Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular .....                        Ərdoğan konsulluğa hücumdan danışdı .....                        Baş nazir hökumət üzvlərini topladı - Nefti müzakirə etdilər .....                        Daha bir ölkə İrana qarşı müharibəyə qoşulmağa hazırdır .....                        Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı .....                        İran ABŞ ilə bütün danışıqları dayandırıb .....                        Hava küləkli olacaq - XƏBƏRDARLIQ .....                        Azərbaycanda bu qanun dəyişdi .....                        Rusiya İrana kəşfiyyat dəstəyi verib? – İDDİA .....                       
6-03-2026, 19:19
Sadə və mənalı ziyalı ömrü..

Vaqif Rüstəmov –75

Sadə və mənalı

ziyalı ömrü..
.


1980-cı illərin ortaları idi, “Bakinskiy raboçiy” qəzetinin Mil-Muğan zonası üzrə xüsusi müxbiri vəzifəsinə təyin edilmişdim. Hardasa 27-28 yaşım vardı. Yadımdadır, güllü-çiçəkli bir bahar günü İmişliyə gəlmişdim. Birinci katib paytaxtdan gələn qonaqlarla harasa tədbirə getmişdi. Dedilər ki, ən tezi 1 saata qayıdar. Yəni boş, asudə vaxtım yaranmışdı. Hörmətli İmişli camaatının dili ilə desək, “eycahanllıq” idi.
İmişli Rayon Tarix Diyarşünaslıq muzeyinə baş çəkməyi qərara aldım. Muzey raykomdan cəmi 70-80 metr aralıda, milli memarlıq üslubunda yeni inşa edilmiş binada yerləşirdi. Qarşısında səliqə ilə rəngarəng güllər əkilmişdi. Xüsusilə təzə açmış ağ, qırmızı, çəhrayı qızılgüllərə baxanda ürəyim açıldı. İçəri daxil oldum. Düşündüm ki, nə yaxşı ki, muzeylərdə bəzi idarələrdə olduğu kimi, “Bura niyə gəlmisiniz, sizə kim lazımdır?” - deyə soruşmurlar.
O vaxtlar zona müxbirləri bölgələrdə fəaliyyət göstərən muzeylərdən az-az hallarda yazılar hazırlayırdılar. Bəlkə də elə buna görə muzeyin gənc, mehriban, gülərüz direktoru mənim qəfil gəlişimə həm təəccüb etdi, həm də çox sevindi. “Xoş gəlibsiniz. Mən özüm də ara-sıra respublikanın aparıcı qəzetləri ilə əməkdaşlıq edirəm” -dedi.
“Bilirəm, imzanızı tanıyıram. Vaqif Rüstəmovsunuz!” Mənim bu sözlərimə cavab olaraq onun mənalı gözlərində dərin minnətdarlıq ifadəsi oxudum. Əllərini qızılı qıvrım saçlarına çəkdi. Simasında xoş ovqat yaranmışdı. Böyük həvəslə muzeyin fəaliyyəti, buradakı eksponatlar barədə xeyli söz açdı. Dedi ki, rayon ziyalıları, məktəblərin yuxarı sinif şagirdləri bura tez-tez gəlirlər. Hətta muzeyə nadir məişət əşyaları hədiyyə edənlər də olur.
Vaqif müəllimlə sonra xalqımızın tarixii, mədəniyyəti, ayrı-ayrı görkəmli şəxsiyyətləri barədə xeyli söhbət etdik. Səlis və məntiqli danışığı, hərtərəfli biliyi, geniş erudisiyası, xüsusilə pozitiv aurası məndə ona qarşı dərin rəğbət hissi yaratdı. O gündən başlanan dostluq əlaqələrimiz bu gün də davam edir. Heç vaxt bir-birimizdən zərrə qədər inciməmişik. Əksinə, hər dəfə görüşəndə şad olmuşuq, hal-əhval tutmuşuq, uğurlarımıza sevinmişik.
Vaqif Rüstəmov Allahın lütfü ilə ömrünün 75 illik zirvəsinə çatır. Onun həyatını, demək olar ki, əzbər bildiyim üçün, bəzi avtobioqrafik məlumatları oxucuların nəzərinə çatdırmağı özümə borc bilirəm. Vaqif 1951-ci il martın 14-də İmişli şəhərində doğulub, burada da boya-başa çatıb. Atası Misir kişi İmişliyə ailəsi ilə birlikdə 1939-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndindən köçüb.
Rüstəmovlar ailəsi tez-tez Daşkəsən kəndinə gedərək oradakı doğmalarına baş çəkiblər. Xüsusilə yay aylarında Mildən Muğana getməyin bir ayrı səfası var. Axar-baxarlı bu kənd öz gözəl təbiəti, saf suyu, sərin bulaqları ilə Vaqifi hələ uşaq yaşlarından özünə cəlb edib. Sonradan ali təhsilli tarixçi kimi Qarabağla, eləcə də Daşkəsənlə bağlı xeyli araşdırmalar aparıb, bu barədə məqalələr yazaraq dərc etdirib.
Xatırladaq ki, Daşkəsən kəndinin akademik Mehdi Mehdizadə kimi görkəmli yetirməsi olub. Bu böyük pedaqoq 30 ilə yaxın Azərbaycanın maarif naziri vəzifəsində çalışıb, respublikamızda təhsilin inkişafı üçün danılmaz xidmətlər göstərib. Vaqif Rüstəmov ömrü boyu akademikin uzaq qohumu olması ilə fəxr edib, amma heç vaxt bu böyük alimin mənzilinin qapısını döyməyib. Ümumiyyətlə, o, nə özü, nə də övladları üçün heç bir xahiş və təmənnada bulunmağı sevmir.
Vaqif Rüstəmov orta məktəbdə əla qiymətlərlə oxuyub. 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib və təyinatla İmişli rayonundakı Xubyarlı kənd orta məktəbində işləməyə başlayıb. Enerjili, təşəbbüskar pedaqoq ilk gündən şagirdlərin qəlbində tarix fənninə dərin maraq oyatmağa çalışıb və buna nail olduqca çox sevinib.
Xubyarlıda çox savadlı və bacarıqlı bir tarix müəlliminin çalışdığı, həm həmkarları, həm də kənd əhalisi arasında dərin hörmət qazandığı barədə müsbət xəbərlər tezliklə hər yerə yayılıb. Bu, İmişli rayon partiya komitəsinin birinci katibi Qadir İsmayılzadənin diqqətindən yayınmayıb. Qeyd etmək lazımdır ki, Qadir müəllim partiya işinə məhz təhsil sahəsindən gəlmişdi və öz peşəsinə dərin sevgi və məsuliyyətlə yanaşan gənc pedaqoqlara böyük qayğı ilə yanaşırdı. Qadir İsmayılzadə hər dəfə Xubyarlıya yolu düşəndə kənd orta məktəbinə də baş çəkib və “qızılı saçlı” gənc tarix müəllimi ilə ayrıca söhbət edərək onun qayğı və problemləri ilə maraqlanıb. Vaqif müəllimin savadı, etikası, davranışı birinci katibin xoşuna gəlib. Məhz Qadir İsmayılzadənən təşəbbüsü ilə Vaqif Rüstəmov 1983-cü ildə rayon mərkəzində yeni açılan İmişli Rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru vəzifəsinə təyin edilib.
Ədalət naminə demək lazımdır ki, Vaqif Rüstəmovun rəhbərliyi ilə İmişli Rayon Tarix Diyarşünaslıq Muzeyi qısa müddət ərzində nəinki bu rayonun, eyni zamanda respublikanın ən qabaqcıl mədəniyyət müəssisələrindən birinə çevrilib. O illərdə respublikanın bir çox tanınmış simaları, eləcə də böyük alim, vətənpərvər ziyalı Xudu Məmmədov bu muzeyin qonağı olub, Vaqif müəllimi dinləyəndən sonra deyib ki, “sizin tarixmizə ekskursiyanızdan çox razı qaldım. Bundan sonra da çalışın ki, gələcək nəsillərimiz tariximizi sizin kimi dərindən öyrənsinlər. Axı Vətəni sevmək onu tanımaqdan başlayır!”
Bir müddətdən sonra Vaqif Rüstəmovu Mədəniyyət Nazirliyinin Tarixi Abidələrin Mühafizəsi və Bərpası İdarəsində işləmək üçün paytaxta dəvət ediblər. O, burada da öz işini sevən, məsuliyyətli kadr kimi fərqlənib, respublikanın əksər bölgələrindəki muzeylərdə olub, yerlərdə muzey işinin səmərəli təşkili üçün əməli tapşırıqlar verib. Sonra qısa müddət Nərimanov rayon icra hakimiyyətində müvəkkil vəzifəsində çalışıb.
Vaqif Rüstəmov muzey işini əla bilsə də, ruhən pedaqoq idi. Hiss edirdi ki, təhsil sahəsində çalışsa, millətinə, onun övladlarına daha çox fayda verə bilər. 2001-ci ildən Bakının Yeni Günəşli qəsəbəsindəki “V” massivində yerləşən 278 nömrəli orta məktəbdə tarix fənnindən dərs deməyə başlayıb. 16 il bu qabaqcıl təhsil müəssisəsində şagirdlərə tariximizi sonsuz sevgi ilə tədris edib. Onun dərs dediyi məzunların çoxu hər il qəbul imtahanlarında yüksək bal toplayıblar. Vaqif müəllim artıq 7-8 ildir ki, təqaüddədir. Təqaüdə çıxandan sonra o, çoxları kimi, elə mənim üçün də gözlənilməz olaraq, bədii və publisistik yaradıcılıqla intensiv surətdə məşğul olmağa başladı. Əvvəlcə bir xeyli şeir və hekayələr yazdı, sonra nəsrə keçdi. Əvvəlcə Qaçaq Süleymandan bəhs edən eyniadlı romanı geniş oxucu kütləsi tərəfindən maraqla qarşılandı. İkinci romanını isə “Səsverən qaya” adlandırdı.
Vaqif Rüstəmov 3-4 il əvvl muğamsevərlər arasında “Dədə Süleyman” kimi tanınan mərhum xanəndə Süleyman Abdullayev haqqında “Səsin sorağında...” adlı elə bir dəyərli sənədli-publisistik əsər qələmə aldı ki, bu əsər bir çox məziyyətləri ilə çoxlarını yaxşı mənada təəccübləndirib. Mən şəxsən bu qiymətli əsəri oxuduqca ürəyimdə müəllifə dəfələrlə “əhsən!” demişəm. Bu yaxınlarda isə onun Cəbrayıl rayonunun Daşkəsən kəndindən olan Səxavət Alı oğlu İsmayılov adlı bir nəfərin İkinci Dünya müharibəsindən sonra qürbətdə keçən keşməkeşli taleyindən bəhs edən “Yurd həsrəti” adlı yeni kitabı nəşr olunub. Qürbətin möhnəti, əlbəttə, çox ağır, dözülməz olur. Vaqif Rüstəmov təcrübəli qələm sahibi kimi qəhrəmanının narahat psixoloji durumunu ustalıqla aça bilib.
...Vaqif Rüstəmov hazırda Yeni Günəşlidə 9 mərtəbəli evin sonuncu mərtəbəsində yaşayır və onun mənzilinin eyvanından bir vaxtlar dərs dediyi məktəbin həyəti ovuc içi kimi aydın görünür. O, bəzən səhərlər dərsə tələsən şagird və müəllimləri uzaqdan müşayiət edərək kövrək xatirələrə dalır.
O, xoşbəxtlikdən, nikbin və müdrik insandır. Düşünərm ki, sadə, mənalı, maraqlı bir ömür yaşadığı üçün Vaqif Rüstəmovun geriyə boylanıb sevinməyə, yaşanan mənalı günlər, aylar, illər üçün qürur duymağa tam mənəvi haqqı var!

