Bu gün iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCARın prezidenti Rövşən Nəcəf və Müşahidə Şurasının üzvləri şirkətin “Neftçi” mənzil-tikinti kooperativi tərəfindən inşa olunan yaşayış kompleksində görülən işlərlə tanış olublar. SOCAR-dan bildirilib ki, Bakının Səbail rayonunda Bibiheybət ərazisində yerləşən yaşayış kompleksində tikinti işlərinə 2020-ci ildə başlanılıb. Yaşayış kompleksində ümumilikdə 676 mənzildən ibarət səkkiz binanın inşası nəzərdə tutulub. 2023-cü ildə inşası tamamlanmış 17 mərtəbəli iki binada birotaqlı, ikiotaqlı və üçotaqlı olmaqla, ümumilikdə 252 mənzil var. Mənzillər tam təmir olunub, kommunal xidmətlərlə təchiz edilib. Kompleksdə digər altı binanın inşası davam edir. Müşahidə Şurasının üzvləri və sakinlər arasında keçirilən görüşdə Prezident İlham Əliyev tərəfindən neft-qaz sənayesi işçilərinin sosial təminatı və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının daim diqqət mərkəzində saxlanıldığını vurğulanıb. Neftçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyi qeyd edilib. Ötən il mənzil növbəsində olan SOCAR əməkdaşları arasında inşası tamamlanmış binalardakı evlərin bölgüsü aparılıb. Yeni mənzil sahibləri arasında birinci və ikinci Qarabağ müharibələrində iştirak etmiş SOCAR əməkdaşları da var.
COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı hazırlandı
COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. Bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında məlumat verib. Nazir COP29 zamanı tibb müəssisələrinin və təcili tibbi yardım xidmətinin Çağrı Mərkəzinin fəaliyyətinə səhiyyə könüllülərinin də cəlb olunacağını bildirib.
Tovuz rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Maqnitudası 3,1, dərinliyi 8 km olan təkanlar hiss olunmayıb.
Prezident Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqlədi
Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair saziş təsdiqlənib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv olundu
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb. Sənəd 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetinə Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digər maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlərin görülməsi tapşırılıb. Nazirlər Kabineti, eyni zamanda, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Sumqayıt sakini mənzildə halsız vəziyyətdə tapıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi davam edir - VİDEO
Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 81.7 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən beynəlxalq magistral normalarına uyğun sürətlə və uğurla davam etdirilir. Bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, I texniki dərəcəyə malik yolun ilk 48 km-i - 6, qalan 33.7 km-i isə 4 hərəkət zolaqdan ibarət olmaqla inşa olunur. Müvafiq olaraq yol yatağının eni 29.5 m və 21.5 m təşkil edir:
Yolun uzunluğu - 81.74 km;
Yolun texniki dərəcəsi - I;
Hərəkət zolaqlarının sayı - 4-6 ədəd;
Hərəkət zolağının eni - 3.5 m;
Torpaq yatağının eni - 21.5-29.5 m;
Hərəkət hissəsinin eni - 14-21 m;
Yol çiyinlərinin eni – 1.5-2 m;
Ayrıcı zolağın eni – 2 m.
Yol boyu müxtəlif diametrli 194 suötürücü boru, 38 yeraltı keçid, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin ümumi uzunluğu isə bir istiqamət üzrə 6450 metrə yaxındır:
- 194 müxtəlif diametrli suötürücü boru – 9 700 p/m;
- 38 yeraltı keçid - 1520 m;
- 11 avtomobil körpüsü - 1557 p/m;
- 7 avtomobil tuneli – 6349.7 m sol tərəf, 6341 m sağ tərəf;
- 9 viaduk - 1965 m.
