Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                        Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq .....                       
22-04-2023, 02:34
ARXADA   QALAN   48   İL
ARXADA QALAN 48 İL


Az ömür deyil. Bu illər həm qısa oldu, həm də üzun. Sevimli müəllimlərimizdən, şagird yoldaşlarımızdan ömürlük ayrılmağımız üzun yol olmaqla bərabər, qısa ömürlər bu yolu qısaltdı. Nə yaşadılar. Qaçqınlıq, köçkünlük, Vətən, yurd itgisi, doğulduğu eli, obanı itirmək bir çox ömür yollarını daha da qısa etdi. Ancaq buna baxmayaraq bu xalq ayaqda durmağı bacardı . Nə isə. Qayıdıram 48 il öncəyə, 1975-ci ilə. Bu il bir qurup şagird yoldaşlarımız oxuduqları Gığı kənd orta məktəbinin onuncu sinfini bitirdilər. Hərə öz həyat yolunu seçdi. Kimisi müəllim, kimisi həkim, kimisi polis və s. ixtisaslar seçərək ölkənin müxtəlif güşələrinə səpələndilər.

Elə bununla da ayrılıqlar başladı və hər şey xatirələrə döndü. Xatirələr, xatirələr!. Elə bu xatirələrin işığı ilə gedərək bu yaxınlarda, yəni mart ayının 26-sı bir araya gəlib Masazır qəsəbəsi, Yeni Bakı massivində yerləşən “Qədim Naxcıvan” ailəvi istirahət mərkəzində bir yerə toplanmağımız bizlərə nəsib oldu. Toplantıda şagird yoldaşlarımızdan Azadəliyev Sərvər, Hacıyev Tamxil, Bəxşəliyeva İradə, Quliyeva Zərqələm, Niftəliyeva Sahilə, Aslanova Sara, Quliyeva Tacirə, İsmayılov Muxdar, Şəkərəliyev Qəhrəman, Həsənquluyev Firudin, Ağalarov Kərəm və bir də mən- Bədəlov Xürrəm iştirak etdik. Onu da bildirim ki, gələcəyimiz olan Zərqələmin oğlu və Sahilənin nəvəsi də görüşümüzə bambaşqa rəng qatdılar. Görüşümüzü ilk olaraq Sərvər müəllim açdı və məclisi idarə etmək üçün Tamxil müəllimə həvalə etdi.

Əvvəlcə şəhidlərimizi, dünyasın dəyişən müəllimlərimizi və sıralarımızı bizdən qabaq tərk etmiş şagird yoldaşlarımızı sükutla yad etdik. Məktəb illərini yada salıb hərə öz təəssuratlarını bölüşməyə başladı. Həm kövrəlmişdik, həm də üzlərdə sevinc var idi. İtirdiklərimizə görə kədərlənsək də, bu gün yaşayan şagird yoldaşlarımızla bir araya gəlməyimiz bizə sevinc verirdi. Bu sevinci mən də bir vaxt yazdığım “A Gığı məktəbim, doğma məktəbim” rədifli şerimlə sizlərə bir ərmağan etməyi özümə borc bildim.

A GIĞI MƏKTƏBİM, DOĞMA MƏKTƏBİM

İndi quşlar yuva salıb sinifdə,
Doğmaların səndən köçüb, sinib də,
Qonşuların dönük çıxıb, dönüb də,
A Gığı məktəbim, doğma məktəbim.

Baxış müəllim üstümüzə qışqırmır,
Mənzilə xala da qarşıya çıxmır,
Kimsə təmir etmir, üzünə baxmır,
A Gığı məktəbim, doğma məktəbim.

Qaçmayır bu başdan o başa heç kəs,
Heç kim deməyir ki, məktəbə tələs,
Bütün yollarını ot basıb əbəs,
A Gığı nəktəbim, doğma məktəbim.

Rasim qaçaraq zəngini vurmur,
Şakir də qapında növbətçi durmur,
Qabilsə oxumur, özünü yormur,
A Gığı məktəbim, doğma məktəbim.

Bax nə tələsən var, nə də gecikən,
Nə bağ belləyən var, nə də ki, əkən,
Nə vaxt ötürən var, nə dala çəkən,
A Gığı məktəbim, doğma məktəbim.

Həsən müəllim bir dərya bölgədə,
Ermənini saxlamışdı kölgədə,
Qalsaydı Nobel alar bəlkə də,
A Gığı məktəbim, doğma məktəbim.


Müəllimlik ən gözəl bir sənətdi,
Müslət müəllim də dili öyrətdi,
Məşqulat müəllim özü hikmətdi,
A Gığı məktəbim, doğma məktəbim.

Bəlkə də daşını söküb satıblar,
Bəlkə də uçurub yerdən atıblar,
Bəlkə də od vurub səni çatıblar,
A Gığı məktəbim, doğma məktəbim.

Tarixə baxanda neçə igidlər,
Səndə oxuyublar neçə şagirdlər,
Hərəsi bir yana səpələndilər,
A Gığı məktəbim, doğma məkrəbim.

Hər kəs o bulağın gözündən içib,
Özü həyat yolu arayıb, seçib,
Gör o gündən nələr, nə vaxtlar keçib,
A Gığı məktəbim, doğma məktəbim.

Xürrəm tapşırmışıq qoyunu qurda,
Bu el qayıdacaq o doğma yurda,
Yenə doğmalarım oxuyar orda,
A Gığı məktəbim, doğma məktəbim.


Bəli vaxt gələcək biz yenidən öz doğma ata- baba yurdumuza qayıdacağıq. Uşaqlarımız bizim yarımçıq qoyduğumuz işləri tamamlayacaq və yenidən o torpağı gülüstana çevirəcəyik.

Hörmətlə; Xürrəm Qafanlı.
14-04-2023, 20:52
Xəyalım qanadlandı - Zəngəzuru gəzib dolaşdım...


Xəyalım qanadlandı - Zəngəzuru gəzib dolaşdım...

