Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
15-08-2026, 22:46
Səksən ilin zirvəsindən boylanan ömür

Səksən ilin zirvəsindən

boylanan ömür


(Bilnə kəndinin ağsaqqallarından Xəlil Məcidovun 80 illiyinə)
Həyatda ağsaqqal və şəxsiyyət olmaq yalnız insanın yaşı ilə ölçülən bir məqam deyil. Bu mərtəbə uzun illər ərzində qazanılmış hörmətin, etimadın, dürüstlüyün və xeyirxah əməllərin nəticəsidir. İnsan ömrünün hər mərhələsində müxtəlif sınaqlarla qarşılaşır, lakin hər kəs bu sınaqlardan üzüağ çıxa bilmir. El arasında hörmət qazanmaq, insanların etibar etdiyi bir şəxsə çevrilmək, haqqın yanında dayanmaq və doğru sözü çəkinmədən demək əsl şəxsiyyətin və ağsaqqallığın göstəricisidir. Belə insanlar cəmiyyətin mənəvi sütunları, elin arxalandığı etibarlı dayaqlardır.
Ağsaqqallıq sadəcə ad və ya titul deyil. Ağsaqqallıq böyük məsuliyyət, mənəvi yük və cəmiyyət qarşısında daşınan borcdur. Ağsaqqal elin-obanın sevincini öz sevinci, dərdini öz dərdi bilən, insanları birliyə və həmrəyliyə çağıran, çətin məqamlarda müdrik sözü ilə yol göstərən şəxsdir. O, yaşadığı cəmiyyətin mənəvi dayağı, ailələrin, nəsillərin və bütöv bir elin söykəndiyi inam yeridir.
Əsl ağsaqqal mətin olur. Həyatın sərt küləkləri onu sarsıda, qarşılaşdığı çətinliklər isə yolundan döndərə bilmir. O, məğrur olur, lakin təkəbbürlü olmur. Şərəfini və ləyaqətini hər şeydən üstün tutur. Mübariz olur, haqqın və ədalətin yanında dayanır, haqsızlığa susmağı özünə yaraşdırmır. Çünki bilir ki, qarşısında susulan haqsızlıq zamanla daha böyük ədalətsizliklərə yol açır. Məhz bu xüsusiyyətlər insanı ömrünün hər çağında ucaldır və xalqın yaddaşında yaşadır.
Ağsaqqal olmaq həm də insanlara örnək olmaq deməkdir. İnsanlar onun davranışına baxır, sözündən nəticə çıxarır, həyat təcrübəsindən bəhrələnirlər. O, cəmiyyətə yalnız nəsihət vermir, öz həyatı ilə nümunə göstərir. Sözünün çəkisi də məhz bundan irəli gəlir. Çünki əsl ağsaqqalın dediyi ilə etdiyi arasında fərq olmur.
Bu gün cəmiyyətimizin ən çox ehtiyac duyduğu dəyərlərdən biri də məhz belə şəxsiyyətlərin varlığıdır. İnsanları bir araya gətirən, milli-mənəvi dəyərləri qoruyan, gənc nəslə düzgün yol göstərən ağsaqqallar hər zaman xalqın mənəvi sərvəti hesab olunublar. Onların həyat yolu bir məktəb, söylədikləri hər kəlmə isə hikmət nümunəsidir. Bu hikmət yalnız illərin deyil, halal zəhmətin, dürüst həyatın və saf vicdanın bəhrəsidir. Belə insanlar cəmiyyətin dayağı, millətin mənəvi gücü, xalqın isə qürur mənbəyidir. Onların varlığı bir elin bərəkəti, bir toplumun xoşbəxtliyi və sabaha olan inamıdır.
Azərbaycan kəndinin əsrlər boyu formalaşdırdığı mənəvi dəyərlər sistemi məhz belə insanların timsalında yaşayır və gələcək nəsillərə ötürülür. Kənd həyatı insanı torpağa bağladığı kimi, onu zəhmətə, səbirli olmağa və məsuliyyət daşımağa da alışdırır. Bu mühitdə boya-başa çatan insanlar üçün sözün dəyəri, halal zəhmətin qiyməti, qonşuluq haqqı və insanlıq borcu həyatın dəyişməz qanunlarına çevrilir. Məhz buna görə də el arasında hörmət qazanan insanlar yalnız öz ailələrinin deyil, bütöv bir nəslin və elin mənəvi simasına çevrilirlər.
Belə ömür sahiblərindən biri də Məcidov Xəlil (Meybulla) Həbi oğludur. Onun həyat yolu sadə bir insanın tərcümeyi-halından daha çox, bir dövrün, bir kəndin və bir nəslin yaşam tarixinin ayrılmaz parçası kimi diqqəti cəlb edir. Uzun illər müxtəlif sahələrdə çalışması, insanların etimadını qazanması, ailəsinə, kəndinə və cəmiyyətə bağlılığı onun həyat yolunu dəyərli edən əsas xüsusiyyətlərdəndir.
Xəlil kişi 5 avqust 1946-cı ildə Yardımlı rayonunun Bilnə kəndində anadan olub. 1952–1953-cü tədris ilində Bilnə kənd ibtidai məktəbində təhsil almağa başlayıb. 1957-ci ildə Bilnə kənd məktəbində ibtidai təhsilini başa vurduqdan sonra 1957–1962-ci illərdə Vərgədüz kənd səkkizillik məktəbində oxuyub. 1962-ci ildən etibarən təhsilini Yardımlı rayon M.F. Axundov adına orta məktəbdə davam etdirib.
O illərdə kənd məktəblərində təhsil almaq bugünkü imkanlarla müqayisə edilə bilməzdi. Uzaq məsafələr, çətin iqlim şəraiti və məhdud imkanlar gənclərin qarşısında müəyyən maneələr yaratsa da, elmə və biliyə həvəs bütün çətinliklərin öhdəsindən gəlməyə kömək edirdi. Xəlil kişi də həmin nəslin nümayəndəsi kimi təhsili gələcək həyatının ən mühüm dayaqlarından biri hesab edib.
