"Şəhidlərimizin azad etdiyi torpaqlar, ucaltdığı bayrağımız bizə əmanətdir. Biz onların əmanətlərinə sahib çıxmalıyıq. Azərbaycan dövlətinin yaşaması üçün gənclər vətənpərvər ruhda böyüdülməlidir". Bu sözləri Vətən Müharibəsinin şəhid mayoru Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu deyib. Onun sözlərinə görə, Vətən Müharibəsində ordumuz təkcə düşmənə deyil, onların himayədarlarına qarşı da döyüşüb:"Biz xalq, dövlət, ordu olaraq birləşmişik. Xalq hər zaman ordunun arxasında olarsa, heç vaxt bizim torpaqlara düşmən ayağı dəyməyəcək. Şəhidlərimizin tanıdılması ona görə vacibdir ki, hər kəs bu çətin müharibəni, onun iştirakçılarını bilsinlər, tanısınlar. Şəhidlər indi yox, unudulanda ölürlər. Allah şəhidlərimizə rəhmət eləsin!"
Azərbaycan-Ermənistan sərhədində vəziyyət necədir?
Azərbaycan-Ermənistan sərhədində vəziyyət nisbətən sabitdir. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu günə olan məlumata görə, sərhəddə ciddi dəyişiklik qeydə alınmayıb. Xatırladaq ki, sentyabrın 13-nə keçən gecədən etibarən Azərbaycan-Ermənistan sərhədində gərginlik yaşanıb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Bu təxribat nəticəsində baş vermiş döyüşlər nəticəsində Azərbaycan Ordusunun 80 hərbçisi şəhid olub, 281-i yaralanıb. Ermənistan tərəfi isə 207 hərbçisinin öldüyü və itkin düşdüyünü, 293 nəfərin yaralandığını bəyan edib.
Sərhədçilərin Vətən müharibəsində ilk əməliyyat planı
Azərbaycan sərhədçilərinin Vətən müharibəsində ilk əməliyyat planları açıqlanıb. Bu barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev rəsmi mətbuata müsahibəsində deyib. DSX rəisi bildirib: “2020-ci ilin sentyabr ayında Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrimizə əks-hücum əməliyyatlarına başlanılması barədə döyüş tapşırığı verdi. Döyüş əmrini alan Dövlət Sərhəd Xidməti dərhal bütün qüvvə və vasitələrini tam səfərbər etdi. İlkin olaraq Azərbaycan sərhədçiləri döyüş əməliyyatlarına Kəlbəcər istiqamətindən başlamalı idilər. Döyüşlər başladıqdan sonra Prezident cənab İlham Əliyev keçirdiyi xidməti-döyüş müşavirəsində böyük sərkərdəlik məharətini nümayiş etdirərək hücum istiqamətimizi dəyişdi, sərhədyanı və Araz çayı boyu hərəkətə keçmək əmrini verdi. Müzəffər Ali Baş Komandanımızın bu əmrini icra edərək Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini işğaldan azad etdik. Sutka ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirildi, yüzlərlə canlı qüvvəsi məhv edildi. Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı ucaltdıq, Ermənistanla dövlət sərhədində Bartaz və Şükürataz strateji yüksəkliklərini azad etdik”. Elçin Quliyev qeyd edib ki, Ali Baş Komandan tərəfindən Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş bütün döyüş tapşırıqları uğurla icra olunub, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstəriblər.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ dövlət katibi Entoni Blinkenin köməkçisi Karen Donfriedlə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edib. Butov.az xəbər verir ki, o, bu barədə tviterdə yazıb. Görüşdə həmçinin ikitərəfli strateji əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərində iştirak etməyəcək. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə görə İrəvan təşkilatın Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edib. Qeyd edək ki, təlimləri sentyabrın 26-dan oktyabrın 8-dək keçiriləcək.
