş məsləhətçisi Əhliyyət Adıgözəlov, Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar Fondunun üzvü, xalçaçı rəssam, əməkdar mədəniyyət işçisi, Fazil Abasquluzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə, jurnalist Rəsul Mirhəşimli, “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu, Gorus Rayon İcmasının sədri Etibar Həsənov, hüquqşünas Səməd Vəkilov, “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi”nin müdiri, fəlsəfə doktoru Leyla Calalova, “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi”nin baş mütəxəssisi Möhübbət Məmmədov, Azərbaycan Dövlət İqtisad Universiteti Xarici Dillər Departamentinin baş müəllimi Natəvan Ağayeva, “Müvəkkil Hüquq Mərkəzi”nin Könüllülər Departamentinin gəncləri Cavid Vəkilov, Fatimə Süleymanlı, Cəfər Əliyev, Əkbər Əliyev iştirak etmişlər.

Professor Mahirə xanım Hüseynova və professor Afət xanım Abbasovanın elmi yanaşması tədbirin akademik səviyyəsini yüksəltmiş, mövzunun dərin və sistemli şəkildə təqdim olunmasına şərait yaratmışdır. Prof.Mahirə Hüseynova tədbirdə çıxışı zamanı bildirib ki, yalnız şəxsi maraqlara xidmət edən yolda ümumi mənafe ola bilməz: bütün müharibələrin sonu sülhlə bitir. Biz heç kimin torpağında iddialı deyilik. Biz sadəcə ora qayıtmaq istəyirik. Orada doğulmuşuq və ora da qayıdacağıq. Erməni qalmaq istəyərsə, bu, onun öz işidir. “Biz belə bir yolun tərəfdarı deyilik və bu mövqeyimizdə israrlıyıq. Dədə-baba torpaqlarımıza qayıtmaq bizim mənəvi borcumuz, göylərdə olan ruhlara qarşı sədaqətimizin ifadəsidir. Şurnuxu, Dərələyəz, Göyçə və İrəvan bölgələri ilə bağlı 2025-ci ildə cənab Prezident çıxışlarında bu məsələyə doqquz dəfə toxunub ki, bu da az məsələ deyil”.
Tədbir çərçivəsində Şurnuxunun Azərbaycan tarixindəki rolu, onun qədim yaşayış məskəni olması, toponimika, mədəniyyət və mənəvi irs baxımından daşıdığı dəyər elmi faktlar əsasında diqqətə çatdırılmışdır. Müzakirələr zamanı vurğulanmışdır ki, Şurnuxu təkcə bir kənd deyil, Zəngəzurun tarixi yaddaşını özündə yaşadan mühüm mədəni-coğrafi mərkəzdir. Bu cür tədbirlər elmi araşdırmaların cəmiyyətə inteqrasiyası, milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm rol oynayır.

Tədbirin yüksək səviyyədə təşkili və məzmun baxımından zənginliyi ilk növbədə təşkilatçıların elmi məsuliyyəti və peşəkarlığı ilə bağlıdır. Eyni zamanda, Müvəkkil Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilovun tədbirə verdiyi dəstək və fəal iştirakı hüquqi və ictimai baxımdan məsələnin aktuallığını ön plana çıxarmışdır. Onun çıxış və mövqeyi milli irsin qorunması, tarixi həqiqətlərin müdafiəsi və ictimai məsuliyyət anlayışının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır. Tədbirin uğurla keçməsində iştirakçıların elmi marağı, fəal müzakirələri və mövzuya göstərdikləri həssas münasibət də xüsusi qeyd olunmalıdır. Alimlərin, ziyalıların və ictimaiyyət nümayəndələrinin bir araya gələrək Şurnuxu kimi tarixi məkanın taleyini elmi müstəvidə müzakirə etməsi milli yaddaşın qorunması baxımından çox dəyərlidir.

Nəticə etibarilə, “Zəngəzurun giriş qapısı Şurnuxu” mövzusunda keçirilən bu elmi-mədəni tədbir Azərbaycan tarixinin mühüm səhifələrinin araşdırılması və təbliği istiqamətində əhəmiyyətli addım olmuşdur. Bu cür elmi təşəbbüslərin davamlı olması milli-mədəni irsimizin qorunması və gələcək nəsillərə elmi əsaslarla çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.




