TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 16-10-2020, 14:45
Azərbaycandakı dini konfessiyalar birgə bəyanat yaydı
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandakı dini konfessiyalarla birgə bəyanat yayıb.
Butov.az Azvision.az-a istinadən xəbər verir ki, bəyanatda deyilir:
“2020-ci ilin iyul ayından etibarən Azərbaycanın işğal olunmuş ərazilərində o cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədi məntəqələrində Ermənistanın həyata keçirdiyi son hərbi təxribatlar, habelə işğalçı rejimin mülki əhalimizə və döyüş bölgələrindən uzaq məsafədə yerləşən şəhər və qəsəbələrimizə qarşı tətbiq etdiyi insanlığa qarşı hərbi cinayətləri və onun nəticələri barədə Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycandakı dini konfessiyalar tərəfindən dünya ictimaiyyətinə və dünya liderlərinə, xarici ölkələrin dövlət orqanlarına və beynəlxalq təşkilatlara çoxsaylı məktub və müraciətlər ünvanlanıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dair dövlətimizin siyasətinə uyğun olaraq - Qafqaz Müsəlmanları İdarəsi öz xətti və fəaliyyət istiqamətləri üzrə əməli iş aparmaqdadır. Qafqaz Müsəlmanları İdarəsi malik olduğu geniş, beynəlxalq əlaqələrindən hər zaman Azərbaycanın haqq işinin həqiqətləri barədə geniş, əhatəli məlumatların dünya ictimaiyyətinə çatdırmaq üçün istifadə edir.
QMİ sədri iştirak etdiyi bütün beynəlxalq forumların xitabət kürsüsünə Qarabağ probleminin ədalətli sülh yolu ilə həllinə dair mövqeyini ifadə edir.
QMİ sədri Azərbaycan xalqının dini lideri olaraq, hər zaman münaqişənin ədalətli həllinin vacibliyinə və buna nail olmaq üçün sülhməramlı danışıqların zəruriliyə inam mövqeyindən çıxış edərək 1988-ci ildən, yəni Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlandığı tarixdən müxtəlif illərdə dini mərkəzlərin, nüfuzlu dini liderlərin vasitəçiliyi ilə- ələlxüsus, Rus Pravoslav kilsəsinin rəhbəri Patriarx Kirillin, Ümumgürcüstan Patriarxı II İliyanın ali vasitəçilikləri, Ümumdünya Kilsələr Şurasının himayəsi və Vatikan nümayəndələrinin müşahidəçi iştirakı ilə ermənilərin dini liderləri ilə bir araya gəlmişdir. Müxtəlif illərdə İsveçrənin Montrö, Rusiyanın Rostov şəhərlərində, Tbilisidə, dəfələrlə Moskvada, dünya dini liderlərinin I sammiti zamanı Bakıda, MDB Dinlərarası Şurasının iclası zamanı İrəvanda, erməni katolikosları ilə görüşləri qan tökülməsinin qarşısının alınmasına, ədalətli sülh üçün mənəvi zəmin hazırlanmasına xidmət etmək məramı daşımışdır. Görüşlərin nəticələrinə dair QMİ sədrinin erməni katolikosları - I Vazgen, I Qaregin, II Qareginin də imzaladığı birgə bəyanatlarda münaqişənin sülh yolu ilə həllinin vacibliyinə dair əminlik, xalqlarımızın dinc, yanaşı yaşaması üçün zəminin hazırlanması, dini liderlərin bu işdə qarşıdurma səciyyəsi daşımadığı birmənalı şəkildə vurğulanmışdır. Bu vacib nəticə idi və sülhməramlı vasitəçilik missiyasında xüsusi əməyi olan Patriarx Kirill həzrətləri Azərbaycan və Ermənistan dini liderləri üçün müraciətində əldə olunmuş nəticələri qoruyub saxlamaq zərurətindən danışarkən, məhz bu məqamı xüsusi dəyərləndirmişdir.