Məsaim ABDULLAYEV,
Əməkdar mədəniyyət işçisi.



5-03-2026, 15:39
“İran aydın və əsaslandırılmış   izahat verməlidir”

“İran aydın və əsaslandırılmış

izahat verməlidir”


“Naxçıvan Muxtar Respublikasında yerləşən mülki hava limanına pilotsuz uçuş aparatı ilə hücum xəbəri hər bir azərbaycanlı kimi məni də ciddi şəkildə narahat etdi. Azərbaycanın suveren ərazisində yerləşən mülki infrastrukturun hədəfə alınması təkcə bir təhlükəsizlik hadisəsi kimi başa düşülməməli, eyni zamanda regionda məsuliyyətsiz davranışın təhlükəli nəticəsi kimi qiymətləndirilməlidir”.
"Butov.az" xəbər verir ki, bunları Milli Məclisin komitə sədri Sadiq Qurbanov İranın Naxçıvan aeroportuna zərbə endirməsinə münasibət bildirərkən deyib.
Deputat xatırladıb ki, Azərbaycan dövləti uzun illərdir regionda gərginliyin artmaması üçün son dərəcə ölçülü və məsuliyyətli siyasət yürüdür. “Bu siyasətin əsas prinsiplərindən biri də Azərbaycanın hava məkanının başqa dövlətlər tərəfindən üçüncü tərəfə qarşı hərbi məqsədlərlə istifadəsinə yol verilməməsidir. Azərbaycan dəfələrlə göstərib ki, onun ərazisi və hava məkanı heç bir ölkəyə qarşı düşmənçilik platforması kimi istifadə edilə bilməz. Belə bir mövqe nümayiş etdirən dövlətə qarşı mülki obyektlərin hədəfə alınması isə ciddi suallar doğurur. Bu addım regionda onsuz da həssas olan təhlükəsizlik mühitinə xidmət etmir, əksinə, qarşılıqlı etimadı sarsıdır və gərginliyi artırır.
Hesab edirəm ki, İran tərəfi bu məsələ ilə bağlı məsuliyyətli mövqe nümayiş etdirməli, baş verən hadisəyə aydın və əsaslandırılmış izahat verməlidir. Qonşu dövlətlər arasında münasibətlər qarşılıqlı hörmət, suverenliyə ehtiram və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik üzərində qurulmalıdır. Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyi isə hər zaman dövlətimiz və cəmiyyətimiz üçün dəyişməz prinsip olaraq qalacaq. Regionda sabitliyin qorunması yalnız məsuliyyətli davranış, dialoq və qarşılıqlı hörmət yolu ilə mümkündür”.
5-03-2026, 15:20
Universitetdə əcnəbi tələbələrlə görüş keçirilib

Universitetdə əcnəbi

tələbələrlə görüş keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetində Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvlərinin universitetdə təhsil alan əcnəbi tələbələrlə görüşü çərçivəsində “Gələcəyin memarları Azərbaycanda yetişir” mövzusunda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş görüş keçirilib.

AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva açılış nitqi ilə çıxış edərək universitetdə təhsil alan əcnəbi tələbələrin akademik və sosial mühitə inteqrasiyası, onların elmi potensialının inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Prorektor qeyd edib ki, universitet beynəlxalq tələbələrin rahat təhsil alması, akademik mühitə uyğunlaşması üçün müxtəlif təşəbbüslər həyata keçirir.
Tədbirdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Sima Yaqubova, Şura üzvləri Vidadi Fətullayev və Nədimə Rəhimli çıxış edərək əcnəbi tələbələrin miqrasiya hüquqları, ölkədə qalma və qeydiyyat qaydaları, eləcə də onların cəmiyyətə inteqrasiyası məsələləri barədə məlumat veriblər.

Tədbirdə həmçinin WUF13 Əməliyyat Şirkətinin substantiv məzmun meneceri Cəmilə İsmayılzadə çıxış edərək beynəlxalq tədbirlərin təşkili, xüsusilə də Ümumdünya Şəhərsalma Forumu çərçivəsində həyata keçiriləcək fəaliyyətlər və əməkdaşlıq imkanları barədə danışıb.

Görüşdə Dövlət Miqrasiya Xidmətinin nümayəndələri – Hüquqi təminat idarəsinin rəis müavini, baş miqrasiya xidməti müşaviri Xəyalə Abbasova, Miqrasiya proseslərinin tənzimlənməsi baş idarəsinin baş inspektoru, miqrasiya xidməti müşaviri Nihad Kazımov və Miqrasiya nəzarəti baş idarəsinin baş inspektoru, miqrasiya xidməti müşaviri Xəyalə İsmayılova də çıxış edərək əcnəbi tələbələrin miqrasiya məsələləri, ölkədə qalma və qeydiyyat qaydaları, eləcə də mövcud qanunvericiliklə bağlı ətraflı məlumat veriblər.

Görüşün sonunda əcnəbi tələbələri maraqlandıran suallar cavablandırılıb, miqrasiya sahəsi ilə bağlı praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb və tələbələrin təklifləri dinlənilib. Azərbaycanda təhsil alan gənc memarların beynəlxalq peşəkar trendlərə inteqrasiyası, gələcəyin şəhərlərinin formalaşmasında onların rolu və bu istiqamətdə əməkdaşlıq imkanları müzakirə olunub. Qeyd edilib ki, AzMİU-da təhsil alan əcnəbi tələbələrin akademik və sosial mühitə inteqrasiyası, WUF13 çərçivəsində həyata keçiriləcək tədbirlərdə fəal iştirakı üçün universitet tərəfindən müvafiq dəstək göstəriləcək.
5-03-2026, 10:38
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir


Azərbaycan Avropa enerji

bazarında mövqeyini gücləndirir


Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxış edərək enerji təhlükəsizliyi, qaz təchizatının genişləndirilməsi, yaşıl enerji gündəliyi və Azərbaycanın qlobal enerji bazarındakı roluna dair mühüm mesajlar verdi. Enerji təhlükəsizliyi məsələlərinin müzakirə yolu ilə həlli və ölkələrin bir masa ətrafında toplaşması indi hər zamankından daha böyük əhəmiyyət daşıdığını vurğuladı.
Prezident qeyd etdi ki, təşəbbüsün başlanmasından 12 il ötür və bu müddət ərzində dünya müxtəlif çətinliklər, mürəkkəb geosiyasi proseslər və enerji böhranları ilə üzləşib. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfdaşları ilə birlikdə bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına nail olub və bu, artıq gündəlik həyatda hiss edilən reallığa çevrilib. Ötən il Bakıda keçirilən son görüşdən sonra da irəliləyişin davam etdiyi xüsusi vurğulandı.
Dövlət başçısı bildirdi ki, Azərbaycan hazırda 16 ölkəyə qaz tədarük edir və boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birinci yerdədir. Qaz təchizatının coğrafiyası artıq Avropa hüdudlarını da aşaraq yeni istiqamətləri əhatə edir. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlanılıb və 1,5 milyard kubmetr həcmində ixrac həmin ölkədə elektrik enerjisi qıtlığının azaldılmasına töhfə verir. Prezident vurğuladı ki, qaz təchizatının şaxələndirilməsi həm istehlakçı, həm də istehsalçı ölkələr üçün həyati əhəmiyyət daşıyır.
Azərbaycanın Avropa enerji bazarındakı mövqeyi də güclənməkdədir. Artıq Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb və bununla da Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Bununla yanaşı, hasilatın artırılması istiqamətində konkret planlar mövcuddur. Cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanması gözlənilir. Yaxın illərdə “Abşeron” yatağının tammiqyaslı işlənməsi və “Ümid” yatağının ikinci mərhələsi üzrə hasilatın başlanması planlaşdırılır. 2028-ci ildə isə “Şahdəniz” yatağında yeni mərhələnin istismara verilməsi nəzərdə tutulur. Bu layihələr maksimum səviyyədə əlavə 10-15 milyard kubmetr qaz hasilatına imkan yaradacaq. Prezident qeyd etdi ki, bunun üçün mövcud nəqliyyat infrastrukturunun genişləndirilməsi zəruridir, çünki Cənub Qaz Dəhlizi artıq tam yüklənib.
Prezident eyni zamanda bildirdi ki, 240 meqavat gücündə regionun ən böyük külək elektrik stansiyası istifadəyə verilib və layihə “ACWA Power” tərəfindən reallaşdırılıb. Bundan əvvəl isə “Masdar” şirkəti tərəfindən 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa olunub. Bir sıra yeni layihələr icra mərhələsindədir və xarici sərmayəçilərlə yanaşı, SOCAR və özəl yerli şirkətlər də alternativ enerji sahəsinə investisiya yatırırlar.
Azərbaycan Avropaya Qara dənizin dibi ilə uzanacaq enerji kabeli və Mərkəzi Asiyadan ölkəmizə gələcək enerji kabeli layihələri üzərində də iş aparır. Müvafiq müqavilələr artıq imzalanıb, layihələrdən birində iqtisadi-texniki əsaslandırma mərhələsi yekunlaşmaq üzrədir. Prezidentin sözlərinə görə, bu layihələr bir çox ölkələrin enerji təhlükəsizliyi üçün ekzistensial əhəmiyyət daşıyacaq.
Dövlət başçısı bəyan etdi ki, 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi istehsalı planlaşdırılır. Bu, daxili tələbatın qarşılanması, iqtisadiyyatın və sənayenin inkişafı, eləcə də ixrac imkanlarının genişləndirilməsi baxımından böyük potensialdır. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının enerji, süni intellekt və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açdığı vurğulandı.
Prezident həmçinin işğaldan azad edilmiş ərazilərdə hidroelektrik stansiyalara yatırılan investisiyalar barədə də məlumat verdi.
Çıxışında Prezident praqmatik yanaşmanın vacibliyini xüsusi vurğuladı. O qeyd etdi ki, bərpaolunan enerji mənbələrinin inkişafı ilə yanaşı, faydalı qazıntı yanacaqlarını tamamilə nəzərdən kənarda qoymaq real deyil. Azərbaycan həm qaz ehtiyatlarını effektiv şəkildə dəyərləndirir, həm də yaşıl enerjiyə milyardlarla sərmayə yatırır.
Sonda dövlət başçısı Azərbaycanın etibarlı tranzit ölkə roluna da diqqət çəkdi: “Qazaxıstan və Türkmənistan neftinin tranziti ildən-ilə artır və ölkənin infrastrukturu daha böyük həcmləri qəbul etməyə imkan verir. Türkiyədə 870 meqavat gücündə elektrik stansiyasının əldə olunması, Serbiyada 500 meqavatlıq stansiyanın inşasına dair müqavilənin imzalanması, eləcə də İtaliyada ümumi emal gücü 10 milyon ton olan iki neftayırma müəssisəsinin alınması Azərbaycanın enerji sahəsində beynəlxalq mövqeyini daha da gücləndirir. Egey dənizi sahillərində mövcud 12 milyon tonluq müəssisə ilə birlikdə Aralıq və Egey hövzəsində ümumi 22 milyon tonluq emal potensialı formalaşıb ki, bu da qlobal enerji təchizatında mühüm rol oynayacaq”.

