Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
13-08-2022, 20:38
Dələduz törətdiyi əməli polisə etiraf etdi


Dələduz törətdiyi əməli polisə etiraf etdi

Daxili işlər orqanları tərəfindən ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri keçirilib. Bu barədə Yuxarı Şirvan bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, 10 nəfər Kürdəmir rayon sakini Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək cari ilin aprel-may aylarında Nemət adlı şəxsin onlara qarşı dələduzluq etdiyini, yalan vədlər verərək iri və xırdabuynuzlu heyvanlarını ələ keçirdiyini deyiblər. Daxil olan müraciətlər əsasında Kürdəmir RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən rayonun Muradxan kənd sakini Nemət Baxşiyev saxlanılaraq polis şöbəsinə gətirilib. Dindirilmə zamanı o, törətdiyi əməllərini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, N.Baxşiyev qeyd edilən aylar ərzində rayonun Çərtəyəz, Çöl-Ərəb, Ərəbxana, Sor-Sor və Yenikənd kənd sakini olan 10 təsərrüfatçının etibarından istifadə edərək, aldatma yolu ilə onlara məxsus ümumilikdə 25 iribuynuzlu və 28 xırdabuynuzlu heyvanlarını ələ keçirib və zərərçəkmişlərə ümumilikdə 21528 manat maddi ziyan vurub. Daha sonra isə həmin heyvanları dəyərindən ucuz qiymətə satan N.Baxşiyev əldə etdiyi pulları xərcləyib. Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. "Əgər A. N.Baxşiyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in "102" xidmətinə, həmçinin Kürdəmir RPŞ-nə müraciət etmələri xahiş olunur", - məlumatda qeyd olunub.
13-08-2022, 20:34
Ukraynanın qələbəsi üçün vacib olan 5 addım


Ukraynanın qələbəsi üçün vacib olan 5 addım

Ukrayna Prezident Ofisi müharibədə Rusiyaya qalib gəlmək üçün əsas şərtləri açıqlayıb. Bu barədə Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqram kanalında yazıb. Onun sözlərinə görə, Kiyevin qələbəsi üçün Rusiya terrorun himayədarı kimi tanınmalı, Rusiya vətəndaşları üçün viza qadağası tətbiq olunmalı, neftin qiyməti tənzimlənməli, qaz sanksiyası tətbiq edilməli və Ukraynaya silah verilməlidir. Qeyd edək ki, Rusiya ordusu bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
13-08-2022, 20:29
Ukraynadan daha bir gəmi Türkiyəyə yollandı


Ukraynadan daha bir gəmi Türkiyəyə yollandı

Marşal adaları bayrağı altında günəbaxan tumları daşıyan “Thoe” quru yük gəmisi Ukraynanın Çernomorsk limanını tərk edərək Türkiyəyə doğru hərəkət edir. Bu barədə “Marine Traffic” gəmi izləmə xidməti məlumat yayıb. Bakı vaxtı ilə saat 08:35-ə olan məlumata görə, gəmi Ukrayna sahillərindən iki dəniz mili aralıda olub. Göyərtəsində 2900 ton yük olan “Thoe” Türkiyənin Tekirdağ limanına yollanır.
13-08-2022, 20:26
Mövqelərimiz yenə atəşə tutuldu


Mövqelərimiz yenə atəşə tutuldu

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 8 dəfə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bunlardan 7-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Çəmbərək, Tovuzqala və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər, Gədəbəy, Tovuz və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla baş verib. Digər 1 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla qeydə alınıb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Silahlı insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib. "Bildiririk ki, son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd olunub.
13-08-2022, 08:46

"Bir Əslim varmış"

Aytac Qayıbova

"Bir Əslim varmış"

