Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
18-12-2022, 15:11
Xorvatiya millisi ikinci dəfə bürünc medal qazandı


Xorvatiya millisi ikinci dəfə bürünc medal qazandı

Qətərdə keçirilən dünya çempionatında bürünc medal qazan komanda müəyyənləşib. Üçüncü yer uğrunda matçda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəliblər. Qarşılaşma Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Xorvatiya millisi tarixində ikinci dəfə mundialın bürünc medalına sahib çıxıb.
18-12-2022, 11:01
İRANDA DÜNYƏVİ İNQİLABIN QALİB GƏLMƏSİNƏ MAKSİMUM 3 AY 17 GÜN QALIR

Vidadi Mustafayev:


İRANDA DÜNYƏVİ İNQİLABIN QALİB GƏLMƏSİNƏ MAKSİMUM 3 AY 17 GÜN QALIR

Bu gün İranda Dünyəvi inqilabın 4-cü ayı başlanmışdır. Özünəməxsus formaya malik olan etirazların davam etməsi həmin hərəkatı 1978-1979-cu illər antimonarxist inqilabı ilə müqayisə etməyə imkan verir.
Sonradan dini, İslam inqilabı adlandırılan 1978-1979-cu illər antimonarxist inqilab 13 ay 3 gün davam etmişdir. İslam inqilabı tarixçiləri inqilabın 8 yanvar 1978-ci il tarixində başlandığını iddia edirlər. Belə ki 7 yanvar 1978- ci il tarixində “Ittilaat” qəzetində radikal sol (marksist-leninist) və radikal sağ (dini) qüvvələrə, üstüörtülü şəkildə isə Xomeyniyə qarşı “Qırmızı və qara irtica” adlı məqalə dərc edilmişdir. Qum şəhərində ruhanilər və tüllablar məqalənin hədəfinin nədən ibarət olduğunu başa düşərək, yanvarın 8-də etiraz aksiyası keçirmiş və hakimiyyət tərəfindən zorakılıqla yatırılmış, yaralanan və həlak olanlar olmuşdur. Deməli, o zaman inqilab hakimiyyətin nəticəsini görə bilmədiyi bir məqalədən başlanmış və 13 ay 3 gündən sonra (11 fevral 1979) qalib gəlmişdir.
16 sentyabr 2022-ci il tarixində isə inqilab nə az, nə çox, bir xanım vətəndaşın hicaba düzgün əməl etmədiyinə görə hakimiyyət tərəfindən öldürülməsi nəticəsində başlanmışdır. Fərqi görməmək olmaz. Bir məqalə hara, gənc bir xanımın öldürülməsi hara. Onda da hakimiyyət əvvəlcə etirazları ciddi qəbul etməyərək, öz hərbi-polis gücünə arxalanaraq etirazçılara qarşı repressiyalar həyata keçirirdi. İndi hakimiyyət daha böyük cinayət işlətsə də, etirazlara ciddi əhəmiyyət verməyib etirazçılara qarşı repressiyalara əl atdı.
1978-79-cu illər inqilabı başlayanda nə məqsəd, nə məram, nə proqram, nə şüar yox idi, rejimdən narazı qüvvələrin etirazı, qəzəbi və nifrəti vardı. Küçə və ya sahə etirazlarında əsasən dövlətin qiymətlərə nəzarət siyasətindən əziyyət çəkən bazar əhli (aşağı orta təbəqə) geniş iştirak edirdi, onlara şahın elan etdiyi siyasi və əqidə azadlığı, senzuranın götürülməsi, azad hərəkət etmək və nəfəs almaq şəraiti əldə edən ziyalı təbəqəsi, fəaliyyəti son dərəcə məhdudlaşdırılmış siyasi partiya və təşkiatlar siyasi və ideoloji dəstək göstərirdi.
İndi isə etirazların şüarı birinci günlərdən elan edilib: "Qadın, Həyat, Azadlıq”. Əvvəlki inqilabdan fərqli olaraq etirazlarda cəmiyyətin sayca əksəriyyətini təşkil edən yeniyetmə və gənc oğlan və qızlar (3 milyon tələbə, milyonlarla yuxarı sinif şagirdləri) iştirak edir, onlara hakimiyyətdən kənar edilmiş, lakin hakimiyyətin iki cəbhəsindən/cinahından birini təşkil edən İslahat cəbhəsi, bütün mədəniyyət və incəsənət xadimləri, məşhurlar deyilən təbəqə, 14 milyon ( o cümlədən 7 milyon xanım) ali təhsilli insan siyasi, ideoloji, əhalinin əksəriyyəti (məlumata görə 70%) mənəvi dəstək göstərir. Başqa sözlə, İran əhalisinin əksəriyyəti rejimdən narazıdır və siyasi sistemin kökündən islah olunmasını tələb edir.
