Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
15-04-2026, 09:31
“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib


“Milli Pediatriya Dərnəyinin

I Milli Konqresi” keçirilib


TƏBİB və Respublika Pediatriya Mərkəzinin dəstəyi, Milli Pediatriya Dərnəyinin təşkilatçılığı ilə “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Müşfiq Məmmədli, TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova, Milli Pediatriya Dərnəyinin sədri Anar Qurbanov, həmsədrləri Yalçın Mirzəyev, Kamil Şərifov, Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov, Qarabağ Universitetinin Klinikasının baş direktoru Samir Babayev, “Həyat Fondu”nun rəhbəri, xeyriyyəçi və ictimai xadim Hacı Nuran və konqresin elmi komitəsinin katibi Sərxan Elbəyiyev, həmçinin Türkiyə Respublikasının Milli Pediatriya Dərnəyinin, Gazi Universitetinin prorektoru, professor Hasan Tezer, Türk Çocuk Acil və Yoğun Bakım Derneğinin sədri, professor Özlem Tekşam, Türk Neonatologiya Dərnəyinin sədri, professor Esin Koç çıxış edib.

Bakı şəhəri və regionlarla yanaşı, Türkiyə Respublikasından dəvət olunmuş pediatrlar, səhiyyə mütəxəssisləri və elmi ictimaiyyət nümayəndələri müxtəlif mövzular üzrə elmi məruzələrlə çıxış edib.
Konqres çərçivəsində pediatriyanın müxtəlif istiqamətlərini əhatə edən panel müzakirələr təşkil edilib.
Qeyd edək ki, konqresin məqsədi uşaqların sağlamlığı naminə yeni yanaşmaların müzakirəsi, elmi yeniliklərin mübadiləsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.



15-04-2026, 09:13
İran limanları mühasirədə


İran limanları

mühasirədə


ABŞ-ın Mərkəzi Komandanlığı “CENTCOM” bildirib ki, 10 mindən çox quru qoşunları, dəniz piyadaları və hava qüvvələri şəxsi heyəti, onlarla hərbi gəmi və təyyarə ilə birlikdə İran limanlarının mühasirəsi əməliyyatında iştirak edir.
CENTCOM daha sonra iddia edib ki, son 24 saat ərzində heç bir gəmi bu mühasirəni keçə bilməyib və altı ticarət gəmisi də Amerika qüvvələrinin əmri ilə marşrutunu dəyişərək Oman dənizindəki İran limanlarından birinə geri dönməyə məcbur olub.
Bu ABŞ hərbi qurumu vurğulayıb ki, bu mühasirə “bitərəf” şəkildə Ərəb körfəzi və Oman dənizində İran limanlarına daxil olan və çıxan bütün gəmilərə qarşı tətbiq olunur; bu isə eyni zamanda İranla bağlı dəniz marşrutlarına tam nəzarət məqsədi daşıyır.
Amerika qüvvələri Hörmüz boğazından qeyri-İran limanlarına doğru hərəkət edən gəmilərin “naviqasiya azadlığını” dəstəkləyir; bu mövqe Vaşinqtonun İranın dəniz çıxışlarını məhdudlaşdırmaq və ona maksimum təzyiq göstərmək cəhdini göstərir.
Bu hadisələr bölgə sularında gərginliyin görünməmiş səviyyədə artdığı bir vaxtda baş verir və İran limanları ətrafında Amerika hərbi qüvvələrinin genişmiqyaslı mövcudluğu böhranın yeni mərhələyə daxil olduğunu göstərən əlamət kimi qiymətləndirilir.
15-04-2026, 05:22
Psixoloji-emosional esse