Əvvəli ötən sayımızda

V Hissə
Açıılan keçmiş)
O gün mən sirlərin açılacağından xəbərsiz idim. Çox az-az danışırdı, düzdü, ancaq əsas olan danışmağıydı deyə düşünürdüm. Bir sabah yenə adətim üzrə ona baş çəkmək üçün ya da yoxlamaq üçün deyim, otağına getdim. Üzünə baxanda yenə yuxusuz bir gecənin ağuşunda olduğunu anlamaq çətin olmurdu. Bu dəfə o təklif etmədən keçib oturdum. Nəsə danışacaqmış kimi sakitcə gözləməyə başladım. Bir neçə dəqiqə sonra elə bir of çəkdi ki, bütün bədənim üşüdü, sonra danışmağa başladı...
“Həyatda anamı itirdikdən sonra tək bir qadına güvəndim, sevdim. Düzdü çox kiçik idim. ən çox 12, ya 13 yaşım olardı…
Yenə dərdlərim məni qucaqlamış, əl çəkməməkdə qərarlı idi və mən ondan qurtulmaq üçün tək təsəllini anamın soyuq məzarından alırdım. Nə vaxt yorulsam, bezsəm, küssəm onun yanına gedərdim, dərdləşərdik, bəzənsə anamın məzarıyla ağlayardıq...
O gün yenə anamla dərdləşmək üçün məzarlığa getmişdim. Biraz sonra hıçqırıq səslərinə ürpələnərək başımı qaldırdım və onu gördüm...
İlk orda gördüm onu, “Əslimi”. Atasının məzarıyla danışırdı, o da mənim kimi soyuq məzardan təsəlli gözləyirdi. Elə o gün bağlandım ona, elə o gün sevdim onu. Kənd içi olduğu üçün ehtiyat etsək də, bilirdik ki, o insanı qılınc kimi kəsən soyuq qış səhərləri heç kim gəlməz məzarlıq tərəflərə. Anamın ən çox sevdiyi bir şalı vardı, üşüməsin deyə o şalı ona vermişdim. Hər sabah ona bükülüb gələrdi məzarlığa.
Əvvəl ana, atamızla tək dərdləşib sonra bir-birimizə təsəlli olmağa çalışardıq. 7 il keçdi, dağ boyda 7 il. Biz bu 7 il ərzində hər gün bir yerdə ağladıq, bir yerdə güldük o məzarlıqda...
Bir gün adıma çağırış vərəqəsi gəldi, çoxdandı gözlədiyimiz o müvəqqəti ayrılıq gəlib çatmışdı. Ancaq yenə xoşbəxt idik, mən əsgərlikdən qayıdan kimi evlənəcəkdik. Sabah gedəcəkdim və biz bu gün son dəfə görüşdük.
Mənə söz verdi, “sən gələnə qədər deyil, mən ölənə qədər gözləyəcəm səni, səndən başqası olmayıb, olmayacaq, hər gün sən gələnə kimi ananla dərdləşəcəm narahat olma. İkimiz də səni gözləyəcəyik, inan mənə”:– dedi. Axı o anamın gəliniydi, ona inanmaya bilməzdim. Anamla gözləyəcəkdi məni, anamla....
(İndi mənim üçün əlindəki titrəyiş, dolan gözləri, daralan nəfəsi o soyuq qış səhərlərinin qılıncından daha kəskin idi.)
Cəmi 5 ay keçdi 5 ay....
5 ay sonra atamdan məktub gəlmişdi...
“Aslan, oğlum, bizdən narahat qalma, bacıların da, mən də yaxşıyıq. Ancaq bilirsən ki, bacıların evləndikdən sonra tək qalmışdım, odur ki, mən kənddəki rəhmətlik Yaşar dayının qızına adam göndərdim, anası dul qadındı, borc-xərcləri çoxuydu onların əvəzində qızı mənə verməyi qəbul elədi. 1 həftədi Əslimlə kəbin kəsdirmişəm. Nigaran qalma daha o mənə yaxşı baxır. Allah qoysa sən də sağ salamat gələrsən atan səni də halal süd əmmiş bir qızla evləndirər...”
Rəhmətlik Yaşar dayının qızı deyəndə mən yox idim artıq...
O məktubdan cəmi 1 həftə keçdi məni xəstəxanaya apardılar sonra da bura gətirdilər. Anamın gəlini anama da, mənə də xəyanət etmişdi. O gün tövbə elədim adını anmamağa, oyaq olanda özümə hakim ola bilirəm ancaq, yatanda adını sayaqlamamağı bacarmıram. Ağzımı açıb söz demək istəsəm dilimdən adı çıxır ona görə danışmıram mən. Yatası olsam yuxularımdan getmir, ona görə yatmaq istəmirəm. Hər gün eyni şeyləri düşünürəm. Mən hansı günahın sahibiyəm ki, mənim sevdiyim qız mənim xəyallarımı mənlə yox atamla həyata keçirdir....
Bilirsən, bir qızı olub indi, bacım olub....
Adını Zinyət qoyublar...
Anamın adını qızına qoyub mən buna necə dözüm?!”
Nə qədər ağladım bilmirəm ancaq, o susanda gözlərim tamam şişmişdi. Elə o da, eyni vəziyyətdəydi. O gün ona cümlələrim qırılıb boğazıma batdığı üçün heçnə deyə bilmədim. Lal olmuş kimi sakitcə çıxmışdım otaqdan...
VI Hissə
(Son nəfəs)
O qədər çətin şeylər yaşamışdı ki, axı mən bundan sonra onu necə qınaya bilərdim? O, hələ çox kiçik yaşlarından dünyanın yükünü balaca çiyinləri üstündə gəzdirmiş biriydi. O, böyüsə belə yıxılan, yanan, əzilən, yanılan tərəf olmuşdu...
Son söhbətimizdən 1 həftə keçmişdi və yenə ara bir söhbət edirdik. Onu çox yormaq istəmirdim çünki, öskürəkləri çoxalmışdı. Nəfəsi çox çətinliklə alıb-verirdi. Gözlərindəki işıltı sönmüşdü sanki, həm də gün keçdikcə arıqlayırdı.
Bu gün çox fərqli gün olacaqmış sən demə...
Otağına girəndə onu ilk dəfə idi ki, otağında görmürdüm, hətta pərdəni aralamayan o insan bu gün pəncərələri açmışdı. Pəncərənin yanına gedəndə kiçik bir kağız parçası tapdım.
“Bu gün çox gözəldir, Qayın ağacı da həmçinin...” yazılmışdı.
Yəqin etdim ki, həyətdəki o qocaman ağacı ziyarətə gedib. Bəli yanılmırdım, aşağı düşəndə onu qocaman Qayın ağacıyla söhbət edərkən tapdım. Sən heç çıxmazdın otağından, nəyə borcluyuq bunu, demişdim ki, “Bu gün son gündü”: -dedi mənə...
Nəyin sonuydu? Nə üçün, kim üçün sonuydu? Sanki beynim tamam qarışmışdı. Biraz sonra danışmağa başladı:
“Məni bu dispanserdə tək başa düşən sən oldun, məni az da olsa tanıyıb, keçmişimi, həyatımı bilən də, tək sənsən. Bilirəmki, əvvəllər mənə yazığın gəlirdi, ancaq, indi məzlumam gözündə. Mən heç vaxt həqiqətləri öyrənə bilməyəcəm. Əslimin qarşısına çıxıb “Niyə? Niyə axı? Niyə məni bu cür vurdun?” deyə soruşa bilməyəcəm. Bəlkə onu bağışlayıb, möhkəm sarılmaq keçəcək ürəyimdən ancaq bunu da edə bilməyəcəm.
- Mən gedirəm....
Dayan! Diqqətlə qulaq as mənə. Əgər mümkün olsa bir gün sən get ona. Mənə açıb danışacağı hər nə varsa sənə danışsın. Sən də gəlib məzarımda mənə danışarsan...
Bir də ona deyərsənki...”
Bu cümlələri deyərkən çox çətinlik çəkmişdi. Hər öksürdükcə ağzından qan gəlməyə başlayırdı artıq… Nə qədər çalışsam da, onu otağına, ya da həkimin yanına getməyə razı sala bilmədim. Tək bir söz dedi mənə ki, bu sözlə donub qaldım yerimdəcə.
“Bax gör necə gözəl görünür.. “
Qorxmağa başladım çünki göstərdiyi tərəfdə heçnə yox idi. İstədim deyəm ki, axı orda heçnə yoxdu, mənə imkan vermədi danışmağa.
“Narahat olma, dəli olmamışam. Sənin onu görə bilmədiyini bilirəm. Keşkə görə bilsəydin. Onda bircə dəqiqə belə qalmaq istəməzdin burda. Anam, illərdi yuxuma belə gəlməyən anam da ordadı. Səsini eşidə bilirsən? Mən əvvəl anamı yuxuda görəndə ona tərəf qaçmaq istəyirdim, ancaq o mənə “Hələ çox tezdir, oğlum. Sən orda qalmalısan” deyərdi. İndi həvəslə çağırır məni. Çox darıxıb deyəsən mənim üçün....”
Anlamışdım son anlarını yaşadığını. İncitmək istəmirdim onu. O qədər məsumlaşmışdı ki, sanki günlərlə anasından ayrı düşüb, sonra anası gələndə qucağına qaçan körpə uşaq olmuşdu. Sanki, uşaqlığına enmişdi Aslan. Artıq ətrafa reaksiya vermirdi və mən əsl şoku o an yaşamışdım:
Sükut:
“ - Aslan: Niyə bu qədər gec gəldin?
+Qeybdən gələn səs: Mən heç vaxt zamansız gəlmirəm. Sənin vaxtın indi tamam olur.
-Aslan: Mən çox əziyyət çəkdim bu dünyada, hələ də çəkirəm. Bəs orda, orda da bu qədər çətinlik çəkəcəm?
+ Qeybdən gələn səs: Bilirəm, izləmişəm bütün yaşadıqlarını. Narahat olma səni bu dünyadan, bu insanlardan alıb aparacam. Onlar anlamadılar səni, özlərinin olmayan bu yer üzünü sənə cəhənnəm etdilər. Ancaq səni aparacağım yer belə deyil. Orda əziyyət çəkməyəcəksən.
-Aslan: Bəs Əslim? Axı onu necə görəcəm orda?
+ Qeybdən gələn səs: Bu qədər şeylərdən sonra hələ də, Əslimi düşünürsən?
-Aslan: İnanaraq sevmişdim onu. O mənə xəyanət etməzdi...
+ Qeybdən gələn səs: Vaxtı çatanda Əslimi sənə gətirəcəm narahat olma. Orda ayrı qalmayacaqsan sevdiyindən.
-Aslan: Söz verirsən mənə?
+Qeybdən gələn səs : Söz verirəm.
-Aslan: Onda dayanma, vaxt itirməyək tez apar, bu dünyadan tez qopar məni....
+Qeybdən gələn səs : Bu dünyada etməli olduğun son şeyi də et, gedək...”
Danışırdı və bəlkə də, suallarına cavab da tapırdı ancaq, mən heçnə başa düşmürdüm. Az öncə yarımçıq qalan cümləsini tamamlamağa çalışdı..
“ Bir də, ona deyərsənki, mən hələ də ölümünə sevirəm onu ölümünə və ölümümə…”
Aslan artıq çox çətinliklə nəfəs alırdı ovcunu açdı və əlindəki kağızı mənə uzadıb, “Bilirəm sənə çox əziyyət vermişəm. Ancaq, bu səndən son xahişimdi. Haqqını halal elə...”
Səsim batmışdı və danışa bilmirdim artıq. Son nəfəsində ovcuma sığışdırdığı kağızı açmağı aylar sonra bacara bilmişdim.... Artıq Aslan yox idi və o kağız çox şeyləri dəyişəcəkdi deyə düşünürdüm....
Davamı gələn sayımızda
"Bütöv Azərbaycan" qəzeti
12 avqust 2022
13-08-2022, 08:34
SƏN TANRININ SÖZ ADINI YAŞADIN!


