Sentyabrın 3-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Cənubi Qafqazda cari vəziyyət hərtərəfli müzakirə edilib. Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin nizamlanması üzrə əlaqələndirilmiş səylərin vacibliyi qeyd olunub. Bu baxımdan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli əsas üçtərəfli razılaşmalarının ardıcıl olaraq reallaşdırılması əzmi təsdiq edilib. Prezident İlham Əliyev avqustun 31-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü barədə məlumat verib. Telefon danışığı əsnasında ikitərəfli gündəliyin bəzi praktiki məsələləri, o cümlədən iqtisadi-ticari, energetika və humanitar sahələrə aid məsələlər də nəzərdən keçirilib. Təmasların davam etdiriləcəyi qeyd olunub.
Loqoped mərkəzində uşaqlara işgəncə verənlər saxlanıldı
Paytaxtın Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyytlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib. E.Hacıyev qeyd edib ki, faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb. "Hazırda istintaq hərəkətləri davam etdirilir".
“Bayraktar” Rusiyanın 26 milyonluq texnikasını məhv etdi
Üç gün ərzində iki "Bayraktar" pilotsuz uçuş aparatı vasitəsilə Rusiyanın təxminən 26,5 milyon dollar dəyərində texnikası məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı "Telegram"da yazıb. "Üç gün ərzində, yəni avqustun 31-dən sentyabrın 2-dək iki "Bayraktar" TB-2 PUA düşmənin təxminən 26,5 milyon dollar dəyərində texnikasını məhv edib. Məhv edilən texnikalara 8 ədəd T-72 tankı (birinin təxmini dəyəri 3 milyon dollar), "Acacia" özüyeriyən silahlar (1,6 milyon dollar), piyada döyüş maşınları (0,6 milyon dollar) və haubitsalar (0,3 milyon dollar) daxildir", - deyə o, bildirib.
Hava kəskin dəyişəcək - Temperatur 10 dərəcə enəcək
25 gün davam edən isti və quraq hava şəraitindən sonra ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında proses sentyabrın 5-i əvvəl şimal küləyinin güclənməsi ilə başlayacaq. Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s olacaq. Küləkli hava şəraiti 7-si gündüzədək davam edəcək. Havanın temperaturu tədricən 8-10° aşağı enəcək. 6-sı gündüzdən 8-i səhərədək fasilələrlə yağış yağacağı ehtimalı var. Azərbaycanın rayonlarında proses sentyabrın 5-dən başlayaraq əvvəl Böyük Qafqazın bəzi yerlərində, 6-dan 8-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur. Qərb küləyi arabir 18-23 m/s, əsasən Kürvadisi rayonlarda arabir 25-30 m/s olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.
30 avqust 2022-ci ildə Şabran rayonunun Çuxurəzəmi kəndi istiqamətində meşə ərazisində yanğın baş verib. FHN-dən verilən xəbərə görə, əraziyə cəlb olunan nazirliyin qüvvələri tərəfindən yanğın söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib. Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının dərhal hadisə yerində apardıqları araşdırma nəticəsində hadisənin ilkin başvermə ərazisi müəyyən edilib. Mənbə ərazisində aparılmış ilkin təhqiqat zamanı məlum olub ki, yanğın məhz insan amili ilə bağlı səhlənkarlıq, ehtiyatsızlıq səbəbindən baş verib. Belə ki, yanğın baş verən gün saat 12:00 radələrində Şabran rayonunun Çuxurəzəmi kəndinin hələlik adları məlum olmayan sakinləri təbii bal yığmaq üçün meşə ərazisinə daxil olublar. Bal arılarının yerini öyrənmək, əlavə arı kütləsini əraziyə cəlb etmək məqsədilə mum yandırılıb. Sonra təbii bal olan ağac müəyyən edilərək yanında ocaq qalanıb ki, tüstü arıları qovsun və balı rahat yığa bilsinlər. Lakin böyük ehtimalla bal yığıldıqdan sonra ocaq söndürülməyib və yanğına səbəb olub. Yanğın meşəbəyi tərəfindən aşkar edilib məlumat verilənə kimi xeyli vaxt keçib və nəticədə yanğın inkişaf edərək 3 hektara qədər əraziyə yayılıb. Yanğınsöndürənlər avqustun 31-də saat 11:40 radələrində alovu ram etməyə nail olublar. Hazırda göstərilən hadisə ilə əlaqədar günahkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir.
“Bir neçə ay ərzində sülh sazişini imzalaya bilərik” – İlham Əliyev
Bizim regionda vəziyyət sülhə doğru inkişaf edir, mən buna ümid edirəm. Mən İtaliyaya Brüsseldən gəldim. Orada mənim, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüşümüz oldu. Biz razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər. Bu barədə Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib. Dövlətimiz başçısı deyib: “Bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi. Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu. Zənnimcə, bu, görüşün ən mühüm nəticələrindən idi”. Prezident qeyd edib ki, bu sülh danışıqlarının gedişatından çox şey asılı olacaq. “Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik. Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır. Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib”.
Türkiyə və Azərbaycan vahid komanda kimi hərəkət edir
Türkiyə qlobal səviyyədə güclü dövlətdir və əlbəttə ki, bizim keçən il Türkiyə ilə imzaladığımız müttəfiqlik haqqında bəyannamə regional sabitlik üçün çox əhəmiyyətli amildir. Bu barədə Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib. Dövlətimizin başçısı deyib ki, Türkiyənin Azərbaycana həm siyasi, həm də mənəvi dəstək göstərdiyi İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim münasibətlərimiz daha da gücləndi. “Türkiyə və Azərbaycan regionda bir çox məsələlərlə bağlı demək olar ki, vahid komanda kimi hərəkət edir. Bu da hamı tərəfindən nəzərə alınmalıdır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 19 dəfə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bunlardan 16-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla baş verib. Digər 3 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla qeydə alınıb. Şəxsi heyət və texnikamızda itki yoxdur.
Sentyabrın 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Azərbaycanın bölgələrində son dövrlər baş verən meşə yanğınları ilə bağlı işçi müşavirə keçirilib. Nazirlər Kabientinin (NK) Mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbərləri iştirak ediblər. Müşavirədə meşə yanğınlarının baş verdiyi ərazilərdə hazırkı vəziyyət, yanğınların səbəbləri, yanğınlarla mübarizə tədbirləri, mürəkkəb relyefli zonalarda yaranan çətinliklər, eyni zamanda qarşıda duran vəzifələr və fəaliyyət müzakirə edilib. Yanğınla mübarizə tədbirlərinin davam etdirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına və qurumlarına tapşırıqlar verilib.
2022-ci ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 5,7 faiz artaraq 15247,2 milyon manat olub. Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz artaraq 8532,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,0 faiz azalaraq 6714,6 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,0 faizi isə paytaxtın məhsul bazarlarında realizə edilib.