Keçən inqilabda dönüş nöqtəsi kimi 1978-ci ilin fevral ayında (18 fevral) Təbriz üsyanı zamanı ilk dəfə “Şaha ölüm” şüarının səsləndirilməsi hesab olunur. Həmin şüar etirazların son hədəfinin şahlıq rejiminin devrilməsi olduğunu bəyan etmiş olurdu. İndiki etirazlarda ən çox səsləndirilən şüarlardan biri diktatora-Xameneiyə ölüm şüarıdır. Amma bu şüar ilk dəfə səsləndirilmir. Həmin şüar hələ 1999-cu ildə tələbə çıxışlarını zorakılıqla yatırarkən səsləndirilmiş və ondan sonrakı bütün etirazlarda daha geniş şəkildə təkrar edilir. Yəni İran əhalisinin müəyyən bir kəsimi inqilabdan 20 il sonra rejimin devirilməsi tələbi ilə çıxış etməyə başlamışdır və getdikcə həmin tələb daha ciddi və geniş şəkildə səsləndirilir.
Hazırkı etirazların şüarında ilk baxışda adi, lakin rejim tərəfindən ideoloji əsaslarla insanların son dərəcə məhdudlaşdırılmış fundamental ehtiyacları dilə gətirilmişdir. Şüarın “Qadın” elementi rejimin mədəni-məişət və mülki sahələrdə bərqərar etdiyi və qadınların hüquq və azadlıqlarını son dərəcə məhdudlaşdıran orta əsrlər (7-ci əsrdə meydana gələn) qayda və normaların aradan qaldırılmasını nəzərdə tutur, ”Həyat” elementi insanların gündəlik təhsil və iş fəaliyyətindən sonra həyat prosesini istədiyi şəkildə təşkil etmək imkanını nəzərdə tutur, “Azadlıq” elementi əvvəlki iki elementin icrasını təmin etməyə yönəlib. Xüsusi qeyd edilməlidir ki, antimonarxist inqilabından sonra ən çox məhdudlaşdıralan sahə insanların fərdi azadlığı sahəsidir və rejimin repressiv qurumları tərəfindən həmin məhdudiyyətlərin icrasına nəzarət olunur və repressiyalar həyata keçirilir. Yəni indiki etirazlarla başlanan və getdikcə iğtişaş və inqilaba çevrilmiş hərəkatın son məqsədi mülki, vətəndaş azadlıqlarının tanınması, insanlara normal və azad həyat şəraiti yaradılmasına nail olmaqdan ibarətdir.
Əvvəlki inqilabda hadisələrin sonuna yaxın irəli sürülən “İslam”, “Azadlıq” və “İstiqlal” şüarı da əhalini tam qane edirdi, lakin onda “İslam” anlayışının arxasında ruhanilərin monopol hakimiyyət məqsədinin gizləndiyi aydın deyildi. Amma indiki şüarda heç bir gizli məqsəd yoxdur.
İndiki hərəkatın təşkil olunmaması, vahid rəhbərliyin olmaması onun əsas xüsusiyyətlərindən hesab edilir. Zahirən məqsədsiz, rəhbərsiz, nifrət və qəzəbdən doğan etirazlar davam etməkdədir. Bununla bağlı onu əlavə etmək olar ki, əvvəlki inqilab da eyni xüsusiyyətə malik idi, hətta bəzi tədqiqatçılar həmin inqiabı qəribə inqilab adlandırırlar. Əvvəlki inqilab zamanı ilk inqilabı təşkilat-İnqilab Şurası inqilabın qələbəsindən cəmi iki ay əvvəl (22dey 1357/12 yanvar 1979), şahın İranı tərk etməsi məsələsi, demək olar ki, həll edildiyi ərəfədə, təşkil edilmiş, gizli fəaliyyət göstərmiş və inqilabın qalib gəlməsindən xeyli sonra varlığı aşkar edilmişdir.
Hazırda inqilabi hərəkata rəhbərliyin olmaması fikrini ehtiyatla səsləndirməlidir. Həqiqət qələbədən sonra üzə çıxacaq.
Məqsəd və iştirakçılar baxımından əvvəlki inqilabdan əsaslı şəkildə fərqləndiyini nəzərə alaraq, hazırkı dünyəvi, gənclər, gələcəyə yönəlmiş inqilabın müəyyən şərtlərin ödənilməsi halında, iranlılar demişkən, daha tez səmərə verəcəyini güman etmək olar.
18-12-2022, 09:36
Kəlbəcərdə dillənən sazım, Ağdamda ötən muğamatım – Qarabağ!