SƏN TANRININ SÖZ ADINI YAŞADIN!
(Xalq Şairi Vahid ƏZİZ yaradıcılığı haqqında ədəbi düşüncələr)

Vahid Əziz elə bir şairdir ki, onu bir nəfəsə oxumaq böyük və gur axan dağ çayının qabağını kəsməyə bənzəyərdi. Əgər çayın qabağını bağlamaq mümkünsə…(?!)
Hər kəlməsi, hər misrası ağır məna yükü ilə dolu olan Vahid Əziz poeziyası İnsanın və dünyanın poetik dərki və tərki-dünyalığıdır. O, poetik dünyanı öyrənmək və araşdırmaq mənə belə gəlir ki, adi bir qələm yükü deyil. O, həm tale, düşüncə və həm də böyük bir fikir yüküdür. O, yükü daşımaq asan olmadığı kimi, onun poetik düşüncələrini də bir-iki saata oxumaq heç də asan gəlməsin sizə. Hətta onun yaradıcılığını təkcə məhəbbət macəraları kimi qəbul edənlər də qoy yanılmasınlar. Çünki, o, Xosrovların kəcavəsinə gələn Şirinlərin, Ərəb çöllərində ağlayan Leylilərin, Keşiş qapısında köks ötürən Kərəmlərin, baxışlara sinə açan Sonaların timsalındakı mücərrədliyi də qəbul eləmir. O, məhəbbətin orta əsrlər tiryəkliyindən qurtulmağın konsepsiyasını yaradır. Reallıq, tələb və yaşamaq anlayışlarını ictimailəşdirərək həyatın öz movzusunu gündəmə gətirir:

Qətiyyən sındırmaz bu dərd milləti,
yox, axan qanlar da getmədi hədər,
bizim xislətimiz kişi adəti –
sevginin yolunda can qurban gedər...

Vahiddən oxunan hər bir fikir onun fəlsəfi kimliyini ortaya qoyur. Bu mənada Vahid Əziz yaradıcılığını fəlsəfi aspektdən beş hissəyə ayırmaq olar:

1. İnsanlıq
2. Reallıq
3. Varlıq
4. Kamillik
5.Tərki-dünyalıq

Bu gün orta əsrlərdən üzü bəri üstü açılan “sirlər”i mahiyyət etibarı ilə dərk etməyən və onu axıracan dinləməyən oxucuya üzünü tutan şair ürək ağrısıya yazır:
görünür bu dünyada
haçansa yaşamışam--
çox şeyi təkrarlayıb,
bilməkdən yorulmadım,

Vahid şeirdə düzgün nəql stilini və aydın süjet qurmağı fəlsəfi duyumla qələmə aldığından üç-dörd bəndlə böyük bir epopeyanın məzmununu təqdim etməyi yüksək profesionallıqla bacarır:

Özümün göz yaşım düşdü külümə,
öz naləm qarışdı ağrılarıma.
Allah, sevənləri bədbaxt eləmə--
mənə bax, rəhm elə başqalarına...

Şair etik və sosial durumun reseptini yazaraq cəmiyyətin xəstə halını müalicə etməyin sirlərini və üsullarını açıqlayır. Necə deyərlər, min dərdin min bir dərmanı olduğunu söyləyir:

Getdin...uçuşunda quş gözəlliyi,
sənsiz saçlarımda qış gözəlliyi,
daş-qaşı ucaldan daş gözəlliyi!
bəlkə də daş olduq, nə bilmək olar?

Sözün obrazını və müqəddəsliyini and yeri bilən şair onun məna kodlarını açmaqla İlahinin varlığı hüzurunda dayanır; zühr edir, özü sözə dönür, şeirləşir:

Cahanda bircə nəfər Tanrıya övlad sayılıb,
O, da insan əlinə düşüb – çarmıxa çəkilib.

Vahid sözün qul və mülkiyyətçi steorotiplərini aşaraq poeziyaya yeni nəfəs gətirir, tale yazısına üz tutur.Sözü şifahi danışıq vərdişlərindən daha çıx estetik varlığa çevirir.

Məmurlar tanıdım Azərbaycanda,
Özü buralarda, külfət O, yanda!

Quldarlıq hüququ kimi Sözü incidənlərə üsyan eləyən şair fərdləri bu cür cəzalandırır:

Ölkəni qəribə bir xislət alıb-
kimdir məhəl qoyan?-hayqırdım min yol;
Vətən övladını çətinə salıb,
tövsiyə edirik-
"Vətənpərvər ol!"

O, bəzən lirikanı rəsm və şəkilə (fotoya) çevirir, ürəyin kardioqrammasını çəkir. Zamanın nəbzinə, reallığa və faniliyə qədər gözəgörünməz yollar qət edir. Dünyanın sözlə izahının portiretini çəkir. Mif və dinləri ilahi kəlmələrlə, sərrast düşüncə və aydın ovqatla təmizləyir :

Xeyli dəyişmişik, Füzuli baba,
bir söhbət danışım (sözünə qüvvət),
daha bu mübarək eldə, obada
həm salam alınır, həm də ki, rüşvət!

Xeyli dəyişmişik,artıb ilbəil-
canından keçənlər Yurddan qovulub,
indi,saraylarda xaqanlar deyil,
təlxəklər Bəhluli Danəndə olub!

O, müqəddəs kitabları Söz qədər ucalığını İlahinin xeyir-duasına ehtiyaclığın əsas predmeti sayır. Hər kəsdə Allah segisinin olduğunu deyir:

Allah, bizi niyə belə yaratdın?
bir az ağa, bir az kölə yaratdın!
Yaratdın ki, hər yetənə aldanaq,
yaratdın ki,"hər dərədə nallanaq"?
Yurdumuzda qaçqın olaq, yad olaq,
yaratdın ki, tayfa-tayfa dolanaq!?


Vahid Əziz daha irəli gedərək bütün zamanların, o cümlədən, Ədəbiyyatın əbədi mövzusu olan Hakimiyyət və Allah problemi konteksində daxıli inam və İnsanlıq meyarına ayri rakusdan yanaşır. Problemi şair öz öhdəsinə götürür və bunu həll etməyin düsturunu tapır.Şairin peyğəmbərlik missiyasının izahını verir.

Əsil şairlər də Peğəmbər kimi,
Millətin dərdinə ürək yandirar,
Peyğəmbər İnsana Tanrı hökmünü,
Şairlər Allaha giley çatdırar.

Böyük Füzuli yana-yana deyirdi ki, peyğəmbər və ölviyalardan sonra insan nəslinə ən sadiq tayfa şairlərdi.
Əbəs yerə deyil ki, Şərqin Molla Rumi, Füzuli kimi dahiləri özlərini şair yox, Allaha yaxınlaşaraq, onu dərk etmək elminin-təriqət elminin xidmətçiləri sayırdılar.Onlar Allaha məhəbbət qarşısında sanki öz yaradıcılıqlarından imtina edirdilər.Bu mənada Vahid Əziz özü də bilmədən bu dahi fikrin daşıyıcısına çevrilərək bədahətən dediyi və yazdığı sözün müqəddəsliyinə və ilahiliyinə baş əyir:

Nolaydı: bir oxum, yayım olaydı,
səsim Yer üzünə yaylım olaydı,
Tanrı bircə günlük Dayım olaydı-
olaydım Allahın Bacısı Oğlu!!