Layihə üzrə tikintisi nəzərdə tutulmuş 9 viadukun 8-də inşaat işləri tamamlanıb. 1-nin tikintisi isə davam edir. Viadukların 3-nün tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib:
1-ci viaduk - 57 km-də, 185 m;
2-ci viaduk - 61.6 km-də, 250 m;
3-cü viaduk - 62.5 km-də, 295 m;
4-cü viaduk - 65.1 km-də, 146 m;
5-ci viaduk - 69.67 km-də, 118 m;
6-cı viaduk - 70.2 km-də, ortalama 140 m (sol-70 m, sağ-210 m);
7-ci viaduk - 78.7 km-də, 295 m;
8-ci viaduk - 79.3 km-də, 158 m;
9-cu viaduk - 79.7 km-də, ortalama 378 m (sol-410 m, sağ-350 m).
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsi üzrə nəzərdə tutulmuş və ümumi uzunluqları (sağ və sol istiqamət) 12.7 km təşkil edən 7 avtomobil tunelindən 6-da qazma işləri artıq yekunlaşıb. Hazırda tuneldaxili işlər həyata keçirilir. Qeyd edək ki, tunellərdə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması qazma, partlatma və qırıcı üsullarla aparılıb:
1-ci Tunel - 53.9 km-də, ortalama 3302 m (sol 3275 m, sağ 3330 m);
2-ci Tunel - 69.9 km-də, ortalama 322.4 m (sol 351.6 m, sağ 293.2 m);
3-cü Tunel - 71.55 km-də, ortalama 532.9 m (sol 515.6 m, sağ 550.2 m);
4-cü Tunel - 73.7 km-də, ortalama 680.2 m (sol 679.8 m, sağ 680.6 m);
5-ci Tunel - 77.7 km-də, ortalama 540.1 m (sol 570 m, sağ 510.2 m);
6-cı Tunel - 78.35 km-də, ortalama 454.2 m (sol 431 m, sağ 477.4 m);
7-ci Tunel - 80.6 km-də, ortalama 512.6 m (sol 525.8 m, sağ 499.4 m),
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsi çərçivəsində hazırda müəyyən hissələr üzrə qazma və dolğu işləri, yol yatağı və yol əsasının inşası işləri davam etdirilir. Yol əsası hazır olan hissələrə isə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Bundan başqa, yol boyu müxtəlif mühəndisi qurğuların (daş və dəmir-beton divar, geodivar və küvetlər) tikintisi də aparılır. Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında həyata keçirilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika səfərbər olunub. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.
"Bu, o demək deyil ki, biz yaxşı işləri görməməliyik" - İsa Qəmbər
“Bizim üçün ən şərəfli hadisə Qarabağ müharibəsi və birgünlük antiterror hadisəsi oldu”. Bu fikirləri Müsavat Partiyasının XI qurultayında partiyanın başqanlığına namizədi İsa Qəmbər deyib. “Biz vətənpərvərik. Torpaqlarımızın işğaldan azad olunmasına görə sevinirik, qürur duyuruq. Biz hakimiyyəti tənqid etmişik, edəcəyik. Lakin bu o demək deyil ki, biz müxalifətik deyə yaxşı işləri görməməliyik, vaxtında atılan addımları dəyərləndirməməliyik”, - deyə siyasətçi qeyd edib.
Qəbul üçün 78 mindən çox qeydiyyat - Ən çox bu qruplardadır
I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyatın bitməsinə 2 gün vaxt qalıb. İndiyədək 78 mindən çox abituriyent qeydiyyatdan keçib. Məlumata görə, ən çox qeydiyyat I ixtisas qrupundadır. 27615 nəfər bu qrup üzrə müraciət edib. II ixtisas qrupu üzrə 22074 nəfər, III qrup üzrə 23329 nəfər, IV qrup üzrə isə 5592 nəfər qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlərin böyük hissəsini - 70822 nəfəri Azərbaycan bölməsi, 7788 nəfərini isə rus bölməsi üzrə müraciət edənlər təşkil edir. Kolleclər üçün qeydiyyatdan keçənlərin sayı 98 minə yaxındır. Qeyd edək ki, qeydiyyat 6 may saat 23:59-da başa çatacaq.
Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.
Qərbi zəngəzurlular Zəngilan şəhidliyində
Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur. Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.
Azad Zəngilanın qonaqları
Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib. Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.
Mahnur Hüseynova Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru