Təxminən 1 ildir ki, jurnalistikada islahat başlayıb. Artıq mənə demirlər ki, bunu çıxar, bunu qoy. Bu gün Mehman Əliyevlə Qulu Məhərrəmli müzakirəyə gəlməyiblər. 1993-cü ildə AzTV-yə süjet hazırlayanda, ən qəddar, ən sərt senzor Qulu Məhərrəmli idi. İndi Qulu Məhərrəmli olub liberal... Yadımdadır, 2005-ci ildə donorlara müraciət etdim, vəsait ayırmadılar. Amma Arif Əliyevə 500 min dollar ayırdılar. Mən kiçik ofisdə fəaliyyət göstərirdim, rəngli inqilablar törətmək istəyənlər Arif Əliyev kimilərinə pul ayırdılar.
Bütöv.az xəbər verir ki, bunu haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev bu gün Milli Məclisdə “Media haqqında” yeni qanun layihəsinin müzakirələri zamanı deyib.
"Prezident Administrasiyasından və xüsusi xidmət orqanlarından təzyiqlər hiss etmirik. Bizə yaradıcılıq azadlığı veriblər. Deməli, İlham Əliyevin islahatlarını dəstəkləmək lazımdır. Hikmət Hacıyevin yeni konsepsiyasını dəstəkləmək lazımdır. Bunun əvəzində isə qrantyeyənlər və müftəxorlar tamaşa düzəldirlər. Yadımdadır, 2005-ci ildə “Realnıy Azerbaydjan” qəzetini yaradanda xarici donorlara müraciət etdim, vəsait ayırmadılar. Amma Arif Əliyevin mənasız layihəsinə 500 min dollar ayırdılar, hansı ki, həmin pulları yedi. Mən kiçik ofisdə fəaliyyət göstərirdim, rəngli inqilablar törətmək istəyənlər isə Arif Əliyev kimilərinə pul ayırdılar. Bunlar ictimai korrupsiya ilə məşğul olurdular. 2 il ərzində “Realnıy Azerbaydjan” ümummilli nəşrə çevrildi və hakimiyyət sonda bu qəzeti bağladı, məni də həbs etdi. Bəs Arif Əliyevin qəzetinə nə oldu? O sadəcə olaraq batdı. Çünki pulları yemişdilər.
Bizim bəxtimiz çox gətirib ki, Soros və digər Qərb qüvvələri İlham Əliyevin devrilməsi üçün pulları vicdansız adamlara ayırdılar, onlar isə sonda bu pulları mənimsədilər", - Fətullayev qeyd edib.
Onun sözlərinə görə, onların hamısı ictimai korrupsiya ilə məşğul idi. Sizdə Milli Məclisdə Vüqar Bayramov adında deputat oturub, hakimiyyətin ünvanına loyal danışmaqla məşğuldur. Onun qardaşı Qubad İbadoğlu isə Londonda oturub və təxribat fəaliyyəti ilə məşğuldur. 2000-ci illərin əvvəllərində həmin o təxribatçıya milyonlarla dollar ayırırdılar. Bəs pullar hanı? Düşünürsünüz ki, onlar həmin pulları inqilab işinə xərclədilər? Qətiyyən, onlar pulları mənimsədilər və taladılar”, - deyə Eynulla Fətullayev bildirib.
Jurnalist əlavə edib ki, bu gün Prezident İlham Əliyev və onun köməkçisi Hikmət Hacıyev qanunlarla tənzimlənən medianın olmasını, KİV-in inkişafını istəyirlər. Onun sözlərinə görə, dövlətlərin suveren hüququ var. Dəmir yumruq, dəmir iradə, ölkənin suveren hüququ var.
“Amma indiki layihəyə qarşı çıxan həmin adamlar anlamırlar ki, Yaltasonrası dünya düzəni çöküb. Beynəlxalq hüquq daha yoxdur. Avropa Şurası, ATƏT, birqütblü dünyanın digər dekorasiyaları yoxdur. Hansı Venesiya komissiyası? Bütün bu təşkilatlar yeni beynəlxalq münasibətlər sistemindən kənarlaşdırılıblar! Ancaq bir hüquq qalıb-dövlətlərin suveren hüququ. Və İlham Əliyevin dəmir yumruğu. Siz dünyada hansı insan haqlarından danışırsınız, hansı ki, ayrı-ayrı dövlətlər heç öz hüquqlarını qoruya bilmirlər? Siz hansı liberalizmdən danışırsınız ki, tarixin arxivinə yuvarlanıb?”, - jurnalist çıxışında deyib.
Eynulla Fətullayev habelə xatırladıb ki, bir vaxtlar ABŞ dövlət katibinin köməkçisi onu məxfi söhbətə çağırmışdı. “Mən maraqlandım, görüş harada olacaq? Onlar cavab verdilər ki, Hyatt Regency otelində. Bundansa yaxşı olardı ki, onlar məni Azərbaycan xüsusi xidmət orqanlarının akvariumuna salardılar”, - deyə jurnalist zarafatla bildirib.
Bütöv.az xəbər verir ki, bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, artıq ölkədə 1 milyon 200 mindən çox vətəndaş buster doza alıb:
“Qeyd etdiyim kimi ikinci dozadan sonra qoruyucu immunitetin azalmasını nəzərə alaraq, buster dozanın vurulması önəmlidir və tövsiyə edilir”.
Ş.Mövsümov onu da əlavə edib ki, fevralın 15-dən ikinci dozadan 6 ay sonra üçüncü doza vaksin vurulmalıdır:
“İkinci dozadan 6 ay keçdikdən sonra COVID-19 sertifikatı əhəmiyyətini itirəcək. Müəyyən yerlərə artıq COVID-19 pasportu ilə giriş mümkündür. Fevral ayının 15 nə qədər bütün vaksin sertifikatları keçərlidir, lakin 15 fevral tarixindən sonra vaksin sertifikatlarının əhəmiyyəti itəcək. Buna görə də vətəndaşların bu məsələyə diqqətli olmaları xahiş olunur”.
Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqi keçirilib.
Mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva, Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev iştirak ediblər.
Brifinqdən Baku TV-nin canlı yayımını təqdim edirik:
Şuşaya turist səfərlərinin təşkil ediləcəyi vaxt açıqlanıb.
Ordum.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Şuşaya turistlərin gəlməsi üçün infrastruktur hazır olmaldır: "Hazırda bu istiqamətdə işlər gedir. Bildiyiniz kimi, Şuşa şəhəri 2023-cu il Türk Dünyasının mədəniyyət paytaxtı elan edilib. Ümid edirəm ki, həmin ildən turistləri qəbul etmək mümkün olacaq".
Mərhum hazırda Almaniyada yaşayan qızları 13 il əvvəl baş verən dəhşətli qətlin təfərrüatlarını açıqlayır: “2006-cı ildə Aqil Əliyev rəhmətə getdikdən sonra, İlham Məmmədov və İmran Eyvazzadə 1500 tonluq “Drafa” gəmisini atamın əlindən almışlar”
“Bu yaxınlarda sosial şəbəkələrdən, internet resurslarından oxuduq ki, “Riyad” Şirkətlər Qrupunun rəhbəri, atamın qətlinin sifarişçilərindən biri İlham Məmmədov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmiş, hazırda barəsində istintaq aparılmaqdadır. İndi isə hey fikirləşirik ki, görəsən, atamın qətlinin o biri sifarişçisi - İmran Eyvazzadə də nə vaxtsa həbs ediləcəkmi?...”
Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, N.Nərimanov küçəsi, ev 23 B, mənzil 42 ünvanda qeydiyyatda olan, hazırda Almaniyada yaşayan Səlimova Nərgiz və Seyidova Nərminə Dianət qızları tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:
“Bildirirəm ki, 02.12.1992-ci və 09.12.1988-ci illərdə Bakı şəhərində anadan olmuşuq. 07.11.2008-ci ildə atam Səlimov Dianət İsmayıl oğlu qətlə yetirilmişdir. Onda mən - Səlimova Nərgiz 16 və bacım - Seyidova Nərminə 20 yaşında olmuşuq. Atamın öldürüldüyünü dərindən başa düşə bilmirdik. Nəhayət, böyüdükdən sonra anamın dediklərindən elə başa düşdük ki, atamız mərhum Aqil Əliyevin yanında işləyirmiş, ailəmiz yaxşı yaşayırmış, maddi vəziyyətimiz də yaxşıymış.
Lakin Aqil Əliyev 03.08.2006-cı il tarixdə rəhmətə getdikdən sonra, atamı A.Əliyevin şirkətində işləyən İlham Məmmədov və atamın ortağı (şəriki) Eyvazzadə İmran adında kəslər gözümçıxdıya salmışlar. Aqil Əliyev rəhmətə gedən kimi atamın işlədiyi 1500 tonluq “Drafa” gəmisini əlindən almışlar və Maxaçkala şəhərində gizlindən kimlərəsə satmışlar. Həmin gəminin satışından əldə edilən, atamın payına düşən pulun üstündə də atamı sifariş verib öldürtmüşlər.
Anamdan soruşardıq kı, atamın qətlini sifariş verənləri cəzalandırdılarmı? Anam deyərdi ki, yox, şikayət etsək də, nə İlham Məmmədovu, nə də İmran Eyvazzadəni cəzalandırmadılar, gəminin pulundan verib, atanızın qanını batırdılar. Hətta anam deyirdi ki, atanızı öldürtdürən İlham Məmmədovdan və İmran Eyvazzadədən bu gün də qorxuram, onlar çox pulludurlar, sizi də, məni də nə vaxtsa öldürtdürə bilərlər.
Beləcə, uşaqlıqdan qorxu içərisində yaşadıq. Böyüyüb şəxsiyyət vəsiqəsi alan kimi, onların qorxusundan anam bizi Bakı şəhərindən çıxarmışdır. Hal-hazırda bacımla Almaniyada çox-çətin şəraitdə, çox çətin durumda yaşayırıq. Lakin nə vaxtsa bu cinayətin üstünün açılacağına, atamın qətlinin sifarişçiləri - İlham Məmmədovun və İmran Eyvazzadənin dövlətimiz tərəfindən cəzalandırılacağına inanırdıq. O günü səbrsizliklə gözləyirdik. Hər gün Allaha yalvarırdıq, dualar edirdik ki, atamızın qanı yerdə qalmasın.
Nəhayət, bu yaxınlarda sosial şəbəkələrdən, internet resurslarından oxuduq ki, “Riyad” Şirkətlər Qrupunun rəhbəri, atamın qətlinin sifarişçilərindən biri İlham Məmmədov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmiş, hazırda barəsində istintaq aparılmaqdadır. İndi isə hey fikirləşirik ki, görəsən, atamın qətlinin o biri sifarişçisi - İmran Eyvazzadə də nə vaxtsa həbs ediləcəkmi? Görəsən, atamın qətlə yetirilməsi ilə bağlı cinayətin üstü açılacaqmı?
Neçə illərdir anamızın üzünə həsrət qalmışıq. Qorxumuzdan, Bakıya gəlib-gedə bilmirik. Bizə elə gəlir ki, elə Bakıya gedən kimi atamın qətlinin sifarişçiləri - İlham Məmmədov və İmran Eyvazzadə - bizi də öldürdəcəklər.
Ancaq nədənsə, bu günə kimi İlham Məmmədovla birgə atamın qətlini sifariş verən İmran Eyvazzadə hələ də həbs edilməmişdir, azadlıqda gəzir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə məxsus payının satışı üzrə investisiya müsabiqəsi elan edilib.
Bütöv.az-ın məlumatına görə, dekabrın 24-də müsabiqəyə yekun vurulub, Rusiyanın “Abrau-Durso” Publik Səhmdar Cəmiyyətinin (PSC) yerli törəmə müəssisəsi olan “AzAbrau” MMC investisiya müsabiqəsinin qalibi elan olunub. Dekabrın 27-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Rusiyanın “Abrau-Durso” PSC arasında “Şəki Şərab” MMC-nin satışı üzrə alqı-satqı müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə uyğun olaraq, müsabiqə qalibi dövlət büdcəsinə 1 920 000 manat məbləğində pul vəsaitinin köçürülməsini, müəssisənin inkişafı üçün ümumi həcmi 4 500 000 manata yaxın məbləğ təşkil edən İnvestisiya Proqramının icrasını üzərinə götürüb. “AzAbrau” MMC həmçinin, müəssisənin ümumi məbləği 535 000 manat olan əməkhaqqı, dövlət büdcəsi, DSMF, habelə kreditorlara olan borclarının ödənilməsini təmin edəcək. “AzAbrau” MMC Azərbaycanın üzümçülük rayonlarından olan Şəkidə premium kateqoriyalı üzüm şərablarının, həmçinin desert şərabların istehsalını planlaşdırır. Şirkət yaxın perspektivdə üzüm bağlarının salınmasını da nəzərdə tutur. Üzüm sortları arasında yalnız bu regionda yetişən Mədrəsə və Bayanşirə xüsusi maraq doğurur.
Qeyd edək ki, “Şəki Şərab” MMC altı hektar ərazidə yerləşir. Müəssisə ildə 2,6 milyon butulka şərab istehsal etmək imkanına malikdir. “Abrau-Durso” PSC qədim şərabçılıq ənənələrinə malik Azərbaycan şərablarının ilk növbədə Rusiya bazarlarına, həmçinin digər xarici bazarlara da çıxışını genişləndirmək niyyətindədir. Müəssisənin şərabçılıq sahəsində tanınmış “Abrau-Durso” PSC tərəfindən özəlləşdirilməsi Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafında, müasir texnologiyaların tətbiqində, şərab məhsullarının ixracının genişləndirilməsində xüsusilə əhəmiyyətlidir. “Abrau-Durso” PSC-nin prezidenti Pavel Titov:
“Bizim üçün bu, ixrac coğrafiyasının genişləndirilməsi və beynəlxalq bazarlara çıxış strategiyasının reallaşdırılması istiqamətində növbəti mühüm addımdır. Azərbaycan tanınmış şərabçılıq regionudur. Unikal mülayim iqlim şərabçılığın inkişafı üçün olduqca əlverişlidir. Qafqaz dağları Azərbaycanda şaxtanın yayılmasının qarşısını alır. İsti, quru olmayan yay üzümün tam yetişməsinə imkan verir. Yerli üzüm növləri özünəməxsus və unikal dadı ilə seçilir. Biz burada istehsal olunan şərabların ixrac potensialı baxımından böyük perspektivlər görürük”, - deyə qeyd edib.
İnvestisiya müsabiqəsinin qalibi “AzAbrau” MMC Rusiya Federasiyasının “Abrau-Durso” PSC tərəfindən təsis olunub və onun törəmə müəssisəsidir. Böyük şərabçılıq və biznes təcrübəsinə malik şirkətlər qrupu dünyanın 20-dən çox ölkəsinə şərab ixrac edir. Rusiyanın ən böyük şərab satıcısı olan “Abrau-Durso” Rusiyanın pərakəndə satış məntəqələrində geniş təmsilçilik hüququna malikdir. “Abrau-Durso” Rusiyada beş tanınmış spirt markasından biri olmaqla yanaşı, şərab istehsalçıları arasında həm kəmiyyət, həm də keyfiyyət baxımından ən geniş distributorluğa malikdir. Dörd şərab zavodunun sahibi olan şirkətlər qrupu 2020-ci ildə 40 milyon butulkadan çox məhsul satışına müvəffəq olub. Şirkətin üç böyük üzüm bağı, 6 500 hektardan çox torpaq sahəsi və “Abrau-Durso” brend mağazaları vardır.
Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistan hissəsinin təmiri 226 milyon dollar başa gələcək.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi idarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb. Məlumata görə, Mehri bölgəsindəki işlər, təxminən, 221 milyon dollara başa gələcək. Burada dəmir yolunun uzunluğu 45 kilometr olacaq. Təxminən 5 milyon dollar da Arazdəyən rayonundakı sahənin (1 kilometr) təmirinə sərf olunacaq.
2018-ci ildə Tahir Məmmədov Şamaxıya icra başçısı təyin olunanda rayon sakinləri böyük ümidlərə qapıldılar. Necə də olsa da, gənc kadr idi, indiyə qədər haqqında mənfi obraz formalaşmamışdı və ən əsası Prezident etimad göstərərək yüksəs vəzifəyə təyin etmişdi. Camaat inanırdı ki, tezliklə Şamaxının yığılıb qalan problemləri öz həllini tapacaq, bu qədim diyarın da üzərinə gün işığı düşəcək. “Bir küçəsi abad” olan qədim Şamaxının da abadlaşacağı günü gözləyən sakinlərin elə gözləri yolda qaldı. İndi isə şamaxılılar deyir ki, “Şamaxını əvvəlcə zəlzələ dağıtdı, sonra da Tahir Məmmədovun komandası”…
Pia.az-a Şamaxıdan dazil olan məlumatda bildirilir ki, icra başçısı təyin olunandan sonra yerli kadrlara qarşı savaş açan T.Məmmədov öz adamlarını ən strateji postlara təyin etməklə rayonda bütün sahələrə nəzarəti ələ keçirdi. Yerli şəraitə bələd olmayan, camaatla adicə ünsiyyəti düzgün qura bilməyən “kabinet məmurları” şamaxılılara qan uddurmağa başladılar. Evini zəlzələdə evləri dağılanları bir də məmurlar incitməyə başladı.