1967-ci ildə Salyan şəhərində yerləşən Kənd Təsərrüfatı Texnikumunun aqronomluq ixtisasına qəbul olub və 1970-ci ildə həmin təhsil müəssisəsini müvəffəqiyyətlə bitirib. Torpaqla işləmək, məhsul yetişdirmək və kənd təsərrüfatının inkişafına töhfə vermək onun həyat amalına çevrilib. O, peşəsinə sevgi ilə yanaşıb, alın təri və zəhməti ilə çalışıb. Çünki yaxşı bilirdi ki, torpaq zəhməti sevən insanı heç vaxt naümid qoymur.
Xəlil kişi 1966-cı ildə ailə həyatı qurub. Altı oğul və dörd qız övladının atasıdır. Hazırda 32 nəvəsi və 15 nəticəsi var. Böyük ailə sahibi olmaq hər zaman böyük məsuliyyət deməkdir. Övladların tərbiyəsi, onların cəmiyyətə faydalı insanlar kimi yetişdirilməsi valideyn ömrünün ən mühüm missiyalarından biridir.
Bu baxımdan Xəlil kişinin ailə həyatı da nümunəvi olub. Övladlarına zəhmətkeşliyi, halallığı, dürüstlüyü və Vətənə bağlılığı aşılaması onun ata kimi ən böyük xidmətlərindən biridir. Bu gün geniş bir nəslin ağsaqqalı kimi hörmət görməsi heç də təsadüfi deyil.
Xəlil Məcidov 1966–1987-ci illərdə Yardımlı rayonunun Bilnə kənd kitabxanasına rəhbərlik edib. İyirmi ildən artıq davam edən bu şərəfli fəaliyyət onun ömür yolunun ayrılmaz hissəsinə çevrilib və maarifçilik missiyasını layiqincə yerinə yetirdiyini göstərib. Həmin illərdə kənd kitabxanası yalnız kitabların toplandığı məkan deyil, həm də kəndin mədəni və mənəvi həyatının əsas ocaqlarından biri idi. Burada keçirilən görüşlər, mütaliə saatları və maarifləndirici tədbirlər insanların dünyagörüşünün formalaşmasına, gənc nəslin elmə və kitaba marağının artmasına mühüm töhfə verirdi. Bu səbəbdən onun kitabxanaçı kimi fəaliyyəti yalnız bir peşə deyil, həm də mühüm maarifçilik xidməti kimi qiymətləndirilə bilər.
1987–1990-cı illərdə Vərgədüz Kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin katibi vəzifəsində çalışıb. 1990–1991-ci illərdə Bilnə kəndindəki “Nəsimi” kolxozunda aqronom kimi fəaliyyət göstərib. 1992–1993-cü illərdə isə Bilnə kəndindəki Nəsimi adına kolxoza sədr olaraq rəhbərlik edib. Sədrliyi dövründə özünü ədalətli, prinsipial və dürüst rəhbər kimi tanıdıb, kolxoz üzvlərinin hüquq və mənafelərinin qorunmasına xüsusi həssaslıqla yanaşıb. Hər bir əmək adamının zəhmətini layiqincə qiymətləndirib, haqqın tapdalanmasına yol verməyib, qərarlarında obyektivliyi və vicdanlı mövqeyi ilə seçilib. Onun rəhbərlik üslubunun əsasını insan amilinə hörmət, ədalət və məsuliyyət təşkil edib. Kənd sakinlərinin rəğbətini qazanan bu xüsusiyyətlər onun nüfuzunu daha da artırıb və insanların etimadını qazanmasına səbəb olub.
1994-cü ildə kolxozların birləşdirilməsi ilə əlaqədar Vərgədüz kəndindəki M.Ə. Rəsulzadə adına kolxozda sədr müavini kimi fəaliyyət göstərib. 1995-ci ildə kolxozların ləğv olunması səbəbindən həmin vəzifədən ayrılıb. 1995–1996-cı illərdə isə Bilnə Kənd Təsərrüfatı İstehsalat Kooperativində aqronom kimi çalışıb.
Xəlil Məcidov müxtəlif vəzifələrdə fəaliyyət göstərsə də, onu tanıyanların yaddaşında ilk növbədə məsuliyyətli, sözübütöv və etibarlı insan kimi qalıb. Vəzifələr keçicidir, insanın qazandığı hörmət isə ömürlükdür. Onun uzun illər ərzində qazandığı nüfuz da məhz dürüstlüyünün, prinsipiallığının və insanlara səmimi münasibətinin nəticəsidir.
Hazırda təqaüddə olan Xəlil kişi ömrünün müdriklik çağını yaşayır. Onun keçdiyi həyat yoluna zəhmət, vicdan və ləyaqətlə yazılmış bir ömür salnaməsi kimi baxmaq olar. Bu ömür yolu sübut edir ki, insanı yaddaşlarda yaşadan tutduğu vəzifə və mövqe deyil, ləyaqəti, xeyirxahlığı və cəmiyyətə bəxş etdiyi dəyərlərdir.
Belə ömürlər zaman keçdikcə daha böyük dəyər qazanır. Çünki onlar gələcək nəsillər üçün həyat dərsi, mənəvi örnək və insanlıq məktəbi olaraq qalır.
Səksən illik ömür yoluna nəzər saldıqda aydın görünür ki, Xəlil Məcidovun ən böyük qazancı insanların ona bəslədiyi hörmət, inam və etibardır. Uzun illər ərzində qazandığı nüfuz onun dürüstlüyünün, zəhmətkeşliyinin və insanlara səmimi münasibətinin nəticəsidir.
Xəlil Məcidov bu gün də el arasında sözü keçən, hörmətlə qarşılanan ağsaqqallardan biridir. Ona möhkəm cansağlığı, övladlarının, nəvələrinin və nəticələrinin uğurlarına şahid olmağı, qarşıdakı illəri sağlamlıq, xoşbəxtlik və əmin-amanlıq içində keçirməyi arzulayırıq.
Samir Əsədli
15-08-2026, 11:43
Vaqonda