Onu 40 ildən artıq tanıdığım bir həmkar və dost kimi deyil, alim kimi “Bütöv Azərbaycan”a təqdim edəcəyimi bilməzdim. Budur, Natiq Babayevin (Qubadoğlu) AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə çap olunmuş monoqrafiyası qarşımdadır. Kitabın adı araşdırmaların yetərincə ciddi mahiyyət daşıdığına bəri başdan dəlalət edir: “Şərqi Zəngəzur Oykonimlərinin coğrafiya, tarix və dilçilik baxımından tədqiqi”. Əvvəlcə dostumun yeni uğuruna sevindiyimi bildirərək, ardınca monoqrafiya barədə bəzi fikirlərimi bölüşmək istəyirəm.
Görün, Natiq müəllim necə dərin elmi (həm də publisistik) fəhmə malikdir ki, Zəngəzur adının diləzbərimizə çevrildiyi, soydaşlarımızın Qərbi Zəngəzura zəruri qayıdışının gündəmə gəldiyi və Prezident fərmanı ilə, erməni işğalından azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası ilə bağlı iqtisadi rayonların tərkibinə yenidən baxılaraq, beş ulusun Şərqi Zəngəzur adı altında birləşdirildiyi tarixi bir dövrdə daha da aktuallaşan mövzuya üz tutub və sanballı bir tədqiqata imza atıb. Doğrusu, onun gənclik illərimizdə tapışdığımız və şəxsi, həm də ədəbi yaxınlığımıza ünvan olmuş Sumqayıtdan Bakıya köçməsi üzündən son illərdə bir qədər aralı düşdüyümüzə görə Natiqin elmi uğurlarından elə də ardıcıl xəbərim olmayıb. Dissertasiya müdafiə edərək, coğrafiya üzrə fəlsəfə doktoru adı aldığını da xeyli sonra bilmişəm. (Yəqin, o qədər sevincək olub ki, bu uğuru daha sıx ünsiyyətdə olduğu dostlarla qeyd edərkən mən də yadına düşməmişəm. Eybi yox, təki dostların sayı daim piramidik şəkildə artsın və hansısa gözəl tədbir zamanı kimsə unudulsun).

Natiqlə AzTV-də birlikdə çalışmışıq. Tale qismətimiz olan jurnalistika, eləcə də poeziya barədə çoxlu söhbətlərimiz, mübahisələrimiz olub. Beləcə, mötəbər sözün qədirbilən qulluqçusu olmuş, bişə-bişə bərkimişik. Sonra o, İTV-yə transfer edib, mənsə “Xalq qəzeti”nə keçmişəm və əlaqələrimiz bir qədər zəifləyib. Ara-sıra onun “Torpaq”, “Bir kəndin nağılı”, “Toponimlər”, “Danışan tarix” kimi verilişlərinə də baxmışam. Dönə-dönə əmin olmuşam ki, zəhmətdən qorxanlardan, öyrənməkdən usananlardan deyil. Amma, sən demə, bölgələrə ezamiyyətə təkcə maraqlı teleproqramlar hazırlamaq üçün getmirmiş, həm də qədim ünvanlarımızın tarixi adları haqqında bilgilər toplayırmış və bu da sonda elmi iş üçün əsas “xammal” olub. Hər bir halda, fədakar yurdsevərlik örnəyidir.
Şəxsi kitabxanamda Natiq Qubadoğlunun “Bəlkə bir də görüşdük”, “Mənsiz dözə bilsən”, “Ömür doyumluq deyil” adlı şeir topluları yer alır. Artıq bir neçə gündür ki, oykonimlər haqqında elmi monoqrafiyası da bu sıraya iddialıdır. O mənada ki, hələ oxunma mərhələsindədir, beş-altı günə digərləri ilə çiyin-çiyinə duracaq.
Hələliksə, fikrimcə, özlüyündə böyük dəyər daşıyan yeni nəşrin mütaliəsi gözümü, könlümü sevindirir, zəkamı nurlandırır. Əslən qədim türk oylağı Yardımlıdan olsam da, monoqrafiyanın bəhs etdiyi Şərqi Zəngəzur ərazisi qəlbimdə uşaqlıqdan “taxt” qurmuş bir yerdir. Natiq də bilir ki, mənim anam laçınlıdır və o yerlərdə çox dincəlmiş, çox gəzib-dolanmışam. Bir də ki, mənsubiyyət bölgəsi vacib deyil, hamımızın Azərbaycan adlı bütöv bir diyarı var və hər qarışı canımızın bir parçası kimi çox dəyərlidir.
Müəllifin tarixinə və ad mənşəyinə aydınlıq gətirdiyi yer adlarından bir neçəsini yada salım: Ağanus, Ağoğlan, Alxaslı, Cicimli, Fərəcan, Baldıqğanlı, Bozlu, Əhmədli, Fətəlipəyə, Güləbird, Hocaz, Qazıdərəsi, Mığıdərə, Malxələf, Məlikpəyə, Səfiyan, Suarası, Şəlvə, Tərxanlı, Zabux... Əksəriyyətində olmuşam. On-on iki yaşımda ilk dəfə Mığıdərədə dayım uşaqları ilə quzu da otarmışam, at da minmişəm. (Bu sıraya üzünü görmədiyim Ağcakəndi də əlavə edərdim. Çünki xatirələrimin bir ucunun gedib bağlandığı ana nənəmin adını daşıyır, elə bilirəm ki, məhz o kənddə yedditaxta tuman geyinmiş Ağca nənəmin dizinin dibində oturub söhbətlərini dinləmiş, ətirli dovğasından içmişəm).

...Hərdən anamdan zarafatla soruşardım ki, məgər kəndinizə ad tapılmayıb, Mığıdərə deyirlər? O da cavab verərdi ki, əslində bizim kəndimiz Çinarlı olub, sonra camaat ordan bura köçüb. Amma bu barədə heç bir mənbə yoxdur, - demişəm. Anam da qayıdıb ki, yəqin, yazmayıblar. Buna görə Natiqin kitabında da “Çinarlı” adını axtardım, yenə də heç nə tapmadım. Görünür, tarixi mənbələr yoxdur.
Nə isə, dediyim odur ki, dostumun monoqrafiyasının mütaliəsi məni qanadlarına alıb çox uzaqlara apardı. Buna görə ona böyük minnətdarlıq düşür.
Kitab bir-biri ilə tarixi bağlılığı olan, Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan, habelə uzun müddət 1861-ci ildə yaradılmış Zəngəzur qəzasında birləşən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayılın söz abidələri haqqında bitkin, dolğun bir əsərdir. Bu qədim yurd yerləri öz coğrafi mövqeyi, saf təbiəti, gözəl iqlimi, igid və mərd oğulları ilə hər zaman diqqətdə olsa da, Zəngəzur toponimiyasının əsas fondunu Azərbaycan (türk) mənşəli adlar təşkil etsə də və ədalət naminə desək, yetərincə tədqiq olunsa da, mövzuya dönə-dönə qayıdılması zəruridir. Çünki, araşdırdıqca, necə deyərlər, üstünü toz basmış nə qədər bilgilər üzə çıxır. O da var ki, Şərqi Zəngəzur regionu 30 il ərzində erməni nankorların işğalı altında olan zaman toponim soyqırımına da məruz qalıb və adları erməniləşdirilib.

