18-09-2022, 20:19
Bu ölkə Rusiyadan 7 milyardlıq silah almaq istəyir Əlcəzair Rusiyadan 7 milyard dollar dəyərində yeni silahlar almaq niyyətindədir. Bu barədə "Military Watch" nəşri yazıb. Bildirilir ki, silahların alınması 2021-ci ildən planlaşdırılır. Məlumata görə, 2022-ci ildə neft qiymətlərinin artması nəticəsində dövlət gəlirləri də artıb və ölkə orduya daha çox vəsait ayırmaq istəyir. Əlcəzair silahlı qüvvələri Afrika və ərəb dünyasında döyüşə ən hazır ordu hesab edilir. Ölkə 2010-cu illərin əvvəlindən Rusiya silahlarının aparıcı müştərisidir.
18-09-2022, 20:16
Ermənistan prezidenti kraliçanın dəfnində qaydaları pozdu Ermənistan prezidenti Vaaqn Xaçaturyan Böyük Britaniya kraliçasının cənazəsi ilə şəkil çəkdirdiyinə görə sərt tənqid edilib. Bu barədə "The Sun" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Ermənistan prezidenti hörmətsizlik edərək kraliça II Elizabetin cənazəsini ziyarət zamanı yüksək səslə danışıb, köməkçiləri ilə zarafatlaşıb. Həmçinin cənazə önündə baş əyərkən köməkçisi prezidentin fotolarını çəkib. Kraliçanın cənazəsinin olduğu "Westminster Hall"da şəkil çəkdirmək dövlət rəsmiləri də daxil bütün şəxslərə qəti qadağandır. Hadisə yerində olan şəxslərdən biri "The Sun"a prezidentin hərəkətləri ilə bağlı açıqlama verib: "Həmin zalda yüzlərlə adam var idi - heç kim danışmırdı. Yalnız o danışırdı və açıq-aydın şəklini çəkdirməyi əvvəldən planlaşdırmışdı". Digər bir şəxs isə bildirib ki, hər kəs qaydalara tam şəkildə əməl etməyi bacarsa da, tək bir şəxs bu qaydanı pozub. Qeyd edək ki, Kraliçanın cənazəsinin olduğu "Westminster Hall"da şəkil çəkdirmək bütün şəxslərə qəti qadağandır. Yalnızca media mənsubları foto çəkə bilər. Kraliçanın rəsmi dəfn mərasimi sentyabrın 19-da baş tutacaq.
18-09-2022, 20:14
Bayden fövqəladə vəziyyət elan etdi
ABŞ prezidenti Co Bayden bazar günü tropik “Fiona” qasırğası ilə əlaqədar Puerto Rikoda fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb və ABŞ-la assosiasiya olunmuş bu dövlətə yardım göstərilməsini əmr edib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, “Fiona” tropik qasırğası sentyabrın 15-də ABŞ Milli Qasırğaya Nəzarət Mərkəzi tərəfindən Atlantik Okeanında qeydə alınıb. Hazırda daxildə küləyin sürəti təxminən 30 m/s təşkil edir.
18-09-2022, 20:13
Ermənilər Fransadakı səfirliyimizə basqın etdilərFransada yaşayan ermənilər Azərbaycanın Parisdəki səfirliyinə hücum ediblər.
Butov.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Erməni vandalları səfirliyin qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıblar. Lakin Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər. “Amma gəlin erməni barbarlarını bir kənara qoyaq. Cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı istəklərimizə məhəl qoymayan Fransaya ayıb olsun” - Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev twitter səhifəsində yazıb.
18-09-2022, 20:03
16 yaşlı qız evdə ölü tapıldı16 yaşlı qız evində ölü tapılıb.
Butov.az xəbər verir ki, hadisə Cəlilabad rayonun Sabirabad kəndində baş verib. Kənd sakini, 2006-cı il təvəllüdlü İlkanə Fətullayevanı, yaxınları halsız vəziyyətdə aşkar ediblər. Onu dərhal rayon xəstəxanasına çatdırıblar. Xəstəxanada onun artıq öldüyü məlum olub. Hazırda hüquq - mühafizə orqanları 16 yaşlı qızın nədən vəfat etdiyi araşdırır.
18-09-2022, 19:34
Rusiya və Çin dünyanı idarə etmək iddiasında deyil - Peskov
“Rusiya və Çin bütün dünyanı idarə etmək iddiasında deyillər, başqa ölkələrdə belə bir tendensiya var”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “İkitərəfli münasibətlərini həyata keçirən Rusiya və Çin bütün dünyanı idarə etmək iddiasında deyillər" - Peskov ona ünvanlanan suala cavabında deyib. Peskov, həmçinin qeyd edib ki, digər ölkələrdə “bütün dünyanı idarə etmək” meyli var.
18-09-2022, 19:33
Qırğızıstan-Tacikistan sərhədində ölənlərin sayı artdıQırğızıstan-Tacikistan sərhədində baş verən silahlı toqquşmalar zamanı ölənlərin sayı 46 nəfərə çatıb. Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, silahlı toqquşmalar zamanı 140 nəfər yaralanıb.
18-09-2022, 19:31
Türk ordusu şəhid verdiTürkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda sərhəd zastavasına terrorçular tərəfindən edilən hücum nəticəsində bir əsgər şəhid olub, daha bir əsgər yaralanıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Türkiyə tərəfi cavab tədbirlərinə başlayıb. Bölgədə aşkar edilən hədəflər dərhal atəşə tutulub. İlkin hesablamalara görə 12 terrorçu zərərsizləşdirilib. Əməliyyatlar davam edir.
18-09-2022, 19:29
Son sutkada yoluxanların sayı açıqlandıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 180 yeni yoluxma faktı qeydə alınıb, 269 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 2 nəfər ölüb. Azərbaycanda indiyədək ümumilikdə 819 518 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 807 967 nəfər müalicə olunaraq sağalıb, 9886 nəfər vəfat edib, aktiv xəstə sayı 1665 nəfərdir. Son sutka ərzində 2718, hazırkı dövrədək isə 7 215 763 test aparılıb.
18-09-2022, 19:05
Qırğızıstanda matəm elan edildiQırğızıstan Prezidenti Sadır Japarov sentyabrın 19-nu Tacikistanla sərhəddə baş verən toqquşmalarda həlak olan şəxslərin xatirəsini anmaq üçün ümummilli matəm günü elan edib. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Prezidentin sərəncamında bütün ölkə ərazisində, habelə xaricdəki diplomatik və konsulluq müəssisələrinin binalarında respublika bayraqlarının yarıya qədər endirilməsi nəzərdə tutulub. Dövlət başçısı mədəniyyət müəssisələrinə sentyabrın 19-da əyləncəli tədbirləri və proqramları ləğv etməyi də tövsiyə edib. Son məlumatlara görə, Qırğızıstan tərəfində 37 ölü, 129 yaralı var. Qırğızıstan hakimiyyəti 140 minə yaxın vətəndaşı təxliyə edib. Batken bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq olunub.