Şərq klassizminin əsas forması lirik poeziya-qəzəl, duyuq, rübai olmuşdur və sufi ədəbiyyatında özünü göstərmişdir.
Ümumiyyətlə, insan həyatının elə dönəmləri olur ki, o, sufi həyatını yaşamalı olur. Şairlər isə əslində bu həyatın içində olduqlarını çox gözəl bilirlər.
Şair buna öz münasibətini belə bildirir:

Mənə yüz il ömür arzulamayın,
Bu qədər yaşayan hansı çiçəkdir?
Sən yaşda qalmırsa tay-tuşun, tayın,
Qurdla qiyamətə qalmaq deməkdir.

Azərbaycan klassizminin təcəssümü Füzuli ədəbi məktəbi idi. Ürəklə deyə bilərəm ki, bu məktəbin müasiri haqqında danışdığım ədəbi və əbədi qəhrəmanım, öz xalqının sevimli şairi Vahid Əzizdi.

O, yeganə xoşbəxt şairdi ki, sağlığındaykən ürəyindən keçənləri böyük səxavətlə qələmə alır. Düzü düz, əyrini əyri…Başqaları kimi gülünc doğuran “sandıq ədəbiyyatı” yaratmır. Bir vaxtlar sovetlər ittifaqı süquta uğrayan ərəfədə özlərini “gic və bic” yerinə qoyub guya sən demiyəsən, kişinin oğlunun yalan-palan “sandıq ədəbiyyatı” varmış, deyə ajiataj yaradıb cildini dəyişənlər indi də o xəstəlikdən xilas ola bilmirlər. Nə qədər nadan olasan ki, gözlərinin önündə bu qədər ədalətsizliklər, haqsızlıqlar olsun, sən də gözünü yumasan, dilini bağlayasan, qulaqlarını tıxayasan və əttökən-əttökən özünə “sandıqca” düzəldəsən?!Və yazdıqlarını öləndən sonra açıb vərəqləyəcəklər nağılına inanasan?!
Seyid “cəddinə” inanan kimi bunlar da “sandıqlarına “ inanırlar. Allah Sabirə rəhmət eləsin. Əbəs yerə deməyib ki:

Əhsən bizə! həm tirzənik, həm hədəfik biz,
Öz qövmümüzün başına əngəl-kələfik biz.

Əlbəttə ki, xalqın içərisində zamanın və millətin nəbzini tutan, sözünü deyən kişilər çoxdur. Onlardan biri də məzh Vahid Əzizdi. O, kişi kimi, cəngavər kimi yaşayır bu dünyada. Heç bir kəsdən çəkinmədən zamanında sözünü deyir və dediyi sözünün arxasında dayanır.

VƏTƏNDAŞ SƏRÇƏLƏR...

Olsa da hər zaman elnən iç-içə
ona dənli yerdə sədd hörübdülər,
Vətəndir, neynəsin balaca sərçə?
arpa kəpəyin də çox görübdülər.

O qədər kövrəkdir doğma görkəmi;
Mil-Muğan, Şirvanlı, Qarabağlıdı,
o da mən gündədir-ölənə kimi
hara Vətəndirsə, ora bağlıdı!

Sapandla vurular, ölər, qovrular-
saraylar, məclislər yasaqlı yerdi!
əsgər də, şəhid də sərçələr olar,
yekəpər durnalar fərarilərdi!

Sərçə taleyi də, özü də kiçik,
vəfalı qəlbini duyan olmayıb,
ədası-pırıltı, hədəsi-"Cik-cik",
odur ki, sərçəni sayan olmayıb!

Payızda qayıdar, baharda gələr-
durnalar qonaqdır; gəlib-gedəcək,
Vətən çəpərinə sadiq sərçələr
çəpərlər dibində ölüb-gedəcək...

Binəsi-kollarda, Vətən daşında,
nə mükü, nə gölü, nə adası var;
amma ki, köçəri qaranquşun da
yerliyə şəriklik iddiası var!

Bizimlə birlikdə gülüb-ağlayan
bu Yurdun balaca sərçələridir,
bəlkə də sərçəni cılız saxlayan
millət təəssübü,Vətən dərdidir?

Bir döyüş şeypuru çalın ucadan,
düşməni döyməyə görün-kim gedir!?
sərçə taleyini yaşayan insan
talesiz yaşayan sərçə kimidir...

Adı və Allahı tək olan Xalq Şairi Vahid Əziz yaradıcılığı haqqında düşüncələri sizinlə bölüşən mən idim -

Əmir Pəhləvan
"Bütöv Azərbaycan" qəzeti
12 avqust 2022
13-08-2022, 08:24
Səmadan gələn səs


Səmadan gələn səs

Buludların rəngi qapqara qaralmışdı. Artıq neçə gün idi ki, göyə qalxıb yerə yağış kimi səpələnən mərmilərin səsindən günəş də yata bilmirdi. Torpağın qəzəbi dağlarda əks-səda yaratmışdı.
Bu necə nifrətdir, İlahi. Bu necə qəzəbdir belə. Sanki illərin qığılcımları insanların gözündən alov püskürür. Düşməndən intiqam almaq, ona yaxşı dərs vermək üçün yarışır oğullar. Ordu ancaq irəli addımlayır. Ayaq basdığı hər əraziyə azadlıq gətirir. Torpaq doğmalarının nəfəsini duyduqca qürrələnir. Sinəsində xarıbülbül gül açır. Mənzərə oğulları daha da coşdurur. Dayanmaq bilməyən pəhləvanlar Qarabağın hər qarışını yağı düşməndən təmizləmək üçün daha da irəli gedir.
İbrahim Lələyevin dəstəsi Füzulidən Cəbrayıla qədər düşmənlə mübarizədə şücaət göstərərək bir çox yüksəklikdə bayrağımızın dalğalanmasına səbəb olmuşdu. Döyüş meydanı qəhrəman əsgərlərimizə mərdlik meydanı kimi görsənir, bu savaşda qələbə üçün hər kəs bir nəfər kimi mübarizə aparmağa çalışır.
Bu gecə isə günlərdir atışmanın içində olan, hər gün döyüş yoldaşlarının şəhidliyinə şahid olsa da qətiyyən amalından dönməyib, zəfər üçün mübarizə aparan İbrahim bir az dincini almaq üçün şirin xəyallara dalır. Elə bu zaman Emin soruşur:
-Hə, Lələyev nə düşünürsən? Diyəsən yaman yorulmusan.
-Bu yorğunluq zəfər sevincini dadanda keçib gedəcək. Deyirəm, Qarabağı tam azad edək, gələn il ad günümdə anamı gətirəcəm Şuşanı görsün. O dillərə dastan Şuşada keçirəcəm ad günümü. Bircə səhər açılsın. Ordumuz qələbə sədalarına oyansın. Qalan arzular çin olar inşallah.
-Amin, qardaş. Şəhid olmasam ad gününü ilk mən təbrik edəcəm.
-Var ol. İgidə şəhidlik də yaraşar. Təki qismətimizə ölümün də şərəflisi yazılsın.

O gecə İbrahim bilmirdi ki, elə onun taleyinə ölümün ən şərəflisi, şəhidlik yazılıb. Zəfər xəyallarıyla yatan qəhrəmanın son savaşı da məhz həmin səhər olur. Cəbrayılda son dəfə düşmənə həddini bildirən qəhrəman elə həmin günü səmalardan yenə enən cənnətin pillələri ilə qalxır səmalara. Yerdən sülh göyərçininə dönüb səmalara qanad açan qəhrəmanın xəyalları bir daha heç zaman gerçəyə çevrilmir.
Oktyabrın 10-u Masallıya göz yaşı yağır səmalardan. Bütün kənd "Şəhidlər ölməz, vətən bölünməz!" şüarı ilə əks-sədaya şahid olur. Hər kəs yol boyunca düzülərək gələn karvanı ehtiramla qarşılayır. Bu karvanın sarvanı üçrəngli bayrağa bükülmüş taxtında başlar üzərində gətirilir öz ocağına. Bu karvanın sarvanı bir igiddi, bir pəhləvandı, azadlıq tarixini yenidən yazan qəhrəmandı.
O karvanı qarşılayan xəstə anasının fəryadı göyə ucalan zaman göylərdən səda gəlir yerə.
-Ağlama ana, mən ölümsüzlüyə qovuşdum. Mən əbədi var oldum. Ağlama, ana. Sən oğul itirmədin, sən minlərlə oğul qazandın özünə. Bütün xalqın qulluğunda duracaq. İndi səni şəhid İbrahimin anası kimi bütün el tanıyacaq. Başını dik tut. Yerim gözəldi, ana. Yerim gözəldi burda.