Malik Məmmədov
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər İƏD üzrə nümayəndəsi
2-03-2026, 22:22
“AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ  NAZİM CƏBRAYLOVUN ANIM GÜNÜ KEÇİRİLDİ


ÖTƏRXAN ELTAC

“AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ

NAZİM CƏBRAYLOVUN ANIM GÜNÜ KEÇİRİLDİ


Bu gün 2 mart 2026-cı il tarixində Azərbaycan İqtisadiyyat Universitetinin Akt zalında qəhrəmanlığı ilə dastan yazan “Azərbaycan Bayrağı” ordenli Nazim İbrahim oğlu Cəbrayılovun şəhidlik məqamına yüksəlişinin 32, anadan olmasının 77 illik yubiley tədbirinə qatıldıq.

Ümumilikdə türk dünyasının şəhidlərini bir dəqiqəlik sükutla yad etdikdən sonra dosent Pikəxanım Xudiyevanın aparıcılığı ilə ilk söz təhsil ocağının Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədova verildi. Birinci Vətən müharibəsində himayədarlarının köməyi ilə torpaqlarımıza təcavüz edən qarı düşmənin məkrindən, kəndlərə basqın edərək silahsız insanları girov götürmələrindən, eləəcə də, ağır texnikaların, uzaqvuran artilleriyanın qarşısında əliyalın da olsa, bir addım geri çəkilməyən igidlərin rəşadətindən, ələlxüsus Nazim Cəbrayılovun dillərdə əzbər olan şücaətindən söz açdı.
N. Cəbrayılovun sinif yoldaşı, ictimai-siyasi xadim Çimnaz Əliyeva qəhrəmanımızın yeniyetməlik, gənclik çağlarını xatırlamağa çalışdı, onun diribaşlığından, cəsarətindən, yurdsevərliyindən danışdı. Onu da vurğuladı ki, məhz elə igid oğulların və dəmir yumruqlu komandanımızın sayəsində ermənisiz məmləkətdə yaşamağa nail olduq. Qürurlu deyilmi?!

Tələbə Fidan Şərifovanın qürurla söylədiyi vətənpərvərlik şeiri sanki hər kəsi səfərbərliyə, döyüşə səsləyirdi. Tarzən Rəsul Hacızadənin barmaqlarından süzülən həzinlik şeirin qüdrətini daha da artırırdı.

Ömrünün 30 ilini yurd intizarı, həsrət, yanğı, ağrı və acılarla keçirən söz sərrafı, şair Seyran Səxavətin dilindən puçurlanan duyğusal, bir qədər də qətiyyətli kəlmələr hər kəsə qürur dolu anlar yaşatdı. Şair onu da vurğuladı ki, müasir Azərbaycan hərb tarixində ən şanlı əsəri məhz Ali Baş Komandanımız yazdı.
Tural İsgəndərovun qəhrəmanımızın igidliyindən, şücaətindən bəhs etdiyi şərəf dastanını tələbə yoldaşı Hacər Qasımlının ifasında – tarın yanğılı müşayiətində dinləmək hər kəsin ovqatını yüksəltdi.

Növbəti çıxış üçün söz Nazim Cəbrayılovun döyüş yoldaşı Rüstəm Hacıyevə verildi. Xatirələr dil açdıqca, həm qürur duyduq, həm də qəlbimiz sızladı. Ağdamın Kəngərli, Qarağaclı, Cəvahirli, Salahlı, Kosalar, Göytəpə və neçə-neçə kəndləri uğrunda amansız döyüşlərin şiddəti qulaqları cingildətdi.
Tələbə Elcanə Cabbarovanın yurd sevdalı, torpaq məhəbbətli lirik duyğuları da bir ruh ovsunu idi. Əməkdar jurnalist Flora Xəlilzadə qəhrəmanımızın döyüş yolunun ibrət və örnək olduğunu və bu igidliyin gənc nəslə aşılanmasında ən böyük yükün ziyalıların boynuna düşdüyünü dilə gətirdi.
Sonda şəhid qəhrəmanımızın həyat yoldaşı, universitetin müəllimi, dosent Rahilə Cəbrayılova ailə həyatından danışdı. Köhnə xatirələri vərəqlədi, elçilikdən söz açdı. Doğulub boya-başa çatdığı Şuşalı günlərini xatırladı, bir sözlə, xarıbülbül ətirli ab-hava yaratdı.

Hələ Rahilə xanımdan əvvəl illər öncə igidimiz haqqında hazırladığım radioverilişdən danışmaq imkanım oldu. Döyüş yolunu – ağrılı-acılı günləri xoş xatirə qanadlarında tarın ruhuna kökləməyə çalışdım. Rəsul Hacızadə gənc olmasına baxmayaraq, elə yanğı ilə ifa etdi ki, coşqunun illəti yanaqlarda bərq vurdu.

Tədbirdə şəhidin övladları ilə yanaşı, ailə dostları, yurd aşiqləri, professor-müəllim və tələbə heyəti də iştirak edirdi. Onu da qeyd edək ki, tədbirin əvvəlində qəhrəmanımızın döyüş yoluna həsr edilən videoçarxı dinləmək imkanımız oldu. Hələ üstəlik fürsətdən istifadə edib şəhidin qızının doğum gününü də qeyd elədik. Tədbir musiqi sədaları altında sona çatdı.