Psixoloji-emosional

esse


Birinci gün heç nəyin fərqində olmursan.
İkinci gün, "itirən odur, mən heç nə itirmədim" deyə, bunu özünə dərd etməyin yersiz olduğunu düşünürsən, daha doğrusu düşünməyə çalışırsan. Əslində olan isə bu sözlərlə özünə təsəlli vermək istəyindir.
Üçüncü gün darıxırsan, görmək, səsini eşitmək istəyirsən.
Amma, dördüncü gün bu qədər rahatlıqla sənsiz qala bildiyi gəlir ağlına və qəlbən inciyirsən.
Bu inciklik artıq əbədi ayrılığın, geri dönüşü olmayan yola basılan ilk addımın xəbərçisidir.
Amma, məni incidən əsl səbəb nə onun gedişi oldu, nə yaşanan duyğuların bitməsi. Mənim ürəyimi nişan alan atəş bu gedişin bitirdiyi arzular oldu.
Halbuki, dünyanın ən xoşbəxt qadını olacağım duyğusu və sevinci ilə günləri sayırdım, xəyallarımın zirvəsində dayanan ana olmaq xoşbəxtliyinin artıq ən yaxınımda, əlçatan olduğunu hiss edirdim.
Halbuki, mən çox şey istəməmişdim...
Sadəcə anlayış...
Bu qədər böyük sevgimin, dəyərimin qarşılığında sadəcə anlayış istəyim bu qədər çətin olmamalı idi,
Sevgim...
Doğrudan indi bu ifadəni işlədərkən ağlıma gəldi, nədir axı sevgi ?
Şəninə ən gözəl cümlələr qurulan, şeirlər yazılan, mahnılar bəstələnən bir duyğu bu qədər gözəl təsvir edildiyi halda, niyə bizə ən böyük acı verir, ürəyimizdə ən dərin yara açır?
Düşünəndə, sevdiyimiz insan da məhz sevginin özü kimidir. Biz daha çox sevdikcə, o, daha çox məsafə qoyur araya.
Belə çıxır ki, biganəlik sevgidən daha mərhəmətli hissdir, ən azından ona görə ki, o, qarşı tərəfin diqqətini sənin üzərinə çəkməyi bacarır.

Jalə Asiman
14-04-2026, 19:40
Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb


Azərbaycanın hərb tarixinə dair

kitab türk dilində çapdan çıxıb


“Azerbaycan'da Askeri işleri ve Askeri Sanati (Eski çağlardan 16. yüzyılına kadar)” adlı monoqrafiya işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, geniş oxucu üçün nəzərdə tutulan 344 səhifəlik elmi əsərin müəllifi Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.
Əsər Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqatlar İnstitutu tərəfindən hazırlanmış “Azərbaycanın hərb tarixi” monoqrafiyası əsasında təkmilləşdirilib. Kitabda üç minillik dövr ərzində Azərbaycan ərazisində baş vermiş hərbi-siyasi hadisələr, qədim dövrlərdən XVI əsrə qədər baş vermiş müharibələr və hərbi-strateji düşüncənin formalaşma mərhələləri geniş şəkildə işıqlandırılır.

Zəngin mənbələrə və elmi ədəbiyyata əsaslanan bu tədqiqatda Azərbaycanda hərb sənətinin yaranması və inkişaf xüsusiyyətləri, hərbi sistemin təşkili, döyüş taktikaları, istehkam və müdafiə qurğularının rolu, eləcə də müxtəlif silah növlərinin istehsalı və tətbiqi məsələləri ətraflı şəkildə araşdırılır.
Müəllif tərəfindən təqdim edilən monoqrafiyada bu dövrdə Azərbaycan ərazisində yaşamış tayfaların müharibələrdə iştirakı, qədim Azərbaycan dövlətlərində hərb işinin təşkili və yerli tayfaların silahları haqqında qiymətli məlumatlar da öz əksini tapıb.
Kitab çoxlu sayda tarixi xarakterli illüstrativ materialla zənginləşdirilib – dövlətlərin, yürüşlərin xəritələri, döyüş əməliyyatlarının, hərbi təşkilatların yürüş və döyüş düzülüşləri sxemləri, tarixi silahların fotoşəkilləri, batal miniatürləri, o cümlədən to¬rev¬tika və daşişləmə sənəti nümunələri daxil edilir.
Beləliklə, ən qədim dövrlərdən XVI əsrə qədər Azərbayca¬nın hərb tarixinin öyrənilməsi və müvafiq ümumiləşdirilməsinin aktuallığı, problemin Azərbaycan tarixşünaslığında konkret–tarixi və konseptual baxımdan araşdırılmaması təqdim edilən tədqiqatın mövzu və məqsədlərini şərtləndirib.
Elmi məzmunu və aktuallığı ilə seçilən bu nəşr elmi biliklərin yayılmasına, milli tariximizin zənginləşdirilməsində əhəmiyyətli rol oynayır və daha dərindən öyrənilməsinə xidmət edir.
14-04-2026, 15:06
ankəndidə  filial açıldı.