Esmira Günəş
13-08-2022, 08:18


Tarixin tarlı tarixçəsi...
Tarixin tarlı tarixçəsi...

Üzeyir bəyin üçüncü və sonuncu operettası - "Arşın mal alan". Buradakı Əsgəri az adam tapılar ki, tanımasın. Mən Əsgəri də bir qisim adam tapılar ki, tanısın. Sözün müxtəsəri. Tacir əyninə arşınmalçı paltarı keçirib öz işində olsun, mən də qələmimi əlimə alıb yazmağımda...
...Doğrusu, qaralamağımda. Necə deyərlər, ağ kağıza yaz qara.
Qara demişkən, Bakının ağlı-qaralı ilk şəkilləri, kapitan-leytenant A.F.Ulskinin Qız qalası, Qala divarları, Şirvanşahlar sarayının məscidi fonunda Bakının Xəzər görüntüsü, "Renesans", "İşıq və Kölgə", “Çic”, “Əzizbala” foto-atelyeləri, xarkovlu Mişo, onun Fransa və Bakı fəaliyyəti və s. və i. Bütün bunlar:
- Dərsin cəmi-cümlətanı.
- Qarşıda "JK010-A", yəni hamı.
- Nəhayətdə fənnin tamı.
Fənn - Fotojurnalistika.
Müəllim - Zaur Babayev.
Müəllim fənni zahir etdi hasil. Tələbə müdam dərsə hazır. Və birdən auditoriyada maraqlı sual olur nazil:
- Belə, mənim əzizlərim, deyin görək, əvvəllər foto-atelyelər necə adlanırdı?
Tələbələr növbə ilə fərqli fikir bildirir, maraqlı yanaşma sərgiləyir. Zaur Babayev hər dəfəsində "Hardasa sualın cavabına yaxınlaşırsınız" - deyir. Ancaq tələbələr nə tövr etsələr də, heç cürə sualın doğru variantını tapmağa müfəssəl olmurlar. Bu məqamı görən Zaur Babayev heç kimi həvəsdən, nəfəsdən, ruhdan, kökdən salmır. Və sakit tərzlə, xoş halla: "Bu, əksxana adlanırdı" deyərək fikrinə əlavə edir: "Birlikdə hələ çox öyrənəcəyik".
Ümumiyyətlə, Zaur Babayevin dərslərində ən nadinc tələbə belə, bisdən-təvərədən çıxmaz və tıncıxmaz. Özüm bilərək dialekt sözlərdən istifadə etdim. Çünki Zaur Babayev daxilində Azərbaycan dilinin incəliyini, şirəsini yaşadan müəllimdir. Yazını cümlə-cümlə yazır, hər dərsi söz-söz xatırlayıram...
... Dərs gözümün önündə kadr-kadr canlanır.
“Bəyin oğurlanması” filmində Səməndər Rzayevin sözləri yadıma düşür: "Bu kino ki var, çox qəliz məsələdir, həm qəliz, həm də ki, vacib". Frazanı Zaur Babayevin dərsləri haqqında da söyləmək olar, bircə "qəliz" ifadəsini ixtisar etməklə... Çünki Zaur Babayev çətini asanlaşdıran, uzağı yaxınlaşdırandı. Hər dərsi bir kinoya bərabərdi: əyani, fəlsəfi, maraqlı, düşündürücü...
O, bizim Zaur müəllimdi.
Müəllim biliyi dərsi hərəkətə gətirən təvərədir...
Müəllim üçün qiymətli, dəyərli olan tələbədir...
Tələbə üçün də qiymətli olan müəllimdir. Tədris etdiyi dərsdir.
"Bizim Cəbiş müəllim" filmində Cəbiş müəllim öz şagirdi Namiqin timsalında bütün çocuklara xitabən səslənir: "Səndən ancaq bir şey tələb olunur, öz borcunu layiqincə yerinə yetirmək. Vəssalam. Bunun üçün də çox şey lazım deyil". Şəkk-şübhəsiz, bu, dərsdi: oxumaq və öyrənməkdi.
Gərək şagird, tələbə müəllimdən də, dərsdən də dərs almağı bacarsın, bu qabiliyyəti özündə formalaşdırsın. Dərs də müqəddəsdir: "Torpaq. Dəniz. Od. Səma." kimi. Dırnaqiçində ismini çəkdiyim kinonun giriş kadrları qayaüstü rəsmlərlə, şiş qayalıqlarla, tariximizin müxtəlif görüntülərilə başlayır. Dərs tarix deməkdir. Dərs alan şagird, tələbə tarixin dərslərindən də yaxşı nəticə çıxara bilir. Maraq üçün deyək ki, dünya tarixinin ilk ağ-qara, qısametrajlı, səssiz sənədli filmi 1895-ci ildə Lümyer qardaşlarının rejissorluğu ilə çəkilmiş "La-Sota vağzalına qatarın gəlməsi" filmidir. Filmin ilk ictimai nümayişi 1896-cı ilin yanvarında baş tutur. Deyilənə görə, filmin nümayişi zamanı tamaşaçılara elə gəlir ki, qatar onların üstünə gəlir. Bu hadisə zalda qorxu və təlaşa səbəb olur.
Sonralar Maksim Qorki, "Kölgələr Səltənəti" adlı məşhur oçerkində yazır: "Qəflətən nə isə basılır, hər şey yoxa çıxır və qatar ekranda görünür. Qatar elə sizə doğru şütüyür - ehtiyatlı olun!"
Əlbəttə, o dövr üçün bu mənzərə qeyri-adi idi. Qorkinin də yarızarafat, yarıciddi şəkildə dediyi kimi, ehtiyatlı olmaq labüddür: ya təbii, ya da qeyri-ixtiyari.
Bugünkü dövrdə texnologiya adamı bəzi məqamlara sakit və təmkinli halda yanaşır. Bütün bunlar təhsillə, təlimlə bağlıdır. Bugünün insanı anlayır ki, onun qarşısında texnoloji biliklərini müdam inkişaf etdirmək kimi, məqsəd - missiya dayanır...
Bundan irəli gələrək auditoriyada "The New York Times", "Washington Post", "The Guardian"... qəzetləri, habelə "Reader's Digest" kimi dünyaşöhrətli jurnalların foto seçimi, rənglərdən istifadə qaydaları, günün tələblərinə cavab vermək bacarığını Zaur Babayevdən ən incə xırdalıqlarına qədər əxz etməyə çalışırıq...
Texnologiya demişkən, bildiyimiz bir məqamı xatırlayaq. Yunan sözü olan texnologiya "məharət elmi" deməkdir. "Texniki elm" və "Metodların cəmi" olmaqla iki istiqamətdə işlədilir. Bu mənada Zaur Babayev bacarığı, elmi özünü həm texniki, həm də humanitar sahədə təcəlla etdirir. Dövrün texniki vasitələri müəllim biliyi, səriştəsi qarşısında naçar qalır. Onlayn dərslər söylədiklərimin dəlilidir...
