Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
17-04-2026, 16:59
Antalyada yenidən görüşdülər

Antalyada yenidən görüşdülər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə bir araya gəlib.
Butov.az xəbər verir ki, üç qardaş ölkənin başçıları səmimi söhbət ediblər.
17-04-2026, 15:18
Bircə arzum var idi...


Bircə arzum var idi...

“...Hər şənbə, bazar günləri ata yurduma gedirəm. Evimizdə əzizlərimi xatırlayıram; Atamı, anamı, 2 ildi dünyasını dəyişən qardaşımı, qəhrəman bacımı, itkin qardaşımı... Qapını açıb içəri keçəndə onların mənim yanımda olduqlarını hiss edirəm. Hiss edirəm ki, hətta küçədə də mənimlə addımlayırlar...” Xankəndi sakini, doğma yurduna qayıtmış Nəzakət Lətif qızı İsmayılova belə deyir. Nəzakət xanımın həyat hekayətini səssiz, ağrısız dinləmək olmur.

O, 1973-ci ildə Xankəndidə anadan olub. Ailənin 8 övladının sonuncusudur. Uşaqlıq, yeniyetməlik illəri Xankəndidə keçib. Burada erməni separatizminin baş qaldırdığı 1988-ci ildə ailəliklə evlərini tərk emək məcburiyyətində qalıblar. Evi ermənilər zəbt ediblər. Nəzakətgil əvvəlcə Ağdama gəliblər, sonra isə Xocalı şəhərində məskunlaşmalı olublar. O, 1991-ci ildə bu şəhərdə ailə qurub. Cəmi doqquz ayın gəlini olan Nəzakətin həyat yoldaşı Vidadi Xocalı soyqırımının qurbanlarındandır. Soyqırım hadisəsindən bir ay sonra qızı Ülviyyə dünyaya gəlib.

Onu da qeyd edək ki, Nəzakət xanımın özündən iki yaş böyük bacısı Zöhrə Quliyeva Xocalı özünümüdafiə batalyonunda döyüşçü, tibb bacısı olub. Gəncə Texnologiya Texnikumunda qiyabi təhsil alan vətənpərvər qız doğma yurdun müdafiəçiləri sırasına qoşulub. Nəzakət onun haqqında belə deyir: “1990-cı ilin noyabrında bir dəfə bacım avtobusla Ağdamdan Xocalıya gəlirmiş. Əsgərandan keçəndə ermənilər avtobusu güllə-barana tuturlar. Sürücü İlqar Novruzov yaralanır. Həmin anda Zöhrə özünü itirmir, sükan arxasına keçərək avtobusu idarə edir və 32 nəfər sərnişini sağ-salamat Xocalıya gətirib çıxarır...”

Zöhrənin igidliyi haqqında başqa bir hekayət də var. Xocalı soyqırımı zamanı o, qonşu qadının körpəsinə gücü çatmadığını görüb uşağı öz kürəyinə şəlləyir. Ancaq yolda yaralandığı üçün uşağı doğmalarına verir. Yaralı vəziyyətdə belə özünü itirmir, döyüş yoldaşlarına tibbi yardım göstərir. Və nəhayət, düşmənə əsir düşməsin deyə, son gülləsini öz sinəsinə sıxır. “Zöhrənin məzarı Ağdamın Şəhidlər Xiyabanındadı. Torpaqlarımız işğaldan azad edildikdən sonra Zöhrə bacımın da məzarını tapıb ziyarət etdim, onunla xeyli söhbətləşdim,” – deyə Nəzakət xanım bildirir. Cəsur döyüşçü qızın şücaətini ulu öndər Heydər Əliyev layiqincə dəyərlərndirib, özünün 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə onu ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edib.
Nəzakət xanımın qardaşı Zakir Quliyev də iyirmi səkkiz yaşında Xocalı soyqırımında itkin düşüb. Bu günədək ondan bir xəbər yoxdur.