28-02-2026, 23:05
Gənc "Çeşmə"çilərin   könül çırpıntıları

Gənc "Çeşmə"çilərin

könül çırpıntıları


Fevral ayının 28-də "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgərin adını daşıyan bir yerdə, onun ruhu gəzən məkanda keçirildi. Tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı. O, tədbirdə iştirak edən qonaqları salamladıqdan sonra, vətənimizin azadlığı uğrunda canından keçən Vətən oğullarının ruhlarını məclis iştirakçıları ilə birlikdə bir dəqiqəlik sükutla yad elədi. Sonra qeyd elədi ki, 2026- cı il başlayandan artıq ikinci görüşümüzdü keçirilir. Ənənə halını alan belə görüşlər hər ayın sonuncu istirahət günündə keçiriləcəyi nəzərdə tutulub. Tanınmış ədəbiyyat adamlarının bir arada olması poeziyaya olan sevginin bariz nümunəsi olduğunu məclis rəhbəri Lilpar Cəmşidqızı iştirakçıların bir daha nəzərinə çatdırdı.

Ardıcıl olaraq şairlərə bir- bir söz verildi və sözü AYB- nin Xəzər bölməsinin üzvü, tanınmış şair- qəzəlxan Əşrəf Pirşağılıya verdi. Ustad şair tədbir iştirakçılarına uğurlar arzuladı və belə ədəbi məclislərin ədəbiyyatımıza uğurlu töhfələr verəcəyindən danışdı və şeirlərindən, qəzəllərindən bir neçəsini səsləndirdi. Sonra söz şair İldırım Əlişoğlu Qəhrəmanova və "Sarı aşıq" Ədəbi Məclisinin sədri Adil Cəfakeşə, şair Vahid Çəmənliyə verildi. Beləcə şairlər- Əliyar Mərdiyev, gənc şair Azər Vahid, şair Bəradər Xanəliyev, şair Ziyadxan Budaq, "Qoşma" Ədəbi Məclisinin sədri Qəzənfər Məsimoğluna verildi. Onlar da "Çeşmə" Ədəbi Məclisinin əhəmiyyətindən danışıb, şeirlərindən və qəzəllərindən bir neçəsini səsləndirdilər.

Azərbaycan Yazıçılar Birliyininin üzvü, tanınmış bəstəkar, bir "Divan" müəllifi, ustad şair Hüseyn Sözlü məclisə xeyir-duasını verdikdən sonra, belə məclislərin gənc şairlərin inkişafında xüsusi əhəmiyyət daşıyacağından danışdı, şeirlərindən və qəzəllərindən bir neçəsini səsləndirdi.

"Çeşmə" Ədəbi Məclisinin gənclərin inkişafında, formalaşmasında çox böyük əhəmiyyət daşıyacağını qeyd edən məclis rəhbəri ilk dəfə məclisdə iştirak edən gənc şair Ülviyyə Əbülfəzqızına da söz verdi. Ülviyyə xanım müəllim olduğunu, ədəbiyyata bağlılığını bildirib, özünün yazdığı bir neçə şeirini səsləndirdi.

Məclisdə "Xarı Bülbül" jurnalının təsisçisi, yazıçı Camafər Əliyeva da iştirak elədi. Şairlərin səsləndirdiyi şeirlərdən sonra böyük həvəslə başlayan Ədəbi Məclis uğurla başa çatdırıldı. Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə minnətdarlığını ünvanladı və iştirakçılar adından təşəkkürünü bildirdi. Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.

28-02-2026, 22:24
GÖYLƏR DƏ GÖZ   YAŞI AXITDI O GÜN


GÖYLƏR DƏ GÖZ

YAŞI AXITDI O GÜN


Sərin-sərin, ehmal-ehmal yağan yağış yenicə kəsmişdi. Çiçəklərin ətri bir yana, torpaqdan qalxan qoxu könül ovsunlayırdı. Narın yaz yağışında yuyunan yarpaqlar günün şüasında elə parıldayırdı ki, qəlbləri riqqətə gətirəcək qədər. Kürün lal sularına baş vuran qağayıların qığıltısı, seyrək ağacların arasında pırıldaşan torağayların cəh-cəhi Muğan düzünə layla çalırdı o gün.
Baharın gəlişini ilk qarşılayan Aran yayda istidən qovrulacağını bildiyi üçün su ehtiyatını tutmaqda idi. Yoxsa cadar-cadar olan torpaqlar gülün-çiçəyin, otun-ələfin kökünü qurudacaq, susuzluqdan rəngi solan güllərin nəfəsi kəsiləcəkdi.
Yağış təbiətin qan damarı, ruh halıdır. Təbiət canlandıqca heyrətamiz gözəlliklər tilsimə çevrilir, ovsunlayır, sehrləyir hər kəsi. De gəl bu ovsundan xilas ol, görüm, necə olursan. Maraqlıdır ki, yağış yağanda həm də balıqların rəqsi başlayır. Bəlkə də damcıların səsindən vəcdə gələn balıqlar musiqi zənn edir hər bir titrəyişi. Torçular da bu məqamı gözləyir. Başı rəqsə qarışan balığı tora salmağa nə var ki...
Bahar təravətli bir gündə - dəli Kürün sahilində - Salyanda bir oğul göz açdı dünyaya. Adına Kamran dedilər.
Kamran tez bir zamanda ayaq tutdu, böyüdü. Orta məktəbə qədəm qoyduğu gündən hər kəsin sevimlisinə çevrildi. Mehriban olduğu qədər səmimi, diribaş olduğu qədər də dostcanlı, vəfalı, etibarlı bir oğul oldu. Həddi-büluğa çatan kimi Daxili Qoşunların “N” saylı hərbi hisssəsində əsgəri borcunu da yerinə yetirdi. O, torpağa, elə-obaya bağlılığı ilə seçilirdi. Hətta bu Vətən, bu torpaq uğrunda şəhid olacağını dilinə gətirəndə orta məktəbdə oxuyurdu.
Bir dəfə Arbatan məzarlığının yanından keçərkən, əli ilə şəhid məzarlarını göstərib demişdi: “Ana, görürsən, orada necə kişilər yatır, mən də onların sırasında olmaq istərdim”. –Ay oğul, nə danışırsan, hələ sən körpəsən, həyatda nə görmüsən ki, indidən şəhidlik arzulayırsan” – demişdi Arzu ana. Amma Kamranı fikrindən daşındırmaq mümkün olmamışdı.
Kamran həqiqi hərbi xdməti başa vurub evə döndükdən sonra müxtəlif sahələrdə çalışsa da, ürəyincə deyildi. Hərbçi olmaq, Vətənin keşiyində durmaq, torpaqların azad olunmasında iştirak eləmək istəyirdi. Zabitlərin çiynindəki ulduzları görəndə dərindən köks ötürürdü. Ona görə də özünə söz vermişdi, söz vermişdi ki, cəbhə bölgəsinə gedəcək.
Nəhayət, arzusuna çatmaq üçün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “gizir hazırlığı kursu”nu bitirib Pirəküşküldə “N” saylı hərbi hissədə xidmətə başladı. Bu, Kamranın torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulması üçün ən uğurlu addımı idi.
Həftə sonu evə gəlir, yeganə övladı Ümidlə gününü keçirərdi.
Qarı düşmən zəbt etdiyi ərazilərdə saysız-hesabsız canlı qüvvə, uzaqvuran artilleriya və ağır texnika yerləşdirmişdi. Bu qədər silahların qarşısında Azərbaycan ordusunun tab gətirə biləcəyini düşünmək təslimçilik qədər qorxulu idi. Günnüt istiqamətində, Lələtəpə-Seysulan ətrafında, Tovuz döyüşlərində uğursuzluğa düçar olsalar da, ordumuzun gücünü, qüdrətini qiymətləndirə bilmədilər. Daha anlamadılar ki, lokal xarakterli döyüşlər Azərbaycan ordusu üçün bir sınaqdır.
Antiteror əməliyyatının başladığı 27 sentyabr 2020-ci il tarixi şanlı hərb salnaməsinin yenidən yazılan səhifəsi oldu. Düşmənin hesablamasına görə Azərbaycan ordusunun ilk hücumu məhz Ağdam istiqamətində olmalı idi. Füzuli ərazisinə kifayət qədər mina əkərək səngərləri betonlaşdırdıqdan sonra oranın keçilməz olduğunu zənn edirdilər. Ona görə də əsas qüvvəni Ağdam ətrafına cəlb etmişdilər. Aldadıcı manevrlər düşməni çaşbaş saldığı üçün hansı cinahdan hücum ediləcəyini təxmin edə bilmədilər. Bütün bunlara baxmayaraq, Azərbaycan ordusu müxtəlif kombinasiyalar quraraq, fərqli cinahlardan zərbələr endirdi. Snayperlərin dəqiqliyi mövqeləri susdurduqca, bölüklər daha da irəli atılır, səngərlər darmadağın edilirdi. Kamranın cəsarəti, diribaşlığı düşmənin sıralarını seyrəlməkdə idi, axı o həm də mahir nişançı idi. Pulemyotu köksünə sıxıb od ələyirdi düşmənin başına.
Neçə-neçə yaralının döyüş meydanından çıxarılmasında əvəzsiz xidməti olan Kamran həm də qorxmazlığı ilə seçilirdi. Uca boylu, şux qamətli igid kabus kimi düşmənin başına çökürdü.
Arzu ana neçə gün idi ki, yata bilmirdi. Qızğın döyüş onun yuxusunu ərşə çəkmişdi. Dadaş kişi özünü təmkinli aparsa da, müharibənin nə olduğunu yaxşı anlayırdı. – Ay arvad, narahat olma, görürsən ki, ordumuz sürətlə irəliləyir, xoş xəbərlər dalbadal gəlir. İnşallah, bir də gördün qələbə ilə geri döndülər, - desə də içindəki sıxıntıdan qurtula bilmirdi.
Kamran peşəkar pulemyotçu idi.