Zaur Babayevin tədris etdiyi "Fotojurnalistika" və digər fənlər də bu məqsədə, mərama, missiyaya xidmət və hizmət duruşunda və hikmət məqamındadı (ənənəvi və onlayn tədrisdən asılı olmayaraq). Hikməti anlamaq üçün, tələbə gərək gözünü ön plana çıxartsın - fotokamera kimi: diqqətli, qeydli, qələmli, dərsli, həvəsli olsun.
Aristotel zamanı hərəkətə, Kant da hərəkəti zamana tabe edir. Obyektiv üçün iki məfhum da mütləqdi, elə tələbə üçün də. Bu məqamı tutan tələbə hər dərsdən bir yazı hazırlayar, kino çəkər.
Sadəcə inadlı olmaq lazımdır. "Uzaq sahillərdə" filmindəki Mixaylo kimi, "Yol Əhvalatı"ndakı Mustafa kimi. Yekun "Romeo mənim qonşumdur" filminin təntənəsidi. "Onun böyük ürəyi" ifadəsi də mənəvi mükafat.
Göründüyü kimi, mən fotoaparatımla kino - kadr deyil, kino adları çəkirəm, yəni yazı yazıram. Düşünürəm ki, "O olmasın, bu olsun". Bəlkə də bu yazını hazırlamasaydım, daxili mənim məni işarə edərək "Onu bağışlamaq olarmı?" deyərdi.
2 iyul. "Qızmar günəş altında", "Küçələrə su səpmişəm". Və "Mən evə qayıdıram". Evə çatan kimi, "Mən mahnı qoşuram", yəni yazı hazırlayıram. Və düşünürəm ki, "Mahnı belə yaranır". Beləliklə, "Gün keçdi" və mən "Ad günü" yazımı tamamlamaq üzrəyəm.
3 iyul. Bir ayın "Dörd bazar günü". Bu ayın ilk bazarı. Çalışdım ki, Zaur Babayevin doğum gününü ilk təbrik edənlərdən olum.
Söz-söz yazının sonuna - "Xatirələr sahili"nə yan alırıq... Xoş xatirələr fikrimizə "Böyük dayaq"dı. Xatirələr həm də adamı "Bəxtiyar" edir. Yaxşı xatirələri barmaqda "Bəxt üzüyü" də hesab etmək olar. Çünki xatirələrin yaxşısı elə yaxşı adamlardan qalır.
Yazının sonuna yaxın oxuculara "Bir qalanın sirri"ni açım. Sonuncu dərs günü Zaur Babayevlə birlikdə "Sehrli xalat"ımızı geyinib yaxın keşmişə döndük. "Qaladan tapılan mücrü"dən nə çıxsa yaxşıdır?
- "Asif, Vasif, Ağasif"? - yox,
- Qızların gözlədiyi "Ağ atlı oğlan" - o da yox,
- "Firəngiz", "Hacı qara", "İsmət", "Qatırməmməd", "Lətif", "Təhminə" - yox, yox, heç biri.
Mücrüdən əsrlərin söz yadigarı, demokratik mətbuatın pöhrələnməsinə töhfə verən, dünənin və bugünün "Molla Nəsrəddin"i, "Zənbur"u və s. görünür. İnanıram ki, əsrlərin yadigarı olan jurnallar, qəzetlər bizi də görür. Jurnalist-tələbə üçün orijinal nüsxələri canlı görmək, onlara toxunmaq, o möcüzəni barmaqlarla, qəlblə, düşüncəylə yaşamağın özü belə sözlə ifadə edilməzdi.
"Molla Nəsrəddin" jurnalında dahi Üzeyir Hacıbəyli "Ordan-burdan" başlığı altında "Ü", “Çı”, "Filankəs", "Behmankəs" və s. kimi gizli imzalarla hər dövr üçün aktual olan məqalə, felyeton, satirik miniatürlər dərc etdirib. Jurnalların sehrafərin cazibəsindən ayılan kimi, yada Üzeyir bəyin "Ordan-burdan" başlıqlı yazısından bir sətir düşür: "... hissin tərcümani olmalıdır ki, oxuyan kəsdə də o hiss oyansın..." - Həqiqətən də Zaur Babayevin peşəsinə duyduğu, dünənimizə bağlı olduğu təmiz hissləri bizim də jurnalistikaya marağımızı birə-beş artırdı. Zaur Babayevin qoruduğu, saxladığı jurnalların ətrafında tik-tok çəkən gəncdən tutmuş, jurnalistika peşəsinin təəssübünü çəkən tələbəyə qədər hər kəs cəm oldu. Xoşbəxtlik və fəxarət hissinin vəhdət anı. M.F.Axundov, H.Zərdabi, Səid, Cəlal, Kamal Ünsizadə, M.Şahtaxtlı, Ə.Hüseynzadə, C.Məmmədquluzadə, Ə.Ağaoğlu, Üzeyir və Ceyhun Hacıbəyli, Ə.Müznib, H.Vəzirov... ruhunun şad olduğu gün.
Üzeyir bəy Hacıbəyli o zaman ağrılı kədərlə milli mətbuatımızdan gen düşənlərdən yazır, doğma dilimizdə oxuyub-yazmağı ar bilən fasonlu ədabazların halına acıyır, din əbasına bürünən mollaların, intelligent libası geyinən "ziyalı"ların müsəlman qəzetinə olan nifrətini görüb "Qərəz, getdim..." deyir. Düşünürəm ki, Üzeyir bəy bu günü görsəydi, "Qərəz, gəldim..." deyərdi.
Ən duyğulu, fəxarət hissilə alışıb-yanan məqam. İlk redaktoru Üzeyir Hacıbəyov olan, "Temrin" dərgisinin üz qabığında Şirməmməd Hüseynovun əlində tutduğu istiqlal qəzeti. Bəli, "Azərbaycan" qəzeti. Bu qəzeti də görmək tələbə qismətin(m)də varmış.
Beləcə "Koroğlu" kimi aşırımlar aşıb, keçirimlər keçib yazının "Axırıncı aşırım"ına yavaş-yavaş yetişirəm...
Adlı-sanlı film rejissorlarından biri Jak Tati deyirdi: "Mən istəyirəm ki, film siz kinoteatrı tərk etdikdən sonra başlasın".
Xeyli zamandır ki, Zaur Babayevin "Fotojurnalistika" dərsləri yekunlaşıb, ancaq hələ də xoş xatirələr göz önündə canlanır. İstərdim ki, Jak Tatinin dediyi kimi olsun. Yazı oxunub bitdikdən sonra, bir də qəlblərdə yer alsın, ürəklərə sətir-sətir köçürülsün... Könül evindən də qəlbimizin səsi duyulsun...

Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

"Bütöv Azərbaycan" qəzeti
12 avqust 2022
13-08-2022, 00:57
“Nur ocağı" ədəbi məclisi Mərziyə Sarvanın şeirlərini təqdim edir:


“Nur ocağı" ədəbi məclisi Mərziyə Sarvanın şeirlərini təqdim edir:
Sənə şeir yazmışam ...
Tənhalıqda ağlayıb,
keçirdiyim günləri
Həsrətin acısında,
xoşbəxtliyə yozmuşam,
Sənə şeir yazmışam...

Vidalaşıb həyatla,
zülmətlərin içində,
Gecəni çıraq edib ,
gözlərimdən asmışam,
Sənə şeir yazmışam...

Həyatımda ilk dəfə,
göz yumaraq, hər şeyə,
Getdiyim düz yolumda,
büdrəmişəm,azmışam,
Sənə şeir yazmışam...

Taleyimə, bəxtimə
vaxtsız gələn bu eşqi,
Ürəyimdə dəfn edib,
orda məzar qazmışam,
Sənə şeir yazmışam..
.
Belə alın yazısı,
qismət çıxdı qarşıma,
Taleyin pərgarını
öz əlimlə pozmuşam..
Sənə şeir yazmışam..

Şirin xəyal
Neçə vaxtdı kəsilib,gəlmir səsin-sorağın,
Qulağıma necəsən? pıçıldamır dodağın.
Təbrikini alıram, dostun, yadın, qırağın,
Həsrət qoyub getmisən, gözlərimi uzaqda,
Dön gəl, yenə birlikdə şirin xəyal quraq da...

Sənsiz mənə dar gəlir, bağçası da, bağı da,
Xatırlaya bilmirəm aranı da,dağı da.
Unutmusan deyesən, mənli gözəl çağı da,
Arzularım bənd alır, indi qopmuş varaqda,
Dön gəl, yenə birlikdə şirin xəyal quraq da...

Şaxta vurub baharda, çiçək açmır güllərim.
Soyuğundan donubdu barmaqlarım, əllərim.
Dolaşıb bir-birinə, pərişandı tellərim,
Saçlarımı daramır, dişi qopmuş daraq da,
Dön gəl, yenə birlikdə şirin xəyal quraq da...

Bu həyatın yolunu min yol ölçüb-biçmişəm.
Zəhərini bal edib, şərbət edib içmişəm.
Unutma sənin üçün mən hər şeydən keçmişəm,
Nə qədər ki, gec deyil, durmamışam qıraqda,
Dön gəl, yenə birlikdə, şirin xəyal quraq da..
Dön gəl, yenə birlikdə, şirin xəyal quraq da...

Həyat
Yeridim, yüyürdüm, bəzən büdrədim,
Məni bu yollarda çox üzdü həyat.
Çəkdi aydınlıqdan zülmətə doğru,
Dünyaya baxdığım kor gözdü həyat...

İnsanı xəstə tək sozaldan da o,
Yaşamaq eşqini azaldan da o,
Ömrü uzadan da, qısaldan da o,
Hər şeyi məhv edən, tək sözdü həyat!

Acını-şirini odur daddıran,
Zəhəri bal edib bizə udduran,
Haqqa göz yumduran,haqqı susduran,
Min hava çaldıran bir sazdı həyat…

Gözləmə sən ondan heç də sədaqət,
Etməyib heç kimə hələ mərhəmət,
Çalışıb-vuruşub, dözsən də fəqət,
Sonda qara torpaq,ağ -bezdi həyat...


Zəfərin mübarək, Azərbaycanım!
Dağılsın buludlar,hey gülsün üzün,
Gur yansın ocağın, sönməsin közün,
Səndən ilham alır oğulun-qızın,
Uğrunda qurbandı bu şirin canım,
Zəfərin mübarək, Azərbaycanım!

Dözmədik bu dərdə, qan dedik qana,
Odlandı ürəklər, qəst etdik cana,
Yetdi otuz illik bir həsrət sona,
Qələbə qazandı mərd oğullarım,
Zəfərin mübarək, Azərbaycanım!

Dumanlı dağların başında durdun,
Dumandan özünə bir xeymə qurdun,
Səsinlə qəlblərdə iz, möhür vurdun,
Sevinsin qoy ruhun, ay Xudayarım,
Zəfərin mübarək, Azərbaycanım!

Könlündə zirvəyəm, bir qarlı dağam,
Məqam axtarıram gurşadtək yağam,
Mən sənə bağlıyam, neçə ki sağam,
Sən mənim qürurum, mənim vüqarım,
Zəfərin mübarək, Azərbaycanım!


Gəl
Məsafələr səni məndən ayırır,
Yoxluğunla bacarmıram,durma gəl!
Gedişini özümə dərd etmişəm,
Qırıq qəlbə bir də yara vurma gəl!..

Tor enibdi həsrətindən gözümə,
Raharçılıq mən tapmıram özümə,
Hisslərim də tabe olmur sözümə,
Bu nisgilli ürəyimi qırma,gəl!..

Söz deməmiş kükrəyirsən, daşırsan,
Köpüklənib, dalğalanıb, coşursan,
Qaraya-ağ, ağa qara qoşursan,
Öz-özünə minbir xəyal qurma,gəl!..

Bu oyunu bizə quran həyatsa,
Nə olardı gedişini yubatsa,
Bilirəm ki, dönəcəksən nə vaxtsa,
Bəsdi daha, məni artıq yorma gəl!..
Gedişini özümə dərd etmişəm,
Qırıq qəlbə bir də yara vurma gəl!..

Könül qırmadan
Zirvənin qarı da əlçatmaz deyil,
Zamanı gələndə sulara dönür.
Qartal da səmada uçmayır hər vaxt,
Azuqə eşqinə yerə də enir.

Zəhərli, zəhmli olsa da şahmar,
Ölür ulduz görüb, batmayır dişi.
Fələyin örkəni uzun olsa da,
Bir gün doğanaqdan keçir hər kişi..

Həyatın sonunu düşünmür insan,
Çoxları kasıbı, bəzən xor görür.
Həqiqət budur ki, ömrün sonunda,
Kasıb da, varlı da məzara girir..
Bax, neçə əsrlər ötüşüb belə,
Heç nə aparmayıb, heç kim dünyadan.
Çalışıb, hər kəsin qazan rəğbətin
Yaşa bu dünyada könül qırmadan..

AXMASIN
Günəş gülsün, aləm nura boyansın,
İsindirsin, çox yandırıb-yaxmasın.
Zirvələri, dağı-düzü bəzəsin,
Qar soyuqdu, ürəklərə yağmasın.

Qəm-qüssəmiz günü-gündən az olsun,
Şadlıq olsun, əhvalımız saz olsun.
Ömrümüzə bahar gəlsin, yaz olsun,
Qara bulud şimşək olub çaxmasın.

İnsanlıqdan tükənməsin mərhəmət,
Hər ocağa qanad açsın səadət.
Könüllərdə ətir saçsın məhəbbət,
Gülsün gözlər, intizarla baxmasın.

Ümüd verək, əhdi-peyman bağlayaq,
Hər bir kəsin hörmətini saxlayaq,
Ağlayanda qoy sevincdən ağlayaq,
Gözümüzdən kədər yaşı axmasın...

ALLAH
Daldada yox, üz deyirəm,
Söz qanana ,söz deyirəm,
Dediyimi düz deyirəm,
Dayanmayır dilim, Allah…

Dərdlərin səfi ordusa,
Həyat məni çox yordusa,
Yaşadığım kinodursa,
Bu neçənci bölüm, Allah?

Axtarmayım keçmişləri,
Bitib sona yetmişləri,
Ömrümüzdən getmişləri,
Yaddaşımdan silim, Allah!

Qoy keçməsin ömür hədər,
Bizdən uzaq dursun kədər,
Arxamızda sən dur, yetər...
Xoşbəxt olsun elim, Allah!

Əqidəmdə düz olmuşam,
Sinə dolu söz olmuşam,
Ocaq olub, köz olmuşam,
Ərşə qalxıb külüm, Allah!

Bacarmadım heç bicliyi,
Etmədim mən simicliyi,
Əlimdən alıb gəncliyi,
Etmə mənə zülüm, Allah!

Qocalaram huş itəndə,
Saç ağarıb, yaş ötəndə,
Əcəl çatıb,vaxt bitəndə,
Vətənimdə ölüm, Allah!!

Çıxarmısan yadından
Nə tez söndü qəlbindəki eşq odu?
Nə tez doydun bu sevginin dadından?
Nədən düşdü bu soyuqluq araya,
Üz döndərdin çox sevdiyin qadından?

Nə müddətdi, danışmırsan, dinmirsən,
Əhvalını soruşmursan, bilmirsən,
Görüşmürsən, göz-gözə də gəlmirsən ,
Bəlkə adın çıxarmısan yadından?

