Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 4-04-2025, 13:48
Ədalət Partiyasında nə baş verir? - Elxan Şükürlü “üsyan etdi”


Ədalət Partiyasında nə baş verir? - Elxan Şükürlü “üsyan etdi”

“Mərhum liderimiz İlyas İsmayılovun bu ilin 17 fevralında dünyasını dəyişməsindən sonra Ədalət Partiyasının öz gələcəyini necə quracağı indi təkcə partiya üzvlərimizin və media təmsilçilərinin yox, elə ölkənin siyasi həyatının aktiv iştirakçılarının da ən çox cavab axtardıqları suallardandır”.
Bunu Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü bildirib.
“Partiya rəhbərliyinə daxil olan şəxslər bilirlər ki, İlyas müəllim xəstələnib ölüm yatağına düşdüyü andan indiyədək, müəyyən etik və mənəvi prinsiplərə, milli adət-ənənələrimizə əsaslanaraq, bu mövzunun müzakirəsindən maksimum dərəcədə yayınmağa üstünlük vermişəm və israrla cavab istəyənlərə də rəhmətlik Elçibəyin vəfatından sonra AXCP-nin düşdüyü acı durumu xatırladaraq, əgər varsa, İlyas müəllimin partiya ilə bağlı vəsiyyəti üzrə hərəkət edilməsinin daha məqbul, hamı üçün ağrısız variant olacağını demişəm.
Çünki Azərbaycanın müasir siyasi tarixində AXCP-nin timsalında vəsiyyətə əməl olunmamasının və pərakəndə hərəkətin, YAP-ın timsalında isə vəsiyyətə əməl olunmasının və monolit qüvvətək davranışın bir siyasi təşkilatın və hətta dövlətin taleyinə, aqibətinə necə təsir etdiyini görmüşük, çox yaxşı bilirik.
Artıq İlyas müəllimin “40 mərasimi” də başa çatıb və Ədalət Partiyasının sədri postuna iddialı şəxslər tərəfindən hələ İlyas müəllimin cənazəsi götürülməmiş qapalı şəkildə başlanan “qurultay keçirməli, yeni sədri seçməliyik” müzakirələri indi nəinki təşkilat daxilində, hətta hakimiyyət kabinetlərində, media və sosial şəbəkələrdə daha şiddətlə davam edir, üstəlik, jurnalistlər vasitəsiylə israrla bizdən cavab istənilir.
Deməli, biz də camaatı intizarda saxlamamlı, sükutumuzu pozmalı, nəhayət, mövqeyimizi açıqlamalı və ictimailəşdirməliyik”, - E.Şükürlü vurğulayıb.
Onun sözlərinə görə, məsələnin hüquqi və ilk baxışdan da hamıya sadə görünən tərəfi budur ki, partiya qurultaya gedəcək, o qurultayda yeni sədr seçiləcək və onunla da yola davam ediləcək.
“Lakin bu, təkrar edirəm, yalnız məsələnini görünən tərəfidir. Reallıqlar və bu reallıqlardan doğan siyasi şərait isə tamam başqa şərtləri diktə edir.
Bir siyasətçinin də vəzifəsi, ilk növbədə, o reallıqları dərk etmək, düzgün qiymətləndirmək və onlara uyğun da qərar qəbul etməkdir”, - partiya sədrinin müavini deyib.
O bildirib ki, Ədalət Partiyası ilə bağlı hazırki reallıqların nədən ibarət olduğu açıq şəkildə dilə gətirilməlidir:
“Beləliklə, hər şeydən əvvəl, o fakta mütləq diqqət yetirilməlidir ki, ölkədəki əksər siyasi təşkilatlar kimi, Ədalət Partiyası da indiyədək ideoloji təməllər üzərində deyil, şəxsiyyət ətrafında qurulmuş, özünün təşkilati struktur və iyerarxiyasında məhz “liderə bağlılıq” prinsipini əsas götürmüş partiya olub.
