"Barışıqdan söhbət getmir, ciddi tədbir görülməsini tələb edirəm"- Döyülən şagirdin atası"Heç bir barışıq olmayıb, həmin şagirddən şikayətçiyəm". Bunu açıqlamasında 112 saylı orta məktəbin sinif yoldaşı tərəfindən şiddətə məruz qalan şagirdin atası Namiq Zeynalov bildirib. N.Zeynalov rəsmilərə müraciət edərək, məsələnin ciddi araşdırılmasını xahiş edib:"Deyirlər barışıq olub. Nə barışıq, hansı barışıqdan söhbət gedir?! Mənim övladım şiddətə məruz qalıb, psixoloji travma alıb, kim barışıb onlarla?!".
Valideyn övladının bu gün məktəbə getmədiyini diqqətə çatdırıb:"Amma dünən direktor oğlumu məktəbdə saxlayıb. Yoldaşım da məktəbə gedib. Daha sonra mənə zəng edib oğlumla ikisinin polis idarəsinə, prokurorluğa aparıldığını bildirdi. Direktor və polislə əlaqə qurmağa çalışdım. Sonra isə hər ikisi evə gəldi. Məktəbin direktoru Elm və Təhsil Nazirliyinə uşaqlarla söhbət aparıldığını və onların barışdıqlarını deyib". N.Zeynalov barışıqla qəti surətdə razılaşmadığını, işin sonuna qədər gedəcəyini vurğulayıb:"Nədənsə bu kimi məsələləri mənə bildirmirlər. Bilirlər ki, razılaşmayacağam. Mənə barışıq lazım deyil. Mən övladıma qarşı yol verilmiş zorakılıq hərəkətilə bağlı hüquq çərçivəsində tədbir görülməsini xahiş və tələb edirəm. Məsələnin üstündən keçilməyə çalışılır. Amma bu məni qane etmir, etməyəcək də. Videodan da aydın görünür ki, bu, ilk hadisə deyil". Valideyn rəsmilərin onun övladının digər şagirdi söyməsilə bağlı açıqlamalarına da münasibət bildirib:"Videoya baxın, o uşaq söyüş söyən birinə oxşayırmı? Mənim övladım tərbiyəli, oxuyan, hər şeyin yerini biləndir. Pandemiyaya qədər bütün qiymətləri əla olub. Pandemiyadan sonra dərslərdində nisbətən zəifləyib. Amma oğlum qətiyyən davakar, problemli uşaq deyil". Xatırladaq ki, 112 nömrəli tam orta məktəbin açıqlamasına görə, görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparıldığı söylənilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də Təlimə Dəstək Mərkəzinin psixoloqlarının da məktəbdə olduğu, uşaqlarla zəruri söhbətin aparıldığı, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsinin qərara alındığı bildirilib. Daxili İşlər Nazirliyi araşdırmalar nəticəsində şagirdlərdən birinin digərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbilə mübahisənin yarandığını açıqlayıb. Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatlarının alındığı, xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertizanın təyin olduğunu qeyd edilib. Baş Prokurorluq isə işlə bağlı icraat başlandığını açıqlayıb.