NATO-nun Rusiya siyasəti ardıcıllığını qoruyur. Rusiyanın təcavüzkar hərəkətlərinə cavab olaraq müdafiəmizi artırdıq. Butov.az Ordum.az-a istinad edərək bildirir ki, bunu NATO rəsmisi Oana Lunqesku bildirib. O qeyd edib ki, NATO-Rusiya Şurası vasitəsilə dialoqa hazırdırlar.
Üç ölkənin məxfi görüşü: İrana qarşı koalisiya yaradılır? Yaxın günlərdə İsrail, Rusiya və Amerika Milli Təhlükəsizlik Şuralarının İranla bağlı görüş keçirməsi gözlənilir. İsrailin Rusiyadakı səfiri Aleksandr bin Zevi rəsmi Təl-Əviv, Moskva və Vaşinqtonun görüşü ilə bağlı anlaşma əldə edildiyini bildirib: “Görüşün günü və saatı hələlik dəqiqləşdirilməyib. Biz toplantıya ev sahibliyi etməyə hazırıq, ancaq bununla bağlı hansısa razılaşma əldə olunmayıb”. Üçtərəfli görüşdə İranın nüvə proqramının müzakirəsinin əsas gündəm olacağı gözlənilir. Siyasi ekspert Elman Vəliyev açıqlamasında bildirib ki, İranın son zamanlar nüvə silahını əldə etmək üçün uranı zənginləşdirməsi supergücləri adekvat hərəkət etməyə vadar edir: “Yaxın zamanlarda ABŞ, İsrail və Rusiya Təhlükəsiz Şuraları bir araya gələcək. Əsas müzakirə predimeti İran olacaq. Bu 3 dövlətin heç biri istəməz ki, İran nüvə dövləti olsun. İranın gücü ilk növbədə İsrail üçün bir fəlakətdir. Xamenei bütün səviyyələrdə dəfələrlə nüvə bombasına sahib olacağı təqdirdə ilk hücumunu dərhal İsrailə edəcəyini bildirmişdi. Bütün paradlarda İran raketlərinin üzərinə “İsrailə ölüm” yazılır. Ona görə də İsrail İranın nüvə silahına sahib olmasına icazə verməyəcək. Rusiya İrana öz maraqlarını təmin etmək üçün uyğun bir mövqe kimi baxır. Yəni Amerikaya, İsrailə, hətta Türkiyəyə qarşı istifadə edə biləcəyi bir dövlət kimi yanaşır. Ancaq istəməz ki, bölgədə nüvə silahı olan bir İran olsun. İranla 2015-ci ildə anlaşma imzaladıqdan sonra bu sahədə olan fəaliyyətini dayandırmışdı, ancaq sabiq Amerika prezidenti Donald Trampın sanksiyaları daha da artırması İranın anlaşmanı pozması ilə nəticələndi”. Bəs İran siyasi və iqtisadi təzyiq fonunda nüvə proqramından və uranın zənginləşdirilməsindən imtina edə bilər? “İranın sanksiyalardan beli bükülür desək, yanılmarıq. Valyutası ən dəyərsiz valyutalardandır. Məntiqlə siyasət yeritsə, mübarizə aparmaqdansa, özünə sərf edən formada bir anlaşma imzalasa daha yaxşı olar. Çünki hal-hazırda İranın bu siyasətinə qarşı olan çox dövlət var. Almaniya kansleri Angela Merkel də İsrail tərəfi ilə görüşəndə İranın yanlış yolda olduğunu vurğulamışdı. Zənn edirəm ki, İran uzlaşmaya doğru addımlar atacaq. Hazırkı Bayden adminstrasiyası da uzlaşmaya meyillidir”,- deyə ekspert bildirib. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin İsrail Baş naziri Naftali Bennet ilə oktyabrın 22-də Soçidə baş tutacaq görüşündən sonra üçtərəfli görüşün də keçiriləcəyi ehtimal olunur.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 591 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 190, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 401 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 195 023, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 964 341, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 230 682 təşkil edir.
Nazilər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.
“Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, büdcə gəlirlərinin təsnifatı üzrə “Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə görə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi” anlayışı “Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsi” anlayışı ilə əvəzlənib.