Kəlbəcərdə dillənən sazım, Ağdamda ötən muğamatım – Qarabağ!

Azərbaycanın mərkəzində zəngin bitki və torpaq örtüyünə, qiymətli qoruq və yasaqlıqlara, bol sulu çaylara – bir sözlə zəngin və füsünkar təbiətə, ecazkar fauna və floraya malik Qarabağ adlı cənnətməkan yerləşir.
Həm də bu yeri elmimizin, musiqimizin də mərkəzi saymaq olar. Özünün Qarabağ xalçaları, atları, mətbəxi, abidələri ilə zəngin olan bu diyarın adının ən dolğun etimologiyası "Böyük bağ", "Qalın bağ" mənasındadır.
Vaxtilə Qarabağda yaşamış Əliş adlı bir kişidən qalan xatirələrdə Qarabağın təbiəti belə təsvir olunurdu: "Qarabağda hədsiz dərəcədə çoxlu qalın meşələr olub, hətta o qədər sıx meşələr olub ki, orada uçan quşu belə əlini uzadaraq rahatlıqla ayaqlarından tuta bilərdin".
Dünya alimlərindən biri Azərbaycanı təbii muzey, Qarabağı isə muzeyin ən unikal hissəsi adlandırmışdır. Muzey demişkən, yeri gəldiyi üçün bir məqamı da qeyd edim ki, hazırda dünyanın ən məşhur: Vaşinqtonun Metropoliten, Parisin Luvr, Londonun Viktoriya və Albert, Romanın, Berlinin, İstanbulun, Qahirənin, hətta Tehranın muzeylərində Qarabağa məxsus zəngin kolleksiyalar, eksponatlar sərgilənir. Bir tərəfdən bu mənzərə xoş görünsə də digər tərəfdən xalqın mirasının həmin muzeylərdə sərgilənməsinin ağrılı tərəfi hər kəsə bəllidir.
Xalqın mirasını çiyinlərində daşıyan, talayan xain qüvvələr, ancaq bu millətin mənəvi gücü altında əzilmiş, onun qədim və tarixi kökünə, milli kimliyinə təsir göstərə bilməmişlər.
“Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilən Qarabağ nəinki Azərbaycanın, həmçinin də dünyanın ən qədim tarixə malik olan ərazisidir. Bu ərazidə ilk dəfə olaraq 18-ci yüzilliyin ortalarında "Qarabağ xanlığı" adında müstəqil dövlətimiz yarandı. Acı təəssüflə qeyd etmək lazımdır ki, əsasını Pənah xanın qoyduğu Qarabağ xanlığı sonradan şimaldan rusların, cənubdan qacarların hücumları ilə öz əzəmətini itirmiş, "Kürəkçay", "Gülüstan" və "Türkmənçay" müqavilələri ilə xanlığın başını qara dumanlar almış, sonradan isə xanlıq ləğv olunmuşdur. Bundan sonra bu ərazilərə ermənilərin köçürülməsi başlamışdır. Bu isə Qarabağda ermənilər və Türk-Azərbaycan əhalisi arasında say nisbətində dəyişikliyə gətirib çıxarmışdır.
Ali Baş Komandan İlham Əliyev İtaliyanın məşhur “La Repubblica” qəzetinə müsahibə verərkən Qarabağda ermənilərin məskunlaşma məsələsinə: "200 il bundan əvvəl orada, ümumiyyətlə, erməni yox idi. Çünki mən Qarabağ xanının Rus imperiyası ilə imzaladığı müqavilələrə dəfələrlə istinad etmişəm. Həmin müqavilədə – 1805-ci il “Kürəkçay”, müqaviləsində etnik ermənilər barədə heç nə deyilmir. Etnik ermənilər bu regiona onun dini və etnik tərkibini dəyişdirmək məqsədilə Şərqi Anadoludan və İrandan çar Rusiyası tərəfindən gətirilmişdilər”, – deyərək dünya ictimaiyyətinə bir daha həqiqətləri çatdırmışdır.