Hüseyn İsaoğlu,
yazıçı-publisist, AYB və AJB üzvü

Vaqonda

(Sənədli hekayə)

Bakı metrosunun "28 May" stansiyasından hərəkət edən qatarda yenə də sıxlıq idi. İynə atsaydın yerə düşməzdi. Relslərin ritmik səsi vaqondakı uğultuya qarışır, hərəni bir tərəfə aparan yollar burada kəsişirdi. Oturacaqların birində əllərində bazarlıq torbaları olan üç yaşlı qadın əyləşmişdi. Onlar yorğun gözlərlə vaqondakı sərnişinləri süzür, arabir öz aralarında nə barədəsə pıçıldaşırdılar. Bir az irəlidə, qapının girəcəyinə yaxın iyirmi- iyirmi bir yaşlarında bir oğlanla qız əyləşmişdi. Oğlanın qulağında qulaqcıq var idi, qız isə diqqətlə telefonun ekranına baxıb nəsə oxuyur və gülümsəyirdi. Onların yanında qucağında körpəsi olan gənc bir ana və əlində ağır çanta tutmuş yaşlı bir kişi ayaq üstə dayanmışdı. Gənclər isə sanki ətrafda baş verənlərdən tamamilə xəbərsiz idilər. Bu mənzərə oturan qadınların diqqətindən qaçmadı. Nənə yaşındakı Xalidə xala çantasını dizinin üstündə düzəldib, yanındakı rəfiqəsinin qoluna toxundu. Gəncləri göstərərək dərindən ah çəkdi: - A bacı, biz cavan olanda böyük-kiçik yerini bilirdik. Yaşlı insanlar, körpə uşaqlara yer verirdik. Avtobusa, metroya bir ağsaqqal minəndə utancımızdan ayağa durmağa yer tapmırdıq. İndiki bu uşaqlar nə böyük sayır, nə də ki kiçik. Hərəsi bir telefonu alıb əlinə oynayırlar. Dünyadan xəbərləri yoxdur.Onun sözlərini başı ilə təsdiqləyən Tamilla xala eynəyini burnunun üstündə düzəldib söhbətə qoşuldu. Səsində həm qəzəb, həm də giley var idi: - Eh ay bacı, elə bu gənclərin, uşaqların evini yıxan telefondur. Vallah bu əl telefonları çıxandan abır-həyaımız da gedib. Texnologiya dedilər, tərəqqi dedilər, amma mənəviyyatımızı əlimizdən aldılar. Günü-gündən ailələrin dağılmasına da elə bu səbəb olur. Hamı bir evdə oturur, amma hərə bir ekrana baxır. Virtual dünya real canı-ciyərlərimizi bizdən ayırdı. Üçüncü rəfiqə, Solmaz xala gənclərə tərəf baxıb acıqla dilləndi:-Düz deyirsən, a bacı, düz deyirsən.
Onlar başlarını yelləyib dərindən köks ötürdülər. Yaşlı qadınların bu giley-güzarı, səs tonlarının bir az yüksək olması yaxınlıqdakı bəzi sərnişinlərin də diqqətini çəkdi. Həmin an vaqon kəskin şəkildə uğuldadı - qatar qəfil tormoz verdi. Ayaq üstə dayanan yaşlı kişinin əlindəki ağır çanta sürüşüb yerə düşdü, içindəki meyvələr, sənədlər vaqonun döşəməsinə dağıldı. Qucağında körpəsi olan ana isə müvazinətini itirib yıxılmaq təhlükəsi yaşadı.
Məhz bu saniyədə qadınların "tərbiyəsiz" adlandırdığı həmin gənclər ildırım sürətilə hərəkətə keçdilər. Qulaqcıqlı oğlan çevik hərəkətlə körpəli ananın qolundan tutub onu yıxılmaqdan qorudu. Sonra isə öz yerini ona təklif etdi: "Buyurun, bacı, əyləşin, uşaqla çətindir." Telefonuna baxan gənc qız isə saniyə itirmədən yerə çökdü. O, yaşlı kişinin səpələnmiş sənədlərini, almalarını bir-bir yığıb çantasına qoymağa başladı. Kişinin qoluna girib ona kömək etdi və özünün oturduğu boş yeri ona göstərdi:
"Ata, buyur əyləş, buralar çox sıxlıqdır, yorularsan". Yaşlı kişi gənc qızın saçını sığallayıb "Çox sağ ol, qızım, mürvətiniz bol olsun" dedi. Körpəli ana da gənc oğlana təşəkkür etdi. Bütün bunları kənardan sakitcə izləyən üç yaşlı qadın bir-birinin üzünə baxdı. Bir neçə dəqiqə əvvəl etdikləri sərt tənqidlərdən sonra vaqona ağır bir sükut çökdü. Onlar başa düşdülər ki, əlində telefon tutmaq və ya qulaqcıq taxmaq hələ insanın daxilindəki mərhəməti, tərbiyəni və böyüyə hörməti yox etmir. Zaman dəyişsə də, gənclərin xarici görünüşü fərqli olsa da, xalqın genindən gələn o gözəl adətlər hələ də yaşayırdı.
Xalidə xala utandığından torbasının ipini bərk-bərk sıxdı və yavaş səslə pıçıldadı: "Günahlarını aldıq... Maşallah, qanacaqlı uşaqlardır." Tamilla xala və Solmaz xala da sakitcə başlarını aşağı salıb, gənclərin bu davranışına ürəkdən sevindilər. Qatar isə növbəti stansiyaya doğru sürətlə irəliləyirdi.
15-08-2026, 10:41
Acının və ümidin hekayəsi

Şəbnəm RÜSTƏMOVA

Acının və ümidin

hekayəsi


Əziz oxucular, 1992-ci ildə Qızlqum sanatoriyasında Şuşa rayonundan olan məcburi köçkünlərlə görüşüb “Qarabağa qayıdacağıq” adlı reportaj hazırlamışdım. Öz həvəskar fotoaparatımla çəkdiyim şəklin də altına yazmışdım:-

“Bu qocaların qisasını bu uşaqlar alacaq.” Elə də oldu. O illərin uşaqları böyüyüb torpaqlarımızı işğaldan azad elədi və mən şəkildəki uşaqları axtarmağa başladım. Aradan keçən ağrı-acılı bir qərinədə nələr yaşadıqlarını özlərindən dinləmək istədim. Aradan bir müddət keçdi. Bu günlərdə mobil telefonuma bir mesaj gəldi:
“Salam, hər vaxtınız xeyir olsun! Eşitdim siz bu şəkildəki uşaqları axtarırsınız. Bəzilərini tanıyıram. Biri mənim həyat yoldaşımdır. Ordakı bir qızı və iki oğlanı daha yaxşı tanıyıram. Qız Ramanada, oğlanlar Şuşada yaşıyırlar. İstəsəniz əlaqə nömrələrini taparam. Mən də Qızılqum sanatoriyasında böyümüşəm və maraqlı bir hekayəm var. Əslində sizə yazmaqda məqsədim odur ki, mənim də həyat hekayəmi oxuyasınız. Mən Rüstəmova Şəbnəm - DİİXİ Hİ Şuşa Rayon Komitə sədriyəm.
Bu mesajın davamı da vardı. Amma sevincdən, həyəcandan oxuya bilmədim. O günlərin acı xatirələri bu şad xəbərə qarışıb gözlərimin qabağına tor çəkdi. Nə qədər çalışdımsa o tor uzun zaman çəkilmədi. Ona görə də “balaca” Şəbnəmin həyat hekayəsini oxumağı sizin öhdənizə buraxdım.
Sayğılarla: Tamxil Ziyəddinoğlu,
Bütöv Azərbaycan Media Qrupunun rəhbəri

Zəfər mənim

qələmimdə


Bu gün 9 sentyabr 2025-ci ildir, həftənin ikinci günüdür. Hövsanda yerləşən məhkəmə binasındayam. Bildiyimiz kimi, 3 oktyabr 2023-cü ildə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Qarabağda keçmiş qondarma “Artsax” rejiminin bir sıra rəhbərləri saxlanılıb. Yanvarın 17-sindən onların məhkəməsi aparılır. Mütəmadi olaraq mən də bu məhkəmələrdə iştirak edirəm.
Hamı zala daxil olur. Bu gün ən ön sırada əyləşdim. Məhkəmə başlamazdan öncə bir xanım məhkəmənin gedişatı haqqında təlimatlar verir.
Məhkəmə başladı.
— Qalxın, hakim gəlir!
Yavaş-yavaş şahid ifadələri başladı. Hər şahid danışmazdan əvvəl hakim sual verir:
— Bu şəxsləri tanıyırsınız?
— Sizə nə kimi zərərləri dəyib?
Bu söz mənə çox təsir etdi: “Sizə nə kimi zərərləri dəyib?”
Şahidləri dinləyə-dinləyə fikrim çox uzaqlara getdi...
30 aprel 1992-ci il. Mən anam, qardaşlarım və yaxın qohumlarımla birlikdə Şuşadan çıxdıq. Uşaq idim, amma hər şeyi xatırlayıram — dağların qoynunda qərib qalan evimizi, yollarda qalan izlərimizi, uşaq gülüşlərimin səsləndiyi həyətimizi... Qayğısız uşaqlıq illərimin bununla bitdiyini dərk etdim. O gün, özüm də bilmədən, içimdəki uşaqlıq hissini itirdim.
Atam və dayılarım döyüşdə idilər. Öncə qadınları və uşaqları çıxarırdılar. Əvvəl Ağdama, sonra Bakıya gəldik. Bizi Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki “Qızıl Qum” sanatoriyasına yerləşdirdilər və beləcə çətin qaçqın həyatımız başladı.
Böyük külfət, balaca otaq... nə əşya var idi, nə geyim, nə də doyunca yemək. Hər axşam anam o yorğun baxışları ilə bizə pıçıldayırdı:
— Bir gün hər şey yaxşı olacaq, uşaqlar...
Bir gün həyətdən səs-küy gəldi. Pəncərədən baxanda gördüm ki, yardım maşını gəlib. Bizə müxtəlif təşkilatlardan yardım gətirirdilər. Bilirsiniz, mənim anam utancaq insandır, heç vaxt yardım almağa getməzdi, bizə düşən payı qonşular alıb gətirirdilər.
Bu dəfə geyim və ayaqqabı gətirmişdilər. Yardımlar maşından boşaldıldı. Ayaqyalın halda iydə ağacının kölgəsində dayanmışdım. Hamı bir-birini səsləyirdi. Çoxlu ayaqqabı var idi. Bir qırmızı ayaqqabı gördüm, o qədər xoşuma gəldi ki... Amma növbə çox idi. Yenə də növbəyə dayandım.
Hey dua edirdim ki, mənim növbəm çatanadək heç kim o ayaqqabını götürməsin. Qırmızı rəngdə idi, üstündə bantik vardı. Təzə deyildi-burnu sürtülmüş, kiminsə köhnə bilib atdığı ayaqqabı idi. Amma təsəvvür belə etməzdim ki, o qırmızı ayaqqabı mənim üçün həm acının, həm də ümidin simvoluna çevriləcək.
Balaca ürəyim həyəcanla çırpınırdı. O ayaqqabını geyinib digər uşaqlara necə göstərəcəyimin xəyalını qururdum. Axı mən neçə aydır ayaqyalın gəzirdim.
Axır ki, mənim növbəm çatdı.

- Hə, ay saçı uzun qız, nə istəyirsən, götür, - dedi uca boylu, səliqəli geyimli dayı.
Həyəcanımdan əsirdim. Ayaqqabının birini götürmüşdüm ki, araya qarışıqlıq düşdü, çox sıxlıq olduğu üçün arada qaldım. Çəlimsiz uşaq idim.
Bir tay ayaqqabını möhkəm qucaqladım. Gerisini xatırlamıram. Özümə gələndə ayağımın və əlimin zədələndiyini gördüm. Ağrısı dözülməz idi.
İndi 40 yaşım var. O günlərdə yaşadığım acıların sözlərin gücü çatmadığı, yalnız göz yaşlarımla danışa bildiyi bir hekayədir:
Qırmızı ayaqqabı.
Bəzi hisslər var ki, sözlərlə izah etmək olmur. İndi mən hakimin sualına necə cavab verim ki, bu erməni canilərin mənə və mənim kimi nə qədər insanlara heç vaxt unutmayacaqları acılar yaşatdıqlarını hərtərəfli izah etmiş olum.
Müharibə bizim uşaqlığımızı əlimizdən aldı. Səssizcə böyüdük, ağrı acılarımıza sinə gərib göz yaşının yerinə gülümsəməyi öyrəndik. Çünki biz ağrının içindən güc tapan bir millətik.
44 günlük Vətən müharibəsi bunun ən canlı sübutudur. Biz bu qələbəni qəhrəman şəhidlərimizə, igid qazilərimizə, Ali Baş Komandanımızın dəmir iradəsinə borcluyuq. Bəli, 44 günlük Vətən müharibəsi hər kəsin gözü önündə yaşandı. Bu müharibə Azərbaycan xalqının qəhrəmanlıq, vətənpərvərlik və birlik ruhunu bütün dünyaya göstərdi.
Qələbə yalnız bayrağın ucalması deyil, həm də ruhların qalib gəlməsidir.
Ruhunuz şad olsun, Birinci Qarabağ döyüşündə qəhrəmancasına şəhid olan atalarımız. Bu xalq sizinlə həmişə fəxr edəcək. Qarşınızda baş əyirik - 44 günlük müharibədə qəhrəmancasına vuruşub canını verən şəhidlərimizə və sağlamlıqlarını vətənə qurban verən qazilərimizə. Bizə 8 noyabr Qələbə Günü sevincini yaşadan vətənimizin mərd oğulları! Biz həmişə sizi hörmət və sevgi ilə minnətdarlıqla anırıq. Çünki siz bu xalqın qürurusunuz, bu xalqın qeyrətisiniz. Zəfər bizimdir. Qarabağ Azərbaycandır.
P.S. Sonda bildirmək istəyirəm ki, əgər bu müsabiqədə yer tutsam, mənə təqdim edilən mükafatla kimsəsiz qız uşaqlarına qırmızı ayaqqabı alacağam.
DİİXİ Hİ Şuşa Rayon Komitə sədri Rüstəmova Şəbnəm Bəxtiyar qızı

Redaksiyadan: Şəbnəm Rüstəmova qalibi olduğu müsabiqədə qazandığı 300 manatla 4 kimsəsiz qıza və özünə -7 yaşında qırmızı ayaqqabı geymək nəsib olmayan Şəbnəmə qırmızı ayaqqabı alıb. 1992-ci ildə Qarabağa qayıdacağıq demişdim. İndi də deyirəm ki, bir gün o qırmızı ayaqqabını geyinib Cıdır düzünə gedəcəyik. Çünki Qarabağ bizimdir...
14-07-2026, 16:53
Kəlağayım millidir, butalıdır, güllüdür"   – milli irsimizin qorunmasına çağırış

"Kəlağayım millidir,

butalıdır, güllüdür"

– milli irsimizin

qorunmasına çağırış


13 iyul 2026-cı il tarixində Azərbaycan Milli QHT Forumunun konfrans zalında Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının zəngin mədəni irsinin ayrılmaz hissəsi olan kəlağayının qorunması, təbliği və gələcək nəsillərə ötürülməsinə həsr olunmuş "Kəlağayım millidir, butalıdır, güllüdür" adlı dəyirmi masa keçirildi.

Tədbirdən əvvəl qədim və müasir Azərbaycan kəlağayılarından ibarət sərgi, rəssam Gülnarə Məmmədovanın kəlağayı mövzusunda yaratdığı rəsm əsərlərinin ekspozisiyası və kəlağayıya həsr olunmuş kitab sərgisi nümayiş etdirildi. Sərgilər iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı çıxışında bildirdi ki, Azərbaycan kəlağayısı xalqımızın milli yaddaşının, qadın zərifliyinin və milli kimliyimizin rəmzidir. O vurğuladı ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan kəlağayısı 2014-cü ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib və beynəlxalq səviyyədə layiq olduğu dəyəri qazanıb.

Güllü Eldar Tomarlı qeyd etdi ki, son illər universitetlərdə, ümumtəhsil məktəblərində və müxtəlif maarifləndirici layihələr çərçivəsində kəlağayının təbliği istiqamətində birliyimiz tərəfindən mühüm işlər görülür. Hazırda Azərbaycan Televiziyası tərəfindən kəlağayı haqqında sənədli film hazırlanır. O, həmçinin rəsmi uniformalarda xarici mənşəli fulyarların əvəzinə milli ornamentli kiçikölçülü kəlağayılardan istifadənin məqsədəuyğun olacağını bildirdi və vurğuladı ki, kəlağayı öz təbii ipəyi, müqəddəs mənası və ənənəvi forması ilə qorunmalıdır.

Ardınca iştirakçılara Azərbaycan kəlağayısının tarixi, estetik və mənəvi dəyərini əks etdirən videoçarx nümayiş etdirildi.
Dəyirmi masada alimlər, ziyalılar, mədəniyyət və incəsənət xadimləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları və gənclər çıxış edərək kəlağayının xalqımızın tarixini, ailə dəyərlərini və milli kimliyini yaşadan əvəzsiz mədəni irs nümunəsi olduğunu vurğuladılar. Çıxışlarda milli irs nümunələrinin saxtalaşdırılması cəhdlərinə qarşı elmi əsaslarla mübarizənin, kəlağayının beynəlxalq müstəvidə Azərbaycan xalqının milli sərvəti kimi tanıdılmasının vacibliyi qeyd edildi.

Sonda Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyi ictimaiyyətə müraciət edərək hər kəsi Azərbaycan kəlağayısının qorunmasına, təbliğinə və gələcək nəsillərə olduğu kimi ötürülməsinə dəstək verməyə çağırdı.

Tədbirin sonunda Güllü Eldar Tomarlı dəyirmi masanın keçirilməsinə dəstək göstərən dövlət qurumlarına, alimlərə, ziyalılara, QHT nümayəndələrinə, media mənsublarına və gənclərə təşəkkürünü bildirərək qeyd etdi ki, milli-mənəvi irsin qorunması bütövlükdə cəmiyyətin ortaq missiyasıdır.
30-06-2026, 18:04
Ağdərədə təlim keçirilib


Ağdərədə təlim keçirilib- FOTO

Regional turizm imkanlarının gücləndirilməsi, yerli sakinlərin turizm fəaliyyətinə cəlb olunması, kənd yerlərində məşğulluğun artırılması və kiçik sahibkarlığın dəstəklənməsi məqsədilə Ağdərə rayonunun Vəngli kəndində "Kənd turizmi və qonaq evlərinin təşkili" mövzusunda təlim keçirilib. Təlim Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyin dəstəyi, Qarabağ Regional Turizm İdarəsinin təşkilatçılığı ilə baş tutub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə kənd turizminin inkişafına dəstək vermək, yerli sakinlərin turizm sahəsində bilik və bacarıqlarını artırmaq, qonaq evlərinin səmərəli idarə olunması üzrə praktiki vərdişlərin formalaşdırılması, həmçinin regionun turizm potensialından dayanıqlı şəkildə istifadəyə töhfə vermək olub. Bildirilib ki, Kiçik Qafqaz dağlarının ətəklərində yerləşən Vəngli kəndi zəngin meşə örtüyü, dağ çayları, əlverişli təbii landşaftı, təmiz ekoloji mühiti və tarixi-mədəni irsi ilə seçilərək regionun turistlər üçün cəlbedici məkanlarından birinə çevrilib.

Son illərdə kənddə aparılan bərpa və yenidənqurma işləri, yol infrastrukturunun müasirləşdirilməsi burada ekoturizm və aqroturizmin inkişafı üçün əlverişli şərait yaradıb. Təlimçi, Qarabağ Universitetinin müəllimi, "Kənd Yaşıl Turizminin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Qəhrəman Yusubov iştirakçılara qonaq evlərində yerləşdirmə və rezervasiya prosesinin təşkili, turistlərin qarşılanması, xidmət mədəniyyəti, effektiv ünsiyyət, sanitariya-gigiyena normaları və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verib. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə turizm infrastrukturunun inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və yerli əhalinin bu sahədə biliklərinin artırılması məqsədilə analoji təlim və maarifləndirici tədbirlərin gələcəkdə də təşkili planlaşdırılır.
27-06-2026, 20:52
Müvəkkil Hüquq Mərkəzində   könüllülərin əhatə dairəsi genişlənir


Müvəkkil Hüquq Mərkəzində

könüllülərin əhatə dairəsi genişlənir


Müvəkkil Hüquq Mərkəzində könüllülər departamentinin fəaliyyətinin əhatə dairəsi genişlənməkdə davam edir.

Bu barədə Butov.az-a məlumat verən Könüllülər Departamentinin rəhbəri Cavid Vəkilov bildirib ki, departamentin fəaliyyətinə yeni könüllülər qoşulub. Belə ki, İsa İsayev ictimaiyyətlə əlaqələr üzrə koordinator, Cahid Həsənli departament məsləhətçisi, Elmar Quluzadə isə gənclərlə iş üzrə koordinator kimi fəaliyyət göstərəcək.
Cavid Vəkilov onu da qeyd edib ki, könüllülər sırasının genişlənməsi departamentin fəaliyyət imkanlarının artırılmasına, gənclərin ictimai fəallığının yüksəldilməsinə və həyata keçirilən təşəbbüslərin daha səmərəli təşkilinə töhfə verəcək.
25-06-2026, 12:28
Xankəndi, Xocalı və Ağdərəyə   növbəti dəfə 180 nəfər köçürülüb


Xankəndi, Xocalı və Ağdərəyə

növbəti dəfə 180 nəfər köçürülüb


İşğaldan azad edilmiş ərazilərə köç davam edir. İyunun 25-də Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonunun bir sıra yaşayış məntəqələrinə növbəti dəfə 44 ailə qayıtdı. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə olmaqla 34 nəfər, Xocalı rayonunun Ballıca kəndinə 2 ailə, 7 nəfər, Badara kəndinə 2 ailə, 5 nəfər, Xanabad kəndinə 2 ailə, 5 nəfər köçürülüb.

