Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1187 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 189, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 199, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 691, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 108 nəfərdir. Ölkə üzrə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 857 111, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 373 253, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 862 494, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 362 453, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 258 911 nəfər təşkil edir.
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 557 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. İndiyədək ümumilikdə 812 116 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 798 719 nəfər müalicə olunaraq sağalıb, 9805 nəfər vəfat edib, aktiv xəstə sayı 3592 nəfərdir. Son sutka ərzində 3320, hazırkı dövrədək isə 7 145 345 test aparılıb.
İsrail ordusuna İrana qarşı "hazır ol" əmri verildi
İsrail ordusuna və kəşfiyyat xidmətinə (Mossad) İranla bağlı istənilən ssenariyə hazır olmaq tapşırılıb. Bu barədə İsrailin Baş naziri Yair Lapid özünün "Twitter" hesabında məlumat yayıb. Baş nazir İsrailin İranla yeni nüvə razılaşmasına qarşı olduğunu xatırladıb və hərbçilərə hazır olmağı tapşırıb. “Bu razılaşma hələ 2015-ci ildə imzalananda pis razılaşma idi. İndi isə İran texnologiyanın inkişafı baxımından fərqli vəziyyətdədir”, - deyə Baş nazir qeyd edib.
Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın Zaporojye vilayətində yerləşən "Motor Siç" zavoduna məxsus emalatxanaları vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. İddia ilə bağlı Ukrayna tərəfi məlumat yaymayıb. Rusiya Müdafiə Nazirliyi də aviazərbələr nəticəsində itkilərin olub-olmadığını açıqlamayıb. Qeyd edək ki, "Motor Siç" Ukraynada helikopterlərin təmiri ilə məşğul olan müdafiə sənayesi şirkətidir və Türkiyənin "Baykar" şirkətinin "Akıncı" pilotsuz uçuş aparatları üçün mühərriklər istehsal edir.
Türkiyənin Xarici İşlәr Nazirliyi Liviyada dinc sakinlәrin ölümü ilә nәticәlәnәn silahlı toqquşmalarla bağlı bәyanat yayıb. Bәyanatda Ankaranın narahatlığı ifadə olunub: ‘‘Türkiyə Liviyada dinc əhalinin ölümü ilə nəticələnən və davam etməkdə olan münaqişələri böyük narahatlıqla izləyir. Tәrәflәri təmkin və sağlam düşüncəyə dəvət edir, münaqişələri dərhal dayandırmağa çağırırıq". Türkiyə XİN Liviyada artan zorakılığın xalqın davamlı sülh və sabitliyə nail olmaq əzmini, siyasi prosesi, xüsusən də seçkilərin keçirilməsini inkişaf etdirməyi təhlükə altına qoyduğunu bəyan edib. ‘‘Türkiyə Liviyanın daimi sabitliyi, rifahı və təhlükəsizliyi üçün Liviya xalqının istək və gözləntiləri çərçivəsində ədalətli, azad və ümummilli seçkilərin ən qısa zamanda keçirilməsini vacib hesab edir. Bu çərçivədə Birlәşmiş Millәtlәr Tәşkilatının dəstəyi ilə hüquqi infrastruktur işləri sürətlə tamamlanmalıdır. Bu məqsədlərə uyğun olaraq, indiyə qədər etdiyimiz kimi, liviyalı qardaşlarımızın yanında olmağa, davamlı sülh və sabitliyin bərqərar olması üçün hər cür dəstəyi verməyə davam edəcəyik", - bəyanatda qeyd olunub.
BMT-nin baş katibi Antoniu Quterreş Liviyanın paytaxtı Tripolidə gərginliyin azaldılmasına və münaqişənin dialoq yolu ilə həllinə çağırır. Bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir. “Baş katib Tripolidə mülki əhalinin ölümünə və mülki infrastrukturun dağılmasına səbəb olan gərginliyin artmasını narahatlıqla izləyir”, – bəyanatda bildirilir. Onun sözlərinə görə, BMT Liviyadakı tərəflərə siyasi həllə nail olmaq üçün hər cür dəstəyi verməyə hazırdır. Avqustun 26-da axşam saatlarında Tripolidə Milli Birlik Hökumətinin başçısı Əbdülhəmid Dibeybe ilə Tobrukda Nümayəndələr Palatasında baş nazir seçilən Fəthi Başağaya dəstək verən qüvvələr arasında silahlı toqquşmalar başlayıb. Münaqişənin şiddətlənməsi ilə əlaqədar Liviya Təhsil Nazirliyi orta məktəblərdə buraxılış imtahanlarını ləğv edib. Liviyanın “Libyan Wings” aviaşirkəti isə Türkiyə və Tunisə uçuşları müvəqqəti olaraq dayandırıb.
Ukrayna ərazisində gedən döyüşlərlə bağlı son durum açıqlanıb. Butov.az xəbər verir ki, BBC telekanalı müharibədə son vəziyyəti əks etdirən xəritəni təqdim edib. Qeyd olunub ki, Rusiya qoşunları Ukraynanın şərq və cənub hissələrində hücumları davam etdirir. Xəritədən görünür ki, döyüşlər ən çox İzyum, Kramatorsk, Xarkov, Luqansk, Donetsk, Xerson və Melitopol ətrafında gedir. Məlumata əsasən, Rusiya qüvvələri hazırda bütün Luqansk və Krım vilayətinə nəzarət edir, Donetsk bölgəsində isə irəliləyişləri davam etdirirlər.
Yunanıstan Türkiyə qırıcılarına qarşı S-300-ləri işə saldı
Yunanıstan S-300 hava hücumundan müdafiə sistemlərindən Türkiyə Hərbi Hava Qüvvələri komandanlığının F-16 qırıcılarını Egey və Aralıq dənizlərinin beynəlxalq hava məkanında təqib etmək üçün istifadə edib. Bu barədə "CNN Türk" telekanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. Zenit-raket sistemləri tərəfindən təqibin necə həyata keçirildiyi açıqlanmır. Telekanal qeyd edir ki, hadisə müttəfiqlik ruhuna uyğun gəlmir. Bu “düşmən hərəkətinə” baxmayaraq, döyüşçülər planlı tapşırıqlarını yerinə yetirib və sağ-salamat öz bazalarına qayıdıblar.
Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində mazutluq sahə və məişət tullantılarının yanması barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Son məlumata görə, mazutluq və məişət tullantıları ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azərbaycan Ordusunun hərbi polis bölmələrinin Laçın şəhəri, Zabux və Sus kəndlərində xidməti fəaliyyəti təşkil edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan ərazilərdə hərbi polis tərəfindən təhlükəsizlik fəaliyyətləri həyata keçirilir. Yaşayış məntəqələrində yeni qurulan stasionar və səyyar postlarda sutkalıq xidmət təşkil olunur, buraxılış rejimi, həmçinin xidmət və döyüş növbətçiliyi zamanı hərbi qulluqçular tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə nəzarət edilir. Nəzarət-buraxılış məntəqələrində patrul xidməti həyata keçirilir, obyektlər mühafizə olunur, əraziyə daxil olan texnikanın uçotu aparılır, hərbi nəqliyyat vasitələrinin hərəkəti istiqamətləndirilir, həmçinin kolonların təhlükəsizliyi məqsədilə onlar müşayiət edilir. Bundan əlavə hərbi polisin tabeliyində faəliyyət göstərən Kinologiya Mərkəzində xüsusi təlim keçmiş cins itlərinin cəlb edilməsilə ərazidə mina axtarış tədbirləri və qarovul xidmətinin təşkili həyata keçirilir.