Görünən də odur ki, planlı şəkildə Qarabağa gətirilən ermənilər dini və etnik tərkibi dəyişməklə bərabər, hətta islamaqədərki alban məbədlərinə, o dövrün tarixinə belə vandal münasibət göstərmişlər. Aquen məbədini, Qandzasar monastrını hərbi baza kimi istifadə edən ermənilərin bu vəhşiliyi isə bilavasitə bəşəri cinayətdir. Bununla belə 5 dünya, 393 ölkə əhəmiyyətli olmaqla 547 abidə, 22 muzey, 927 kitabxana, 808 klub müəssisəsi, 85 musiqi məktəbi, 12 monument, 4 şəkil qalereyası, 10 mədəniyyət və istirahət parkı, 4 dövlət teatrı və 2 konsert müəssisəsi dağıtmış, yandırmış və qarət edərək Ermənistana daşımışlar.
Qaraçılardan, daha dəqiq “qəddar ürəkli” adlandırılan köçəri tayfadan əmələ gələn (XIX əsrin erməni tədqiqatçılarının fikirləridir) ermənilər yaranmış demoqrafik vəziyyətdən öz xeyirləri naminə istifadə edərək, himayədarlarının dəstəyi ilə Azərbaycanda görülməmiş qəddarlıqlar, terror hadisələri törətdilər. Sonrakı illərdə isə Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi ermənilərin terror qruplaşmaları tərəfindən işğal edildi. Azərbaycan xalqı Moskvadan asılı qalan müti siyasətçilərin, qardaş qırğını törədən hərbi birləşmələrin və bir də əzəli düşməni olan ermənilərin müsibətləri odunda yanıb kül olmaq təhlükəsi ilə üz-üzə qalan bir vaxtda xalq birləşib dönüş yarada bildi. Xalqın tələbi Heydər Əliyevi yenidən hakimiyyətə qaytardı. Qarşıda isə görüləsi işlər çox idi. Yalnız Azərbaycan xalqının özünə inamını qaytardıqdan sonra Qarabağı düşmən caynağından azad edib, geri qaytarmaq olardı. Bunun üçün ictimai-siyasi sabitliyin təmin edilməsi mütləq idi. Ən vacibi isə güclü ordunun təşkili və ölkənin inkişafını təmin edəcək strateji planların cızılması və həyata keçirilməsi oldu.
Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunu Prezident İlham Əliyev böyük məharətlə, yüksək elmi, hərbi, siyasi bacarıqla davam etdirdi. Hələ 15 il öncə Ali Baş Komandan İlham Əliyevin söylədiyi: "İşğal olunmuş Azərbaycan torpaqlarından söhbət gedəndə Ermənistan hökuməti bilməlidir ki, heç bir güzəştə yol verilməyəcək" - sözləri öz təsdiqini 27 sentyabrdan başlayan Vətən savaşımızın 44 günündə tapdı. Ali Baş Komandanın qətiyyəti, ordumuzun qüdrəti, xalqın birliyi ilə ərazi bütövlüyünü təmin edən Azərbaycan qara bəxtli Qarabağı da ağ günə çıxartdı.
Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

18-12-2022, 09:29
Imzamız sizin imzanızdır...


