7-09-2022, 19:00
Məktəbli formaları ilə bağlı məcburiyyət yoxdur Yeni məktəbli formaları ilə bağlı problemlər bəzən valideynlərin məlumatsızlığı, bəzən də doğru ünvanlara müraciət etməmələri səbəbindən ortaya çıxır. Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, Elm və Təhsil Nazirliyi məktəbli formalarının satışı, tikişi ilə məşğul olan qurum deyil: “Biz yalnız həmin formaların nümunəvi, tövsiyə edilən formada olmasına nəzarət edirik. Burada məcburiyyət yoxdur. Burada məktəb kollektivi və məktəbin qərarı olmalıdır. Ümumilikdə formaların olmasını məqsədəuyğun hesab edirik. Əgər məktəbli formaları ilə bağlı məcburiyyət halı olarsa, valideynlər Bakı Şəhəri Təhsil İdarəsi və regional idarələrə müraciət etməlidirlər. Bu halda, həmin müraciətlərə baxıla və ölçü götürülə bilər”.
7-09-2022, 18:58
Ağalıya növbəti köçZəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsi başlayıb. Sentyabrın 7-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” şəhərciyindən sayca beşinci köç karvanı yola salınıb.
Butov.az xəbər verir ki, otuz ildən sonra doğma yurda qayıdan məcburi köçkünlər bu xoşbəxt anı yaşadıqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, onlara hər zaman xüsusi diqqət və qayğı göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildiriblər. Onlar deyiblər ki, yüksək yaşayış standartları ilə təchiz edilmiş Ağalıda yeni həyata başlamaqla yanaşı, kəndin inkişafına da öz töhfələrini verməyə çalışacaqlar. Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və digər rəsmi şəxslər iştirak ediblər. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış daha 12 ailə - 63 nəfər daimi yaşayış üçün Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitələri ilə Ağalıya yola düşüb. Xatırladaq ki, birinci mərhələdə 41 ailənin – 201 nəfərin ən müasir infrastrukturla təchiz olunmuş kəndə köçürülməsi təmin edilib. Hər biri ailəyə həyətyanı sahəsi olan fərdi ev verilib. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında Dövlət Komitəsinin Repatriasiya Departamentində püşkatma ilə aparılıb.
7-09-2022, 18:53
Bakı məktəblərində işə götürülən şəhid ailəsi üzvlərinin sayıÖtən tədris ilində Bakıda 39 direktor işə qəbul olunub. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. M.Vəliyeva, həmçinin qeyd edib ki, Bakı məktəblərinə 254 şəhid və qazi ailələrinin üzvləri, eləcə də qazi işə qəbul edilib. Onun sözlərinə görə, 1 nəfər direktor, 28 nəfər hərbi rəhbər, 10 nəfər kitabxana müdiri, 6 nəfər uşaq birliyi təşkilatının rəhbəri, 2 nəfər laborant, 207 nəfər kiçik xidmətedici işçi kimi işə götürülüb: "Ümumilikdə isə 39 direktor, 113 direktor müavini, 28 hərbi rəhbər, 220 psixoloq, 23 kitabxana müdiri, 2550 müəllim, 10 uşaq birliyi təşkilatı rəhbəri, 44 laborant və 207 kiçik xidmətedici işçi işə qəbul edilib".
7-09-2022, 18:51
Ukraynada həbsdə olan qazinin bacısı kömək istədiÖtən gün Kiyev Apellyasiya Məhkəməsində Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı və onunla birgə ittiham olunan Sübhan Quliyevin işi üzrə məhkəmə iclası keçirilib.
Butov.az xəbər verir ki, hakim Yelena Sitaylonun sədrliyi ilə baş tutan prosesdə Misir Qasımlı və Sübhan Quliyevin özləri məhkəməyə gətirilməyib. Məhkəmə prosesində saxlanılanların yaxınları və Azərbaycan diasporunun fəalları iştirak ediblər. Azərbaycan vətəndaşları bir ildən çoxdur ki, heç bir sübut olmadan istintaq altında saxlanılır. Prokuror məhkəmə zamanı açıq-aşkar qərəzli mövqe nümayiş etdirərək bildirib ki, Qarabağ qazisi guya "başkəsəndir" və onu azadlığa buraxmaq olmaz. Məhkəmə prosesi barədə Modern.az-a danışan qazi Misir Qasımlının bacısı Nəzakət Qasımova qardaşının haqsız yerə həbsə saxlanıldığını deyib: “Qardaşım dünən axşamdan aclıq aksiyasına başlayıb. Onun səhhətinin pis olmaması üçün kömək etmək lazımdır. Ona qarşı haqsızlıq edilir. Dünənki məhkəməyə onu gətirməyiblər. Qardaşımın haqları qorunmalıdır, o, dövlətini, millətini sevən insandır. Qarabağ müharibəsində iştirak edib”. Nəzakət Qasımova qardaşının həbsinin arxasında erməni lobbisinin dayandığını düşünür. Qeyd edək ki, azərbaycanlılar Kiyevdə ərəbmənşəli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə ittiham irəli sürülsə də, 1 ildir bunu sübut edən fakt göstərilməyib. M.Qasımlı və S.Quliyev paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılır. Onu da bildirək ki, M.Qasımlı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
7-09-2022, 18:47
Daha 3 qazimiz Türkiyəyə göndərildiAğır yaralanan üç qazi – Musayev Vadim Fikrətoviç, Salayev Namiq Həsən oğlu, İsmayılov İsrail Asif oğlu “YAŞAT” Fondu tərəfindən müalicə məqsədilə Türkiyəyə göndərilib. Fonddan verilən məlumata görə, onlardan ikisi - Musayev Vadim Fikrətoviç və Salayev Namiq Həsən oğlunun müalicəsi davam etdiyindən təkrarən yola salınıblar. Qeyd edək ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Xatırladaq ki, bu günə qədər 175 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 154-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib. “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: //yashat.gov.az/report/tableau. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
7-09-2022, 18:44
Ana 13 yaşlı qızından və nəvəsindən imtina etdi
Azərbaycanda 13 yaşında ana olan qızla bağlı bəzi məlumatlar üzə çıxıb.
Butov.az xəbər verir ki, Bakının Sabunçu rayonunda yaşayan 13 yaşlı qızın atası illər öncə dünyasını dəyişib. “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə bildirib ki, qızın anası nəvəsindən və öz övladından imtina edib. Hazırda 13 yaşlı ananın və övladının vəziyyətinin yaxşı olduğu bildirilir. Azyaşlı qız təcavüzə məruz qaldığını açıqlayıb.
7-09-2022, 18:42
ABŞ-ın Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya gəlir
ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri, ABŞ-ın Qafqaz üzrə danışıqlarda xüsusi nümayəndəsi, səfir Filip Riker bu həftə Cənubi Qafqaz ölkələrinə səfər edəcək. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib. Dövlət Departamentinin nümayəndəsi xatırladıb ki, bu, Rikerin həmsədr statusunda Cənubi Qafqaza ilk səfəridir. Patel bölgəyə səfərlərin müntəzəm olacağına ümid etdiyini deyib. "Səfər çərçivəsində Riker Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək. O, bu üç ölkənin yüksək rütbəli rəsmiləri ilə görüşlər keçirərək, regiondakı əsas problemləri, habelə münaqişənin konstruktiv həlli üçün yardım və birbaşa iştirak imkanlarını, mübahisəli məsələləri və regional əməkdaşlığı müzakirə edəcək”, - Patel vurğulayıb. Xatırladaq ki, bundan əvvəl ATƏT-in Minsk qrupunun amerikalı həmsədri vəzifəsini Endryu Şofer tutub. Qeyd edək ki, Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi Rusiya, Fransa və ABŞ-dır. Ermənistan tərəfi dəfələrlə ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Qarabağ üzrə sülh prosesinin bərpa olunmasının tərəfdarı olub. Lakin rəsmi Bakı Qarabağ münaqişəsinin bitdiyini və ATƏT-in Minsk qrupunun fəaliyyətinə daha ehtiyac duyulmadığını bəyan edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da son açıqlamalarında ATƏT-in Minsk qrupu formatında əməkdaşlığa əhəmiyyət vermədiklərini bildirib.
7-09-2022, 18:40
Putin dünyanı bürüyən ərzaq qıtlığından danışdıRusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar sessiyasındakı çıxışında dünyanı bürüyən ərzaq qıtlığından danışıb.
Butov.az xəbər verir ki, Putin dünyada taxılın yalnız Qərbə ixracının humanitar fəlakətə səbəb ola biləcəyini vurğulayıb. Putin deyib ki, inkişaf etmiş ölkələr ərzaq məhsullarını satın aldığından ən yoxsul ölkələr həmin qidalara çıxışı itirirlər. Rusiya prezidenti "dünyada artıq 345 milyon insan ərzaq çatışmazlığından əziyyət çəkir – bu, 2019-cu ildəkindən 2,5 dəfə çoxdur" deyib. Putinin sözlərinə görə, Rusiya Federasiyası özünü təbii sərvətlərlə tam təmin etməyə qadirdir. Prezident, həmçinin bildirib ki, rəsmi Moskva Ukrayna taxılının ixracı və aclıqdan əziyyət çəkən ölkələrin maraqlarının təmin olunması üçün hər şeyi edir. "Praktiki olaraq Ukraynadan çıxarılan bütün taxıl inkişaf etməkdə olan ölkələrə yox, Avropa Birliyinə göndərilib" - Putin vurğulayıb.
7-09-2022, 18:37
Atmosfer havasının keyfiyyəti yaxşılaşıbAvtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, ölkə üzrə atmosfer havasında həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarı norma daxilində olub. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib ki, ölkə ərazisində havanın yağıntılı keçməsi hava keyfiyyətinə öz müsbət təsirini göstərib. G.Abbasova onu da qeyd edib ki, hava proqnozlarını, faktiki hava şəraitini, hava keyfiyyətinə dair monitorinq məlumatlarını meteo.az saytından əldə edə bilərsiniz.
7-09-2022, 18:35
Neftimiz yenə ucuzlaşdı“Azeri Light” (CIF) markalı Azərbaycan neftin qiyməti azalıb.
Butov.az-ın məlumatına görə, dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,18 ABŞ dolları və ya 2,2% azalaraq 96,88 dollar təşkil edib.