Aşkar gerçəkdir ki, işğal faktı yer adlarımızın haylar tərəfindən kütləvi saxtalaşdırılmasına zəmin yaratmışdı. Laçın şəhəri – Berdzor, rayonu isə Kaşataq, Kəlbəcər – Karvaçar, Cəbrayıl – Djrakan, Zəngilan – Kovsakan, Qubadlı – Sanasar, Ağdərə - Mardakert, Şuşa – Şuşi, Xankəndi – Stepanakert, Füzuli – Varanda, Xocavənd – Martuni, Ağdam – Akna, Xocalı – İvanyan və sair və ilaxır... Dilə da, ağıla da yatmır. Haqqında bəhs etdiyimiz, milli qeyrət timsallı tədqiqatlarla yer-yurd adlarımızın öyrənilməsi isə həm dünyaya əsl həqiqətləri çatdırmaq, həm də Azərbaycana qarşı ərazi iddialarında olan haramzadə qonşularımıza tarixi faktlarla cavab vermək baxımından önəmlidir. Müəllif müxtəlif komponentli oykonimləri də qruplaşıdrıraq ətraflı izahını verib. Üstəlik, İrəvan xanlığında qeydə alınmış əsas Azərbaycan-türk tayfaları barədə bilgiləri də paylaşıb. Budaq Budaqov, Əlövsət Quliyev, Qiyasəddin Qeybullayev və digər alimlərin bu sahədəki araşdırmalarını da qədirşünaslıqla dəyərləndirib.
Mən dostumun monoqrafiyası haqqında ətraflı elmi təhlilə söykənən resenziya yazmaqdan uzağam. Bu, baş redaktor Zakir Eminov, elmi redaktor Mahirə Abbasova, rəyçilər Qasım Hacıyev, Nazim Tapdıqoğlu kimi alimlərin, coğrafiyaşünasların missiyasıdır. Yalnız onu deyə bilərəm ki, etnotoponimlərin bu cür hərtərəfli öyrənilməsi, oğuzların bu ərazilərin aborigen sakinləri olduğunun sübuta yetirilməsi təbii iftixar duyğusu yaradır. Bu, milli-mənəvi dəyərlərimizə sayğı baxımından xüsusilə zəruri bir işdir.
Bir də onu deyim ki, Natiq qardaşım “Babayev” soyadı və“Qubadoğlu” təxəllüsü ilə tanınır. Mənsə onu illərdir ki, “Babasoy” deyə çağırıram. İndi bu kitabının nəşri bir daha sübut etdi ki, gerçəkdən soykökünə sıx bağlı ziyalı, milli kimliyi ilə canı-dildən fəxr edən alim-publisistdir.
Deməli, səhv etməmişəm.
Əli NƏCƏFXANLI,
Əməkdar jurnalist

"Bütöv Azərbaycan" qəzeti
14 aprel 2023

14-04-2023, 20:02
Qürbətdə “Ev dustağı”


Qürbətdə “Ev dustağı”

Aprelin 7-də Qərbi Azərbaycan İcmasının binasındakı böyük zalda Qafan Rayonu İcması üzvlərinin və respublikada tanınmış ziyalıların, söz, sənət adamlarının iştirakı ilə Şah Səlimi Türkayın “Ev dustağıyam” romanının təqdimatı keçirilib. Qərbi Azərbaycan İcmasının şöbə müdiri Qalib Qasımov İcmanın sədri, millət vəkili Əziz Ələkbərlinin salamını çatdırdıqdan sonra bu günkü kitab təqdimatının icmanın binasında keçirilməsinin rəmzi mənası olduğunu bildirdi.

Qafan Rayon icmasının sədri, tibb elmləri doktoru, professor Eldar Abasov kitabı diqqətlə, həyəcan içində oxuduğunu bildirərək əlavə etdi ki, romanın mövzusundan, bədii məziyyətlərindən, onun nə dərəcədə əhəmiyyət kəsb etdiyindən danışmayacağam. Ən vacib odur ki, bizim gənc xanım öz istedadının bəhrəsini görüb və əsərin öz ata yurdundan qovulmuş bir məllimin taleyinə həsr olunması ayrıca təqdirəlayiqdir. Həm də Qərbi Azərbaycana- dogma yurdlarımıza qayıdış konsepsiyasının gerçəkləşməsində də əsas yük belə istedadlı, vətənpərvər gənclərimizin üzərinə düşür. Gələcək strateji mübarizəmizin avanqardları da bu gənclərdir. Bizi hədəfimizə onlar çatdıracaqlar.
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid Bakı Kitab Mərkəzində də Türkay xanımın kitabının təqdimatının keçirildiyini xatırlatdı. Qeyd etdi ki, bu kitabı müəllif İngiltərədə ingiliscə yazaraq çap elətdirib, sonra da Azərbaycan dilinə tərcümə eləyib. Kitabı oxuduqca insanda bir əminlik yaranır ki, doğrudan da biz müəllifin məharətlə tərənnüm etdiyi o dogma yerlərə mütləq qayıdacağıq.