-Ay oğul, hansı silahla döyüşürsən, - telefonda danışarkən soruşmuşdu anası.
-Ömrüm (anasına ömrüm deyə müraciət edirdi), Mübarizin silahını yaxşı tanıyırsan, bax mənimki də həmin silahdandı. Mübariz hər birimiz üçün ilham mənbəyidir, örnək timsalıdır. Onun kimi döyüşməsək torpaqları geri qaytara bilmərik. Ona görə də məhz pulemyotla döyüşürəm. Bir də narahat olmayın, böyük uğurlarımız var, bütün cinahlarda irəliləyirik.
O gün bir daha ana qürur duydu oğlu ilə, nə qədər sıxıntılı, həyəcanlı olsa da...
5 oktyabr 2020-ci il, saat 10:30. Hər səsə ürəyi titrəyən ana hövlank zəngə tərəf boylandı. O an ayaqlarını qoşalayıb beşik eləmişdi Tunar üçün. Dünyanın gərdişindən xəbərsiz olan Tunar da dərsiz-dərsiz yırğalanırdı o beşikdə.
Deyəsən Kamran idi zəng eləyən. Dəstəyin o başından səsi aydın eşidilirdi.
-Necəsən, ay oğul, gözümüz yollarda qalıb, - demək istəsə də, qırıq-qırıq kəlmələr boğazına tıxandı. Qəhərdən dili tutuldu. Amma oğluna bildirmək istəmədi. Səsini yaxşı eşitmirəm, bəhanəsi ilə özünü toparlamağa çalışdı.
-Ay oğul, vəziyyətin necədi? Havalar yaman soyuyub, əyin-başın varmı? Özünü soyuqdan qoru, - dedi ana. Necə həyəcanlandısa, heç güllədən qorunmağı tapşırmadı.
-Narahat olma, ömrüm. Zəng elədim ki, halallıq istəyim. Sabah ən ağır döyüşə gedirik. Getmək də var, qayıtmamaq da. Atama da salamımı çatdır, qardaşımı, bacımı bağrına basıb öp mən əvəzdən.
-Sən nə danışırsan, ölüm nədi, sənsiz necə yaşaya bilərəm, bəs atanı kimə tapşırırsan?! Sənsiz tab gətirə bilmərəm, onsuz da hər gün yüz kərə ölüb-dirilirəm, - ana sözünün dalını gətirə bilmədi, telefonu qızına uzatdı.
-Fatimə, əziz bacım, sən də haqqını halal et, uşaqları, Tahirəni sənə tapşırıram. Hönkürtüdən özünü saxlaya bilməyən Fatimə dizi üstə çökdü. Bu dəfə telefonu Orxan götürdü.
-Buyur, qardaş, eşidirəm.
-Orxan, müharibənin nə qədər amansız olduğunu yaxşı bilirsən, sabah döyüşə gedirik, ola bilsin qayıtmadım. Evdəkiləri sənə tapşırıram. Əgər şəhid olsam, məzara qədər məni çiynində apar. Beləcə, əlaqə kəsildi.
O gecə ailədə hər kəs səhəri dirigözlü açdı. Televizorun pultu əlindən düşməyən ata bütün kanalları bir-bir yoxlayır, cəbhə xəbərlərini qaçırmamağa çalışırdı. Əsən yeldən, uçan quşdan xəbər uman ailə sağa-sola vurnuxa-vurnuxa kiməsə zəng edir, döyüşün aqibətilə maraqlanırdılar.
Günortadan bir qədər keçmiş qonşuluqda təcili yardım maşını göründü. Arzu xanım oğluna işarə elədi ki, maşını ora sürsün. Oğul harayında idi. Artıq onun da qapısına təcili yardımın gələcəyini hiss etmişdi.
...Kamran döyüşə getməzdən öncə bayrağı anasına verib demişdi: - Həyətin girişindən as, qoy hər tərəfdən görünsün, axı həm də iki döyüşçü anasısan. O gün üçün bəri başdan hazırlıq gör. İşdi, şəhidlik qismətim olsa, nə xoş halıma.
Ana yenə də onu bu fikrindən daşındırmağa çalışdı, bayrağı büküb əlçatmaz bir yerə qoydu. Oğlunu da başa saldı ki, bir daha şəhidlik kəlməsini dilinə gətirməsin. Bu kəlməni eşidəndə vücudum titrəyir, oğul. Kamran da “olacağa çarə yoxdur” – deyib təbəssümlə süzdü anasını. Asmırsan, asma, amma vaxt gələcək o bayrağı qürurla dalğalandıracaqsan qapımızda.
Kamranın hazırladığı videoçarx bu gün də hər kəs üçün qəlb göynərtisidir. Hərbi və mülki geyimdə fərqli şəkilləri bir araya toplayaraq “ana, mən şəhid olacam” sözlərinə yazılmış mahnı ilə qurub-qoşduğu çarxı anasına göndərib israrla bax demişdi. Amma ağlama ha... Allah o günü oğluna qismət eləsin. O zaman Arzu xanımın keçirdiyi hissləri sözlə ifadə etmək heç də mümkün deyil. O çarx bu gün ən qiymətli xəzinə kimi qorunur Kamranın əşyaları arasında.
Kamran İmam Hüseyn aşiqi idi. Elə bir aşiq olaraq, Vətən, torpaq, yurd uğrunda şəhadətə yol aldı.
-Tahirə, əzizim, bilirəm ki, mən də şəhid olacağam. Uşaqlar böyüyüb məktəbə gedəndə müəllim ondan kimin oğlu olduğunu soruşacaq. O da qürurla ayağa qalxıb şəhid Kamran Quliyevin oğluyam deyəcək. Bax onda fəxr edəcəksən ki, oğlunun atası bu Vətən uğrunda şəhadətə yüksəlib. Qürurludur, deyilmi?! –demişdi Kamran.
Növbəti hücumun vaxtına az qalırdı. Düşmən strateji nöqtədə mövqelənmişdi. Dar keçidin əks tərəfinə keçmək istəyən 90 nəfərlik bölüyün təhlükəsizliyini Kamran öz üzərinə götürdü. Hədəfləri bir-bir susdurduqdan sonra kiçik qruplara bölünərək təyin olunan nöqtəyə doğru irəlilədilər. Kamranın da daxil olduğu sonuncu beş nəfərlik qrup hərəkətə keçmişdi ki, atəş açıldı. Gizir Quliyev 90 nəfərlik bölüyü sağ-salamat dar keçiddən keçirsə də, özü hədəfdən yayına bilmədi. O, əsl qəhrəmanlıq və rəşadət göstərərək şəhidlik zirvəsinə ucaldı.
