2-08-2022, 22:28
Hərbi Dəniz Qüvvələrinin gəmiləri ölkəmizə qayıdıblar Birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Rusiya Federasiyasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gözətçi gəmiləri və şəxsi heyəti ölkəmizə qayıdıblar.
Səfər çərçivəsində Azərbaycan HDQ nümayəndə heyəti ilə Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının (HDD) Xəzər Flotilyasının rəhbərliyi arasında görüş keçirilib.
Görüşdə Azərbaycan HDQ ilə Rusiya HDD Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Bundan başqa hərbi dənizçilərimiz Rusiya Federasiyasında keçirilən bir sıra tədbirlərdə iştirak ediblər.
2-08-2022, 22:18
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edibAvqustun 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla görüşüb.
Butov.az xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub. Məcburi köçkünlərin doğma yurda - işğaldan azad edilmiş ərazilərə qayıdışının başlandığı məmnunluq hissi ilə qeyd edilib. Bildirilib ki, Zəngilan rayonunda "ağıllı kənd" konseptində salınan Ağalı kəndinə iyulun 19-dan 25-nə kimi Bakıdan köç karvanları yola salınıb. İlkin mərhələdə kəndə 41 məcburi köçkün ailəsi yerləşdirilib. Ağalıya əhalinin köçürülməsi davam etdiriləcək. Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər də tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər. Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
2-08-2022, 22:10
Özünü DTX əməkdaşı kimi tanıdan iş xanımı həbs edilibBakı Ağır Cinayətlər Məhkəməsində bir neçə nəfərə qarşı dələduzluq edən qadına hökm oxunub.
Butov.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Ağdam sakini Elnarə Həsənova Cinayət Məcəlləsinin 178 (dələduzluq), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 312-ci (Rüşvət vermə) maddələri ilə təqsirli bilinərək ona 6 il müddətinə həbs cəzası verilib. Araşdırmalar zamanı məlum olub ki, Elnarə Həsənova Mingəçevirdə yaşayıb, daha sonra isə Bakıya köçərək paytaxtda restoran işlədib. O, 2020-ci ilin may ayında ona müraciət edən şəxsdən nəvəsi A.Rəşidlini Kürdəmir ASAN Xidmət Mərkəzinə işə düzəldəcəyini bildirərək 7 min manat alıb. Həmin ilin sentyabrında isə Elnarə Bakıda işlətdiyi restoranda ofisiant işləyən şəxsin İrandan Azərbaycana narkotik keçirərkən tutulan qardaşı Elşən Nəzərovun həbsdən azad etdirəcəyi vədi ilə onun ailəsindən 34 min manat pul alıb. Həmin vaxt özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edən qadın qarşı tərəfə yüksək vəzifəli şəxslər arasında tanışlarının olduğunu bildirib və E.Nəzərovun üzərindəki maddələri götürdərək onu həbsdən buraxdıracağını bildirib. Lakin o, xeyli miqdarda pul aldığı şəxslərə verdiyi vədə əməl etməyib. Hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra Elnarə Nəzərova Kürdəmir sakinindən aldığı 7 min manatı geri qaytarıb. Digər şəxsdən aldığı pulların böyük hissəsini isə xərclədiyi üçün qaytara bilməyib.
2-08-2022, 22:07
Gömrük Komitəsinin sədr müavini işdən çıxarıldıDövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev vəzifəsindən azad olunub.
Butov.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Digər sərəncamla Bəhruz Quliyev Dövlət Gömrük Komitəsinə yeni sədr müavini təyin edilib. Dövlət Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən faktı təsdiqləyiblər. Qeyd edək ki, B.Quliyev 2009-cu ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsinin inspektoru, 2011-ci ildən həmin şöbənin baş inspektoru, 2013-cü ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, 2015-ci ildən rəisin birinci müavini, 2018-ci ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib. 2022-ci il yanvarın 7-də isə Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. 2018-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2021-ci ildə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalları ilə təltif olunub. Ailəlidir, 4 övladı var.
2-08-2022, 21:59
Şoyqu Zakir Həsənova zəng etdi - Təhlükəsizlikdən danışdılarAvqustun 2-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
2-08-2022, 21:56
ABŞ yüzlərlə rusiyalıya sanksiya tətbiq etdiABŞ Rusiyanın 893 vətəndaşına viza sanksiyaları tətbiq edib. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat yayıb. Siyahıda milyarderlər Dmitri Pumpyanski, Andrey Melniçenko və Aleksandr Ponomarenkonun da adı var. Bundan əlavə, ABŞ Rusiyanın texnologiya sektoru və müdafiə sənayesindən olan daha 24 şirkətə sanksiya tətbiq edib.
2-08-2022, 21:53
ABŞ Xəzərdə Azərbaycanla tərəfdaşdır - SəfirlikABŞ Xəzər dənizində sərhəd və dəniz təhlükəsizliyi üzrə Azərbaycanla tərəfdaşdır. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi açıqlama yayıb. “ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara ölkəmizə səfər edən doktor Jaklin Kellon ilə görüşüb. Doktor Kellon Beynəlxalq Təhlükəsizlik və Nüvə silahlarının Yayılmaması üzrə Dövlət Departamentinin İxrac Nəzarəti və Əməkdaşlıq İdarəsinin, İxrac Nəzarəti və Əlaqəli Sərhəd Təhlükəsizliyi (EXBS) Proqramında rəhbərdir. ABŞ Xəzər dənizində sərhəd və dəniz təhlükəsizliyi üzrə Azərbaycanla tərəfdaşdır. Biz Azərbaycanın kütləvi qırğın silahları və narkotik qaçaqmalçılarının qarşısını almaq bacarığını dəstəkləməyə davam edirik”, - səfirlikdən bildirilib.
2-08-2022, 21:51
Lvova raket zərbələri endirildiUkraynanın Lvov vilayətinə raket zərbələri endirilib. Rusiya qoşunlarının atdığı raketlər Çervonoqrad rayonuna düşüb. Bu barədə Lvov Hərbi Vilayət Administrasiyasının rəhbəri Maksim Kozitski məlumat yayıb. “İlkin olaraq raket zərbəsi nəticəsində Çervonoqrad rayonu ərazisində partlayış baş verib”, - deyə Maksim Kozitski bildirib. Hücum nəticəsində itkilər barədə əlavə məlumat verilməyib.
2-08-2022, 21:48
“Qarabağ” klubu ilə bağlı film çəkiləcək
“Qarabağ” futbol klubu ilə bağlı sənədli film hazırlanacaq. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib. O bildirib ki, filmdə 30 il müddətində “Qarabağ” klubunun fəaliyyəti və qarşılaşdığı ədalətsizliklər öz əksini tapacaq.
2-08-2022, 21:33
Lavrov Asiya səfərinə çıxdı - Nazirlərlə görüşəcəkRusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyaya səfər edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. Lavrov avqustun 3-də Myanmaya səfər edərək xarici işlər naziri Vunna Maun Lvinlə danışıqlar aparacaq. Bundan sonra o, Kambocaya uçacaq və orada Rusiya-ASEAN formatında xarici işlər nazirlərinin görüşündə, Şərqi Asiya Sammitində və regional təhlükəsizlik forumunda iştirak edəcək. Zaxarova, həmçinin qeyd edib ki, rusiyalı nazirin səfəri ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi kimi təxribat deyil, əməkdaşlıq üçündür.