20-09-2022, 18:49
Rusiya Azərbaycan vasitəsilə İrana qaz satacaq
İran Azərbaycandan keçməklə Rusiyadan sutkada 9 milyon kubmetr qaz alacaq. Bununla İran cənub regionlarının yaşayış məntəqələrini təbii qazla təmin edəcək. Bu barədə Rusiya və İran arasında rəsmi razılıq əldə olunub. Xatırladaq ki, iyul ayında Moskvada İranın “NİOC” dövlət neft şirkəti ilə Rusiyanın “Qazprom” dövlət şirkəti arasında qaz satışı ilə əlaqədar 40 milyard dollar dəyərində müqavilə imzalanıb. Bundan əlavə, ötən ilin noyabrında İranla Azərbaycan arasında müqavilə bağlanıb. Müqaviləyə əsasən, Azərbaycan İrandan keçməklə Türkmənistandan qaz alır. Tranzit əvəzinə İran nağd vəsait deyil, təbii qaz alaraq cənub regionlarının təbii qaza olan tələbatını ödəyir.
20-09-2022, 18:47
Təhsillə bağlı vasitələr gömrük rüsumundan azad edilir
Azərbaycanda təhsil fəaliyyəti ilə bağlı bir sıra vasitələr gömrük rüsumundan azad ediləcək.
Butov.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə “Gömrük tarifi haqqında” qanuna dəyişiklik layihəsi daxil olub. Layihədə təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlıqların, cihazların, qurğuların və digər vasitələrin gömrük rüsumundan azad edilməsi nəzərdə tutulub. Gömrük rüsumlarından azad edilən avadanlığın, cihazların, qurğuların və təhsil fəaliyyəti ilə bağlı olan digər vasitələrin siyahısı müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək. Qanuna təklif olunan dəyişikliklər 2023-cü il yanvarın 1-dən 2 il ərzində qüvvədə olacaq. Dəyişikliklər ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, bu müəssisələrdə təhsil alanların daha keyfiyyətli praktiki biliklər əldə etməsinə, bütövlükdə təhsilin mühüm pilləsi olan ümumi təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək.
20-09-2022, 18:45
Dövlət agentliyinə 9.5 milyon manat ayrıldı
Prezident İlham Əliyev Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Butov.az xəbər verir ki, sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması məqsədilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,5 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
20-09-2022, 18:42
İlham Əliyev Zabux və Sus kəndləri ilə bağlı sərəncam imzaladıPrezident İlham Əliyev sentyabrın 20-də “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Butov.az xəbər verir ki, Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad edilmiş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 800 min manat ayrılıb. Xatırladaq ki, Azərbaycan Ordusu Ermənistanın işğal etdiyi Laçın şəhərinə 2022-ci il avqustun 26-da daxil olub, Zabux və Sus kəndləri nəzarətə götürülüb.
20-09-2022, 18:41
Prezident Şükürbəyli kəndinin tikintisinə pul ayırdıPrezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Butov.az xəbər verir ki, sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 1 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
20-09-2022, 18:38
Ermənistana verilən meyitlər Paşinyanın siyahısına daxildir?
Sentyabrın 20-də Azərbaycan tərəfi daha 95 erməni hərbçinin meyitini İrəvana təhvil verib. Xatırladaq ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqadar Dövlət Komissiyası sentyabrın 17-də daha 32 hərbçinin meyitini qarşı tərəfə qaytarmışdı. Beləliklə, 12-13 sentyabrda baş vermiş sərhəd döyüşlərindən sonra Azərbaycan Ermənistana 127 meyit təhvil verib. Bəs geri qaytarılan meyitlər Ermənistan baş naziri Nikol Paşinyanın dünən açıqladığı ölən və itkin düşənlərlə bağlı ümumi saya daxildirmi?
Butov.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan “Nyus.am”ın bununla bağlı sualına “bəli” deyə cavab verib. Ermənistan Təhlükəsizlik Şurasının dünənki məlumatına görə, işğalçı ölkədən ölən və itkin düşənlərin sayı 207 nəfərə çatıb, 293 hərbçi və 3 mülki şəxs yaralanıb, 20 nəfərin əsir düşdüyü bildirilib. Qeyd edək ki, sonuncu döyüşlərdə Azərbaycan tərəfdən 80 hərbçi şəhid olub, 281 nəfər yaralanıb.
20-09-2022, 18:36
Hacıqabul gölü bərpa ediləcəkHacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiya təşkil ediləcək. Bununla bağlı məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iş planına daxil edilib. Bu gün komitənin iclası keçirilib və payız sessiyası üzrə iş planına bir sıra dinləmə və müzakirələrin təşkili daxil edilib. Bunlar aşağıdakılardır:
- Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” çərçivəsində Suraxanı poliqonunda tullantıların idarə olunması ilə bağlı tədbirlərin təşkili;
- Hacıqabul gölünün mövcud vəziyyət və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiya təşkil edilməsi;
- Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı dinləmələrin keçirilməsi;
- İçməli və suvarma su problemi, suyun keyfiyyəti və onun təmizlənməsi texnologiyaları barədə müzakirələrin təşkili;
- “Yaşıl enerji zonasının yaradılması və yaşıl enerji məkanı prinsiplərinə əsalnan bərpaolunan enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi ilə bağı müzakirələr və s. məsələlər daxildir.
20-09-2022, 18:33
Putin Azərbaycan və Ermənistana çağırış etdiRusiya üçün yaxın dövlətlər arasında hər hansı münaqişənin olması ciddi narahatlıq doğurur. Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib. Onun sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına dəstək vermək istəyir. "Bakı və İrəvanı atəşkəs rejiminə riayət etməyə, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarına əməl etməyə çağırırıq. Rusiyanın vasitəsi ilə ikitərəfli komissiya çərçivəsində birgə işlər görülür", - deyə Rusiya Prezidenti vurğulayıb.
20-09-2022, 18:31
Azərbaycan daha 95 erməni hərbçinin meyitini İrəvana verdiErmənistan hərbçilərinə aid daha 95 meyit qarşı tərəfə təhvil verilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqadar Dövlət Komissiyasından verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilib. Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirərək cari ilin sentyabrın 20-də 95 erməni hərbçisinin meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib. Dövlət Komissiyası bildirib ki, Ermənistan hərbçilərinin cəsədlərinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı humanitar proses davam etdiriləcək. Qeyd edək ki, Azərbaycan tərəfi ötən həftə 32 erməni hərbçinin meyitini qarşı tərəfə təhvil vermişdi.
20-09-2022, 18:29
Sabaha 35 dərəcə isti, yağış gözlənilirAzərbaycanda sentyabrın 21-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti, Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.