O səhər dili ağzına sığmır, həyəcandan az qala dodaqlarını çeynəyirdi Arzu ana. Kürəyi od tutub yanırdı. Sanki ağır bir yük asılmışdı çiyinlərindən. Nəsə dammışdı ürəyinə. Oğlunun başına bir iş gəldiyini yəqin etmişdi. Bir yerdə qərar tuta bilmir, var-gəl edirdi. Az qala ürəyi partlayacaqdı ananın. Bayırda narın-narın yağış yağırdı.
Allah, canı canla dəyiş, - kəlməsi dilindən qopub ərşə qalxdı. Oğlumun əvəzinə məni öldür, o cavandı, iki körpəsi var, onlara qıyma atasız böyüsün, Allahım. Kəlmələr sıralandıqca, əvvəlki həyəcan qeybə çəkilirdi elə bil.
Ötən günləri xatırladı ana. -Ömrüm, çox xoşbəxt anasan, çünki dağ boyda iki oğlun var. Dağa söykəndikcə daha da əzəmətli görünürsən, - Kamranın dilindən puçurlanan bu kəlmələr ananı nə qədər qürurlandırmışdı o gün. Kino lenti kimi bircə-bircə göz önünə gəldi o anlar.
...Zəng çatmırdı, komandirə telefon açdıq. Dilini sürüdü. Sən demə, Kamran Haqqa yüksələn o uca yolda imiş.
Orxan əczaxanaya getmişdi. İçəri girər-girməz ismsiz nömrədən zəng gəldi.
-Salam, Orxandı?
-Bəli.
-Evdə, salamatlıqdırmı, Kamrandan nə xəbər?
-Şükür, yaxşılıqdı, Kamranla da dünən əlaqə saxlamışıq.
Əlaqə kəsildi.
Orxanın şübhələri artdı. Evə tələsdi. Eyni nömrədən yenə zəng gəldi. Bu dəfə gizləməyə çalışsa da, Kamranın şəhid olduğu gün kimi aydın idi.
Orxan özünü evə yetirdi, Fatimə onun dalınca qaçanda anın şübhələri artdı. Yan otağa keçəndə Orxan dizi üstə çökmüşdü.
-Bəli, oğlum şəhid olub, - pıçıldadı ana. Qəddini düzəldib bayıra çıxdı. İynə atsan yerə düşməzdi, eşidən-bilən, az qala rayonun bütün əhalisi axışıb gəlmişdi. İcra başçısı Sevindik müəllim də öndə idi.
Narın-narın yağış yağırdı. Palçıq qır saqqız kimi yapışmışdı ayaqqabılardan. Arzu ana oğlunu görməyə tələsdi.
-Ana, gəl otur bizim maşına, birlikdə gedək, - Sevindik müəllim dilləndi.
-Ayaqlarım palçıqdı, gələ bilmərəm.
-Ayağının palçığına qurban olum, ana, gəl otur, təki bulaşan maşın olsun, onu yuyub təmizləməyə nə var ki!?
***
18 qəlpə yarası almışdı Kamran.
Telində bir topa ağ tük vardı. Arzu ana oğlunun telinə sığal çəkdikdən sonra bağrına basıb duz kimi yaladı. Ona elə gəldi ki, ana nəfəsi oğlunu oyadacaq. Sonra əllərini göyə qaldırıb şükür duası etdi. Hələ Birinci Vətən müharibəsində itkin düşənləri xatırlayıb, valideynlərinin nələr çəkdiyini düşündü. Şükür etdi ki, oğlunu ziyarət etmək üçün bir təsəlli yeri - üz sürtüləcək bir baş daşı olacaq.
Hər iki övladın – Ümidlə Tunarın telində olan ata nişanəsi şərəfli ömrün əmanəti, yadigarıdır. O əmanət həm də atadan oğula keçən qiymətli bir mirasdır ki, ömrü boyu atanı andıracaq.
Kamranın ilk ailə həyatı da uğurlu alınmamışdı. Nailə xanımla bağladığı izdivacdan dünyaya gələn Ümid də onları bir arada saxlaya bilməmişdi.
İllər sonra Tahirə xanımla həyat yolunu birləşdirən Kamran dünyaya göz açan Tunarını yalnız bircə dəfə görə bildi. Nə doyunca bağrına basdı, nə də başını sığalladı. İl yarımlıq ömür-gün yoldaşının nə bir istəkan çayını əməlli-başlı içə bildi, nə qol-qola girib dükan-bazara, nə də istirahətə getdi.
Kamran dünyaya göz açanda narın-narın yağış yağırdı. Belə bir gündə körpənin dünyaya gəlişi xeyir, bərəkət, uğur gətirəcək demişdilər. Dünyaya göz yumduğu gün də narın-narın yağırdı. Onun Haqq dərgahına – ali mərtəbəyə ucalmasına mələklər sevinsə də, göylər göz yaşı axıtdı dedilər. Axı saflığı, təmizliyi, əxlaqı, ədəbi ilə seçilənlərdən idi Kamran. Uca Yaradan da onu yüzlərin, minlərin içindən seçib dərgahına apardı.
Bir zaman arzuladığı, barmağı ilə şəhid baş daşlarını göstərərək “gör burada necə kişilər yatır” – dediyi Arbatan məzarlığında uyuyur Kamran. Onu ziyarət edənlər tərəfindən səcdəgaha, qibləgaha, and yerinə çevrilən məzarlıqda...
Ayrılığın acısına dözə bilməyən Dadaş kişi də az sonra həyatla vidalaşdı.
***
O, ən böyük arzusuna çatdı. Şəhid olmaq üçün doğulmuşdu elə bil. Uca bolu, enli kürəkli, səmimi, mehriban, sədaqətli, səxavətli, vəfalı və güvənli oğul idi Kamran.
Bu gün Quliyevlər ocağına işıq tutan Tunar və Ümid adlı iki övlad böyüyür. İnanırıq ki, şəhid adını uca tutan övladlar tək bir evin çırağı deyil, ana vətənimiz Azərbaycanın başı üzərində parlayan bir günəş olacaqlar. Və o günəşin hərarəti çoxlarına ümid olacaq.
Beləcə, qəhrəmanlıq dastanı yazan gizir Kamran Dadaş oğlu Quliyev döyüşlərdə göstərdiyi rəşadətə görə, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi.