Eyni zamanda Ağdərə rayonunun Həsənriz kəndinə 53 nəfərdən ibarət 13 ailə, Çıldıran kəndinə də 13 ailə olmaqla 53 nəfər, Vəngli kəndinə isə 4 ailə - 23 nəfər köç edib. Doğma yurdlarına qayıdan sakinlər yaşayış məntəqələrində qarşılanaraq yeni mənzillərinin açarlarını təhvil alıblar. Köçürülən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlar olub.Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir, əhalinin rahat və təhlükəsiz yaşayışı üçün zəruri infrastruktur yaradılır.

14-06-2026, 13:00
BİR ÖMÜRLÜK XATİRƏ...

BİR ÖMÜRLÜK XATİRƏ...

(Masallıda məzunlar 50 ildən sonra görüşdülər)
Kövrək duyğular, şıltaq və ərköyün uşaqlıq illəri, yeniyetməlik dövrünün astanasında əsl vətəndaş kimi yetişib həyatın qoynuna atıldığımız T.Bayraməlibəyov adına Yeddioymaq kənd 2 saylı tam orta məktəbindən məzun olduğumuz 1976-cı ilin 31 may günü. 50 il əvvəlki həmin illərə qayıtdıq,
yarım əsrə bərabər o günlərin xatirələri təzələndi 7 iyun 1026-cı ildə. Bu xatirələr 70 yaşın qovşağında məzunların ömürlərinə bir naxış vurdu, nur çilədi qəlblərə.
Məktəbin həyətinə toplaşan məzunların sinif otağına girib bir neçə dəqiqəlik parta arxasında şagird kimi oturub əziz və hörmətli müəllim Yusif Balayevi diqqətlə dinlədilər. Veteran müəllim bu dəfə Azərbaycan və Ədəbiyyat fənnini yox “Həyat dərsi”ni keçdi. Həyatın enişli-yoxuşlu yollarını keçən keçmiş şagirdlərinə sağlam həyat, polad iradə, səbr, təməli möhkəm olan ailə modeli arzuladı. Onlara diqqətə görə razılıq edib, ən xoş arzularını bildirdi. Tədbirin təşkilatçılarına minnətdarlıq etdi. Bu günkü görüşdən çox məmnun olduğunu dilə gətirdi.
Dünyasını dəyişən əziz müəllimlərin və sinif yoldaşlarının ruhuna dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edildi. Mircəfər ağa Vidadi, Allahşükür, Xəlil, Camal, Asif, Hasil, Qurban, Oğlanxan, Əlikömək, Qismət, Fərasət, Raqif və Süleyman orta məktəb illərinin şirin və yadda qalan anlarından kiçik epizodlar danışdıqca üzlərə təbəssüm qonur, şaqraq gülüş səsləri ətrafa yayılırdı.
Tədbir dağlar qoynunda yerləşən şəffaf bulaqları, gözəl təbiət mənzərəsi ilə Cənub bölgəsində məhşur olan “Viləş” otelin yaxınlığında yerləşən "Masallı süfrəsi" restoranında ləzzətli təamlarla dolu olan stol və şən musiqi sədaları altında davam etdirilirdi. Açıq mikrofon məzunların ixtiyarına verilmişdi. Hər kəs oynaq musiqilər altında rəqs edib arzu və istəklərini bildirir, Rauf qardaşımız isə bu xoş günləri və anları video kameranın yaddaşına köçürür. Sintizator ifaçısı Heybət məzunların sifarişlərini məmnuniyyətlə dinləyib, hər kəsin zövqünə uyğun musiqi səsləndirir, onları şənləndirməyə çalışır.
Həyat fani, ömür qısa olduğunu nəzərə alan məzunlar hər il bir araya gəlib görüşməyi qərara aldılar. Rusiya Federasiyasından "Məzun günü"nə canlı bağlantı ilə qoşulan Səmayə xanım həmvətənlərinə -sinif yoldaşlarına təbriklərini çatdırıb heç zaman bir-birlərini unutmamağı tövsiyə etdi. Məzunlar xatirə şəkli çəkdirib görüşmək ümidi ilə ayrıldılar.
Allahşükür KƏRİMOV,
AJB -nin üzvü, «QANUN HƏDƏF» qəzetinin bölgə müxbiri.
6-06-2026, 07:53
Uşaqların hüquqları və sosial ədalət