İmzamız sizin imzanızdır...

BDU-nun Jurnalistika fakültəsinin professoru,
filologiya üzrə fəlsəfə doktoru, çox dəyərli Akif müəllimin 83 illiyinə


Bir müəllim ömrü düşünün. Ömrünün 53 ilini qocaman təhsil ocağının inkişafında, tərəqqisində və təlim-tədris prossesində müstəsna xidmətə həsr etmiş bir müəllim ömrü... Tələbəni öz həmkarı kimi görmüş müəllim ömrü... Həyat səhifələrinin qızıl güşələrini tələbələrinə həsr etmiş bir müəllim ömrü... Bax budur şərəfli peşənin, ən şərəfli bayraqdarı.
Yazıma filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin fikirləri ilə başlamaq istərdim: “Müəllim-tələbə münasibətləri həm də ona görə müqəddəs anlayışdır ki, birinci öyrədir, ikinci öyrənir. Müəllim sözünün ucalığı onun öyrətmək səviyyəsilə, tələbə sözünün ucalığı öyrənmək səviyyəsilə ölçülür”.
İlk gördüyüm andan fərqli bir düşüncə yarandı məndə. Bu həlim qəlbli, sakit təbiətli və nur üzlü şəxsin standart müəllim görkəmindən fərqli olduğunu gördüm. Yaxınlaşıb salamlaşdıqda onun necə də mənə yaxın olduğunu, mənə bir tələbə kimi yox, bir övlad, bir nəvə qayğısı ilə yanaşdığını gördüm. Bax, bu bizim Akif müəllimdir...
Ömrünün yarım əsrdən artıq hissəsini tələbələrə həsr etmiş Akif müəllim ənginliklərin havası qədər təmiz, şirinsulu bulaqlar qədər saf, isti yay günəşi qədər hərarətlidir. Məhz bunun üçün biz tələbələri özünəməxsusluğu ilə fərqlənən bu fakültəyə daxil olan zaman ilk cəlb edənin Akif müəllimin olması heç də təsadüfi deyil. "Mənim üçün ən böyük mükafat tələbələrin mənə olan hörmətidir. Tələbənin hörmətini və sevincini qazanmaqdan qiymətli nə ola bilər ki?..” - deyən müəllimimiz yeni qəbul olmuş tələbələri məzunlarından ayırmırdı. Bu mənim şəxsi qənaətimdir.
Bu bir neçə ayda Akif müəllimin sezdiyim gözəl xüsusiyyətləri var ki, düşünürəm bunlar mənim üçün bir həyat təcrübəsi elementləri sayılacaq qədər vacibdir:
Akif müəllim çox konkret insandır, sözü birbaşa adamın üzünə deyər. Əgər nə isə xoşuna gəlməyibsə, qarşıdakı şəxsin kimliyindən asılı olmayaraq bunu gizlətməyəcək. Hər zaman işinə məsuliyyət və dəqiqliklə yanaşır, məhz buna görə də o, kollektivdə hörmət və nüfuz sahibidir.
Kimlərsə mənə seçdiyim peşənin mürəkkəbliyindən söhbət açanda Akif müəllimin fikirlərini xatırlayıram: “Jurnalist unutmamalıdır ki, cəmiyyətə xidmət edir. Bu xidmət obyektiv, vicdanlı və qərəzsiz olmalıdır.”. Bunun üçün də düzgün yolda olduğumu onun dərslərində bir daha anlayır və daim vicdan ilə vətənimə edəcəyim xidməti gözümün önündə canlandırıram.
İndi isə bizim Akif müəllimin ömür hekayəsinə bir nəzər salmaq istəyirəm...Akif Rüstəm oğlu Rüstəmov 19 dekar 1939-cu ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuş, 1957-cii ildə Ağdam şəhər 5 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir.
Akif Rüstəmov orta məktəbdə oxuyarkən Ağdamda çıxan "Lenin yolu" qəzeti ilə əməkdaşlıq etmişdir. İlk dəfə "Uzaq sahillərdə" bədii filmi haqqında təəssüratını yazmışdır. 1964–1969 illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsil almışdır.
