28-09-2022, 20:17
Ermənilərin Kəlbəcərdə basdırdığı minalar aşkarlandıErmənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, Kəlbəcər rayonunun Alagöllər ərazisində aşkar edilən növbəti 259 ədəd piyada əleyhinə PMN-Э tipli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Sentyabrın 28-dək Kəlbəcər rayonunun Alagöllər ərazisi ümumilikdə 543 ədəd piyada əleyhinə PMN-Э və 8 ədəd tank əleyhinə TM-62M minasından təmizlənib.
28-09-2022, 20:15
Xüsusi təyinatlı bölmələrin birgə təlimi keçiriləcəkBu ilin oktyabr ayında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı bölmələrinin birgə təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə Gürcüstan Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili arasında sentyabrın 28-də Tbilisidə keçirilən görüşdə təlimlərə hazırlıq məsələləri müzakirə olunub. Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə cari ilin oktyabr ayında keçiriləcək “Qafqaz Qartalı-2022” xüsusi təyinatlı bölmələrin birgə təliminə hazırlıq, həmçinin gələn il ərzində keçirilməsi nəzərdə tutulan “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi və “Qafqaz Qartalı-2023” birgə təliminin yüksək səviyyədə təşkili barədə müzakirələr aparılıb. Bildirilib ki, birgə hərbi təlimlər ordularımız arasında qarşılıqlı uzlaşma və döyüş hazırlığı səviyyəsinin artırılması, habelə təcrübə mübadiləsinin aparılmasına geniş imkanlar yaradır.
28-09-2022, 20:12
Ərdoğan Zelenski ilə danışdı, “referendum”u pislədiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, liderlər Rusiya və Ukrayna arasında davam edən müharibəni müzakirə ediblər. Ərdoğan əsir mübadiləsi prosesinin uğurla başa çatmasından məmnunluğunu ifad edib. Türkiyə Prezidenti bildirib ki, Ukraynanın Rusiyanın nəzarəti altında olan ərazilərində "referendum" keçirilməsi diplomatik səylərə mane olur. Bundan əlavə, Ərdoğan müharibənin sülh yolu bitməsi üçün hər cür töhfəni verməyə hazır olduğunu diqqətə çatdırıb.
28-09-2022, 20:10
Daha 50 şəhid ailəsi və qaziyə mənzil verildi Bakının Suraxanı rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Daha 50 şəhid ailəsi və müharibə əlilinə yeni mənzillər təqdim olunub. Təqdimatda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib ki, bu il şəhid ailəsi və müharibə əlillərinə artıq 850 mənzil təqdim olunub. Mənzillərin sənədlərini nazir müavini Hidayət Abdullayev və xalq artisti Mənsum İbrahimov təqdim ediblər. Bildirilib ki, postmüharibə dövründə mənzillə təminat proqramı 5 dəfə genişlənib, bu gün verilən mənzillər də daxil olmaqla 3850 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verilib. Ümumilikdə ötən dövrdə 12850 imtiyazlı şəxs mənzil və ya fərdi evlə təmin edilib. İlin sonunadək şəhid ailələri və müharibə əlillərinə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan 500-ü regionlarda inşa edilən fərdi evlərdir. Yeni mənzillərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb.
28-09-2022, 20:03
Duman olacaq, külək əsəcək - Sabahın havasıSentyabrın 29-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-28° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz hava olacaq. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 28-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.
28-09-2022, 20:00
Erməni təxribatı nəticəsində hərbçimiz yaralandıErmənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb. Müdafiə Nazirliyindən bildirilib ki, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu
İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. "Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - Nazirlikdən bildirilib.
28-09-2022, 19:57
Şəmkirdə məktəbliləri maşın vurduŞəmkirdə 3 piyadanı avtomobil vurub.