Bu ilin iyulunda Tovuz istiqamətində Ermənistanın son təxribatları sentyabrın 27-də hücum halları baş verəndən bəri Azərbaycanın məruz qaldığı yeni təcavüzün əsl mahiyyəti barədə QMİ əməkdaşlıq etdiyi bütün dünya dini mərkəzlərini, qurum və təsisatları məlumatlandırmağı mənəvi vəzifə olaraq həyata keçirməkdədir.
QMİ nəzdində 2017-ci ildən fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq mərkəzi xətti ilə dünyanın nüfuzlu dövlət, hökumət və mənəvi təsisatlarına yönləndirdiyimiz müraciətlər dünyanın 100-ə yaxın dövlət əhatə edir.
Qafqaz Müsəlmanları İdarəsi Vətən Müharibəsinin ilk günlərindən Azərbaycan xalqına mənəvi dəstəyinin ifadə olunduğu xalqa müraciətini bəyan etdi. Ardınca QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdəki dini konfessiyaların rəhbərləri ilə birgə Azərbaycan Prezidentinə ünvanlı və həmrəylik müraciətini imzaladı. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin imzası ilə Vatikan dövlətinin rəhbəri, Roma Katolik kilsəsinin başçısı zati-müqəddəsləri Papa Fransisk həzrətlərinə, Rus Pravoslav kilsəsinin başçısı, Moskva və bütün Rusiya Patriarxı zati-müqəddəsləri Kirill həzrətlərinə, Ümumgürcüstan Patriarxı zati-müqəddəsləri II İliya həzrətlərinə, Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başqanı cənab Ali Erbaşa, İran İslam Respublikasının Ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri cənab Əli Əkbər Vilayətiyə, habelə beynəlxalq təşkilatların ünvanına - BMT Baş katibi Antonio Quterreşə, ATƏT-in hazırda fəaliyyətdə olan sədri Edi Ramaya, İƏT-in baş katibi Yusif bin Əhməd Əl – Useyminə, İRSİKA-nın Baş direktoru Halit Erenə, Beynəlxaql İslam Üləmaları İttifaqının baş katibi Əli Muhyiddin Əl-Qaradağiyə (Qətər), “Dinlər sülh uğrunda” təşkilatının Baş katibi dr. Azza Karana, Beynəlxalq İslam Xeyriyyə Fondunun İdarə Heyətinin sədri Abdulla Mətuk Əl – Mətuqa (Küveyt), İslam Aləmi Liqasının Baş katibi Məhəmməd Əbdülkərim Əl- İssaya (Səudiyyə Ərəbistanı), Avropa-Türk İslam Birliyinin Prezidenti Sərdar Çələbiyə göndərilən müraciətlər vasitəsilə dünyanın nüfuzlu şəxsləri Azərbaycan torpaqlarına qarşı son təcavüz aktlarının nəticələri barədə məlumatlandırılıblar.
Bununla yanaşı, QMİ və Bakı Beynəlxalq Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq Mərkəzinin fəaliyyət zəminində əməkdaşlıq etdiyi Əl-Əzhərin Şeyxi Əhməd Ər-Tayyib (Misir), Əfqanıstanın Həcc, İrşad və Vəqflər naziri Məhəmməd Qasem Həlimi, Seneqal prezidentinin xüsusi müşaviri Şeyx Məhəmməd Mənsur Nias, Pakistan Dini işlər və dinlərarası harmoniya naziri Nurul-Haqq Qədri, Tunis Respublikasının sabiq prezidenti Məhəmməd Əl-Mərzuqi, Mərakeş Vəqflər naziri Əhməd Taufiq, Əlcəzair Ali Dini Şurasının sədri Buabdulla Qulamulla, Amerika Əsas Yəhudi Təşkilatları konqresinin vitse-prezidenti Malkolm Honlayn, ABŞ Simon Vesental mərkəzinin başçısı Abraham Kuper, ABŞ Yeshiva universiteti Sefardi araşdırmaları institutunun direktoru Eli Abadi, Beynəlxalq Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer, Yerusəlim baş sefardi ravvini Şlomo Amar, ABŞ Xristian liderləri Birliyinin prezidenti Sonni Mur, Avropa ravvinlər konqresi idarəsi heyətinin üzvü Cenevrə ravvini İshak Dayan, Berlinin Baş ravvini Yitshak Erenberq, Mərkəzi Asiya ölkələrinin dini liderləri, Şimali Qafqaz Respublikasının müftiləri, Rusiya Federasiyasının bütün subyektlərinin mərkəzi dini idarə rəhbərləri və digərlərinə Azərbaycan torpaqlarına qarşı son təcavüz aktlarının nəticələri barədə ətraflı, müfəssəl məlumatların yer aldığı məktublar göndərilib. Dünya liderlərindən, nüfuzlu şəxsiyyətlərdən müraciətlərimizə cavab olaraq Azərbaycanın haqlı mübarizəsinə dəstəyin bilavasitə ifadə olunduğu məktublar daxil olmaqdadır.
