Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                        Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü .....                        XİN Başçısı Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi .....                        Bakıda uçqun oldu: Ölən var .....                        Bakıda vəzifəli şəxsin hamamda meyiti tapıldı .....                        Bakı metrosunun yeni sədri işə başladı .....                        Haluk Levent xəstəxanaya yerləşdirildi .....                       
Tarix : 9-06-2020, 23:43
Xanım Sultanova yazır: “Həyat qəfəsi”-nin zövqü


Bülbülü-zarəm, deyil bihudə əfğan etdiyim,

Qalmışam nalan qəfəs qeydində, gülzar istərəm.


Füzuli dühasına aid olan bu misralarda olduğu kimi, beləcə, hər kəs bir şey istədi bu dünyadan. Amma qəfəs içində arzular ağuşunda üzənlərin istəyi daha böyük oldu deyəsən.

Tanrı sevdiyi bəndələrini Yer üzünə göndərəndə onlara yaşamaq üçün ürək, duyub yaratmaq üçün isə qəlb bəxş etdi. Bəzən yaradan insan, qəlbi döyünən ürəyin məhvərinə sığmadı: aşdı-daşdı. Ürək çərçivəsindən, bədən tutumundan, məkan sərhəddindən çıxıb səmaların ənginliyinə pərvazlandı. Pərvazlandı ki, yenidən öz qəfəsinə dönəndə gördüyünü duyduğu kimi yaratsın. Maraqlıdır, yaradan insana pərvaz etmək üçün qanadlanmaq vacibdirmi? Onun qəlbi, azadlığa doğru süzən bir qanaddır. Qanadlarsa, ruha bağlı. Qanadları almaq olar, taxmaq olar. Amma sənin ürəyində qəlbin yoxsa, nə görməyə gözün olar, nə deməyə sözün. Qanad nədir? Sevincmi, kədərmi, bədbəxtlikmi, yoxsa, əl çatmayan xoşbəxtlikdir?

Tənha kimsəsiz gecədə düşüncələr bölüşməyə qəlb aradım. Aradım ki, sual edib, cavab alım. Həmdəmimi burda buldum. Bədbinlikdən çox-çox uzaq, əlvan çiçəklərdən çələng, yaşamaq eşqi ilə süzən, məhəbbətin özünə də bəzək verən həm mübariz, həm də zərif qadın qəlbi – həyatın dar qəfəsinə sığışmayan Floranın düşüncəsi:

Deməyin ki, qanadsızlar bədbəxtdirlər,

Qanad ilə ölçülürmü bəxt məgər?!

Xoşbəxt edib qanad kimi?…

Elə olsa,

Həyatın dar qəfəsində

Səma haqda düşünməyən

Qanadlılar xoşbəxtdirmi?!

Əlbəttə ki, yox – deyərək, Flora Nacinin əlimdə tutduğum “Həyatın qəfəsi” şeirlər kitabını dönə-dönə vərəqlədim. Qarşımda sehirli, sirli qadın duyğularının qapısı açılır: sual, təəccüb, heyrət dolu poetik aləm. F.Naci poeziyasında olan həsrət, sevgi, ümid, bəxt, tale motivlərini rəngarəng şəkildə vəsf edir. O, hər bir onu anlayan oxucunun hisslərinə toxunaraq, özünəxas qonaqpərvərliklə öz duyğular aləminə dəvət edir. Deyirlər şairlər ziddiyətli şəxsiyyətlərdir. Özlərində olanı yox, çox zaman arzularını qələmə alırlar. F.Naci isə həm özünü, həm də düşüncələrini yaradır bu kitabda.

Xarakterində və poeziyasında olan ziddiyət isə məna dolu bərbəzəkli xarici görünüşü ilə bəzəksiz, sözçülükdən uzaq dərin fəlsəfi düşüncənin misralara çevrilməsindədir:

İnsanlar məhkumdur – dünyaya gəlib,

Yaşasın, sonra da dünyadan köçsün.

Yoxluqdan Dünyaya gəlirsə necə,

Dünyadan yoxluğa gedir eləcə…, – deyən şairə Yoxluq adlandırdığı məkanı yaradan və qəbul edən bir aləm kimi canlandırır. Məgər, bu deyimin özü estetik anlayış çərçivəsindən kənara çıxan bir haşiyə deyilmi?