Şikayətçilər qeyd edirlər ki, Şamaxı zəlzələsindən sonra rayonda əsl “korrupsiya zəlzələsi” başlanıb. Belə ki, dövlət tərəfindən ayrılmış vəsaitlərin talanması yetmirmiş kimi, evlərinə ziyan dəyənlərdən təmir işləri ilə bağlı pul yığılmasına start verildi. Cənab Prezident tərəfindən ayrılmış vəsait sağa-sola xərclənərək inşa olunan mənzillər “açıq” şəklində qanunsuz satılıb. Hətta dərəbəylik o həddə çatıb ki, istənilən şəxs babat “şirinlik” verdikdə siyahılara əlavə olunaraq evində təmir işləri aparılır. “Şirinlik” yaxşı olanda isə hətta yeni ev belə tikilir. Bütün bu qanunsuz işlərə isə Tahir Məmmədovun ən yaxın adamları rəhbərlik edir.
Şikayətçilər bildirir ki, Şamaxı rayonunda infrastruktur bərbad vəziyyətdədir. Adi halda yağış yağan kimi bir çox küçələr keçilməz vəziyyətə düşür. Yollar çox bərbad vəziyyətdədir, düzəlməsi isə deyəsən, heç gündəmdə deyil. Rayon mərkəzində işiq və qaz saatlarla verilmir və bu şikayətlərə baxan da yoxdur. Yayın günündə su günlərlə gəlməyə bilər, heç kimə bunun səbəi ilə bağlı izah verilmir və heç kim də tənbeh olunmur.
Rayon mərkəzində küçələri zibil basıb. Bu gün zibil, tullantı qalaqla qapılarda qalıb iylənir, küçələri üfunət iyi basıb…
Cənab Prezidentin Şamaxıya məişət tullantılarının atılması üçün xüsusi maşınlar ayırmasına baxmayaraq, ayda cəmi bir-iki dəfə zibil atılır. Yeni verilmiş maşınlar yönəldilib Çuxuryurd, Nağaraxana istiqamətinə, çünki istirahətə gələnlər zibil atılmasına yaxşı pul verir və bu təmiz gəlir olaraq Tahir müəllimin ixtiyarındadır..
Bu hələ rayon mərkəzində olan vəziyyətdir, kəndlərdə vəziyyət daha acınacaqlıdır və kəndlər haqqında heç danışmağa da dəyməz. İşlədiyi müddətdə Tahir Məmmədov bəlkə cəmi bir dəfə hər hansı bir kənddə olub, mövcud problemlərlə bağlı isə ümumiyyətlə heç bir iş görülməyib.
Şikayərçilər qeyd edirlər ki, Şamaxıda digər bir ağrılı problem isə işsizlikdir. Əvvəllər əhalinin çox hissəsi dolanacaq üçün Rusiyaya üz tutsa da, son zamanlar pandemiya səbəbindən bu da mümkün deyil. Aztəminatlı ailələrin cüzi dolanacaq mənbəyi kimi ictimai işlərin açılması, onların maaş kartları ilə təmin olunmasına baxmayaraq, Şamaxıda bu işlər də hamı üçün əlçatan deyil. Bildirilir ki, icra başçısının məsləhət bildiyi şəxslər həmin maaş kartlarını alırlar. Əgər lazımi strukturlar məsələni dərindən araşdırsalar, dəhşətli faktların üstünü aça bilərlər.
Sitat: “Bu gün Şamaxıda kütləvi narazılıq hökm sürür. Bütün sahələrdə total korrupsiya və rüşvətxorluq dərin kök salıb. İnsanların şikayətinə baxan yoxdur, narazılıq edənlər təqib olunur, incidilir. Bütöv bir rayon bir neçə şəxsin maraqlarına tabe edilib, özəl müəssisəsinə çevrilib.