Xankəndidə filial açıldı.

FOTO

Aprelin 14-də Xankəndi şəhərində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Qarabağ filialının açılışı olub.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, “Xankəndi” Biznes Mərkəzində keçirilən açılış mərasimində çıxış edən EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov, Xankəndidə Qarabağ filialının açılmasını həm tarixi, həm də strateji hadisə adlandırıb.O, bildirib ki, Qarabağ filialının fəaliyyət ərazisinə Xankəndi ilə yanaşı Xocalı, Şuşa şəhəri, Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan, Qubadlı və Laçın rayonları daxildir. Onun sözlərinə görə, Qarabağ da daxil olmaqla,Agentliyin fəaliyyət göstərən filiallarının sayı 11-ə çatdı.Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov da vurğulayıb ki, filialın Xankəndidə açılması bölgədə sabitliyin və inkişafın bərqərar olmasının göstəricisidir.Bu,həm bölgənin sakinləri, həm də burada fəaliyyət göstərən müəssisələr üçün əlçatan xidmət deməkdir. Qeyd edək ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələr, eləcə də istehlakçılar üzərində tənzimləməni, o cümlədən dövlət nəzarətini həyata keçirir. Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) 2017-ci ildə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb.






14-04-2026, 14:32
Məryəm xanım təbriki edir
Pərvanə Zəngəzurlu


Məryəm xanım

təbrik edir!


Zəngəzurun dəyərli xanımı, qələmi və öz ədəb- ərkanı ilə sevilib- seçilən Pərvanə xanımı doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bu yaş dövrü insanın kamilliyinin püxtələşmiş ən gözəl zamanıdır. Dünyanın bu gəlimli- gedimli dövründə hörmətli, izzətli bacımıza xeyirxah əməlində uğurlar arzulayıram.
Dünyanın düzənində, cəmiyyətin inkişafında xüsusi rol oynayan qüvvə qadındır. Qadın olan yerdə həyat var, işıq var, sevinc var, dostluq, ailə bütövlüyü var. Qadın olan yerdə həmişə birlik olur, güvən olur, həyata ümid çoxalır, yaşamaq eşqi artır. Qafanlı olub insanların ümidini ölməyə qoymayan, qələmi ilə vətənə yol salan, yurdumuzu unutdurmağa qoymayan şairəmizə sağlam ömür, xoşbəxt günlər arzulayıram. Arzu edirəm, ocağının işığı həmişə gur yansın, şöləsi aləmi nura qərq etsin!

Sevgi və sayğılarla: Məryəm Gəncəliyeva

P.S. Aşıq Pəri Məclisinin sədri Pərvanə xanımı "Zəngəzur Cəmiyyətləri" İctimai Birliyi İdarə Heyəti adından Tamxil Ziyəddinoğlu da təbrik edir. Pərvanə xanıma yaradıcılıq uğurları, sağlamlıq, övladlarına xoşbəxtlik arzulayır.
14-04-2026, 10:48
Qərib sənətkar

Qərib sənətkar

Uzaqdan uzağa yaxşı tanıyırdım. Amma yaxın münasibətimiz yox idi. İlk dəfə yolumuz M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasının yanında kəsişdi. O vaxt AzTV-də işləyib, I Alatavada kirayədə qalırdım. İşdən çıxıb evə gedəndə qulağıma zurna səsi gəldi. Uşaqlıqdan öyrəşdiyim və kənd toylarında sevə-sevə dinlədiyim o səs məni yolumdan elədi. Bu o vaxtlar idi ki, sosializm deyilən ictimai-siyasi formasiya dağılmış, daşnak-erməni-rus faşizminin zülmü Qərbi Azərbaycan, Qarabağ və ətraf rayonlarda soydaşlarımızın növrağını pozmuş, 1 milyondan çox əhalimiz qaçqın, köçkün vəziyyətinə düşüb sərgərdan qalmışdı. Hər kəs balasına bir tikə çörək tapmaq üçün hər cəbrə qatlaşır, öz bacardığı işin qulpundan tutub axşama qədər çalışırdı.