Ocaq çatıb, atəşinə atmısan,
Sevincini kədərinə qatmısan,
Sevməmisən,bəlkə də aldatmısan,
Xəbərin yox, ürəyinin odundan...

Bu məhəbbət bəlkə də bir qınaqdı,
Sən qurduğun bir oyundu, sınaqdı,
Etmə belə,bilirsən ki, günahdı,
Uzaqlaşar doğmasından-yadından.
Nə yez söndü qəlbindəki eşq odu,
Üz döndərdin, çox sevdiyin qadından?


İnsanın
Dağların başını alıb sis-duman,
Qar yolu bağlayıb kəsilib güman,
Gedib abır-ismət, qalmayıb iman,
Üzülür hər yerdən əli insanın.

Haqqı paylaşırsan, hər kəs xor baxır,
Görməzlikdən gəlir, bəzən kor baxır,
Kimi nəzər salmır, kimi zor baxır,
Beləcə kəsilir dili insanın.

Ömür çürüdürsən, əməyin olmur,
Bəzən aç qalırsan, yeməyin olmur,
Haqq səsin ucalır, köməyin olmur,
Arxasında durmur eli insanın.

Söylədiyi sözlər bayağı olur,
Nə arxası olur, dayağı olur,
Kədər hücum çəkir, dərd yağı olur,
Bu cürə qırılır beli insanın.

Sabahın xeyir
Günəşin gözüylə açılsın səhər,
Üzünə gün doğsun, sabahın xeyir.
Oxusun bülbüllər, məst olsun güllər,
Çiçəklər qoxusun, sabahın xeyir.

Ruhunu oxşasın payız yelləri,
Sədəfli sazların incə telləri,
Gəzişsin pərdədə zərif əlləri,
Astadan oxusun, sabahın xeyir.

Titrətsin bu görüş, sevən ürəyi,
Toqquşsun baxışlar, görmə heç nəyi.
Gözlərində çaxsın sevgi şimşəyi,
Dağıtsın yuxusun, sabahın xeyir.

Aparsın könlündən yel, qara zehi,
Külək asta-asta qurutsun şehi
Öpsün yanağını səhərin mehi,
Sevgiylə toxunsun, sabahın xeyir.

Eyyubova Mərziyə Cəmaləddin qızı
(Mərziyə Sarvan)


13-08-2022, 00:32
Polad Poladov dosta sədaqətdən yazır

Polad Poladov dosta sədaqətdən yazır

(Hekayə)

Sübh çağı yenicə açılmışdı. Tapdıq dayı səhər yeməyini yeyib həyətdə işıq dirəyinə bağlanmış atın yanına getdi. Dərindən ah çəkib atin alığını üstünə atdı. Örkəni atın belinə çəkib heybəsini yana bağladı. Atın yüyənini açıb, axşamdan döyüb hazırladığı kərəntisini də götürüb yavaş-yavaş biçənəyə tərəf üz tutdu. Yol boyu fikirli-fikirli gedir, yan yörədə quşların səsinə, cırcıramaların cırıltısına məhəl qoymurdu. Biçənəyə çatanda gözlərinə inanmadı. Yerindəcə donub qaldı.
Tapdıq dayının zəmisi tamamilə biçilmişdi. Otlar qurumaq üçün lay-lay sərilmişdi. Tapdıq kişi elə bilirdi ki yuxu görür, axı bu necə ola bilər. O ki, sırağa gün burdan gedəndə bir kərənti ağzı yer də biçməmişdi…
Atın yüyənini buraxdı. Bir az irəli gedib zəminin ortasındakı daşın üstündə oturdu. Bilmirdi ki, sevinsin, yoxsa ağlasın. Gözləri dolmuşdu. Bir az aralıda qonşusu Rasimin atını gördü.
Rasim Tapdıq dayının oğlü Mərdanla yaşdaş idi. Bir məhəllədə böyüdükləri kimi eyni sinifdə oxuyurdular. Əbədi və sarsılmaz dostluqları var idi. Hər ikisi də ali təhsil almışdı. Rasim kənddə müəllim işləyir, Mərdan isə bələdiyyədə işləyirdi. Vətən müharibəsi başlayan gündən hər ikisi ehtiyatda olan zabit kimi hərbi xidmətə çağrıldılar. İki dost birlikdə Vətənin müdafiəsinə yola düşdülər. Ağır döyüş yolunu isə ayrılıqda, hər biri komandir olaraq davam etdirdilər. Döyüş mövqeləri yaxın olduğundan hər gün bir birindən xəbər tuturdular.
Müharibənin iyirminci günü Mərdan yaralı əsgəri döyüş meydanından çıxarmaq istərkən düşmən gülləsinə tüş gəlir. Yaralansa da özünü əsgərin qarşısına verir. Dolu kimi yağan güllələr onu əbədi olaraq gözlərini yummağa vadar edir.
Rasim xəbərdən nə qədər sarsılsa da, artıq başqa yolu yox idi. Düşməndən tam qələbə ilə qisas almağı qarçısına məqsəd qoydu.
Nəhayət 44 günlük qələbədən sonra Rasim ordudan tərxis olundu. Ancaq kəndə necə gələcəyini və Tapdıq dayının üzünə necə çıxacağı onu cox düşündürür, üzürdü. Onu gətirən maşının kəndə gündüz gəlməsinə baxmayaraq Rasim kəndin yaxınlığında maşından düşür və qərara alır ki, kəndə axşam düşəndə girsin ki. Tapdıq dayı ilə üz-üzə gəlməsin. Birdən kişi məni görəndə dərdi dəbərər, ürəyi xarab olar, narahatçılıq keçirər,- deyə fikirləşdi. Axşam düşəndə ilk olaraq kənd məzarlığına gedib Mərdanı ziyarət etdi. Evə gələndən sonra isə Tapdıq dayıdan qaçır, istəmirdi kişi ilə üz-üzə gəlsin. Axı ona söz vermişdi ki, Mərdanla birlikdə qayıdacaq. Demək qismət beləymiş…
Rasim biçin başlayan günü öz yerlərini biçməzdən öncə qərara aldı ki, Tapdıq dayının yerini biçsin. Elə də etdi. Axşam hava tam aydınlıq idi. Rasim kərəntisini götürüb Tapdıq dayının biçənəyinə getdi. Gecəni səhərə qədər ay işığında Tapdıq dayının yerini biçdi. Səhər açılandan bir az keçmışdı. Yorğunluğunu almaq üçün bir yarğana söykəndi. Az keçməmiş yuxuya daldı.
Tapdıq dayı Rasimin atını görən kimi bildi ki, bu onun işidi. Ata tərəf gəldi. Baxdı ki, Rasim dərin yuxuya gedib. Rasimin başına sığal çəkib alnından öpmək istəyəndə göz yaşını saxlaya bilmədi. İki damcı Rasimin üzünə düşdü. Rasim yuxudan ayılıb Mərdan, gəldinmi qardaş,-deyə qışqırdı. Birdən başının üstə Tapdıq dayını gördü. Mərdan hanı Tapdıq dayı -deyə kişini sorğuya tutdu. Tapdıq dayı nə deyəcəyini bilmədi. Matdım-matdım Rasimin üzünə baxdı. Rasim isə aramsiz danışırdı…
-Tapdıq dayı axı Mərdan burda idi. Mənə dedi sən bir az dincəl. Mən bulaqdan su gətirib gəlirəm. Üzümə düşən damcıları da onun gətirdiyi su zənn etdim. Gecəni səhərə kimi mənimlə söhbət edə-edə ot biçmişik deyərək xəyala daldı. Nə olduğunu anlamağa çalışırdı.
Tapdıq dayı arif adam idi. Başa düşdü ki, oğlunun ruhu dostunu gecə tək buraxmayıb.

Polad Poladov



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!