Şair, oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinur, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, filologiya elmləri namizədi, dosent, Cəsarət Valehov və başqaları Şah Səlimi Türkayı təbrik edərək ona yeni-yeni yaradıcılıq uğurları arzuladılar.
Sumqayıt şəhər 39 nömrəli orta məktəbin direktoru Bəxşeyiş Ələmşahov gənc yazara uğurlar diləməklə bərabər, təklif etdi ki, Qərbi Azərbaycanda doğulan, yaxud əslən oralı olan müəlliflərin hərəsinin kitablarından bir nüsxə icmanın kitabxanasına təqdim edilsin.
Beləcə xeyli müzakirələrdən, fikir mübadiləsindən sonra gənc müəllif ünvanına deyilən xoş sözlərə, yaradıcılığına verilən qiymətə görə hər kəsə minnətdarlığını bildirdi:

“Doğrusu, sizin qarşınızda yaşadığım hissi ifadə etməyə söz tapmıram. Bu gün o qədər həyəcanlı olmuşam ki, şəkil çəkdirməyi belə unutmuşam.Həyatda heç tanımadığım, üzünü görmədiyim insanların saçımı oxşaması, mənimlə şəkil çəkdirməyə tələsməsi, əlimi sıxan isti əllər… Dahasını bilmirəm, sevincimin həddi-hüdudu yoxdur. İlk dəfə qarşınıza çıxanda mən özümü sizə təqdim edirdim, amma bu gün siz məni mənə təqdim edirdiniz. Çox sağolun, var olun! Sevgi ən böyük azadlıq, ən tapılmaz sərvətdir. Bu gün ruhum sizinlə toxluq tapdı. Hər qəlbdə, hər ürəkdə xırdaca yer belə qazanmaq, bir ömrə dəyər! Hamınıza minnətdaram!
Təqdimat müəllifdən imza almaqla və xatirə şəkillərinin çəkilməsilə yekunlaşdı.

“Bütöv Azərbaycan! qəzeti
14 aprel 2023-cü il



18-03-2023, 17:55
Qafan Rayon İcma üzvlərinin daha bir görüşü


Qafan Rayon İcma üzvlərinin daha bir görüşü

Martın 18-də Qərbi Azərbaycan İcmasında Qafan Rayon icma nümayəndələrinin növbəti toplantısı olub. Tədbiri giriş sözü ilə açan Qafan Rayon İcmasının sədri, professor Eldar Abasov tədbir iştirakçılarını “Novruz” bayramı münasibətilə təbrik etdikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verib. Qərbi Azərbaycan İcmasının qarşısında duran vəzifələrin həyata keçirilməsində qafanlıların üzərinə düşən öhdəliklərdən söz açıb.
Tədbirdə rayon icmasının strukturunun formalaşdırılması və təşkilati məsələlər müzakirə olunub. İcmanın ideoloji məsələləri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyevə, icmadaxili mədəni-kütləvi tədbirlərin təşkili isə Aşıq Pəri Məclisinin sədri Pərvanə Zəngəzurluya həvalə edilib.
Qərbi Azərbaycan İcmasının şöbə müdiri Qalib Qasımov tədbir iştirakçılarına QAİ sədri, millət vəkili Əziz Ələkbərlinin “Novruz” təbriklərini çatdırıb. Qafan Rayon İcmasının sürətlə təşkilatlandığını xüsusi eyd edən natiq Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın siyahıya alınması və görəcəyimiz digər işlər barədə məlumat verib. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasına qayğısından danışıb. Onu da bildirib ki, Qarabağın işğaldan azad olunması uğrunda döyüşlərdə Şəhid olanlarla bağlı 3 cilddən ibarət kitab hazırlanır. Əziz Ələkbərlinin rəhbərliyi altında hazırlanan, kitabın 630 şəhidimizi əhatə edən ilk cildi artıq çapa hazırdır.

QAİ Zəngəzur bölgəsi üzrə kurator Ələsgər Məmmədov və Polad Poladov Qafan rayonundan deportasiya olunanların siyahıya alınması ilə bağlı vəziyyət barədə məlumat verdikdən sonra Nazim Qasımov, Bəxşeyiş Ələmşahov və digərləri ürək sözlərini söyləyib, təkliflərini səsləndiriblər.
Yekunda qərara alınıb ki, Qafan Rayon İcmasının ilk geniş tərkibli tədbiri aprel ayında, Heydər Əliyev ili çərçivəsində, Ümummilli liderin 100 illiyinə həsr edilsin. Tədbir “Zəngəzur Azərbaycandır” şüarının sədaları altında başa çatıb.
“Bütöv Azərbaycan”



10-03-2023, 05:08
*Odlar Yurdunun İgid Qəhramanı*

*Həsənquliyev Şirindil Cavad oğlu*
*(18.09.1968 Qafan – 26.01.1992 Daşaltı)*

*Odlar Yurdunun İgid Qəhramanı*

Biz ikinci Qarabağ müharibəsində qazandığımız qələbə ilə “qaçqın” və “məcburi köçkün” kimi terminləri lüğətimizdən silməyi bacardıq. Ancaq “itkin” sözü hələ də həm dilimizdə, həm də ürəyimizdə sağalmaz yaraya çevirilib. “İtkin”, çox ağır ifadədir. Varlığı ilə yoxluğu bilinməyən, erməni əsirliyində ömrünün ən gözəl günlərini qurban verən bu insanların ailələri hələ də övladlarının yolunu gözləyirlər.
Həsənquliyev Şirindil Cavad oğlu...
Ermənistanın Qafan rayonundan məcburi köçkün düşən Həsənquliyevlər ailəsinin üzvü olan Şirindil, 1968-ci ildə Qafan rayonunun Açağu kəndində anadan olmuşdur. 1974-cü ildə həmin kəndin səkkizillik məktəbinə daxil olmuş, səkkizillik təhsili bitirdikdən sonra Şəhərcik məktəbində orta təhsili başa vurmuş, Bakıya gələrək İnşaat İnstitutunun axşam şöbəsinə daxil olmuşdur. 3-cü kursu bitirdikdən sonra Monqolustana hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirməklə bərabər tikintidə usta işləmişdir. 1991-ci ildə torpaqları düşməndən qorunmaq üçün könüllü olaraq İnşaat və Memarlıq İnstitutundakı təhsilini yarımçıq qoyub, Şıxovda yerləşən könüllülər batalyonuna yazılmışdır. Bacısı Nazlı onu küçəyə qədər yola salıb. Şirindil müharibəyə yollananda bacısına söz verir ki, bir həftəyə qayıdacaq, amma...
Bir çox tələbə yoldaşları ilə bərabər Milli Ordumuzun yaradılmasında böyük səyləri olmuşdur. Milli Orduda komandir müavini idi. İlk döyüş yolu Malıbəyli kəndində başlamışdır. Döyüşlərdə dəfələrlə qəhrəmanlıq göstərmişdir. Döyüşlərin birində ermənilər Şirindilin dostunu ələ keçirmiş və vəhşicəsinə öldürmüşdür. Dostunun qisasını almağa çalışan və torpaqlarımızı düşmən tapdağına vermək istəməyən Şirindilin son döyüş yolu isə Daşaltıda olmuşdur. O Daşaltı faciəsinin qurbanı olaraq 26.01.1992-ci ildə itkin düşmüşdür.
“Anam əhdinə çatmadı, amma mən son nəfəsimə qədər qardaşımın yolunu gözləyəcəm”,- deyir Nazlı xanım. Bu həsrət Şirindilin qardaşını da məzara aparıb. İndi bu evdə Şirindildən miras qalan, 31 ildir onun sözlərini yaşadan saralmış məktub var. O məktub ki, Şirindilin anasına hədiyyə etdiyi bayraqla birlikdə 28 il Zinyət ana ürəyinin başında gəzdirib, göz bəbəyi kimi qoruyub saxlayıb.
Doğmalarının gözündə sonsuzadək yaşayacaq, bir sətir məktubla, bir parça bayrağa dönən oğulları- Həsənquliyev Şirindil Cavad oğlunun xatirəsinə ehtiramla...
Aytac Hacıyeva
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin birinci kurs tələbəsi
"Bütöv Azərbaycan" qəzeti
10 mart 2023
3-03-2023, 00:01
Həzin, duyğusal görüş