Sənət adamları da bu qəbildən idi. Səhər-səhər sazı olan sazını, sözü olan sözünü götürüb evdən çıxır, Allahın yetirəcəyinə tapınıb yola düşürdü. Bu dəfə yolda gördüyüm tanınmış bir nəslin, Zəngəzur mahalına ün salmış bir şəcərənin nümayəndəsi idi. Görünür yuxarıda qeyd etdiyim sıxıntılar onu da yolqırağı yeməkxanalarda öz ifaçılıq məharətini göstərməyə vadar etmişdi. Yaxınlaşmaq, gözəl ifasını dinləyib yorğunluğumu çıxarmaq, adətimiz üzrə zurnasının ağzına nəmər taxmaq, bir az da dərdləşmək istədim. Amma niyyətim baş tutmadı...

O, aralıdan məni tanıyıb daldalandı. Mən də onun o məqamda keçirdiyi duyğusal hissləri duyub görməzdən gəldim. Yerin sahibinə yaxınlaşıb sənətkarın nəmərini və ismarıcımı özünə çatdırmasını xahiş elədim. Dedim,- o zurna ifaçısına de ki, onu yaxşı tanıyıram. Sovet riyaziyatçılarını, xüsusilə Ermənistandakıları kök altına salan riyaziyyat müəllimi Həsən Şəkərəliyevin oğlu Abbas müəllimdir. Özü halal çörəklə böyüyüb. İndi də ruhunu, nəfəsini xərcləyərək ailəsinə çörək pulu qazanır. Balalarına zəhməti ilə qazandığını aparmaqdan, süfrəsinə halal çörək qoymaqdan utanmasın. Qoy bizi çöllərə salanlar, növrağımızı pozub sərgərdan qoyanlar utansın!..
Aradan xeyli vaxt keçmişdi. Mənə bir zəng gəldi. Telefona cavab verdim. Telefonun o başındakı salam-kəlam eləmədən dedi:
-Müəllim, sənnən yayındığım üçün məni bağışla!
Əslində burda bağışlanası heç bir qəbahət yox idi. Bir məğrur müəllim öz ləyaqətinə qısılmış, qüruruna sığınmışdı ki, qaçqınlığın gətirdiyi zilləti, Qərbi Azərbaycan ziyalısının düçar olduğu əzab - əziyyətləri görən, duyan olmasın...
Abbasın doğulduğu Pürülü kəndi

Tanıtım: Şəkərəliyev Abbas Həsən oğlu 1948-ci il dekabrın 6-da Zəngəzur mahalının Qafan rayonunun Pürülü kəndində ziyalı ailəsində anadan olub. Atası riyaziyyat müəllimi, anası Saçlı xanım Əli qızı ibtidai sinif müəllimi idi. Abbas 1954-1962-ci illərdə Pürülü kənd 8 illik məktəbini, 1966-cı ildə isə Gığı kənd orta məktəbində on birinci sinfi bitirib. Elə həmin ildən Pürülü kənd məktəbində laboratoriya müdiri işləməyə başlayıb. Bir il sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya fakültəsinin qiyabi şöbəsinə daxil olaraq təhsilini davam etdirib.
Abbasın musiqiyə həvəsi o qədər güclü olub ki, məktəb illərində dərsdən kənar vaxt tapan kimi müstəqil olaraq ifaçılıq öyrənməyə çalışıb. Hətta boyu balaca olduğu üçün tay- tuşları sənin zurna çalmağa nəfəsin çatmaz,- deyiblər. Amma Abbas hamısının iddialarını alt-üst edərək sübut eləyib ki, onun nəfəsi nəinki zurna çalmağa hətta Zəngəzura, Qafqaza, Turan ellərinə ün salmağa da yetər.
Əmisi oğlu Arif Şəkərəliyevlə

