14-06-2023, 16:33
İlham Əliyev Fələstinlə bağlı Sərəncam imzaladıPrezident İlham Əliyev Azərbaycanın Fələstində Təmsilçilik Ofisinə rəhbər təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İlham Ənvər oğlu Nəzərli Azərbaycanın Fələstin Dövlətində Təmsilçilik Ofisinin rəhbəri təyin edilib.
14-06-2023, 16:11
BQXK nümayəndələri Ermənsitanda əsir düşmüş hərbiçilərimizə baş çəkdi13 iyun tarixində BQXK nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. "Onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqə yaratmaq imkanı verilib. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
14-06-2023, 15:43
Baş Prokurorluğa yeni səlahiyyət verildiBaş Prokurorluğa yeni səlahiyyət verilib. Prezident İlham Əliyev bununla bağlı “Hüquqi yardım haqqında ərizələrin təqdim olunması barədə” Avropa Sazişi üzrə əlaqələndirici orqanın, “Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında” Avropa Konvensiyası üzrə səlahiyyətli orqanın və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyası üzrə mərkəzi orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 754 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla 1983-cü il noyabrın 24-də Strastburq şəhərində imzalanmış "Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında" Avropa Konvensiyasının Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədilə mərkəzi orqan - Azərbaycan Respublikasının Baş Prokurorluğu müəyyən edilib. Əvvəllər bu səlahiyyət Ədliyyə Nazirliyinə məxsus idi.
14-06-2023, 14:42
Tehranda Azərbaycan havasıİran Premyer Liqasında Güney Azərbaycanı təmsil edən “Traktor” futbol klubu Tehranın “İstiqlal” komandası ilə qarşılaşıb. Prinsipial qarşılaşma "Azadi" stadionunda baş tutub. Oyundan öncə Tehran rejimi təbrizli azerkeşlərin sayını azaltmaq üçün müəyyən maneələr yaratmaqla 100 min nəfərlik stadiona yalnız 1500 azərbaycanlı azerkeşin buraxılmasına icazə verib. Azərbaycanlı azerkeşlər stadiona gedən yolda "Dağların başı dumandı", "Tehran Azərbaycandır", "Hədəfimiz bir olsun, qartal qəhrəman olsun", “Azərbaycan var olsun, istəməyən kor olsun” və “Azadlıq, ədalət və milli hökumət şüarlarını səsləndiriblər. Digər maraqlı hadisə isə oyun zamanı yaşanıb. Belə ki, “Traktor” azerkeşləri bozqurd işarəsi göstərərək Azərbaycan bayrağını dalğalandırıblar.
14-06-2023, 14:25
4 ölkənin XİN rəhbərləri Astanada toplaşacaqQazaxıstanın Astana şəhərində Türkiyə, Rusiya, Suriya və İran XİN başçılarının müavinləri bir araya gələcək. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib. Görüşün 20-21 iyun tarixlərində keçirilməsi nəzərdə tutulub. Geniş tərkibdə nümayəndə heyətlərinin iştirakı ilə baş tutacaq görüş çərçivəsində Suriya məsələsi ətrafında fikir mübadiləsinin aparılması da gözlənilir.
14-06-2023, 14:14
Zəngəzur dəhlizi İranla bağlı problemdir - ƏrdoğanTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıtdıqdan sonra mətbuat konfransı keçirib. O, Şimali Kipr və Azərbaycana səfərləri, eləcə də gündəmin digər mövzuları barədə sualları cavablandırıb. Ərdoğan qeyd edib ki, Zəngəzur dəhlizi Ermənistanla bağlı problem deyil, İranla bağlı problemdir: "Burada İranın belə bir davranış nümayiş etdirməsi həm Azərbaycanı, həm də bizi məyus edir. Əslində onları da məyus etməlidir. Arzu edirəm ki, qısa zamanda problemi həll edərik. Buna müsbət yanaşsalar, bu gün həm quru yolu, həm də dəmir yolu ilə Türkiyə-Azərbaycan-İran bir-biri ilə bütövləşər və bəlkə də “Pekin-London xətti” da açılmış olar". Prezidentin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına əhəmiyyətli töhfə verəcək. O, həmçinin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanla normallaşma proseslərində əldə olunan irəliləyişi dəyərləndirilib. “Bütün əziyyətlərdən sonra bölgəmizdə sülh qapısının açıldığını görürük. Bu fürsəti əldən verməmək üçün bütün aidiyyəti tərəflərdən məsuliyyətlə hərəkət etmələrini gözləyirik”, - deyə Türkiyə lideri vurğulayıb.
