Astarada torpaq sürüşməsi - Çayın məcrası dəyişdirilir
Astarada Pensərçayın Vaqo kəndi ərazisindən keçən hissəsində baş verən sürüşmə nəticəsində beton bəndlər sıradan çıxıb. Hadisə nəticəsində yol örtüyünün bir hissəsi dağılıb və nəqliyyat üçün yararsız vəziyyətə düşüb. Hadisədən dərhal sonra əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Problemin qısa müddətdə aradan qaldırılması məqsədilə texnikalar vasitəsilə çayın məcrasının dəyişdirilməsi istiqamətində işlər aparılır. Astara Su Meliorasiya Sistemləri İdarəsinin baş mühəndisi Fərid Yusifov bildirib ki, hazırda ərazidə vəziyyətin stabilləşdirilməsi və yaranmış problemin aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Təhlükəsizlik məqsədilə ərazidə lentlənmə işləri aparılıb və nəqliyyat vasitələrinin dağılan yol hissəsindən keçməsinin qarşısının alınması üçün nəzarət tədbirləri görülür.
Fevralın 8-də gözlənilən hava Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-90 %, gündüz 75-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Məlumata görə, havanın temperaturu gecə 1-4, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini və XİN başçısı Məhəmməd İshaq Dar telefon danışığı aparıblar. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki paylaşımında deyilir. Söhbət zamanı C.Bayramov İslamabadda baş verən partlayışla əlaqədar Azərbaycan Prezidenti, hökuməti və xalqı adından başsağlığı verib, Pakistanla həmrəyliyini ifadə edib. "Baş nazirin müavini/xarici işlər naziri hücumu qətiyyətlə pisləyib və Pakistanın terror təhlükəsi ilə mübarizə əzmini bir daha təsdiqləyib. XİN başçıları həmçinin qarşılıqlı maraq kəsb edən cari regional və beynəlxalq hadisələri müzakirə edib, Pakistanla Azərbaycan arasındakı möhkəm tərəfdaşlığı təsdiqləyiblər", - nazirliyin məlumatında vurğulanıb.
Netenyahu Epşteynin Mossadla bağlı iddialarına cavab verdi
İsrailin xarici kəşfiyyat xidməti Mossad ilə amerikalı maliyyəçi Ceffri Epşteyn arasında mümkün əlaqələrə dair iddialar gündəmdə qalmaqda davam edərkən, İsrail Baş naziri Benyamin Netanyahu ilk dəfə bu məsələyə münasibət bildirib. Baş nazir açıqlamasında diqqəti keçmiş İsrail Baş naziri Ehud Barakın üzərinə yönəldib. Epşteyn sənədlərinin beynəlxalq aləmdə geniş rezonans doğurduğu bir vaxtda İsrail uzun müddət susqun qaldığı bu mübahisə ilə bağlı ilk dəfə rəsmi mövqe ortaya qoyub. Benyamin Netanyahu Epşteynin İsrail kəşfiyyatı adından fəaliyyət göstərdiyinə dair iddiaların əsassız olduğunu bildirib və bu iddiaların məqsədli şəkildə siyasi müstəviyə daşındığını vurğulayıb. Netanyahu qeyd edib ki, “Epşteyn Mossad üçün çalışıb” iddiaları Epşteynin ABŞ-də mövcud olan ağır cinayət işlərini arxa plana keçirmək və yanlış siyasi təsəvvür yaratmaq məqsədi daşıyır. Baş nazirin əsas tənqid hədəfi isə keçmiş İsrail Baş naziri Ehud Barak olub. Netanyahu Epşteyn ilə Barak arasında “adi olmayan dərəcədə yaxın” münasibətlərin mövcudluğuna diqqət çəkib. Bununla belə, o vurğulayıb ki, bu yaxınlıq Epşteynin İsrail dövləti və ya onun kəşfiyyat strukturları adından fəaliyyət göstərdiyini sübut etmir. Netanyahu açıqlamasında Ehud Barakı uzun illərdir İsrail demokratiyasına zərbə vurmağa çalışmaqda ittiham edib. Onun sözlərinə görə, “İyirmi ildən artıq əvvəl baş vermiş seçki məğlubiyyətinin təsirindən çıxa bilməyən Barak, seçilmiş İsrail hökumətini devirmək məqsədilə anti-sionist radikal sol qüvvələrlə əməkdaşlıq edir".
Azərbaycanda beş idarə ləğv olunduğunu elan edib. Bunlar Neftçala Melioservis, Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama, Ucar Melioservis, Yevlax Melioservis və Bərdə Melioservis idarələridir. Qeyd edək ki, Neftçala Melioservis İdarəsi 2002-ci ildə yaradılıb. İdarənin son rəisi Nizami Nəsirov olub. Qurumun hazırda dövlətə 93 min 285.84 manat borcu var. Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi isə 1995-ci ildə yaradılıb və axırıncı rəisi Ramis İsmayılovdur. Yevlax Melioservis İdarəsi 1999-cu ildə yaradılıb, ləğv edilənədək rəisi Cəsarət Zülüyev olub. Bərdə Melioservis İdarəsi 2002-ci ildə yaradılıb, ləğv olunanadək ona Nüsrət Məmmədov rəhbərlik edib. Müəssisənin hazırda dövlətə 8 min 532.45 manat borcu mövcuddur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar ayında işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Nazirlikdən verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlər əməkhaqlarından ibarət olub. Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 8 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
4 yaşlı uşağın ayağı velosipedin pedalına ilişdi - VİDEO
Bakıda 4 yaşlı uşağın ayağı velosipedin pedal hissəsində sıxılıb qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Xilasedicilər tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində ayağı velosipedin pedal hissəsində sıxılıb qalmış 2022-ci il təvəllüdlü azyaşlıya müvafiq köməklik göstərilib.
Həkimlərə verilən bonuslar niyə dayandırılıb? - AÇIQLAMA
Dövlət tibb müəssisələrində həkimlərin əməkhaqqına əlavə olaraq verilən bonusların ödənilmədiyinə dair xəbərlər yayılıb. Həkimlər deyirlər ki, maaşdan əlavə verilən müəyyən məbləğdə bonuslar 2025-ci ilin sentyabr-oktyabr aylarından indiyə kimi ödənilmir. Bunun isə tibb işçiləri arasında narazılığa səbəb olduğu bildirilir. Maraqlıdır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həkimlərin narazılığına fərqli cavab verib. Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, bonusların ödənilməsi davam etdirilir: “Bonusların ödənilməsi "“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq davam edir". Qeyd edək ki, tibb işçilərinin əməkhaqlarına vəzifə (tarif) maaşları, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq sabit və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir.
Siyəzəndə 6 kiloqram narkotik vasitə aşkarlanıb. Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 40 yaşlı Ş.Bayramova saxlanılıb. Ondan 6 kiloqrama yaxın marixuana, külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin, həmçinin psixotrop tərkibli 120 ədəd preqabalin həbi maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Milyardlarla dollar ziyan: Ukraynanın enerji sektoruna ağır zərbə
Rusiyanın hücumları nəticəsində Ukrayna elektrik enerjisinin istehsal gücünün yarısını itirib və ölkənin enerji şəbəkəsinin böyük hissəsi zədələnib və ya dağıdılıb. 36 yaşlı elektrik mühəndisi Oleksandr Zinçenko Rusiyanın təkrar hücumlarından sonra Ukraynanın elektrik şəbəkəsini işlək vəziyyətdə saxlamaq üçün çalışanlardan biridir. Onun fikrincə, müharibəni bitirmək üçün danışıqlarla bağlı yazın ortalarına, hətta yayın əvvəlinə qədər heç bir konkret addım olmayacaq: "Çünki ruslar bizim enerji infrastrukturunu atəşə tuturlar və nədənsə elə hesab edirlər ki, bununla bizi sındıra və özləri üçün sərfəli olan şərtləri qəbul etdirməyə məcbur edə bilərlər". Kiyev İqtisadiyyat Məktəbinin hesabatında Ukraynanın enerji sektoruna dəyən ümumi ziyanın təxminən 56 milyard ABŞ dolları ətrafında olduğu bildirilir. Bu rəqəm 2022-ci ilin fevralından 2024-cü ilin mayına qədərki dövrü əhatə edir. Hesabatda bildirilir ki, tam bərpa üçün təxminən 50-51 milyard dollar əlavə vəsait tələb olunacaq. Ziyan görmüş obyektlərə termoelektrik stansiyalar, hidroelektrik qurğular, paylama və ötürmə şəbəkələri daxil edilib. Energetika naziri və dövlət rəsmiləri dəfələrlə bildiriblər ki, Rusiyanın Ukraynanın enerji obyektlərinə 30-dan çox böyük kütləvi hücumu olub. Bu hücumlar raketlər, pilotsuz uçuş aparatları və digər silahlarla aparılır, nəticədə, enerji təsərrüfatının kritik hissələri sıradan çıxır.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!