O, öz inadkarlığı, səyi nəticəsində tütək, yastı balaban və qara zurna kimi nəfəs alətlərində çalmağı mükəmməl öyrənib. 20 yaşında rayonda musiqiçi kimi tanınmağa başlayıb. Toylara, bayram şənliklərinə dəvət alıb, Ermənistanda ümumrespublika festivallarında iştirak edib. 1976, 1979, 1982, 1983-cü illərdə uğurlu çıxışlarına görə Fəxri fərmanlarla təltif edilib.
1988-ci ilin qanlı deportasiyasına qədər, fasiləsiz olaraq həm pedaqoji fəaliyyətlə, həm də musiqi ifaçılığı ilə məşğul olub. Azərbaycana pənah gətirəndən sonra Bakı mühiti onun qarşısında yeni fəaliyyət üfüqləri açıb, sənətkarlıq imkanlarının üzə çıxmasına stimul verib. 1995-ci ilə qədər Abşeron rayonunun Əli Qulu Qışlaq natamam orta məktəbində müəllim işləyib. Amma musiqiyə, incəsənətə o qədər ürəkdən bağlanıb ki, müqəddəs müəllimlik peşəsinə sayğısızlıq etməmək üçün 47 yaşında məktəbdən ayrılıb.
Abbas müəllimin türk uluslarına məxsus nəfəs alətlərini toplayıb Azərbaycan avazına uyğun səsləndirməsi ümumtürk incəsənətinə verdiyi əvəzsiz töhfədir. Azərbaycanda qədimdən yayılmış zurnalar səs tembri və ölçülərinə görə cürə zurna, orta zurna və qaba zurna olmaqla təsnifləşdirilir. Abbas Şəkərəliyev isə deyirdi ki, hər sənətkarın öz sənət yolu olmalıdır və bu yolda özündən sonraya bir iz qoyub getməlidir. Mənim öz bəstələrim-5 melodiyam var. Abbası rəqsi, Yallı, Novruz gəlir, Ay dostlar və s.
O, dediyini əməli fəaliyyəti ilə təsdiqləmək, sənət yolunda iz qoymaq üçün musiqi alətlərindən təkcə ifaçı kimi istifadə etməyib, həm də onların təkmilləşdirilməsinə çalışıb. İncəsənətin, musiqinin çox sahələrində qabiliyyətini sınayıb. Özünün təbirincə desək, 5 cür xüsusi tembrli zurna icad edib. Bunları - böyük, bir az böyük, orta, kiçik, bala olmaqla öz adı ilə-Abbasçı adlandırıb.

Abbas Şəkərəliyev 1993-cü ildə Sidqi Mustafayevin dəvəti ilə “İrs” folklor ansamblına daxil olub. Əvvəlcə bayram şənliklərində iştirak edib. Ansamblın rəhbəri onun ustad sənətkar olduğunu görəndən sonra beynəlxalq tədbirlərə, xarici səfərlərə aparıb. 1998-ci və 2002-ci illərdə Türkiyədə keçirilən Uluslararası Festivallarda iştirak edərək Fəxri fərmanlara layiq görülüb. Sonra Tehrana dəvət alaraq bir neçə konsertdə iştirak edib.
Müxtəlif nəfəs alətlərində yüksək peşəkarlıqla ifa edən Abbas müəllim 1995-ci ildə “Cəngi” Pəhləvanlar Folklor Qrupuna dəvət alıb. Tez-tez müxtəlif hərbi hissələrə görüşə gedərək əsgərləri “Cəngi” üstündə torpaqlarımızı düşmən işğalından azad etməyə səfərbər edib. 2001-ci ildə qrupun tərkibində Fransaya Ümumdünya Festivalına gedərək, bir neçə şəhərdə çıxış edib. Sonra İngiltərənin paytaxtı Londonda çıxışları olub.
Ustad sənətkar dünyanın harasına getsə də ürəyi Azərbaycanla döyünür, öz milləti ilə nəfəs alırdı. Bakıda özünü daha rahat, daha xoşbəxt, daha gərəkli hiss edirdi. Zəngəzur mahalının əhalisi, xüsusilə öz camaatımız onun musiqisinə, ifa tərzinə o qədər öyrəşmişdilər ki, toylarda, ən xırda məclislərdə belə gözləri onu axtarırdı. O da bunu yaxşı bildiyi üçün musiqi alətini həmişə qoltuq cibində, ürəyinin başında gəzdirirdi.
Abbas qara zurnanı götürəndə sanki ifa etmirdi, cəng tuturdu, meydan sulayıb döyüşə çıxırdı, özünü mənən sənətinə fəda edirdi. İliklərinə qədər bütün sümükləri oynayırdı. O qədər emosional təsir bağışlayırdı ki, adam düşünürdü,-indicə alətin nəfəsliyini çeynəyib qıracaq. Əhatəsindəkiləri baxışları ilə nəzarətdə saxlayırdı. Dəmkeşini, nağaraçını bir an gözdən qoymurdu. Tamaşaçıya elə gəlirdi ki, ustad sağa, sola tərs baxışı ilə öz ansamblını, komanda yoldaşlarını şövqsüzlükdə, ruhsuzluqda ittiham edir. Onların da özü kimi cövlan etməsini istəyirdi.
Musiqi ifaçılığında kamilləşəndən, sənətdə şöhrətlənəndən sonra Abbas Şəkərəliyevi televiziya kanalları tez-tez studiyalara dəvət edirdi. Bir dəfə AzTV-nin həyətində rastlaşdıq. Şirin-şirin söhbət elədiyimizi görən dostum-parodiya ustası Həsən Cəbrayılov bizə yaxınlaşdı, hal-əhval tutandan sonra dedi:
Tamxil bəy, eloğlunuz Abbas “Cəngi”ni qara zurnada havalandıranda adamın damarlarında qanı coşur, bütün azərbaycanlıların və anadoluluların yaşadığı faciələri isə yastı balabanın iniltisiylə dilə gətirir. Ayrı-ayrı türk xalqlarına, əcnəbilərə məxsus olan neçə-neçə nəfəs alətlərini təkmilləşdirərək “türkcə danışmağa” məcbur edib.