Həzin, duyğusal görüş

( Fevralın 25-də Qafan Rayon icma nümayəndələrinin görüşü keçirilib)

Hər bir Qərbi Azərbaycanlının gözlərində vətən həsrəti hiss edilirdi. Amma buna rəğmən onlarda sabaha inam hissi, bu hissi yaşatmağı bacarmaq duyğusu qabarıq şəkildə özünü büruzə verirdi. Tədbirdə əvvəlcə soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, dövlətimizin, dövlətçiliyimizin möhkəmlənməsində əvəzsiz xidmət göstərib dünyadan köçənlərin və qardaş Türkiyədə zəlzələdən ölənlərin xatirəsi sükutla anıldı.

Tədbiri giriş sözü ilə açan fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev sözü və aparıcılığı Qərbi Azərbaycan Qafan Rayon İcmasının sədri, professor Eldar Abasova verdi. Eldar Abasov ilk olaraq Qərbi Azərbaycan İcmasının qarşıda duran vəzifələrindən danışdı, eləcə də icmanın fəaliyyət proqramını elan etdi.
Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Qərbi Azərbaycana qayıdış Konsepsiyası və bununla bağlı İcma qarşısında duran vəzifələr barədə ətraflı məlumat verdi. Xatırlatdı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. İcmanın başlıca məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiyaya məruz qalmış azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq səviyyədə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir.
Prezident İlham Əliyevin tarixi çıxışı ilə daha çox bəlli edildi ki, Qərbi Azərbaycan məsələsi artıq dövlət əhəmiyyətli siyasi bir məsələdir. Biz Qərbi Azərbaycana qayıdanadək bu məsələ davam edəcək öz aktuallığını qoruyacaq.
İcmanın İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən öz çıxışında Qafan rayonunda anadan olduğunu bildirdi və qeyd elədi ki, Qərbi Azərbaycanda doğulmuş, uşaqlıq illərini orada keçirmiş, eyni zamanda deportasiya siyasətinin ağırlığını öz üzərində hiss eləmiş şəxs kimi, Qərbi Azərbaycan İcmasının işinin təşkilində yaxından iştirak etdiyi üçün özünü şanslı hesab edir. İcmanın fəaliyyəti, Qərbi Azərbaycana qayıdış məsələləri, beynəlxalq müstəvidə görüləcək və görülməli olan işlər haqda geniş məlumat verdi. Qeyd etdi ki, ilk dəfədir ki, 34 il ərzində Qərbi Azərbaycan məsələsi BMT masası üzərində müzakirəyə çıxarılıb və BMT -nin rəsmi dillərində 190 dövlət arasında deportasiya məsələsi yayılıb. Eyni zamanda bildirdi ki, bizim əsas məqsədimiz oğurlanmış mədəniyyətimiz, tariximiz barədə həqiqətləri masa üzərinə yatırıb dünya ictimaiyyətinə çatdırmaqdır.
Qayıdış konsepsiyasını analiz edən, çox saylı izahlar verən Ramil Həsən vurğuladı ki, "Düzdür, bizim -nənə babalarımız, Vətən -Vətən deyərək bizi tərk elədilər. Amma mən inanıram ki, gün gələcək biz Qərbi Azərbaycan torpaqlarından bir ovuc gətirib onların məzarları üzərinə qoyacağıq. Onu da bilin ki, Qərbi Azərbaycan torpaqlarımıza qayıdış könüllüdür, lakin biz inanırıq ki, hər bir Qərbi azərbaycanlı öz soykökü gələn yeri görməyi çox istəyir.
Biz o ərazilərə qayıtmaq istəyirik, ora bizim ata- baba yurdumuzdur. Bu hüquqi qanun təkcə orada doğulanlara yox, eləcə də ata soyu ilə gələn hər bir Qərbi azərbaycanlıya şamil edilir. Hər kəs o mülkdən öz haqqını-payını tələb edə bilər".
AMEA Tarix İnstitutunun “Qrbi Azərbaycan tarixi” şöbəsinin rəhbəri, tarixçi alim Cəbi Bəhramov çıxış edərək Qərbi Azərbaycanın, o cümlədən Qafan rayonunun tarixinin araşdırılması üzrə görülən işlərdən bəhs etdi. Tədbir iştirakçılarının tarixlə baxlı verdikləri sualları cavablandırdı.
Daha sonra Əkbər Vəliyev, Musa Məlikov, Eldar Qoşunoğlu, rəssam Səməni Qasımova, Nəzrin Fəyyaz, Şəhriyar Kərimov, Ülviyyə Namiq və başqaları çıxış edərək görülməli olan işlərdən, özlərinin İcmanın fəaliyyətinə dəstək naminə görə biləcəyi işlərdən, sosial mediada fəallıqdan, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində fəaliyyətin gücləndirilməsi zərurətindən danışdılar.
Bütün çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə Qərbi Azərbaycan İcmasına göstərdiyi yüksək səviyyəli dəstəyə görə minnətdarlıq ifadə olundu. Eyni zamanda ölkə başçısının apardığı xarici və daxili siyasəti tam dəstəklədiklərini bildirdilər.
Tədbirin yekununda Eldar Abasov çıxışçıların irəli sürdükləri təkliflərə münasibət bildirdi. Qəbul edilmiş qərarlar və hər bir təklif haqqında da xüsusi tədbir görüləciyini, heç kəsin təklifinin nəzərdən yayınmayacağını vurğuladı.
Rəsmi hissədən sonra 35 ilin həsrətliləri baş-başa verib dərdləşdilər, xatirələr çözələndi. Kimisi sinif yoldaşını, kimisi uşaqlıq dostunu, qonşusunu tapdı. Xatirə şəkilləri çəkdirildi. Bir sözlə Zəngəzur mahalının qafan camaatı, kövrək duyğulu, xoş ovqata köklənən yeni bir gün yaşadılar. O günə şahidlik etdi:

Tehran BƏHRUZ,
“Bütöv Azərbaycan” qəzetinin Qərbi Azərbaycan üzrə xüsusi müxbiri. Fotolar müəllifindir.








































26-02-2023, 09:32
Qafan Rayon icma nümayəndələrinin görüşü olub

Qafan Rayon icma nümayəndələrinin görüşü olub

Hər bir Qərbi Azərbaycanlının gözlərində vətən həsrəti hiss edilirdi. Amma buna rəğmən onlarda sabaha inam hissi, bu hissi yaşatmağı bacarmaq duyğusu qabarıq şəkildə özünü biruzə verirdi. Tədbirdə əvvəlcə soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, Dövlətimizin, dövlətçiliyimizin möhkəmlənməsində əvəzsiz xidmət göstərib dünyadan köçənlərin və qardaş Türkiyədə zəlzələdən ölənlərin xatirəsi sükutla anıldı. Tədbiri giriş sözü ilə açan fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev sözü və aparıcılığı Qərbi Azərbaycan Qafan Rayon İcmasının sədri, professor Eldar Abasova verdi. Eldar Abasov ilk olaraq Qərbi Azərbaycan İcmasının qarşıda duran vəzifələrindən danışdı, eləcə də icmanın fəaliyyət proqramını elan elan etdi.

Sonra Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkili Ramil Həsən və başqaları çıxış etdilər, təkliflərini səsləndirdilər.
Görüş barədə daha ətraflı “Bütöv Azərbaycan” qəzetinin növbəti sayında, Qərbi Azərbaycan üzrə xüsusi müxbirimiz Tehran Bəhruzun geniş reportajından məlumat ala bilərsiniz.
6-02-2023, 19:31
Başın sağolsun Türkiyə!

Başın sağolsun Türkiyə!

Çox təəssüf ki, Türk Dünyasının bu səhəri acı xəbərlə açıldı. Türkiyənin Qəhrəmanmaraş vilayətində baş verən zəlzələ zamanı dağıntılar nəticəsində 1121 nəfərin ölümü, 7 min 634 nəfərin xəsarət alması hamımızı sarsıtdı. Azərbaycan Prezidenti İlham Əliyevin həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına xalqımız adından başsağlığı verməsi, ölkəmizin Türkiyənin bu dərdinə şərik çıxdığını bildirməsi, 420 nəfərdən ibarət xilasedici heyəti qardaş ölkəyə göndərməsi ürəyimizdən xəbər verdi.
Biz də Zəngəzur mahalının Qafan Rayon icması olaraq ürəyimizin Türkiyədəki qardaşlarımızla birgə döyündüyünü diqqətə çatdırırr, dərin hüznlə başsağlığı verir, hər zaman yanlarında olduğumuzu bildiririk.
Sevgi və sayğılarla: Qafan Rayon İcması adından
İcmanın sədri Pofessor Eldar Abasov
6-02-2023, 15:26
KARVAN YOLU

KARVAN YOLU

Ulu Yaradanın möcüzələrindən biri də Karvan Yoludu, o yol ki, zəvvarların azmadan, sağ-salamat mənzil başına çatması – müqəddəs yerləri ziyarət etməsi üçün bələdçilik edir. Ulduzlar toplusu olan bu “səmavi yol” insan övladlarının arzularına qovuşmasına xidmət edən yoldu...
Azərbaycan millətinin bu günkü Karvan Yolu Zəngəzura, Göyçəyə, İrəvana gedən yolu – bizim üçün dünyanın ən müqəddəs məkanına, Məkkə-Mədinəyə gedən kimi, dədə-baba yurdlarına gedən yol. Bu yol azadlıq yoludu, haqq yoludu, Qarabağdan, Şuşadan keçən yoldu – odlar ayaqlayandan, necə ağrı-acılar görəndən sonra, necə igid oğullarımızın, şəhiddlərimizin müqəddəs qanı bahasına gedilən yol. Bu, həm də zamanın hər cür haqsızlıqlarına qatlanmış, iblisdən yaman olan düşmənin çirkin, murdar sifətini görmüş, saysız-hesabsız üzüntülər yaşamış didərgin insanların sınaq yoludu – həm Allah qarşısında, həm də müqəddəs baba yurdlarına dönüşün sınaq yolu. Özünə “türkəm”, “azərbaycanlıyam”, “müsəlmanam”, “haqqın tərəfindəyəm”, – deyən hər kəsin sevə-sevə, göynəyə-göynəyə, yana-yana illərlə, ümidlə gözlədiyi yoldu bu yol.
Bu səfərin gerçəkləşməsi üçün tarix bizə gözəl bir şans yaradıb – Karvan Yolumuza parlaq ulduzlar düzüb ki, biz təkcə 1988-1991-ci illərdə yox, iki yüz ilə yaxın bir zaman kəsiyində zaman-zaman baba yurdlarımızdan min bir siyasi hiylə ilə, min bir əzabla qovulan, didərgin salınan, sürgünlərə, məşəqqətlərə, deportasiyalara, soyqırımlara məruz qalan insanların övladları öz halal torpaqlarına qayıtsınlar. Bu gün ən parlaq ulduzlarımız məhz Karvan Yolunda parlamalıdırlar ki, qədim İrəvanımıza, Zəngəzurumuza, Göyçəmizə dönə bilək.
Qərbi Azərbaycanlıların öz yudrlarına dönməsi ilə İrəvan qalasında öz yurdlarını qoruyarkən rus süngüsü ilə qətlə yetirilən, şəhid olan Hüseyqqulu xanların ruhlarını şad etmiş oluruq. Bunun üçün əlimizdən gələni etməli, yüz illərdi Təbrizə, Dərbəndə, İrəvana – dörd-beş yerə parçalanan və öz dədə-baba torpaqları ilə həmsərhəd olan millətin bütövləşməsi üçün tarixi şansdan bəhrələnməliyik. Bu gün Azərbaycan dövləti, dövlət rəhbəri, Azərbaycanı sevən hər ziyalı, hər kəs üçün Qərbi Azərbaycana qayıdış işi, konsepsiyası müqəddəs Karvan Yolunda bir ulduz olmağı bacarmaqdı. Bu məqsəd üçün atılan hər addım bizi tarixi qələbəyə aparır, itirdiklərimizi qaytarmağa aparır, özümüzü özümüzə qaytarmağa, müqəddəs qəbirlərimizi və ziyarətgahlarımızı ziyarətə aparır. Bu müqəddəs səfərə hazırlaşan hər kəs özlüyündə bir zəvvardı, onun büründüyü ehram onun mənəviyyatı, ata-babasına olan məhəbbəti, millətinə, dövlətinə, torpaqlarının bütövlüyünə sədaqətidi...