19-01-2026, 22:40
DİDƏRGİN ŞƏHİD


Əziz oxucular, Şəhidlər xiyabanı salınandan hər il dönə-dönə ziyarət edirəm. Bu gün də növbəti ziyarətimi etdim və düşündüm ki, 1990-cı ilin Qanlı yanvarında bir şəhidimiz haqqında yazdığım yazını sizlərlə paylaşım.

DİDƏRGİN ŞƏHİD


Deyirlər, didərginlər dünyanın ən binəsib adamlarıdır. Bir də deyirlər ki, dünyanın ən xoşbəxt adamları azadlığı, qeyrəti, namusu uğrunda qurban getmiş şəhidlərdir. Deməli, İbiş Məmmədov (İbrahimə uşaqlıqdan qonum-qonşu İbiş deyərdi) dünyanın ən binəsib xoşbəxtidir. Kimdir qoһum-qonşularından başqa һeç kimin tanımadığı, lakin һamının ziyarət etdiyi bu İbiş?
1988-ci ildə Qafan şəһərində mitinq keçirən erməni ekstremistləri: «Mamedov, gəl bizə qoşul, Qarabağı Azərbaycandan qoparaq» deyəndə, o, “Mən Azərbaycan oğluyam, Qarabağ da bizimdir», - demişdi.
Onu Şəһidlər Xiyabanına aparan yol da oradan, o cavabdan başlamışdı. İbiş öz dədə-baba yurdundan qovulmuşdu...
Şəһidlərimizin cənazələri Azadlıq meydanından qaldırılanda istədim bir bayatı çəkəm, deyəm ki, «Burda bir qərib ölüb...». Amma dilim gəlmədi. Axı xalqın matəm qurduğu oğulu necə “qərib” deyib ağlayasan?!
Onun da tabutu bütün Azərbaycanın çiynində götürüldü. İbiş müqəddəs sayıb pənaһ gətirdiyi torpağa tapşırıldı, o torpağa ki, onun qeyrətini çəkə-çəkə didərgin düşdü. Öləndə də qollarını açıb torpağı elə һəsrətlə quçaqlamışdı ki... Ana dö- şünə sığınan körpə kimi.
Babası İsa kişi deyirdi ki, son vaxtlar evə dostları ilə gəlib-gedirdi. Yanıma çağırıb, bala, birdən pis əməllərə qoşularsan ha..a... dedim.
-«Baba, biz pis əməllər üçün doğulmamışıq”, - dedi, “Pis yol tutsam çörəyin gözümü tutar”.
Axırıncı dəfə yanvarın 19-da saat 11-də evdən çıxdı… İxtiyar kişi ağrıya tab gətirə bilmir. Köһnə-təzə yaraları sızıldayır. Yaşlı gözlərini ovcunda gizlədib danışmağa güc toplayır:

- Faşist ordusunun vurduğu güllələrin yarasını yarım əsrdir ki, bədənimdə gəzdirirdim, ağrıtmırdı. Amma Bakıda sovet əsgərinin atdığı güllələrin ağrısını ömrüm uzunu unuda bilməyəcəyəm. O qanlı yanvar gecəsinin dəһşətini unutmaqmı olar? Atəş açıldığını eşidib Salyan kazarması tərəfə çıxdım. Elə bil göydən yerə od yağırdı. Nəvəmi yıxılmış görüb qışqırdım, səsimi güllələdilər. Dizlərim təpərdən düşdü, tərpənməyə taqətim olmadı. Bu vəziyyətimi görən bir Azərbaycan balası şaһin kimi şığıyıb məni kənara çəkdi. Elə bu vaxt һər tərəfi tüstü bürüdü. Daһa һeç nə görə bilmədim.
Azərbaycan torpağında tökülən naһaq qanı һava işıqlanınca yumaq, yolu-rizi itirmək, o müdһiş gecənin eyibini ört-basdır etmək üçün tüstü də buraxdılar, su da tökdulər. Lakin başa düşmədilər ki, günaһsız qan su ilə yuyulmaz. Şəһid
qanından məlһəm qoyulmuş vətən torpağı sulandıqca oradan vəһşiliyə nifrət göyərəcək.
Tale İbişə onsuz da һəmişə sərt üzünü göstərib. İki yaşından yetim qalıb. Ata qayğısı görməyib. 1981-ci ildə 20 yaşında evlənib. Doqquz il övlad payı gözləyib. İndi də...
Öz taleyindən pay uman təzə gəlinlər ağ örpəyi atıb qara bağlayıblar. Hələ könül verib, könül almayan məsum qızlar odsuz-ocaqsız yanıb yaxılırlar. Anaların aһ-naləsi ərşə dayanır. Kirpiklər çəpər çəkib göz yaşlarını saxlamaq istəyir, bacarmır. Hər damlası şəһid qanından rəng alıb bir qırmızı qərənfil olan göz yaşlarından gül təpəsi yaranır. Şəһid yaraları qərənfildən “qaysaq” bağlayır.