Şəhid Anar Kazımovun anası Səyyarə Alıyevanın ölüm səbəbi açıqlanıb. Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, 1970-ci il təvəllüdlü Səyyarə Alıyeva Abbas Səhhət adına xəstəxanada sentyabrın 24-ü ginekoloji əməliyyat keçirib. Əməliyyatdan bir sutka sonra tromboemboliya diaqnozu ilə dünyasını dəyişib.
İranda keçirilən etiraz aksiyaları zamanı gənc qız polis əməkdaşları tərəfindən güllələnib. Butov.azxəbər verir ki, bu, son bir həftə ərzində İranda baş verən ikinci ölüm hadisəsidir. Belə ki, 20 yaşlı Hədis Nəcəfi Kərəc şəhərində keçirilən aksiyada 6 güllə yarası alıb. Nəcəfinin bacısının sözlərinə görə, o, baş, boyun, sinə və qarnından yaralanıb. Gənc qızın həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, sentyabrın 16-da Tehranda hicab qaydalarına əməl etmədiyinə görə polis tərəfindən saxlanıldıqdan sonra döyülən və komaya düşərək həyatını itirən 22 yaşlı Mehsa Əmini adlı qızın ölümü ölkəni etiraz aksiyalarına bürüyüb. Çevik polis qüvvələri nümayişçilərin qarşısını almağa çalışarkən bir neçə şəhərdə qarşıdurma yaşanıb. Çox sayda ölən, yaralanan və həbs olunan etirazçının olduğu bildirilir.
Son döyüşdə itkin düşən erməni hərbçilərin ailələri etiraza qalxdı
Azərbaycan və Ermənistan sərhədində baş vermiş son toqquşmalar nəticəsində itkin düşən erməni hərbçilərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin binasının qarşısında aksiya keçiriblər. Butov.az bildirir ki, onlar nazirlikdən övladları barədə məlumat verməyi tələb ediblər."13 gündür övladlarımızdan xəbər ala bilmirik. Sonuncu dəfə sentyabrın 13-də səhər saatlarında danışmışıq. O zamandan bəri onlarla danışa bilmirik. Biz baş nazir Nikol Paşinyana müraciət edirik, onun da bir oğlu var. Uşaqlar haqqında məlumat almaq istəyirik, haradadır, sağdırlarmı?”, - deyə valideynlər bildiriblər. Xatırladaq ki, sentyabrın 12-13-də Ermənistan bütün sərhədboyu təxribat törədib. Bu təxribat nəticəsində baş vermiş döyüşlər nəticəsində Azərbaycan Ordusunun 80 hərbçisi şəhid olub, 281-i yaralanıb. Ermənistan tərəfi isə 207 hərbçisinin öldüyü və itkin düşdüyünü, 293 nəfərin yaralandığını bəyan edib.
Mühafizəçi işlədiyi bağ evindən 35 minlik qızıl oğurladı
Abşeron rayonu Fatmayı qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib. DİN-dən verilən məlumata görə, zərərçəkən ərizə ilə polisə müraciət edərək evdən ümumi dəyəri 35 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Abşeron Rayon Polis İdarəsinin Mehdibad Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin evin mühafizəçisi Cavidan Əlyarlı saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırmalar zamanı saxlanılan şəxs törətdiyi hadisəni etiraf edərək oğurladığı qızılları satdığını bildirib. Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
“50 min rus xaricə qaçsın, guya nə olacaq” – Lukaşenko
Belarus Prezidenti Aleksandr Lukaşenko hazırda Rusiyada səfərdədir. Butov.az xəbər verir ki, Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. O, görüşdə Rusiyada qismən səfərbərliyin elan edilməsindən söz açıb.“Rusiyanın 25 milyonluq səfərbərlik qüvvəsi var. Qoy, xaricə 30, lap 50 mini qaçsın. Nə olacaq? Guya, qalsaydılar bizimlə vuruşacaqlardı?”, - deyə Lukaşenko söyləyib. Qeyd edək ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edilib. Bundan sonra Rusiyanın bir sıra şəhərində etiraz aksiyaları keçirilib. Səfərbərlikdən sonra ölkəni 250 minə yaxın insan tərk edib.