Adətən şairələr güldən-çiçəkdən, gözəllikdən, vətəndən, sevgidən söz açırlar. Ancaq mən F.Naci yaradıcılığında buna bənzər şeirlərə rast gəlmədim. Şairə yalnız azad düşüncələrini, hətta sevgisini haşiyəsiz, qəlibsiz dilə gətirir. Həcm etibarı ilə çox da böyük olmayan bu şeirləri düşüncələr toplusu adlandırsam yanılmaram. Onda insanın ilk yaranışı ilə yaşayıb o biri dünyaya can atmasının müəmmalı təzahürü vardır. Zərif qadın qələminin məhsulu olan bu şeirlərdə böyük problemlər axtarışı insanı təəccübləndirməyə bilmir. Bu hallarda dərk edirsən ki, onun dayandırdığı mənəvi ucalıq və özünüidrak fəlsəfəsi fikrən və ruhən saflıq və səmimiyyət təcəssümüdür.

Həyatın dərdlərin hiss eyləyərək,

Ağlayır, Dünyaya insan gələrək

O biri Dünyaya böyük ümidlər

Yollanır qəribə bir təbəssümlə, – söyləyən şairə insanın əzabsız sandığı və bel bağladığı o biri Dünyada ümidlərin doğrulacağına inamla yanaşmaq istəyir.

Flora şeiriyyatının özünəməxsus xüsusiyyətlərindən biri də odur ki, o verdiyi sualın cavabını, qoyduğu problemin açmasının yükünü də, öz çiyninə götürür. Onun müşahidə obyekti “mən”idir. O, qələmə aldığı mövzunun müşahidəçisi deyil, bilavasitə iştirakçısıdır.

Harda gəldik,qayıdırıq ora da,

Bu minvalla fırlanırıq həyatda, – söylədiyi örnək misralardan sonra saxta sevgilərdən bezib əsil sevgiyə də inamsızlıqla yanaşan, səhvlər üzərində yenə də səhv edib qəm çəkən, arzuları çin olmayan insanların sırasından “sonra yeni ümidlərlə yeni-yeni istəklərin, arzuların, xəyalların arxasınca gedirik” – deyərək, özünü ixtisar etmir.

Xanım Sultanova yazır: “Həyat qəfəsi”-nin zövqü


Flora bəzən öyüd də verib düz yolu göstərir. Göstərir, amma məcbur etmir. Öz yaradıcılığındakı azadlığı sanki oxucu təfəkkürünə hopdurur:

Şər, şər ilə yola getməz,

Nifrət, nifrəti götürməz.

Onları dəf eləməyə

Sevgi ara, məhəbbət gəz, – söyləyir.

Bəzən isə:

Nikbinlikdən uzaq gəzib

Bədbinliyi haraylayan

İnsanlara heyfim gəlir, – deyərək, açıq-aşkar heyfslənir.

Çox şeyə heyfslənir Flora. Onun “od dilimi” olan ürəyi,

Daş ürəklə rastlaşıb,

Ona hərarət verir.

Buz ürəklə dostlaşıb,

Bir andaca əridir.

Xanım Sultanova yazır: “Həyat qəfəsi”-nin zövqü


Bütün bunların əvəzində isə ona qalan daşın soyuqluğuna ya da ərimiş buzun bulanıq suyuna heyfslənir. “Həyat maska geymiş insanların maskaradıdır”, – deyir Flora. Xeyirxah maskasında qəddarı, məğrur maskasında qorxağı, ağıl arxasında səfehləri qadın ərköyünlüyü ilə qamçılamaqdan çəkinmir:

Alicənab maskasını

Hansısa alçaq geyinir,

Utancağın adından

O həyasız nələr deyir?, – söyləyərək, bir də maskaların aşkarlanmasına bəs etməyən ömrə heyfsilənir. Bu misraları hər dəfə oxuyanda şairənin çəkilən çiyinləri, etirazla bulanan başı, uşaqlara xas büzülən dodağı gözlərim önündə canlanır və düşünürəm ki, hamının işlətdiyi adi sözlər Floranın qəlbindən keçib necə şeirləşmiş, necə qeyri-adiləşmişdir. Çünki onun malik olduğu səmimiyyət və onun azad təqdimatı oxucu qəlbinə ən etibarlı açardır.

Mən, zaman, vaxt, saat haqqında yazılmış bir çox poeziya nümunələri ilə rastlaşmışam. Hətta elə misralar olub ki, əqrəbin tıqqıltısını eşidib, ötən anlara kədərlənib, itən illərə yanmışam. Lakin, Floranın üç cümlə ilə təqdim etdiyi nəzmindən qəlbimə bir rahatlıq çökdü. Bir çoxlarının qələmindən çıxmış eyni mövzu və eyni problem Flora baxışı və Flora yanğısıyla fərqləndi. O, həyatda olduğu kimi şeirlərində də pessimizmə qapılmır. Azalan gələcəyi kədərlə seyr edib, qeyri-adi bədii fəndlə artan keçmişinə sevinə bilir. Keçmiş artırsa, demək həyat davam edir:

Xanım Sultanova yazır: “Həyat qəfəsi”-nin zövqü


Əqrəbin hər tərpənişi

Azaldaraq gələcəyi

Artırır bizim keçmişi…

Zamanı tutub saxlamaq, hardasa qənaət edib lazım olan məqam üçün gizlətmək mümkün deyil. Flora bizdən yox, bizim asılı olduğumuz zamanı səmərəli xərcləməyə səsləyir. Özü isə vaxtdan geri qalmamaq üçün tələsir:

Mənim dəli, çılğın könlüm

Hey tələsir bütün zaman.