Butov.az xəbər verir, hadisə rayonun Könüllü kəndində baş verib. Hərəkətdə olan “VAZ-21099” markalı minik maşını yolu qarşı tərəf keçmək istəyən 2012-ci il təvəllüdlü Mövlan Əsgərlini, 2010-cu il təvəllüdlü Samir Əliyev və 1958-ci il təvəllüdlü Atlas Tağıyevanı vurub. Hər 3 piyada xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
28-09-2022, 19:55
Lukaşenkonun səfəri beynəlxalq hüquqa ziddir - ZurabişviliGürcüstan Prezidenti Salome Zurabişvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfərini pisləyib. Bu barədə o, özünün twitter hesabında məlumat yayıb. O, səfərin beynəlxalq hüquqa zidd olduğunu qeyd edib. Zurabişvili səfərin Gürcüstan və Belarus arasındakı ikitərəfli əlaqələrə mənfi təsir edəcəyini vurğulayıb.
28-09-2022, 19:53
Şolts Zelenski ilə danışdıAlmaniya kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb. Bu haqda Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit açıqlama verib. Şolts və Zelenski Ukraynanın hərbi, siyasi və iqtisadi vəziyyəti, həmçinin ölkəyə dəstək imkanları, o cümlədən ölkənin yenidən qurulması ilə bağlı fikir mübadiləsi aparıblar. Şolts bəyan edib ki, Almaniya Ukraynaya onun suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üçün konkret dəstəyi, həmçinin silah, siyasi, maliyyə və humanitar yardımı dayandırmayacaq.
28-09-2022, 19:51
Ağsaqqallar Şurasının üzvləri qazilərimizi ziyarət etdi Azərbaycan Ağsaqqallar Şurasının üzvləri – sədr müavini, professor Elmira Süleymanova, Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, o cümlədən Şuranın məsul şəxsləri Rafiq Rzayev və Elşad Quliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə alan Vətən müharibəsi qazilərini ziyarət ediblər.
Butov.az xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla andıqdan sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və təşkilatın İdarə Heyətinin üzvlərinin salamlarını qəhrəman qazilərimizə çatdıran Elmira Süleymanova ilk öncə uca Tanrıdan onların tezliklə sağalaraq normal həyata dönmələrini arzulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən mühəribəsində qazanılmış möhtəşəm Zəfərdən, əsgər və zabitlərimizin döyüşlərdə göstərdikləri böyük fədakarlıqlardan, onların misli görünməmiş şücaətlərindən bəhs edib. Hospitalda müalicə alan qazilərimizin şəxsində bütün igidlərimizə - qısa müddət ərzində Ermənistan ordusunu məğlubiyyətə uğradaraq, torpaqlarımızı düşmən tapdağından azad edən mərd Vətən oğullarına minnətdarlığını bildirib. Şəhid ailələrinə və qazilərə qayğının hər zaman dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu vurğulayıb. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadiyyat, ordu quruculuğu və digər sahələrdəki uğurlarından danışan Elmira xanım ölkəmizin gündən-günə inkişaf etdiyini bildirib. Səmimi şəraitdə keçən görüşdə Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli də möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla rəşadətli Ordumuzun əsgər və zabitlərinin həyata keçirdiyi qəhrəmanlıqlardan söhbət açaraq onlara sonsuz minnətdarlığını ifadə edib. Müalicə olunan bütün qazilərimizə Allahdan şəfa diləyib. Sonda Elmira Süleymanova hospitalda gecə-gündüz qazilərimizin qayğısına qalan, onları müalicə edən tibb işçilərinə və Vətən uğrunda döyüşlərdən qəhrəman kimi ayrılan igid, qorxmaz Azərbaycan oğullarına bir daha öz dərin təşəkkürünü bildirərək onları bir-bir bağrına basıb. Cəsur qazilərimizlə və hospitalın tibbi heyəti ilə xatirə şəkilləri çəkdirib. Azərbaycan Ağsaqqllar Şurasının rəhbərliyi adından hərbi hospitalda müalicə alan qazilərə ərzaq sovqatları təqdim edilib.