14-06-2023, 14:01
Milli Məclisdən Prezident və xanımına təbrik məktubuMilli Məclis 15 iyun Milli Qurtuluş Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təbrik məktubu ünvanlayıb. Spiker Sahibə Qafarova Milli Məclisin Azərbaycan xalqının böyük siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclasında bununla bağlı təkliflə çıxış edib. Deputatlar təklifi alqışlarla dəstəkləyiblər.
14-06-2023, 13:26
Kəlbəcər və Laçında bu radiolara tezliklər ayrıldıAzərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə olunub. Şuradan verilən məlumata görə, ilk olaraq yeni lisenziyaların alınması üçün Şuraya təqdim olunan müraciətlər müzakirə olunub. Şuranın hüquq xidməti tərəfindən bu ilin aprel və may ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları araşdırılıb və Şura üzvlərinin müzakirəsinə təqdim olunub. Keçirilmiş müzakirələrdən sonra "Neftçi Media" MMC-yə (televiziya redaksiya adı "Neftçi TV"), "TVNET Telecom" MMC-yə (televiziya redaksiya adları "TVNET Kino" və "TVNET Sport") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub. Həmçinin Şuranın müvafiq qərarları ilə "AzəriGlobalServis" QSC-yə (xidmət adı "AGS TV") və "A2Z Technologies" QSC-yə (xidmət adı "AzNet") universal platforma operatoru lisenziyaları verilib. Bundan sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində radio və televiziya yayımının təmin olunması və inkişaf etdirilməsi məsələsinə baxılıb. Həmin bölgədə FM yerüstü radio yayımının əhatə zonasının genişləndirilməsi məqsədilə, habelə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dən və "İctimai Televiziya və Radio Yayımları Şirkəti"ndən Şuraya daxil olan müraciətləri nəzərə alaraq Laçın rayonu ərazisində yerləşən radio-televiziya yayım stansiyasından (RTYS) "Azərbaycan Radiosu" üçün 105.0 MHs, "İctimai Radio" üçün 90.0 MHs, Kəlbəcər rayonu ərazisində yerləşən "Kəlbəcər" RTYS-dan "İctimai Radio" üçün 90.0 MHs radiotezliklərinin ayrılması barədə qərar qəbul olunub. Həmçinin Laçın rayonu ərazisində yerləşən RTYS-dan ümumölkə televiziya kanallarının açıq yerüstü rəqəmsal yayımını həyata keçirmək üçün 27-ci TV yayım kanalı ayrılıb. Daha sonra iclasda Bakı şəhəri ərazisində televiziya yayımı üçün radiotezliklərin səmərərli istifadəsi məsələsinə baxılıb, Dövlət Radiotezliklər İdarəsindən Şuraya daxil olan məlumatlar əsasında "Bakı Teleqüllə Kompleksi"ndən 33-cü və 36-cı TV yayım kanallarının boş və istifadəyə yararlı olması məsələsi müzakirə olunub. Şura "Media haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci, 50.5-ci, 51.1-ci maddələrini rəhbər tutaraq həmin TV yayım kanallarının ödənişli rəqəmsal yerüstü televiziya retranslyasiya xidməti həyata keçirən multipleks operatorlarının istifadəsinə verilməsi üçün müsabiqə elan etmək barədə qərar qəbul edib.
14-06-2023, 12:41
Sabahın hava proqnozuAzərbaycanda iyunun 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.
14-06-2023, 12:27
Azərbaycana yeni Rusiya səfiri təyin olunduRusiya Prezidenti Vladimir Putin Mixail Yevdokimovu Azərbaycana səfir təyin edib. Bu barədə TASS agentliyi məlumat yayıb. Putinin digər qərarı ilə səfir Mixail Boçarnikov vəzifəsindən azad edilib. Qeyd edək ki, yeni təyinatdan öncə Rusiyanın Azərbaycandakı səfiri vəzifəsində Mixail Boçarnikov çalışıb. Onun diplomatik fəaliyyət müddəti başa çatıb.