ÖTƏRXAN ELTAC
27-02-2026, 12:42
Xocalı soyqırımı heç vaxt unudulmayacaq


Xocalı soyqırımı heç

vaxt unudulmayacaq


Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri idi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə girərək soyqırım törədiblər.
Ümummilli liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırım kimi dəyərləndirərək demişdi: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür".
Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salınaraq erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirilmiş, ya da əsir götürülmüşdü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda donvurma nəticəsində həlak olmuşlar.
Hərbi təcavüz zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb.
İşğal nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb. Ələ keçirilən ərazilərdə ermənilər 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırıblar.
Nadir əhəmiyyətə malik 40 min eksponat talan olunmuş, 44 məbəd və 18 məscid təhqir edilmişdir. 927 kitabxanada 4 milyon 600 min nüsxə kitab və nadir incilərdən sayılan əlyazmalar yandırılmışdır.
İlkin və sonadək müəyyənləşdirilməmiş məlumatlara əsasən, Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox ziyan dəymişdir.
“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.
Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli növbəti Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
20 ildən artıq müddətdə xalqımıza qarşı düşmənçilik siyasəti yeridən qəddar Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi. Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qisası alındı.

Hüseynova Tahirə Hüseyn qızı
Hər iki valideynini Xocalı soyqırımı zamanı itirmiş şəhid ailəsi
25-02-2026, 19:27
Xocalı həqiqətləri və   tarixi zəfər


Xocalı həqiqətləri və

tarixi zəfər


26 Fevral – Xocalı soyqırımı günü Azərbaycan xalqının yaddaşına qanla yazılmış ən ağır tarixlərdən biridir. Bu gün təkcə bir şəhərin deyil, bütövlükdə xalqımızın taleyinə vurulmuş dərin yaradır. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb.
Ümummilli Lider Heydər Əliyev Xocalı faciəsini “bütün bəşəriyyətə qarşı tarixi cinayət” adlandıraraq bu qətliamın hüquqi-siyasi qiymətinin verilməsinin əsasını qoydu. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi və 26 fevral faciə qurbanlarının anım günü elan olundu. 1997-ci il 25 fevral tarixli sərəncama əsasən isə hər il saat 17:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan edilir.
Faciə gecəsi Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə şəhərə hücum etdi. Rəsmi məlumatlara görə, 613 nəfər qətlə yetirildi. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl idi. 8 ailə tamamilə məhv edildi, yüzlərlə insan yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi isə bu günədək məlum deyil. Qətlə yetirilənlərin bir qismi xüsusi qəddarlıqla öldürüldü. Xocalı şəhəri yerlə-yeksan edildi, tarixi və mədəni abidələr dağıdıldı.
Bu hadisə beynəlxalq hüquqa görə soyqırımı cinayətinin bütün elementlərini özündə ehtiva edir. “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” 1948-ci il Konvensiyasına uyğun olaraq milli və etnik qrupa qarşı qəsdən məhvetmə niyyəti ilə törədilən əməllər Xocalıda açıq şəkildə müşahidə olunub.
Bu gün Xocalı soyqırımı bir sıra ölkələrin parlamentləri tərəfindən tanınıb. 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının sessiyasında Xocalıda törədilmiş cinayətlər soyqırımı kimi qiymətləndirilib. 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası həyata keçirilir və dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində mühüm işlər görülür.
Şəhid ailəsi olaraq bildiririk ki, Xocalı bizim üçün sadəcə tarix deyil – itirilmiş övlad, ata, ana, bacı, qardaş deməkdir. Bu faciə hər birimizin yaddaşında sağalmayan yaradır. Lakin illər sonra 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad olunması və 2023-cü ilin sentyabrında Xocalının separatçılardan təmizlənməsi şəhidlərimizin qanının yerdə qalmadığını göstərdi. 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Bayrağının ucaldılması hər bir şəhid ailəsi üçün həm qürur, həm də təsəlli oldu.
2025-ci il fevralın 25-də Prezident tərəfindən Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncam imzalandı. Bu kompleks gələcək nəsillərə həqiqətlərin çatdırılması, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Xocalı şəhəri və kəndlərinə mərhələli şəkildə köç prosesi davam edir. Artıq yüzlərlə ailə doğma yurduna qayıdıb, həyat yenidən canlanır. Bu qayıdış həm də tarixi ədalətin təntənəsidir.
Biz - Xocalıdan olan şəhid ailələri bir daha bəyan edirik ki, 26 Fevral yalnız matəm günü deyil, həm də yaddaş günüdür. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Xocalı faciəsi unudulmayacaq.

Brilyant Hacıyeva,

Abşeron rayonunda məskunlaşmış Xocalıdan olan şəhid ailəsi
23-02-2026, 20:37
Səməd Vəkilov təltif olunub.


Səməd Vəkilov təltif olunub.

Müvəkkil Hüquq Mərkəzinin sədri, tədqiqatçı-hüquqşünas Səməd Vəkilov Qərbi Azərbaycan tarixi hüquq kontekstində apardığı araşdırmlar yüksək qiymətləndirilərək Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli tərəfindən fəxri fərmanla təltif edilib.
QHT.az xəbər verir ki, Mükafat ona Qərbi Azərbaycan İcmasının strateji məqsədlərinin həyata keçirilməsi, Qərbi azərbaycanlıların təşkilatlanması, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində xidmətlərinə və 50 illik yubileyi münasibəti ilə verilib.
Qeyd edək ki, S.Vəkilov Qərbi azərbaycanlıların kompakt yaşadığı Bərdə (İmirli kəndi), Kəngərli (Çalxanqala kəndi), Salyan rayonlarında apardığı tədqiqatlar nəticəsində 3 kitabı işıq üzü görmüşdür.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!