Həyatsa sübut edir ki, düşüncələrdə ortaq olmayanların yoldaşlığı uzun sürmür - ya yolları ayrılır, ya özləri.
Bu partiya da 2000-ci ilin 5 noyabrındakı parlament seçkilərindən dərhal sonra – noyabrın 6-da eks-spiker Rəsul Quliyevin həmsədrlik etdiyi ADP-dən ayrılmaqla, məhz İlyas İsmayılovun liderliyini qəbul edənlərin bazası əsasında özünü bərpa edib və İlyas İsmayılovun hakimiyyətə gəlməsi, prezidentliyə namizədliyinin müdafiəsi üçün təşkilatlanaraq, sıralarını genişləndirib; hətta 2006-2015 aralığında parlament partiyasına çevrilib; son 25 ildə partiyanın dəyişməz sədri və siması, iki seçki dönəmində deputatı, yeganə prezidentliyə namizədi də məhz rəhmətlik İlyas İsmayılov olub.
Təəssüf ki, hazırda partiya sıralarında İlyas İsmayılov kimi zəngin həyat və idarəçilik təcrübəsinə malik, yüksək elmi-siyasi hazırlıqlı, hamını öz ətrafında birləşdirməyi və qoruyub saxlamağı bacaran, siyasi fəaliyyət üçün zəruri olan bütün keyfiyyətlərə və maddi resurslara sahib, prezidentliyə iddialı ikinci yetkin bir insan – Lider yoxdur. Partiyamız hazırda böyük bir siyasi avtoritet boşluğunun ağrılarını yaşayır və çaşqınlıq içərisindədir.
Üstəlik, belə bir şəraitdə həm hökumətdəki müəyyən maraqlı çevrələrin, həm də rəqib siyasi təşkilatların aşkar və pozucu müdaxiləsiylə hər hansı fövqəladə qabiliyyəti və üstün əxlaqi-mənəvi keyfiyyətləriylə fərqlənməyən adamların israrla partiya sədri olmaq həvəsinə düşmələri, iddialarından geri çəkilməmələri, bu məqsədlə partiya strukturlarını qurultayqabağı ələ keçirməyə cəhd göstərmələri nəinki effektiv qurultayın və ədalətli sədr seçkisinin təşkili işini çətinləşdirib, hətta vahid komanda ola bilməyən partiyanı daha da zəiflədərək, ondan qopma və sonda da parçalanma riskini xeyli yüksəldib...
Bu durum isə, şübhəsiz ki, hökumətə ya partiyanın dövlət qeydiyyatını rahatca ləğv etmək, ya da üzvlərin iradəsiylə seçiləcək yeni sədrin siyasi legitimliyini şübhə altına almaq və onu tamamilə özündən asılı hala salmaq, təzyiq altda saxlamaq üçün ciddi hüquqi əsaslar, dəlillər yaradacaq; yeni sədrin işi və enerjisi isə öz legitimliyini məhkəmə qapılarında "sübuta yetirməklə" keçəcək...
Digər partiyaların da yaşadığı bu aqibətdən vaxtında qaçmaq və qeyri-müəyyən situasiyanın yaranmaması üçün mən hələ ötən ilin əvvəlində - rəhmətlik İlyas müəllimin sağlığında və partiya rəhbərliyinə daxil olan təsirli şəxslərin yanındaca təklif etmişdim ki, partiyanın gələcəyini kimin üzərində qurduğumuzu göstərmək – siyasi varisi müəyyənləşdirmək üçün İlyas müəllimin yaşı və səhhətiylə bağlı geri çəkilməsiylə cəmiyyətə çox aydın mesajlar çatdırılmalı, nisbətən gənc müavinlərdən birinə partiya sədrinin sərəncamıyla digərləindən artıq səlahiyyətlər verilməli, onun rayon təşkilatlarıyla intensiv əlaqələri təmin edilməli və gözlənilən təkrar parlament seçkilərində də bütün gücümüzü toplayaraq, uyğun bir dairədən hamılıqla məhz həmin şəxsin qalib gəlməsinə çalışmalıyıq.