Həmişə hamı ilə ünsiyyətdə mehriban olan dostumuzu bir dəfə az qala ağlayan gördüm. 2005-ci ildə İstambulda keçiriləcək Uluslararası Festivalda iştirak etmək üçün Türkiyəyə uçurduq. Təyyarəmiz Naxçıvana yaxınlaşanda onun şən çöhrəsi bir andaca kədərə büründü. Səbəbini soruşdum, dedi:
“Bax, doğma Zəngəzurumun üstündəyik, o görünən dağlar oymağım, həmdəmim, şiş qayalar sirdaşım olub. İndi o yerlərin həsrətindəyəm.”
Bəli, Abbas Şəkərəliyev gənclik illərində oymaq-oymaq gəzdiyi yaşıl yaylaqlar, Nağdalı yurdu, Kilədərə, Qaryalı, Daşbaşı, Çiçəkli, Meydanlar, Boğazyurd, Əriməz dağları, büllur sularından doya-doya içdiyi Yalçeşmə, Qırxlar bulağı və Gülü bulağının həsrəti sinəsini yandırırdı. Həzin, yanıqlı, bəzən üsyankar melodiyaları ilə nə qədər cəhd etsə də bu yanğını söndürüb, o həsrəti çöysüdə bilmirdi. Bəlkə də Vətən dərdini, yurd həsrətini musiqinin dililə ürəyi istədiyi kimi ifadə edə bilmədiyi üçün qələmə sarılıb. Düşünüb ki, yazanda yadına düşən xatirələrin nisgilindən içinə axan göz yaşı o ağrı-acını dindirə, o atəşi söndürə bilər. Elə ona görə də “Vətən həsrətimdir, ay ellər mənim”- deyib, haray çəkirdi:
Vətən dedim, dilim-ağzım qurudu,
Düşdüm qürbətlərə canım çürüdü,
Hicran məni dərdə, qəmə bürüdü,
Sənə gəlim, orda ölüm a dağlar!

Üzünü çəhlim-çəhlim gəzdiyi dağlara tutub, sizə gəlim, orda ölüm, a dağlar,- dedi. Fəqət gedə bilmədi. O böyük arzunu, o bitməyən həsrəti daşıyan ürəyi dərdin zorbalığına dözmədi, qəfil dayandı. Özü də nə zaman, harda, necə dayandı?!

...7 iyul 2022-ci ildə, “Həyat” şadlıq sarayında. Qardaşı oğlu Həsənin toyunda, həm də ürəyinin başında gəzdirdiyi könül sirdaşı- qara zurna əlində, toy adamlarını ehtizaza gətirən ifası zamanı...
O qədər coşqulu, o qədər ehtiraslı, o qədər emosiayalı çalırdı ki, həyəcandan ürəyi durdu. Hamıya elə gəldi ki, Abbas öldü. Amma o ölmədi. Bir andaca ruhunu ilahi sevdaya möhürləyib Haqqın dərgahına yolladı. Haqq sahibi də onu dərgahına alıb əbədiyyətə apardı. Böyük sənətkar əbədiyaşarlıq qazandı.
Abbas Şəkərəliyev ölməyib, o qara zurnanın səsində, Zəngəzur sənətsevərlərinin nəfəsində yaşayır. Onu tanıyanların, sənətkarlığına pərəstiş edənlərin yaddaşında yaşayır. Onu daimi xatırlayanların xatirələrində, dostlarının, doğmalarının qəlbində yaşayır. Toylarda çalınan Cəngilərdə, tutulan Yallılarda el-obamızın sevgidolu ruhunda yaşayır...
Sənətkar Ruhuna sayğılarla:

Tamxil ZİYƏDDİNOĞLU
14-04-2026, 10:26
Belə olmaz, Hakan bəy!..