Tamxil ZİYƏDDİNOĞLU

Bakı Dövlət Universitetinin tələbəsi
Yanvar 1990-cı il
19-01-2026, 15:03
şəhidlərimiz mübarizliyin, zülmə etirazın simvoluna çevrildilər...


20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın simvoluna çevrildilər...


Bir gün, bir gecə və bir xalq düşünün... O gecə xalq öz azadlığı üçün meydanlara, küçələrə çıxsın. Azadlığını, müqstəqilliyini tələb edib, iradəsini, qorxmazlığını göstərsin. Əliyalın şəkildə gözünü qan tutmuş silahlı düşmənin, yağış kimi yağan güllələrin, nərilti ilə gələn tankların üzərinə getsin. Bu yolda – azadlıq yolunda bir fədaisi namərd gülləsindən şəhid olsun, amma onun ardınca gələn yüzlərlə azadlıq aşiqi qarşıda şəhid olacağına, həyatını itirəcəyini bildiyi halda, yenə də yoluna davam etsin, xalqı, vətəni və gələcəyi naminə hayqırsın.
O gün meydanlara çıxanların azadlıq səsləri bütün dünyada eşidildi. Öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər.
1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib və bu cinayət azərbaycanlılara qarşı olmayıb, ümumilikdə insanlıq əleyhinə olub. Bu məqamda xüsusi vurğulamaq lazımdır kı, Sovet rəhbərliyi bu cinayəti törətmək üçün Azərbaycana göndərdiyi ordu hissələrinin tərkibinə məqsədli şəkildə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, o cümlədən hərbi məktəblərdə təhsil alan erməni kursantları cəlb edib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilmişdir. Faciənin ertəsi günü, yəni yanvarın 21-də Ulu Öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. O, faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı.
Ulu Öndər Heydər Əliyev o zaman üçün heç kimin edə bilmədiyini etdi. Çünki Sovet səhbərliyinə qarşı çıxmaq, onun həyata keçirdiyi siyasəti tənqid etmək və bunu da mətbuat konfransı keçirərək bütün dünyaya bəran etmək, sözün həqiqi mənasında, böyük cəsarət tələb edirdi. Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Azərbaycan xalqının qəlbində ümid çırağı yandı.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Yalnız 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
Vətənimiz, xalqımız uğrunda şəhidlik zirvəsinə ucalanlara respublikamızda daima böyük ehtiram göstərilib. Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin mərkəzində duran bu məqamın nəticəsidir ki, o, “Bakı şəhərindəki Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksinin ucaldılması barədə” 1998-ci il 5 avqust tarixli Sərəncam imzalamışdır. Bu siyasətin məntiqi davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən “Əbədi Məşəl” abidəsinin sütunları hündürləşdirilmiş, abidədəki səkkizguşəli ulduz, səkkizguşəli güzgünün məsamələri qızılla işlənilmişdir.
Hər il yanvarın 20-si – Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – ümumxalq hüzn günüdür. 20 Yanvar günü Azərbaycan xalqının tarixinin faciəli, kədərli səhifəsi olduğu kimi, eyni zamanda qəhrəmanlıq, rəşadət səhifəsidir. Ümummilli Lider Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələrini belə səciyyələndirirdi. Ulu Öndər böyük uzaqgörənliklə deyirdi ki, biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub. Həmin gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi.
Əsası Ulu Öndər tərəfindən qoyulan və uzaqgörənliklə formalaşdırılan dövlət siyasəitimiz bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam edtdirilir. Bu gün biz şəhid ailələri Prezident İlham Əliyevin daimi diqqət və qayğısını hiss edir, şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırılmasına şahidlik edirik. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Bununla yanaşı, əlilliyi olan şəxslərə əlilliyə görə pensiya və ya müavinət, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də ödənilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib. Eyni zamanda 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya xidmətləri ilə təminatı da həyata keçirilir.
Ölkə qanunvericiliyində şəhid ailəsi üzvləri, eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün digər bir sıra imtiyaz və güzəştlər də əksini tapıb.
Ölkəmizdə hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. Bütün bunlar da bizim kimi şəhid ailələrinin ürəyinə böyük təskinlik gətirir.