Əksinə, bu işə mane olanlar üçün isə ən yüngül söz: “Sapı özümüzdən olan baltalar”dı. Zəngəzura, Göyçəyə... – qədim Azərbaycan torpaqlarına qayıdış üçün Qərbi Azərbaycan İcmasının apardığı məqsədyönlü iş üçün dövlətimizin rəhbərinin xeyir duası, tövsiyə, kömək və göstərişi bu gün gündəmdədi və Azərbaycanı sevənlər üçün bir sevinc, qürur dolu tarixi hadisədir. Bu işdə baba yurdlarına dönüş var, mədəni, mənəvi irsimizin, yüz illərdi itirilənlərin bərpası var və hər şeydən qabaq düşmən ayağı altında olan torpaqlarımıza – ata-baba yurdlarımıza qayıdış var . Buna kömək etmək, xeyir-dua vermək əvəzinə bəziləri, özü də özünə “ziyalı” deyən, yüksək vəzifələrdə işləmiş, babasının qəbirləri düşmən ayağı altında olanlar hədyan deyir, irad tuturlar. Gündəmdə qalmaq naminə, “mən də varam” naminə öz mənliyini ayaqlar altına atan, təlxəklik edənlər düşünmürlərmi ki, bu, millətin, dövlətin ümumxalq işidir. Bu, yağı dəyirmanına su tökmək, dünyanın hegemon dövlətlərindən dəstək alan, başımıza min cür müsibətlər gətirən çox hiyləgər və bizə qarşı sonsuz nifrəti olan, son dərəcə haqsız bir düşmənə dəstək olmaqdı. Və çox maraqlıdır ki, elə bir ziyalıya qara yaxmağa çalışırlar ki, özlərinin və gördüyü işlərin çəkisi o ziyalının – Əziz Ələkbərlinin Qərbi Azərbaycanla bağlı tədqiqiatlarının, əsərlərinin bir vərəqinin çəkisi qədər deyil. Onların bu çirkin addımları təkcə Ə.Ələkbərliyə yox, həm də mənə və mənim kimi yüz minlərlə Qərbi Azərbaycanda doğulmuş insanlara qarşıdır. Və həm də dövlət rəhbərinə qarşıdır. Çünki Azərbaycan Respublikasının Prezidenti doğum günündə Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə: – doğum günümü ancaq ailə üzvlərimlə qeyd eləmişəm və hesab edirəm ki, bugünkü gün istisna deyil, yenə də ailə üzvlərimlə birlikdə qeyd edirəm, – deməsi Azərbaycanı sevən və bizə düşmən olanlara çox tutarlı bir mesaj deyilmi?!
Burda Azərbaycanın bütöv olması üçün millətimizin birliyinə, bütün çətinlikləri, problemləri yalınız doğma insanlarla həll etməyin mümkünlüyünə eyham deyilmi?! Bəli, prezidentin Qərbi Azərbaycan İcmasına rəhbərlik etməyi ehtimad etdiyi insana – Ə.Ələkbərliyə qarşı deyilən hər söz Azərbaycanın bütövlüyü üçün çalışan hər kəsə deyilən sözdü. Siz fərqindəsinizmi bu alim hansı əzab əziyyətlə, hansı zəhmətlə Qərbi Azərbaycanla bağlı qırxa yaxın tədqiqat əsərini ərsəyə gətirib?! Siz fərqindəsinizmi ki, bu gün sizin gündəmdə olmaq üçün bir ziyalıya qarşı dediyiniz söz yurdlarımıza dönmək üçün qayıdan karvana mane olmaqdı. Siz düşünə bilərsiniz ki, mən həmin icmanın şöbə müdiri olduğuma görə ona yarınmaq üçün bu sözləri deyə bilərəm...
Mən Əziz müəllimi otuz ilə yaxındır ki, tanıyıram və bəlkə də kitabları işıq üzü görəndə də, dörməmişdən qabaq da ilk oxucularından biri mən olmuşam. Biz bir məfkurənin, bir əqidənin adamları olduğumuzdan, onun millətə, dövlətə və dövlətçiliyimizə xidmət etdiyindən, həm də dədə-baba torpaqlarımızın tarixini yaratdığından mən onun silahdaşı, milli ideya, milli mənlik soydaşıyam. Bizim bir-birimizə hörmət və münasibətimiz də vətənpərvərlikdən qaynaqlanır. Mən onlarla bədii, publisistik əsərlərin, kitabın müəllifi olan yazaram və bədii yazılarımdakı vətən həsrəti, yurd istəyi, başımıza gələn fəciələri də Əziz müəllim özününkü sayır və sayıb. Otuz ildən çoxdur ki, mənim bütün əsərlərimin redakroru da məhz Əziz Ələkbərlidir.
Biz tanış olduğumuz ilk gündən ata-baba yurdlarımıza qayıtmaq amalı üçün çalışmışıq. Mən yazıçı kimi bədii əsərlərimdə, telejurnalist kimi verilişlərimdə, Əziz müəllim də bir alim kimi öz tədqiqatlarında, araşdırmalarında. Belə bir insana qara yaxmaq millətinə, dövlətinə qara yaxmaqdır, düşməni sevindirib, dostu kədərləndirməkdir. Sizdə vətənpərlik, təəssübkeşlik olsa Qərbi Azərbaycandan, ya ölkəmizin başqa guşələrindən olan ziyalılar kimi gəlib deyərdiniz ki, mən nə kömək edə bilərəm. Azərbaycan Respublikasının Prezidentinin QAİ-nin binasının açılışındakı çıxışına qulaq asandan sonra siz qayıdış konsepsiyası haqqında təklifinizi vermiş olsaydınız öz ziyalılığınızı ortaya qoymuş olardınız.
Amma çox təssüflər... Elə ümummilli təəssübkeşlik var ki, orda nə iqtidar, nə müxalifət, nə də Şəkili-Bakılı sərgilənmir, 44 günlük müharibədə olduğu kimi. Qərbi Azərbaycana qayıdış da o müharibənin davamıdır, amma topsuz-tüfəngsiz – silahsız, sülhlə. Burda ziyalı da, fəhlə də, qulluqçu da mərhum S.Vurğunun dediyi kimi olmalıdır:
Bilsin ana torpaq, eşitsin Vətən
Müsəlləh əsgərəm mən də bu gündən...