Heç rahatlıq vermir mənə

Ömrüm boyu bircəcə an.

Ötən anların səmərəli xərclənilməsi də, onun düşüncələrində dayanmadan fırlanır. Onun üçün hər bir son başlanğıcdır. Ruhundakı mübarizlik əzmini bizlərə də belə təqdim edir:

Mənə elə gəlir, yetişdim sona,

Ancaq görürəm ki, başlanğıcdayam.

Axır ki, anlayam, gərək anlayam,

Nəyinsə sonuna duyduğum zaman

Nəyəsə yenidən başlamalıyam.

Bəli, onun “dəli könlü” hər bir şeyi yenidən başlamağa, “Ötən qatarlar” şeirində dediyi kimi “uzaqlara ünvanlanmış qatarların pəncərəsi arxasında ona bəlli olmayan insan sevinci, insan kədərini” görməyə tələsir. Bütün istəklərinə yetmək üçünsə onun ürəyinə sığışmayan qəlbi, qəfəsinə sığışmayan ruhu var.

Floranın hər bir misrasından kədəri ovudan bir sevinc gülümsəyir özü kimi. Onun sətirlərini tematik cəhətdən təsnif etmək çətindir. “Həyatın qəfəsi” kitabında isə şairə bu yükü də öz öhdəsinə götürüb. O, şeirlər kitabını üç hissəyə bölüb: “Kim bilir həyatın mənası nədir?”, “O qadın özüməm, hara gedirəm?”, “Məhəbbət – tumarlı pişik”. Təsadüfi deyil ki, bu şeirlərin heç birində yaranma tarixi göstərilməyib. Bunun yalnız bir səbəbi var – Floranın azadlığı. Elə bir şeir yoxdur ki, orada lirik qəhrəmanın daxili azadlığı qafiyələrə hopmasın. Zaman və məkan anlayışı üzərində Floranın azadlığının zəfəridir bu misralar. Vərəqləri çevirdikcə uzun illər tanıdığım, şıltaq təbiətli, incə yumor hissinə malik Flora xanımın oxucularını mərhəm saydığı iç dünyasında kükrəyən qasırğadan, yanan atəşdən, xumarlanan məhəbbətdən, düşündürücü dərin fəlsəfənin ağırlıq gətirmədən verdiyi pozitiv enerjidən və “Mümkünsüz istək”lərindən hali oldum:

Xanım Sultanova yazır: “Həyat qəfəsi”-nin zövqü


Hərdən elə istəyirəm…

Güllərin səsini eşidib, musiqini görə biləm,

Qaranlığa toxunaraq, işığa könül verəm.

Nə qəribə istəkləri varmış Floranın. Bu qəribə istəklərin qeyri-adi bədii vasitələrlə istənməsində də bir qəribəlik var: “güllərin səsini eşitmək”, “musiqini görə bilmək”, “qaranlığa toxunmaq”, ”işığa könül vermək”, “sabaha bağlanmaq”, “yer ömrüylə vidalaşmaq”, “dənizdə məkan tapmaq”.

Yox, Flora, demə ki,

Mümkünsüz istəyə çapsa da ürək,

Tanrı taleyilə barışsın gərək.

Könlümün olsa da bunca istəyi,

Məcburam insantək ömür sürməyi.

Tanrı sənə adi insantək ömür sürməyi rəva bilsəydi, bu mümkünsüz istəkləri ruhuna bəxş etməzdi. Qəlbini ürəyində, ruhunu bədənində kilidləyərdi. Bu istəklər arzusunda olmaq da bir xilqətdir. Bu xilqətin bir adı var – xoşbəxtlik. O xoşbəxtlik ki, tərifi “Həyatın qəfəsi”ndə verilib.

Xoşbəxtlik dalınca qaçmağın bəsdi,

Tale qismətisə, özü gələcək.

Bədbəxtlikdən gizlənməyin əbəsdi,

O onsuz da harda olsan, biləcək.