Gülmaya Feyruzqızı

AYB və AJB üzvü


Uşaqların hüquqları və

sosial ədalət


Müasir dövrdə dövlətlərin gücü təkcə iqtisadi göstəricilərlə, hərbi potensialla və ya iri infrastruktur layihələri ilə ölçülmür. Dövlətin həqiqi qüdrəti onun vətəndaşlarına, xüsusilə də uşaqlara göstərdiyi qayğı və yaratdığı sosial təminat sistemi ilə müəyyən edilir. Çünki hər bir ölkənin gələcəyi onun bugünkü uşaqlarının sağlamlığına, təhsilinə və rifahına bağlıdır.
Azərbaycan son otuz beş ildə tarixinin ən mürəkkəb və ağrılı dövrlərindən keçib. Xalqımız müharibələr, işğal, qaçqınlıq, məcburi köçkünlük, terror hadisələri, iqtisadi çətinliklər və dövlət quruculuğu kimi ağır sınaqlarla üzləşib. Minlərlə insan həyatını itirib, minlərlə ailə doğma yurdlarından didərgin düşüb. Dövlət bütün bu problemlərin həlli üçün böyük maliyyə və insan resursları sərf edib.
Bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Minalardan təmizləmə prosesi davam edir, yeni şəhərlər və kəndlər salınır, yollar, məktəblər, xəstəxanalar tikilir. Vaxtilə çadırlarda, vaqonlarda və ağır şəraitdə yaşamağa məcbur olmuş insanlar öz doğma torpaqlarına qayıdırlar. Bütün bunlar dövlətin qarşısında duran mühüm vəzifələrdir və hər bir vətəndaş bu prosesin uğurla başa çatmasını arzulayır. Lakin ölkənin qarşılaşdığı bu böyük problemlər sosial məsələlərin, xüsusilə də uşaqların rifahının ikinci plana keçirilməsinə səbəb olmamalıdır. Əksinə, müharibədən sonrakı dövrdə insan kapitalına yatırımlar daha da artırılmalıdır. Çünki bərpa olunan şəhərlərdə yaşayacaq, qurulan məktəblərdə təhsil alacaq, ölkənin gələcəyini formalaşdıracaq məhz bugünkü uşaqlardır.
Son illərdə dünyada və ölkəmizdə baş verən iqtisadi proseslər ailələrin sosial vəziyyətinə ciddi təsir göstərib. Bahalaşma, inflyasiya və gündəlik tələbat mallarının qiymətlərinin artması bir çox ailələrin büdcəsini çətin vəziyyətə salıb. Xüsusilə çoxuşaqlı ailələr uşaqların qidalanması, geyimi, təhsili, sağlamlığı və digər ehtiyaclarının qarşılanmasında ciddi çətinliklərlə üzləşirlər.
Belə bir şəraitdə uşaqpulu məsələsinin müzakirəyə çıxarılması tamamilə təbii və əsaslıdır. Uşaqpulu yalnız maddi yardım deyil. Bu, dövlətin ailəyə və uşağa verdiyi dəyərin göstəricisidir. Bəzi insanlar hesab edirlər ki, veriləcək məbləğ ailələrin bütün problemlərini həll etməyəcək. Bu fikir müəyyən mənada doğrudur. Lakin sosial yardımın məqsədi bütün problemləri birdəfəlik aradan qaldırmaq deyil, ailələrin yükünü azaltmaq və onlara əlavə dəstək göstərməkdir.
Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, uşaqların sosial müdafiəsinə yönəlmiş proqramlar uzunmüddətli perspektivdə dövlətin özünə də böyük fayda verir. Sağlam qidalanan, keyfiyyətli təhsil alan və sosial təminat hiss edən uşaqlar gələcəkdə daha məhsuldar vətəndaşlara çevrilirlər. Bu isə iqtisadi inkişafın və sosial sabitliyin əsas şərtlərindən biridir.
Uşaqların sosial müdafiəsi yalnız pul yardımı ilə məhdudlaşmamalıdır. Bu sahədə digər mühüm addımlar da atıla bilər. Məsələn, məktəb yaşlı uşaqlar üçün ictimai nəqliyyatda güzəştlərin tətbiqi və ya müəyyən kateqoriyalar üzrə tam ödənişsiz istifadə imkanlarının yaradılması ailə büdcəsinə ciddi dəstək ola bilər. Bu, xüsusilə hər gün məktəbə, hazırlıq kurslarına, idman və incəsənət dərnəklərinə gedən uşaqlar üçün böyük əhəmiyyət daşıyır.
Nəqliyyat xərclərinin azaldılması ailələrin maliyyə yükünü yüngülləşdirməklə yanaşı, uşaqların təhsil və inkişaf imkanlarını da genişləndirər. Çünki bəzi ailələr üçün əlavə nəqliyyat xərcləri uşaqların müxtəlif təhsil və inkişaf proqramlarında iştirakına maneə olur. Sosial ədalət prinsipi tələb edir ki, hər bir uşaq ailəsinin maddi vəziyyətindən asılı olmayaraq bərabər imkanlara malik olsun.
Uşaq hüquqları məsələsi yalnız sosial müdafiə deyil, həm də milli inkişaf məsələsidir. Uşaqların rifahına ayrılan vəsait xərc kimi deyil, gələcəyə qoyulan investisiya kimi qiymətləndirilməlidir. Güclü iqtisadiyyat, müasir ordu və inkişaf etmiş infrastruktur nə qədər vacibdirsə, sağlam və savadlı nəsil yetişdirmək də bir o qədər vacibdir.
Bu gün Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarşıda duran əsas vəzifələrdən biri həm bərpa-quruculuq işlərini uğurla davam etdirmək, həm də sosial rifahı gücləndirməkdir. Dövlətin qüdrəti yalnız azad edilmiş torpaqlarda tikilən binalarla deyil, eyni zamanda həmin binalarda böyüyən uşaqların xoşbəxtliyi ilə ölçüləcək.
Nəticə etibarilə, uşaqların hüquqlarının qorunması, ailələrin sosial müdafiəsinin gücləndirilməsi, uşaqpulu məsələsinin yenidən nəzərdən keçirilməsi və uşaqlar üçün nəqliyyat güzəştlərinin tətbiqi cəmiyyətin gələcəyinə xidmət edən mühüm addımlar ola bilər. Çünki hər bir ölkənin ən böyük sərvəti təbii ehtiyatları deyil, sağlam, savadlı və xoşbəxt böyüyən uşaqlarıdır.


5-06-2026, 13:58
“Güclü cəmiyyətin zərif simaları”


“Güclü cəmiyyətin

zərif simaları”
- FOTO

İyunun 5-də Xankəndi şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və Regional İnkişaf İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüş təşkil olunub. Qarabağ Universitetində təşkil olunan tədbir “Şəhərsalma və Memarlıq İli”nə həsr edilib. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirin əsas məqsədi işğaldan azad olunaraq yenidən həyat qazanan Qarabağın memarlıq salnaməsinə nəzər salmaq, doğma yurdlarımızda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərini ictimaiyyətə çatdırmaq, milli-mədəni irsimizin zənginliyini təbliğ etmək və gələcək nəsillərə ötürüləcək dəyərlərin əhəmiyyətini vurğulamaq olub. Çıxışlarda Qarabağda aparılan yenidənqurma prosesinin ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadığı, tarixi və mədəni irsin qorunmasının isə milli yaddaşın yaşadılması baxımından xüsusi önəm daşıdığı qeyd edilib.







����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!