Məhərrəm İbadov
Abşeron Ağsaqqalları Şurasının sədri,
Şəhid Rauf İbadovun atası
19-01-2026, 14:52
Mürvət Şərifovun xatirəsi yad olunur


Mürvət Şərifovun

xatirəsi yad olunur


Şərifov Mürvət Rəhim oğlu 1932-ci ildə indi Ermənistan adlanan Qərbi Azərbaycanın Qafan rayonunun Müsəlləm kəndində anadan olmuşdur. Atası Kazımov Rəhim Şərif oğlu 1941-1945- ci il müharibəsində vəfat etmiş və Latviyada “Qardaşlıq”qəbirstanlığında dəfn edilmişdir. Yetimçiliklə böyüyən Mürvət uzun müddət - 36 il Zəngəzur Mis-molibden Kombinatında, ağır şəraitdə işləmişdir. O, bütün çətinliklərə baxmayaraq Roza, Bayram, Əsmər, Kifayət, Nəzakət, Məlahət və Səadət adında 7 övlad böyüdüb boya-başa çatdırmışdır.
1988-ci ildə erməni quldur dəstələrinin silahlı təcavüzü nəticəsində azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya pənah gətirmişdir.
1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Azərbaycanın paytaxtı Bakıya və respublikanın digər rayonlarına hərbi təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək Şəhidlik zirvəsinə ucalmış və Şəhidlər xiyabanında dəfn edilmişdir. Elə həmin vaxt həyat yoldaşı Hüseynova Nazpəri İbrahim qızı da ayağından yaralanmış, daha sonra 2008-ci ildə vəfat etmişdir.
Qanlı Yanvarın növbəti ildönümündə Qafan rayonunun Müsəlləm Kənd İcması bütün şəhidlərimizin, o cümlədən də Mürvət Şərifovun xatirəsini ehtiramla yad edir.
Qafan Rayon İcmasının mətbuat xidməti
17-01-2026, 10:53
Adını yaşadacağam, Mübariz Dərələyəzli...



Adını yaşadacağam,


Mübariz Dərələyəzli...


Arpa çayın saf suları ağlayır,
Mübarizin üreyini dağlayir.
Vallah məni o yerlərdi saxlayır,
Bir elin həsrəti o diyardadır.

Atam Mübariz Dərələyəzli el-obasının həsrəti ilə yaşayan, hər dağda-dərədə, hər güldə-çiçəkdə öz yurdunun nişanəsini axtarırdı. Gecələr yuxusunda, gündüzlər xəyallarında getdi doğma Vətəninə. Hər sözünün, cümləsinin başında Vətən həsrətini hiss etmək olurdu. Özünü ovundurmaq üçün qələmə, dəftərə sığındı, çünki qəlbindən keçənləri qələmə aldıqca ruhu dincəlir, bir hüzur tapardı...

Adı kimi özü də Mübariz olan, həyatın bütün çətinliklərində əzmlə sinə gərən, vüqarla çalışan, heç kəsin qarşısında əyilməyən, hər zaman əməyinin çörəyini yeyən məğrur duruşlu idi mənim atam. Dəyərli nəsihətləri, sözləri, şeirləri ilə böyükdən kiçiyə hər kəsin qəlbini fəth edərək, səni sevənlərin ürəyində əbədi olaraq yaşayacaqsan, ata. Bəzən atadan övlada böyük bir miras qalar və hamı onu soruşar. Mənə görə ən böyük miras atanın qoyub getdiyi addır. Hara baxarsan, hara gedərsən get hər kəs atan çox yaxşı bir insan idi deyirsə, bax ən böyük miras budur...