Reallıq bundan ibarətdir ki, Ermənistan hakimiyyətinin öz işğalçı siyasətinə dini don geyindirmək cəhdləri həmişə olub və təəssüflər olsun ki, bu gün də gündəmə gətirilməkdə davam edir. Dini hisslərdən siyasi məqsədlər üçün sui-istifadə kimi olduqca təhlükəli meyli erməni tərəfi dini təəssübkeşlikdən dolayı dünya dövlətlərindən hərtərəfli dəstək almaq məramı ilə zaman-zaman məkrlə, riyakarcasına qabartmaqdadır. Məlum olduğu kimi, dünya birliyinə meydan oxuyan, beynəlxalq qanun və normala məhəl qoymayan, Rusiyanın təşəbbüsü ilə əldə olunmuş atəşkəsi pozan Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni ağır raket silahı ilə atəşə tutaraq, dinc insanları, yaşayış evlərini, mülki obyektləri nişan alır. Ümumən, bu günədək 5-i uşaq olmaqla 47 dinc sakinimiz qətlə yetirilib. Son təcavüz aktı zamanı Gəncədəki Rus Provaslov Yeparxiyasına məxsus kilsəyə və müsəlmanlar üçün böyük mənəvi əhəmiyyət kəsb edən Gəncə İmamzadəsinə xəsarət yetirilib. Bu reallıqların müqabilində erməni kilsəsi bütün dünyaya təxribat xarakterli yalan məlumat yayır ki, guya Azərbaycan tərəfi Şuşadakı xristian kilsəsini hədəfə götürüb. Bu təxribat xarakterli məlumat Azərbaycanın rəsmi qurumları tərəfindən sübutlarla təkzib edilib. Dini konfessiya rəhbəri olaraq bildirməyi vacib sayırıq ki, Vətənimiz Azərbaycan ölkəmizin ərazisindəki bütün dinlərə məxsus abidələri, məscid, kilsə, sinaqoqları təmir, bərpa, inşa etdirən dövlətdir. Şuşa Azərbaycanın nadir incisidir və buradakı bütün mədəni-dini abidələri də qoruyub himayə edən bir dövlətə belə ittihamlar uyğun gəlmir. Bütün dünya Azərbaycan xalqının tolerantlığının, multikultural dəyərlərə ehtiramının, dövlət başçısı Zati-aliləri İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünyanın bəşəri əhəmiyyətli mədəni-mənəvi irs nümunələrinə diqqət və qayğısının əyani şahididir. Serbiyada müharibə zamanı dağılmış kilsə və məscidi təmir etdirən, Vatikanda katakombaları, Fransada kilsə vitrajlarını bərpa etdirən dövlət barəsində beynəlxalq rəydə xristian sini abidələrinə xələl gətirən ölkə imici formalaşdırmaq cəhdi barəsində beynəlxalq xristian dini abidələrə xələl gətirən ölkə imici formalaşdırmaq cəhdi məsələyə dini don geyindirməklə xristian-müsəlman qarşıdurması yaratmaq məqsədi güdür. Azərbaycan dövlət erməni kilsəsini paytaxt Bakının mərkəzində təmir etdirib qoruyur. Bakıda olarkən erməni Katolikosu şəxsən bu kilsəni ziyarət edib, ibadət mərasimi və Azərbaycanda yaşayan ermənilərlə görüş keçirib, kilsənin daxilində erməni dilindəki kitabların qorunduğu kitabxana ilə tanış olub. Ermənistandan fərqli olaraq, Azərbaycan Rus Pravoslav Kilsəsinin Yeparxiyası, rusdilli tədris, Slavyan