Bundan başqa, “şəxslərin işə qoşulması barədə ərizə” anlayışı “şəxsin işə qoşulması barədə ərizənin verilməsi”, eləcə də “məhkəmələrə verilmiş iddia ərizələri” anlayışı “məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi” anlayışı ilə əvəz olunub.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışının təşkil edilməsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Butov.az-a Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Yasamal rayonu ərazisində keçirdikləri tədbirlər zamanı paytaxt sakini Elvin Babaxanlı, əvvəllər məhkum olunmuş şəxslər Anar Cəbiyev və İsa Cavadov saxlanılıblar. Elvin Babaxanlının üzərində şəxsi axtarış aparılan zaman ondan 6 kiloqram 40 qram heroin aşkar olunub. Anar Cəbiyevin üzərindən 11 qram, Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşadığı evdən əlavə 3 kiloqram, İsa Cavadovun üzərindən isə 20 qrama yaxın heroin aşkar olunaraq götürülüb. Yasamal rayonunda həyata keçirilən digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Samir Aslanov və Xəqani Qurbanov tutulub. Bu şəxslərin üzərindən ümumilikdə 10 qram heroin aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq Samir Aslanovun idarə etdiyi motosikletin saxlanc yerindən 2 kiloqram, Xəqani Qurbanovun evindən də 2 kiloqram heroin və 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin aşkar edilib.
Baş İdarə əməkdaşlarının Nəsimi və Suraxanı rayonlarında həyata keçirdikləri növbəti əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan daha 5 nəfər - Qüdrət Mövsümov, tanışı Elvin Namazov, Kənan Abdullayev, eləcə də əvvəllər məhkum olunmuş şəxslər Mehman Mikayılov və Mahir İbrahim saxlanılıblar. Onların üzərindən və yaşadıqları evlərdən, həmçinin Kənan Abdullayevin idarə etdiyi avtomobildən ümümilikdə 1 kiloqram 400 qrama yaxın heroin, metamfetamin, 6 ədəd elektron tərəzi, həmçinin narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar aşkar olunaraq götürülüb.
Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan Elvin Babaxanlı, Anar Cəbiyev, İsa Cavadov, Samir Aslanov, Xəqani Qurbanov, Qüdrət Mövsümov, Elvin Namazov, Kənan Abdullayev, Mehman Mikayılov və Mahir İbrahimin ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər. Bu şəxslərin hər biri izlərini itirmək məqsədi ilə əsasən taksi və kuryerlik fəaliyyətləri göstərdiklərinə dair yalnış görüntü yaradaraq paytaxt ərazisində narkotiklərin satışını təşkil ediblər. Onların cinayətləri ətraflarında həyata keçirilən əməliyyat-texniki tədbirlərlə və əldə olunan təkzibedilməz faktlarla tam sübuta yetirilib.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bəxtiyar Muradov saxlanılıb. Həmin şəxs ifadəsində narkotik vasitələri əvvəllər cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi tanışı Arif Muradovdan aldığını bildirib. Əməliyyat zamanı həmin şəxs Salyan rayonu ərazisində saxlanılıb. Arif Muradovun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 1 kiloqram 460 qram heroin, 315 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. O, ifadəsində qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilən narkotikləırin satışını təşkil edən şəbəkənin üzvü olduğunu etiraf edib.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Lənkəran, Masallı və Cəlilabad rayonlarında həyata keçirdikləri digər əməliyyatlarn zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər - İlkin Nuralıyev, Fuad Mirzəyev, Elnur Məmmədov, Xalid Həsənov, Famil Rzazadə və Mübariz Qasımov saxlanılıblar. Bu şəxslərin üzərindən ümumilikdə 24 qram heroin və metamfetamin aşkar edilib.
Baş İdarənin Qərb Bölgəsində Regional Şöbəsinin Gəncə, Mingəçevir şəhərləri, eləcə də Bərdə və Ağdaş rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər Seymur Cabbarzadə, Nəriman Nərimanov, Rauf Rüstəmov, İlqar Babayev və Fariz Allahverdiyev saxlanılıblar. Ağdaş sayon sakinləri Seymur Cabbarzadə və Nəriman Nərimanovdan ümuumilikdə 16 kiloqram marixuana, adları sadalanan digər şəxslərdən isə 10 qrama yaxın heroin və digər növlərdən olan narkotik vasitələr aşkar olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 34 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.