…Xocalıda 3 əzizini itirən Nəzakət xanım körpə qızı və valideynləri ilə birlikdə məcburi köçkünlüyün ağrı-acısını yaşayıb. Əvvəlcə Naftalanda, sonra Goranboyda müvəqqəti məskunlaşıb. Köçkünlük illərində ata-anasını da itirib. Həmin dövrü xatırlayan Nəzakət xanım deyir: “Əvvəldən körpələr evində işləmişdim. Goranboyda da öz işimlə bağlı çalışdım. Qızımı böyütdüm, indi şükür, ailəsi, 3 övladı var. Düz 36 il doğma vətənimə - Xankəndimə həsrət qaldım. Onda mənim bircə arzum var idi - Xankəndiyə qayıtmaq! Düşünürdüm ki, yurduma qayıtsam itirdiyim doğmalarımın da ruhları şad olar. Şükür, torpağıma qayıtdım”.

…Nəzakət xanım ən böyük arzusuna çatıb. İndi Xankəndidə yaşayır. Burada 1 nömrəli uşaq bağçasında dərzi kimi çalışır. Özünü xoşbəxt sanır. O deyir: “Qoy, bu sevinc dogma-yurd yuvasını itirmiş hər bir kəsə nəsib olsun! Bizə bu xoşbəxtliyi yaşadan şəhidlərimizə borcluyuq. Allah qazilərimizə can sağlığı versin, yaşasın müzəffər Prezidentimiz!”

Mina RƏŞİD
16-04-2026, 19:21

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Abşeronda yağışın

fəsadları aradan

qaldırılır


Mart və aprel ayında yağan intensiv yağıntılar nəticəsində Abşeron rayonunun bir sıra ərazilərində - Xırdalan, Masazır, Məmmədli, Hökməli və Aşağı Güzdək yaşayış məntəqələrində, göl ətrafı yaşayış məskənlərində, o cümlədən Saray kəndinin relyefcə çökək hissələrində yağış suyunun və qrunt sularının artması müşahidə edilmişdir. İlk günlərdən etibarən su kütləsinin təxirəsalınmadan idarə olunması, istiqamətləndirilməsi, kənarlaşdırılması və digər əhəmiyyətli tədbirlərin görülməsi istiqamətində Abşeron Rayon İcra Hakimiyyəti, yerli bələdiyyələr, FHN-nin və ADSEA-nın nümayəndələri ilə birgə qərargah yaradılmışdır. Görülən işlər çərçivəsində yüksək məhsuldarlıqlı nasos və suçəkmə qurğuları vasitəsilə ərazilərdən suyun fasiləsiz

kənarlaşdırılması işi aparılmış, Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Abşeron RİH-nin yerli qurumlarının birgə səyləri ilə ərazilərə əlavə nasos və texniki vasitələr cəlb edilərək suçəkmə işləri gücləndirilmişdir.
Ərazilərin spesifik xüsusiyyətləri nəzərə alınaraq mobil nasos stansiyaları və pompalar vasitəsilə çirkab və yağış sularının ötürülməsi həyata keçirilmişdir. Lilsoran və digər xüsusi texnikalar vasitəsilə kanalların, kollektorların və suötürücü xətlərin lil və tullantılardan təmizlənməsi həyata keçirilmişdir. Eyni zamanda su kütləsinin çoxluğu nəzərə alınaraq müvəqqəti suötürücü xətlər və alternativ axın istiqamətləri yaradılaraq suyun sürətli uzaqlaşdırılması təmin edilmişdir.

Bildiririk ki, normadan dəfələrlə artıq yağış suyunun düşməsi, hal-hazırda da ara-sıra yağışların yağması və bununla əlaqədar olaraq nasosxanaların gücləndirilmiş iş rejimində çalışdırılması səbəbindən bəzi nasosxanaların fəaliyyətində yaranmış müvəqqəti fasilələr səbəbindən rayonun bəzi hissələrində içməli suyun verilişində yaranmış məhdudiyyətlər operativ tədbirlər nəticəsində aradan qaldırılmış və içməli su təminatı qısa müddətdə əvvəlki rejimə qaytarılmışdır.

Hazırda relyef cəhətdən ən çökək ərazilərdə yerləşən küçələrdə və ayrı-ayrı ünvanlarda fərdi yaşayış evlərinin həyətlərindən suyun kənarlaşdırılması, göllərin suyunun səviyyəsinin tənzimlənməsi və bənd vurulması, göl ətrafı ərazilərdə təmizlik işlərinin görülməsi həyata keçirilir. O cümlədən müraciətlər əsasında fərdi sahibkarlar tərəfindən inşa edilmiş və idarəçiliyi özəl şirkətlərdə olan çoxmənzilli yaşayış binalarına da dəstək verilib, zirzəmilərə dolan su kütləsinin tez bir zamandan çəkilməsi üçün əlavə nasoslar cəlb edilib. Artıq bir çox zirzəmilər tamamilə qurudularaq sakinlərin istifadəsinə verilib.