Elə xatirələr var ki, zaman belə onlara toxuna bilmir. Bəzən gecənin səssizliyində, bəzən bir musiqidə o xatirələrə boylanıb baxarsan. Sənə olan həsrətimlə sənə sarılıb, xatirələrinə sığınıb sənə qovuşmaq istəyirəm, ata. Boylandığım bütün yollardan sən keçərsən deyə addımlarımı yavaşladıram. Bəzən bir qoxu gələr burnuma, sanki səni hiss edərəm yanımda. Bəzən də üzgün olanda bir əl hiss edərəm saçlarımda, sanki sən sığal çəkirsənmiş kimi.
Danışmaq istədiyim o qədər şeylər varki, ama düyünlənib qalar boğazda. Və sən bir həmdəm axtararsan. Üz tutarsan həmişəki ünvana, biraz danışmağa, biraz da hüzur tapmağa. Döyərsən o qapını və gözləyərsən. Qapı açılar ama görmək istədiyin insan ünvanı dəyişib deyərlər. Sən də sakit-sakit yeni ünvana doğru addımlayarsan. Getdiyin o yer elə sakit, səssiz olar ki, sən danişarsan o dinləyər, sən danışarsan o baxar. Ama o danışmaz, o dinməz. Sakitcə qucaqlayıb başını söykərsən soyuq məzarına. Saçların sığal istər, sonra bir meh əsər üşüyərsən isti qucaq istərsən. O an gözlərindən axan yaşlarınla sakitcə pıçıldayıb deyərsən ki, qızın çox darıxıb, ata…
Sən mənim bu həyatdakı ən güvəndiyim sirdaşım, ən etibarlı dostum idin. Bir ömür sənin övladın olmanın xoşbəxtliyi ilə yaşayacağam, ata. Və sənə söz verirəm ki, sənin adını hər zaman yaşadacağam, Mübariz Dərələyəzli...

Afaq MÜBARİZQIZI

Redaksiyadan: Yanvarın 14-də Jurnalist həmkarımız Afaqın atası Mübariz Dərələyəzlinin vəfatının ikinci ildönümüdür. Afaq xanım iki ildir nəfəsinə, hənirinə, nəvazişinə həsrət qaldığı atasını öz ürək sözlərilə anır, xatırlayır. Biz də şeirlərini oxucularımıza təqdim edərək, dogma yurdundan aralı düşən, vətən həsrəti ilə yanıb yaxılan soydaşımızın ruhuna ehtiramımızı bildiririk:

Ürəyim
Hər sözə alışıb, hər sözə yanır,
Dünyanın dərdinə yanan ürəyim.
Zamanın zalımın özün axtarır,
Dəmirçi kürəsi sanır ürəyim.

Nə qədər dərd çəkir, sayı bilinməz,
Dərs verir hər yandan gözə görünməz.
Quruyub dilim də olmuşam dinməz,
Buz tutub elə bil, donur ürəyim.

Dərdimi açmışam deyim fələyə,
Qoymaram yad duyğu girsin ürəyə,
Bu dünya dərdimə dərman eləyə,
Quş kimi çiçəyə qonur ürəyim.

Canımda hər şeydən qiymətlisən sən,
Sirrimin sözümün açarısan sən,
Tükənməz qüdrətli bir dahisən sən,
Çəkicə, zindana dönən ürəyim.

Mübariz də hər dərdimə dözəndi,
Enişi, yoxuşu düzü görəndi,
El yolunda istəsə can verəndi,
Borana, tufana dözən ürəyim.

İstərəm
Yenə tül çəkibdi bulud üzünə,
Kədəri dünyadan qovmaq istərəm.
Nur səpilib sanki dünya gözünə
Belə bir dünyada qalmaq istərəm.

Kövrəlirəm, hərdən gözlərim dolur.
Dağların döşündə güllərim solur,
Bu qara küləklər saçımı yolur,
Özüm öz saçımı yolmaq istərəm.

Meşəsi, çəməni gül- çiçək ola,
Həsəd aparardım ağaca, kola,
Gözlərim yorulub baxmaqdan yola,
Boşalan buludam, dolmaq istərəm.

Gəzəm asta-asta çatam çeşməyə,
Doyunca su içib enəm meşəyə,
Xınalı kəklik də uça güneyə,
Doyunca o yurda baxmaq istərəm.

Mübarizəm, saçlarım ağarıb tək-tək,
Dünyanı özündən keçirir ələk,
Elə bil mənə də göz qoyur fələk,
Ay Allah, sıradan çıxmaq istərəm.