Akif Rüstəmov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş laborant (1969–1975), jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasında müəllim, baş müəllim, dosent (1975–1989), jurnalistika fakültəsinin dekanı (1989–1999) vəzifələrində çalışmışdır. Hazırda yeni media və kommunikasiya nəzəriyəsi kafedrasının professorudur.
Ləyaqətli ömür yolu ilə nümunəvilik rəmzinə çevrilmiş Akif Rüstəmov qayğıkeş, eyni zamanda sadə əqidəsi və məsləki olan, təbiətcə sakit və iddiasız ziyalı və nurlu bir sima kimi hamının hörmətini qazanmışdır. Əslində üç ay bir insanı tanımaq üçün kifayət deyil. Amma mən Akif müəllim haqqında eşitdiklərimlə müəllimlik adının şərəfli daşıyıcısı olduğuna bir daha əmin oldum. Akif Rüstəmov haqqında fakültəmizin müəllimi Mahmud Mahmudovun xatiratına gəlin birlikdə nəzər salaq:
“Akif müəllimin müsbət keyfiyyətlərindən biri onun haqsızlığa yol verməməsidir. Bunu təkcə bir faktın timsalında görmək olar. Keçən əsrin doxsanıncı illərinin əvvəllərində, ölkənin qarmaqarışıq dövründə universitetin keçmiş rəhbərliyinin iki ağsaqqal müəllimlərimizə - Nəsir İmanquliyevə və Seyfulla Əliyevə haradansa sərt münasibəti ortaya çıxmışdır. Rəsmi yığıncaqlarda Akif müəllimə dəfələrlə deyilmişdir.
- Onların hər ikisinin işdən azad olunması barədə təqdimat yaz!
Akif müəllim isə qəti etirazını bildirmişdi:
- “Nəsir İmanquliyev də, Seyfulla Əliyev də mənim müəllimlərim olub. Buna görə də tapşırığınız mənim üçün imkan xaricindədir. Yalnız özümün işdən azad olunmağım barədə ərizə yaza bilərəm.”
Qətiyyətini, inadını görüb keçmiş rəhbərlik daha təkid etməmiş, məsələdən hali olan həmin müəllimlər isə Akif müəllimə öz minnətdarlıqlarını bildirmişdilər”.
Elə bu bircə fakt Akif Rüstəmovun “müəllim” adına hörmət və diqqətini, qayğı və sevgisini təsəvvür etməyə yetər. Bizə “Jurnalistikaya giriş” fənnini tədris edən Akif müəllim IV hakimiyyət olan jurnalistikanın və Azərbaycan mətbuatının əsrlərin buxovlarından keçmə mərhələsini xüsusu maraq və sevgi ilə izah etməsi bizə bir mühazirədən daha çoxunu ifadə edir. Özü demiş: “Mən mühazirədə interaktivliyin tərəfdarıyam. İstəyirəm ki, tələbə ilə müzakirə şəraitində dərsi birlikdə öyrənək”. Bax bu da yeni media və kommunikasiyanın praktik nümunəsidir.
Təhsil aldığımız müddətdə və bitirdikdən sonra da sizin kimi bir müəllimi heç vaxt unutmayacağıq, Akif müəllim. Sonda filologiya elmləri doktoru, fakültəmizin professoru, mərhum Nəsir Əhmədlinin dediyi kimi: “70-i aşırdın 100-ə nə qaldı?!”. Əziz Akif müəllim sizi yeni yaşınız münasibətilə ürəkdən təbrik edirik! Həmişə necə görmüşüksə, bu gün də elə qalasınız. Arzu edirik ki, yüz yaşında da belə təravətli, işıqlı, sağlam və şən olasınız. Sizin mətbuatda yüzlərlə imzanız var. Bizim imzamız da sizin imzanızdır... Doğru bildiyi yola sadiq qalan sevimli müəllimimiz...