Bəli, bu kitabı oxuyarkən şeirlərdən çox Floranın öz taleyi ilə, qismətinə düşən bədbəxt, xoşbəxt dəqiqələrlə tanış oldum. Lakin taleyin hər üzündə onu nikbin gördüm. Bir şeyi anladım ki, o yalnız ilham pərisi ilə üz-üzə dayananda ciddiləşib, kədərini ağ kağıza yağdırır. Onun sevgi şeirlərində özünə bir inam var. Həyatda onu bir qadın kimi sevməmək mümkün deyil. Ondan yalnız sevə-sevə ayrılmaq olar. Flora özü bunu dərk edəndə deyir:

Qayıt, baxım gözlərinə,

Orda sevgi hiss etməsəm,

Səni özüm yola salıb,

Vidalaşıb əfv edəcəm.

Bu misraları oxuyarkən istər-istəməz düşünürsən ki, İlahi, bu qədər qəlb kiçik bir ürəyə necə sığsın? Bu qəlbin qəfəsi darlıq etməmək üçün dünya boyda olmalıdır. Elə dünya boydadır da. Elə olmasaydı Flora “Etiraf” şeirində olduğu kimi insanlara olan hədsiz inamında onu qınayan dostlara:

İnamsız yaşayıb ötüşən ömrü,

Mən nəyə oxşadım, nəyə bənzədim?

Bir dəfə dostu mən düşmən bilincə,

Yüz dəfə düşməni qoy mən dost bilim. – söyləməzdi.

Qarşımda “həyatın qəfəsi” vərəqləndikcə “Kim bilir”, ”Şam”, ”Keçmiş”, ”Tale”, “Qismət”, “Ürəklər”, “Ağıl və Könül”, “Zəmanə”, “Fikirlər”, “Həsrət”, “Telefon zəngi” və digər sərlövhələr və mövzularla rastlaşdım. Amma sonuncu vərəqdə verilmiş “Sənsizlik” şeiri ruhumu titrətdi, içimdə bir sevda ağlayıb, həsrət hıçqırdı. Bu, Floranın dünyadan nakam köçmüş, şəxsən tanıdığım həyat yoldaşı Salehə ithaf etdiyi şeiridir:

Sən getmisən bu dünyadan, tək qalmışam,

Sənsizliyə alışmağa çalışmışam,

Elə bildim, sənsizliklə barışmışam,

Amma sənsizliyin çox üzür məni.

Bəli, kədər dolu bu misralar oxucu duyğularına körpü salır, bir müddət öz ağuşunda, öz qəfəsində saxlayır. Lakin sonda şairənin əyilməz nikbinliyi kədərə qalib gəlir. O, özünəməxsus ruh yüksəkliyi ilə:

Nə vaxtsa yanına mən gələcəyəm,

O zaman səninlə görüşəcəyəm,

Onda sənsizlikdən əl çəkəcəyəm,

Hələ ki, sənsizlik çox üzür məni.

Bax, budur əsil sevgi, əsil ümid, tükənməz səbir və yaşanan ömrün mənasını dərk etmək. “Həyatın qəfəsi”ndə həyat səlnaməsi əks olunub. Bu səlnaməni duyub yaşamaq ömür səhifəsinin 7 onluğunu xırdalamış Flora Naciyə məxsusdur.

Bu gün mübarək bir tarix – 10 iyun 2020-ci ildir. Bu illər üstünə neçə-neçə illərin gəlişini arzulayaq. Qoy onun nikbinliyi qəlbini, gözəlliyi çöhrəsini tərk etməsin. Flora xanım 16 yaşından Bakı Slavyan Universitetinin daimi sakinidir. Filologiya elmləri doktoru, professor, yüzlərlə elmi-publisistik məqalələr və neçə-neçə monoqrafiyalar müəllifi, “Yol” və “Rus dili və ədəbiyyatı” jurnallarının baş redaktorudur. Lakin zaman və məkan anlayışında ona məxsus bir zaman və bir məkan qəfəsi var. Bu ruh ilə o, həmişə 16 yaşlı qız şuxluğunda sevərək seçdiyi BSU-nun azad qəfəsində qalacaq. Qoy bu yaşın şuxluğu onu tərk etməsin, məkanı isə dar gəlməsin.

Məni tərif edən o qədər sözdən

Sənin bircə kəlmən mənə bəs eylər, – deyən, Flora xanıma onu sevənləri adından…

Bütün varlığınla necə varsanda,

Eləcə qalmağın bizə bəs eylər! – deyək. Sən həyata, həyat sənə yaraşır. Yaşa, yarat, uğurlar olsun!

Xanım Sultanova, dosent


Paylaş



Bölmə: Slayd
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!