Qərbi Azərbaycanlı “ziyalısı”, dediyin sözlərin, atdığın addımın fərqindəsənmi ki, bu gün Şimaldan, Cənubdan, Qərbdən Vətənimizə olan düşmən təpkilərinə dəstək olursan?! Ay ata-baba qəbirləri düşmən ayağı altında olan insan. Görünür sizin kimilər üçün fərqi yoxdu – rəhmətlik Sabir demiş: “millət necə tarac olur-olsun nə işim var, düşmənlərə möhtac olur-olsun nə işim var?!”
Sizin Əziz Ələkbərliyə atdığınız “tolamazdı” balalarınıza, babalarınıza atdığınızdı, əgər özünüzü dərk edirsinizsə. Bəli, bu gün Qərbi Azərbaycan İcmasının yolu Karvan Yoludu – dədə-baba yurdlarımıza gedən yol!
Miraslan BƏKİRLİ
yazıçı-jurnalist


4-02-2023, 20:19
Üzü Zəngəzura, yolumuz açıq olsun!

Üzü Zəngəzura, yolumuz açıq olsun!

Fevralın 4-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir coşqu, bir sevinc abı-havası vardı. Bir qərinəlik yurd həsrəti hopmuş üzlərə bir ümidin işığında gülüş qonmuşdu. Erməni faşizminin zülmü altında uşaqlıq, gənclik çağlarından ata ocağını tərk etməyə məcbur olmuş qafanlılar öz icmalarının təsisini elan etmək və Qafan Rayon İcmasına sədr seçmək üçün bir araya gəlmişdilər.

Professor Eldar Abasov 24 dekabrda Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı verdiyi mesajlar və toplantının məramı barədə ümumi məlumat verdikdən sonra iclasa sədrliyi Zülfüqar Kazımova həvalə etdi.
Tədbirə qatılan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli İcmanın bugünə qədərki fəaliyyəti və qarşıda duran vəzifələr barədə danışdı. Yaxınlarda qəbul olunmuş “Qərbi Azərbaycana qayıdış konsepsiyası”ndan, Qərbi Azərbaycan İcmasının problemlərinin beynəlxalq təşkilatların gündəminə gəlməsindən söhbət açdı.

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev təklif etdi ki, təkcə qafanlılar arasında deyil, ümumiyyətlə respublikamızda böyük nüfuz sahibi olan professor Eldar Abasov Qafan Rayon İcmasının sədri seçilsin. Təklif gurultulu alqışlandığından nə alternativə, nə də səsverməyə ehiyac qaldı.
Beləliklə çıxışçılara söz verildi. Hər kəs bir gün dogma yurda qayıdacağına inamla, bu məqsədə çatmaqdan ötrü icma üçün görəcəyi işlərdən danışdı, öz təkliflərini səsləndirdi. Estafeti gənc nəslə ötürmək, onları tarixi torpaqlarımıza, milli-mənəvi dəyərlərimizə sahibləndirmək üçün icmanın fəaliyyətinə qoşmağın zəruriliyi xüsusi vurğulandı.
Müsəlləm kəndinin təmsilçisi Əkrəm Mustafayev İcmanın fəaliyyətində, əlaqələrin, informasiya mübadiləsinin operativliyini təmin etmək üçün elektron ünvanının yaradılmasının vacibliyini bildirdi. Qeyd etdi ki, İcmanın gənclər təşkilatının formalaşmasını sürətləndirmək üçün də whatsApp-da gənclər qrupu yaradılsın.

Rəssam, AMİTA ictimai birliyinin təsisçisi Səməni Şahsuvar Qasımovanın Zəngəzur elinə aid butun maddi mənəvi dəyərlərimizi qorumaq məqsədilə, o torpaqların kimə məxsusluğunu butun dunyaya göstərmək üçün muzey yaratmaq təklifi də təqdir edildi.
Tamxil Ziyəddinoğlu İcmanın mətbu orqanı yaranıncaya qədər də, ondan sonra da “Bütöv Azərbaycan” qəzetinin səhifələrində, “Ordum.az” və “Butov.az” informasiya portallarında icmanın fəaliyyətinə informasiya dəstəyi verəcəyini bildirdi.
Professor Eldar Abasov ona edimad göstərib Qafan Rayon İcmasının sədri seçənlərə təşəkkür edərək bildirdi ki, ümumi işimizin, dövlətimizin, millətimizin gələcəyi naminə hamımız əl-ələ, çiyin-çiyinə verib çalışmalıyıq. Məkrli düşmənlərə yalnız güc birliyilə qalib gələcəyik. Necəki 44 günlük müharibədə qalib gəldik.
Üzü Zəngəzura, yolumuz açıq olsun!

Butov.az
Fotolar Ramin Abdullayevindir
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!