Nurlan CƏBRAYILZADƏ
BDU Jurnalistika fakültəsi, I kurs tələbəsi
18-12-2022, 09:24
İşğaldan azad olunmuş torpaqlarımızda "yeni nəfəs":


İşğaldan azad olunmuş torpaqlarımızda "yeni nəfəs":

Təhsil naziri Emin Əmirullayev bu günlərdə bildirib ki, Şuşa, Ağdam və Füzulidə məktəb tikintisi 2023- cü ilin sentyabrında başa çatacaq.
Bu, əlbəttə, sevindirici, qürurverici. İşğaldan azad olunmuş torpaqlarımıza artıq yeni nəfəs qayıdır. Açıqlanan vaxta elə də çox qalmayıb. Təxminən bir ildən sonra adı çəkilən ərazilərdəki təhsil müəssisələri hazır vəziyyətdə olacaq. Ardınca isə "Böyük köç" layihəsi çərçivəsində dərslər başlayacaq...
İşğaldan azad olunmuş torpaqlarımızda məktəb tikintisi təkcə humanitar yox, həm də siyasi əhəmiyyətlidir. Milli Məclisin deputatı Cavid Osmanov bu barədə fikirlərini bölüşərkən dedi ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və xalqımızın şücaəti ilə işğal altında olan torpaqlarımızı azad etdi: "Beləliklə, 30 illik erməni işğalçılığına son qoyuldu. Bununla da ədalət yerini tapdı. Müharibə bitdikdən dərhal sonra prezidentimizin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlandı. Əlbəttə, ilk növbədə təhlükəsizliyin təmin olunması ilə bağlı məsələlər həll olundu. Eyni zamanda bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında işğaldan azad olunmuş ərazilərdə böyük qayıdışa dair 1-ci dövlət proqramı təsdiq edildi. 2022-2026-cı illəri əhatə edən bu proqramda bütövlükdə işğaldan azad olunmuş ərazilərdə keçiriləcək tədbirlər müəyyənləşdirilib".
Onun sözlərinə görə, son 2 il ərzində ölkəmizdə hər bir sahədə dəyişikliklər, sözün əsl mənasında canlanma baş verib: "Sözsüz ki, Ermənistanın Azərbaycana qarşı mina terroru hələ də davam etməkdədir. Təhlükəsizlik məsələsi həll olundu, sərhədlərimizin müdafiəsi baxımından tədbirlər görülür. Ən müasir standartlara cavab verən avtomobil yolları, dəmir yol xətləri, tunellər çəkilir. Bunlarla paralel olaraq sosial obyektlərin də tikintisinə başlanıb. İstər xəstəxana binaları, istərsə də təhsil müəssisələri böyük qayıdışın tərkib hissəsidir. Təhsil naziri Emin Əmirullayevin təşəbbüsü də 1-ci dövlət proqramına uyğun olaraq mərhələli şəkildə həyata keçirələcək".
C. Osmanov deyib ki, dünya tarixində bu günə kimi belə genişmiqyaslı yenidənqurma olmayıb: "Cənab prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan bunun da öhdəsindən gəldi və yenidən tarixdə öz izini qoydu. Ərazilərə köçürələcək insanlara layiqli həyat təmin etmək üçün bütün zəruri addımlar atılır və Azərbaycan dövləti bununla bağlı çox böyük işlər həyata keçirməkdədir.”

Səbinə Elmanqızı,
BDU Jurnalistika fakültəsinin tələbəsi
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!