Aydın Quliyev yazır:

Belə olmaz, Hakan

bəy!..


Türkiyə gerçək təhlükəni yanlış zamanda açıqladı....Belə olmaz, Hakan bəy!..
Hakan Fidan Anadolu Agentliyinə " İrandan sonra İsrailin müharibə edəcəyi növbəti ölkə Türkiyədir, İsrail müharibəsiz yaşaya bilmir" fikrini söylədi.Məlum və təkzibolunmaz bu həqiqət yanlış zamanda və yanlış formada açıqlandı.Belə gerçəkləri bilmək və buna uyğun hərəkət etmək lazımdır, ancaq açıq danışmaq düz deyil .Ən azı Türkiyə üçün bunu rəsmi söyləmək olmaz.Niyə???
Çünki bu gerçək təhlükəni açıq söyləmək bu gün Türkiyənin İran müharibəsinə qarşı çıxmasını , Qəzza təcavüzünü pisləməsi kimi doğru kursunu şübhə altına alır, ziyanlı rəy yaradır ki, Türkiyə bütün bunları " İsrailin növbəti zərbə hədəfi olacağı qorxusundan və bölgədə davamlı müharibə vəziyyətində maraqlı olması səbəbindən edir"...
Lazımdır? Xeyr....Təhlükəyə qarşı iş görmək başqa, bunu zamansız açıqlamaq başqa....
Qoyun bu barədə hələlik şərhçilər danışsın, rəsmilər yox....
14-04-2026, 08:59
Təbrik edirik!

Təbrik edirik!

Əzizim Səməd Vəkilov, səni bir vicdanlı, ədalətli hüquqşünas olaraq tanıdım. Qürurunu, şərəfini, seçdiyin haqq yolunu sevdim. Cəsarətinə, ləyaqətinə və təmənnasızlığına görə səninlə dost oldum. Etibarına, dürüstlüyünə, sədaqətinə güvənib 15 ildir səninlə birgə milli hədəfimizə doğru yol gedirəm. Əziz qardaşım, səni yaxından tanıyanlar ictimai-siyasi xadim dəyərini yaxşı bilirlər. Növbəti doğum gününü öz adımdan, Rəhbəri olduğum Hərbi Jurnalistlər Birliyinin İdarə Heyəti adından və "Bütöv Azərbaycan" qəzetinin redaksiya heyəti adından təbrik edirəm.!Uğurunu uğurum, sevincini sevincim bilirəm. Allah səni, ailəni, millətimizi, dövlətimizi qorusun!
Sayğılarla: Tamxil Ziyəddinoğlu
14-04-2026, 07:49
Ukraynaya əlavə yardım göndəriləcək

Ukraynaya əlavə

yardım göndəriləcək


Belçika və İspaniya Ukraynaya müdafiə xərcləri üçün 1 milyard avro məbləğində yardım ayıracaq. Bundan başqa, Ukrayna ordusu əlavə olaraq F-16 qırıcı təyyarələri və ehtiyat hissələri ilə təmin olunacaq.
Butov.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fyodorov açıqlama verib.
Belçika və İspaniyanın müdafiə nazirləri Teo Franken və Marqarita Robles ilə görüşən Fyodorov əməkdaşlığın əsas sahələri barədə razılığa gəldiklərini deyib:
"Belçika bu il Ukraynaya 1 milyard avro müdafiə yardımı ayırır. Ölkə həmçinin Ukraynaya əlavə F-16 qırıcı təyyarələri göndərmək və mövcud təyyarələr üçün ehtiyat hissələrinin tədarükünü təmin etmək niyyətindədir. İspaniya da bu il Ukraynaya 1 milyard avro dəstək verəcək."
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!