Tahir Məmmədovun özünü toxunulmaz hesab etməsinin əsas səbəblərindən biri isə xüsusilə maraqlıdır. O hər yerdə özünü sırf Ramin Quluzadənin kadrı kimi təqdim edir, vəzifəyə məhz onun təqdimatı əsasında gəldiyini gizlətmir. Nəzərə alsaq ki, Tahir Məmmədov Ramin Quluzadənin nazir olduğu dönəmdə icra başçısı təyin olunmuşdu, onda bunu həqiqət olduğunu demək mümkündür. Bu gün Ramin Quluzadənin Prezidentin işlər müdiri olduğunu nəzərə alsaq, Tahir Məmmədovun özünü hansı prestijdə hiss etdiyini təsəvvür etmək çətin deyil.
Bax, özünü Prezidentin əsgəri adlandıran şəxslər yerlərdə bu əməllərlə məşğuldurlar. Prezidentin xüsusi diqqət yetirdiyi Şamaxıda baş verənlərdən yəqin ki, məlumatı yoxdur. Ona düzgün məlumat çatdırılsa aydın olar ki, rayonda sırf onun siyasətinə zərbə vuran əməllər törədilir. Lakin hələ ki, T.Məmmədov və komandası necə deyərlər, cidanı çuvalda gizlədə bilirlər. Amma bu çox davam edə bilməz. Həqiqətlər üzə çıxanda yəqin ki, əsl zəlzələ onda baş verəcək!”
Naxçıvan Muxtar Respublika DİN-də baş verən özbaşınalıqlarla bağlı ardıcıl yazılarımız dərc olunduqdan sonra bəzi rəsmi şəxslərin “qeyri-rəsmi məsləhətlərini” nəzərə alıb bu kimi məsələlərə həssas yanaşmağa çalışsaq da, bölgədən redaksiyamıza axışan məktubların ardı-arası kəsilmir. Hiss olunur ki, araşdırmalarımıza son ümid yeri kimi baxan Naxçıvan sakinləri bizim vasitəmizlə öz dərdlərini mərkəzi hakimiyyətə çatdırmaq istəyirlər. Biz də Əmir Teymurun dövlət rəhbərlərinə “İnsanları qorxu ilə ümid arasında yaşat. Ümidi hər yerdən üzülən toplumlar məhv olmağa məhkumdur” tövsiyələrini nəzərə alıb xeyli götür-qoydan sonra vətəndaşlarımızın istəyinin həyata keçirilməsini dövlətçiliyimizin davamlılığı baxımından yararlı sayırıq və onları işıqlandırmağa qərar verdik.
Bütöv.az bildirir ki, Ovqat.com-a Naxçıvan DİN-nin bir qrup əməkdaşı tərəfindən göndərilən məktubda deyilir:
“Salam, Heydər məllim, Sizi Naxcivandan narahat edirik. Biz Naxçıvan Daxili İşlər Nazirliyinin əməkdaşlarıyıq.
Polis Akademiyasını bitirən polis zabitləri Naxçıvan Muxtar Respublikasına göndəriləndən sonra MR DİN rəhbərliyi tərəfindən yaşayış yerlərindən kənara təyin edilirlər. Akademiya məzunlarinin əksəriyyəti “uçaskovu” vəzifəsinə işə götürülürlər. Həmin əməkdaşlar mənzil və ya kirayə pulu ilə təmin olunmurlar. Kirayə pulu tələb edikləri zaman isə polis zabitlərinə deyirlər ki, bura ilk xidmət yeriniz olduğundan sizə kirayə pulu düşmür. Axı harda görülüb ki, yaşayış yerindən 70-80 km uzaqda xidmət edəsən və kirayə pulu almayasan?
Əlavə olaraq , bizə verilən 240 manatlıq yanacaq pulu da kəsilib. Yanacaq əsasən talon formasında polis orqaninin rəis, rəis müavini və xidmət rəislərinə verilir. Məsələn; yanacagin verilməsinə dair qeydiyyat jurnalında 3 ton yanacağa imza atılır, lakin onun 1 tonu polis orqanlarına göndərilir. Geriyə qalan yanacagin hara getdiyi məlum deyil.