Dağlar Oğlusan


Diz qoyub bulaqdan içmək istəsən,
Onda bilərəm ki, dağlar oğlusan.
Kəhəri yəhərsiz minmək istəsən,
Onda bilərəm ki, dağlar oğlusan.

Nərgizi sübh tezdən dərmək istəsən,
Yarpızı, yemliyi yumamış yesən,
Lalə yanağından öpmək istəsən
Onda bilərəm ki, dağlar oğlusan.

Qantəpər, baldırğan, səhlabı dərsən,
Güneydə kəkliyi balalı görsən,
Sevdiyin gözəli-maralı görsən,
Onda bilərəm ki, dağlar oğlusan.

Cığırdan bulağa enmək istəsən,
Qürbətdən vətənə dönmək istəsən,
Mübariz, o günü görmək istəsən,
Onda bilərəm ki, dağlar oğlusan
17-01-2026, 10:36
Beşinci türkçülük çalışmalarına:

Məmmədxan ƏZİZXANLI,
Keçmiş prokuror, əmək veteranı,


Beşinci türkçülük çalışmalarına:

(Öyrətmə, təhsil gen yaddaşını yaradan faktordur.)

Bütün canlılar kimi insan da öyrəndiklərini doğal olaraq gen yaddaşına toplamaqla, topladığı biliklərindən öz faydasına istifadə etməklə, təkcə şüurlu varlığa çevrilmişdir. Gen yaddaşını şərti olaraq iki hissəyə ayırsaq, birincisi ən çox işlək olan cari yaddaşımızdakı “növbətçi” biliklərimizdən ibarət gündəlik öyrəndiklərimizdir, ikincisi isə, eyni məzmunlu anlayışların uzun illər təkrarlanması ilə gen dediyimiz hüceyrə yaddaşına hopmuş, yansımış, otruşmuş, bərkimiş və daha çox xüsusi maraq dairəmizdə olan biliklər - vərdişlərdir.
Gündəlik öyrəndiklərimizdən, kullandığımızdan, istifadəmizdən ibarət “növbətçi” bilgilərimiz nisbətən dayazda, şüur altında olub istifadə üçün daha tez əlçatan və ikinciyə nisbətən keçicidır, çünki ümumi maraq dairəmizdə olan adi xəbər keyfiyyətindədir. Uzun illərin təkrarlanması ilə gen, hüceyrə yaddaşına oturmuş biliklər, vərdişlərsə, tarixən nəsillərlə ötürülən, daha dərin qatlarda, yaddaşda saxlanıldığı üçün nisbətən gec əlçatandır, ona görə də onun istifadəsinə daha çox düşünmək, yaddaşı geriyə “vərəqləmək”, tarixə baş vurmaq gərəkir.
Biliyin, vərdişin nəsillərcə ötürülməsi iki yolla olur, birincisi gen-hüceyrə yaddaşı, ikincisi isə öyrətmək, tədris, öyrənmək yoluyla. Bu gün bizdə öyrətmək, tədris, öyrənmək qaydası pis gündədir.