Universiteti, pravoslav, katolik, alban-udi xristian dindarlar üçün bazar günü məktəbləri, habelə, yəhudi tədris və mədəniyyət mərkəzləri mövcuddur. Ölkəmiz milli və dini azlıq nümayəndələrinin bütün vətəndaşlıq hüquqlarından yararlandığı, öz milli, dini adət-ənənələrini azad yaşatdıqları bir ölkədir və mədəniyyətlər, dinlər arasında dialoq və əməkdaşlıq məkanı kimi dünya miqyasında tanınır. Ermənistan isə mono-etnik dövlət olması, etnik təmizləmə həyata keçirməsi onun ksenofobiyaya meylli olduğunun təzahürüdür, qonşu dövlətlərinə göz dikməsi, Xocalı soyqırımını törətməsi terrorçu xislətinin göstəricidir. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində on minlərlə dini, mədəni abidələri məhv etməsi, mənşəyini saxtalaşdırması vandalizm mahiyyəti daşıyır, müsəlman mədəniyyəti nümunələrini məqsədyönlü məhv etməsi isə İslamafobiyanın dövlət siyasəti olaraq həyata keçirməsinin sübutudur.
Azərbaycan xalqı sülhsevər xalqdır, heç vaxt özgə torpağında gözü olmayıb və bu gün Azərbaycan öz ərazilərində, öz torpaqlarını işğalçılardan təmizləyərkən, dövlət rəhbərinin siyasi iradəsinə, xalqının əzminə, öz ordusunun güc və qüdrətinə güvənir. Bizim haqq yolunda olmağımız bizə qüvvət verən mühüm amildir. Beynəlxalq birlik özünün tanıdığı ərazi bütövlüyümüzü bərpa etmək yönündə bizim beynəlxalq hüquq çərçivəsində hərəkət etdiyimizin fərqindədir. Bunu bizə daxil olan çoxsaylı dəstək məktublarında, həmrəylik zənglərində görürük. Bütün bizim haqq işimizə dəstək olan, ədaləti müdafiə edən ölkələrə, xalqlara, tanınmış insanlara ürəkdən minnətdarıq.
Biz, Azərbaycandakı bütün dini konfessiya rəhbərləri bir daha bəyan edirik ki, Vətənin haqq işi uğrunda birlikdəyik, həmrəyik və xalqımıza, dövlətimizə, dövlət başçısına dəstək veririk. Bizim bir tələbimiz var – BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin erməni hərbi birləşmələri tərəfindən qeyd-şərtsiz azad olunmasına dair 4 qətnaməsinin yerinə yetirilməsi. Bütün səmavi dinlərin müqəddəs kitablarında ən ali dəyər hesab olunan insan həyatının xilası, qan tökülməsinin qarşısının alınması məramının vacibliyini rəhbər tutaraq dünya ictimaiyyətinə, dini liderlərə, dövlət rəhbərlərinə və beynəlxalq təşkilatlara müraciət edir, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli üçün səylərini əsirgəməməyə çağırırıq”.
Bəyanat bu gün Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə mətbuat konfransında qəbul olunub.
Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa Yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski və Alban-udi Xristian icmasının rəhbəri Robert Mobili imzalayıblar.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!