Muxtar respublikada istintaq sahəsindəki vəzifələrə əsasən savadsız kadrlar təyin olunurlar. Hansi ki, həmin şəxslər ilk təhsillərini Naxçıvan Dövlət Universitetinin aidiyyəti olmayan fakültələrində alıblar. Kimlərinsə adamı olduqlarına görə ikinci təhsil adı ilə 10 min manata Naxçıvan Dövlət universitetinin hüquq fakultəsini qiyabi bitiriblər. Akademiya məzunları özlərini istintaq sahələrindəki vəzifələrə təyin olunmasını tələb etdikdə isə onlara eyni cavab verilir: sizin bu sahəyə savadınız çatmır!
Müqayisə üçün qeyd edək ki, sahə inspektorunun aylıq maaşı 620 manat, mustəntiqin aylıq maaşı isə 1300-1500 manat intervalındadır. Əmək haqqına diqqət yetirəndə akademiya məzunlarının bu vəzifələrə niyə təyin olunmadıqlarının əsl səbəbi ortaya çıxır”.
Məktub müəlliflərinin iddialarına görə, Muxtar Respublikanın polis orqanlarındakı bu arzuolunmaz vəziyyət cinayətkarlığa qarşı mübarizə imkanlarını da xeyli azaldır:
“Bu gün Naxçıvan MR DİN-də istintaq sahəsində çalışanların əksəriyyəti kimlərinsə qohumu və ya tanıdıqlarıdır. Naxçıvanın polis orqanlarında müstəntiq vəzifəsində işləyənlər yaxın tanışlar olduğundan MR rəhbərliyi bilir ki, törədəcəkləri cinayət işi bağlı qalacaq”.
Redaksiyamıza göndərilən digər məktub Muxtar Respublika rəhbərliyinin yeni nazir təyin etmək barədə düşündüyü Rəşad İsmayılovun keçmişi ilə bağlıdır. Məktubda bildirilir ki, Rəşad İsmayılov Naxçıvan Hərbi Prokuroru general-mayor Yaşar Həsənovun əlaltılarındandır və uzun müddət bu adamın yanında işləyib. Ötən il nazir Fazil Ələkbərovun taxtının laxlaması ortaya çıxan kimi, MR DİN-ə nazir müavini göndərilən əlaltısı vasitəsilə polis orqanını da ələ keçirmək imkanı qazanan Naxçıvan Hərbi prokuroru Yaşar Həsənovun həm hərbi, həm də mülki hüquq strukturlarında öz mövqeyini gücləndirməyə çalışdığı iddia olunur. İddialara görə, onların arxasında isə Vasif Talıbovun qardaşı Məhərrəm müəllim dayanır. Doğrudan da hərbi ədliyyə strukturunda yetişmiş birinin anidən Daxili işlər orqanlarına sıçrayış etməsi deyəsən yalnız Naxçıvan MR-də görünən nadir hadisələrdəndir.
Bəs, Yaşar Həsənov kimdir və niyə bu qədər təhlükəli şəxs hesab olunur?
Gəlin, bu suala cavabı redaksiyamıza göndərilən məktubun sətir aralarında axtaraq:
“Azərbaycan ictimaiyyəti Naxçıvanın hərbi prokuroru Yaşar Həsənov barədə ilk məlumatı 2018-ci ilin mart ayında Fransanın Tuluza bölgəsində baş verən bir qalmaqallı sui-qəsd hadisəsi zamanı eşitdi. Məlumata görə, Fransanın Colomie şəhərində “Audi” markalı avtomobildən düşən bir şəxs digər avtomobildə olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vurub hadisə yerindən qaçır. Güllələnən R.Namazov və həyat yoldaşı xəstəxanaya yerləşdirilir.
Araşdırma zamanı məlum olmuşdu ki, R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluq hadisəsinə görə 1 il icbari həbs cəzası alıb.
