2-05-2023, 10:30
Məhkəmə ölümə səbəb olan məşqçi ilə bağlı qərar qəbul etdiAprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi qərar qəbul edib. Məhkəmə Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir. İlkin araşdırmalar zamanı məlum olub ki, Mehman Xəlilov hadisədən dərhal sonra 7 yaşlı Fəridin yaxınlarına onun yıxılması nəticəsində xəsarət aldığını bildirib. Lakin qısa vaxt sonra onun sambo idman növü üzrə keçirdiyi məşqdə azyaşlılara qarşı qəddar rəftar göstərməsi üzə çıxıb və müşahidə kamerasının çəkdiyi görüntülər istintaq orqanı tərəfindən götürülüb. Yaxınlarının bildirdiyinə görə, məşqçi hadisə baş verəndən sonra ailəyə məlumat vermədən uşağı xəstəxanaya aparıb. İlkin məlumata əsasən, orada müəllimə uşağı ixtisaslaşmış xəstəxanaya aparmaq tövsiyə edilsə də, o, Fəridi evlərinə aparıb. Uşağın ailə üzvləri onun vəziyyətinin yaxşı olmadığını görərək yenidən xəstəxanaya çatdırıblar, amma azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Hazırda idman zalında çəkilmiş digər görüntülər də araşdırılır. Mehman Xəlilovun məşqlərində iştirak etmiş digər uşaqlara qarşı da eyni rəftarın göstərildiyi istisna edilmir. Məşqlərdə iştirak edən digər şagirdlərin valideynlərinin şikayəti və əzab verməni sübut edə biləcək görüntülər əsasında M.Xəlilov barəsində açılmış cinayət işinə Cinayət Məcəlləsinin digər maddələrinin də əlavə edilməsi mümkündür. Qeyd edək ki, ötən gün Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. Görüntülərdən açıq-aşkar aydın olur ki, Mehman Xəlilov təkcə Fərid Bakarova qarşı yox, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb. Onları saçından, başından, qulağından tutaraq ayağa, havaya qaldırır, həmçinin təpiklə vurur və digər təhlükəli hərəkətlər edir. Hazırda istintaq tədbirləri davam etdirilir. Görüntülərin araşdırılması, şahidlərin dindirilməsi və digər zəruri istintaq hərəkətləri həyata keçirilir.
2-05-2023, 10:00
Ukrayna Rusiya təcavüzkarına cavab verməlidir - Polşa prezidenti"Mən Polşanın maraqlarını güdürəm və burada məqsəd Ukraynanın qələbəsidir. Bunu Polşa prezidenti Anjey Duda ölkəsinin Ukraynaya hərbi yardımı haqqında danışarkən deyib. "Mən Polşanın maraqlarını güdürəm, odur ki, Ukrayna Rusiya təcavüzkarına cavab verməlidir. Ona görə də biz hərbi yardımla bağlı qərarlar qəbul edirik. Biz mehriban qonşuluq nümayiş etdirdik, polyakların möhtəşəm jesti sayəsində biz beynəlxalq arenada nüfuz qazandıq.”, - o bildirib. Qeyd edək ki, Polşa Şərqi Avropa regionunda Ukraynaya hərbi yardımın əsas logistik mərkəzi hesab olunur.
1-05-2023, 21:00
ABŞ Azərbaycanla Ermənistanı barışdırmaq istəyirABŞ Azərbaycanla Ermənistanı barışdırmaq istəyir. Bunu Azərbaycan və Ermənistan XİN başçılarının ABŞ-da keçirilən görüşünü şərh edən politoloq Elxan Şahinoğlu deyib. "Bu, Vaşinqtonun 22 ildən sonra ikinci cəhdidir. 2001-ci il 3 aprel tarixində ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində ABŞ-ın o zamankı dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Köçəryanın birgə görüşü olub. Danışıqlar intensiv olaraq 4 gün davam etdi və nəticəsiz qaldı. Ermənistan həmin dövrdə özünü müharibənin qalibi saydığından masada Qarabağ məsələsində heç bir addım atmaq istəmirdi. Hazırda rollar dəyişib. İndi məğlub Ermənistanın tələsməyə ehtiyacı var. Vaşinqtonda dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri üçtərəfli müzakirələrə başlayıblar. Nazirlərin görüşündə irəliləyiş əldə edilərsə, Vaşinqton liderlərin görüşünə də ev sahibliyinə iddialı olacaq. Kolin Paulell 2001-ci ildə tərəfləri barışdıra bilmədi, bu dəfə Entoni Blinkendə alınacaqmı? Bu, Ermənistanın sülh sazişi mətnində Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanımasına hazır olmasından asılıdır", - deyə politoloq vurğulayıb. Qeyd edək ki, bu gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.
1-05-2023, 20:30
İrandan tapşırıq alan dəstənin 16 üzvü məsuliyyətə cəlb olunduNarkotik vasitələrin satışından maliyyələşərək Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətə cəlb edilən 16 nəfər polis əməkdaşları tərəfindən həbs edilib. Onlar dini anlayışı olmayan narkotik aludəçilərini başqa-başqa şəxslərin əli ilə yardım adı altında əməkdaşlığa cəlb edərək narkotik vasitlərin satışını təşkil etməklə “kərimə dövlət”nin əlaqələrini dərinləşdirməyə çalışıblar. Əsasən İrandan idarə edilən dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meylli şəxsləri öz çirkin niyyətlərinə alət etmək olub. Polis tərəfindən ifşa olunan növbəti şəbəkə üzvlərinin əlaqələri, onların pozuculuq fəaliyyəti haqqında sosial şəbəkə hesablarında xeyli inkarolunmaz faktlar aşkarlanıb. Müəyyənləşib ki, həmin şəxslər radikal əməllərini heç vaxt inkar etməyiblər, vətəndaşı olduqları ölkənin qanunlarına yox, özlərinə lider hesab etdikləri “ağanın qaydaları”na uyğun həyat tərzi sürüblər. Qeyd olunan faktlar üzrə araşdırmalar davam etdirilir.
1-05-2023, 20:00
Mina hadisəsiylə bağlı cinayət işi açıldıMayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə prokurorluqdan məlumat verilib. İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 1964-cü il təvəllüdlü Oktay Alışovun ölməsi müəyyən edilib. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Həmçinin bildirilib ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 299 nəfər mina qurbanlarından 55-i həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
1-05-2023, 19:30
Vaşinqtonda baş tutan görüş bir neçə gün davam edəcəkVaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə görüşü keçirilir. Danışıqların bir neçə gün davam edəcəyi bildirilir. Hələlik bununla bağlı rəsmi açıqlama verilməyib. Qeyd edək ki, üçtərəfli görüşdən əvvəl Blinken Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrı-ayrılıqda görüş keçirib.
1-05-2023, 19:00
Cəbrayıl rayonunda çoban minaya düşərək həlak olduCəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində atlı çoban tank əleyhinə minaya düşərək həlak olub. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, hadisə minalardan təmizlənməmiş ərazidə baş verib. Maldarlıq fəaliyyəti ilə məşğul olan Füzuli rayon Qazaxlar kənd sakini, 1964-cü il təvəllüdlü Alışov Oktay Bayram oğlu at ilə hərəkətdə olarkən minalardan təmizlənməmiş əraziyə keçid edib və tank əleyhinə mina partlayışı nəticəsində həlak olub.
1-05-2023, 18:30
İsveçrə bu vəzifədə Rusiyanı əvəz edəcəkBMT Təhlükəsizlik Şurasına bu ay İsveçrə rəhbərlik edəcək. Bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, İsveçrə bu vəzifədə Rusiyanı əvəz edəcək. “İsveçrə bu gündən BMT Təhlükəsizlik Şurasına sədrlik edir”, - nazirliyin açıqlamasında qeyd olunub. Xatırladaq ki, Rusiya aprel ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edib.
1-05-2023, 18:00
Ermənistanın XİN rəhbəri Blinkenlə görüşdüVaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken arasında görüş keçirilib. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, tərəflər regiondakı son vəziyyəti, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə ediblər. Qeyd edək ki, bu gün Blinkenin Azərbaycan XİN başçısı Ceyhun Bayramovla da görüşü keçiriləcək. Sonra üçtərəfli formatda görüşün baş tutması nəzərdə tutulub.
1-05-2023, 17:30
Türkiyənin yerli istehsal döyüş təyyarəsinin adı açıqlandıTürkiyənin yerli istehsal döyüş təyyarəsinin adı açıqlanıb. Təqdimat mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak ilə keçirilib. O, milli döyüş təyyarəsinin "Kaan" adlandırıldığını bildirib. "Hal-hazırda Hürjet və KAAN-ımız qarşımızdadır. Ölkəmizə xeyirli-uğurlu olsun", - Ərdoğan deyib. Qeyd edək ki, TUSAŞ şirkəti tərəfindən hazırlanan döyüş təyyarəsinin bu ilin sonunda ilk sınaqları keçiriləcək.