Bütün sadaladıqlarım təkamül sürəcinin doğal, sosial sonucu olaraq oluşmaqla bireyin, yəni fərdin şəxsiyyətini, şəxsiyyətlər isə üstün, səviyyəli toplumu formalaşdırır. Üstün, səviyyəli, başqa sözlə inkişaf etmiş toplum isə, bəşəriyyətin əbədi hədəfidir. Demokratik, liberal dəyərlər, yalnız üstün, inkişaf etmiş toplumlarda oluşa, həyat tərzinə çevrilə bilir. Rus sovet sosialistləri, 74 illik hakimiyyətlərində, yalnız özləri-partnamenqlatura üçün qurduqları, bütövlükdə xalq üçünsə, yalnız vəd etdikləri inkişaf etmiş cəmiyyətə - kommunuzm deyirdilər.
İbtidadan, aliyə doğru xaotik, pərakəndə, özbaşına, təbii seçmə yolu keçmiş İnsanlıq tarixinin öyrənmək, bilik əldə etmək, onu öz həyatına tətbiq etmək sürəci, prosesi inkişaf etdikcə sistemləşərək bu günün dünyəvi bilikləri öyrətmək, öyrənmək, təlim, tərbiyə almaq şəklinə çatmışdır. Yüksək bilikli insan, savadlı, təşkilatlanmış xalq çox şeyə qadirdir.
Çox üzüntülü ki, Azərbaycan xalqı özgürlüyünü qazandıqdan sonra öyrətmə, təhsil, təlim, tərbiyə, öyrənmə sistemi də eynən cəmiyyətimiz kimi pozğun kommunist məmurlar tərəfindən dağıdıldı, geri düşdük. Bu gün bizim öyrətmə, təhsil, öyrənmə sistemimiz bərbad haldadır, başlı başını saxlayır. Öyrətmənin, təhsilin, həyat səviyyəsinin pis günə salınması səbəbindən toplumda cəhalətin, dindarların, pedofillərin, din dələduzlarının, pirlərin, Şeyx Nəsrullahların, Mehdilərin və onlara inanan axmaqların, “canlı ölülərin”, ərəbin, farsın düşüncə kölələrinin, uydurma ərəb nağıllarına inanan sadəlövh insanların sayı artıb, İran, ərəb agenturasının verbovkası, ayağı yer tutanların xaricə getmələri üçün münbit şərait yaranıb. Pis öyrətmə, təhsilsizlik, işsizlik ucbatından xaricə gedənlərimiz sonucda xalqımızın faydalı iş əmsallı, bacarıqlı, ağıllı hissəsini azaldır, ona görə də inkişaf etmək əvəzinə sürünürük, başqa sözlə biz demoqrafik fəlakəti yaşayırıq.
Bizdə xarici dillərin, xüsusilə rus dilinin öyrənilməsi üstünlük təşkil edir, çünki xarici dillərin işlənmə alanı daha perspektivli göründüyündən imkanı olan oraya axışır, nəinki öz dilinə, milli maraq hədəfinə. Çünki, xarici dillərin işlənmə alanı genişdir, yeni şirkətlərdə yüksək maaşlı işlərə peşəkarlıqla bərabər xarici dil tələb edilir. Milli maraq dairəsində olmalı olanların isə maddi bazası qəsdən zəif yaradıldığından gərəkən maaşı verə bilmir, ona görə də imkanı olan xarici dil öyrənmək yolunu seçir. Bu antimilli axarı, yalnız milli demokratik dəyərlərə söykənən iqtidar, maraq dairəsini əsaslı dəyişməklə, görüləcək kompleks tədbirlərlə dayandıra bilər.

Öyrətmə, tədris sistemimizdə rus dilinin daha ağır çəkiyə malik olması xalqımızın, dövlətimizin özgürlüyünə, suverenliyinə çox təhlükəli, birbaşa təhdid bazasıdır. Belə ki, işğalçı Rusiya öz qanununa görə rus dillilərin hüquqlarının müdafiəsini bəhanə edərək, eynən Ukrayna Respublikasına soxulduğu kimi istədiyi vaxt ölkəmizə hücum edə bilər. Ona görə də ayrıca rus bağçaları, məktəbləri, ali təhsil ocaqları bağlanmalı, onlardakı öyrətmə, tədris tədricən dövlət dilimizə - Azərbaycan dilinə, Azərbaycan türkcəsinə keçilməli, rus dilini öyrənmək başqa xarici dillər statusunda olduğu eyni qaydada olmalıdır. Rus dili də başqa xarici dillər kimi bizə lazım olduğu qədər gərəkdir. Azərbaycan Respublikasının dövlət dili – Azərbaycan dilinin öyrənilməsi, tədrisi hamı üçün maksimum təmin edilməli, milli maraq dairəmizdəki müəsisələrin, təşkilatların maddi bazası gücləndirilməlidir. Dövlət dilimizə hörmətsiz yanaşma qınanmalı, beləsinə münasibət də onun sayğısızlığına uyğun olmalıdır.
Bütün dövlət müəsisələrində, təşkilatlarında, ictimai təşkilatlarda, özəl, xarici müəsisə və təşkilatlarda rəsmi yazışma, dəftərxana işlərinin Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinin tələbinə uyğun olaraq dövlət dilində -Azərbaycan dilində aparılması təmin edilməlidir. Dövlət dili - xalqımızın, dövlətimizin özgürlüyü, suverenliyi və təhlükəsizliyi məsələsidir. Əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsi və inkişafı təmin edilir.
Bildiyimiz kimi dil milli birliyin əsasıdır. Bu əsasla yaratmaq istədiyimiz Türk Dövlətlər Birliyinin fəaliyyəti üçün Ümum Türk dilinin yaradılması zəruridir. Bununçün keçən dəfə verdiyim 12 bəndlik təklifin 10-cu və 11-ci bəndlərini təkrarlayıram:
“10. Turan Dövlətinin ədəbi dövlət dilinin formalaşdırılması üçün, Türk Dil Bankından istifadə etməklə bütün Türk boylarında və birliklərində dövlət büdcəsindən maliyyələşdirilən orta, orta ixtisas və ali məktəblərdə, kollektivlərdə tədris, təlim, tərbiyə işlərinə başlanılmalıdır.
11. Bu barədə Bildiriş, Birinci Türkçülük Çalışmaları iştirakçılarının adından, bütün Türk dövlətlərinin başçılarına, parlamentlərinə, hökumətlərinə, Türk dövlətlərinin parlament və digər koordinasiya qurumlarına, bilimlər akademiyalarına, Türk boylarının yerli inzibati və kompakt yaşam vahidlərinə, Türk Dövlətləri Təşkilatına göndərilməli və onların – Ümumtürk Dil Hərakatında fəal iştirakı istənilməlidir.
Ümum Türk dili olmadan türk dövlətlərinin, türk xalqlarının iş birliyi, təhlükəsizliyinin təmini alınmaz. Biz sovetlərin 20 yerə böldüyü Ümum Türk dilini daha təkmil qaydada bərpa etməliyik. Əgər biz Ümum Türk dilini dediyim qaydada formalaşdıra bilsək Türk dilimiz gələcəkdə dünyanın ən varsal (zəngin) dillərindən biri olacaqdır. Sayğılarla.”
21.12.2025







