Ukraynada qadınların hərbi qeydiyyatı təxirə salındı
Ukrayna Müdafiə Nazirliyi qadınların hərbi xidmətə qeydiyyatını 2023-cü il oktyabrın 1-dək təxirə salıb. Müvafiq əmri nazir Aleksey Reznikov imzalayıb. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqram səhifəsində məlumat yayıb. Bununla da oktyabrın 1-dən qadınların xaricə getməsinə heç bir qadağa olmayacaq. Anna Malyar xatırladıb ki, müvafiq peşəyə yiyələnmiş və ixtisaslı qadınlarının hərbi qeydiyyata alınması qanunla dəqiq tənzimlənir. Qeyd edək ki, bundan öncə Ukraynada hərbiyə yararlı olan qadınların ölkədən çıxışına qadağa qoyulacağı barədə məlumat verilmişdi.
Sentyabrın 7-si saat 08:10-dan 12:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Eyni zamanda, qeyd olunan istiqamətdə bölmələrimizin təminat yollarının çəkilməsi məqsədilə yol işləri aparan mülki şirkətə məxsus texnika da atəşə məruz qalıb. Şirkətin texnikasına zərər dəysə də, xəsarət alan olmayıb. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısını almaq məqsədilə bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Albaniya İranla diplomatik əlaqələri dayandırır. Bu barədə TASS agentliyi xəbər verir. Bildirilib ki, Albaniya İran səfirliyinin bütün əməkdaşlarına 24 saat ərzində ölkəni tərk etmək əmri verilib.
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Görüş Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumu çərçivəsində baş tutub. Tərəflər iki ölkə arasında münasibətləri və Qarabağ məsələsini müzakirə ediblər. Putin Qarabağın təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Vətənimizin ərazi bütövlüyünün qorunması, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə yüksələn igidlərimizin ailələrinə, dövlət və cəmiyyət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Nizami Rayon İcra Hakimiyyəti və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Nizami rayonunun 22 şəhid ailəsinin üzvü müalicə və istirahət üçün “Gold Naftalan” Müalicə və Sağlamlıq Mərkəzində qarşılanıblar. Müalicə mərkəzində yerləşdirilən Şəhid ailələrinə müalicə prosedurları barədə ətraflı məlumat verilib, müayinə olunduqdan sora müalicə prosesinə başlayacaqları onların diqqətinə çatdırılıb. Daha sonra nahar süfrəsi ətrafında davam etdirilən söhbət zamanı şəhid ailələri onlara göstərilən dövlət qayğısından, şəhid ailələrinin istirahəti və reabilitasiyası üçün keçirilən birgə uğurlu layihənin əhəmiyyətindən danışaraq ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Prezident İlham Əliyev Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Butov.az xəbər verir ki, sərəncamla Suraxanı rayonunun Bülbülə, Əmircan, Hövsan, Qaraçuxur, Yeni Suraxanı və Zığ qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Ombudsman nümayəndələri Bakıda ana olmuş 13 yaşlı qızla görüşüblər. Ombudsman Aparatından verilən xəbərə görə, 13 yaşlı qızın ana olması ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanmış məlumat Ombudsman tərəfindən nəzarətə götürülüb. Ombudsmanın tapşırığına əsasən, Aparatın əməkdaşları, həmçinin psixoloqu həmin qızla görüşərək onun və doğulan körpənin səhhəti ilə maraqlanıblar: "Eyni zamanda, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlanıb".
Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Butov.az xəbər verir ki, sərəncamla Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə) tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
“Uşaq bağçalarında kameralaşma sisteminin tətbiqi bizim üçün prioritet məsələdir. Bununla həm davranış, həm nəzarət, həm də davamiyyət məsələsinə diqqət etmək olar”. Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, söhbət tək kameraların quraşdırılmasından getmir, eyni zamanda bağçaların internetə çıxışı da təmin olunmalıdır: "Hazırda çox az sayda bağçanın fiberoptik internetə çıxışı var. Qeyd edim ki, məktəblərin 80 %-ni gələn ilin sonuna qədər internetlə təmin edəcəyik. Ümumilikdə proses mərhələli şəkildə aparılacaq. Razıyam ki, bağçalarımızda kameraların quraşdırılması xoşagəlməz halların qarşısının alınmasında effektiv rol oynayır. Lakin hesab edirəm ki, bu, mərkəzləşdirilmiş qaydada olmamalıdır”.
Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Butov.az xəbər verir ki, Sərəncama əsasən, Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə) tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.