Çünki Ədalət Partiyasından bircə nəfərin, daha dəqiqi, gələcək sədrin parlamentə düşməsi rəhmətlik İlyas müəllimin təqaüdündən başqa hər hansı maliyyə qaynağı olmayan partiyamızın fəaliyyətinin dövlət büdcəsindən 5 il ərzində maliyyələşməsi və bununla da partiya strukturlarının işləkliyinin təmin edilməsi imkanı demək olacaqdı.
Ancaq çox təəssüf ki, partiyanın uğurunun məhz təklif etdiyim bu taktikadan asılı olduğunu hər kəs anlasa da, mücərrəd mülahizələrlə ona gedilməsi qeyri-müəyyən müddətə ertələndi”.
E.Şükürlünün sözlərinə görə, beləliklə də partiyanın öz ictimai-siyasi çəkisini gələcəkdə qoruyub saxlaya bilməsi və yaşaması üçün son əlverişli fürsət də, sanki, bilərəkdən qaçırıldı!
E.Şükürlü deyib ki, o, partiya üzvlərinin son parlament seçkilərinə getməsinin əleyhinə olub.
Onun sözlərinə görə, indi Ədalət Partiyasının öz fəaliyyətini İlyas İsmayılovsuz davam etdirə bilməsi çox ciddi sual altındadır və sədrliyə iddialıların heç biri bu yükü çəkəcək gücdə, qabiliyyətdə və imkanda deyil:
“Mən partiyamızın hara getdiyini görür, təklifimi və üzvlərimizə şəxsi qərarımı elan edirəm:
Bir siyasətçinin də, hərbçinin də məğlubiyyəti və faciəsi onda başlayır ki, zamanında durmağı və geri çəkilməyi bacarmır! Mənim qənaətimcə, Ədalət Partiyasının da artıq durmaq, dayanmaq, geri çəkilmək zamanıdır!
Yox, əgər hazırki partiya rəhbərliyi fəaliyyətin davam etdirilməsinə cəhd göstərəcəksə, Ədalət Partiyasının bölünməsində, parçalanmasında tərəfə çevrilməmək üçün yeni sədri müəyyənləşdirəcək qurultaya hazırlıq prosesində və qurultayın təşkili işində mən iştirak etməyəcəm, sədrliyə və hər hansı posta da namizəd olmayacam; partiyadakı müavinlik statusumu rəhmətlik İlyas müəllimlə birgə məzara endirdiyimdən, hələlik sıravi partiya üzvü kimi qalacam və kiminsə sədrliyə namizədliyini də dəstəkləməyəcəm!
Çünki mənim kimi birisi hazırda partiyaya sədrlik etmək iddiasında və həvəsində olanların heç birini dəstəkləyə, onlara beyət edə bilməz!
Bu, hər şeydən əvvəl, Liderimiz İlyas müəllimin öyrətdiklərinə və ruhuna xəyanət etmək olar!
Rəhmətlik İlyas müəllim bizə öyrətmişdi ki, həqiqi ləyaqət, öncə, imtinadan başlayır - layiq olmadığından, haqqının çatmadığından imtinadan!
Biz haqqı çatmadığına və layiq olmadığına iddia edənin arxasında dura, onun göstərişlərini yerinə yetirə, onu özümüzə rəhbər, lider görə bilmərik!
Haçan içərimizdən ölkədə ədalət uğrunda səmimi və ölümünədək mübarizə aparacaq gerçək bir Lider meydana çıxar, onda aktiv siyasi fəaliyyətimizi bərpa edər, bütün varlığımızla da onun yanında yer alar, ona dəstəyimizi əsirgəmərik!
Ümid edirəm, partiyadaşlarımız təklifimə və qərarıma emosiyalarla deyil, soyuq başla yanaşmağa üstünlük verəcəklər!”


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!