Bununla yanaşı bildiririk ki, hazırda da bu istiqamətdə həyata keçirilən fəaliyyət davam etdirilir və bundan sonra da lazimi addımlar atılacaqdır.

16-04-2026, 15:24
Əliyev Türkiyəyə   işgüzar səfərə gedib

Əliyev Türkiyəyə

işgüzar səfərə gedib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfərə gedib. Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.
16-04-2026, 15:10


Daha 13 azərbaycanlının

əmlakı müsadirə olundu


Müharibə ilə bağlı daha 13 həmədanlıya qarşı cinayət işi açılıb və onların əmlaklarının müsadirəsi barədə qərar verilib.
Bu barədə Həmədan Prokurorluğu məlumat yayıb. Onlar "düşməənlə əməkdaşlıq" və "milli maraqlara zidd fəaliyyətlər"də günahlandırılıblar.
Cəzalandırılan azərbaycanlıların kimliyi barədə açıqlama verilməyib.
Qeyd edək ki, ötən həftə isə eyni ittihamlara görə 25 həmədanlının əmlakı müsadirə olunmuşdu.
P.S. Azərbaycanlıları müflisləşdirmək Fars rejiminin köhnə taktikasıdır. Adamları həbs edir. Mülk qarşılığında azadlığa buraxıb, olan-qalanın əlindən alır, qısa müddətdən sonra yenidən həbs edirlər.
16-04-2026, 10:42
İsrail kəşfiyyatının etirafı


İsrail kəşfiyyatının etirafı

Tehran ABŞ və İsrailin hərbi əməliyyatlarından sonra daha sərt mövqe tutub. Bu barədə “Voll Strit Jurnal” (VSJ) qəzetində yayımlanan məqalədə deyilir.
Bildirilib ki, amerikalılar üçün İran hakimiyyəti pisə doğru dəyişib:
“ABŞ İrana qarşı hərbi əməliyyata başlayaraq yüksək vəzifəli şəxslərinin öldürülməsinin rejim dəyişikliyi üçün şərait yaradacağına ümid edirdi.
Vaşinqton rəsmiləri Tehranda ABŞ-İsrail maraqlarına tabe olan bir liderin ortaya çıxacağına əmin idilər, lakin bu baş vermədi. Əksinə, yaranan siyasi boşluğu həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə kompromisə az maraq göstərən radikal yeni liderlər doldurur”.
İsrailin İran bölməsi üzrə hərbi kəşfiyyat xidmətinin keçmiş rəhbəri Denni Sitrinoviç də qeyd edib ki, müharibə rejimi dəyişdirib, lakin müsbətə doğru yox:
”Biz iranlıların müharibədən əvvəl üzləşdiyindən daha pis bir reallıq yaratdıq".

16-04-2026, 09:12
Yusif Ağbulaqlıdan bir xatirə

Yusif Ağbulaqlıdan

bir xatirə


Nənəm Həlimə Orucəli qızı (1901-14 fevral 1975) Kərbəlayı Bayram babamın ilk həyat yoldaşıdır. Təəssüf ki, nənəmin övladı olmayıb. Amma bizə sonsuz məhəbbəti ilə yaddaşlarımızda qalıb. 1977- ci ildə nənəmin şəkildə göstərdiyim əşyalarını–səhəng, yun darağı, xəlbir, babamın 1929-cu ildə Kərbəladan gətirdiyi muncuqdan qalan hissə, nənəmə gətirdiyi mis yağ piyaləsi, təsbehi Bakıya köçəndə özümüzlə gətirmişik. Nə yaxşı ki, bu təskinliklərim məni 52 ildir ki, sakitləşdirir:
Həlimə nənəm
Bu gecə yuxuma Həlimə nənəm
Girmişdi, nə qədər sevindim, Allah.
Sən demə bir azdan tez gedəcəkmiş,
Gözümü açanda çəkəcəmmiş ah.

Keçdi buxarını, təndiri gəzdi,
Tiyanın altını bərk qalamışdı.
Başını tərpətdi asta-astaca-
Gözünün önündə səhəng durmuşdu.

Xanım yerişiylə gəzdi hər yanı,
Oraq, kərəntiyə, dəhrəyə baxdı.
Görüb gülümsədi yun darağını,
Asılı kirişə, cəhrəyə baxdı.

Xəlbirə, ələvəyə vurdu əlini,
Dedi: yağ küpəsi, nəhrə hardadı?
Kərbəladan gələn yağ piyaləsin
Soruşdu, ay nənə, dedim, burdadı.
Babamın kəhrəba nişanəsini
Tövlə qapısında görmədi gözü,
Dedim: nənə, vallah, itirməmişəm,
Bu yanda asmışam, bax, budur özü.

Həvəni, kirkiti, xananı gəzdi,
Dedim: sındırmışam vərəngələni,
Dinmədi, üzümə baxmadı da heç,
Bildim ki xoşuna gəlmədi yəni.

Dedim ki: ay nənə, təsbehin durur,
Mən ondan alıram sənin iysini.
Dedi: yaxşı qoru, ağıllı balam,
Yaxşı ki, tapırsan təskinliyini.

Qaçdım ki, təsbehi götürüb gələm—
Nənəm gəlişiylə sevinc vermişdi.
Geriyə döndüm ki, nə gəzir nənəm,
Nənəm sakitcənə çıxıb getmişdi.

Yuxu görürəmmiş, sərsəm ayıldım,
Göz açdım yataqda uzanıqlıyam.
Yandırdı nənəmin sakit gedişi,
Bilmədim hönkürüb necə ağlıyam.

Əşyalar nənəmdən yadigarımdır,
Mənə xatırladır keçən ayları.
Hayıf ki, şəkili qalmadı bircə,
Bütün saxlamışam bu qalanları.

Yusif Ağbulaqlı yaddan çıxarmaz,
O, bizə qeyrətdən bir qala qurdu.
Övladı olmadı nənəmin, əfsus,
Amma övladlıdan uca tutuldu.


16-04-2026, 08:24
Mükəmməl tədqiqat əsəri

Mükəmməl tədqiqat

əsəri


15 aprel 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında, İcmanın Nəzarət Təftiş Komissiyasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin “İrəvanda Azərbaycan təhsil tarixi” adlı monoqrafiyasının təqdimatı keçirilib. Tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvləri, icma sədrləri, şura sədrləri, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təqdimatı açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, nəşr Qərbi Azərbaycanın təhsil tarixinin sistemli şəkildə araşdırılması baxımından mühüm elmi mənbədir. O qeyd edib ki, monoqrafiya İrəvanda Azərbaycan maarifçiliyinin zəngin ənənələrini üzə çıxararaq tarixi həqiqətlərin bərpasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili, professor Hikmət Babaoğlu vurğulayıb ki, əsər yalnız elmi deyil, həm də ictimai-siyasi baxımdan əhəmiyyətlidir. Onun sözlərinə görə, kitab Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq elmi dövriyyəyə çıxarılması və milli yaddaşın möhkəmləndirilməsi baxımından xüsusi rol oynayır.

Tədbirdə həmçinin Qərbi Azərbaycan İcması Müşahidə Şurasının üzvü, Milli Məclisin komitə sədri, millət vəkili Musa Urud,

İcmanın İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Nazim Mustafa,
Amasiya Rayon İcmasının sədri, akademik Abel Məhərrəmov,
İcmanın Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı, Millət vəkili Rizvan Nəbiyev, AMEA-nın müxbir üzvü, professor Könül Bünyadzadə, İcmanın Qadınlar Şurasının üzvü, millət vəkili Tənzilə Rüstəmxanlı və İcmanın Hüquq Komissiyasının sədri, Böyük Qarakilsə İcmasının sədri, professor

Zahid Cəfərov çıxış edərək əsərin elmi əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd edilib ki, əsər Azərbaycan tarixşünaslığı və pedaqoji fikir tarixində mühüm yer tutur və monoqrafiya Qərbi Azərbaycanın təhsil irsinin sistemli şəkildə araşdırılması ilə yanaşı, bu sahədə mövcud olan boşluqların doldurulmasına və tarixi həqiqətlərin elmi əsaslarla ortaya qoyulmasına ciddi töhfə verir.

Çıxışlarda o da vurğulanıb ki, bu fundamental tədqiqat Qərbi Azərbaycanın təhsil və maarifçilik tarixinin öyrənilməsi istiqamətində mühüm elmi hadisə olmaqla yanaşı, milli yaddaşın bərpasına xidmət edən dəyərli mənbədir.

Kitabın müəllifi, Qərbi Azərbaycan İcması Nəzarət Təftiş Komissiyasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev təqdimata qatılan hər kəsə təşəkkürünü bildirib. Qeyd edib ki, bu əsərin əsas məqsədi Qərbi Azərbaycanın təhsil və maarifçilik tarixini elmi əsaslarla araşdıraraq gələcək nəsillərə çatdırmaq, eyni zamanda tarixi həqiqətləri obyektiv şəkildə ortaya qoymaqdır. Müəllif vurğulayıb ki, bu istiqamətdə araşdırmalar gələcəkdə də davam etdiriləcək.

Qeyd edək ki, 536 səhifəlik “İrəvanda Azərbaycan təhsil tarixi” monoqrafiyası qədim İrəvan mahalında təhsil sisteminin formalaşması və inkişaf mərhələlərini ilk dəfə sistemli şəkildə araşdırır. Müəllif bu əsərdə Ümumtürk mədəni sisteminin ayrılmaz hissəsi olan bölgədə məscid məktəbləri, mədrəsələr və rus-Azərbaycan məktəblərinin yaranması və inkişafını ilk dəfə olaraq sistemli şəkildə elmi dövriyyəyə daxil edib. Araşdırma arxiv sənədləri əsasında sübut edir ki, Qərbi Azərbaycanda təhsil sistemi əsrlər boyu xalq pedaqogikasına və islam mənəviyyatına söykənərək milli varlığın qorunmasında mühüm rol oynayıb.

Monoqrafiyada İrəvanın maarifçilik mühitində mühüm rol oynamış Mirzə Cabbar Məmmədzadə, Haşım bəy Vəzirov, İbrahim Səfi, Vahid Şadiyev kimi ziyalıların fəaliyyəti geniş təhlil olunur. Xüsusilə Mirzə Cabbar Məmmədzadənin pedaqoji və metodiki fəaliyyəti, “Azərbaycan dili” dərsliklərinin hazırlanmasındakı xidmətləri yüksək qiymətləndirilir.

Eyni zamanda əsərdə İrəvan Kişi Gimnaziyasının fəaliyyəti xüsusi yer tutur. Müəllif arxiv sənədləri əsasında göstərir ki, bu təhsil ocağı yalnız bilik verməklə kifayətlənməyib, həm də Azərbaycanın gələcək dövlət xadimlərinin, diplomatlarının yetişməsində mühüm rol oynayıb. Gimnaziyanın məzunları sırasında Teymur bəy Makinski və Əkbər ağa Şeyxülislamov kimi tarixi şəxsiyyətlərin adı çəkilir.

Monoqrafiyanın elmi redaktorları sırasında filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı və siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu yer alır. Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın məsləhətçiliyi ilə hazırlanmış əsər tanınmış alimlər tərəfindən yüksək dəyərləndirilib.
Kitaba filologiya elmləri doktoru Almaz Ülvi ön söz yazıb.






15-04-2026, 22:50
İndoneziya səfiri Xankəndi şəhərində


İndoneziya səfiri Xankəndi şəhərində - FOTO

Aprelin 15-də İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmin Qarabağa səfəri çərçivəsində Xankəndi şəhərinə gəlib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin məsləhətçisi Qasım İbrahimov, səfirə burada aparılan bərpa-quruculuq işləri, yenilənmiş infrastruktur, əhalinin köçü barədə məlumat verib. İlk dəfə Xankəndinə səfər edən səfir, şəhərə heyranlığını gizlətməyib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, şəhərlə tanışlıqdan sonra B.Helmin Qarabağ Universitetini ziyarət edərək, kitabxana, dərs otaqlarına baxıb. Xatırladaq ki, B.Helmini Xankəndidən əvvəl Şuşa şəhərində olub. Səfir gələcəkdə İndoneziyanın şəhərlərindən birinin Şuşa ilə qardaşlaşmasının iki ölkə arasında münasibətlərə layiqli töhfə verə biləcəyini vurğulayıb.




15-04-2026, 22:43
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub


Zərifə Əliyeva Azərbaycan tibb

tarixində silinməz iz qoyub


Hər il 15 aprel tarixində Azərbaycan xalqı görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın əziz xatirəsini dərin ehtiramla yad edir. Ömrünü tibb elminin inkişafına və insan sağlamlığının qorunmasına həsr etmiş bu böyük şəxsiyyətin zəngin elmi irsi Azərbaycan səhiyyəsinin tərəqqisində mühüm rol oynamışdır.
Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1947-ci ildə ali təhsilini əla qiymətlərlə başa vurmuşdur. O, 1949-cu ildən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda fəaliyyətə başlamış və oftalmologiya sahəsində fundamental elmi tədqiqatlar aparmışdır.
Alimin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanda geniş yayılmış traxoma xəstəliyinə qarşı mübarizə olmuşdur. Onun bu sahədə əldə etdiyi nailiyyətlər nəticəsində xəstəliyin qarşısının alınmasında mühüm uğurlar əldə edilmişdir. 1960-cı ildə müdafiə etdiyi namizədlik dissertasiyası və tətbiq etdiyi müalicə üsulları respublika miqyasında geniş yayılmışdır. Zərifə Əliyeva həmçinin qlaukoma, virus mənşəli göz xəstəlikləri və görmə orqanının peşə patologiyası üzrə mühüm tədqiqatlar aparmışdır. Onun elmi araşdırmaları sənaye sahəsində çalışan insanların sağlamlığının qorunmasına, peşə xəstəliklərinin qarşısının alınmasına və müasir diaqnostika üsullarının tətbiqinə mühüm töhfə vermişdir.
1977-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülən Z.Əliyeva. sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Oftalmologiya kafedrasına rəhbərlik etmişdir. O, 150-yə yaxın elmi əsərin, monoqrafiya və dərs vəsaitlərinin müəllifi kimi dünya oftalmologiya elminə dəyərli töhfələr vermişdir. 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının, akademik M.İ.Averbax adına mükafatina layiq görülməsi onun elmi nüfuzunun beynəlxalq səviyyədə tanınmasının göstəricisi olmuşdur.
1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən Zərifə Əliyeva Azərbaycan tarixində ilk qadın akademik-oftalmoloq kimi elm salnaməsinə adını qızıl hərflərlə yazdırmışdır. O, yalnız alim kimi deyil, həm də pedaqoq və ictimai xadim kimi yüksək nüfuz qazanmış, milli səhiyyə sisteminin inkişafına və ixtisaslı kadrların hazırlanmasına mühüm töhfələr vermişdir.
Zərifə Əliyeva eyni zamanda Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anası idi. Onun yüksək mənəvi keyfiyyətləri, humanizmi və ziyalılığı Azərbaycan qadınının parlaq nümunəsi kimi yadda qalmışdır. O, həkimlik peşəsinə dair belə deyirdi: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır.” Bu fikir onun həyat və fəaliyyətinin əsas prinsipini əks etdirirdi.
Görkəmli alim 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmiş, 1994-cü ildə nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilmişdir. Bu gün onun məzarı xalqımız tərəfindən ehtiramla ziyarət edilir və əziz xatirəsi daim yad olunur.
Hazırda 2002-ci ildən fəaliyyət göstərən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi görkəmli alimin adını daşıyaraq onun zəngin elmi irsini yaşadır. 2023-cü ildə akademikin anadan olmasının 100 illik yubileyi ölkəmizdə geniş qeyd olunmuş, bu münasibətlə silsilə elmi və ictimai tədbirlər keçirilmişdir.
Akademik Zərifə Əliyevanın həyat yolu Azərbaycan tibb elminin şərəfli salnaməsidir. Onun elmi nailiyyətləri, humanist ideyaları və yüksək mənəvi dəyərləri bu gün də öz aktuallığını qoruyur. Böyük alimin işıqlı xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq və gələcək nəsillərə örnək olaraq qalacaqdır.

Səkinə Sadıxova
Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!