Bir daha vətəndaşları, sosial şəbəkələrdə aktiv olan insanları, ictimai xadimləri və ümumən gələcək nəslin sağlamlığını düşünən hər bir kəsi “narkotik vasitələrə son” devizi altında birləşməyə və təbliğat işinin gücləndirilməsində polis əməkdaşlarına yaxından kömək etməyə çağırırıq.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
“Report” xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində “FF” MTK-nın rəhbəri Tamilla İbrahimova ifadəsini davam etdirib.
O bildirib ki, 2012-ci ildə binanın tikilməsinə icazə verilsə də, 2013-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti Dilarə Əliyeva 145-dəki evlərin sakinlərini köçürərək sökməyə başlayıb: “Daha sonra binanın ərazisi torlandı. Amma şəhərin baş memarı Akif Abdullayev əraziyə gələrək tikintini saxladı, torları söküb apardı”.
2018-ci il oktyabrın 14-də Türkiyəyə əməliyyata getdim. Noyabrın 5-də mən əməliyyatdan qayıdanda bina tikilirdi. 2018-ci ilin dekabrında hələ iş gedirdi. Rasim Quliyevin sərəncamı isə 2018-ci ilin oktyabrında ləğv edilib. Amma ondan sonra tikinti davam edirdi”.
R.Quliyev deyib ki, onun sərəncamı ləğv edilsə də, tikinti davam etdirilib.
Daha sonra prosesdə sənədlərin tədqiqinə başlanılıb.
Hakim bildirib ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və müavini Qurban İsmayılov ibtidai istintaqda dindirilib. Hər iki şəxs söyləyib ki, binanın tikilməsi, tikintinin dayandırılması ilə bağlı onlara heç bir məlumat verilməyib. Onlar qeyd ediblər ki, həmin bina Nəsimi Rayon İcra Hakimiyyətinin balansında olmayıb.
Məhkəmənin növbəti iclası oktyabrın 25-də davam etdiriləcək.
Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, cinayət işi üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş qismində tanınıb. Məhkəmə prosesi oktyabrın 20-də davam etdiriləcək.
Gürcüstanda səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Austin gürcü həmkarı Cuanşer Burçuladze ilə birgə mətbuat konfransında çıxışı zamanı “altılıq platforması”nın yaradılmasına münasibət bildirərkən deyib ki, “yaxşı olardı ki, Rusiya hər hansı yeni platforma haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsin”. Pentaqon rəhbəri bildirib ki, hər şeydən öncə Cənubi Qafqaz ölkələri regional əməkdaşlığı gücləndirməlidir. Beləliklə, ABŞ rəsmilərindən kimsə ilk dəfə Cənubi Qafqaz üçün nəzərdə tutulan “altılıq formatı” təklifinə münasibət bildirib. Vaşinqton Pentaqon rəhbərinin dili ilə bildirir ki, “altılıq formatının” əleyhinədir. Bu səbəbsiz deyil. ABŞ bu formatın 3 ölkəsinə - Rusiya, İran və Türkiyəyə qarşı müxtəlif sanksiyalar həyata keçirir. Yəni Vaşinqtonun “altılıq formatının” yarısı ilə münasibətləri gərgindir. Odur ki, Vaşinqton ikinci varianta üstünlük verir, yəni Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq güclənməlidir. Azərbaycan üçün hər iki variantdan hər hansı biri də məqbuldur. Həqiqətən İranla münasibətlərin gərginləşməsi fonunda “altılıq formatının” işlək olacağını söyləmək çətindir. Digər tərəfdən Gürcüstanın özü də Rusiya ilə diplomatik münasibətlərinin olmaması səbəbindən “altılıq formatına” şübhəylə yanaşır. Tiflis Vaşinqtonun dəstək verdiyi “üçlü formata” – Gürcüstan, Azərbaycan və Ermənistan arasındakı əməkdaşlığa əhəmiyyət verir. Biz etiraz etmirik, o olmasın, bu olsun. Ancaq istənilən formatın işlək olması üçün dövlətlər qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüklərini tanımalıdırlar. Əgər Gürcüstan və ya ABŞ Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa və sülh sazişi imzalamağa razı salacaqlarsa biz “üçlü formata” da qatılmağa hazırıq.
Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.
Qərbi zəngəzurlular Zəngilan şəhidliyində
Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur. Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.
Azad Zəngilanın qonaqları
Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib. Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.
Mahnur Hüseynova Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru