"Fənərbağça" doğma meydanında xal itirdi .....                        "Zirə" qələbə qazandı .....                        Salyanda faciə: Qırılan tros sürücünün ölümünə səbəb oldu .....                        Türk diplomat İrəvanda - Nələr müzakirə edildi... .....                        Putin atəşkəsi uzatmayacaq .....                        Binəqədidəki yanğında 5 maşın kül olub - RƏSMİ .....                        Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq? .....                        Mirzoyan ATƏT-in baş katibi ilə görüşdü .....                        ABŞ ilə danışıqlar səmərəli ola bilər - İran rəsmisi .....                       
22-03-2022, 10:17
Ermənistanın müharibə xərclərinin yarısı beynəlxalq ianələr hesabına ödənilib

Cəmaləddin Quliyev


Ermənistanın müharibə xərclərinin yarısı beynəlxalq ianələr hesabına ödənilib

Ermənilər arasında “Himnadram” kimi tanınan Hayastan Ümumerməni Fondu 1992-ci ildə Ermənistanın iqtisadi inkişafına dəstək olmaq üçün pul toplamaq naminə diasporu "ana ölkə" ilə əlaqələndirmək məqsədi ilə yardılıb. Mövcud olduğu müddət ərzində təxminən bir milyon Ermənistan vətəndaşı toplanmış 400 milyon dollara yaxın vəsaitdən müəyyən mənada faydalanıb.
“Himnadram” 2020-ci ilin payızında Azərbaycanla münaqişəyə girmiş Ermənistanın dadına yetişdi. Fond 200 milyon dollara qədər vəsait toplamaqla tarix rekorda imza atdı. ABŞ, Avropa, Avstraliya və digər ölkələrdə 750.000-ə yaxın şəxs Azərbaycana qarşı müharibədə ermənilərə yardım etmək üçün fonda töhfə verdi. Fondun nizamnaməsində Ermənistan hökumətinin birbaşa vəsait alıcısı ola bilməyəcəyi açıq-aydın göstərilsə də, toplanan məbləğin təxminən 60 faizi “təcililik” səbəbindən birbaşa dövlət büdcəsinə köçürülüb.
Müharibə bitəndə isə yüksək emosionallıq öz yerini rasionallığa verdi və donorlar 200 milyon dolların necə və hansı formada xərcləndiyini bilməyə çalışdılar. Ermənistanın hazırkı hökuməti siyasi rəqibləri, xüsusən də keçmiş prezident və “Himnadram” idarə heyətinin üzvü Robert Köçəryan tərəfindən maliyyəni israf etməkdə və mənimsəməkdə ittiham olunur.
Mübahisəyə son qoymaq üçün Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan “Himnadram”dan müstəqil audit tələb edib və yoxlama zamanı pozuntu aşkar edilərsə, bütün ianələri geri qaytarmağı təklif edib. Fondun icraçı direktoru Haykak Arşamyan bu qətnamə ilə razılaşıb. Bununla belə, yekun auditin məzmunu hələ ictimaiyyətə açıqlanmayıb…
"Himnadram"ın siyasətlə heç bir əlaqəsi olmadığını iddia etməsinə baxmayaraq, yarandığı gündən siyasətlə məşğul olub. Fondun ilk rəhbəri ovaxtkı prezident Levon Ter-Petrosyanın çoxdankı dostu və müttəfiqi Manuşak Petrosyan olmuşdu. Fonda rəhbərlik etdiyi altı il ərzində birtəhər topladığı sərvət, dəbdəbəli evlərin, mağazaların və restoranların çeşidi ilə yadda qalmışdı. Fonddan ayrıldıqdan sonra o, "Spektrum" adlı tikinti şirkətini qurdu..
Milliyətçi Daşnak Partiyasının Kaliforniyadakı gənclər federasiyasına rəhbərlik edən diaspor ermənisi Raffi Ovannisyan fondun yeni icraçı direktoru təyin olunanda ona Ter-Petrosyanın dövründə diaspor daşnakları ilə Ermənistan hökuməti arasında pisləşmiş münasibətləri düzəltmək tapşırılmışdı. 1999-cu ildə "Azg Daily"-yə verdiyi müsahibədə Hovanissian "Himnadram"ın siyasiləşməsini etiraf edirdi...
"Himnadram" daim hakimiyyətdə olanlara xüsusi xidmətləri ilə diqqət çəkirdi. Məsələn, 2007-ci ildə Göycə gölünün çimərliklərində yerləşən Kaputak Sevan kurort kompleksində külək sörfü mərkəzinin tikintisini maliyyələşdirib. Kurort “təsadüfən” keçmiş prezident Robert Köçəryanın həyat yoldaşı Bella Köçəryana məxsusdur. Obyekt üçün tələb olunan avadanlıqların alınmasını da fond ödəyib.
… Fondun 2013-cü ildə keçirdiyi illik telemarafondan sonra məlum olub ki, Qarabağda Ermənistanın dəstəklədiyi separatçı rejim üçün dəbdəbəli xidməti avtomobillər alınıb, bu rejimə bağlı şəxslərin şəxsi bank kreditləri ödənilib. "Himnadram"-ın digər icraçı direktoru Ara Vardanyan 2018-ci ildə Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən maliyyə mənimsəmələrində şübhəli bilinərək həbs edilib. Vardanyan onlayn qumar oyunları üçün 20 milyon dram limiti olan Himnadram kredit kartından istifadə etdiyini etiraf etmişdi..
Fond daim çirkli pulların yuyulması ilə də gündəmə gəlir. İllik qara bazarı təxminən 300 milyon dollar olan Ermənistan və onilliklər ərzində beynəlxalq yoxlamanın qeyri-mümkün olduğu boz zona olan Qarabağ uzun müddət “Himnadram”-ın genişmiqyaslı əməliyyatları üçün təhlükəsiz sığınacaq olub. “Himnadram”-ın on altı ölkədəki filialları xeyriyyə təşkilatının bir hissəsi olduğuna görə vergidən azaddır. Uzun illərdir ki, bəzi erməni oliqarxları bu vergidən azad statusdan geniş şəkildə istifadə ediblər.
….”Himnadram” Ermənistan və Qarabağı birləşdirən iki magistral yolun tikintisini maliyyələşdirib: biri azərbaycanlıların sıxışdırılıb çıxarıldığı Şuşa və Laçın rayonlarından, digəri isə Kəlbəcərdən keçir. Qarabağda bir sıra digər yollar da asfaltlanıb, o cümlədən Araz çayının ən cənub sahillərini Ermənistan Respublikası ilə birləşdirən Şimal-Cənub yolu və əvvəllər əsasən narkotik və silah ticarəti üçün istifadə olunub.
Bu yollar həm də Ermənistan və Qarabağın faktiki olaraq vahid iqtisadi məkanda birləşməsini təmin etmək üçün nəzərdə tutulmuşdu.
…1994-cü ildə Ermənistanın birinci Dağlıq Qarabağ müharibəsində qələbəsindən sonra müharibə zamanı çoxsaylı maddi-texniki çətinliklərlə üzləşən Ermənistan silahlı qüvvələri nəzarəti altında olan ərazilərdə ilk növbədə hərbi təyinatlı yolların tikintisinə başladılar. Həmin yolların əksəriyyətini məhz Himnadram maliyyələşdirdi: fondun ikinci, üçüncü, beşinci, altıncı, yeddinci, on altıncı və on yeddinci telemarafonlarının hamısı yol tikintisi üçün vəsait toplamağa həsr olunmuşdu..
Himnadramın Qarabağdakı fəaliyyəti təkcə yol tikintisi ilə məhdudlaşmır. “Artsax kəndlərinin yenidən məskunlaşdırılmasi” layihəsi çərçivəsində Qarabağa qanunsuz köçürülməyə sponsorluq edib.
“Himnadram”ın Qarabağda onilliklər ərzində göstərdiyi səyləri - faktiki olaraq Ermənistanın hərbi işğalını gücləndirmək və beynəlxalq səviyyədə dəstəklənən sülh təkliflərinin həyata keçirilməsinə mane olmaq məqsədi daşıyan - fondun 2020-ci il Qarabağ müharibəsi zamanı toplanmış ianələrinin məhz necə xərcləndiyini soruşmaq ağlabatandır. Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə görə, Himnadramın Ermənistan hökumətinə etdiyi ianələr hökumətin müharibə xərclərinin təqribən yarısını ödəyib – yenə də şübhəli fəaliyyətdir, bu, birbaşa fondun nizamnaməsinə ziddir.
…. Əgər Ermənistanın müharibə xərclərinin “təxminən yarısı” beynəlxalq ianələr hesabına ödənilibsə, o zaman bunun bir hissəsi çox güman ki, təkcə hərbi texnikanın alınmasını deyil, həm də müharibə zamanı Azərbaycan şəhərlərini hədəfə almış erməni artilleriyasının saxlanmasını əhatə edirdi….
Xeyriyyə pullarının hərbi fəaliyyətləri maliyyələşdirmək üçün istifadə edildiyi sübut olunarsa, “Himnadram”ın vergidən azad statusu sual altına düşə bilər. İllərlə aparılan araşdırmalar ABŞ-da yerləşən xeyriyyə təşkilatlarının fərdləri necə aldatdığını və hətta terror təşkilatları üçün ianə topladığını ortaya çıxarıb. Ermənistan Fondunun vergidən azad statusunun müxtəlif maraq qruplarına müxtəlif ölkələrdə, ilk növbədə ABŞ-da yaşayan insanlardan yoxlanılmadan pul almasına və son nəticədə həm də oliqarxiyanı dəstəkləmək üçün istifadə edilməsinə imkan verdiyini söyləmək heç də yanlış olmazdı (tərcümə edilmiş mətn)..
19-03-2022, 07:16
Zaur Ustac yazır: "Ruhu duru, sözü bütöv Əsgər Ordubadlı"

Zaur Ustac yazır: "Ruhu duru, sözü bütöv Əsgər Ordubadlı"

Azərbaycanın ən qədim yurd yerlərindən biri olan Ordubad qədimliyi qədər də təbiəti və insanı ilə olduqca unikaldır. Ərazicə elə də böyük olmayan Ordubad əslində sözün tam mənası ilə sanki elə bütöv Azərbaycandır. O Azərbaycan ki, onu Araz ikiyə bölməyib. Əksinə birləşdirib. Ordubad bütün təbiəti, tarixi, insanı, dili ilə vahid, bütöv Azərbaycanın kiçik modelidir mənim üçün. Ordubad insanı bir başqadır. Tamdır. Bütövdür! Sizi bu ecaskar yurdun qəlbi təmiz, ruhu duru, sözü bütöv şair oğlu Əsgər Ordubadlı ilə tanış etmək istəyirəm.
Əsgər Ordubadlı - Əliyev Əsgər Ramazan oğlu 1995 - ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Dəstə kəndində anadan olub. Təxəllüsü Əsgər Ordubadlıdır. 2001-ci ildə Ordubad rayon Dəstə kənd 1 nömrəli tam orta məktəbinə daxil olub və 2012 - ci ildə oranı bitirib. 2012-ci ildə hərbi xidmətə gedib. Uşaq yaşlarından ədabiyyata maraq göstərib, elə həmin vaxtlardan da bədii yaradıcılığa başlayıb. "Bizim məhəlləmiz" adlı ilk şeirini 2006 cı ildə yazıb. Mətbuatda ilk çap olunan şeiri "Xocalı soyqırımı " (“El Həyatı” qəzeti. 2010) . Bundan sonra dövrü mətbuatda şeir və məqalələri, eləcə də onun haqqında yazılar dərc olunub. Məktəb illərində dəfələrlə Ordubad və Naxçıvan müəllif şeir müsabiqələrində uğurla iştirak edib. Naxçıvan dövlət televiziyasının verlişlərində qonaq olub.
"Qələm nə danışır"(2009) ,"Axırda peşman sən olacaqsan"(2010) kitabçalarının, "Zülmətdən doğan işıq" (2021) şeirlər kitabının müəllifidir. Bir sıra qəzetlərdə və "Telli Sənəm", "Yazarlar", "Xəzan" jurnallarında şeir, məqalə və hekayələri çap olunub. Telli Sənəm jurnalının "Bölgə müxbiri" (2021) olub. "Yazarlar" jurnalının Ordubad bölgə təmsilçisi, YİNŞ - nın Ordubad rayon üzrə sədridir. AKİVİ-nin "Qızıl Qələm ", “Yazarlar”-ın "Ziyadar" və bir çox digar mükafatlara layiq görülüb. Müəllifin kitablarından əlavə "Gözüm yolda könlüm səsdə", "Qələbəyə gedən yol", "Gəlirik Qarabağ ", "Kimlərə qaldı dünya, Nizami Gəncəvi 880", "Həyat bizi səsləyir", "Sevgilim, yuxunu dənizə danış" Poeziya Antologiyalarında şeirləri çap olunub. Hazırda Ordubad rayonunun Dəstə kəndində yaşayır. Subaydır.
Özü haqqında belə qısa arayışdan sonra sözü ilə tanış olaq:

KEÇDİ ÖMRÜN İLLƏRİ

Keçdi ömrün illəri
Ən xoş bir xatirətək.
Xatirəyə aldanıb
Ömrü verməzdik gərək.

Yel qanadlı illəri
Buraxmazdıq boş keçə.
Dünyamız seyrələcək
İnsanlar köçə-köçə?

Yox onların yerinə
Yeni nəsil gələcək.
Qış gedəndə nə olar
Başqa fəsil gələcək.

… Mən bir bahar fəsliyəm
Doğulmuşam baharda
Baharda çiçək açıb
Boğulmuşam baharda.

Əsgər çəkmə bu qəmi
Vaxtsız gələn dərd keçər.
baxma mənə ey gözəl,
yoxsa ala gözlərdən
Mənə məhəbbət keçər.

Bu ən ağır xəstəlik.
Dərmanı yox üstəlik.
Dərmansız dərd mən bilən
Tez keçsə də sərt keçər…


GEDİR

Yox, mən bu dünyaya bel bağlamaram.
Görürsən həyası, arı da gedir.
Payızın yağışı əbədi deyil
Yaz gəlir dağların qarı da gedir.

Zərrəcə qalmayıb düzlük, etibar,
Bəzən sənin olmur səni sevən yar.
Bu gün əllərindən bərk-bərk tutanlar
Sabah səni qoyur yarıda gedir.

Əsgər var-dövlətə aldanma, qəti,
Gördüm sahibi yox neçə şirkəti.
Sonunda ağ kəfən olur qisməti
Dövləti də gedir, varı da gedir.

BƏXTİM GƏTİRMƏDİ SEVGİDƏ

Əzab imiş bu həyatın hər yanı,
Məcnun olub hey axtardım Leylanı.
Min yol oldum o gözlərin qurbanı,
Mənim bəxtim gətirmədi sevgidə.

Sevgi verdim, əvəzində nə gördüm?
Öz dərdimi misralara keçirdim.
Şeir oldu, vərəqlərə köçürdüm
Mənim bəxtim gətirmədi sevgidə.

Hey əl açdım əllərinə çatmadı,
Əl açdığım əllərimdən tutmadı.
Sevən könlüm xoşbəxtliyi dadmadı,
Mənim bəxtim gətirmədi sevgidə.

Doğma idi, özgələşdi yad oldu,
Yad ürəkdən ona sevgi doğuldu.
Arzularım gözlərimdə boğuldu,
Mənim bəxtim gətirmədi sevgidə.

Əsgər bəlkə sevdi deyə suç etdi?
“Ömrüm” deyən həyatımı puç etdi.
Özgəsinin əlin tutdu, quc etdi,
Mənim bəxtim gətirmədi sevgidə.

TARİX YAZAN QƏHRƏMANIM
(İntiqam Abdullayevin əziz xatirəsinə)

Tarix yazan qəhrəmanım
Tarixini yazıb gəlir.
“Köçkün” adın, “qaçqın” adın
Alnımızdan pozub gəlir.

Milyonların sevgisindən,
inamından güc alıb o.
Ucalardan uca olan
Pak məqama ucalıb o.

O, can verib, O, qan verib,
Qoy yaşasın ana torpaq.
Ana torpaq yaşadıqca
Öz oğlun da yaşadacaq!

Yox, İntiqam ölməmisən
Ürəklərdə adın sağdır.
Şəhidliyə ucalanlar
Daima sağ qalacaqdır!

QÜRURLA OXU
(Ölməz qəhrəman şəhidimiz Xudayar Yusifzadənin ifasından təsirlənərək)

Oxu, mərd döyüşçüm, qürurla oxu!
Ana vətən gur səsini eşitsin.
Vətənin yol çəkən aranı, dağı
Qoy Xudayar nəğməsini eşitsin.

Bitsin bu gün həsrət adlı dünənin,
Yadın deyil, bu mənimdir, bu sənin.
Xəbər yayın hər yanına vətənin
Öz oğlunun gəlməsini eşitsin.

Yağı düşmən qaça bilməz əlindən,
Hamımıza əziz olan bu vətən
Sizin kimi oğulların dilindən
“Sən azadsan! ” kəlməsini eşitsin.
QƏHRƏMAN OĞLUM
(Vətənin adından Qənbərli Vüsal İlkin oğlunun əziz xatirəsinə)

Uyu məzarında nurlar içində
Ey vətən sevdalı qəhrəman oğlum.
Xalqın ürəyində, xalqın dilində
Adın yaşayacaq hər zaman, oğlum.

Tarix oxumadın, yazdın bir başa.
Yeni həyat verdin torpağa, daşa.
Dedin:- Azərbaycan müstəqil yaşa!
Ey vətən eşqindən yaranan oğlum.

Düşmənin başına odlar ələdin,
Məhv etdin yağını, qana bələdin.
Yalandan vətənə canım demədin,
Sən onun yolunda verdin can, oğlum.
EŞQ OLSUN!
(Yenilməz ordumuzun şanlı Zəfərinə)
Ön cəbhədə tarix yazır durmadan
Ordumuzun zəfərinə eşq olsun!
Düşmənini hər addımda qorxudan
Azərbaycan əsgərinə eşq olsun!

Ver komandir daim müjdə xəbəri,
Səndə qalıb milyonların nəzəri.
Hər gün yeni kənddə açır səhəri
Ordumuzun zəfərinə eşq olsun!

Keç Arazın sahilindən sırayla,
Zəngilandan qardaşları harayla.
Dəstək verir bax Arazdan o tayda
Qardaş deyən dillərinə eşq olsun!

İrəli get, səninlədir qayıdış.
Ata-baba torpağıdır hər qarış.
Bu millətin ordusuna min alqış,
Yenilməyən rəhbərinə eşq olsun!


Ümidvaram ki, ünün bütün Azərbaycana yayılacaq, Əsgər. Bütöv Azərbaycanın tanınmış söz adamı, sözü bütöv şairi olacaqsan. Yolun açıq, uğurların bol olsun!

Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist.
15-03-2022, 07:09
Mənzər Niyarlı yazır: "Balalarınıza oxuyun"

Mənzər Niyarlı yazır: "Balalarınıza oxuyun"

NOVRUZGÜLÜ
(Hekayə)

Biri vardı, biri yoxdu, meşənin lap yaxınlığında Həmişəbahar adlı ananın Novruzgülü adlı bir qızı vardı. Mavi donlu, mavi ləçəkli bu qız heç vaxt evdən küçəyə çıxmazmış. O nə qışı, nə payızı, nə də yay fəslini xoşlayardu. Qışda üşüyər, payızda saralıb solar, yayda isə yanıb külə dönərdi... Novruzgülü ancaq bahar fəslini sevərdi. Həmişəbahar ana qızını dilə tutardı ki, həyətə çıxsın, həyətdə gəzsin, ancaq onu yola gətirə bilməzmiş. Elə ki, ağaclar tumurcuqlanmaq, torpaq yaşıl məxməri libasını geyinmək istəyirdi, Novruzgülü mavi ləçəklərini saçına düzüb həyətə çıxardı. Günün şüası Novruzgülünün gözlərini qamaşdırardı. Novruzgülü başını qaldırıb açıq səmaya baxa bilməzdi. Yerdə göyərməkdə olan kolların, daşların arasında gizlənərdi və tez-tez də həsrətlə uzaqda görünən yaşıl dağlara baxardı. Elə istəyirdi ki, o dağlara dırmaşsın. Eşitmişdi kı, onun rəfıqələri ömründə görmədiyi Bənövşəylə Lalə o dağlarda məskən salır. Bir gün Novruzgülü yenə də həyətə çıxdı və hərlənə-hərlənə fikirləşirdi ki, Həmişəbahar anasından icazə alıb o dağlara gedə bilər, ya yox. Birdən gördü ki, uzaqdan qara qanadlarını yanlara açaraq ona sarı bir quş uçur. Bu Qaranquş idi. Baharın gəlişini el-obaya xəbər verən Qaranquş. Qaranquş gülümsünə-gülümsünə gəlib Novruzgülünün ləçəyinə qondu.
- Salam, mənim əziz bacım, Novruzgülü. Qədəmlərin mübarək, Həmişə bu çöllərin, bu dağların ətəyində görünəsən.
- Salam, qardaşım Qaranquş. Baharın ilk müjdəçisi.
Novruzgülü sevinə-sevinə Qaranquşun üzündən öpdü.
- İsti diyarlardan nə vaxt qayıtmısan?
- Bu gün gəlmişəm. Qış öz bəd ayağını çəkib gedən kimi yola düzəidim. Qaranquşla Novruzgülü xeyli söhbət elədilər, Novruzgülü elə
gözəl ətir saçırdı ki, yer-göy bu ətirdən məst olmuşdu. Novruzgülü Qaranquşla söhbət etsə də, fikri dağlarda qalmışdı. Qaranquş hiss etdi ki, Novrüzgülü nəsə həyəcanlıdır.
- Mənim gözəl, mavi ləçəkli bacım, niyə belə narahatsan?
Novruzgülü ah çəkdi!
- Qaraləçəkli, şümal boylu qardaşım, o uca dağlarm həsrətindəyəm. Elə istəyirəm ki, o dağlara çıxam. Mənim Həmişəbahar anam həmişə deyərdi ki, sənin Laləylə Bənövşə bacın o dağlarda yaşayır. Mənsə onları heç vaxt görməmişəm. Deyilənə görə, Lalə bacım qırmızı ləçəkli, qaraxallı göyçək bir qızdı. Həmişə dodaqlarından gülüş əskik olmur. Bənövşə bacımsa boynu bükük gəzir. Özü də heç kəsə yovuşub eləmir. Bilmirəm, onu kimsə küsdürüb. Görən, mən o dağlara çıxsam, onları görə bilərəmmi?
Qaranquş kədərli-kədərli dilləndi:
- İnanmıram, bacım. Onlar sən buraları tərk edəndən sonra dağlarda görünürlər. Bənövşə bacıyla Lalə bacı mülayim, isti havanı xoşlayırlar. Sənin isə istiyə davamın yoxdur. Ona görə də siz heç vaxt bir-birinizi görə bilməyəcəksiniz. Novruzgülü daha da kədərləndi və Qaranquşa dedi: - Apar, qardaşım, məni, apar o dağlara. Onların gəzdiyi yerləri heç olmasa mən də görüm. Qaranquş Novruzgülünü qanadlarına alıb dağlara sarı üz tutdu. Gəlib dağa çatdılar. Sonra Qaranquş dedi:
- Mən gedirəm, bacı. Əlvida!
Novruzgülü təəccüblə Qaranquşa baxdı.
- Hara belə, qardaşım Qaranquş?
Qaranquş Novruzgülünün ləçəklərini sığallayıb dedi:
- Mənim o qədər işim var ki. Meşəyə tələsirəm. Gedim baharın gəlişini onlara da xəbər verim. Qoy meşəmiz də öz yaşıl libasını geyinsin. Qaranquş Novruzgülünün ləçəklərindən bir də öpüb onunla vidalaşdı. Yaşıl otlardan don geyinmək istəyən dağlar Novruzgülünü çoxdan gözləyirdi. Buralar necə gözəl idi. Novruzgülü elə ayağını dağlara basdığını görür. Dağların ətəyində yerləşən kənd elə bil Novruzgülünün gəlməyini gözləyirdi. Kənd bayram əhvali-ruhiyyəsindəydi. Çayların şırıltısı, əriyən buzların şaqqıltısı, şəlalənin zümzüməsi aləmi bürüdü. Analar həyətdə aş qazanları asırdılar. Uşaqlar üzlərində sevinc həyətdə oynayırdılar. Axı anaları onlara təzə paltar almış, çoxlu yumurta boyamış, şəkərbura, paxlava bişirmişdi, nimçələrdə səməni göyərtmişdilər, hələ axşam şər qarışanda eviərində xonça bəzəyib şam yandıracaqdılar. Atalar həyətdə əllərində bel yer şumlayır, ağac əkirdilər. Novruzgülünü ilk görən uşaqlar oldu. Sonra bütün kənd xəbər tutdu ki, Novruzgülü dağlarda məskən salıb. Uşaqlar dağlara axışdı:
- Xoş gəlmisən! Qədəmlərin mübarək, Novruzgülü! - dedilər. – Novruzgülü utana-utana mavi ləçəklərini aşağı salıb öz-özünə fikirləşdi: “Görəsən uşaqlar məni görüb niyə sevinirlər?” Sonra utana-utana ləçəklərinə sığal çəkib soruşdu: - Mən neyləmişəm ki, məni görüb sevinirsiniz, ay uşaqlar – Uşaqlar halqa vurub Novruzgülünün başına yığışaraq yallı gedı-gedə: - Sən bizə - deyə qışqırışdılar, - Baharı gətirmisən, Novruzgülü, gül-çiçəyi gətirmisən.
14-03-2022, 16:25
QHT Agentliyinin maliyyə yardımı ilə “Şəhidlər” kitabı nəşr edilib



QHT Agentliyinin maliyyə yardımı ilə “Şəhidlər” kitabı nəşr edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin həyata keçirdiyi “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində nəşr edilən publisist Hacı Nərimanoğlunun “Şəhidlər” kitabında 2020-ci il 44 günlük Vətən müharibəsində Şərqi Zəngəzur bölgəsinə daxil olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarının 100-dən çox şəhidinin ömür, döyüş yolu fotoları ilə birlikdə “Şəhidlərimizi tanıyaq və tanıdaq” bölməsində əks olunub.
“Şəhid ailələrinə qayğı dövlətimizin siyasətində prioritetdir” başlıqlı ön sözdə dövlətimizin bu kateqoriyadan olan insanlara ardıcıl diqqət və qayğısı, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliiyevanın şəhid ailələri və qazilərlə çoxsaylı görüşlərinə dair məlumatlar, fotolar verilib.
Rəngli formatda nəfis tərtibatda çıxan kitaba müəllifin “Şəhidlik - ən uca, müqəddəs məqamdır” adlı məqaləsi, ”Şəhidlər anısına, doğmalar acısına” silsiləsindən esseləri, “44 günlük Şərəf, Qürur, Zəfər Tariximiz”in rəsmi gündəliyi, “Bu Zəfər Sizindir, Şəhidlər!” və “Danışan fotolar...” foto-qalereya da daxil edilib.
Şəhidliyə, Şəhid adının müqəddəsliyinə həsr edilən bu kitab canı, qanı ilə xalqımıza, dövlətimizə qələbə sevinci, qürur, fəxarət, başucalığı bəxş edən Şəhidlərimizə, əziz ailələrinə hər birimizin, vətəndaş cəmiyyəti təsisatlarının vəfa, ehtiram borcunun təzahürüdür.
Torpaq, Vətən, Bayraq məhəbbəti, mərdik duyğuları, igidlik, şücaətləri ilə Qarabağ, Zəngəzur ellərimizi yağı tapdağından xilas edib Azərbaycana qovuşduran Müzəffər Ordumuzun Şəhid və Qazilərinə, Vətənimizin keşiyində məğrur dayanan əsgər və zabitlərimizə əbədi sevginin əksi olan kitabın nüsxələri nəşrdə adı keçən şəhidlərin ailələrinə, ali, orta məktəblərə, muzey, kitabxanalara, QHT və KİV-ə təqdim olunacaqdır.
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi
14-03-2022, 15:11
Ermənistan Azərbaycanın sülh təkliflərinə CAVAB VERDİ


Ermənistan Azərbaycanın sülh təkliflərinə CAVAB VERDİ
Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının təqdim etdiyi sülh təkliflərinə cavab verib.
Bu barədə Ermənistan XİN-in bəyanatında qeyd edilib.
XİN bildirib ki, rəsmi İrəvan BMT Nizamnaməsinə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktına uyğun olaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün danışıqların təşkili ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrliyinə müraciət edib.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir neçə gün öncə Bakının İrəvana münasibətlərin normallaşdırılması ilə bağlı beş bəndlik yeni təkliflər paketi təqdim etdiyini və cavab gözlədiyini bildirib.
12-03-2022, 11:53
Bağırovun Bütöv Azərbaycan uğrunda mübarizəsi


Bağırovun Bütöv Azərbaycan uğrunda mübarizəsi

Mir Cəfər Bağırovun böyük bacısı Seyid Məsumənin nəvəsi Məmmədtağı Bağırovla uzun müddət Bağırov irsini araşdırmaqla məşğul olmuşuq. İndi aramızda yoxdur. Mövzu gündəmdə olduğuna görə onun 2017-ci ildə yazdığı məqaləni olduğu kimi təqdim edirəm:- Füzuli Baratov
Mir Cəfər Bağırov fenomeninin ən mühüm əlamətlərindən biri onun Azərbaycan adlı məmləkətin vurğunu olması idi. O, doğma yurdu sonsuz bir məhəbbətlə sevmiş, onun şərəfini daima uca tutmağa çalışmış, bu torpaqda yaşayan xalqın milli mənafeyi uğrunda ömrü boyu yorulmaq bilmədən inadla mübarizə aparmışdır. Doğma yurdun uzaq keçmişində yadellilər (Rus – İran müharibələri nəticəsində Gülüstan - 1813, Türkmənçay – 1828 illər) tərəfindən parçalanaraq ikiyə bölünməsi və tarixi haqsızlıqların mütləq aradan qaldırılması ilə əlaqadar olan ciddi düşüncələr onun mənalı həyatını daim müşayiət etmişdir. Azərbaycan torpaqlarının nəyin bahasına olursa olsun geri qaytarılması, qılınc yarası almış doğma Vətəni mümkün qədər tez birləşdirmək arzusu respublika rəhbərinin ən böyük amalı olmuşdur. Ona görə də Mir Cəfər Bağırovun İrana ezam edilən yoldaşlarla söhbətlərdə bir neçə epizoda diqqət yetirək.
M.C. Bağırov:
“Sizə məlumdur ki, bizim Qızıl Ordumuz az vaxt içərisində Şimali İranda xeyli ərazi tutmuşdur. Bu ərazilər əsas etibarilə bizim Cənubi Azərbaycan torpaqlarıdır. Tarixən bura Azərbaycan torpağı kimi tanınmışdır. İranın böyük şəhərlərindən olan Qəzvin, Urmiya, Miyanə, Marağa, Təbriz, Ərdəbil, Səlmas, Xoy, Ənzəli və s. bizim ata-babalarımızın doğma vətənləri olmuşdur. Hələ doğrusunu bilmək istəsəniz, Tehran da qədim Azərbaycan şəhəridir.”
1941 – ci il Sentyabrın 15-də “İrana göndərilən yoldaşlarla M.C. Bağırovun söhbəti”nin stenoqramında göstərilir:
“Burada mən sizə bir məsələni də deməliyəm. O məsələ də bundan ibarətdir; nə qədər ki, bizim Qızıl Ordumuz oradadır, biz heç vaxt razı ola bilmərik ki, gözümüzün qarşısında Cənubi Azərbaycan torpağında yüzlərlə adam acından həlak olsun. Əgər bizdə bir damcı belə azərbaycanlı qanı qalıbsa, gərək biz bir vaxtlar zorla parçalanmış xalqın birləşməsinə nail olaq... Buna bizim gücümüz və bacarığımız çatar... Nə qədər çətin olsa da, biz Cənubi Azərbaycan zəhmətkeşlərinə bu köməyi göstərməliyik. Buna bizim qeyrətimiz, vicdanımız, şərəfimiz və sədaqətimiz çağırır... Ona görə də biz öz rəhbərimiz Stalin yoldaşa məktub yazıb ondan Cənubi Azərbaycan zəhmətkeşlərinə kömək etmək məsələsini xahiş etmişik... Biz dörd – beş gündür ki, bu məsələyə başlamışıq, məndən Moskvada soruşurlar ki, nə istəyirsiniz. Cavab verdim ki, biz Cənubi Azərbaycanda yaşayan qardaşlarımıza kömək etmək istəyirik, buna bizə icazə verməlisiniz. Moskvadakı yoldaşlar bizə bu icazəni verdilər.” (Cəmil Həsənli, “İkinci dünya müharibəsi illərində Azərbaycan hərbi, siyasi və diplomatik münasibətlərdə (1939 – 1945)”- Bakı – “Yazıçı” nəşriyyatı, 2015, səh.68.)

Ümumən Cənubi Azərbaycan haqqında çoxlu arxiv sənədləri, kitablar, məqalələr və başqa sənədlər mövcuddur. Bu yaxınlarda mətbuatda, sosial şəbəkələrdə oxudum ki, ABŞ-da bir milyondandan çox arxiv sənədləri aşkarlanmışdır. Bəs bu illərdə (1941 – 1945) Sovet Azərbaycanının şimalında hansı hadisələr baş vermişdir?
Tarixi həqiqət: Dağıstanda 1997-ci ildə “Yupiter” nəşriyyatı tərəfindən buraxılmış “Əziz Əliyev. Dağıstanda işlədiyi 1942 – 1948-ci illər. Rəsmi sənədlər, məruzələr, nitqlər, yazışmalar, müsahibələr” kitabında əks edilmişdir.

Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Tarix , arxeologiya və etnoqrafiya institutu tərəfindən hazırlanmış kitabın dördüncü fəslində Əziz Əliyev haqqında xatirələr toplanmışdır. 1940 – 1948-ci illərdə Dağıstan Vilayət İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmış Əbdürrəhman Daniyalov vəfatından bir müddət qabaq, 1981 – ci ildə yazdığı (bax:adı çəkilən kitab, səh.243-244) kitabdan oxuyuruq:
“1943 – cü il idi. Tehran konfransından sonra, bir gün səhər Mir Cəfər Bağırov Dağıstanda idi, görüş zamanı o, mənə şəxsən Stalinlə olmuş söhbətin məğzini açdı. Dedi ki, Dağıstanın düşdüyü çətinliklərlə əlaqədar, Dağıstanın Azərbaycanla birləşdirilməsini və ya Dağıstan MSSR-in
Azərbaycana verilməsini Stalinə təklif etmişdir. Stalin cavabında demişdir: “Bu təklifə dağıstanlıların özləri necə baxırlar?” Mir Cəfər Bağırov cavabında “Zənnimcə pis baxmırlar,”-demişdir. Mən M.C. Bağırova dedim ki, bu məsələ barədə yoldaşlarla məsləhətləşmək lazımdır.
Məlum olduğu kimi, Ə. Əliyevlə birlikdə Azərbaycandan Dağıstana işləməyə daha 16 nəfər gəlmişdi. Onlardan, Ağababov Arşavir Dağıstan Vilayət Komitəsinin ikinci katibi seçilmişdi, mənim birinci müavinim Tixon Rixiyev idi, Dərbənd Şəhər Partiya Komitəsinin birinci katibi Məmmədov, Qasımkənd Rayon Partiya Komitəsinin birinci katibi Bağırov (Azərbaycan K(b)P MK-nın birinci katibinin həmfamiliyalısı), Vilayət Partiya Komitəsinin Təbliğat və təşviqat şöbəsinin müdiri Salam Abdinbəyov idi. Belə bir şəraitdə Dağıstanın Azərbaycanla birləşdiriləcəyi təklifi fəallar içərisində baş alıb yayıldı. Bundan sonra M.C. Bağırovla görüşlərimizdə bu mövzuya toxunulmadı. Ə. Əliyev tərəfindən də təşəbbüs olmadı. Mən də bu məsələyə əhəmiyyət vermirdim. Ancaq bir dəfə RSFSR xalq səhiyyə komissarının Dağıstana gəlişi zamanı Vilayət Ali Sovetinin sədri Adilgəray Taxtarov qonağın şərəfinə ziyafət təşkil etmişdi. Qonaqlar arasında Leninqrad sualtı gəmiçilik məktəbinin rəisi (müharibə illərində Mahaçqalaya köçürülmüşdü) kontr-admiral Skrıqanov da vardı. Ziyafət şən keçirdi. Yeyirdilər, içirdilər, qələbə şərəfinə badə qaldırırdılar. Birdən kontr-admiral mənə yanaşdı və dedi: “Abdurraxman Daniyaloviç, sən yəqin ki, cənuba deyil, şimala – Moskvaya istiqamət götürürsən?” Bu replika məni vadar etdi ki, Dağıstanın Azərbaycana verilməsini və bunun siyasi nəticələrini özlüyümdə götür-qoy edim və bu təklifə mənfi münasibətimi bildirim. Bu barədə Ə. Əliyevlə danışarkən, o, zənnimin tam əksinə olaraq, Dağıstanın Azərbaycanla birləşdirilməsinin qəti əleyhdarı olduğunu söylədi: “İndi biz birbaşa ÜİK(b)P MK ilə təmasdayıq, əgər Azərbaycanın tabeliyinə keçsək, Azərbaycan K(b)P MK-ya tabe olacağıq. Bundan əlavə, Quliyev Dağıstana RSFSR hökumətindən çox pul ayırmayacaqdır”.
Bu söhbət mənim Ə. Əliyevə olan hörmətimi daha da artırdı, aramızdakı qardaşlıq münasibəti möhkəmləndi. Ə. Əliyev beynəlmiləlçi, uzaqgörən siyasətçi kimi nəzərimdə yüksəldi. Görünür, M.C. Bağırov Ə. Əliyevi Dağıstana yola salanda, Dağıstanın Azərbaycan tabeliyinə veriləcəyi təklifinə dair Stalinlə söhbətinin məzmununu ona çatdırmışdı. Ancaq bütün hallarda Ə. Əliyev M.C. Bağırovun iradəsi qarşısında əyilməmişdi. M.C. Bağırov təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada və Dağıstanda böyük səlahiyyət sahibi idi, ÜİK(b)P MK-nın və Zaqafqaziya Cəbhəsinin üzvü idi. Biz ona böyük nüfuzlu yoldaş kimi hörmət edirdik, məhz 1937 –
1938-ci illərin tufanından sonra yalnız o, bütün Qafqazda salamat qalmışdı. Bundan başqa, biz Mir Cəfər Bağırovun Dağıstana münasibətini də başa düşürdük. Bir dəfə, SSRİ Ali Sovetinin sessiyası günlərində axşamdan xeyli keçmiş Ə. Əliyev Taxtarov (Taxtarov A.Q.-Dağıstan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri-T.Q.) və məni Mir Cəfər Bağırovun dəvətilə onun mənzilinə qonaq apardı. M.C. Bağırov sevinc içində idi və bizi qarşılayanda təxminən bu sözləri dilinə gətirdi: “Mən bir az əvvəl Stalinin bağ evində süfrə arxasında idim. Dağıstanın Azərbaycana verilməsi prinsip etibarilə həll olunmuşdur. Siz Stalin yoldaşa bu məzmunda rəsmi məktub göndərin”. Biz bir-birimizin üzünə baxdıq. Ə. Əliyev cavab verdi ki, ətraflı düşünərik və sabah qərara gələrik.

Mehmanxanaya qayıtdıq, öz aramızda yekdil rəyə gəldik ki, ən azı vilayət partiya komitəsinin plenumunda baxılmadan Stalinə Dağıstanın Azərbaycana verilməsi barədə məktub yaza bilmərik və şərtləşdik ki, Ə. Əliyev bu haqda Bağırov yoldaşa bildirsin. Belə də oldu. Mən, əlbəttə, Əziz Əliyevlə Mir Cəfər Bağırov arasındakı söhbətin necə getdiyini deyə bilmərəm. Ancaq bundan sonra Ə. Əliyevə də, mənə də, Dağıstana da Mir Cəfər Bağırovun gizli qəzəb və nifrəti yarandı, müharibənin son illərinədək o, Dağıstana gəlmədi”.
... Əgər müharibə illərində Dağıstan “üçlüyü” Mir Cəfər Bağırovun Stalinlə razılaşdırılmış təklifinə qoşulsaydı, SSRİ dağıldıqdan sonra dağıstanlılar da vahid Azərbaycan dövləti tərkibində xaçpərəstlərin əsarətindən birdəfəlik azad olunacaqdılar. Şeyx Şamilin də, Fətəli xanın da, Əlibəy Zizikskinin də, Cavad xanın da, Məhəmməd Əmin Rəsulzadənin də, Mir Cəfər Bağırovun da ruhu şad olacaqdı... Dərbəndə gedən yol Təbriz yolundan uzaq görünməyəcəkdi. Xəzərin Dağıstan sularında Rusiya hərbi gəmiləri lövbər salmayacaqdı, Putin Dağıstanın “qara qızıl”ını ovuclayıb yanağına çəkməyəcəkdi... Dağıstan dağlarında müsəlmanları “terrorçu damğası” ilə raket atəşinə tutan kontr-admiral Skrıqanovlar XXI əsrdə dağlılara “Cənuba yox, Şimala bax !” əmri verə bilməyəcəkdilər...
İkinci dünya müharibəsi illərində M.C. Bağırov yaranmış vəziyyətdən istifadə edərək, vahid Azərbaycan uğrunda mücadilə aparırdı. Onun Stalinə yazdığı məktublarda qədim Dərbənd şəhərinin vurğulanması da bu yanğının nişanəsi idi, “Fətəli xan” filminin çəkilişi də bu məsləkdən doğurdu.
Dərbənd Azərbaycan dövlətləri olan Qafqaz Albaniyası, Şirvanşahlar, Səfəvilər və Fətəli xanın başçılıq etdiyi Şimal-Şərqi Azərbaycan dövlətinin
tərkibində olmuşdur.
1796-cı ildə rus qoşunları tərəfindən işğal olunandan sonra Dərbəndi Azərbaycanın əzəli torpaqlarından təcrid etmək siyasəti yeridilmişdir.

Məlum olduğu kimi, Azərbaycan Cumhuriyyəti dövründə Dağıstan xalqları ilə qardaşcasına münasibət mövcud olmuş, Dərbənd Azərbaycan şəhəri kimi qəbul edilmişdi. Yeri gəlmişkən, Azərbaycan Cumhuriyyəti hökumətinin Nəsibbəy Yusifbəylidən sonra ikinci maarif naziri Dağıstanın Xasavyurd şəhərində anadan olmuş, 1910-cu ildə Parisdə Sorbon Universitetinin hüquq fakültəsini bitirmiş Rəşidxan Qaplanov olmuşdur. 1919-cu ildə Azərbaycan Parlamentinin qərarı ilə xarici ölkələrə ali təhsil almağa göndərilən 100 nəfər arasında beşi Dərbənd və Dağıstanın başqa yerlərindəndi. Onlardan Abdinov Bəhram Əlövsət oğlu, Əfəndiyev Abdulla Molla oğlu, Xrimanov Zəkəriyyə Əbdülrəşid oğlu və Teymurxanov Muradbəy Zabir oğlu Almaniyaya, Şahnəzərov Mirzəmənsur Hakim oğlu Fransaya göndərilmişdilər.
1920-ci il martın 25-də 11-ci Qırmızı Ordu Dərbəndi işğal etdi, sonra da Qubada, Xaçmazda, Bakıda, Gəncədə, Lənkəranda və Azərbaycanın digər şəhər və kəndlərində qan tökdü. 2017-ci il martın 25-də Dərbəndin, aprelin 28-də Bakının işğal günləridir...
Soydaşlarımız Bakıdan Dərbəndə, Dərbənddən Bakıya “xarici pasport”la gedib-gəlməyə məcburdurlar...
Çox acınacaqlı haldır ki, son zamanlar Rusiyanın şəhərlərinə, xüsusilə Dərbəndə iş dalınca, təhsil almağa, xəstəliklə əlaqədar gedən Azərbaycan vətəndaşları müxtəlif bəhanələrlə incidilir, deportasiya olunur və s.
Əziz həmvətənlər, Novruz Bayramınız Mübarək !

Məmmədtağı Bağırov,
16 mart 2017.
12-03-2022, 09:52
Vahid Əzizin poeziyası ədəbi gülüstana çevriləcək


Vahid Əzizin poeziyası ədəbi gülüstana çevriləcək

Ədəbi düşüncənin “Uzaq vuran artilleriyası”, milli-mənəvi dəyərlərimizin böyük tərənnümçüsü, vətənləşən, torpaqlaşan və bütövləşən poeziyası ilə silahlanan, yaşın ekvatorunu ildırım sürəti ilə adlayan xalq şairi Vahid Əziz şəxsiyyəti, yaradıcılığı Azərbaycan xalqının tarixi poetik yaddaşını zənginləşdirməkdədir. Vətən müharibəsində xalq şairi Vahid Əziz təkbaşına yazdığı alovlu, vətənpərvərlik məktəbi yaradan şeirləri ilə gənclərimizin vətən sevgisini, milli ruhumuzu bir daha səfərbər edərək, poeziyanın gücü ilə ədəbi qərargah yaratdı. Hərdən adama elə gəlir ki, Tanrı Vahid Əziz kimi şairləri yer üzünə ona görə göndərir ki, kainatı sahmana salsın. Onun misraları Tanrı pıçıltılarıdır. Haqlı olaraq ədəbi camiədə belə bir fikir formalaşmaqdadır ki, Vahid Əzizin poeziyası, şeirləri XXI yüz illiklərin də ən oxunaqlı ədəbi əsərləri olaraq qalacaq. Şairin poeziyasına, yaradıcılığına olan oxucu sevgisi tükənməz ədəbi gülüstana çevriləcək.

Vəli Səmədli,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
11-03-2022, 22:58
XƏYALLARIM  BORÇALIDA, YUXULARIM  GÖYÇƏDƏDİ.”


“XƏYALLARIM BORÇALIDA, YUXULARIM GÖYÇƏDƏDİ.”
(Rahilə Qaralovanın özü və sözü)

Dəyərli oxucum! Daha bir sazlı, sözlü söhbətlə görüşünüzə gəlmişəm. Söz deyəndə Göyçəni, saz eşidəndə Borçalını xatırlamamaq, anmamaq mümkün deyil. Xoş baharın yurdumuza qədəm qoyduğu günlərdə ustadları rəhmətlə anır, sizi saz-söz ziyafətinə dəvət edirəm.
Bu dəfə söhbətimiz , “Xəyallarım Borçalıda, Yuxularım Göyçədədi.” - deyərək, sinəsini eyni zamanda həm saza, həm də sözə yuva, yurd yeri etmək kimi müqəddəs bir işin öhdəsindən ləyaqətlə, bacarıqla gəlmiş Rahilə Qaralova haqqında olacaq. Kimdir Rahilə Qaralova?
QISA ARAYIŞ
Rahilə Seyfəddin qızı Qaralova - 1967-ci il noyabrın 28-də Ulu Borçalımızın Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Şahmarlı kəndində anadan olub. İlk təhsilini Şahmarlı 8 illik məktəbində alıb. 1985-ci ildə Başkeçid (Dmanisi) 2 saylı Azərbaycan orta məktəbini, sonra Tbilisi şəhərində Maliyyə Texnikumunu bitirib. Bir müddət Başkeçiddəki 147 nömrəli texniki peşə məktəbində kadrlar şöbəsində çalışıb.
Orta məktəb illərindən poeziyaya xüsusi maraq göstərən Rahilə xanımın ilk şeirləri
o zamanlar Bakıda nəşr olunan "Azərbaycan Pioneri" qəzetində və Başkeçiddə nəşr olunan yerli "Trialeti" qəzetində işıq üzü görüb.Son dövrdə Azərbaycanda və Gürcüstanda nəşr olunan mətbuat orqanlarında müntəzəm olaraq dərc olunur. Şeirləri "Bütöv Azərbaycan", "Elm və Təhsil" qəzetlərində, "Xəzan jurnalı"nda və müxtəlif qurumlar tərəfindən tərtib olunaraq yayımlanmış çoxsaylı poeziya antologiyalarında, almanaxlarda dərc olunmuşdur.
Rahilə Qaralova "Qərib Həsrəti", "Məndən Nağıl Umma, Dünya", "Yaşamadım özüm üçün", "Ana laylası" və digər kitabların müəllifidir."Sazlı-sözlü Borçalı" Ədəbi Məclisinin yaradıcılarından olan Rahilə xanım həm də "Dirili Qurbani" Ədəbi Məclisinin üzvüdür.
Ailəlidir, iki övladı və iki nəvəsi var.
Sazla söz Rahilə xanımın simasında necə ayrılmaz tellərlə bağlanıbsa, hətta onun haqqında təqdim etdiyim qısa bioqrafik məlumatda da ruhumuzun qidasını təşkil edən bu iki məfhum yanaşı dayanaraq, hər ikisinin məbədgahı olan ulu Borçalıya söykəniblər. Rahilə xanımın bütün fəaliyyətində yurda bağlılıq, soya-kökə ehtiram açıq-aydın hiss olunur. Saz səsi gələn, şipşirin ana dilimdə mirvari kəlmələrin muncuq olub bulaq başında ipə düzüldüyü sərin kölgələri, qartalların qıy vurduğu uca zirvələri, gah haylı-küylü, gah da həzin nəğmələr oxuyan yamyaşıl çay vadilərini özünün doğma yurdu bilən Rahilə xanımın Vətən sevgisi sərhəd tanımır:
Bütün kainatın bəzəyi sənsən,
Sən mənim uğurlu anımsan, Vətən!
Ömrümün təməli, özəyi sənsən,
Parlayan üfüqüm, danımsan, Vətən!

Yuxarıda təqdim etdiyim misralar onun “Vətən” şeirindəndir. Sazının eşidildiyi, sözünün dinlənildiyi bütün kainatı Yurdu hesab edən Rahilə xanım “Borçalı” adlandırdığı digər bir şeirində hisslərini daha da cilalayaraq, fikrini aşağıdakı kimi ifadə etmişdir:
Nə qədər söz desəm yenə də azdı,
Sevənlər köksündə çaldığı sazdı,
Qışda da, yayda da havası yazdı,
Ozanlar, aşıqlar sözü Borçalı.

İndi tanış olduğunuz misralar həm bu qısa yazım üçün ana xətt kimi götürdüyüm “saz-söz” məfhumu ilə çuğlaşmaq baxımından, həm də Rahilə xanımın özünü ruhani və cismani tərəfdən təqdim etmək baxımından çox qiymətli nümunədir. O, qələmə aldığı nəzm nümunələrində özünü doğru olaraq “Rahilə” kimi təqdim edir. Biz bu nümunələrdə həm mənəvi, həm də fiziki olaraq onun bizi götürdüyü yolçuluqdan yorulmuruq, bezmirik. Onun saza eşlik edən söz aləmində səyahət etmək bizi darıxdırmır. Əksinə sarbanı Rahilə xanım olan söz karvanının keçdiyi hər çöl, hər çəmən, hər dağ, hər dərə, hər çay qırağı, hər bulaq başı, hər bağ, hər bağça öz xoş rayihəsi ilə bizi məst edir, ovsunlayır. Bu sazlı-sözlü səfərdən zövq alırıq.
Rahilə xanım öz sözünün yayıldığı ucsuz-bucaqsız geniş Yurdunun nə qədər intəhasız olduğunu anlayır, bunun üçün məbədgahı Borçalıya minnətdarlığını, sadiqliyini bildirir. Ancaq bütün bunlarla kifayətlənmir. Dünyaya göz açdığı, sözünün qorlandığı, niyətinin tumurcuq tutduğu “Şahmarlı”nı unutmur, bəzən dünyaya hakim hami kimi, bəzən isti yuvaya möhtac körpə bala kimi ona sığınır. Hər iki halda Rahilə sözü özəl, gözəl və səmimidir:
Təbiət veribdir bu əzəlliyi,
Əzəldən Rahilə, var özəlliyi.
Kaş hamı görəydi bu gözəlliyi -
Elimin adıdı gözəl Şahmarlı,
Ağzımın dadıdı gözəl Şahmarlı!

Rahilə xanımı sazla sözün vəhdət tapdığı “Sazım” şeirindən bir neçə bəndi sizə təqdim edirəm:
Dağı yerindən oynadıb,
Sinəm üstə duran sazım,
Meydanlarda at oynadıb,
Toy məclislər quran sazım.


Yandırıbdı“Kərəmiylə”
Qəm veribdi “Dilqəmiylə”,
“Koroğlunun cəngi”siylə,
Qılınc-qalxan vuran sazım.

Və ya,
Dədə Oorqud yadigarı,
Qoruyubsan düz ilqarı,
Yol alıbsan bizə sarı,
Əsrləri yoran sazım!

Saza, sözə sonsuz ehtiram göstərən, bunu hər kəlməsində, hər misrasında oxucusuna xüsusi hiss-həyəcanla anladan Rahilə xanım, tam səmimi olaraq sonda bir məsələni qeyd etmək istəyirəm;
“Xəyallarım Borçalıda,
Yuxularım Göyçədədi.

misraları o qədər yaxın və doğmadır ki, sanki mənim öz ruhumun süzgəcindən keçərək həyat qazanıb. Təbrik edirəm. Uğurlarınız bol, yolunuz açıq olsun!

Zaur USTAC
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!