Ermənistan itkilərini etiraf edir: Ölən və yaralılar var
Ermənistan Müdafiə Nazirliyi ordunun itkiləri ilə bağlı açıqlama yayıb. Bu barədə nazirliyin mətbuat katibi Aram Torosyan bildirib. “Azərbaycanla sərhəddə baş vermiş hərbi toqquşmalar nəticəsində Ermənistan ordusunun hərbi qulluqçuları arasında ölənlər və yaralananlar var” - Torosyan deyib. O, hazırda itki sayının dəqiqləşdirildiyi vurğulayıb. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistanın baş naziri Nikol Paşinyan fövqəladə iclas keçirmək üçün hökumət evinə gəlib. Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Bildirilib ki, İrəvandakı hökumət evinin ətrafında polis qüvvələri cəmləşib. Yaxın dəqiqələrdə hökumətin təcili iclasının başlaması gözlənilir. Məlumata görə, ardınca Ermənistan Təhlükəsizlik Şurasının fövqəladə iclası keçiriləcək.
Ermənistan niyə təxribata əl atdı? - Korotçenko səbəbini açıqladı
Rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistanın sərhəddə törətdiyi hərbi təxribatlara münasibət bildirib. Butov.az xəbər verir ki, ekspert bu barədə sosial şəbəkə hesabında yazıb. “Ermənistan tərəfinin silahlı təxribatında məqsəd Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını pozmaqdır. Tamamilə aydındır”, - Korotçenko deyib. Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Azərbaycan Müdafiə Nazirliyi brifinq keçirib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan silahlı qüvvələrinin bölmələrinin genişmiqyaslı təxribatı barədə ətraflı məlumat verib. Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Düşmənin atəş nöqtələri neytrallaşdırılır - Son vəziyyət
Ermənistan kütləvi informasiya vasitələri və sosial media seqmentində Azərbaycanın Ermənistanın ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyildir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, regionda təcavüzkar və işğalçı dövlət Ermənistan Respublikasıdır. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ iqtisadi zonasında mövcudluğu hələ də davam edir. "Azərbaycan Ordusu Ermənistanın təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır. Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və bu gün törətdiyi genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsinin əsas səbəbidir. Buna görə də məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır", - rəsmi məlumatda qeyd olunub.
Müdafiə Nazirliyi bütün kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib. Butov.az xəbər verir ki, müraciətdə deyilir: "Yalnız Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlardan istifadə edilsin, qarşı tərəfin dezinformasiya xarakterli yalan məlumatları paylaşılmasın! Bildiririk ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşması barədə mütəmadi olaraq rəsmi məlumatlar veriləcəkdir".
Erməni teleqram kanallarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədinin Gorus rayonu istiqamətində atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə təxribat məqsədilə yayılan məlumatın heç bir əsası yoxdur və həqiqəti əks etdirmir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır.
Ermənistan tərəfinin Basarkeçər rayonu istiqamətində Azərbaycana məxsus hərbi təyyarənin guya məhv edilməsi ilə bağlı yaydıqları məlumat yalandır və dezinformasiya xarakteri daşıyır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, nəticədə şəxsi heyət arasında itkilər var, həmçinin hərbi infrastruktura ziyan dəyib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.
Ermənistan genişmiqyaslı təxribat törətdi - Cavab tədbirləri görülür
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür. Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası sırasında itkilər vardır. Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi. Bütün bu faktlar bir daha ona dəlalət edirdi ki, Ermənistan genişmiqyaslı hərbi təxribata hazırlaşır. Ermənistan bu kimi əməlləri ilə eləcə də Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür. Bir daha bəyan edirik ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Yaranmış vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək.