20-09-2022, 18:27
Rusiya Xəzər regionunda sülh olmasında maraqlıdır - Lavrov
Rusiya Xəzər regionunda sülhün və sabitliyin qorunmasında maraqlıdır, beş sahilyanı dövlət çərçivəsində mehriban qonşuluq əsasında əməkdaşlığın inkişafının tərəfdarıdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. “Rusiya üçün həyati maraqlar Xəzər regionunda sülhün, sabitliyin və təhlükəsizliyin qorunması, onun mehriban qonşuluq, sahilyanı dövlətlərin etimadı və əməkdaşlığı əsasında davamlı inkişafı, Xəzər dənizinin iqtisadi, o cümlədən tranzit potensialının reallaşdırılmasıdır”, - deyə Lavrovun “International Affairs” jurnalının saytında Xəzər regionunda əməkdaşlığa dair məqaləsində bildirilib. "Bu məqsədlə Rusiya "Beşlik" çərçivəsində çoxşaxəli sistemli əməkdaşlığın hərtərəfli inkişafının, bu prosesin tədricən institusionallaşdırılmasının tərəfdarıdır. Biz regiondakı qonşularımızla bütün sahələrdə əlaqələri genişləndirmək üçün fəal işləyirik", - Lavrov vurğulayıb. Nazir əlavə edib ki, bütün Xəzər məsələləri regiondankənar qüvvələrin mənfi təsirindən qaçaraq, yalnız beş sahilyanı dövlət tərəfindən konsensus əsasında həll edilməlidir. Eyni zamanda o qeyd edib ki, Rusiyadan əlavə İran, Qazaxıstan, Azərbaycan və Türkmənistanın daxil olduğu “Xəzər beşliyi” xarici aləmdən, ilk növbədə, iqtisadi sahədə hasar almaq fikrində deyil.
20-09-2022, 18:24
Milli Məclis beynəlxalq sazişi təsdiqləyəcəkMilli Məclis Azərbaycanla İCESCO arasında sazişi təsdiqləyəcək. Bununla bağlı sənəd parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. Toplantıda deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə edəcəklər.
20-09-2022, 18:22
Yanan meşə əraziləri bərpa edilir
Şabran, Siyəzən, Quba, Xaçmaz, Qəbələ, Oğuz, Zaqatala rayonlarının yanğına məruz qalmış meşə fondu ərazilərində yanaraq bioloji inkişafdan dayanmış, yıxılmış quru ağaclar və kollar təşkil olunmuş müvafiq briqadalar tərəfindən təmizlənərək ərazidən daşınır. Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, yanmış ərazilər təmizləndikdən sonra hazır vəziyyətə gətirilmiş sahələrdə payız ağacəkmə mövsümündə yerli meşə təsərrüfatlarının tingliklərində yetişdirilmiş və tədarük edilmiş Qafqaz vələsi, adi göyrüş, nəhəng ağcaqayın, uzunsaplaq palıd, şərq fıstığı tinglərindən və toxumlarından istifadə olunaraq meşəbərpa tədbirləri aparılacaq. Onun sözlərinə görə, təbiət özünübərpa xüsusiyyətinə malik olduğundan bəzi yanmış meşə ərazilərimizdə təbii bərpa prosesi müşahidə olunur. Artıq Şabran rayonu ərazisində yanğına məruz qalmış meşə ərazisində təbii bərpa prosesi başlayıb.
20-09-2022, 18:19
Azərbaycan onları viza tələbindən azad edirAzərbaycan və Kamboca qarşılıqlı olaraq diplomatik pasportlara malik şəxsləri viza tələbindən azad edir. Bu barədə “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində qeyd olunub. Qanun layihəsi beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
20-09-2022, 18:17
Vilayət Eyvazovdan yeni təyinat Polis mayoru Elçin Teymurov Astara Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət Axtarış Bölməsinə rəis təyin edilib. Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Qeyd edək ki, E.Teymurov bu təyinatadək Zaqatala RPŞ-də İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində çalışıb.
20-09-2022, 18:15
Ərdoğan ABŞ-ı hədələdi: “F-16 ala bilməsək...”
"Türkiyə ABŞ-dan F-16 qırıcıları ala bilməsə, bununla bağlı özü işi həll edəcək". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. "Cənab Bayden mənə bu məsələni həll edəcəyini vəd edib. Bilirəm ki, Bayden buna müsbət baxır. Hətta respublikaçılarla görüşlərimiz oldu və onlar da buna müsbət baxacaqlarını dedilər. İndi əgər biz F-16 məsələsində ABŞ-dan istədiyimiz nəticəni almasaq, bununla özümüz məşğul olacağıq”, - deyə Ərdoğan ABŞ-a mesaj ünvanlayıb. Qeyd edək ki, ABŞ daha əvvəl Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Türkiyəyə ən son F-35 qırıcılarının tədarükü proqramından çıxarılması ilə bağlı rəsmi bildiriş göndərmişdi.
20-09-2022, 18:13
Pəncərə silən qız 8-ci mərtəbədən yıxılıb öldüBakıda 18 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, sentyabrın 19-da, Binəqədi rayonu, Mir Cəlal küçəsi 72 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Sevinc Bəkdəmirova pəncərələri silərkən ehtiyatsızlıqdan 8-ci mətəbədən yerə yıxılaraq ölüb. Rəsmi məlumata görə, faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır".
20-09-2022, 18:11
Ərbəin mərasimində 100-ə yaxın iranlı həlak olduİraqda Ərbəin mərasimi zamanı 100-ə yaxın İran vətəndaşı həlak olub. Bu barədə məlumatı İranın Bağdaddakı səfiri Məhəmməd Kazəm as-Sadiq açıqlayıb. Onun sözlərinə görə, sözügedən İran zəvvarları yol-nəqliyyat hadisələri, xəstəlik və yaxud yaşlarının çox olması səbəbindən dünyalarını dəyişib. O bildirib ki, bu il Kərbəla şəhərinə rekord sayda, yəni təqribən 3 milyon iranlı zəvvar gedib. İraq hakimiyyətinin rəsmi məlumatlarına görə, 2022-ci ildə Ərbəində 21 milyondan çox insan iştirak edib ki, onların da 15 milyonu İraqın müxtəlif əyalətlərindən, qalanları isə xaricdəndir.
20-09-2022, 18:09
Rusiyanın canlı qüvvə itkisi 55 minə çatırSon sutka ərzində Ukraynada Rusiya ordusunun 160 hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 54 min 810-a çatıb. Məlumata görə, Rusiyanın digər döyüş itkiləri 2216 tank, 4724 zirehli döyüş maşını, 1323 artilleriya sistemi, 318 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 252 təyyarə, 217 helikopter, 925 PUA, 239 qanadlı raket, 15 gəmi, 3587 avtomobil texnikası və avtosistern, 125 xüsusi texnikadan ibarətdir. Xatırladaq ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
20-09-2022, 18:07
Vətən müharibəsi qazisi dəfn olunduVətən müharibəsi qazisi, sentyabrın 18-də vəfat etmiş I qrup əlil Elnur Səmədov Bakıda dəfn olunub.
Butov.az xəbər verir ki, mərhum Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb. Mərasim Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, yaylım atəşi açılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin nümayəndələri, qazinin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, E.Səmədov 2020-ci ildə Vətən müharibəsində iştirak edib və oktyabrın 25-də Qubadlı istiqamətində ayağından yaralanıb. Doqquz aydır leykoz xəstəliyindən əziyyət çəkən E.Səmədov sentyabr ayının 18-də Türkiyənin İstanbul şəhərində müalicə alan zaman vəfat edib.