Heydər Əliyevin arzusunu reallaşdırdıq - Prezident
Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Biz onun bu arzusunu reallaşdırdıq. Biz bununla fəxr edirik, xoşbəxtik. Bütün azərbaycanlılar – təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya azərbaycanlıları bizim Qəbələmizlə fəxr edirlər. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib. Dövlətimizin başçısı bildirib ki, bu Qələbə ədalətin, tarixi ədalətin və beynəlxalq hüququn Zəfəridir.
Prezident 100 illik yubileyə həsr olunmuş konfransda iştirak etdi
Mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Gürcüstan ABŞ-ın təşkil etdiyi təlimdən imtina etdi
Gürcüstan ABŞ-ın Avropada təşkil etdiyi “Defender 2023” çoxmillətli təlimlərində iştirak etməyəcəyini bildirib. Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik qeyd edib ki, qərar Amerika tərəfi ilə razılaşdırılıb. Gürcüstan Müdafiə Nazirliyi 2023-cü ildə NATO ölkələri ilə birlikdə Türkiyə, Almaniya, Slovakiya və Niderlanda keçirilən dörd beynəlxalq təlimdə iştirak etdiyini açıqlayıb. Gürcüstan ilin sonuna kimi Türkiyə, Estoniya, Polşa, Bolqarıstan, Rumıniya, Böyük Britaniya, Almaniya, Azərbaycan və İtaliyada keçiriləcək təlimlərdə də iştirak etməyi planlaşdırır.
Hərbi qulluqçumuz odlu silahdan atəş açaraq özünü öldürdü
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Ramil İlham oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib. Daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Azərbaycan Premyer Liqasında XXXII turun son oyunu keçirilib. Həftənin mərkəzi qarşılaşmasında "Neftçi" ilə "Qarabağ" klubları üz-üzə gəliblər. Görüş Ağdam klubunun 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Ramil Şeydayev, Leandro Andrade, Mateus Saldanya (2 qol, biri avtoqol), Emin Mahmudov, Abdullah Zubir vurublar. Bununla da "Neftçi"nin sona 4 tur qalmış mövsümü bürünc medalla başa vuracağı rəsmiləşib. Lider "Qarabağ" isə xallarının sayını 81-ə yüksəldib.
Mayın 2-dən iyunun 5-dək Avropa Komissiyası Ukraynadan beş ölkəyə - Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya buğda, qarğıdalı və günəbaxan toxumlarının tədarükünə qadağa qoyub. Bu barədə Komissiyanın saytında məlumat yayılıb. "Bu ölkələr istisna olmaqla, Ukraynadan gələn buğda, qarğıdalı və günəbaxan toxumlarının Avropa İttifaqının bütün üzv dövlətlərində sərbəst dövriyyəyə buraxılması davam edə bilər", - açıqlamada bildirilib. Xatırladaq ki, aprelin 15-də Macarıstan və Polşa tərəfindən Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa tətbiq edilib, aprelin 17-də Slovakiya, aprelin 19-da isə Bolqarıstan qadağaya qoşulub.
Prezident xanımı ilə Ağdamda keçirilən tədbirdə iştirak etdi
Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq 3-cü yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Dövlətimizin başçısına və xanımına əvvəlcə Ağdam şəhər 1 saylı məktəbin yeni binasında tikinti işlərinin gedişi barədə məlumat verildi. Bildirildi ki, 960 şagird yerlik bu məktəbdə təhsil üçün hər cür şərait yaradılacaq. Qeyd edək ki, bu məktəbin binasının təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Fəaliyyətə 1883-cü ildə başlayan bu təhsil ocağı Qarabağ bölgəsinin ən qədim məktəbidir. Məlumat verildi ki, ümumi sahəsi 17 hektara yaxın olan yaşayış məhəlləsinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir və bu hissələrdə əhalinin sıxlığı azdır. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumi sahəsi 120 min kvadratmetr təşkil edən 1239, o cümlədən 25 birotaqlı, 396 ikiotaqlı, 533 üçotaqlı, 285 dördotaqlı mənzil olacaq. Yaşayış məhəlləsindəki binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq. Binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Məhəllədə, həmçinin idman meydançaları, velosiped və avtomobil dayanacaqları yaradılacaq. Dövlətimizin başçısı Ağdam şəhərində 3-cü yaşayış məhəlləsinin təməlini qoydu.
Xəbər verdiyimiz kimi, bu gün Qəzzadan İsrailə onlarla raket atılıb. Hücuma görə məsuliyyəti Fələstinin Birgə Komandanlığı öz üzərinə götürüb. Komandanlığa HƏMAS və "İslami Cihad" kimi silahlı qüruplaşmalar daxildir. "Birgə Komandanlıq Qəzza yaxınlığındakı yaşayış məntəqələrinin bombalanmasını öz üzərinə götürür", - açıqlamada deyilir. Ümumilikdə İsrailin cənubuna 20-dən çox raket atılıb. Zərbələr nəticəsində bir neçə nəfər yaralanıb.
Danimarkadan Ukraynaya 260 milyon dollarlıq yeni hərbi yardım
Danimarka Ukraynaya yeni hərbi yardım paketi ayırıb. Bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi yardımın həcmi 260 milyon dollardır. Bu, münaqişənin başlanğıcından bəri Ukrayna üçün ayrılan ən böyük hərbi yardım paketidir. Yardım paketinə hava hücumundan müdafiə sistemləri, hərbi texnikanı yedəkləmək üçün vasitələr, ponton körpülər, minalardan təmizləmə sistemləri və sursatlar daxildir.
Bu addım münasibətlərimizi kökündən məhv etməyə yönəlib - Rusiyadan Polşaya
Aprelin 29-da Rusiyanın Polşadakı səfirliyindəki məktəb binasının Polşa təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilməsi ilə bağlı Polşanın müvəqqəti işlər vəkilinə qəti etiraz bildirilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. “Bu kobud akt 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Bu addım Rusiyanı qıcıqlandırmağa və münasibətlərimizi kökündən məhv etməyə yönəlmiş növbəti həlqədir”, - nazirliyin bəyanatında deyilir. Bundan əvvəl Rusiya XİN Polşanın müvəqqəti işlər vəkilinin nazirliyə çağırıldığı barədə məlumatı açıqlamışdı.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!