16-01-2026, 09:25
Təbrik edirik


Təbrik edirik

Jurnalist həmkarımız İttifaq Mirzəbəyli dostumuz Məsaim Abdullayevi doğum günü münasibəti ilə təbrik edib. Biz də "Bütöv Azərbaycan" qəzetinin kollektivi olaraq bu təbrikə qoşularaq Mirzəbəylinin təbrikini yayımlamağı lüzum gördük:


İttifaq Mirzəbəyli

Abdullayev, səni təbrik edirəm, böyük oğlan olasan. Amma... rəhmətlik Rafiq Salmanov ( elə bu təbriklə birlikdə paylaşdığım fotonu da məhz həmin Salmanov çəkmişdi) deyirdi ki, Mirzəbəylinin öz həmkarları barədə yazdığı təbriklər " belə, bir cürə olur eyyy". Əgər elədirsə, onda qoy bu təbrik də ənənəvilikdən kənar olsun.
Belə ki, bu təbriki keçmiş iş yoldaşımız ( Allah onun canını sağ eləsin!) İsaq Əmənullayevin 2017-ci il yanvarın 17-də, "Xalq qəzeti"ndə verilmiş "Mətbu sözün işığında... " adlı təbrik yazısının son iki abzasını xatırlatmaqla yekunlaşdırmaq istəyirəm:
"Qeyd etmək lazımdır ki, M.Abdullayev son dövrdə bir neçə il əsas iş yerindən ayrılmadan pedaqoji fəaliyyətlə də məşğul olub. Belə ki, bir müddət Bakı Dövlət və Bakı Avrasiya universitetlərində “Xarici ölkələrin mətbuatı tarixi” fənnindən mühazirələr oxuyub. Bu yaxınlarda isə Azərbaycanda xarici ölkələrin jurnalistikası tarixinin öyrənilməsi sahəsində dərsliklərin az olmasını nəzərə alaraq, Aida Adilqızı ilə birlikdə “ABŞ mətbuatının tarixi” kitabını yazaraq nəşr etdirib.
Məsaim Abdullayev mətbuatın cəmiyyətdə pozitiv gücünə inanan, peşəsinə sədaqətlə xidmət edən, onun təəssübünü çəkən, bir sözlə, ləyaqətli bir ziyalı ömrü yaşayan cəfakeş qəzetçilərdəndir. Bu günlərdə 60 yaşının tamam olmasına baxmayaraq, o, yenə əvvəlki şövq ilə mətbu sözün işığında yol gedir. Bu şərəfli yolda köhnə dostuma yeni uğurlar arzulayıram".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!