Daha sonra Rahim Namazovun özü barədə hazırladığı video-çıxışı yayılır. Video çıxışda bildirilir ki, Rahim Tofiq oğlu Namazov 1978-ci ildə Şəkidə ziyalı ailəsində anadan olub. 2005 –ci ilin iyul ayında ali təhsilli kimi hərbi xidmətə çağırılıb. 2005 –ci ilin avqust ayının sonlarında Kərəm Mustafayevin şəxsi sürücüsü gəlib Rahim Namazovu N saylı hərbi hissədən korpusa aparıb. O, burada korpus komandiri və hərbi prokuror Yaşar Həsənovla görüşür. Onlar R.Namazovdan necə sürücü olduğunu soruşurlar. Daha sonra R.Namazov korpusun geniş meydançasında hərbi prokurora məxsus ağ “Niva”nı xeyli sürür. Nəticə etibarı ilə R.Namazovun sürücülüyü bəyənilir.
Rahim Namazov sürücü kimi xidmət etdiyi dövrdə kimsəyə görməyi arzulamadığı bir çox dəhşətli olayların şahidi olur və özü üçün bunu gündəliyinə qeyd edir: “Demək olar ki, hər gün ən azı iki hərbi hissəyə hadisə dalınca gedirlər. Hər gün hadisə olurdu - əsgər yoldaşını güllələyirdi, zabit əsgərini və s. Xidmətə başladığı dövrdən gündəlik yazır və orada intiharları qeyd edirdi. Xüsusilə intihar edənlər arasında bəzən xidmət müddətləri başa çatmış, ancaq qanunsuz yolla məcburi xidmətə davam edən gizirlərə və zabitlərə də rast gəlmək olurdu. Məsələn, Gəncədən Spartak adlı bir zabit var idi. Onun ölüm işini elə ört-basdır etdilər ki, yəqin hələ də açılmayıb. Orqan əməliyyatı ən çox Kəngərli rayonundakı hərbi hissələrin birinin tibb məntəqəsində aparılırdı. Hətta prokuror Yaşar Həsənov bir dəfə kefli olanda Rahim Namazova bu sözləri deyib: - Ay Namazov, bu gecə yenə yuxumu qatmışam. - Niyə, komandir? - Ötən gecə filan hərbi hissədə intihar etmiş əsgər yuxuma girmişdi. Məndən böyrəklərini istəyirdi. Düzü, mən bunu eşidəndə şoka düşdüm. Sonra qayıdıb mənə dedi ki, “köpəyoğlu, elə bil iy bilir, böyrəkləri məndədir”.
Gündəlik gördüklərini dəftərinə yazması Rahim Namazova xidmətinin sonrakı aylarında problem yaradır: “Gündəliyi ələ keçirən hərbi prokuror öncə korpus komandirinə, daha sonra isə Ali Məclisin sədri Vasif Talıbova məruzə edir. Araşdırma aparmazdan öncə Rahim Namzova 10 sutka həbs verirlər. Daha sonra Rahim Namazovu Ordubaddakı ağır şəraiti olan postlardan birinə yollayırlar. 2006-cı il, may ayının 4-də Culfada yerləşən hərbi hissənin akt zalında qondarma məhkəmə təşkil edərək əvvəldən qorxudulmuş və öyrədilmiş əsgər və zabitləri Rahim Namazova qarşı qoyurlar. R.Namazov 1 il 5 ay 17 gün həbs cəzası alır. Cəzanın 9 ayını çəkəndən sonra Bakıdakı 16 saylı həbsxanadan azadlığa buraxılır”.
Rahim Namazov iddia edirdi ki, Naxçıvanda bir neçə ildə dünyasını dəyişmiş hər hansı bir hərbçinin qəbri açılıb ekspertiza baxışı keçirilsə, hələ çox şeyin şahidi olarıq.
Rahim Namazov 2010-cu ildə ailəsi ilə birlikdə Fransanın Tuluza şəhərinə köçür. 30.03.2018-ci ildə Colomie şəhərində güllələnir.
Bəs həmin dövrdə Naxçıvan Hərbi Prokurorluğunda çalışan, indi isə Naxçıvan DİN-in müavini olan Rəşad İsmayılovun bu insan alveri cinayətlərindən xəbəri var idimi? Güman edirik ki, Rəşad müəllimin bundan məlumatsız olması qeyri-mümkündür. Bəs Rəşad İsmayılovu Naxçıvan DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsini ləğv etməsinə nə vadar etdi? Bu barədə gələn yazılarımızda ətraflı məlumat veriləcək”, - Ovqat.com-a göndərilən məktubda belə deyilir.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!