Erməni silahlı dəstələri mövqelərimizi 7 saat atəşə tutdu
İyunun 8-i saat 11:25-dən 18:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Füzuli, Xocalı və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8-də Soçiyə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşüb. Bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib. Görüşdə iki ölkənin qarşılıqlı münasibətlərinin Azərbaycan və Rusiya prezidentlərinin səyləri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluqla vurğulanıb. Qarşılıqlı ticarətin və sərmayələrin davamlı artması ikitərəfli münasibətlərin dinamik inkişafının əyani sübutu kimi qiymətləndirilib. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın cari ayın sonunda Moskvada keçirilməsi planlaşdırılan növbəti iclasının əhəmiyyəti qeyd edilib. Kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaxşı nəticələri vurğulanıb. Nəqliyyat və logistika sektoru əməkdaşlığın mühüm istiqaməti kimi səciyyələndirilib. Bununla əlaqədar Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tam gücü ilə fəaliyyətinin təmin edilməsi üçün birgə səylərin davam etdirilməsinə qarşılıqlı hazırlıq ifadə olunub. Tərəflər sənaye sahəsində uğurlu əməkdaşlığın zəngin təcrübəsini qeyd ediblər, birgə istehsal istiqamətində işbirliyini müsbət qiymətləndiriblər. Hökumət başçıları Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının aktual məsələlərini və müxtəlif sahələrdə birgə layihələrin reallaşdırılmasını də nəzərdən keçiriblər.
MDB Sərhəd Qoşunlarının Bakıda 86-cı iclası keçirildi - VİDEO
Cari ilin iyun ayının 8-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclası keçirilib. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Tədbirdə Azərbaycan Respublikası ilə yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Ermənistanın sərhəd xidmətlərinin rəhbərləri, SQKŞ-nin Əlaqələndirici Xidməti, Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi, MDB-yə üzv ölkələrin ərazisində mütəşəkkil cinayətkarlığa və cinayətin digər təhlükəli növlərinə qarşı mübarizənin əlaqələndirilməsi Bürosu, Sərhəd xidməti veteranlarının Beynəlxalq İctimai Birliklər İttifaqının Əlaqələndirici Şurasının nümayəndə heyətləri və fəxri qonaqlar iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 1992-ci ildən fəaliyyət göstərən və Müstəqil Dövlətlər Birliyinin üzv ölkələri arasında sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq məsələlərinin əlaqələndirilməsini həyata keçirən SQKŞ-nin iclaslarında müşahidəçi qismində iştirak edir. Sərhəd Qoşunları Komandanları Şurasının 2001-ci ildə 40-cı, 2008-ci ildə 60-cı, 2013-cü ildə 70-ci və 2017-ci ildə 78-ci iclasları Bakı şəhərində keçirilib. İclasdan öncə nümayəndə heyəti tərəfindən Ümumilli Lider Heydər Əliyevin məzarı ziyarət edilərək önünə əklil qoyulub, Ulu Öndərin ruhuna hörmət və ehtiram bildirilib. Tədbirdə iştirak edən MDB-yə üzv dövlətlərin sərhədlərində vəziyyət və onun inkişaf tendensiyaları, MDB dövlətlərinin sərhədlərində qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə 2023-cü ildə keçirilən və 2024-cü il üçün planlaşdırılan birgə əməliyyatlar, SQKŞ-nin 87-ci iclasının təşkili və gündəliyinin layihəsi nəzərdən keçirilmiş, eləcə də tədbirin gündəliyinə uyğun olaraq digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər keçirilmiş, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Tədbir çərçivəsində iştirakçılar Dövlət Sərhəd Xidmətinin struktur bölmələrinin fəaliyyəti ilə tanış edilib.
Son sutka ərzində düşmən 945 hərbçisini və 33 tankını itirib - Şoyqu
Ukrayna Silahlı Qüvvələrinin xüsusi təlim keçmiş ehtiyat qüvvələri Zaporojye istiqamətindəki mövqeləri yarma tapşırığını yerinə yetirə bilməyib. Bu barədə Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib. “Bu gün saat 01:30-da Zaporojye istiqamətində düşmən 1500 nəfərə qədər canlı qüvvə və 150 zirehli texnikadan ibarət 47-ci mexanikləşdirilmiş briqadanın qüvvələri ilə müdafiəmizi yarmağa cəhd edib. Kəşfiyyat qüvvələri düşməni vaxtında aşkar edib, artilleriya, aviasiya və tank əleyhinə silahlardan istifadə edərək qabaqlayıcı zərbələr endirib", - nazir deyib. Onun sözlərinə görə, Ukrayna ordusunun dörd istiqamətdə qarşısı alınıb. "Düşmənin 4 istiqamətdə də qarşısı alınıb. Qarşı tərəf xeyli itki verərək geri çəkilib. Son sutka ərzində düşmən 945 hərbçisini və 33 tankını itirib", - nazir vurğulayıb.
Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının toplantısı başladı
Türkiyədə Milli Təhlükəsizlik Şurasının toplantısı başlayıb. İclasa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir. Toplantıda İraq və Suriyanın şimalında həyata keçirilən terrorla mübarizə əməliyyatları başda olmaqla, strateji, regional və milli təhlükəsizlik mövzularının müzakirə olunması gözlənilir.
Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. Məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan yayıb. O bildirib ki, görüş Azərbaycanın müraciətinə əsasən təxirə salınıb. Həmçinin qeyd olunub ki, görüşün yeni tarixi barədə ictimaiyyətə məlumat veriləcək. Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə açıqlamasında məlumatı təsdiqləyib. O deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. "Ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq. Bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur", - XİN rəsmisi qeyd edib.
İranla sazişin bağlanması əlaqələrin genişləndirilməsi üçün stimul olacaq - Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasında logistikanın gücləndirilməsi, nəqliyyat infrastrukturunun inkişafı və rəqəmsal texnologiyaların inkişafı haqqında danışıb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. O vurğulayıb ki, Avrasiya nəqliyyat məkanının inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi ittifaqın təkmilləşdirilməsində xüsusi rol oynayır. "İrəvan strateji istiqamətlərin inkişafı üçün lazım olan hər şeyi edir. İranla azad ticarət sazişinin bağlanması isə əlaqələrin genişləndirilməsi üçün stimul olacaq. Aİİ artıq iqtisadi əlaqələrin möhkəmləndirilməsində, biznesin və investisiyaların stimullaşdırılmasında xüsusi rol oynayır və bundan sonra da irəliləyəcək. Ermənistan ittifaqın daxili bazarının fəaliyyətinin təmin edilməsinə yönəlmiş vasitəçilik prosedurlarının tətbiqini və inkişafını dəstəkləyir", - deyə Paşinyan söyləyib. "Gələcəkdə yeni maneələrin qarşısını almaq üçün karbon neytrallığının təmin edilməsi və “yaşıl gündəmə” keçid üzrə işləri davam etdirmək lazımdır", - o əlavə edib.
Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, xaricdə çap olunmuş pasport və yeni nəsil şəxsiyyət vəsiqəsi blanklarının idxalı ƏDV-dən azad edilib.
ABŞ postsovet məkanının bütün dövlətlərinə təyziqlər edir - Patruşev
ABŞ keçmiş SSRİ ölkələri arasında konstruktiv münasibətləri pozmaq məqsədi ilə postsovet məkanının bütün dövlətlərinə misli görünməmiş təzyiqlər edir. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev KTMT ölkələrinin təhlükəsizlik şuraları katiblərinin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib. "ABŞ-ın əsas məqsədi keçmiş SSRİ ölkələrinin konstruktiv münasibətlərini pozmaq, həmçinin MDB, Aİİ və KTMT çərçivəsində inteqrasiya proseslərinə mane olmaqdır. Buna görə də şantaj, hiylə və təhdid yolunu tuturlar. Bununla da maraqları ilə hesablaşmağı belə düşünmədikləri maksimum sayda dövlətləri öz dairələrinə cəlb etməyə çalışırlar", - deyə Rusiya rəsmisi ABŞ-ı ittiham edib.
MDB Şurasının növbəti iclası Ermənistanda baş tutacaq
Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclası Ermənistanda keçiriləcək. Bu barədə Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini - Koordinasiya Xidmətinin sədri, general-polkovnik Aleksandr Manilov Şuranın Bakıda keçirilən 86-cı iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, növbəti iclas 2023-cü ilin ikinci yarısında, təxminən oktyabrda İrəvanda keçiriləcək. "Bu tədbirə hazırlıq artıq başlayıb” - general deyib.